Alma z pərdəli şəkilli pyes



Yüklə 405,5 Kb.
səhifə6/6
tarix11.09.2018
ölçüsü405,5 Kb.
#67989
1   2   3   4   5   6

İKİNCİ ŞƏKİL

 

Kənd şurasının qabağında: ortadan təhqiqat heyəti, sağdan Almaz oturmuşdur.

 

Ş ə r i f (ayaq üstə, çox qızğın). Biz kəndlilər razı ola bilmərik ki, Şura hökumətinin zamanında da köhnə qurdlar, hansı ki, qoyun dərisini geyib əksinqilab binası qoysunlar.



B a r a t. Əksinqilabçı siz özünüzsünüz. Köhnə qurd sən özünsən, müxbirlərin də adını ləkələyirsən.

Ş ə r i f. Əlbəttə, yoldaş Barat, sən yerindən qışqırırsan, səni yandırır, çünki müəllimə arağı səninlə içirdi. Atamoğlanın qızını soyundurub subutalni, dakumentalni sənin qabağında oynadırdı.

A f t i l. Sənin qabağında oynatsaydı danışmazdın.

Ş ə r i f. Sən bircə spakoys ol.

S ə d r. Yoldaşlar, səs salmayın!

Ş ə r i f. Böyük-böyük qızları soyundurub, öz adamlarının qabağında oynadır.

B a r a t. Yalan deyirsən.

Ş ə r i f. Yalan deyirəm? Bu da sübut, burada yüz əlli adam qol çəkmişdir. Subutalni, dakumentalni bunlar hamısı öz gözlərilə görənlərdir. Uşaqları tovlayıb, onlara yağ, pendir və yumurta gətirtdirir. Bu da yalandır? Mən yalan deyirəm, qoy şura sədri desin. Elədir, yoldaş Baloğlan, elə deyil? Sən öz gözünlə gördün, ya yox?

B a l o ğ l a n. Bəli, bəli ya, elədir.

Ş ə r i f. Sənin öz qızın gəlib, hindən nənəsinin yumurtalarını oğurlayıb aparmışdı, aparmamışdı?

B a l o ğ l a n. Bəli ya, bəli, bəli.

Ş ə r i f. Hacı Əhməd! Oğlun yağı bardaqdan aparmışdı, aparmamışdı?

H a c ı Ə h m ə d. Canunçun, yoldaş sədr, soruşur, gərək doğrusun deyim. Xəncəri qından apartdırır, çolpanı hindən. Bardaqları uşağın əlindən alıb, uçqullanın həyətində yerə elə çırpmışam ki, saxsıları, canınçun, indi də elə oradadır. Belədir, Mirzə Səməndər, ya qeyri-belədir?

M i r z ə S ə m ə n d ə r. Atam, vallah, mən bitərəfəm, mən onun işinə qarışmıram.

B a r a t. Yalandır. O, rüşvət bardağı idi.

A f t i l. Onu sənin başuva vurmaq lazımdır.

K ə n d l i l ə r. Doğrudur, doğrudur.

O b i r i d ə s t ə. Yalandır, yalandır.

S ə d r. Yoldaşlar, yerinizdən səs salmayın!

O c a q q u l u (ayağa durur). Bəs məscidi nə üçün demirsiniz? Allahı nə üçün demirsiniz? Yoldaş qəmisyə, mən səndən və külli bu yığılan camaatdan sual edirəm: hər binanın bir ustası və hər bir məxluqun bir xaliqi var, ya yoxdur? Hə, sual edirəm: var, ya yoxdur?

B a r a t. Get sən onu o axsaq qatırından sual elə!

O c a q q u l u. Genə də dedi qatır! Qatırı axsaq olanın atası tünbətün olsun, sonra da, o sözü çıxardanın.

S ə d r. Yoldaşlar, səs salmayın!

Ş ə r i f. Mən özüm getdim ona dedim ki, yoldaş müəllimə, neçə vaxtdır burada Mirzə Səməndər də müəllimdir. Nə üçün bir adam ondan bir gülcən də inciməyib, hə? Yoldaş Şura sədri inciyib?

B a l o ğ l a n. Yox, canım, yox, canım, yox, yox, bir gülcən deyəsən, yox, yox.

H a c ı Ə h m ə d. Canunçun, yoldaş sədr, uşaqlar hamısı, lap hələ kəndlilər də, başına and içirlər, neçün ki, düz işləyir, görürəm işinə diqqət eləyir. Belədir, Baloğlan, ya qeyri-belədir? Amma bu birisi, baxırsan, görürsən ki, yox... əyir... əyir...

S ə d r. Yoldaşlar, mən qəti surətdə təklif edirəm ki, yerinizdən danışmayın!

Ş ə r i f. Yoldaşlar, mən özüm qəzet müxbiriyəm, bu mənim kağızlarım, bu da vəsiqələrim, hamısını subutalni, dakumentalni göstərirəm. Tutaq ki, mənim dediklərim hamısı yalan oldu. Bəs bu yekə uşağa nə deyəcəksiniz, yoldaş Barat? O da yalandır? Ona nə deyəcəksiniz? İldən yuxarıdır müəllimə buradadır. Nişanlısı da elə dünən gəlibdir. Bəs bu uşaq haradan çıxdı? Hə? Onda dillənmirsiniz? Yoldaş Gülverdi, yoldaş Barat, yoldaş Aftil, dillənsəniz!

H a c ı Ə h m ə d. Ay barakallah, ay barakallah, yaxşı tutdu...

S ə d r. Siz ayrı-ayrı adamlarla danışmayın!

Ş ə r i f. Odur ki, kəndlilər öz arvadlarını çıxarıb apardılar, qaldılar, zadda, zadda, arvadlar qaldılar zadda (Dəftərini vərəqləyir).

A f t i l. Hansı cəhənnəmdə qaldılar?

B a r a t. Qalmazlar, biz onları traktorla gətirərik.

O c a q q u l u. Neynən? Neynən dedin?

B a r a t. Sənin axsaq qatırınla.

O c a q q u l u. Genə də dedi qatır? Genə də dedi qatır!

S ə d r. Yoldaşlar...

Ş ə r i f. Arvadlar qaldılar cəhalət və səfalət pəncəsində. Məktəbdən də hər kəs öz uşağını apardı, məktəb də dağıldı.

B a r a t. Məktəbi siz dağıtdınız!

Ş ə r i f. Mən öz bacım oğlunu heç aparmadım da. Ona bina, mən bilirəm ki, burada təqsir müəllimədədir. Ona görə də belə müəllimə, hansı ki, heç nəyə ləyaqəti yoxdur, gərək ona lap böyük cəza verilsin ki, başqalarına da dərs, ibrət olsun. Ona görə də mən deyirəm: yaşasın Şura hökuməti!

 

Hamı əl çalır. Bu aralıq bayırdan bir gurultu qopur. Xanımnaz ağlayaraq, içəri girir.



 

X a n ı m n a z. Vay, evim yıxıldı. Yıxdılar balamın evini. Mən yuxumu görmüşdüm. Ay balam! (İçəri girib, Almaza doğru gedir. Almaz onu görüb, tez ayağa durur).

S ə d r. Yoldaşlar, səs salmayın!

K ə n d l i l ə r (daldan Xanımnazı tuturlar). Ay arvad, ora getmək olmaz ey!

X a n ı m n a z. Olmaz? Bəs neyləyim? Ay balam!

B a r a t. Eybi yoxdur. Xala, otur bir yanda.

X a n ı m n a z. Vay, balamın evini yıxdılar. Ay camaat, uşaqlarınızın başına dolanım, uşağımı sizdən istəyirəm.

H a c ı Ə h m ə d. Bacı, biz nə edək? Dedi, malı qırov öldürər, qışın adı bədnamdır...

O c a q q u l u. Ey ciyərə qane olmayan pişik, asıl qənarədən, sənə bundan bətəri gərəkdir!

X a n ı m n a z. Ay başınıza dönüm, mənim uşağımda bir təqsir yoxdur. Nadandır. Ay camaat, çevirin uşağımı balalarınızın başına, yazığam.

M i r z ə S ə m ə n d ə r. Uşaqdır, canı çıxsın, dilini saxlasın. O gəlmişdi ayran içməyə, başlamayaydı ara açmağa. Keç otur daha bir yanda, zəhəndəlik eləmə.

A f t i l. Xanımnaz bacı, keç otur. Eybi yoxdur. Dünyanın işi belədir. Çəkişməsə, bərkişməz.

S ə d r. Hacı Əhməd, sizin bu barədə sözünüz varmı?

H a c ı Ə h m ə d. Yoldaş sədr, mən özüm orta bir kəndliyəm. Özüm də invalid, bu da mənim kağızlarım. Şura hökumətinə də canlabaşla qulluq eləməyə hazırıq.

S ə d r. Vətəndaş Hacı Əhməd, siz vətəndaş Almaz xanımın işi haqqında nə bilirsiniz?

H a c ı Ə h m ə d. Mən, yoldaş sədr, bir az avam adamam, zakundan başım çıxmaz. O ki, hər nə ki, Şərif dedi, əlbəttə, onların hamısı doğrudur. Bu, bu işləri görübdür. Ancaq mən xahiş eləyirəm hökumətdən ki, hələ bu dəfəlik keçsin onunçun. Doğrudur, bir dana bir naxırı korlar, daha onu siz yaxşı bilirsiniz... Biz avam adamıq Deyərlər ki, qurunun oduna yaş da yanar. Bunu buraxarsan, kəndlilər o yaxşını da qoymazlar. O səbəbə ki, ilan vuran ala çatıdan da qorxar. Ancaq mən yenə də xahiş edirəm ki, hökumət onun cəzasını bir az hələ yüngül eləsin. Uşaqdır, bu dəfə eləyibdir, gələn səfər eləməz. O ki qaldı bardaqlarımı uşağıma apartdırır, canunçun, yoldaş sədr, mən hələ ondan da keçirəm. Neynək, daha avam adamıq də.

İ b a d. Uşaqdan danış, uşaqdan, bunlar hamısı boş söhbətdir!

H a c ı Ə h m ə d. Vallah, uşaqdan daha nə deyim. Mənim ki, bu barədə dilim varmır. Mən bu təzə zakunları yaxşı bilmirəm. Ancaq belə adama daha kəndlilər arvad üst olmazlar. O bu kənddə daha duruş gətirə bilməz. Odur ki, məktəb də dağıldı, o biri də, bu biri də. Yəni bunu kəndlilər deyir ha. Canunçun, yoldaş sədr, mənə heç bir peykamı yoxdur. Bir arvadım var, Allaha şükür, samana qatsan, at yeməz, sümüyə qatsan, it. Lap istəyir hələ bu saat arvadları hopçılıq eləsinlər, mənə peykamı yoxdur. Ona görə də mən deyirəm: yaşasın Şura hökuməti!

İ b a d. Yoldaş sədr, mən bir bilmək istəyirəm: bu müəllimənin bu kənddə əsl işi nədir? Nəçidir? Hə? Soruşuram də.

S ə d r. Sözünüzü deyin!

İ b a d. Yox, soruşuram də?

S ə d r. Vəzifəsi müəlliməlikdir.

İ b a d. Deməli, məktəbdə dərs deməkdir də? Rəhmət atova! Bəs o ki, dərsi qurtaran kimi, o dərə sənin, bu dərə mənim, o bulaq başı sənin, bu bulaq başı mənim, toyxana gəldi, yasxana gəldi, başlayır arvadlara çehil-tuti kitabından dərs verməyə: ərin incidir – çıx heç yoxdur – gəl hopçılıq ol, şura sədri yaramaz, gərək arvad olsun. Bu hansı zakunda vardır? Məscid gərək klub olsun, bilmirəm nə olsun, nə olsun, nə olsun... Görüb bu işlər hamısı onun palağayısıdır, ya zakundan qıraq iş görür. Kəndin arvadlarını da yoldan çıxardır. O gələni küllicamaat öz arvadına bir söz deyə bilmir.

B a r a t. Kolxoza yazmaq, yoldan çıxartmaqdır?

B a l a r z a. Əlbəttə ki. Hansı zakunda var ki, mən evdə oturum, sən gəl mənim arvadımı tovla, kolxoza yaz, kursa yaz, hopçılığa yaz...hə? Zakunda palağayıs var? Əgər var, qoy böyük yoldaşlar desinlər.

İ b a d. Əlbəttə ki, yoldan çıxartmaqdır.

B a l a r z a. Uşaqdan danış, İbad.

İ b a d. Bəs bu yoldan çıxartmaq deyil, nədir: içəri girirəm, görürəm, adə, iş birtəhərdir, verirəm özümü irəli, görürəm yox, iş birtəhərdir, bu dayanıb belə, bizim qardaşın evliliyi də belə, bir az da özümü irəli verdim, gördüm yox, iş birtəhərdir. Bunun əlində bir uşaq sapsarı meyit rəngi götürüb... Gördüm yox, iş birtəhərdir, bir az da özümü irəli verdim, bu nə əhvalatdır? Daşdan, divardan səs çıxar, bundan yox... Hə, bəs mən xahiş edirəm ki, hə, mən xahiş edirəm ki, mənim uşağımı saxlasın, mənə pamağayıt eləsin. Bu, yoldan çıxartmaq deyil?

A f t i l. Sən iki arvadı candan eləmişsən, üçünü kəbin altında saxlamışsan, ona görə arvad sözü danışanda yuxuva ilan-qurbağa girir.

İ b a d. Sözünü bil danış, əbləh, qurumsaq. Keçinin ölümü çatanda çobanın çomağına sürtüşər.

S ə d r. Səs salma, otur yerində, sənə deyirəm. Mən sənə söz verməmişəm.

İ b a d. Neynək. Axır mənə də söz verəcəklər, ya yox? Onda danışarıq.

S ə d r. Vətəndaş Barat, siz nə deyə bilərsiniz?

B a r a t. Mən onu deyə bilərəm ki... onu deyə bilərəm ki... Almaz xanım gələni məktəb nizama düşüb. Özəyin iclaslarında aktiv iştirak edir, hər gün bizimlə söhbətə gəlir, biz onun yanına gedirik.

H a c ı Ə h m ə d. Hay barakallah, barakallah! Hə... hə... Xırda söhbət, xırda söhbət.

B a r a t (tutularaq). Söhbət deyəndə ki, həmişə hələ kəndin işlərindən danışırıq. Bizə deyir ki, kəndimiz geridə qalıbdır. Biz gərək belə edək ki, bizim kəndimiz ən birinci kənd olsun. Hamı kəndlərə yetək, ötək. Ortaqlı olaq... Maşın alaq... Maşın olsun, hər şey olsun... Özü də elə deyir ki, adamın tükləri biz-biz olur... Həmişə o danışandan sonra adam istəyir ki, durub getsin kəndin qırağındakı o qaya ilə kəlləbəkəllə gəlsin.

Ş ə r i f. Uşaq məsələsini də danışsana.

B a r a t (dolaşaraq). Uşaq məsələsini? Uşaq məsələsini? Mən o barədə bir şey bilmirəm.

Ş ə r i f. Öz uşağın barəsində bir şey bilmirsən?

B a r a t. Mən ancaq onu deyə bilərəm ki, bunların hamısı şəxsiqərəzlikdəndir. Bizim kəndimizə onun kimi işləyən müəllimə gəlməmişdir.

G ə n c l ə r. Elədir... Elədir... (Əl çalınır).

B a r a t. Məktəb üçün pianino alıb, stul-mustul gətirib. Mirzə Səməndər nə eləyib, bildirçin ovlamaqdan başı haçan ayılıbdır?

M i r z ə S ə m ə n d ə r. Yalançının Həzrət Abbas belindən vursun! Mən heç bildirçin ovuna getmişəm? Əlbəttə, o arvaddır, yaxşı işlər. Arvad hələ yaxşı işlər də...

S ə d r. Vətəndaş Aftil, siz nə deyə bilərsiniz?

A f t i l. Yoldaş sədr, mən nə deyə bilərəm. Deyir: bəzənirəm, xanım döyür, bəzənmirəm ağam. Deyim yaxşıdır, necə deyim? Naxıra gedərəm çoban olmaz, axura gedərəm saman. Deyim xarabdır, genə necə deyim? Insaf dinin yarısıdır. Vallah, qalmışam belə – aşağı tüpürürəm saqqaldır, yuxarı tüpürürəm bığ. Deyir: qazan qazanla döyüşər, arada güvəc çatlar. Ancaq doğrusunu istəsəz, o kişinin qızı hələ düz işləyir, mərd adamdır. Bu qədər həşəratın içində davam eləmək elə zor işdir.

F a t m a n s a (yerindən qışqırır). Bu da bizim ağsaqqalımız! Utanmırsan saqqalundan?

B a r a t. Mazandaranda çaqqal azdı, biri də gəmiylə gəldi.

Ş ə r i f. Yoldaş sədr, bu yoldaş kəndimizin möhtərəm və hörmətli ağbirçəklərindən biridir. Uşağı da subutalni, dakumentalni bu qadın tutmuşdur. Özünün də bir çox mıtıryalları vardır.

S ə d r. Vətəndaş Fatmansa xanım, siz müəllimə Almaz haqqında nə deyə bilərsiniz?

