Амеа фолклор институту



Yüklə 1,41 Mb.
səhifə2/9
tarix05.02.2018
ölçüsü1,41 Mb.
#24531
1   2   3   4   5   6   7   8   9

GÖZÜN İLƏ
Neyçün dəli eylədin,

Sevdiyim, gözün ilə?


Oturmuşdum, qaldırdın

Ol tuti sözün ilə.


Şölə saldın aləmə,

Yar, şəkli-üzün ilə.


Ay-günü əsir qıldın,

Qaş çatıb, özün ilə.


Seyran qıldın çəmənə

Sonalı qazın ilə.


Lalələrlə bəzədin

Ol dağı düzü ilə.


Vəfa vermədin mənə,

Ötdü gün yazın ilə.


Seyr qıldın səhərlər

Sən gəlin-qızın ilə.


Uyğudan oyatdın sən

Ol qızıl sazın ilə.


Bəyənmədin, sevmədin

Qara qaş, gözün ilə.


Keçdiyin yeri öpüm,

Yeriyib izin ilə.


Bülbülü saldın dərdə

Şirin avazın ilə.

Toy-tamaşa eylərsən

Söhbətin-sazın ilə.


Bədənimi daş etdin

Qış fəsli buzun ilə.


Deyər Nəfəs, öldürdün

Axırı nazın ilə.



GÖZLƏRİN
Gözləmə, can, gözləmə, öldürdü, ey can, gözlərin,

Yox-yox, yalan söylədim: yüz dərdə dərman gözlərin!


Görən deyər: nərgisi-dağlar çəkilmiş köksünə,

Dağ deyildir, könlüm içrə oldu mehman gözlərin.


Qaşına qılsam sücud zahidlik ümmidi ilə,

Aldı məndən, qoymadı, bu şəmi-iman gözlərin.


Baxmayım dersəm üzünə, qətlimə olar səbəb,

Vəh ki baxsam can alar, ey məhi-taban, gözlərin.


Xənda qılsan, ləblərin yüz min ölüyə can verər,

Bir nəzərdə min dirini qıldı bican gözlərin.


İldə bir qurban kəsərlər aləm əhli eyd üçün,

Gündə yüz min aşiq əhlin qıldı qurban gözlərin.


Qəfildən əğyar ilə mən dəliyə qılmış nəzər,

Bəs mənim yanan tənimə qaldı heyran gözlərin.


Əqli-huşum əldən alar, eşqdən çəkdim ayaq,

Bu Nəfəs halın yenə qıldı pərişan gözlərin.


SAÇIN
Məni gündən kölgə kimi

Saxlar sənin qızıl saçın.

Hər telinə ürəyimi

Bağlar sənin qızıl saçın.


Şana vursan şölə saçar,

Ay utanar, göydən qaçar,

Görə bilsəm könlüm açar,

Parlar sənin qızıl saçın!


Çox xəzinə vergil deyib,

Sonra məni görgil deyib,

El yatanda durgil deyib,

Səslər sənin qızıl saçın.


Gecələr bir hovur yatsam,

Durub tərifini yazsam,

Yüz min qayğı-qəmə batsam,

Dartar sənin qızıl saçın.


Gəl yanıma yar deyəndə,

Qara saç gərdan döyəndə,

Külək öpüb, yel dəyəndə

Oynar sənin qızıl saçın.


Yaraşar, bir baxsan gülüb,

Hörsən onu, ənbər sürüb,

Gizlənər ay, gün utanıb,

Yanar sənin qızıl saçın.


Qurdun mənə qıl siratın,

Çəkərəm dildə surətin,

Könlüm içrə qəm möhnətin

Qurar sənin qızıl saçın.


Məmələr köksündə nar tək,

Dalğalanar ol Xəzər tək,

Boynuma dolanıb mar tək,

Sıxar sənin qızıl saçın.
Gəzərsən, elə göz edib,

Nəfəs fağıra söz edib,

İlan tək dilin uzadıb

Vurar sənin qızıl saçın.



GETDİM
Qara gözün, qələm qaşın

Tirdir deyib, qaçdım getdim.

Dalğalanan qara saçın

Mardır deyib, uçdum getdim.


Aşiq olub heç gəzməyən,

Ləbin bilməz qənd əzməyən,

Dan-səhərlər heç dözməyən,

Gül tək üzün açdım getdim.


Bülbül sevər bağda gülü,

Məşuq darar ol sünbülü,

Dura bilməm, incə beli

Ehmal ilə quçdum getdim.


Reyhan könlü xoşdur yazdan,

Göl razıdır quba qazdan,

Min gəlindən, incə qızdan,

Şol pərimi seçdim getdim.


Dürlər saçar yar dəhandan,

Gələr min hünər zəbandan,

Nəfəs deyər, bu cahandan,

Yarı qoyub keçdim getdim.


ARZU QILDIM
Gözəl yarın gül üzündən,

Öpsəm deyib, arzu qıldım.

Ol gövhəri yar sözündən

Tapsam deyib, arzu qıldım.


Başında ipək dəsmalı,

Qəmərdən nurlu, vəfalı,

Açılıbdır gül camalı,

Örtsəm deyib, arzu qıldım.


Ol yar sözləsə, süxənvər,

Arzu eylər bir sənubər,

Buxağına müşki-ənbər,

Səpsəm deyib, arzu qıldım.


Mən düşdüm, dostlar, qərardan,

Ayrılmaq olarmı yardan?

Misli-ənbər qızıl nardan,

Öpsəm deyib, arzu qıldım.


Əndəliblər qonar gülə,

Məcnunam, çıxmışam çölə,

Asimandan gəlsə bəla,

Qapsam deyib, arzu qıldım.


Məcnun çıxdı Nəcd dağına,

Kaknusam od-ocağına,

Bir piyalə sağlığına,

İçsəm deyib arzu qıldım.


İrəm bağı olar bustan,

Ol tavusi həm Hindistan,

Yar görkünü qılıb dastan,

Keçsəm deyib, arzu qıldım.


Başımızdan çıxıbdır huş,

Yada düşməz bəla, təşviş,

Ağ köksünə altın, gümüş,

Taxsam deyib, arzu qıldım.
Bülbül aldım güllər üçün,

Xəznədən pul qullar üçün,

Yaqut alıb ellər üçün,

Seçsəm deyib, arzu qıldım.


Bir güləm, qalmaram solub,

Adım qalar, getsəm ölüb,

Yolum düşüb, mehman olub,

Yatsam deyib, arzu qıldım.


Haq verməsin şol gününü,

Ayırmasın ol dinini,

Çox yalvarıb, yar könlünü,

Alsam deyib, arzu qıldım.


Nəfəs deyər, saz eyləyib,

Qış fəslini yaz eyləyib,

Şol bir yarı naz eyləyib,

Öpsəm deyib, arzu qıldım.



ARZU EYLƏR
Könlüm quşu qanad çalıb,

Uçsam deyib, arzu eylər.

Qızıl cama şərap süzüb,

İçsəm deyib, arzu eylər.


Bülbül könlü xoş gülündən,

Cömərd könlü çağ elindən,

Nazlı yarın ol belindən

Qucsam deyib, arzu eylər.


Qalar qızlar, könül çağlar,

Müdam ağlar, ürək dağlar,

Dəli könül qanad bağlar,

Uçsam deyib, arzu eylər.


Çöllər gəzsəm İlyas kimi,

Dağlar gəzsəm Kavus kimi,

Atəş içrə kaknus kimi

Bişsəm deyib, arzu eylər.


Burdan varsam Hindistana,

Ya üz tutsam Dağıstana,

Şəhri-Bulğar, Rumistana

Aşsam deyib, arzu eylər.


Mən çıxsam Məcnun dağına,

Girsəm ol İrəm bağına,

Nazlı yarın qucağına

Düşsəm deyib, arzu eylər.


Coşsam, dostlar, mən ümman tək,

Dünyanı tutsam duman tək,

Nəfəs deyər, ol taban tək

Batsam deyib, arzu eylər.




HEYRANI MƏN
Qara zülfün dalğa-dalğa,

Gözəl yarım, heyranı mən.

Yel oynadar sola-sağa,

Ağlım gedib, qurbanı mən.


Gəldin bizə, yol başladın,

Saçın saydım, qulacladım,

Baxıb, barmağın dişlədin,

Gülər üzün nuranı mən.


Yar oyanar gecə yarı,

Zülfün onun dağlar marı,

Ağ köksündə qoşa narı -

Olsam girib bağbanı mən.


Fələk gələr, əsib yeli,

Qərq edibdir gözdə seli,

Dostlar, yarın ol sünbülü

Mardır, onun qurbanı mən.


Fələk qoymaz ucaltmağa,

Dilim dönməz söz atmağa,

Könül qıymaz oyatmağa,

Cismim içrə cananı mən.


Gələr yarım, altın taxıb,

Aşiqlərin canın yaxıb,

Öyə girib, dula baxıb,

Görən işin amanı mən.


Məndən qeyri sevən çoxdur,

Yalan deyil, sözüm haqdır,

Yanalar al, çöhrə ağdır,

Qara zülfdə ol şanı mən.


İgid gələr, çarxın qurub,

Əsbabına tumar verib.


Gözün yumar üzün görüb,

Asmandakı tabanı mən.


Çox ağlaram, yarım bilməz,

Nəsib etməz, gülüb gəlməz,

Bu boynuma qolun salmaz,

Bilsə, pərilər canı mən.


Ah, Nəfəs, sən oldun gəda,

Ol yarından qaldın cüda,

Nahaq canın qıldın fəda,

Biçarələr ərmanı mən.



GÖZƏLİM
Hüsnün xəznəsi bərpadır,

Nurdur cahana, gözəlim.

Saçın qıvrım əjdərhadır

Ol gənci-kana, gözəlim.


Dəryalar mən kimi daşmaz,

Üzün dolun aydan yaşmaz,

Əvvəl-axır gözüm düşməz

Sən tək canana, gözəlim.


Quru ot mən tək yanarmı?

Sinəmdə odun sönərmi?

Yar, səndən könlüm dönərmi –

Dönsə zəmana, gözəlim?


Dost olan qəlbə getməzmi?

Aşiq murada yetməzmi?

Məşuq olan rəhm etməzmi

Bu yanan cana, gözəlim?!


Ey, zülfü yüz siyah para,

Arzum budur sən dildara,

Qılma sirrini aşkara

Yaxşı-yamana, gözəlim.


Gecə baxmasam ol üzə,

Qərarım yetməz gündüzə,

Bir işvən dəyər yüz qıza,

Yüz min cüvana, gözəlim.


Qəmzən oxu təndən ötdü,

Vardı, şirin cana yetdi,

Kafir gözün talan etdi

Nurı-imana, gözəlim.


Çəkilib qaşın qılıncı,

Ciyərim kəsdi bir ucu,


Görmək imiş gözün suçu,

Qərq oldu qana, gözəlim.


Misli badam qabaqların,

Gül yarpağı dodaqların,

Oxşayır al yanaqların

Tər gülüstana, gözəlim.


Səhər tezdən zülfün dara,

Günəşlə doğdun dübara,

Qıya baxıb, gülüb yara

Qoydun ərmana, gözəlim.


Nəfəs der: eşit bu sözüm,

Zülmündən soldu gül üzüm,

Bir zaman ayrılmaz gözüm

Səndən bir yana, gözəlim.



BİR YANA
Tiği-peykanın gəzləyir,

Qaş bir yana, göz bir yana,

Dəhanın açıb sözləyir,

Dür bir yana, söz bir yana,


Xəzan ayrılmaz gülümdən,

Bir qəzəl yazdım dilimdən,

Yaşılbaş uçdu gölümdən,

Su bir yana, qaz bir yana.


Sevdiyim qız sanki quşdu,

Birbaş rəqiblərə uçdu,

Bir səbəbdən ayrı düşdü

Yar bir yana, biz bir yana.


Bəzənib canım alarlar,

Görənlər heyran qalarlar,

Cilvə edib sallanarlar,

Yar bir yana, qız bir yana.


Qulaq verin ahu-zara,

Söyləsin Nəfəs biçara,

Etdi bağrımı səd para,

Tiğ bir yana, tiz bir yana.



FƏRAĞINDAN
Dilbər, yazım vəsfini,

Yandım ki fərağından.

Mən təşnəni yandırma,

Busə ver dodağından.


Yar qaməti ərərdir,

Rüxsarı onun zərdir,

Aləm ki münəvvərdir,

Köksündəki ağından.


Firqət işığın yapsam,

Rəhmətdə vüsal tapsam,

Gəhi gözündən öpsəm,

Gəh alma yanağından.


Bağlara qılıb seyran,

Ağlımı edib heyran,

Zülfün olub iki yan

Şirmayı darağından.


Eşqində yanan qulam,

Özgəyə nəzər salmam,

Tər qönçədə bülbüləm,

Yar, qovlama bağından.


Çün aşiqi-məstanam,

Ləlin meyindən qanam,

Həm başına qurbanam,

Həm qaşi-qabağından.


Məstanə Nəfəs hər dəm

Özünə dilər həmdəm,

Tozun gözümə sürtəm,

Gər çıxsa ayağından.



NƏZƏR QILSA DİŞLƏRİNƏ
Dür dəryadan çıxa bilməz,

Nəzər qılsa dişlərinə.

Cəhənnəm də yaxa bilməz,

Yanmışam atəşlərinə.


«Leyli, Şirin sənə taydır» –

Desələr, ol söz bicaydır,

Əlif tək qamətim yaydır,

Səcdə eylər qaşlarına.


Bu dünya bir ruzi-məhşər,

Xeyrə xeyir, şər etsən şər,

Rəhmət göydən yerə enər,

Dəyib siyah saçlarına.


Sığınmışam mən özünə,

Bitmişəm kəlam sözünə,

Müşərrəf eylə yazına,

Düçar etmə qışlarına.


Nəfəs deyər, çəkər zarın,

Müdam arzu sən didarın,

Can fədası, sən tək yarın

Üzüm sürtsəm daşlarına.



İLƏ
Tuti təkəllüm bir pəri,

Sözlər şəkər xarı ilə.

Könlüm quşun bənd eyləmiş

Zülfünün bir tarı ilə.


Gözə görünsə gül üzü,

Otursa gecə-gündüzü,

Yar gəlsə tənha bir özü,

Gəlməsə əğyarı ilə.


Müşkin saçın eylər düyün,

Halımı eyləyib zəbun,

Razıyam, öldürsə bu gün

Qoynundakı narı ilə.


Bəh-bəh, əcaib simi-tən,

Odur məni Məcnun edən,

Ağlıqda bəhs eylər bədən

Qırx çillənin qarı ilə.


Hər kim özün ram eyləyir,

Sübhün onun şam eyləyir,

Kafiri islam eyləyir

İzhari-göftarı ilə.


Gəh sarmaşıq tək sarmaşıb,

Gəh öpüşüb, gəh oynaşıb,

Molla Nəfəs der, yanaşıb,

Otursa öz yarı ilə.


AŞİQ AĞLAR, ARZU EDƏR
Aşiq ağlar, arzu edər,

Öz yarının ədasıdır.

Eşqin yükün atıb gedər,

Yay qaşının sədasıdır.


Bu dünyaya gəlsin alim,

Xalqa bir az versin elm; -

Aşiqlərə qılsan zülüm,

Bir dostunın cəfasıdır.


Tale yel tək belə əsib,

Mənə etdi bunu nəsib.

Çün müsəlman aşiq Yusif

Kafirlərin gədasıdır.


Qara ilanın zəhrində,

Böyük əjdərha qəhrində,

Yar surəti can şəhrində,

Adam ölsə, bəlasıdır.


İndi artar mənim ərzim,

İrağa çatmaz nəzərim,

Nəfəs deyər, mənim yarım

Gəlin-qızların xasıdır.




GÜLƏ RƏVAN
İstədim, bağlara girdim,

Orda baxdım gülə rəvan.

Əl uzadıb, qönçə dərdim,

Özüm edib onda seyran.


Məni görcək nazlı canan,

Özün qıldı bizdən pünhan,

Yürüyüb dilərəm aman,

Qılıb imarətim viran.


Vararam haqqın özünə,

Üzüm düşsə gül üzünə.

Bilmədim, dəydim gözünə,

Yoxa çıxdı tuti-reyhan.


Bu gülşəndə çox istədim,

Əl uzadıb bir gül dərim,

Bu gülü ol gülə verim,

Qorxdum gəlib görə bağban.


Qarışaraq qızlar ilə,

Bağdan getdi nazlar ilə.

Girib gölə qazlar ilə

Eylədi özünə vətən.


Ol dildara tutdum üzüm,

Dedi: get, görməsin gözüm,

Dinlə, dedim, vardır sözüm,

Dedi: ərz yeridir divan.


Gəlmişdim gül ruyi üçün,

Görkəzmədi, yaydı saçın,

Əl uzadıb tutdum ucun,

Günah etdin, dedi, yaman.


Çağırdı, qızlar yetişdi,

Al-qızıl alma atışdı,


Ürəyim oda tutuşdu,

Dedim barı verə dərman...


Nəfəs deyər, mən qəfəsdə,

Gözüm yaşlı, qəlbim xəstə.

Yar bizi qoydu məhbəsdə,

Vergil, xuda, bizə iman.




OYANMADIN
Yolum düşdü, gəldim sənin qapına,

«Yar, oyangil» dedim, sən oyanmadın.

İt-pişik ah etdi qılan zarıma,

Yatanlar oyandı, sən oyanmadın.


Dan üzü əsmədə xoş səba yeli,

Mən bülbüləm, yad eylərəm ol gülü,

Tayım-tuşum deyər: «Nədir xəyalı?»

Sirrim faş eylədim, yar, oyanmadın.


Gecə qaranlıqdır, gözlərim görməz,

Xəyalım kəc oldu, fikrim yürüməz,

Yaxşıdan, yamandan yarım səs verməz,

Qulağım kar oldu, yar, oyanmadın.


Bir quş gəldi, qondu baca üstünə,

Nəzər saldı ağca öyün altına,

Qanad yaydı, getdi aləm pəstinə,

Yatan quş oyandı, yar, oyanmadın.


Gəlmişəm qapına görməyə üzün,

Xəstəyəm, eşidim ol şirin sözün,

Dünyaya dəyişməm ol qara gözün,

Gözlərim kor oldu, yar, oyanmadın.


Sükut içrə donmuş evin, eşiyin,

Söndürübsən mən fağırın işığın,

Məşuq indi yada salmaz aşiqin,

Bivəfa, çağırdım, yar, oyanmadın.


Doğdu dan ulduzu, gecə çırağı,

Mən fağır durmuşam səsdə qulağı,

Oyatmaz uyğudan səhər küləyi,

Dan yeli dayandı, yar, oyanmadın.


Nə olmuş, sən niyə böylə yatıbsan?

Fikir ilən qəm layına batıbsan,


Sevdiyini yavuz dərdə satıbsan,

Yusif tək gedirəm, yar, oyanmadın.


Aşiq mənəm, yarım kimə göz qoyar,

Gizləsəm sirrimi, el-oba duyar,

Xudayım, yar haçan uyğudan doyar?

İns-cins tam oyandı, yar, oyanmadın.


Nəfəs deyər, indi gedərəm burdan,

Ay batar, dan atar, gün doğar ordan,

Ümidim üzüldü, əl çəkdim yardan,

Uzun gecə ötdü, yar, oyanmadın.



UTANAR
Dağ başında ağca bulud yayılıb,

Yerə düşmək istər, güldən utanar.

Camalın da aydan, gündən saylılıb,

Nurun saçmaq istər, eldən utanar.


Bu ellər üzünü görmək istədi,

Çox adam canını vermək istədi,

Mən fağır qoynuna girmək istədim,

Dedilər ayıbdır, qoldan utanar.


Al yanağa bircə çibin qonubdur,

Onun izi qızıl nara dönübdür,

Çox heyranam, ürək-bağrım yanıbdır,

Od əsər eyləsə, küldən utanar.


Yad eyləsəm bu dünyanın gərdişin,

Əlimdən uçurdum ol dövlət quşun,

Kövsərlə yuyubdır yar siyah saçın,

Ağız deyən etməz, dildən utanar.


Nəfəs deyər, görsəm yarın camalın,

Quluyam, soraram halın-əhvalın,

Külək qaçırıbdır başdan dəsmalın,

«Tut, al» desəm, yarım yeldən utanar.




DİLƏSƏ
Dağ başında duman durmaz, əylənməz,

Əgər ol yar nəzər qılsa, diləsə.

Adəm oğlu pis ölümə bağlanmaz,

Əzrayıla ol yar gülsə, diləsə.


Çöl içində çoxdur maral, ovlaqlar,

İzində sərgərdan, səfil oymaqlar,

Çıxar su üzünə dibdən balıqlar,

Ümman üstə gəlib dursa, diləsə.


Yaxşılar qədrini yaxşılar bilər,

Ayrılıq yamandır, bağrımı dələr,

Ölmüş adamlara təzə can gələr,

Məzarı yanına getsə, diləsə.


Əl dayansa, yaddan çıxar karını,

Bülbül qılmaz gül üstündə zarını,

Aylar, günlər yığar gövhər nurunu,

Ol yar əgər ipək səpsə, diləsə.


Haqdan qanad gəlsə asiman uçar,

Reyhan hər tərəfə müşk-ənbər saçar,

Solan gül-çiçəklər yenidən açar,

Ol yar qoy açılsın desə, diləsə.


Nəfəs, sən eşqində oldun divana,

Getsən, qəbul etməz, düşmə gümana,

Nəzər qılsa, behişt gələr amana,

Cəhənnəm, göy uçar, varsa, diləsə.



DİLBƏRA
Dan səhərlər nəzər salıb, yol ilə

Gəlmədi de, ağlama sən, dilbəra!

Al yanağın şərbətindən dil ilə

Dadmadı de, ağlama sən, dilbəra!


Aləm işıq alar, gülsən, dişindən,

Avamlar nə anlar sənin işindən,

Ox çəkərək yay-İsfahan qaşından

Atmadı de, ağlama sən, dilbəra!


Bağa girib, novca reyhanın yolub,

Mən qalaram sənin eşqində solub,

Səninlə bir gecə qolboyun olub,

Yatmadı de, ağlama sən, dilbəra!


Ulduz dağdan coşqun sırım aşırıb,

Səni o Allaha, haqqa tapşırıb,

Xınalı əllərə əlim qovşurub,

Qısmadı de, ağlama sən, dilbəra!


Eşq odunu ciyər içrə qaynadıb,

Qırat minib, dağ başında oynadıb,

Qara gözün süzüb, hər yana baxıb,

Qırpmadı de, ağlama sən, dilbəra!


Sən otursan bizi görüb, utanıb,

Göz yaşımdan rəngi-ruyim saralıb,

Nazik təndən, incə beldən qol salıb,

Quçmadı de, ağlama sən, dilbəra!


Məcnun kimi Qaf dağında sevişib,

Neçə bülənd-bülənd dağlardan aşıb,

Mənimlə bu gün haq yoluna düşüb,

Getmədi de, ağlama sən, dilbəra!


Ayrı düşən ağlar-gəzər yarından,

Əl götürər vətənindən, varından,


Qoynunda yetişən qoşa narından

Tutmadı de, ağlama sən, dilbəra!


Şahlar gələr, çox qoşunu, dəstəyi,

Namərd gəzər, müdam üzün gizləyib.

Gül üzündən alıb ipək örpəyi,

Öpmədi de, ağlama sən, dilbəra!


Nəfəs deyər, haq eşitsin sözümü,

Kəbə sarı tutum iki gözümü,

Utanaraq çevirmədi üzümü,

Baxmadı de, ağlama sən, dilbəra!




OYATMADIN, NAZLI YAR
Qara gözün kölgəsində dinc alıb,

Uyumuşam, oyatmadın, nazlı yar!

Zindan içrə qaldı gül üzüm solub,

Silib yaşım, oyatmadın, nazlı yar.


İncə belin qucsam səhər çağında,

Bülbüllər ötüşər solü-sağında,

Nur camallı yarın ol qucağında

Göz yummuşam, oyatmadın, nazlı yar.


Gözüm düşdü sənin qələm qaşına,

Müşk-ənbər səpilən sünbül saçına,

Ağ gövhər sayılan sədəf dişinə

Qısılmışam, oyatmadın, nazlı yar.


Könlüm havalanıb uçdu asmana,

Süleyman tək ruyin tutdu ümmana,

Yuxu demə, xabi-əcəl de buna,

Bərk yatmışam, oyatmadın, nazlı yar.


Sən çıxıbsan altın-gümüş taxıban,

Könül quşum dörd tərəfə baxıban,

Oyaq ikən məni oda yaxıban,

Mən yatmışam, oyatmadın, nazlı yar.


Adın-sanın bu aləmə dolubdur,

Gül üzünə ay salama gəlibdir,

Nəfəs deyər, rəqib məni ötübdür,

Ona görə oyatmadın, nazlı yar.



QALAR
Bağ içinə yar sallanıb girəndə,

Bülbüllər ötüşməz, heyrana qalar.

Gəşt edib, sərçəmən üzrə gəzəndə,

Qanaddan ayrılar, pərvanə qalar.


Ay nurdan ayrılar, gün göydən uçar,

Ulduzlar qərarsız dörd yana köçər,

Saqi mey gətirər, ərənlər içər,

Onlar ah çəkərlər, zəmanə qalar.


Şahlar yata bilməz, arzuda gəzər,

Ölü balıq görsə, canlanıb üzər,

Qolu bağlı qullar zəncirin üzər,

Sözləməz yüz düşsə, divanə qalar.


Gülüb baxsa, ol yaşlılar şadlanar,

Ötən günlər, igid çağlar yadlanar,

Göy otlar saralıb, dərəxt odlanar,

Asman cünbüş eylər, lərzanə qalar.


Nəfəs, təriflədin yarın camalın,

Yel dəyib, götürdü üzdən dəsmalın,

Haq vermiş əzəldən ona iqbalın,

Şahlar görsəm deyib, ərmana qalar.




BAŞIMA
Yatırdım bağ içrə könlüm yaralı,

Bir bülbül dolandı, qondu başıma.

O zalım yar ötdü məndən aralı,

Heç baxmadı gözdən axan yaşıma.


Tez qalxıb ayağa öpdüm yarımı,

Qəzəblənib yox elədi varımı.

Bir qara quş eşidərək zarımı,

Havalanar, qonmaq üçün leşimə.


Yar getdi, yandırdı məni fərağı,

Naləmdən titrədi gülün yarpağı,

Mən ayıldım, demə, yoxmuş duzağı,

Bir ah çəkib, gəldim sonra huşuma.


Nəfəs tapdı bu dərdin əlacını,

Yar görkəzib qaçdı zülfün ucunu,

Odur deyib, qucdum sərv ağacını,

Heyran oldum özüm qılan işimə.



GÖRSƏM DEYİR
Canlı-cansız pərvaz vurub dövrəndə,

Yar, gülər üzünü bir görsəm deyir.

Qoşa xal var imiş sənin sinəndə,

Həmmələr tənini bir görsəm deyir.


Dənizdə ağ quşsan, möhtac səyyadlar,

Tutmaq üçün tələ qurar övladlar,

Düşürməzmi yerə çıxan fəryadlar,

Qarun xəzinədən nur versəm deyir.


Sən tək yaratmamış gözəl dünyada,

Xuda əsərisən dedi şeyda da,

Atsın deyə tir verdilər səyyada,

Çobanlar yol yorar, bir görsəm deyir.


Şahlar taxtdan düşər, səni gözləyər,

Dağdan, çöldən, dərələrdən izləyər,

Gələr deyib baxşılar söz sözləyər,

Həmmə arzu eylər, bir görsəm deyir.


Dev, pəriyə hökm verdi Süleyman,

«Onu tapın, dedi,dərhal, durmadan»,

Möhlət verib dedi: «qoymaram aman!»

Çünki xuda onu bir görsəm deyir.


Laməkanda yaxşıların rəxtini,

Baylar malın, xoş bəxtlilər bəxtini,

Pərizadlar elmi, şahlar təxtini,

Bir dolanıb gəlsə, mən varsam deyir.


Xəbər getmiş buludlara, yellərə,

Tapın deyib dəryalara, sellərə,

Ulduzlara, dənizlərə, göllərə,

Cəbrayıl oturub, mən desəm deyir.


Düşər deyib dünya qurdular riştə,

Uçub, gəlib gördü onu fəriştə,


Dan-səhər çağında üzü behiştə

Xıdır varıb, onu çağırsam deyir.


Tapdım deyə xəbər getdi asmana,

Dünyada dörc bürcə, həm laməkana,

Şol bir zaman uçub gəldi pərvanə,

«Çıxaraq başına bir qonsam» deyir.


Yar behiştdən geyib çıxdı xirqəpuş,

Qulluq edib durdu kənizlər, dərviş,

Qanaddan ayrıldı bütün həmmə quş,

Həmməsi qanadım bir gərsəm deyir.


Məni oyatdılar, baxasan deyib,

Şana verib, zülfün darasın deyib,

Həmmə qulluğuna yarasın deyib,

Tapşırdılar çoxlar, mən varsam deyir.


Nəfəs deyər, bizi Allah yolladı,

Şahi-mərdan Əli gəlib qolladı,

Rəhm qılıb, yarım əlin salladı,

Çoxlar surətını bir görsəm deyir.



AMANMI
Fələk, sən gəzirsən dünya-aləmi,

Rumistanın şahı, gülüm amanmı?

Xəbər vergil, axıtmadan selimi,

Marı-Şahi-Cahan yurdum amanmı?


Necə uzaq yollar düşdü bu ara,

Qaldı canım qəm içində avara,

Müsəlman sütunu şəhri-Buxara,

Haq rəsulu tutan yolum amanmı?


Bir yar üçün tutdum Fərhad yolunu,

Eşq dəryası qərq eylədi salımı,

Qırx ərənlər tutub iki qolumı,

Bir buta verdilər, felim amanmı?


Yar üçün keçərəm külli cahandan,

Umidim var, bir dəm soram dəhandan.

Dürdanə sarıdan, şirin zəbandan,

Məşhur olan qərib dilim amanmı?


Nəsib oldu, düşdük qərib ellərə,

Nəfəs miskin bülbül, qonmaz güllərə,

Müdam arzu eylər şirin dillərə,

Arzu edən ol bülbülüm amanmı?




Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə