ALTAY CƏMİL
V CİLD
Kitabın hazırlanmasında və nəşrində zəhməti olan insanlara
təşəkkür edirəm.
Allah hamısından razı olsun!
Altay Cəmil. Beşikdən Behiştə, V cild
Bakı, 2017, 312 səh
Bismillahir-Rahmənir-Rahim
“Beşikdən Behiştə” kitabının 5-ci cildində qəlb xəstəlikləri mövzusu da-
vam etdirilir və daha 14 mənəvi mərəzdən söhbət açılır. Rəbbinə qovuşmaq
istəyənlər bu mərəzlərdən qopmağa can atmadıqca istəkləri səmimi olmaz.
Çünki Allah öz qullarından “Səlim qəlb” (əş-Suara, 89) gözləyir.
Ey Rəbbimiz! Xeyir ancaq Səndəndir. Bu kitabı faydalı et və faydala-
nan ları bağışla!
Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
02.03.2017-cı il DK-152/0 nömrəli razılıq məktubuna əsasən nəşr edilir.
© Altay Cəmil
4
ÖN SÖZ
“Onların qəlblərində mərəz vardır” (əl-Bəqərə, 10).
Bismillahir Rahmənir Rəhim,
Şahidlik edirəm ki, Allahdan başqa ilah, İslamdan qeyri Din,
Hz. Muhəmməddən sonra peyğəmbər yoxdur. Rəbbimə sonsuz
həmd-sənalar, Rəsuluna, onun mübarək əhli-beytinə, əshabına,
arxasınca gedənlərə saysız salavat və salamlar olsun!
“Beşikdən Behiştə” kitabının növbəti 5-ci cildində də möv-
zumuz mənəvi mərəzlərdir. Allahın lütfü və izni ilə başa düş-
düyümüz və bacardığımız qədər qəlbin qaranlıq qatlarına işıq
tutmağa çalışmışıq. Nur mənbəyimiz ancaq Quran və Sünnədir.
Çünki başqası, sadəcə olaraq, yoxdur. Zülməti görməyən ya-
xud görmək istəməyən kimsəyə heç bir nurun, aydınlığın, Allah
diləməzsə, fayda verməyəcəyinin fərqindəyik. Faydalanmaq
üçün insanın öz içinə girmək əzmi olsun gərək. Girsə görəcək ki,
dərd də oradadır, dərman da. Xəstə də odur, həkim də.
“Yerdə tam yəqinliklə inananlar üçün əlamətlər vardır. Sizin
özünüzdə də. Məgər görmürsünüz?” (əz-Zariyat, 20-21)
Adəm oğlu “mən-mən” deyən məxluqdur. Olmayan fəzilətləri
özündə “görsə” də, olan nöqsanlara çox zaman kordur. Odur
ki, Kitabda, mərəzlərə daha çox diqqət yetirilir, müalicədən o
qədər də bəhs olunmur. Əvəzində isə hər qəlb xəstəliyi ilə bağlı
bölmənin sonunda xəstənin özünə ünvanlaya biləcəyi suallar ve-
rilir. Təbii ki, bunlar şərtidir. Fəqət ən təcrübəli təbib də xəstəni
müayinə etmədən, sorğu-suala tutmadan müalicəyə başlamaz.
Qəlb xəstəsi sağalmaq istəyirsə öz həkimi olmalı, ilk növbədə
özünü hesaba çəkməlidir. Zərrəcə şübhəmiz yoxdur ki, istər cis-
mani, istər də mənəvi mərəzlərlə bağlı şəfa mexanizmini şəfanın
Sahibi insanın özündə yerləşdirmişdir. Adəm oğlunun, sadəcə,
bu mexanizmi işə salması, yəni cəhddə bulunması yetər.
5
“Bizə xatir cəhd edənləri Öz yollarımıza hidayət edərik” (əl-
Ənkəbut, 69).
Biz, Rəbbimizdən yardım və uğur diləyərək kitabın maraq-
la oxunması üçün, əlbəttə, səy göstərmişik. Lakin əsas məsələ
onun maraqlı deyil, faydalı olmasıdır. Fayda və xeyir isə bizim
əlimizdə deyildir.