F a t m a n s a (kəmal-səliqə ilə ortaya çıxır və dörd tərəfə təzim edərək). Hər şeydən əvvəl, salam olsun cəmi yığılan əhl-məclisə və habelə salam olsun gələn qonaqlara, hansı ki, bizim böyük-böyük qəmisyələrimizdir və salam olsun bütün böyük-böyük yoldaşlara, hansı ki...

S ə d r. Vətəndaş, məsələ haqqında danışın – müəllimə Almaz xanımın işi haqqında.

F a t m a n s a. O ki qaldı müəllimənin işi, mən bu kənddə mamayam. Hələ qaş qarala-qaralmaya idi, gördüm Xanımnaz gəldi ki, dur bizə gəl. Getdim, gördüm qız evin ortasında Allah-Allahdadır. Hay indi nəfəsi getsin gəlməsin, ha bu saat nəfəsi getsin gəlməsin. Hələ yetişdim, gördüm iş qurum-qolaysızdır. Bunun belinə bir-iki təpik ki, ay eşşək qızı, güc vur, hay köpək qızı güc vur! Gördüm ki, handanhandan uşağın başı gəldi.

X a n ı m n a z. Ay arvad, Allahın yoxdur, mən haçan səninçin gəlmişəm? Imanın yoxdur? Ölməyəcəksən? Uşaq nədir? Sən kimin uşağını tutmuşsan?

F a t m a n s a Sənin qızıvun. Mən and içmişdim ki, heç kəsə demərəm. Daha eləyə bilmərəm ki, böyük qəmisyələrdən də gizlədim. Külli-dünya qurban olsun onların bir tükünə. Sən gəlib yalvarmadın?

X a n ı m n a z. Ay arvad, sən heç bizim evimizə gəlmişsən? Mənim uşağıma nə gəlmişdi, sənə yalvaraydım? Neçin mənim uşağımı bədbəxt eləyirsən?

F a t m a n s a. Acığın neçin gəlir. Xanımnaz? Məndən soruşurlar, mən də deyirəm. İstəyirsən Qurana da əl basım. Gəlmədim? Uşağı tutmadım? Qırmızı yorğana bükmədim? Göbəyini də bağlamadım? Ağbirçək vaxtımda sənin üçün imanımı verə bilmərəm ki.

A f t i l. Yalansa, sənin o imanuva tula bağlayım!

X a n ı m n a z. Vallah, billah, ay camaat, bu arvad bizim üstümüzə böhtan  atır.

S ə d r. Vətəndaş Fatmansa xanım, bunu eşitdik. Siz uşaqların oynaması haqqında nə bilirsiniz? Nə görmüşsünüz?

F a t m a n s a. Mən hələ qapının deşiyindən baxırdım, gördüm sındırhasındırdır. Çarpayı üstündə də şərab, çaxır... içhaiçdir. Qızlar da lüt-əttəbala bir cünayı darbalaqnan, xalis anadangəlmə oynayırlar, bığıburma kişilər də oturub (Baxıb doktoru göstərir). Biri də odur ha, o başda oturan çılapqalı kişi. O qızın burasından (əlilə qabırğasını və öz döşlərini göstərib qıcıqlayır), bu qızın burasından, qızlar da hələ valay vururlar. Vallahı, bir busatdır ki, gəl görəsən.

S ə d r. Hələlik, yaxşı, oturun.

A l m a z. Mənim bu arvaddan bir sorğum var.

S ə d r. Soruş!

A l m a z. O deyir ki, uşağı o tutmuşdur. Qoy o desin: uşaq qızdır, ya oğlandır?

F a t m a n s a. Hə? Qızdır, ya oğlan? Qızdır, ya oğlan? Qızdır, ya oğlan?

B a r a t. Dillənsənə, imansız? Qızdır, ya oğlandır?

F a t m a n s a. Qızdır, ya oğlandır?

A f t i l. Desənə, Ocaqqulunun qatırı kimi nə ondanmış, nə də bundan.

O c a q q u l u. Genə dedi qatır. Genə dedi qatır... Allahü əkbər...

A l m a z. Daha sözüm yoxdur (Oturur).

S ə d r. Yoldaş Almaz, məsələ aydındır. Siz ancaq uşaqların oynaması haqqında danışın.

A l m a z. Sürmə!

S ü r m ə (adamların arasından qalxaraq). Nədir, müəllimə?

A l m a z. O gün sizin əlinizə, boğazınıza baxan kim idi?

S ü r m ə (doktoru göstərərək). Bu kişi idi, müəllimə. Mənim gözlərimə dərman da tökdü.

A l m a z. Qoy hamı bilsin: yoldaş Temurtaş doktordur. O, mənim xahişimə görə uşaqlara baxırdı. Sabah da baxacaqdır. Sonra, Sürmə, siz o gün nə oynayırdınız?

S ü r m ə. Biz “Yeni kənd” oynayırdıq, müəllimə.

A l m a z. Kəndlilər, bu bir oyundur, onu indicə göstərmək olar.

İ b a d. Yoldaşlar, bu sözlər bizə lazım deyil, yaxşısı budur ki...

Ş ə r i f. Sən o yanındakı uşaqdan danış.

A l m a z. O kimsənin işi deyildir.

İ b a d. Necə kimsənin işi deyil?

H a c ı Ə h m ə d. Necə kimsənin işi deyil?

Ş ə r i f. Necə kimsənin işi deyil?

S ə d r. Yoldaşlar, qulaq asın, uşaq məsələsini biz indicə aydınlaşdırarıq.

B a r a t. O heç bizim işimiz deyil.

Ş ə r i f. Necə bizim işimiz deyil? Bu uşaq kimindir?

B a r a t. O bizim borcumuz deyil.

B a l a r z a. Yox, siz işin olanını kəndlilərdən gizlədirsiniz. Qoy o, açıq desin görək uşaq kimindir?

A l m a z. Uşaq mənimdir.

İ b a d. Atası kimdir?

A l m a z. O mənim öz işimdir...

Ş ə r i f. Sən subutalni, dakumentalni de görüm uşaq kimindir?

İ b a d. Biz istəyirik, qoy o desin uşaq kimindir?

H a m ı. Qoy desin, olmaz, desin uşaq kimindir?

F u a d (duraraq). Yoldaş sədr, mən müəllimə Almazın nişanlısıyam və bu camaatın qabağında rəsmi surətdə bildirirəm ki, uşaq mənimdir.

A l m a z. Uşaq sənin deyil, vətəndaş Fuad. Mərhəmətinizə qarşı təşəkkür edirəm. Mənim sizin mərhəmətinizə ehtiyacım yoxdur.

İ b a d. Yoldaş sədr, siz kəndliləri aldadırsınız. Biz kəndlilər tələb edirik: qoy o açıq desin ki, uşaq kimindir?

S ə d r (yığılanların israrını görüncə). Yoldaş Almaz, siz bu suala cavab verə bilərmisiniz?

A l m a z (qəti). Uşaq mənimdir və bundan artıq sorğuya cavab vermək istəmirəm.

Ş ə r i f. Çünki təqsirkarsan.

A l m a z. O mənim öz işimdir.

S ə d r. Yoldaşlar, gurultu salmayın. Çığırtı ilə adamı söz deməyə məcbur etmək olmaz.

İ b a d (ortalığa atılaraq). Necə məcbur etmək olmaz? Göndərirsiniz bizim üstümüzə bir fahişəni və istəyirsiniz ki, biz də öz arvadlarımızı onun çənginə salaq ki, özü kimi fahişəliyə aparsın. Yox, belə müəllimə bizə gərək deyil! Onu güllələmək lazımdır.

H a m ı s ı. Güllələnsin, güllələnsin!..

F a t m a n s a. Gördünüz, dedim güllələnəcək.

S ə d r. Yoldaşlar, səs salmayın.

İ b a d. Ay camaat, biz hamımız tələb edirik: belənçik atasız uşaq doğan hərcayı arvad bizə lazım deyil. O gərək güllələnsin.

H a m ı s ı. Güllələnsin, güllələnsin.

 

Tam bu aralıq Yaxşı çadrası əl-ayağına dolaşa-dolaşa səhnəyə atılır və həyəcanla.



 

Y a x ş ı. Dayanın, ay el, ay camaat, ona dəyməyin, dayanın, mən sizə işin doğrusunu deyim.

 

Hamı duruxub dayanır. Almaz Yaxşını görüncə, birdən qorxaraq.



 

A l m a z. Yaxşı!

İ b a d. Hə...

Y a x ş ı. Ay el, onu öldürməyin, onda bir təqsir yoxdur. Qoyun mən sizə sözün doğrusunu deyim, hamısını bilin: uşaq mənimdir.

H a m ı (şaşırıb bir-birinə baxaraq). Necə? Ola bilməz!

Y a x ş ı. Mən daha ölümümdən qorxmuram. Mən səhərdən divarın dalından, təndir üstündən qulaq asırdım. Mən razı ola bilmərəm ki, mənim yerimə özgəsini güllələsinlər... Qoy elə mənim özümü güllələsinlər.

H a c ı Ə h m ə d. Ola bilməz. Bu üştükdür.

Y a x ş ı. Mən uşağıma süd verirəm, and içə bilərəm.

H a c ı Ə h m ə d. Bu necə oldu ki, belə oldu?

Y a x ş ı. Mən bir gecə Kərbəlayı Fatmansanın məsləhətilə məsciddə özümü minbərə bağlayıb, Allahdan övlad istəyirdim. Gecəyarısı məscidin qapısı açıldı, qara bir kölgə mənim üstümə yüyürməyə başladı, məni zorladı.

O c a q q u l u (həyəcanla). Məsciddə?

Y a x ş ı. Məsciddə.

H a c ı Ə h m ə d. Kim?

B a l a r z a. Sən onu tanımadınmı?

Y a x ş ı. Mən onu sonra tanıdım.

B a l o ğ l a n. Kim imiş?

Y a x ş ı. Molla Sübhan.

H a c ı Ə h m ə d. Necə?

B a l a r z a, O c a q q u l u. Molla Sübhan?

Y a x ş ı. Molla Sübhan.

S ə s l ə r. Yerə girsin! Yox olsun! Onu görüm yerə batsın!

Y a x ş ı. Böyük bir kənddə bir nəfər tapılmadı ki, mənə kömək etsin. O məni uçurumun üstündən, ölümün pəncəsindən qurtardı. Kəndlilər, qardaşlar, o yaxşı adamdır. O, bütün əlsiz-ayaqsızlara kömək edir.

K ə n d l i l ə r. Ey el, nə üçün danışmırsınız? Gəlin gedək Molla Sübhanın üstünə. Biz tələb edirik ki, Molla Sübhan və bütün qolçomaq dəstəsi dustaq olunsun!

S ə d r. Yoldaşlar, məsələ aydındır. Almazda heç bir təqsir yoxdur. Qolçomaqların fitnəsi meydana çıxdı. Bunun üçün Hacı Əhməd, Şərif, İbad, Baloğlan, Fatmansa, Molla Sübhan və Mirzə Səməndər məsuliyyətə alınır.

S ə s l ə r. Dustaq edilsinlər! Güllələnsinlər!

S ə d r. Yoldaş Almaz, sizin göstərdikləriniz hamısı buraya yazılmışdır. Məsələni ətraflıca aydınlaşdıra bilmək üçün mən iclası rəsmi bir şəkildə aparmayıb, bütün danışanlara yol verirdim. Sizə qarşı nə kimi ittihamlar olduğunu eşitdiniz. İndi bir də soruşuram: siz özünüzü təqsirli bilirsinizmi?

A l m a z (ayağa durub, sakitcə ətrafı süzərək). Mən dediklərimə heç bir şey artırmaq istəmirəm. Özümü müdafiə etməyəcəyəm, çünki məni düşmənlərim çox yaxşı doğrultdular.

S ə d r. Deməli, siz özünüzü təqsirli bilmirsiniz?

A l m a z. Yox, mən özümü təqsirli bilirəm.

S ə d r. Bilirsiniz?

A l m a z. Bəli, özümü təqsirli bilirəm, çünki mən bu invalid çuxası geymiş qolçomaq hacı əhmədlərə, şəriflərə, mirzə səməndərlərə qarşı mübarizəyə ancaq Kommunist Partiyasının rəhbərliyi ilə və yoxsul kəndliləri təşkil etmək yolu ilə iş görülə biləcəyini yaxşı düşünməmişdim. Mən təkbaşıma mübarizə aparmışdım. Mən başa düşməmişdim ki, bu mübarizəni ancaq mən aparmıram, fəhlə sinfi partiyanın rəhbərliyi altında aparır. Mən səhvlərimi boynuma alıram. Ancaq bu səhvlərim düşmənlərimi sevindirməsin. Mübarizə davam edir! Səhvlər mənə çox şey öyrətdi.

 

S o n



 

Q e y d: Cəfər Cabbarlının əlyazmalarının birində pyes, Almazın məktəb uşaqlarına oxutdurduğu şərqi ilə bitir. Həmin şərqini – oyunu əlavə şəklində dərc edirik:

 

S ə d r. Almaz xanım! Biz yalnız uşaqların nə oynadığını görmək istərdik.



K ə n d l i l ə r. İstəyirik... İstəyirik...

A l m a z. Kəndlilər, bu, oyun deyil. Bu bizim gedəcəyimiz yoldur. Bizi bürüyən qaranlıq sökülür. Qarşımızdakı “Dan ulduzu” bizi azad və mədəni bir səhərə doğru aparır. Bu meydan güclülərin döyüş meydanı, bu yol inqilabın və mədəniyyətin qalibiyyət yoludur.

Birdən lampaların işığı sönür.

 

S ə h n ə d ə n s ə s g ə l i r:



 

Qoy gömülsün torpağa

Əski kənd, onun əski yaşayışı,

Çürük ağac xışları.

“Yeni kənd”də yeri darar

Dəmir dişli kotanların

Güclü dəmir dişləri.

 

Müxtəlif tərəfdən sanki telefon ilə danışılır.



 

T ə k - t ə k s ə s g ə l i r.

Allo! Allo... “Yeni kənd”...

“Dan ulduzu”...

Baş mərkəzdir danışır.

Bu gün səhər bütün bölük

Qızıl torpaq düzünü

Başdan-başa şumlasın...

 

B a ş q a s ə s. Torpaq daşlıqdır.



B i r i n c i s ə s. Maşın salın, daşlarını çıxarsın.

İ k i n c i s ə s. Su çox uzaqdır...

B i r i n c i s ə s. Kəmər çəkin, motor qoyun, quruluğu suvarsın.

İ k i n c i s ə s.

Bölük işə hazırdır.

Ey maşınçı, motorlara benzin tök,

Çarxlarını gözdən keçir,

Yürüş üçün hazır dur,

Iş başına göndərilir:

Altı nasos, dörd motor,

On dörd traktor.

 

Qızlar, uşaqlar maşın yürüşünü yamsılayaraq oynayırlar.



 

Tax, tax, tax, tax,

Ey maşınçı ayıq bax.

Çarx önünə daş yatır,

tax, tax...

 

A y r ı - a y r ı s ə s l ə r.


Hey torpaq, təslim ol!

Sənə qarşı yürüş var.

– Maşınlara od buraxın,

Vuruş var ha, vuruş var!

– Hey sən, insan oğlu!

Çərçivəndən yan çıxma,

Mənim bu bərk anlımla

Döyüşmüşdür əsrlər.

Mənim qoynum məzarlıqdır.

Alt qatımda uyuyur

Milyonlarla əsrlər.

Hey insan, dinc otur,

Mənim köksüm daşdandır.

Sənin aciz əllərin

Əsrlərcə çalışmış,

Mənə üstün gəlməmiş,

Mənə qarşı durmamış...

Dura bilməz...

Sənin ağac xışların

Mənim bu daş qollarımı...

Qıra bilməz...

 

Uşaqlar oynayırlar.



 

– Ayıl torpaq, bizi tanı!

Sənə qarşı yürüyən

O gördüyün –

Çürük ağac xış deyil.

Mədəniyyət bağında

Artıq yazdır, qış deyil.

Sənə qarşı yürüyür.

Bir vuruşda qayaları

Yarıb düzə qatanlar,

Od püskürən traktorlar,

Dəmir qıran,

Dəmir qollu kotanlar.

 

Uşaqlar oynayırlar.



 

Ayıl torpaq, bizi tanı!

Biz deyilik sənin dünən

Saymadığın acizlər,

Bizə təslim olmalıdır

Yerdə sular və torpaq,

Göydə ay və ulduzlar.

 

Uşaqlar, maşın hərəkəti ilə hücum edər kimi oynayırlar



 

Hey torpaq, təslim ol!

Sənə qarşı yürüş var!

Maşınlara od buraxın,

Vuruş var ha,

Vuruş var!

 

K ə n d l i l ə r.



Biz sizi məscidlərin küncündən,

Örtülərin altından,

Toz-torpağın içindən,

Heç bir şeyə yaramayan

Çürük xışlar ardından,

Yoxsulluqdan, aclıqdan

Yeni kəndə çəkirik.

 

S ə s.



Orda yeri şumlayacaq

Dəmir öküzlər, atlar,

Poladlar, poladlar.

Orda həyat quracaq

Od gedişli traktorlar,

Güclü, dəmir kotanlar.

 

Ümumi ahəngə uyğun olaraq, Almazın son sözləri eşidilir.



 

A l m a z.

Hey, sən!

Əski dünya, təslim ol!

Sənə qarşı yürüş var!

Maşınlara od buraxın,



Vuruş var ha,

Vuruş var!
Yüklə 405,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə