Амеа фолклор институту



Yüklə 1,41 Mb.
səhifə3/9
tarix05.02.2018
ölçüsü1,41 Mb.
#24531
1   2   3   4   5   6   7   8   9

BİLMƏDİM
Ümid dəryasını qulaçla üzüb,

Qırağa meyl edib, çıxa bilmədim.

Aləmi gəşt edib, dolanıb-gəzib,

Yaxşıya, yamana baxa bilmədim.


Seçib tapdım səni ulu ellərdə,

Gül üzlü gözəllər, incə bellərdə,

İrəm bustanında, behişt güllərdə,

Bülbül olub, qanad taxa bilmədim.


Əgər baxsa, gün üzündən nur alar,

Niqab açsan, külli cahan od olar,

Gülüb baxsan, çox fikirlər yad olar,

Utanıb ruyinə baxa bilmədim.


Nə əcəb gözəlsən, özün tək varmı?

Söylə, mən eşdidim, sinəndə narmı?

Tövbə etdim qeyri nakəsə yarmı?

Eşq oduna canım yaxa bilmədim.


Məcnunam, başımda yoxdur təşvişlər,

Anlamam, dünyada çox olar işlər,

Alıb bazarlardan altın-gümüşlər,

Tumarlı döşünə taxa bilmədim.


Getmək üçün bu fikirdən yol aldım,

Sarayım yıxıldı, onu sel aldı,

Dün girib bazara, seçib bal aldım,

Səni yağdır deyib, qata bilmədim.


Məndən qeyrisinə könül versən də,

Gecə-gündüz yatmam, dövran sürsən də,

Nəfəs deyər, dəynək alıb vursan da,

Pərvanə qaşından gedə bilmədim.



QIZ
Baği-İrəm, gül-gülüstan içində,

Qüdrət ilə bir şaxədə bitən qız.

Vəsfini yazaram dastan içində,

Hörmə saçın ağ məmənə yetən qız.


Sənin kimi gözəl olmaz cahanda,

Tamam huri-pəri hüsnünə bəndə,

Leylinin sifəti var ikən səndə,

Bu gün eşqin sevdasına batan qız.


Boyun şəcərə oxşar, üzün hilala,

Dişin dürrə bənzər, ləblərin bala,

Bəxti gəlsə, yaxşı-yaman bir qula

Qadir ilə rizqi-ruzi çatan qız.


Nəfəs deyər, on üç, on dörd yaşında,

Qara qotaz, altın qübbə başında,

Üzə gülab səpib, vəsmə qaşında,

Al geyinib, dildarlığa yetən qız.

ÖRPƏYİN UCU
Qaranlıq gecədə mən əl uzatdım,

Qoluma dolandı örpəyin ucu.

Sənə baxdım, ol görkündən utandım,

Başdan huşum aldı örpəyin ucu.


Otur, yarım, siyah zülfün darayıb,

Nə xoş oldu, başa örpək sarıyıb,

Ehmal ilə boynun-başın bürüyüb,

Qəlbə xəyal saldı örpəyin ucu.


Qotazına kəlamulla yazılan,

Simuzərdən incə naxış cızılan,

Yaxasına dürri-gövhər düzülən,

Hindistandan gəldi örpəyin ucu.


Bir bürünüb çıxsan külli cahana,

Sən olarsan çox əcələ bəhanə,

Tərifin yayılar sözdən dəhana,

Rumda seyr elədi örpəyin ucu.


Gecələr ayrılar sənin başından,

«Alım» deyə fələk gələr dışından,

Çoxusu gedibdir ağlı-huşundan,

Bu cahana doldu örpəyin ucu.


Nəfəs tərif eylər xirqə puşeşin,

Neylim, uçurubdur alıcı quşun,

Məndən qeyri çoxlar edər təşvişin,

Aləmə od saldı örpəyin ucu.



RAMAZAN AYININ
Ramazan ayının on dördü, gecə,

Gözəllər toplaşıb çəkər bir zəban.

Baxışarlar, gələr sultanı taca,

Yasavul dolanıb verər bir fərman.


Balıq üzə bilməz suya girəndə,

Quşlar uça bilməz üzün görəndə,

Kənizlərə xoş salamın verəndə,

Başları asmana yetər şol zaman.


Gövhər yata bilməz surətə baxıb,

Utanar, ağlayar dəryadan çıxıb,

Fələk qızırğanmaz, ışığın yaxıb,

Əgər ki meyl etsə, qopar bir lərzan.


Bülbül qonmaz, həvəs eylər gülünə,

Lal olar, bir sözün almaz dilinə,

Qazlar üzə bilməz, batar gölünə,

Sallanıb yürüsə qalxar ol əyan.


Gördüm, ay doğmadı, bəxti qaradır,

Günəş yatdı, dedim bağrı yaradır,

Ulduzlar doğmazlar, bu nə çarədir,

Yar eşqində baxıb bütün al-asman.


Zülflərin bir ucu laməkan getdi,

Fələyə ucaldı, asmana yetdi,

Nəfəs nərəstəni qoydu, unutdu,

Eşqində zarlayıb ol yazar dastan.



DİLBƏRİM
Qara gözün qara qaşın altından

Fələk durub, qəsd eyləmiş, dilbərim.

Əli görcək çabuq düşüb atından,

Gəlib sənə salam vermiş, dilbərim.


İran şahı arzu eylər ruyini,

Görmək üçün sənin şümşad boyunu,

Göz üstündə hazır duran yayını

Atmaq üçün ləşkər sürmüş, dilbərim.


Fələk qoydu məni rəvan yolumdan,

Dövlət-malı tamam aldı əlimdən.

Dodağının şirin-şəkər balından

Dadmaq üçün həsrət çəkmiş, dilbərim.


Ehmal ilə gül tək üzün açaram,

Ağlım gedib, ağ köpüklər saçaram,

Pərvanə tək mən dövrəndə uçaram,

Qanadlarım oddan yanmış, dilbərim.


Gecə uzaq, dövran gəldi başına,

Dolanaram, yarım, sənin daşına,

Ehmal ilə dodaq basdım qaşına,

Nə şəkərmiş, nə şirinmiş, dilbərim.


Ay nurudur, şölə düşsün üzünə,

Qara qaşlar xub yaraşar gözünə,

Dura bilməm baxıb sənin üzünə,

Ağlım-huşum sərdən getmiş, dilbərim.


Sən tərpənib, ağır yükün düşürdün,

Oda yanan canım yenə bişirdin,

Doğan ayı yenə göydən qaçırdın,

Daha doğmaz, çünki batmış, dilbərim!


Yatmış sanıb, tutdum döşdə narından,

Qəzəblənib, qəfil durdun yerindən,


Bütün canım, ruhum çıxıb sərimdən,

Qorxusundan uçub getmiş, dilbərim.


Dan ağardı, uzun gecəm heç oldu,

Gündüz quran xəyallarım puç oldu,

Yuxusunu pozdum deyə bac aldı,

Yüz mün bacdan baha imiş, dilbərim.


Üstündəki ala yorğan alışa,

Necə olar südlə qara qarışa?

İnanmıram, bu sözümlə barışa,

«Olmaz» deyib qəhər etmiş, dilbərim.


Əlacım yox, mən gedərəm öyündən,

Gen gəzərəm sənin sərvi boyundan,

Göz üstünə xub yaraşan yayından

Bir dəfə də ox atmamış,dilbərim.


Nəfəs deyər, ağlayaram zar ilə,

Uzun gecə çalışmışam xar ilə,

Ey yaranlar, mənəm bu gün yar ilə

Xəyalında söhbət qurmuş, dilbərim!



GÜNÜDÜR
Aşiqlər şəhrində, köşkün üstündə,

Yar dünyaya höküm verən günüdür.

Qırx kənizlər dövrə vurub altında,

«Qulluqdur, bibi can» deyən günüdür.


Sol yanında dürlü sazlar çalınıb,

Qızıl kasə dolu meylər alınıb,

Saf ipəkdən xalı-xalça salınıb,

Behişt içrə yarım yatan günüdür.


Qafada bənd edib asman Burağın,

El yatanda, çəkib aşiq fərağın,

Baş ucunda adil şahın çırağın

Qoyub beşdən-ondan yaxan günüdür.


Doymam didarından, dastanım yazıb,

Ağlım-huşum uçdu, duzağın çözüb,

Nəfəs deyər, yarım gözlərin süzüb,

Mənə tərlan quş tək baxan günüdür.



HEÇ GÖRMƏDİM ELLƏRDƏ
Gəşt edib gəzmişəm fani cahanı,

Sən tək pəri heç görmədim ellərdə;

Könlümün aramı, mənzil-məkanı,

Şeyda könlüm coşmaz özgə güllərdə.


Hüsnünə el heyran, görməyə zaram,

Eşqində bimaram, köyündə varam,

Ta ölüncə, yollarına baxaram,

Rövzən kimi gözüm qaldı yollarda.


Hilal qəddim hilal qaşına qurban,

Adını çəkməyə dildə yox fərman,

Bir canım var, min dərdim var, sən dərman,

Cismim od içində, yaşım sellərdə.


Xəncərin canımda, oxların təndə,

Qəmzən öldürməyə qəsd edər gündə,

Surətin gözümdə, xəyalın məndə,

Üzün ürəyimdə, sözün dillərdə.


Nə mələksən, bəşər derlər özünə,

Göz yaşım dayanmaz baxam gözünə,

Qadir Allah zinət vermiş üzünə,

Bir eyib tapmadım sağda-sollarda.


Mis özün gizləmiş simuzər ilə,

Müşk olmuş bərabər mürği-pər ilə,

Zəhər həmrah olmuş şəkər-tər ilə,

Ənbər əbr içində, gövhər küllərdə.


Səhər seyrə çıxsan, toxunsa yellər,

Dağılar hər yana, tökülər tellər.

Zərəfşan birçəklər, siyah kakillər,

Açsan yerə düşər, hörsən bellərdə.


Əlvan geyib yenə qıya baxarsan,

Ənbərəfşan zülfün yerə tökərsən,


Seyrə çıxsan, ağ ceyran tək səkərsən,

Ceyran da sən kimi səkməz çöllərdə.


Nəfəs der: adətdir, dolaraq daşma,

Aşiqə xumardır oğrun baxışma,

Həm cilvə, həm qəmzə, nazü dilləşmə

Məkan tutmuş göz-qaşında, qollarda.




İNDİ
Vüsalında könlüm gül tək açıldı,

Firqətində əlif qəddim yay indi.

Üzün nuru aləm ara saçıldı,

Hərgiz doğmaz sənin kimi ay indi.


Müştaqi-ruyinəm, bu dünya fani,

Sənin zarındadır xanların xanı,

Gəşt eylədim on səkkiz min cahanı,

Heç tapmadım bir özünə tay indi.


Səba yeli zülfün pərişan eylər,

Kirpik oxun bu bağrımı qan eylər,

Pis rəqiblər duysa bizə tən eylər,

Eylə məni öz qoynuna cay indi.


Səndən özgə yarı gözüm görməsin,

Sənsiz zövqü allah mənə verməsin,

Sən olmasan, dünya bir gün durmasın,

Viran olsun getsin bu saray indi.


Ağ köksündə alma ilə nar olsun,

Rəqiblər uzaqdan görüb xar olsun,

Düz aşiqə şahi-mərdan yar olsun,

Nəfəs deyər, olsun ol haray indi.


Nəfəs deyər, yara belim bağlaram,

Gecə-gündüz dərya kimi çağlaram,

Ta ölüncə Durduxal der ağlaram,

Gözlərimdən axar iki çay indi.



GƏLİN

İran, Turan, ərəb, əcəm elində,

Görmədim sənin tək növcavan gəlin.

Xublar arasında, bağın gülündə,

Olmaz özün kimin gül bədən gəlin.
Gözəlsən, can alar qara gözlərin,

Ölünü dirildər şirin sözlərin,

Alma yanaqların, gülər üzlərin,

Şirindir ləblərin meyvədən, gəlin!


Bir üzümsən şərbət ilə udmağa,

İzin verməz könül çıxıb getməyə,

Duzaq qurub aşiqlərı tutmağa

Zülfün başdan-ayaq tor edən gəlin.


