Амеа фолклор институту



Yüklə 1,41 Mb.
səhifə5/9
tarix05.02.2018
ölçüsü1,41 Mb.
#24531
1   2   3   4   5   6   7   8   9

İSTƏYİB GÖZƏL YARI
İstəyib gözəl yarı, gördüm ki səlamətdir,

Baş qoydum ayağına, «Dur! - dedi, - nə halətdir?»

Durdum, dedim: «Ərzim var», - «Ərz eylə, ədalətdir!»

Dedim: «Sənə aşiqəm», «Qoy, - dedi, - nə hacətdir?»

Dedim: «Pərilər xanı,

Sənsiz nedirəm canı?»

Dedi: «Bu sözün bizə yalançı hekayətdir».
Dedim: «Gözün öldürdü, qəmzən ki qılıb xəstə».

«Şəksiz ölərsən, - dedi, - bir qeyri vətən istə».

Dedim ki: «Özüm getsəm, canım sənə vabəstə!»

Dedi: «Nə əlac edim, sən bir aşiq şikəstə?»

Dedim ki: «Əlac eylə,

Hüsnün mənə tac eylə»,

Güldü əlin dişləyib, dedi: «Nə zərafətdir?»
Dedim: «Nə tütündir bu?» - «Zülfi-kakilim» dedi.

Dedim: «Nə əlifdir bu?» Ol: «İncə belim» dedi.

Dedim: «Nə şəkərdir bu?» - «Şərbətli dilim» dedi.

Bir busə tələb qıldım, - «Lazımdır ölüm» dedi.

Dedim: «Məni ya öldür,

Ya busə mürüvvət qıl!»

Ağzıma barmaq qoydu: «Sus, - dedi, - qəbahətdir».
Ümmidi-vüsal ilən qapını kiçik açdım,

Gözlədi əl altından, göz eylədi, mən düşdüm,

Düşmənlərdən gizlincə bir ləhzə xəbərləşdim,

«Pünhan yerə var» dedi, vardım ki qucaqlaşdım,

Dedim ki: «Eşqində, ah,

Yandırma məni, ey şah!»

Dedi ki: «Yanıb - ölmək aşiqlərə adətdir».
Dedim ki: «Gülü-cənnət,

Bir dəm sürəlim işrət...».

Dedi ki: «Səhər oldu...», durdu, dilədi rüxsət.

«Rüxsəti verək desəm, araya düşər firqət»,

Ağlayıb əlim tutdu. «Sən çəkmə, - dedi, - həsrət»,

Dedim ki: «Məni öldür,


Bu - ayrılıq, ey dildar!»

Dedi: «Sənə bu işrət hər gecə ziyafətdir...»


Çağırdı, sual etdi. «Yanına varaq» dedim.

Dedi ki: «Kəsbin nədir?» - «Qulluqda duraq» dedim.

Pərdə ilə sözləşdi. «Aç üzün, görək» dedim.

Dedi ki: «Nə gətirdin?» - «Canımı verək» dedim.

Dedi: «Bu nə divanə?»

Dedim: «Sənə pərvanə».

Dedi: «Sənə görmək yox, can təndə əmanətdir».
Dedim ki: «Mənim könlüm,

Almazmısan, ey zalım?»

Dedi ki: «Nə axmaqsan, xalq deyir sənə alim».

Dedim: «Nə günahım var, söylə, nədir amalım?»

Dedi ki: «Pünhan sirrim xalq içrə qılıb məlim».

Dedim ki: «Günahkaram,

Möhnətə giriftaram».

Dedi mənə ol yarım: «Möhnət sonu rahətdir».


«Nədən bu gözün yaşı giryan varadır?» dedi.

«Firqət ki yaman» dedim, «Sinəm yaradır» dedi.

Boynuna qolum saldım, «Düşmən görədir» dedi.

Öpdüm yanağın, «Ey, vay, bəxtim qaradır» dedi.

Dedim: «Bu nə təşvişdir?»

Dedi ki: «Bu nə işdir?»

Mən dedim: «Əcəb işdir». Yar dedi: «Məlamətdir».
Yatanda güli-gülşən,

Bir gecə gələrək mən,

Duraraq qulaq verdim, uyğuda yatmış ikən,

Vararaq üzün açdım, oyandı qəzəb ilən,

«Kimsən?» dedi. Dedim: «Mən». Dedi ki: «Nəfəsmisən?»

Dedi ki: «Gəlibsən xoş!», «Xoşbəxt olasan» dedim.

Aşiq ilə məşuqdan bir-birnə xoşaməddir.
İÇİNDƏ
Dostlar yandım, tutuşdum fani cahan içində,

Dinməz, gözüm yaş tökər, ciyərim qan içində.

Ellər zövqi-işrətdə, gündə dövran içində,

Mən qəm içrə qərq olub, qaldım ərman içində,

Üzüm qara, dilim lal, dostü düşman içində.
Hiç kim dadıma yetməz, sığınmışam xudaya,

Qurular quru, bağban yiyə çıxmaz bu bağa,

Gözəldir bu dünyada al-qızıl, qara, ağa,

Elə-günə gap oldum, özümcə vara-yoxa,

Məni qəsdən yaxdılar dostü düşman içində.
Güldən nazik üzlərə gərdü qubar çəkildi,

Könlüm kərpic sarayı qəm tozuna büküldü,

Ləli-yaqut, zümmərət səg boynuna taxıldı,

Dürlü-dürlü meyvələr özü dəydi, töküldü,

Əl vurmayan çaş olub, qaldı meydan içində.
Hicranın atəşindən yandım, içim-dışım yox,

Gecə-gündüz ağlayıb dinməm, yazım-qışım yox,

Özüm yananda yanım, can yanan qardaşım yox,

Sirrim deyib danışam, sirr alan sirdaşım yox,

Ol deyə, mən ağlayam cayı-pünhan içində.
Sirri-halımı desəm, mən qəm içrə yanaram,

Əziz könlüm pərişan, həsrətdə dərbədərəm,

Ər-xatının zövqündən qafiləm, bixəbərəm,

Molla Nəfəs, mən sənə axır sözüm deyərəm,

Sən bu sözü saxlagil tən ilə can içində.

MƏNİM
Yarımın yanında görsəm əğyarı,

De, necə yanmasın bu canım mənim?

Özüm harda olsam, başım ol sarı,

Özgənin əncamı onun azarı,

Bir dəm görünməsə gözə didarı,

Aləmi yaxmazmı fəğanım mənim?


Mənim mehrim düşdü qaşa-qabağa,

Alma zənəxdana, simin şakağa,

Surətdə səhhətlik, bu ağ otağa,

Sancıb-sancıb çıxmış seyr üçün bağa.

Ya rəb, nə gül, güllər yığar qucağa?

Məgər seyrə çıxmış cananım mənim.


İstərəm yarımdan versin cami-Cəm,

Yetişər hər ləhzə dərd ilə ələm,

Yarın övsafının bəyanın qılam,

Dəryalar mürəkkəb, şəcərlər qələm,

Ta ölüncə vəsfin desəm dəmbədəm,

Mindən birin deməz zəbanım mənim.


Zinət üçün zülfə, ənbəri-şana,

Yaraşar ağ əldə şirmayı şana,

Atar müjganını qəsd edib cana,

Mən ona qılmışam köksüm nişana,

Məsti-layiqiyəm, dəli-divana,

Ayrılmaz sərimdən dumanım mənim.


Nəfəs der: gövhərim, həm gənci-kanım,

Şəkərim, şərbətim, həm şirin canım,

Qabaqları badam, qaşı kamanım,

Yar özü öldürsə, halaldır qanım,

Boynuma vəbalım, yaxşı-yamanım,

Mövlam razı qılsın imanım mənim.



TAPILMAZ
Bir gözəl istərəm, gəzib köyündə,

Elə gözəl təndə, canda tapılmaz.

Mavəranəhrində, Ceyhun boyunda,

Yeddi qat asmanda, zəmin tayında,

Əflaki-nilgündə, əsvəd ruyində,

Sidrətil-müntəha mələk cayında,

Bülənd məqamlarda, ərşin öyündə,

Özü kimin ol məkanda tapılmaz.


Belə gözəl olmaz gündə-quyaşda,

Ayın şöləsində, yaxında, dışda,

Kaknus atəşində, səməndər quşda,

Mükərrəb mələkdə, yaşıl işiqda,

Adam övladında, ayaqda, başda,

Fillər məskənində-Hinddə, Həbəşdə,

Ləli-cəvahirdə, bahalı daşda,

Zər-zivərdə, gənci-kanda tapılmaz.

Marıda, Təcəndə, Axal elində,

Kəndində, şəhrində bədyan çölündə,

Köşi, Eşqabadda, qızda, gəlində,

Axal telliyində, sağda-solunda,

Göycə qalasında, xublar yolunda,

Bağır, Nusay, farsi, türki dilində,

Ənəvdə, Gövərsdə, bağın gülündə,

Bülbül gəzən gülüstanda tapılmaz.


Sünçədə, Arçmanda, Qarrı qalada,

Durun, Bəhrizəndə, yerdə, havada,

Sultanxan şəhrində, dəniz-dəryada,

Ətrak, Gürgan, Mazandaran, ol cayda,

Ol kuhi-Balkanda, taxtda, sarayda,

Görmədim heç pəri səndən ziyada,

Xani-hərəmlərdə, gədada, şahda,

Şah mülkündə, bəydə, xanda tapılmaz.


Görməmişəm özün deyim pərizad,

Adəmzaddan doğmaz sən kimi züryat,


Məcnunın Leylisi, Şirini-Fərhad,

Gördü gül üzünü özündən ziyad,

Təvriz diyarında olmuşam səyyad,

Həzirbaycan şəhrin gəzdim adbaad,

«Kaf» «nun»dan dünyanı eylədin bünyad,

Tayın-tuşun bu cahanda tapılmaz.


Seyran etdim, gəzdim yaxını-yadı,

Kabil, Qəndəharı, şəhri-Heratı,

Gördüm abı, torpaq, atəşi, badı,

Məşhəd ətrafında şiə züryadı,

Şıxi-Cam şəhrində mürtəd övladı,

Cəm olsa yerlərin çox pərizadı,

Hiç yerdə görmədim səndən ziyadı,

Kəsətəkdə, Xorasanda tapılmaz.


Ərəblər elini seyr etsən hər yan,

Tapılmaz sən kimi bir mahi-taban,

Hələbdə, Misirdə, həm Məkkə, Kənan,

Şirazı, Şirvanı gözləsən müdam,

Şam-Şərif şəhrində, həm İraqistan,

Həm urus, ərməni, rum, Firəngistan,

Seyr etsən cahanı, gözləsən yeksan,

Görk yiyəsi Gürcüstanda tapılmaz,


Gözəllər cəm olub güldə-çəməndə,

Görən aşiqlərın nəzəri səndə,

Didarın görənlər hüsnünə bəndə,

Bağdadda, tatarda, sərv-səməndə,

Xıtayda, Xotəndə, şəhri-Yəməndə,

Tərifin, dastanın tükənməz məndə,

«Pərizadam» deyən çoxdur cahanda,

Sən tək gözəl bu zamanda tapılmaz.


Xarəzmin şəhrinə seyr edib vardım,

Bir bənzər tapmadım, hər yanı gəzdim,

Ürgənç diyarının kişvərin gördüm,

Sənəm, Ağca gəzən yerə baş vurdum,

Şahsənəm köşkündə yüz illər durdum,
Pərilər cəm oldu, məclislər qurdum,

Sən tək gözəl üçün Büzmeyni gəzdim,

Cavan gəlin, qız-cüvanda tapılmaz.
Yomut vilayətin seyr etsən hər yan,

Nazənin qız-gəlin çox olar müdam,

Görmədik arzuda, görənlər heyran,

Uşaq-orsuqçuda ol mahi-taban,

Öküzdə, salaqda sərvi-xuraman,

Eymirdə, məşriqdə xoşsurət zənan,

Bozkümən, Ağsaray, ol şəhri-hüran,

Bədirkənddə, Qurdquzlanda tapılmaz.


Oxda, Manqışlaqda, dəniz-dəryada,

Kokand özbəyində, gədada, şahda,

Qunduz, Sərpul, Səmərqənddə, hər cayda,

Lübabda, Çərcovda, həm Buxarada,

Miyankəldə, atım durdu şol cayda,

Axca, Şıbırqanı gəzdim piyada,

Bir bənzər görmədim sən pərizada,

Qarşı güzərində, xanda tapılmaz.


«Mim»i fəth hərəkə, «ri» də zəbərdir,

«Lam» sükun, «bi» zamdır, nisfi-xəbərdır,

«Sin» sakin, «dal», «əlif» şəriki birdir,

«Nun» vəqf halında çox söz hünərdir,

Hüsn bustanında gəzən maraldır,

Sərim sevdasında ya xeyri-şərdir,

Qaməti tubadır, libası zərdir,

Nəfəs deyər, heç düharda tapılmaz.



DİLBƏR
Şükrüm çoxdur həmişə bir Birivara, dilbər,

Kim aşiq oldu mən tək, sən tək marala, dilbər.

Doqquz fələk ənvəri, ey mahi-para dilbər,

Hər bir sözün can verər yüz min bimara, dilbər,

Səndə rəhm çoxdur da, bu halım sora, dilbər,

Bu rəhmsiz anana tapmadım çara, dilbər,

İçdən-dışdan yandım mən atəşi-nara, dilbər,

Gəl ikimiz yalvaraq qadir cabbara, dilbər.


Qızıl heykəl taxaraq sən boynuna çıxarsan,

Dost-düşməndən vəhm edib, pünhan ahım çəkərsən,

Cilvə ilə od verib, böylə məni yaxarsan,

Öz içimdə gümanım, gizlin ahım çəkərsən,

Zalım anan verməsə, axır qanım tökərsən,

Müdam fikrin mən olsam, qəm bəhrinə atarsan,

Zöhrə tək Tahir deyib, tiğ üstünə çökərsən,

Qızıl heykəl, həm qübbə, silsilələr taxarsan,

Gəl ikimiz yalvaraq qadir cabbara, dilbər.
Ədəb ilə ərkanlı bir qaralı gözümsən,

Şirin-şəkər ləblərin, sən mahi-ənvərimsən,

Ləli-yaqut, zəbərcət, altın, gümüş, zərimsən,

Baharım, laləzarım, zinətim, zivərimsən,

Ağlım-huşum, rahatım, mənim ümid yerimsən,

At-yarağım, əsbabım, ağ mayam, həm nərimsən,

Qumru, bülbül, kəkliyim, laçınım, şunqarımsan,

Eşqində oldum xəstə, bir şəfalı həkimsən,

Qəmli könlüm xoşgahı, dildarım, dilbərimsən,

Gəl, ikimiz yalvaraq qadir cabbara, dilbər.


Qızıl heykəl yaraşar, gey əyninə kətəni,

Başın üçün, yada sal bu başımdan ötəni,

Zalım anan verməsə, bil əcəlin yetəni,

Yalançıda bir sənsən, könlüm Hələb tutanı,

Ağıl-huş etsə hər kəs, qara yerdir vətəni,

Münkirlər bilməz bunu, bilər haqqa yetəni,

Qalın desə, mal kəssə, versə Xıtay-Xotəni,
Bu dünyada yazlanı budur, ağlım çatanı,

Sən məni çox qınama, canı cana qatalı,

Qol boyuna salışıb, bir ərmansız yatalı,

Gəl, ikimiz yalvaraq qadir cabbara, dilbər.


Ah çəkibən adına «kaf» ilə «ri» qoyalı,

«Bi» «əlif» baldır ləbin, qana-qana doyalı,

«Nun» nurludır ay üzün, xəstə könlüm sevəli,

«Ti», «əlif» tərif edib, sənə bir söz deyəli,

«Cim» cana cəbrin gəlsin, eşqə yanıb gedəli,

Neçə vaxtdır yaxırsan, indi etmə cəfanı,

Yüz xidmət olsa buyur, onun qəmin yeyəli,

«Başsızlıq yaxşı deyil», başın olsun yiyəli,

Gəl ikimiz yalvaraq qadir cabbara, dilbər.
Hörüm-hörüm saçların neçə məşqi-misaldır,

Zənəxdanın «nun» kimi, nüktə içində xaldır,

Qabaqların, kirpiyin «əlif», dağlı vəbaldır.

Qaşın «lam» tək dolanmış, kim görsə payimaldır,

Digər cayı-zənəxdan digər «nuna» misaldır,

Mail olma hüsnünə, görkün sənə zavaldır,

Gəl ikimiz yalvaraq qadir cabbara, dilbər.

GÖZƏLİM
Gözəllərin içində bəlli məstan, gözəlim,

Yandım, yandım eşqində, odlandı can, gözəlim.

Sən ayın on dördüsən, mahi-taban gözəlim,

Gördüm şəmi-camalın, ağlım heyran, gözəlim,

Görməyənlər köyündə qurar ərman, gözəlim,

Qızlar ilə bağlarga qılsan seyran, gözəlim,

Qəddin əyib salam ver, sərvi-rəvan, gözəlim,

Yalançını yandır sən, baxsan hər yan, gözəlim,

Gözəllərin padişahı, şahi-cahan, gözəlim,

Müdam sənin köyündə mən sərgərdan, gözəlim.


Pərilərə baş olub, seyrangaha çıxarsan,

Altın, gümüş, zəbərcət, öz boynuna taxarsan,

Qaşa vəsmə, gözlərə siyah sürmə çəkərsən,

Humay kimin devikib, dörd tərəfə baxarsən,

Tavus kimi daranıb, zülfün üzə tökərsən,

Nərgiz gözün güldürüb, qələm qaşın çəkərsən,

Göz ucuyla bir baxsan, Rüstəm-Zalı yıxarsan,

Nəzər qılsan bir saat, dağı-daşı yaxarsan,

Adam derlər surətin, nurdan olan peykərsən,

Tuti quşun məskəni, şəkəristan gözəlim.


Aşiqləri yandırıb, qıldığın işvə-nazdır,

Hər telinə zülfünün min tümən versəm azdır,

Qoynun baği-behiştdir, açılan lalə yazdır,

Qəlbim quşu əzm eylər, seyr etməyə pərvazdır,

Qəmgin könlüm didarın bir görsə sərfərazdır,

Gözlərin cadugərdir, tilsim, əfsundur, razdır,

Gül eşqində oxuyan bülbüli-xoş avazdır,

Məşuqam deyib gəzsən, qıldığın məkri-bazdır,

Altın düymən sədası müdam qulağa sazdır,

Ol saz üçün məşq etdim dürlü dastan, gözəlim.


Dürlü əlvan bəzənib, geyibsən yaşıl-alı,

Ol surətın görənlər olar divanə-dəli,

Gül yüzündə cəm olmuş iki qaşın hilalı,

Bir-birinə naz edən iki tavus misalı,


Əcəb nəqşi-nigardır ağ üzdə hindi xalı,

Al yanağa tökülmüş zülfün tubi-nihalı,

Ağ kağıza çəkilən sanki cədvəl misalı,

Hicranında yanaram, verməyirsən vüsalı,

Ölər, boynunda qalar aşiqlərın vəbalı,

Gündə yüz vəqt qılarsan yüz nahaq qan, gözəlim.


«Mim» - mübarək üzlərin misli mahi-tabandır,

«Ri» kimidir qaşların, görən kişi heyrandır,

«Lam əlif»lə naz ilə sallan, beş gün dövrandır,

«Bi» - baharın bustanı, qoynun lalə-reyhandır,

«Sin» - səninlə bəhs edən hansı axmaq zənandır,

«Dal» - dəvamət eşqində işim ahi-fəğandır,

«Əlif» qəddim xəm qılan həsrət ilə hicrandır,

«Nun» növrəstə çağların ötər səndən, amandır,

Vergil hüsnün zəkatın, görkün üzdə mehmandır,

Nəfəs deyər maralım, bağü bostan gözəlim.


GÖZƏL
İlk başdan sevmişəm mən səni can, gözəl,

Dolanasan, gəzəsən istərəm hər yan, gözəl.

Aləmə şölə salan püstəyi-dəhan, gözəl,

Boz maralın yatağı, qaşları kaman, gözəl,

Yalançıda görmədim başgeyi-canan, gözəl,

Dünyanı təkcə tutdum, vermədin aman, gözəl,

Eşqdən imarət qurdum, qılıbsan viran, gözəl,

Vəfa görmədim səndən, eylədin ziyan, gözəl,

Dağları seyr edəli, bu aləm duman, gözəl,

Piyalədır gözlərin, qaşların kaman, gözəl,

Baqi verilməz bizə, ötəcək dövran, gözəl,

Tərs gəlib işlərmiz, pis olmuş zaman, gözəl.


Leyli, Şirin, Züleyxa, Zöhrə qıza tay gözəl,

Fani dünya içində hüsnü bizə bay gözəl,

Qoynun içində reyhan seyrangahi-cay, gözəl,

Günəş ilə oynaşar şol camalın ay, gözəl,

Tuti təki dilavər, barmaqların nay gözəl,

Kirpiklərin ox olub, qara qaşın yay, gözəl,

Bahar mövsümü gəlsə, dağ başında yay gözəl,

Eynəl-baqi suyunun dibindəki lay gözəl,

Neyçün məni xorladın qəmzən ilə, vay, gözəl,

Dur gedəlim seyrana, qalx yerindən, hay, gözəl,

Saçın misli-tütündir, köksün vadi, çay, gözəl,

Rəqib ilə sözləşmə, bu karını qoy, gözəl.


Eşqin odu tutuşdu, mən fağırı qoy, gözəl,

Xəstə cana rəhm eylə, zalım olma, ey gözəl,

Hər bivəfa namərddən təlim alma, ey gözəl,

Şol səbəbdən sən məni yerə salma, ey gözəl,

Nahaq yerə öldürüb, qana qalma, ey gözəl,

Külli-aləmi yandırdın, cahana dolma, gözəl,

İşrətli zaman gəldi, yas həngi çalma, gözəl,

Mən Nəfəsi ağladıb, ərmana qoyma, gözəl.



BƏYLƏR

Hər zaman dastan eylərəm,

Bəy Qaraoğlan xana, bəylər.

Sağlığın haqdan dilərəm,

Sığınıb sübhana, bəylər.
Ulunuzu ulu bilin,

Dəstgahına nəzər salın,

Hünərindən nüsxə alın,

Kamallı mərdana bəylər.


Tərlan dış olmaz dağlardan,

Bülbüllər uçmaz bağlardan,

Qədim yarlıqlı bəylərdən,

Qalan bir nişana, bəylər.


Bu fani dünya yalandır,

Yalana çoxlar uyandır,

Şanı-şöhrəti dolandır,

Yeddi iqlim, cahana, bəylər.


Neçə zaman, neçə əyyam,

Cümlə-cahan oldu aram,

Təbdil tapdı qədim nizam,

Çevrildi zamana, bəylər.


Hər kim gəzər bu rəvişdə,

Qüvvət tapar bütün işdə,

Dövlət tarı yazda, qışda,

Dartılar asmana, bəylər.


Həqq nəzər qılsa bir ərə,

Bəndə ona tapmaz çara,

Tiğ vursa, dağlar yüz para,

Qalmaz nişana, bəylər.


Qaraoğlan kimi sərkərdə,

Sorsam, tapılmaz hər yerdə,


Yurd üçün can verən mərdə,

Haq demiş «mərdana», bəylər.


Savaşda keçib sərindən,

Şahları atar orundan,

Qəhr ilən dursa yerindən,

Od salar cahana, bəylər.


Miskin Nəfəs sözün yayar,

Bəyin, xanın vəsfin deyər,

Əhli-aləm qulaq verər

Bizim bu dastana, bəylər.



GƏLDİ
Şükür sənə, ya yaradan,

Əcəb, türfə zaman gəldi.

«Kon» deyib aləm törədən,

Özünsən yoxdan var edən,

Qısır torpağa can gəldi.
Elimin xanı Qaraoğlan,

Düşmən bağrın kabab qılan,

Adı aləm içrə dolan,

Bir iş tutdu mərdlər ilə,

Hörmət tapıb, aman gəldi.
Gözəl haqqın qüdrətindən,

Şirlərin şərafətindən,

Mərd ərlərin qüvvətindən,

Ulu elin dövlətindən,

Dərya bəndi rəvan gəldi.
Allah olsa mədədkarım,

Qaraoğlan olsa sərdarım,

Bir düşməndə qalmaz arım,

Hər söz desəm ixtiyarım,

Sərimə çox duman gəldi.
Kim olubdur bundan ziyad,

Bilsən, xəbər ver adbaad,

Dəsti-xeyrat, kəsbi-cahad,

Dost mülkünü qılıb abad,

Rəqib evi viran gəldi.
Oşol gün çıxdı seyrana,

Bazlar qaşında pərvanə,

Buludu böldü hər yana,

Dərya coş vurdu meydana,

Məyər elə dövran gəldi.

Müdam yazaram dastanın,

Bülbül istər gülüstanın,

......................................

Bəndədən murad istənir,

Axırı bipəyan gəldi.


Gözəl həqdən mədəd oldu,

Məlakələr nəzər qıldı,

Əcabat ağzı açıldı,

Qoç igidlər zəfər çaldı,

Rəqiblərə ziyan gəldi.
Nəfəs der: təşnələr qandı,

Yaman sanan yaxşı sandı,

Məhəbbət çırağı yandı,

Qəm getdi, rahat oyandı,

Külli elə dövran gəldi.
GƏLƏN QARAOĞLAN
Xocamşükür Aytaq köçdü dünyadan,

Elin dövlətinə gələn Qaraoğlan.

Alıb ad-sanını gədadan-şahdan,

Söyünxana ağa olan Qaraoğlan.


Xocamurad batır çıxıb meydana,

Əcəb həmrah oldu Qaraoğlan hana,

Hər igidi min göründü düşmana,

Rəsul kəramətin qılan Qaraoğlan.


Yüz min tümən hər söz çıxsa dilindən,

Çoxlu şahidim var türkmən elindən,

Yüz islam balasın kafir əlindən

Bir söz bahasına alan Qaraoğlan.


Yüz min qəndü nabat saçar, pay edər,

Yüz min ulu rəhmət asmandan enər,

Kimsələr don geyər, kimsə at minər,

Dünyanın gedişin bilən Qaraoğlan.


Hiç fürsət düşməsin namərd əlinə,

Sərim fəda olsun mərdin yoluna,

Yetmiş iki millət – adəm oğluna,

Adı, avazəsi dolan Qaraoğlan.


Din, islam yolunda bağır dağladıb,

Kafirlər qəddinə qara bağladıb,

Nəfəs der: qənimi zar-zar ağladıb,

Taxtında şad olub gülən Qaraoğlan.



QARAOĞLAN
Cavanlıqdan ulus ilə baş olub,

Dövlətlə dünyaya gəldi Qaraoğlan.

Neçə əyyam kafir ilə tuş olub,

İslamın qılıncın çaldı Qaraoğlan.


Ərlər gəzər məclisində, toyunda,

Kafirlər nist oldu yerin tayında,

Qırx il qılınc vurdu Axal boyunda,

Düşməni dərbədər saldı Qaraoğlan.


Xocagəldi Mincə, ol Hasan Oğlan,

Annaövəz, Nurməmmədlə baş olan,

Bəy Pirnəzər ötdü Zaman bəy ilən,

Bəlkə ondan ziyad oldu Qaraoğlan.


Ellər ayrı düşdü qədim yolundan,

Yaxınlar yad oldu sağı-solundan,

Xüruc edib çıxdı Axal elindən,

Təcən diyarına gəldi Qaraoğlan.