“Xeyir yalnız Sənin əlindədir. Sən, əlbəttə, hər şeyə
qadirsən” (Ali-İmran, 26).
“Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyirə möhta-
cam!” (əl-Qəsəs, 24)
Allahım! Biz Sənin rizanı umaraq, Sənə güvənərək bu kitabı
hazırladıq. Bizi də, oxuyucularımızı da bağışla və Sənin Kitabına
sarılanlardan eylə!
Ey insan, dərdini bil, xəstə sənsən, həkim sənsən.
Haqqını, həddini bil, məhkum sənsən, hakim sənsən.
Dost üçün getmə uzaq, sənə səndən yaxındı O
Düşmən də içindədir, ilk özünə qənim sənsən.
Ərşin, ərzin qula qarşı qərəzi-qəsdimi var?
Zülmü bətnində ara, məzlum sənsən, zalim sənsən.
Səndə şeytan və mələk, şirk və iman üz-üzədir
İblis sən, məlakə sən, müşrik sənsən, müslim sənsən.
Cənnətlər, cəhənnəmlər səndən ötrü xəlq olunub
Cahan seçmək yeridir, rəhmət sənsən, rəcim sənsən.
Sirri aləmlərin Adəmdə deyil, kimdədi bəs?
Ey insan, nəfsini bil, cahil sənsən, alim sənsən.
Nəfsini bilsə bəşər, Rəbbini bilməzmi olur?
Rəbbini bilsən əgər, biləcəksən heç kim sənsən.
6
Bismillahir Rahmənir Rahim
1. HƏSƏD
“Və həsəd etdiyi zaman paxılın şərindən (sübhün
Rəbbinə sığınıram)” (əl-Fələq, 5).
Həsəd, paxıllıq başqasının imkan, fəzilət və uğurlarının
varlığına üzülüb yoxluğunu istəməkdir və haramdır. Əgər
üzüntü var, istək yoxdursa haram sayılmaz, amma mərəz
olaraq qalır.
Həsəd şərdir, onun Allahın Kitabında məhz bu cür qiy-
mətləndirildiyini görməkdəyik.
“De: “Pənah aparıram sübhün Rəbbinə! Yaratdıqlarının
şərindən; Zülmətə büründüyü zaman gecənin şərindən;
Düyünlərə üfürən (ovsun oxuyan) qadınların şərindən; Və
həsəd etdiyi zaman paxılın şərindən!” (əl-Fələq)
Allah Təala həsədçinin, paxılın şərini cadugərlərin,
zülmətlərin şəri ilə bir sırada qoyur. Çünki hər üçünün
içindəki təhlükə gizlidir və təhlükənin yönəldiyi kimsələr
üçün bəlli olmaz. Bu qara və qaranlıq qüvvələrdən qorun-
maq üçün, həqiqətən, sübhün və aydınlığın Rəbbinə sığın-
maqdan başqa çarə yoxdur.
Şər, bütövlükdə, şeytani, yəni atəşlik əməlləri ifadə edir.
Quranın son surəsində insanlar üçün şərin əsas gizli mən-
bəyi açıqca vurğulanmaqdadır:
“De: “Pənah aparıram insanların Rəbbinə; İnsanların
Sahibinə; İnsanların gerçək İlahına! Vəsvəsə verənin,
(Allahın ismi zikr olunanda) qaçıb gizlənənin şərindən”
(ən-Nas, 1-4).
Şübhəsiz ki, “Vəsvəsə verən” Şeytandan başqası deyil,
şərin başında o durur və həsəd, cadu, zülmət onun əsas və
gizli silahlarından, tələlərindəndir. Zatən ilk həsədçi, onun
özüdür. Allah Təala Adəmi (aleyhissalam) yaradıb mələkləri
ona səcdə etdirəndə bunu çəkə bilmədi və vəsvəsə verərək
ilk insanın cənnətdən çıxarılmasına nail oldu.
Dostları ilə paylaş: |