Bizi bülbül edib, özün gül edib,

Saçların boynuna həmayıl edib,

Naz odundan ürəyimi kül edib,

Söz balından bağrım su edən gəlin.


Qamətin tubadır, qoynunda nardır,

Gərdənin dütardır, zülflərin tardır,

Camalın görməyə gözlərim zardır,

Görsəm gül üzünü səbadan, gəlin!


Molla Nəfəs, aşnalığım yad olmaz,

Bir görməsəm, hərgiz könlüm şad olmaz,

Yer yüzündə sən tək pərizad olmaz,

Məyər yerə düşdün havadan, gəlin!



YADIMA DÜŞDÜ
Nagəhan gəzərdim gülü-gülşəndə,

Gülgün dodaqların yadıma düşdü.

Almana, narına gözüm düşəndə,

Alma yanaqların yadıma düşdü.


Eşq əlindən çəkdim fəğani-nalə,

Əlif tək qamətim bənzədi dala,

Arzu edib yetə bilməm vüsala,

Ayrılıq çağların yadıma düşdü.


Doğan ay tək parlar köksünün ağı,

Yağıdan rəng almış dəstin boyağı,

Dörd yana boy atmış sərv budağı,

Xəstə qucaqların yadıma düşdü.


Üzünün şamıdır siyah kakillər,

Saçların bənzəri-tari-sünbüllər,

Çəmənlər bağlandı, cəm oldu güllər,

Başdan ayaqların yadıma düşdü.


Sənin həsrətindən saralıb soldum,

Tiği-hicran ilə bağrımı dəldim,

Yüz min arzu ilə səndən ayrıldım,

Gəzən oylaqların yadıma düşdü.


Nəfəs deyər, bağrım dağlar içində,

Bəzm eyləsəm ağ otaqlar içində,

Badam kamal tapmış bağlar içində,

Badam qabaqların yadıma düşdü.



QIZLA GƏLİNİN DEYİŞMƏSİ
Bir qız ilə bəhs eyləyir bir gəlin,

Gəlin deyir: «Hüsnüm İrəm bağıdır.

Neçə aşiq həsrətində tər gülün,

Aşiq olan bir-birinə yağıdır».


Qız da deyir: «Üzüm xurşidi-xavər,

Hüsnümə möhtacdır mahi-münəvvər,

Uzundur qamətim sərvi-sənubər,

Yaşım on dörd, xub məstanə çağıdır».


Gəlin deyir: «Mənim söhbətim, bacı,

Neçə igidlərnin başının tacı,

Əgər qıya baxsam, gözümün ucu

Görən aşiqlərın ağlın dağıdır».


Qız da deyir: «Aləm yaxar nazlarım,

Bir cüt nərgiz təki mənim gözlərim,

İndi gər açılsa bahar-yazlarım,

Bağın sünbülünü zülfüm dağıdır».


Gəlin der: «Bəzənsəm min dürlü əlvan,

Görməyə acizdir xurşidi-taban,

Aşiq sinəsində yaradır, müdam,

Nərgiz gözlərimin qoyan dağıdır».


Qız da deyir: «Gəlin mənə tay deyil,

Qoynum bir cənnətdən özgə şey deyil,

Tər görünən təzə doğan ay deyil,

Yaxamdan görünən köksüm ağıdır».


Gəlin deyir: «Bəhs eləmə boşuna,

Mən gəlirəm cahılların xoşuna,

Bu sözümü sırğa elə guşuna,

Ləblərim açılan gül yarpağıdır».


Qız da deyir: «Hüsnüm aləm peyvəndi,

Alınmış gəlinin qalası, kəndi,


Abaddır şəhrimin hasarı-bəndi,

Sinəm çox arzulu şah otağıdır».


Gəlin deyir: «İndi heyran olub mən,

Sənin bu sözünə təslim qılıb mən,

Yüz tumən alaram, özüm satıb mən,

Qoç igidin seyran edən çağıdır».


Nəfəs bölər sizə bərabər varı,

Sərdən çıxmaz qız-gəlinin xumarı,

İkiniz də təzə bağın gülzarı,

Bağların açılan qol-budağıdır.




İLAN
İki şahmar gənc üstündə bənd olmuş,

Əcəb yerdə məskən tutan ol ilan.

Görən aşiqlərin könlün ovlayan,

Nə yerlərdə məskən tutan ol ilan.


Qara gözdür aşiqlərin güvənci,

Şirin sözdür xəstə canın sevinci,

İki şahmar necə saxlar bir gənci,

Gənc üstündə halqa quran ol ilan.


Mən sənə aşiqlik libası aldım,

Neçə il uğrunda saralıb soldum,

Məcnun kimi cismim odlara saldım,

Bu sinəmi köz-köz edən ol ilan.


Qara gözün can almağın qəsdində,

Bülbül məskən tutmuş gülün pəstində,

Bir cüt ilan yatır köksün üstündə,

Bu sinəmi köz-köz edən ol ilan.


Gəhi yaylığını başına salar,

Gəhi şana ilə zülflərin darar,

Aşiqinə cilvə ilə yan baxar,

Bu sinəmi köz-köz edən ol ilan.


Nəfəs deyər: işim ahi-sərt ilə,

İş görsən gör bir təvəkkül mərd ilə,

Can ağalar, bir məşəqqət dərd ilə,

Bu sinəmi köz-köz edən ol ilan.



QIZ
Ya mələkdir, ya pəridir, bilmədim,

Naz eyləyib, məstan basıb, gələn qız.

Yüz söz sordum, cavab ala bilmədim,

Sözləməzmi adəmzaddan olan qız!


Ətir-zəfərandır qoynunda narı,

Boynuma zəncirdir zülflərin tarı,

Horülən saçları dağların marı,

Dəli könlüm ovsun edib alan qız.


Görmədim dünyada sən kimi dilbər,

Ağlım tarac etdi bir pəri-pəykər,

Siyah zülfün rast qəddinə bərabər,

Saldı zülfün can mülkünə talan qız.


Halım zəbun oldu, neyçün bilməzsən?

Pərişan halıma nəzər salmazsan?

Vədə verib, neyçün vəfa qılmazsan?

Vədəsinə, ilqarına yalan qız!


Mən səni sevirəm can ilə təndən,

Ölsəm əl götürməm, dönmərəm səndən,

Xubluq səndən keçər, igidlik məndən,

Ağıl eylə, dövran sarı dolan, qız!


Qızların sultanı, gözəllər şahı,

Asiman sərvəri, zəminin mahı,

Könlümün xoşluğu, bəxşi-ilahi,

Adı-sanı bu cahana dolan qız.


Nəfəs der: tərifin yazaram müdam,

Rəhm eylə halıma, yandırma, ey can,

Mən sənin hüsnünə əlmüdam heyran,

Yenə məni müdam heyran qılan qız.



BİLMƏNƏM
Qoşa narı fələk çaşıb veribdir,

Bağ içində bardır, verə bilmənəm.

Almaq üçün qoşun yığıb gəlibdir,

Hüzuruna qorxub, vara bilmənəm.


Basıb girsə, bağ içində xar edib,

Yar oturmuş qara saçın mar edib,

Mən fağırı, mən yazığı zar edib,

Yaxasını açıb görə bilmənəm.


Yarıb çıxmış köynəyini, köksünü,

Dilə qolay, sanki bahar mövsümü.

Qırx çillədə yağan qarın əksimi?

Ağlığına baxıb, dura bilmənəm.


Nəfəs deyər, gördüm, mənə dərs oldu,

Fələk vurdu, bu il bizə nəhs oldu,

Mən neyləyim, bu iqbalım tərs oldu,

İşrətli dövranı sürə bilmənəm.



RƏHM EYLƏ MƏN NALANA
Yandırdın, kül etdin, nazlı dildarım,

Ey bimürvət, rəhm eylə mən nalana.

Rast qaməti sərv, çeşmi-xunxarım,

Hilal qaşın oxşamazmı kamana?


İntizaram, görcək, ey pəri-pəykər,

Hüsnün möhtacıdır mahi-münəvvər,

Hörük-hörük saçın ovsunçu əjdər,

Xurşid üzün oxşar gənci-nihana.


Çarhovuza qonub əcəb bir sona,

Gördüm, talan düşdü ömrüm köşkünə,

Qıya baxıb, tumar verib zülfünə,

Bir əlində ayna, birində şana.


Seyran edib gəzdim neçə kənd ilə,

Sorağın almışam min bir and ilə,

Gəzdim Buxaranı Səmərqənd ilə,

Yayılmış şöhrəti cümlə cahana.


Xəlayıq xidmətdə səf-səf dursalar,

Xiridar qiymətin gəlib sorsalar,

Hər zülfünə min qul baha qoysalar,

Kim alsa, kar edər, düşməz ziyana.


Sənə aşiq olan yanar, kül olar,

Zülmünə dözməyən namurad qalar,

Gözümün giləsi boşalar, dolar,

Gündüzlər yaş ilə, gecələr qana.


Nəfəs deyər, eşqin yandırdı bizi,

Canımı alıbdır ləlinin sözü,

Təkə, yomut, ərsarı – türkmənin qızı

Hamısı qurbandır bir Durdu xana.



KÖNLÜM
Sevdim bir pərini, vuruldum ona,

Pərvaz eylər hər dəm ol yara könlüm.

Rahatlıq görmədim, yetişdi afət,

Firqət içrə qaldı azara könlüm.


Sanki bahar fəsli açılan güldür,

Yandım həsrətindən, bədənim küldür,

Yarım təzə güldür, könlüm bülbüldür,

Ya rəb, haçan qonar gülzara könlüm?!


Tiği-peykanından bağrım dəlindi,

Razıyam, öldürüb canım al indi,

Qara zülfün üzdə yüz-yüz bölündü,

Hər zülfün üzündə yüz para könlüm.


Gül üzünə düşən ol qara qaşdır,

Baxmaqdan ol qaşa gözlərim yaşdır,

Halıma rəhm etməz, bir bağrı daşdır,

Müdam sərgərdandır avara könlüm.


Sən tək gözəl gəlməz yalan cahana,

Gördüm atəş düşdü bu şirin cana,

Könlüm quşu ürküb uçmaz heç yana,

Bağlıdır zülfündə bir tara könlüm.


Nəfəs deyər, sərim, yar, sənə qurban,

Camalın görənlər hüsnünə heyran,

Mən eşqin dərdini gizlədim pünhan,

Görün, zahir qılar aşkara könlüm.



NAZƏNİN
Nazənin qamətin, o gülər üzün

Bir körpə fidandır güllü, səmərli.

Püstə dodaqların, bal kimi ağzın

Altın piyalədır qəndü şəkərli.


Ağ qollar sinədə tapmış kamalı,

On barmaqda üzük ləl misalı,

Başında ibrişim, əynində alı,

O şümşad gərdanın qızıl tumarlı.


Zülfün bənzər ləngəbudın tarına,

Köksün bənzər qırx çillənin qarına,

Gözəllər heyrandır kəsbi-karına,

Bir cadı tilsimli, əli hünərli.


Nəfəs deyər mən ağlaram, gülərəm,

Gəhi açılaram, gəhi solaram,

Gəhi dirilərəm, gəhi ölərəm,

Eşqin yolu əcəb yoldur təsirli.



AYRILDIM
(Niyazsoltan adlı gəlinin savaşda

şəhid olan ərinə ithaf edilən qoşma)
Bəy həmrahım aldırmışam əlimdən,

Yalnız qaldım, yar-yoldaşdan ayrıldım.

Ellər, xəbər tutun mənim halımdan,

Gövdə məndə qaldı, başdan ayrıldım.


Bəy həmrahım boz meydanda vuruldu,

Dövlətim pozuldı, matəm quruldu,

Qanadım qanrıldı, pərim qırıldı,

Ey qardaşlar, yar-yoldaşdan ayrıldım.


Ey qardaşlar, mən ki yanıb kül oldum,

Bu həsrətdən, bu əzabdan yoruldum,

Dərya tək dayandım, dəniz tək sındım,

Pələng adlı şahin quşdan ayrıldım.


Niyazsoltan deyər: ulu ellərdə,

Mən tək olan varmı dağda, çöllərdə,

Nərim getdi, yükü qaldı yollarda,

Qatardan üzülüb, köçdən ayrıldım.




NAZLI YAR
Qara saçın zil gecədir gözümə,

Gündüz isə ərmanımsan, nazlı yar!

Səhər vaxtı yuxu gedər gözümə,

Bir xəstəyəm, dərmanımsan, nazlı yar!


Gəl görüşək, kəramət ver əlindən,

Qoy zövq alım dəhanından, dilindən,

Qəhər etmə, qolum salsam belindən,

Atəşgahım, suzanımsan, nazlı yar!


Tərif yazım sənin qara gözünə,

Bəlkə elə həsrət qaldım üzünə,

Canım qurban bircə şirin sözünə,

Söylə mənə: “qurbanımsan”, nazlı yar!


Nəfəs deyər, eşqim həddindən aşıb,

Tamaşama elim-obam yığışıb,

Ayım-günüm, yerim-göyüm dolaşıb,

Zindan olan cahanımsan, nazlı yar!




BƏRİ GƏL
Sənə düşdü nəzərim, sevgili canan, bəri gəl,

Saçı müşk ətri verən sünbülü-reyhan, bəri gəl.

Gül bədən, gülgün rəng, donu zərəfşan, bəri gəl,

Al yanaq, kirpiyi ox, alma zənəxdan, bəri gəl,

Canına sədqə olam, bəri gəl, ey can, bəri gəl.
Sevdiyim, hər sözünə, sözlə, şirin canı verəm,

Nükteyi-halına İran ilə Turanı verəm,

Saçının hər telinə gəbrü müsəlmanı verəm,

Gülümsər baxışına Bəlxi-Bədəxşanı verəm,

Qılam mən cümlə cahanı sənə qurban, bəri gəl.
Gəh gülüb, bizə baxıb, naz ilən xub sallanasan,

Gəhi qaşını çatıb, hər tərəfə dolanasan,

Aləmə şölə salan türfə əcaib sonasan,

Öz üzün şöləsinə bəlkə özün həm yanasan,

Ciyərim oda yaxan, atəşi-suzan, bəri gəl.
Gəl otur qarşımda sən, şövqi-camalın görəlim,

Gül üzün şöləsinə saz ilən söhbət quralım,

Dost qədirin biləlim, düşməni oda vuralım,

Dünya beş gündir, ötər, zövqi-səfalar sürəlim,

Bu yalan dünya ötər, ötdü də dövran, bəri gəl.
Duymasın yaxşı-yaman, bir yerdə pünhan olalım,

Can içrə canı qoşub, bir tənü bir can olalım,

Məqsudi hasil edib, məşğuli-dövran olalım,

Sevərək bir-birimiz, onca mehriban olalım,

Beş gündür siz bizə, biz sizə mehman, bəri gəl.
Pərilərin padişahı, bəlli məstanə gözəl,

Sən ki bir şami-çıraq, mən sənə pərvanə, gözəl,

Xülqü xoş, ləfzi şirin, üzləri nuranə gözəl,

Bağrı buz, sözləri uz, dişləri dürdanə gözəl,

Ləbi ləl, geydiyi al, cənnəti-rizvan, bəri gəl.

Çəkirəm hər gecə bil, ahın ilə zarın sənin,

Məndən özgə kim çəkər, de, dərdi-azarın sənin?

Vermənəm yüz min tümənə kakülü-tarın sənin,

Ağ köksündə bitən ol alma-ənarın sənin,

Deyirəm, anca qalar canda çox ərman, bəri gəl.


Ləb qısıb, qaş çataraq, məhrəm olub, əl tutuşub,

Çulğaşıb, həm sarılıb, yağ ilə süd tək qatışıb,

Oynaşıb, seyrə çıxıb, ağ-qızıl alma atışıb,

Sanki bir tazə fidan tək bir-birmizə yetişib,

Qılalım qayğı-qəmi yer ilə yeksan, bəri gəl.
Utanıb, yerə baxıb bizdən ki həya qılasan,

Göz ucu qıya baxıb, canıma odlar salasan,

Bir gün də öldürəsən, axır bu canım alasan,

Niyə rəhm etməzsən, halımı özün biləsən,

Der Nəfəs: könlüm sevən tazə gülüstan, bəri gəl.
YAR, SƏNƏ
Mən gedirəm gəşt edib, canım qurban, yar, sənə,

Mən ki bir şeyda bülbül, bağda reyhan, yar, sənə.

Müdam sənə müyəssər olmaz dövran, yar, sənə,

Heç bir kimsə qəhr ilə qılmaz fərman, yar, sənə

Ərz eylə, dilbərim, dəysə ziyan, yar, sənə!
Olum sənə mən qurban, yaxma məni odunda,

Cavanlıqda and içdik, varmı, dostum, yadında?

Dustaq olub qalıbdır, yetmiş min ər altında,

Rüstəm Zalın qüvvəti, görən ərki badında,

Gözün çevir dörd yana, işrət-dövran, yar, sənə!
Üzünə salsam nəzər, könlüm bitaqətlənər,

Çatsan qaşın bir zaman afitab dik atlanar,

Zar çəkib eşq uğrunda, əldə var zəkatlanar,

Pis zəmanə, yaranlar, ər igid busatlanar,

Qoşmaz zəban bülbüllər, tuti-dəhan, yar, sənə!
Görənlər nərgiz sanar, baxa bilməz üzünə,

Pərdə tutar ay üzü, sürmə çəksən gözünə,

Süxənvər tuti, bülbül dil qoşarmı sözünə?

Nə boz geyik, nə ceyran qılmaz seyran düzünə,

Ol Nəfəs müdam istər haqdan iman, yar, sənə!


OLA, YA OLMAYA
Dilbəra, şəmsi-qəmər mehtabı sən tək olmaya,

Sən kimi nazik gözəl aləmə gələ, gəlməyə.

Əsli nuri-paksan, özgəni sən tək qılmaya,

Ay camalın görənin könlündə ərman qalmaya.

İki aləmdə sən tək yar ya ola, ya olmaya.
Ata, məxtum, şıx, mücavir, sübsəkəş - fərracını,

Ləmmə, Çarşannı, Tazığan, Bəkəvül Dənacını,

İsmi-el: bəksi , sakar, orduxoca, daz, yacını,

Köşki-eyvan, künnərə, hüllə - behiştin tacını,

Huri-qulmanda sən tək yar ya ola, ya olmaya.
Aymaq, əfgan, özbəyi, gəzdim bu tacik, türkini,

Qəndəhar, Kabil, Herat, şəhri-Buxara mülkünü,

Ol Həllac, Pəlvərdi-Gütnam, həm Lübabi-Kərkini,

Mukrı, olam, saltıq, sakar, ərsarı birlə qarkını,

Nərəzimdə bir sən tək yar ya ola, ya olmaya.
Antquyu, Qarşı, Səmərqənd, Səykəli, kəsbi-kəsan,

Pəndi, Marçaq, Murqala, Mürqab, Marı-Şahi-cahan.

Ağqala, Qarrı şəhər, Qəzvini, Tehran, Əndican,

Şam, İraq, Rumi-Firəng, Bağdad, Misir, Həmədan,

Külli Xorasanda sən tək yar ya ola, ya olmaya.
Külli Söyünxan elini gəzdim yaxın-yadı ilə,

Uz-çəpər, nazik, gözəl salır pərizadı ilə.

Pitnək, Xanqa, Xəzərasp, Qarşqabadı ilə,

Qanlı, qıpçaq, Köhnə Ürgənc, Astrabadı ilə,

Din-Harəzmində sənin tək yar ya ola, ya olmaya.
Yəmrəli, göylən, yomut gəzdim tamamı Arxacı,

Alaşanı, Hərzəki, Soğdu, Xorasanı, Bayrıcı,

Çərcovu, Çərçoxəki, Xoca eli, Düyəci,

Elbəel qayı, bayat, oymaqlı, ağar-arabaçı.

Qaragöldə bir sən tək yar ya ola, ya olmaya.

Ərşi-kürsünü gəzib, vardım pərilər bağına,

Nurata, təxti-Süleyman, çıxdım ol Qaf dağına,

Ey yaranlar, yanmışam mən Aycamalın dağına,

Der Nəfəs: qılsam ziyarət izinin torpağına,

Könlüm təxtində sən tək yar ya ola, ya olmaya.




Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə