Amea naxçıvan Bölməsi naxçivanin xan sarayi XVIII əSRİn türk-islam məDƏNİYYƏTİ abiDƏSİDİR



Yüklə 53,9 Kb.
Pdf görüntüsü
tarix21.04.2018
ölçüsü53,9 Kb.
#39845


MUSA QULİYEV 

AMEA Naxçıvan Bölməsi  



 

NAXÇIVANIN XAN SARAYI XVIII ƏSRİN TÜRK-İSLAM MƏDƏNİYYƏTİ 

ABİDƏSİDİR 

 

Azərbaycanın  tarixi  şəhərlərindən  biri  olan  Naxçıvan  öz  tarixi  abidələri  ilə  məşhurdur. 

Həmin abidələrdən biri də  Naxçıvan şəhərinin Xan dikində  yerləşən Xan sarayıdır. Naxçıvan xanı   

I Kalbalı xan Kəngərliyə və onun varislərinə məxsus olan bu saray Azərbaycanın orta əsrlər türk-

islam  memarlığının  nadir  incilərindən biridir. Xüsusi qaydada  inşa edilən  və  xalq tətbiqi  sənətinin 

bir çox növlərinin birləşdiyi Xan sarayı orijinal memarlıq üslubu ilə seçilir. Araşdırmaların nəticəsi 

olaraq demək olar ki, saray 1780-ci ildə inşa edilmişdir. Qeyd edək ki, Naxçıvan xanlığının əsasını 

qoyan  Heydərqulu  xan  və  onun  varisləri  yaşayan  saray  kompleksi  Xan  dikinin  şimal-şərqindəki 

ərazidə yerləşirdi.  

 

Sonuncu  Naxçıvan  xanı  Kərim  xan  Abbasqulu  xan  oğlu  Kəngərlinin  mülkü  isə  I  Kalbalı 



xanın sarayının yanında idi. 1830-cu illərə aid litoqrafik şəkillərdə həmin mülkün də təsviri vardır 

(3, s. 71).  

 

Naxçıvan  şəhəri  Şərq  və  Yaxın  Şərq  ölkələrinə  gedən  yolların  üzərində  yerləşdiyindən 



səyyahların  və  diplomatik  heyətlərin  diqqətini  cəlb  etmiş,  onlar  yazdıqları  əsərlərdə  bu  saray 

haqqında məlumat vermişlər.  

 

I  Kalbalı  xanın  tikdirdiyi  Xan  sarayı  haqqında  məlumatlar  XIX  yüz-illikdə  Naxçıvanda 



olmuş  hərbi  şərqşünasların,  diplomatların  yazdıqları  kitablarda,  gündəliklərdə,  memuarlarda  öz 

əksini tapmışdır. 

 

İsveçrəli  səyyah  Dyubua  de  Monpere  öz  dövrünün  məşhur  geoloqu,  təbiətşünası  və 



arxeoloqu olmuşdur. O, 1834-cü ildə Naxçıvanda olmuş və tədqiqatlar aparmışdır. 1839- 1844-cü 

ildən  başlayaraq  isə  Parisdə  “Qafqaz  ətrafında  səyahət”  adlı  6  cildlik  əsərini  yazaraq  nəşr 

etdirmişdir. 

 

Azərbaycan  memarlığının  şah  əsərləri  olan  Naxçıvan  abidələrinə  yüksək  qiymət  verən 



Dyubua  de  Monpere  yazırdı:  “Bu  qədim  abidələr  arasında  Naxçıvanın  indiki  hakimi  Ehsan  xan 

özünün  İran  dəbinə  uyğun  bir  neçə  həyət  və  xeyli  bəzədilmiş  zəngin  otaqlardan  ibarət  sarayını 

tikdirmişdir” (5, s. 95). 

 

Naxçıvana  gələn  de  Monpere  də  yanlış  olaraq  sarayın  I  Ehsan  xan  tərəfindən  inşa 



etdirildiyini  yazmışdır.  Elə  bu  səbəbdən  biz  bir  qədər  geriyə  qayıdaraq  XIX  əsrin  əvvəllərində 

yazılmış  bir  tarixi  sənəddə  əks  olunanları  nəzərdən  keçirək.  Rus  ordusunun  mayoru  Matuşeviç 

Artikdən  Təbrizədək  olan  yolların  təsvirini  verərkən  yazır  ki,  Xan  sarayı  Naxçıvan  qalasının  iç 



qalasında  yerləşir.  İç  qalanın  ətrafında  qüllələrin  də  olduğunu  qeyd  edən  hərbçi  Xan  sarayını 

dövrələyən  hasarın  o  qədər  də  möhkəm  olmadığını  diqqətə  çatdırır.  Mayor  Matuşeviç  qalanın  dik 

sıldırımın  üzərində  tikildiyini  müdafiə  baxımından  əlverişli  olduğunu  da  yazır.  Onun  hərbi 

mühəndisə  məxsus  qeydləri  10  sentyabr  1806-cı  ilə  aiddir  (4,  s.  371-372).  Ehtimal  edirik  ki,  o, 

həmin  illərdə  Naxçıvan  qalasının  və  onun  iç  qalasında  tikilən  Xan  sarayının  planını  da  tərtib 

etmişdir. 

 

Həmin  vaxt I Kalbalı  xan sağ  idi, Naxçıvana  hakimlik edirdi. Oğlanları da onun  sarayında 



yaşayırdılar.  Bu  qalanın  təsviri  Kəngərli  xanlarının  nəslinin  gerbində  əks  olunmuşdur.  Bir  çox 

xroniki  təsvirlərdə  qeyd  edilib  ki,  I  Kalbalı  xanın  süvari  qoşunları  qalanın  yerləşdiyi  uçurumun 

aşağısındakı düzənlikdə düşmən qoşunları ilə vuruşub onları məğlub etdilər (3, s. 20). Naxçıvanın 

Xan  sarayındakı  böyük salonda  Rusiya elçiliyini  təntənəli rəsmi  şəkildə qəbul edən I  Kalbalı  xan 

haqqında  həmin  missiyada  olan  rus  hərbçiləri  də  yazmışlar.  Bunlardan  N.N.Muravyovu, 

A.F.Neqrini  və  digərlərini  qeyd  etmək  olar.  Söhbət  1817-ci  ilin  mayında  İrana  gedən  Rusiya 

diplomatik  heyətinin  üzvlərindən  gedir.  Bu  elçilik  missiyasına  general  A.P.Yermolov  başçılıq 

edirdi. 


 

Çox  təəssüflər  ki,  I  Kalbalı  xanın  dövrünü  yaxşı  öyrənməyən  yazıçılar  bədii  əsərlərində 

rəsmi  görüşlərin  guya  çadırda  (alaçıqda)  aparıldığını  yazırlar.  Qətiyyən  doğru  deyil.  I  Kalbalı  xan 

intizamlı  sərkərdə  və  dövlət  xadimi  idi.  Əla  döyüş  qabiliyyəti  və  naxçıvanlılara  məxsus  yüksək 

zövqü  vardı.  Başqa  dövlətlərin  rəsmi  nümayəndələrini  necə  qarşılayıbsa,  sənədlərdə  yazılıb  və 

şükürlər olsun ki, hələ yazılanlar qalır (1, s. 108-112). 

 

Məqamındaca  qeyd  edək  ki,  əslən  yunan  olan  Aleksandr  Neqri  (1784-1854)  maraqlı 



məlumatlarla  zəngin  olan  gündəlik  yazmışdır.  O,  1818-ci  ildən  1837-ci  ilədək  bütün  hərbi 

əməliyyatlarda (Naxçıvan-İrəvan və Türkiyədə) iştirak etmiş və bu iştirakın gündəliyini tutmuşdur.  

 

XIX  əsrdə  rus  etnoqrafı,  şərqşünası  N.V.Xanıkov,  Qrant  qardaşları,  rus  diplomatı 



A.Qriboyedov  və  qəza  dövründə  Naxçıvanda  müəllim  işləyən  K.A.Nikitin,  hərbçi  şərqşünas 

İ.Şopen  və  digərləri  də  bu  sarayda  qonaq  olmuşlar.  Hətta  qraf  İ.F.Paske-viç  bir  müddət  burada 

yaşamışdır.  Təəssüflər  olsun  ki,  XX  yüzilliyin  ortalarında  bu  nadir  memarlıq  abidəsi,  taleyüklü 

tarixi  hadisələrin  şahidi  olan  Xan  sarayı  haqqında  elmi  tədqiqatlar  aparılmamış,  hətta  saray 

müəyyən  qədər  dağıntılara  məruz  qalmışdır.  Ona  görə  də  sonralar  tariximizin  xanlıqlar  dövründə 

olan səhifələrini araşdırmaqda müəyyən çətinliklər yaranır. 

 

XX əsrin  əvvəllərində  Naxçıvana gələn  italyan tarixçisi, diplomatı və  səyyahı Villari  Luici 



1905-ci  ilin  yayının  son  aylarında  və  payızın  əvvəllərində  Naxçıvanda  olarkən  erməni-müsəlman 

toqquşmalarının nəticəsində şəhərin dağıntılarını da görmüş və bu vəziyyət 29 yaşlı gəncdə kədərli 

təəssürat  yaratmışdı.  Sonralar  o,  “Rusiya  böyük  çevrilişdən  sonra.  Qafqazda  od  və  qılınc”  adlı 



kitabda yol qeydlərini nəşr etdirmişdir. Tarixçi səyyah bu əsərdə Naxçıvandakı Xan sarayı haqqında 

da yazmışdır: “Mən əvvəlcə Rəhim xanla görüşdüm...  

 

Onun  evi,  sözsüz  ki,  Naxçıvanda  ən  gözəldir.  Əgər  bu  saray  ən  sivilizasiyalı  şəhərdə 



olsaydı,  yenə  də  belə  möhtəşəm  olacaqdı.  Saray  şəhərin  kənarındakı  qayanın  yanında  yerləşir. 

Buradan geniş Araz vadisinə eniş yol başlanır. Həyətdəki bağ çox sıx deyil. Yəqin ki, iqlim imkan 

vermir ki, hər növ gül kolları əkilsin. Ancaq evin içərisi tamamilə  bərbəzək içindədir. Qonaq otağı 

(söhbət  böyük  salondan  gedir  –  müəllif)  bahalı  Avropa  mebelləri  ilə  doludur,  bəzilərini  çıxmaqla, 

mebellərə söz ola bilməz. Bütün divarlara İran, Türkiyə və Qafqaz xalçaları asılıb. Tavan isə kiçik 

güzgülərlə  bəzədilib.  Belə  analoji  mozaikaları  mən  İrəvan  sərdarının  sarayında  görmüşəm.  Bəzək 

üçün  materiallar hamısı uzaqdan dəmir  yolu  ilə gətirilib. Hamısı da qiymətinin  nə qədər olmasına 

baxmayaraq,  alınıb.  Bunlar  hamısı  ona  görədir  ki,  gələn  insanlarda  Naxçıvanskilər  ailəsinin  necə 

varlı və ləyaqətli olduğu təəssüratını yarada bilsinlər” (3, s. 213-215). 

 

Daha  sonra  diplomat-səyyah  Cəfərqulu  xanla  öz  evində  görüşür.  Onun  da  malikanəsini  və 



xanın özünü məhəbbətlə təsvir edir. 

 

Azərbaycanda  sovet  hökuməti  qurulandan  sonra  –  1926-cı  ildə  Naxçıvana  elmi  axtarışlara 



gələn  arxeoloq  V.M.Sısoyev  “Araz  üstdə  Naxçıvan”  əsərində  yazır:  “Hazırda  (1926-cı  il,  yay) 

Atabəy  qülləsindən  cənub-qərbdə  geniş  bağ  və  tikililərdən  sonra  böyük  ikimərtəbəli  ev  –  keçmiş 

Naxçıvan xanlarının sarayı yerləşir. Yəqin ki, bu, həmin saraydır ki, haqqında Dyubua de Monpere 

söhbət  açıb.  Güman  ki,  bu  sarayı  Naxçıvan  xanı  Ehsan  xan  tikdirib  (ola  bilər  ki,  yenidən  bərpa 

etdirib?) Yuxarı mərtəbədə bir neçə kiçik otaqlar var, ancaq binada çox böyük salon var. Divarların 

bir  hissəsi  güzgülərlə  bəzədilib.  Bundan  əlavə,  həm  içəri,  həm  də  eşik  divarlarda  pəncərələrdəki 

şüşələr rənglidir. İndi bu binada məktəb yerləşir” (5). 