Qulluğunda qaim külli Söyunxan,

Bütün oğul-uşaq, zənanü mərdan,

Sovulmasın elə bu gələn dövran,

Fəth edib, cahanı aldı Qaraoğlan.


Nəfəs deyər, ömür ötər, yad qalar,

Bu dünyanı möhkəm tutan mat qalar,

Bir qoç igid şan qazansa, ad qalar,

Bu dünya hamıdan qaldı, Qaraoğlan.



BƏRQƏRAR OLSUN
Bizdən salam olsun Qaraoğlan xana,

Dövlətin əlində bərqərar olsun.

Ərəb at, qoç oğul zinətdir sənə,

Sevmək, minmək sənə ixtiyar olsun.


Dünya fani saray, baqi cay deyil,

Min ulduz cəm olsa, doğan ay deyil,

Dünya yalan, hər həris də xan deyil,

Hər yerdə seyranın laləzar olsun.


Gəlinlər qaşında qaşları yaydır,

Hər hansı bir surət gün ilə aydır,

Ağ öyün otaqdır, təxtdır, saraydır,

Sənin bu dəstgahın kimdə var olsun.


Zinət üçün gəlmiş fani cahana,

Həsənat dəftərin çıxmış asmana,

Dörd tərəfdən gələn əziz mehmana,

Geyib, yeyib-içmək ixtiyar olsun.


Ərşin hər küncündə yazılmış adın,

Dilində zikrsən yaxının-yadın,

İki dünya allah versin muradın,

Haqqın sevən qulu mədədkar olsun.


Hər kim ziyan qılsa sudi-suz ilə,

Qara könül ilə, sadiq söz ilə,

Bir düşmən gözləsə yaman göz ilə,

Dilləri lal olsun, gözü kor olsun.


Özün təki olmaz tayın, tuşun da,

Dövlət quşu məkan tutmuş başında,

Hər iş tutsan nəzərində-qaşında,

On iki imam, qaib gerçək ər olsun.

Məhşər günü sünnilərin yarıdır,

Qəriblər qəmxarı, havadarıdır,


Səndən doğan oğul ərin əridir,

Ondan doğulan da əsil ər olsun.


Rizqin bustanında açılmış rizvan,

Beş gün müyəssərdir bu dövr-dövran,

İgidlik çağında eyləsən seyran,

Dəvamət dərdiyin alma-nar olsun.


Nəfəs deyər xalqa, yara sözüm yox,

Bir nakəsəm, qeyrətim yox, üzüm yox,

Müdam qəflətdəyəm, qışım-yazım yox,

Qəmxarım kərəmbəxş Birivar olsun.



YETİŞSİN
Bizdən salam olsun Qaraoğlan xana,

Əvvəl-axır qadir sübhan yetişsin.

Hökmü cari olsun bütün cahana,

Məşriqdən məğribə rəvan yetişsin.


Böyük çinarısan dumanlı dağın,

Sağında-solunda yansın çırağın,

Özün tək xan olsun qolun-budağın,

Yenə belə dövlət müdam yetişsin.


Çaharyarlar sənə eyləsin yarı,

Yenə otuz üç min səhabə varı,

İki dünya ümmətinin qəmxarı,

Ol Mühəmməd, fəxri-cahan yetişsin.


Yüz iyirimi dörd min nəbi, peyğəmbər,

Hamısı olsunlar dəstgiri-rəhbər,

İçində dörd mürsəl aləmə sərvər,

Haqqın dostu nuri-yəzdan yetişsin.


Qılınc vursan, şahi-mərdan yar olub,

Ərənlər halından xəbərdar olub,

Üç yüz altmış ötən qeyb ər olub,

Xıdır, İlyas, qövsi-zaman yetişsin.


İskəndər Zülqərneyn aləmin şahı,

Sərində buynuzu – süngi-ilahi,

Yer üzündə İskəndərin həmrahı,

Min dərdin tədbiri Loğman yetişsin.


Devlər-cinlər onun hökmünə bağlı,

Fələyin üzündə taxtlı-otaqlı,

Həzrəti-Davudun yek-yalnız oğlu,

Bilqeys yarı, şah Süleyman yetişsin.


Mərdlik meydanında qorxmayıb duran,

Güləşsə min nərin qüvvətin verən,


Daim döyüş edib devləri qıran,

Zalın oğlu Rüstəm dastan yetişsin.


Sənasın zikr edib taxtda-sarayda,

Şöləsi tapılmaz gün ilə ayda,

Hərəmlərə həmrah olub hər cayda,

Rəsul qızı Fatma zənan yetişsin.


Yüz mərtəbə ölüb-dirildi Cərcis,

Ölməyən yer tutdu cənnətdə İdris,

Cilovunda yüz min sübbihi-qüddüs,

Cümlə mələk mükərriban yetişsin.


Kəramət zərbindən yerlər yarılan,

Bənd edib səhraya Əmini salan,

Sultan Səncər bəzi yaranlar ilən,

Yarı verib yeddi sultan yetişsin.


Xarəzm şəhrində nə ərlər keçdi,

Daş atdı Ürgənçdən, Mavərə düşdü,

Kəramət mövç urdu, dağlardan aşdı,

Qədəmgahın ər pəhlivan yetişsin.


Ürgənç diyarından şeyh Nəcməddin,

Kalmığı öldürdü, uçdu sahib-din,

Buxara şərifdə ər Bəhaəddin,

Ölünü dirildən canan yetişsin.


Ol pirlər sevindi, Niyazqul işan,

Ondan kəmal tapdı neçə min mərdan,

Haq didarın gözlər, ağlayıb giryan,

Eşqə giryan, bağrı büryan yetişsin.


İşan sahibzadə, sahib-kəramət,

Hər iş tutsan, hümmət versin dəvamət,

Bəlayi-afətdən saxlar səlamət,

Əhli-övladına aman yetişsin.


Kafir qırdı çox ortağa baş olub,

Ötdü zar ağlayıb, gözlər yaş olub,

Cahad qılan vəlilərə baş olub,

Pirim Məmmədsaleh işan yetişsin.
Məmmədqasım işan, ya Dövlət işan,

Çağırsan, hazırdır bişək, bigüman,

Sağ-solunda mədəd verib hər zaman,

Şirim deyib iki yaran yetişsin.


Molladurdu işan, məstanə nərlər,

Şəriət şirinin ağası derlər,

Kəramət görkəzər, titrəşər yerlər,

Bədəv minib bəlli məstan yetişsin.


Babalarım Xıdır görən çöllərdə,

Yol azana dəstək sağda-sollarda,

Yeddi pirdən rüxsət alıb ellərdə,

Molla Xoca Nəfəs əyan yetişsin.


Qazı Əsən oldu dinin dirəyi,

Qazı Məmmədniyaz aləm ürəyi,

Molla Qadirverdi elin gərəyi,

Işbu üçü, əhli-yaran yetişsin.


Elm hasil edib şərə şir olan,

Dərdlilər dərdinə çox tədbir olan,

Cəfa çəkib on beşində pir olan,

Taşlı oğlu Abdullacan yetişsin.


Dostmühəmməd mollalara sərkərdə,

Loğmanın tədbirin edər ol dərdə,

Kərimverdi işan desən hər yerdə,

Canına qəsd edib cövlan yetişsin.


Ər doğma qardaşlar qadirdən olub,

Bakəmal oğullar mehriban olub,

Hamısı başına sayəvan olub,

Sən deyib can çəkən canan yetişsin.


Dövlət qərar tapsın, ötməsin dövran,

Sürəsən dövranı çəkməyib ərman,

Biri asi olsa, qəsd etsə düşman,

Dəmbədəm ömrünə xəzan yetişsin.


Sərkərdəsən, seyran etsən hər yanda,

Sənə «dostam» deyən çoxdur cahanda,

Ol dostların düşmən olsa bir gündə,

Vəkilin ac qurdu yeksan yetişsin.


Gündən-günə ziyad olar bu dəstgah,

Əzəl gün olandır məqbuli-dərgah,

Bəxtin bir laçındır, rizqin bir dərya,

Mövç urub, coş edib rəvan yetişsin.


Özün xan, oğullar padişah olsun,

Dünyanın dörd küncü seyrgah olsun,

Yeddi iqlim ona nəzərgah olsun,

Avazına yerlə asman yetişsin.


Məhəbbət kəmərin bağlar belimə,

Dastan deyim hər söz gəlsə dilimə,

Diləyim Allahdan ulu elimə,

Əskilməsin, dövlət-dövran yetişsin.


Könlümdə zikr oldu nəbilər, pirlər,

Ol şəhid ağalar, qazilər, şirlər,

Möcizat, kəramət, etiqad derlər,

Sahibləri sənə mehman yetişsin.


Xıdır yolun açsın səhrada, düzdə,

Əli yol başlasın dağlarda, tozda,

Hansı piri yad eyləyək bir sözdə,

Bütün kəramətli insan yetişsin.


Yalançı dünyanın ayı, günəşi,

Xoca Hafiz, Mövləvi Cəm yoldaşı,

Xudanın xoşgahı şairlər başı,

Mir Əlişir, Hüseyn sultan yetişsin.


Nəfəs der: dövlətin olsun səlamət,

Artsın, əskilməsin ruzi-qiyamət,

Əvvəl aman versin saatbasaat,

Axırda gövhəri-iman yetişsin.


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə