114
Qafqazın dövləti qurumlarının ərazi və sərhədlərinin təsbiti regionun qəti
sovetləşməsindən sonraya saxlanılırdı.
İkincisi, Zaqatala, xüsusən də iyun üsyanından sonra, təmamilə sovet
sferasına daxil olmuşdu, ora Qızıl Ordunun əlavə hissələri daxil edilmişdi və gürcü
tərəfinin bununla bağlı bütün etirazları, adətən qulaqardına vurulurdu. Hətta
qoşunların yerdəyişməsinə nəzarət edəcək xüsusi komissiya belə təşkil
olunmamışdı: bunu Gürcüstan XİN-in Azərbaycanın diplomatik nümayəndəliyinə
1920-ci ilin avqustun sonlarında təqdim etdiyi təliqə də təsdiqləyir.
33
Ağstafa müqaviləsi Gürcüstan Müəssislər Məclisində iyunun 25-də
təsdiqləndi. Müqaviləni Məclisə təqdim edən gürcü menşeviklərinin liderlərindən
olan A.Çxenkeli giriş və yekun nitqi ilə çıxış etmişdi.
34
Həmin nitqlərdə, təbii ki,
Zaqatala məsələsinə də toxunulmuşdu.
A.Çxenkeli öz çıxışını Zaqatala bölgəsi haqqında ənənəvi gürcü
konsepsiyasını səsləndirməklə başlamışdı. Daha sonra o, Moskva və Ağstafa
müqavilələrinin mahala dair maddələrinin fərqli formulələrinə faktiki istinadla,
Gürcüstan üçün açılmış hüquqi diplomatik manevr meydanını göstərirdi. Məsələ
onda idi ki, əgər 12 mayda Moskvada imzalanmış əlavə sazişə əsasən, arbitraj
komissiyasına veriləcək mübahisə predmeti «Gürcüstan və Azərbaycan arasında və
Zaqatala dairəsində mübahisəli yerlər haqqında məsələ» hesab olunurdusa, Ağstafa
müqaviləsinin müvafiq maddəsində həmin predmet kimi bütünlükdə Zaqatala
dairəsi müəyyənləşdirilirdi. Bu da təbii, adıçəkilən məsələyə münasibətdə tərəflərin
müxtəlif oxunuşunu və onun təfsirində fikir ayrılığını doğurmaya bilməzdi.
Məsələ ilə bağlı gürcü tərəfinin mövqe və arqumentasiyası bundan ibarət
idi: 7 may Moskva müqaviləsi ilə Zaqatala Gürcüstanın ayrılmaz hissəsi kimi
tanınırdı. Əlavə sazişin birinci bəndi, sadəcə, Gürcüstan-Azərbaycan sərhədində, o
cümlədən Zaqataladakı mübahisəli ərazilərin arbitraj məhkəməsinin baxılmasına
verilməsini güman edirdi. Ağstafa müqaviləsinin VI maddəsinə gəldikdə isə, gürcü
hökuməti həmin maddənin birinci qeydini əsas gətirirdi: orada, qeyd etdiyimiz
kimi, tərəflərin mübahisə ilə bağlı razılığa gəlmədikləri faktı konstatasiya
olunurdu.
Çxenkelinin sözlərinə görə, gürcü rəsmiləri sovet hökumətinin məhz
Moskva müqaviləsinə prioritet verəcəyinə ümid bəsləyirdilər. Onun yekun nitqində
bu ümidlər ifadəsini belə tapırdı: «O ki qaldı Zaqatala dairəsinə, o..., hal-hazırda
formal, hüquqi cəhətdən, müqavilə mətninin mənasına görə ... Gürcüstan
Respublikası ərazisinə daxil olmuşdur; və əgər mübahisə gedirsə, o bizim
xeyrimizə həll olunmalıdır... Biz ümid edirik ki, müqavilə üzrə bizə nə vəd
edilibsə, yerinə yetiriləcək».
35
Hüquqi nöqteyi-nəzərdən bu məsələyə dair gürcü mövqeyi əsassız idi:
Ağstafa müqaviləsinin VI maddəsində arbitraj komissiyasının həllinə veriləcək
məsələ kimi sərhədyanı mübahisəli yerlər yox, məhz Zaqatala dairəsi dəqiq
göstərilirdi. Bu isə Moskva müqavilələri ilə mahalın guya Gürcüstan tərkibinə
115
daxil olması barədə gürcü tərəfinin iddiasını tutarsız edirdi. Bunu «Bopьбa» qəzeti
- menşevik (və qeyri-rəsmi surətdə hökumət) mətbu orqanı da dolayı şəkildə təsdiq
edir: «Gürcüstan... Azərbaycana güzəştə getdi - müqaviləyə (Ağstafa müqaviləsinə
Ş.R.) görə Zaqatala məsələsi mübahisəli hesab olunur, onun həlli arbitraj
komissiyasına verilir».
36
Fəqət, hər halda, Zaqatala məsələsində gürcü tərəfinin siyasi-diplomatik
uğurunu qeyd etməmək olmaz: Azərbaycan, tərkibinə daxil olduğu Zaqatala
mahalının mənsubluğunu mübahisə predmeti kimi tanıyırdı və ora öz qoşunlarını
yeritməmək barədə təəhhüd götürürdü. Bu vəziyyət Azərbaycanın müxtəlif siyasi-
ictimai, o cümlədən mühacir dairələrində olduqca mənfi qarşılanmışdı.
M.Ə.Rəsulzadənin o zaman qələmə aldığı «Azərbaycan Cümhuriyyəti» əsərində
ümumən Ağstafa müqaviləsinə münasibət aşağıdakı şəkildə ifadə olunurdu:
«Gürcüstanı təhdid edən Azərbaycan bolşevik hökuməti yapdığı bu sülhdə...
Borçalı ərazisini bilatərəddüd Gürcüstana tərk etdi və əskidən Azərbaycan
ərazisindən olduğu Gürcüstanca təslim olunan Zaqatal(a) ərazisi üçün hökmə
(burada: arbitraja - Ş.R.) müraciət eyləmək formulunu qəbul eylədi. Azərbaycanın
siyasi mənfəətləri naminə hərbə başlayan hökumət, nəticədə məmləkət qitələrini
hədiyyə etməklə sülh yapıyor».
37
Azərbaycanın yeni rəhbərliyinin Ağstafa müqaviləsində güzəştli mövqe
tutmasında, fikrimizcə, iki əsas amilin rolu olmuşdu: birincisi, Moskva
müqavilələri ilə Azərbaycanın yeni sovet rəhbərliyi müşkül vəziyyətə salınmışdı.
Siyasi və ideoloji cəhətdən Moskva hökuməti ilə subordinativ (iyerarxik)
münasibətdə olan bu rəhbərlik mərkəzin siyasi taktikasına zidd hərəkət edə
bilməzdi, ələlxüsus da Sovet dövləti ətrafında beynəlxalq vəziyyətin kəskin
pisləşdiyi - Polşa hücumunun davam etdiyi bir şəraitdə; Moskva müqavilələrinin
Azərbaycan tərəfindən tanınmaması isə məhz bu cür, yəni nümayişkaranə
itaətsizlik kimi qavranılacaqdı.
İkinci amil müqavilənin imzalandığı gün davam edən Zaqatala üsyanı ilə
əlaqədar idi: aşağıda görəcəyimiz kimi, onun gedişində keçmiş mahal elitasının bir
qismi Gürcüstana birləşmək haqqında qərar çıxarmışdı. Bu vəziyyət də Azər-
baycan rəsmilərinə sözügedən məsələyə münasibətdə daha ehtiyatlı xətt yürütməyə
sövq edirdi.
Obyektivlik naminə qeyd olunmalıdır ki, Azərbaycan bolşevikləri,
xüsusən də partiyanın Nərimanovçu qanadı Moskva rəhbərliyinin Azərbaycan
əraziləri hesabına Gürcüstan və Ermənistana güzəştə getmək siyasətinin əleyhinə
çıxırdı. Məsələn, Azərbaycanın Moskvada Fövqəladə səlahiyyətli nümayəndəsi
Behbud ağa Şahtaxtinski Leninə 4 avqust və 20 sentyabr 1920-ci il tarixli
məktublarında Azərbaycanın şəksiz ərazilərinin, o cümlədən Zaqatala mahalının
qopardılması taktikasını zərərli və yolverilməz hesab edirdi. O, bu taktika ilə
əlaqədar əhalinin siyasi əhvali-ruhiyyəsinin sovet hakimiyyəti əleyhinə sürətlə
dəyişdiyini 20 sentyabr məktubunda belə dəyərləndirirdi: «Azərbaycan əhalisi
Dostları ilə paylaş: |