 

Alimin  yazdıqlarından  məlum  olur  ki,  hələ  1926-cı  ilədək  Xan  sarayı  müəyyən  qədər 



əvvəlki  vəziyyətini  saxlayıbmış.  Sarayın  kim  tərəfindən  tikdirildiyini  bilməyən  V.M.Sısoyev 

ehtimalla yazıb ki, Ehsan xan tikdirib. Əlavə edib ki, bəlkə, o, yenidən bərpa işləri aparıb? Müəllif 

ikinci  fikrində  dəqiqdir:  1830-cu  ildən  sonra  I  Ehsan  xan  atasının  tikdirdiyi  sarayı  təmir  etdirib, 

əlavə tikililər tikdirib. 1930-1940-cı illərdə sökülən həmin hissədə onun böyük qardaşı Nəzərəli xan 

yaşayırdı.  I  Ehsan  xanın  böyük  oğlu  Naxçıvanın  mərkəzində  –  Bazarçayın  sahilindəki  mülkdə 

yaşayırdı. Məşhur süvari generalı olandan sonra İsmayıl xan inşa etdirdiyi hamamın yaxınlığındakı 

mülkün  yerində  bir  saray  tikdirib.  O  sarayın  orijinal  fotoşəkli  bizdədir.  I  Ehsan  xanın  vəfatından 

sonra Naxçıvana qayıdan II Kalbalı xan həmin sarayda yaşayırdı. Onun oğlu Cəfərqulu xan özünə 

füsunkar  bir  malikanə  tikdirmişdi.  İndi  o  binanın  bir  hissəsində  C.Naxçıvanski  adına  muzey 

yerləşir.  Sovet  hakimiyyəti  illərində  oranı  ambulatoriyaya,  sonralar  isə  şəhər  poliklinikasına 

çevirmişdilər.  Xatirimdədir,  biz  orta  məktəbdə  oxuyanda  hərbi  çağırış  zamanı  bizi  oraya  tibbi 



yoxlamaya  aparmışdılar.  Binaya  çox  möhkəm  inşa  edilmiş  tağlı  yeraltı  keçiddən  daxil  olduq. 

İkitaylı darvaza qapısı var idi. İndi həmin yeraltı keçiddə mağaza yerləşir.  

 

II  Kalbalı  xanın  digər  oğlu  Rəhim  xan  isə  Xan  sarayında  yaşayırdı.  Bu  məlumatları  bizə 



Rəhim  xanın  oğlu  İskəndər  xanın  dostu,  sonralar  qürbətdə  –  Moskva  ətrafında,  bir  növ,  gizli 

yaşayan alim Teymur Bənəniyarski yazıb göndərmişdi (o, 1992-ci ildə vəfat edib). Onun yazdığına 

görə,  1920-ci  ildə  rus  kazakları  bu  sarayı  kazarmaya  çevirmiş  və  məşhur  güzgülü  salonu 

dağıtmışlar. Teymur Bənəniyarski bütün bu hadisələrin canlı şahidi olmuşdur (6). 

 

Qeyd edək ki, Naxçıvan Xan sarayı Azərbaycanın memarlıq nümunələrindən ən orijinalıdır. 



Uçurumun  kənarında,  qalanın  içərisində  inşa  edilən  saraydan  Araz  çayının  sağ  və  sol  vadiləri 

aydınca  görünür.  Xan  sarayı  I  Kalbalı  xanın  tərəfindən  inşa  etdirilmiş,  sonralar  oğlu  I Ehsan  xan 

tərəfindən  əlavələr  olunmaqla  təmir  olunmuş,  dövrünün  diqqətçəkən  saray  binası  kimi 

təkmilləşdirilmişdir.  Vaxtı  ilə  tədqiqatlar  aparılmadığından  sarayı  inşa  edən  memarın  adı  məlum 

deyil.  Aparılan  araşdırmaların  nəticələrinə  görə  deyə  bilərik  ki,  Xan  sarayının  ətrafında  digər 

saraylar da tikilmişdir. Bu tikililər hamısı Saray kompleksini əmələ gətirmişdir. 

 

Naxçıvan Xan sarayının daxili  və bədii tərtibatı, xarici quruluşu  və  məşhur güzgülü salon, 



həmçinin  üçüncü  mərtəbədə  yerləşən  iki  yay  köşkü  vardır  (bu  köşklər  fasad  tərəfdəki  girişdəki 

köşklərə paralel olaraq tikilib). Naxçıvanlı ağsaqqallardan vaxtı ilə eşitdiklərimizdən məlum olur ki, 

sarayın  şimal-qərbində  saraya  bitişik  saray  binaları  olmuşdur.  Sovet  hakimiyyəti  illərində 

baxımsızlıq üzündən uçub dağılmışdır. 

 

Böyük  salonun  tavanının  başdan-başa  bəzəyə  qərq  olması  səyyahları  və  rəssamları  valeh 



etmişdir. Saray düzbucaqlı formasında         tikilmişdir.   

 

Maraq  üçün  deyək  ki,  Naxçıvan  Xan  sarayı  Təbriz  və  İrəvan  memarlıq  məktəbinin 



nümunələri  olan  xan  saraylarına  kompozisiya  baxımından  oxşasa  da,  tamamilə  eyniyyət  təşkil 

etmir. Araşdırmalar göstərir ki, İrəvan Xan sarayında olan ornamental pannolar, portret təsvirləri və 

sair  Naxçıvan  Xan  sarayında  olma­mışdır.  Bəlkə  də,  bu,  Naxçıvan  xanlarının  süvari  döyüşçüləri 

olması ilə bağlıdır?! Çünki onlar bərbəzəyi çox sevməyib.  

 

Xan  sarayında  divar  rəsmlərinin  –  portretlərin  və  dekorativ  pannoların  olması  haqqında 



məlumatlara rast gəlinmir. 

 

Naxçıvan  xanlığında  zəngin  ədəbi  mühit  olmuşdur.  Həmin  yazılı  nümunələrin  çoxu 



bolşeviklər  tərəfindən  məhv  edilsə  də,  bəziləri  qonşu  dövlətlərin  arxivlərində  və  kitabxanalarında 

saxlanılır.  Xan  dikində  olan  “Cümə”  məscidində  saxlanılan  əlyazmalar  yandırılmış,  bir  qismi  isə 

İrəvandakı  erməni  əlyazmalar  institutuna    –  Matenadrana  və  Sankt-Peterburqdakı  Rusiya  Dövlət 

Ermitajına, Saltıkov-Şedrin kitabxanasına aparılmışdır. 

 

Bilirik  ki,  Azərbaycan  xanlıqlarında  ən  zəngin  tarixi  arxiv  Naxçıvan  xanlığında  olmuşdur. 



Bu zəngin  Kəngərli arxivi Naxçıvan Xan sarayında saxlanılırmış. Tapılan sənədlərdən  məlum olur 


ki,  burada  toplanan  sənədlər  1500-1828-ci  illəri  əhatə  edir.  Xan  sarayının  qonşuluğunda  yaşayan 

milyonçu  Heydər  Nəsirbəyovun  qızı  Fatma  xanım  bu  saray  haqqında  maraqlı  məlumatlar 

söyləyirdi.  Onun  dediyinə  görə,  xanlığa  aid  sənədlər  böyük  salonun  yaxınlığındakı  otaqda 

saxlanılırdı.  Yəqin  ki,  bura  həm  də  xanlıq  münşisinin  (katibinin)  işlədiyi  yer  imiş.  1920-ci  ildən 

sonra  Kəngərli  arxivi  Şahbaz  ağa  tərəfindən  qorunmuşdur.  Onun  mülkündəki  (indiki  2  nömrəli 

məktəbin  arxasındakı)  zirzəmidə  saxlanılan  arxivi  rus  tədqiqatçısı  və  kəşfiyyatçısı  K.N.Smirnov 

Tiflisə aparmışdır. Onun yazdığı məlumatdan aydın olur ki, arxiv Şahbaz ağanın atası İsmayıl ağaya 

məxsus bu mülkdəki zirzəmidə  imiş. Naxçıvan xanlarının zəngin Kəngərli arxivinin də taleyi onun 

bayraqlarının taleyi kimidir. Azərbaycanlı tədqiqatçılardan gizlədilən  Kəngərli  arxivinin  və xanlıq 

bayraqlarının axtarışındayıq. 

 

Xan sarayının birinci mərtəbəsində xidmətçilərin yaşadığı otaqlar və divanxana yerləşirmiş. 



İkinci  mərtəbənin  birinci  girişdən  sağda  və  solda  yerləşən  otaqlar  xan  ailəsi  üçün,  ikinci  girişdən 

sağdakı güzgülü salon isə rəsmi qəbullar üçün istifadə olunurdu. Daxili pilləkənlərlə çıxılan üçüncü 

mərtəbədəki köşklü otaqlar “qonaq otağı” adlanırdı.  

 

Aparılan  araşdırmalar  göstərir  ki,  Naxçıvan  xanları  Naxçıvan  şəhərindəki  İmamzadə 



kompleksində dəfn olunmuşlar.  

 

Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyevin  sədaqətli  və  uzaqgörən 



davamçılarından,  Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyev  və  yeni  Naxçıvanın 

qüdrətli  qurucusu,  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  Sədri  cənab  Vasif  Talıbovun 

tariximizə göstərdikləri  böyük qayğı  biz tədqiqatçıları  həmişə  yeni elmi  axtarışlara ruhlandırır. Bu 

böyük qayğının ən bariz nümunələrindən biri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 

cənab  Vasif       Talıbovun  “Xan  Sarayı”  Dövlət  Tarix-Memarlıq  Muzeyinin  yaradılması  haqqında” 

2010-cu il 23 oktyabr tarixli Sərəncamıdır (2).  

 

Keçmiş Naxçıvan xanlarının sarayında fəaliyyətə başlayan muzeyin birinci mərtəbəsində iş 



otaqları, elmi fond və digər yardımçı sahələr, ikinci və üçüncü mərtəbələrində isə 10 salondan ibarət 

ekspozisiya  –  sərgi  zalları  vardır.  Muzeydə  qeydə  alınan  300-ə  yaxın  eksponatın  210  ədədi 

ekspozisiyada nümayiş etdirilir. 

 

Cəsur  döyüşçülər  olan  xan  Naxçıvanskilər  indi  əzəmətli  Xan  sarayını  ziyarətə  gələn 



tamaşaçılara  layiqincə  təbliğ  olunur.  Adlarını  öz  qəhrəmanlıqları  ilə  tariximizə  yazan  xan 

Naxçıvanskilər bu etimada tam layiqdirlər. 

 

 

 



 

 



ƏDƏBİYYAT 

1.

 



Муравьев Н.Н. Записки// Русский Архив. Москва: 1989, Кн. 3.В. 11, с. 475-483. 

2.

 



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 23 oktyabr 2010-cu il 

tarixli sərəncamı. “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin yaradılması haqqında. 

“Şərq qapısı” qəzeti, 26 oktyabr, 2010, N 200. 

3.

 



Нагдалиев Ф. Ханы Нахчыванские в Российской Империи. Новый Аргумент, 2006, 

432 с. 


4.

 

Приосоединение восточной Армении к Росии. Сбор документов, том 1 (1801-1813). 



Ереван: 1972, 715 с. 

5.

 



Сысоев В.М. Нахчывань на Араксе и древности Нах. АССР. Баку: 1926, 316 с. 

6.

 



Teymurlu H.H. (Bənənyarski). Naxçıvan xanları haqqında xatirələr. Moskva: 1990, 

(əlyazma), 8 s, (Mənim şəxsi arxivimdədir). 



 

Yüklə 53,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə