Aqil abbas



Yüklə 0,61 Mb.
səhifə2/8
tarix20.10.2017
ölçüsü0,61 Mb.
#6097
növüYazı
1   2   3   4   5   6   7   8

- Əmr eləyirəm!

Pələng könülsüz-könülsüz əmrə tabe oldu və silahı özü verdi, amma Drakon üç-dörd addım geri çəkildi:

- Mənim silahımı alan oğlan hələ anasından doğulmayıb! Yaxın gələnə ataram!

- Ver silahı, dedim!

- Komandir, bu avtomatı mənə sən verməmisən, sən də alasan! Mən bunu maşınımı satıb gedib Tiflisdən almışam.

Komandir əmri yerinə yetirməkdən çəkinən uşaqlara yenidən əmr elədi:

- Alın silahını!

Uşaqlar irəli yeridilər, Drakon bir-iki addım da geri çəkildi və ağzı köpüklənə-köpüklənə dedi:

- Yaxın gələnin...

Komandir:

- Sən Qur’ana and içmisən!

Drakon hər an sıçramağa hazır olan bir əfi ilan kimi quyruğunun üstündə durmuşdu:

- Mən torpağı qorumağa and içmişəm, avtomatı sənə verməyə yox!

At Belində Olan Adamın bədəninə bayaq batırılmış min-bir tikan yavaş-yavaş çıxmaqdaydı, bundan ləzzət alırdı və ürəyində deyirdi: “Di, qırın bir-birinizi köpəyuşağı”.

Komandir daha da sərtləşdi:

- Həbs eləyin bunu!

Drakon:


- Məni? Qıraram hamınızı!- dedi və üz tutdu darvazaya tərəf. - Tüpürüm hamınıza! Mən getdim! Pələng, sən yoxsan! Sən ölüsən!

Batalyonun ağsaqqallarından biri:

- Komandir, qoy getsin. Bir azdan hirsi soyuyar. Onu da başa düşmək lazımdı. Gözünün qabağında o boyda qardaşını vurublar.

Bir xeyli uşaq da Drakonun ardınca getdi, bunlar onun xətrinə batalyona gələn döyüşçülər idi. Bunu görən Drakon geri çevrildi və qəzəblə bağırdı:

- Siz hara,ə! Küçüklər! Qayıdın geri!

Drakon getdi, darvazadan çıxanda da havaya bir qatar güllə buraxdı.

Komandir hirsindən yaşarmış gözlərini sildi. Nəfəsi çatmırdı, təngənəfəs olmuşdu. Son zamanlar hər dəfə əsəbləşəndə belə olurdu. Bir xeyli öskürdü, sanki nəfəs yollarını açırdı, bir az sakitləşdi, sonra Pələngdən soruşdu:

- Nə üstə boğuşurdunuz?

Pələng başı ilə At Belində Olan Adamı göstərdi və Komandir onu indi gördü, ətrafdakılardan soruşdu:

- Bu burda nə gəzir?

Uşaqlar:

- Drakon dedi ki, gedin basın baqaja gətirin. Biz də gətirdik. Amma yazığımız gəldi baqaja basmadıq.

- Nədən ötrü?

Pələng:


- Şalvarını çıxartdırmaq istəyirdi, mən də qoymadım.

Komandir qulaqlarına inanmadı. Drakonun ilan kimi xəzinəsinin üstündə qıvrılıb yatan, ev-eşiyi dağılanlara əl uzatmayan vəzifəli adamlardan xoşlanmadığını, tez-tez onları sancdığını, hətta bəzilərinə lifçik də göndərdiyini bilirdi. Və onu da bilirdi ki, bu vəzifəli adamların bəziləri batalyonlara könüllü kömək eləsələr də, bəziləri bunu Drakonun qorxusundan edir. Amma Komandir onu da bilmirdi ki, mindiyi UAZ-ı kolxoz sədri ona öz xoşu ilə bağışlamayıb, Drakonun qorxusundan gətirib vermişdi. Belə şeylərin üstə bir neçə dəfə Drakonu bərk danlamışdı. Demişdi ki, heç kimi məcbur eləmək lazım deyil, camaat bizə pis baxır.

Drakonun da cavabı həmişə belə olmuşdu:

- Komandir, bu pulları özləri kəsməyib ha! Bu camaatdan qazanıblar! Vuruşmağa qeyrətləri çatmır, qoy heç olmazsa canları çıxsın indi bir az millətə xərcləsinlər.

Drakondan belə şeylər gözləmək olardı, kimisə döyə bilərdi, kimisə cəzalandıra, kimisə maşının baqajına da basa bilərdi, uf demədən kimisə öldürmək də onun əlində su içmək kimi bir şey idi, amma kiminsə şalvarını çıxartmaq... Buna onun qəbul etdiyi yazılmamış oğru qanunları yol vermirdi. Ona görə də Komandir çox təəccübləndi:

- Niyə?


- Pul istəyib, verməyib...

Uşaqlardan biri Pələngin üstünə bozardı:

- Sən də bilmədiyin şeyi danışma. Elə deyil, Komandir. Dünən Musagilə qrad düşüb, anasını götürdülər Bakıya, arvadın qılçalarını kəsiblər. Səhər-səhər Musa zəng eləmişdi, həkimlər min manat istəyiblər. Drakon da göndərdi ki, gedin bundan alın. Biz də getdik vermədi. Drakon da hirsləndi, arxasını da özünüz eşitdiniz.

Komandir At Belində Olan Adamı başdan ayağa deyil, ayaqdan başa süzdü, sonra xayxırdı, özünü onun sifətinə tüpürməkdən zorla saxladı və tüpürdü yerə:

- Ə, sən nə cındır adamsan, ə! Bakıdan gələnlərin dalın yuyursan, özününkünə beş manat qıymırsan?!

Drakonun əlindən zorla qurtulmuş At Belində Olan Adam indi yenidən qırx arşın quyunun dibinə düşdü, özünə bəraət qazandırmaq istədi:

- Komandir! Seyid Lazım ağanın cəddi haqqı bilməmişəm. Hər gün o gəlir pul ver, bu gəlir pul ver. Mən köpəyoğlu nə bilim kim kimdi. Mənə demədilərki siz istəyirsiz.

Komandir gördü ki, əsəbləri onu dalınca sürükləyir və belə getsə əlindən xəta çıxa bilər, onsuz da adları bədnam idi. Onları ermənilərə deyil, özlərinə düşmən sayan hökumət bu könüllü batalyonları gözdən salmaq üçün dəridən-qabıqdan çıxırdı, haqlarında gündə yüz şayiə buraxırdı.

Gecə Dolu başlayanda balalarını götürüb canlarını qurtarmaq istəyənlər heç qapılarının cəftəsini də vurmağa macal tapmırdılar. Yiyəsiz, ağzı günə qalmış dopdolu evlər demək olar ki, hər gecə yağmalanırdı. Səhər qayıdıb evlərini talanmış görənlər heç şikayət də eləmirdilər, şikayət eləməyə yer də yox idi, milis səngərdə, rəis səngərdə, kimə şikayət eləsinlər. Hökumət də şəhərdə nə oğurluq, nə quldurluq olurdu hamısını batalyonun uşaqlarının üstünə atırdı. Onların isə “Qur’an” götürüb nə qapı-qapı düşməyə vaxtları vardı, nə də buna həvəsləri - başları müharibəyə qarışmışdı.

Belə söz-söhbətlərdən təngə gəlmiş Komandir bir gün Rəisin qabağını kəsib dedi:

- Rəis, gəlmə oğrular bu şəhərdə ev qoymadı. Hökumət də bunu bizim üstümüzə atır. Bunların qabağını al, yoxsa axırı yaxşı olmayacaq!

- Komandir, vallah, gücüm çatmır. Bilmirəm erməniylə vuruşum, yoxsa bu binamuslarla. Birdilər, ikidilər, böyük bir şaykadılar. Oturublar qonşu rayonlarda, gəlib buranı şimon eləyib aradan çıxırlar. Həmin rayonun rəislərinə deyirəm, deyirlər ki, oğurluq sənin ərazində olur, canın çıxsın özün tap. İndi mən erməniylə vuruşum, oğru axtarım, nə bilim nə qələt eləyim?!

Komandir görmüşdü doğrudan Rəisin gücü çatmır, bu qarışıqlıqdan, başlı-başınalıqdan əli-qolu açılan oğrulara xəbər göndərmişdi ki, adam kişi olar... Amma oğrular onu eşitməmişdi.

Komandir bir də xəbərdarlıq etmişdi:

- Məni hövsələdən çıxarmayın!

Oğrubaşının ona göndərdiyi cavab qısa olmuşdu:

- Əlindən gələni beş qaba çək!

Bu cavabdan on-on beş gün sonra ağzından vurulmuş oğrubaşının cəsədi Lenin meydanının ortasına atılmışdı, biləyini də kəsib qoymuşdular sinəsinə. Camaat yığılmışdı meydana.

- Səni vuranın əlinə qurban olum!

- Arvad tumanı oğurlayan oğraş!

- Di gəbər!

Komandir də bir az aralıda Drakonla dayanıb tamaşa edirdi.

Rəis ona yaxınlaşıb yavaşca dedi:

- Komandir, heç olmasa bu oğraşın meyidini ataydın ermənilər tərəfə.

- Onda başqalarına görk olmazdı. Qoy camaat da bilsin kim kimdi.

- Komandir, açılmayacaq bir iş qoydun boynumuza, zəhləmi tökəcəklər.

İndi Drakon yenə hökumətin əlinə dəstəvuz vermişdi. Hökumət birinin üstünə beşini qoyub bütün şəhərə yayacaqdı ki, At Belində Olan Adamı aparıb batalyonda döyüblər, pulunu əlindən alıblar, day nə bilim nə. İndi Komandirin gözünün qabağına bu gəlirdi, yoxsa elə məmnuniyyətlə özü bunun şalvarını çıxartdırıb başına geyindirərdi. Hövsələsini basdı:

- Atın bunu bayıra!

Uşaqlar bir andaca At Belində Olan Adamı itqusdu eləyib darvazadan bayıra tulladılar.

Ömrü boyu başqalarını alçaldan və təhqir eləyən indi özü alçaldılmış və təhqir olunmuş halda “qalsın qulluğunuzda” deyib qayıtdı kabinetinə.

Komandiri yenə öskürək tutdu, hirsindən başı partlayırdı. Həmişə əsəblərini sakitləşdirmək üçün iki stəkan tünd çay içərdi. Və bu iki stəkan tünd çay təkcə onun ağrılarının səmmini almırdı, həm də yorğunluğunu çıxarırdı. Üzünü çayxana tərəfə çevirəndə gözü qoz ağacının altında dayanan və bayaqdan bəri baş verənləri çaşqınlıqla izləyən yad bir adama sataşdı, yenə özündən çıxdı...

... Olmurdu, nə qədər əlləşsə də göydən tökülən odun-alovun içində bu dəli-dolu uşaqları əsl əsgərə çevirmək, onlara hərbi nizam-intizamı aşılamaq mümkün deyildi. Buna vaxt da yox idi. Bir tərəfdən də dəfələrlə Müdafiə Nazirliyinə müraciət etsə də, uşaqlara təlim keçmək üçün batalyona peşəkar zabitlər vermirdilər. O da gedib orta məktəbdəki hərbi dərs deyən müəllimləri yalvarıb gətirmişdi batalyona. Əslində onların da çoxu mütəxəssis deyildi, sadəcə olaraq orduda olmuş adamlardı. Yenə sağ olsunlar, uşaqlara az-çox silahı söküb-yığmağı, təmizləməyi, güllə atmağı öyrədə bilirdilər.

Əvvəllər həyətə iynə atsan yerə düşməzdi. Bura özünü göstərməyə, “mən də varam” deyə özünü gözə soxmağa, uşaqlardan eşitdikləri döyüş səhnələrinin üstünə beşini də qoyub gedib orda-burda öz adlarına çıxmağa gələnlərin sayı döyüşənlərin sayından qat-qat çox olardı.

İmarət adlanan bu yer savaş başlayanadək “Qarabağ” komandasının stadionu olduğundan adamlar elə bil bir azdan başlayacaq futbola baxmağa gəlirdilər. Komandir bunun qarşısını almaq üçün çox əziyyət çəkmişdi, hətta üç-dörd dəfə bir-ikisini qapaz altına da salmışdı, yenə öht olmurdu. Darvazaya növbətçilər də qoydurmuşdu ki, heç kəsi içəri buraxmasınlar. Amma yenə görürdün çəpərdən, hasardan aşıb gələnlər var...

- Növbətçi!

Növbətçi yüyürüb gəldi:

- Eşidirəm, Komandir!

- Bunu bura kim buraxıb?!

Növbətçi qorxa-qorxa dedi:

- Bakıdan gəlib. Yurnalistdi, sizi görmək istəyir.

- Növbətçinin vəzifəsi nədi?

- Batalyonun həyətinə kənar şəxsləri buraxmamaq!

- Di get öz komandirinə de ki, səni bir sutka qubbağa salsın.

Növbətçi:

- Oldu, Komandir!

Komandir:

- Bu jurnalistlər də elə bilir bura yel əsib qoz tökülüb. Ay qardaş, bura qoz tökülmür ey, bomba tökülür, bomba. Yaxşı, gəl görüm.

Getdi çayxanaya tərəf, Yurnalist də onun ardınca. Çayxanadakılar dərhal qalxdılar, Komandir əli ilə işarə elədi ki, əyləşin, stolların birinin üstündə dominonu görüb:

- Onu yığışdırın! Kim domino oynamaq istəyirsə, getsin xarabasında oynasın. - sonra üzünü tutdu Yurnalistə;- Otur də, qolundan tutub oturadacam?

Bəlkə də həyatında ilk dəfə belə sərt qarşılanan Yurnalist özünü itirmişdi, ehtiyatla oturdu. İki çaynik çay gətirdilər, birini məxsusi Komandir üçün, birini də qonağa. Komandir əvvəl qonağa, sonra özünə çay süzdü:

- Çayını iç. Bağışla dana, limonumuz yoxdu, çölçülükdü, - dərhal da hiss elədi ki, yaxşı iş görmədi, hər halda qonaqdı və bir də bu yazığın nə günahı, gülümsəməyə çalışdı; - Fikir vermə. Günümüz belədi. Milləti əli yalın qoyublar ermənilərin qabağında aciz. Heç kimdə hövsələ qalmayıb. Xoş gəlmisən. Eşidirəm.

Yurnalistin qıvrığı bir az açıldı:

- Sizdən müsahibə almaq istəyirəm.

- Dostum, o gün bir qəhbə gəlibmiş. Qırılan oğullar qalıb bir tərəfdə, düşüb bu şəhərin küçələrinə, axtarıb harda bağlı qapı var, onu çəkib. Dünən baxırdım, deyirdi camaat qaçıb. Saçından tutub başını soxasan təzəyin içinə ki, bəs bu ermənilərin qabağını kim kəsib? Hökumət? Yoxsa sənin dədən? Kim qaçıb, ay qəhbə, hara qaçıb?! O tində gördüyün məktəbdəki uşaqları Amerikadan gətiriblər?! Olmadı də dostum, qoyun öldüyümüz yerdə ölək. Erməni bir tərəfdən, hökumət bir tərəfdən, siz də bir tərəfdən. Ə, ordan Qeyrət Dağarcığını çağırın. Hökumət yoxdu. Var ey, özləri üçündü. Hökumət hökumət olsaydı çoxdan arvad-uşağı burdan köçürərdi ki, rahat vuruşa bilək. Adam qeyrətə nə qədər boğular?! Gecə səngərdəsən, səhər gəlib görürsən qrad gəlib düşüb ev-eşiyini dağıdıb, ailəni parça-parça eləyib. Sizi ana doğub, bizi inək?! Sizinkilər uşaqdı, bizimkilər əcinnə?! Mən özüm ha məcbur eləyirəm ki, uşaqlar arvad-uşağı şəhərdən çıxarsınlar, çıxartmırlar, utanırlar. Deyirlər ayıbdı. Qrad ayıba baxmır ey! Gecə burdaydın?

- Burdaydım.

- Qradı gördün?

- Gördüm.

- Şalvarını batırmadın?

Gecə Dolu başlayanda ilk zərbədən ev necə silkələndisə, elə bildi zəlzələ oldu. Yatdığı yerdən dik atıldı, tumanpaça özünü pəncərədən bayıra tulladı. Ev sahibi isə heç nə olmamış kimi sakitcə onun özünü pəncərədən necə atmasına baxıb güldü. Əvvəlcə uşaqlarını zirzəmiyə endirdi, sonra qayıdıb onun şalvarını götürdü, düşdü həyətə və atdı üstünə:

- Ala geyin, ə! Ayıbdı. Ermənilər qəfil gələrlər, biabır olarıq!

O da titrəyə-titrəyə soruşdu:

- Bu nədi?

- Kanfetdi, ermənilər atır.

Ev sahibinin özünü belə sakit aparması da onun titrəməsini kəsə bilmədi. Ev sahibi gördü ki, yox, qonağı çox pis qorxub, havalanmaq dərəcəsindədi. Gedib bir çabba stəkan araq gətirdi:

- Ala iç! Ala, utanma. Biz də əvvəllər belə olurduq.

Arağı birbaşa çəkdi başına, soğanı da alma kimi gəmirdi. Arağın havası onu bir az toxtatdı. Amma Dolu kəsəndən sonra yenidən qayıdıb evə girməyə qorxdu, oturdu həyətdəki kötüklərin birinin üstündə:

- Bəlkə bir stəkan da...

Ev sahibi gedib bir stəkan da araq gətirdi və gülə-gülə dedi:

- Köpəyoğlunun arağı qradın dərmanıdı.

İkinci stəkandan sonra özünə gəlib soruşdu:

- Bəs bu uşaqlardan qorxmursan?

- Niyə qorxmuram? Adam deyiləm? Arvada deyirəm get kəndə, getmir, deyir səni qoyum hara gedim. Uşaqlar da deyir anamız getmirsə, biz də getmirik. İndi görürsən bu camaat nə çəkir?!

Gecəni yenidən xatırlayan Yurnalist dedi:

- Sözün düzü, bərk qorxdum.

Bu vaxt hərbi formanın içində itib-batan, əlində tutduğu tüfəngdən iki-üç qarış böyük qarayanız bir uşaq yaxınlaşıb əsgər salamı verdi:

- Yoldaş Komandir! Sıravi əsgər Qeyrət Dağarcığı sizin əmrinizlə gəlib!

- Yaxın gəl! Bilirsən bunun neçə yaşı var? On beş. Səngərdən çıxara bilmirəm. On dəfə qovmuşam, gedib görmüşəm səngərdədi. Day indi qovmuram. Gedə bilərsən.

- Oldu!- deyə Qeyrət Dağarcığı yenə əsgər salamı verib çevrilib getdi.

- Bundan yazın dana! Yoxsa, axtarıb beş-altı bağlı qapı tapıb çəkirsiniz, sonra da qəhbəşivən salırsınız ki, camaat qaçıb. Nə demək istəyirsiniz? Ermənilərə nakolka verirsiniz ki, şəhər boşdu, qorxmayın?!

- Mən o xanımın çəkdiyinə cavabdeh deyiləm.

Komandir soyumuş çayını götürüb atdı yerə, yeni bir çay süzdü, bir qurtum içdi, sonra sözünə davam elədi:

- Get də! Get o həkimi tap, o binamusdan yaz. Yaz ki, biri canını ver, biri də canını verən oğulun anasından pul istəyir. Yox, bunları yazmassan. Bilirsən gedib nə yazacaqsan?! Oğullar qalacaq qıraqda, bayaq gördüklərini yazacaqsan. Yazacaqsan ki, cəbhəçilər quldurluq edir, vəzifəliləri soyur, bir-birini qırır, çünki sənin hökumətin bunu istəyir.

Yurnalist başını buladı:

- Komandir, mən hökumət jurnalisti deyiləm. Hökumət jurnalisti olsaydım, hökumətin yanına gedərdim, bura gəlməzdim.

- Götür çayını iç. İncimə, həqiqət budu. Oturmusunuz Bakıda, burdan xəbəriniz yoxdu. İnsanlar dəli kimidilər, hər sözdən havalanırlar. Qəzetdəki adi bir yalan adama erməni gülləsindən pis dəyir. Dünən o verilişdən sonra bütün şəhər bir-birinə dəymişdi. Mən olmasam uşaqlar gedib onu studiyanın qabağında sürüyəcəkdilər. Qaldı müsahibəyə... Bilirsən dostum, müharibədə üç cürə adam var. Döyüşənlər, tank belində şəkil çəkdirənlər, bir də müsahibə verənlər. Bu boyda rayonda iki tank var, birini camaat pul yığıb alıb, Qarağacıda qəbristanlığında ermənilərin qabağın kəsib. O birini də Mütəllibov göndərib özününkülərə, guya biz nemesik. Ağ Evin qabağındadı, ordakıları qoruyur. Şəkil çəkdirənlər üçündü, istəyirsən get birini də sən çəkdir. Bizim batalyondakılar döyüşənlərdi, şəkil yerini də göstərdim. Müsahibə verənlər də Ağ Evdədilər, bilyard oynayırlar. Gecə düşən kimi də qaçırlar Bərdəyə, hələ biri qrad səsi eşitməyib. Elələri var heç Bərdədən bu tərəfə keçmir, sürücüləri gəlib ezamiyyət vərəqlərini möhürləyib gedir.

- Bunlardan xəbərim var.

- Xəbərin var, get yaz də, niyə yazmırsan? Dostum, Nitşe deyir ki...

Nitsşenin adını eşidən Yurnalist - heç özü Nitsşeni oxumamışdı, sadəcə adını eşitmişdi və bir də onu bilirdi ki, Hitlerin ən çox sevdiyi filosof olub - təəccübünü gizlədə bilmədi:

- Siz Nitşeni oxumusuz? Axı mənə dedilər sizin ali təhsiliniz yoxdu.

- Ali məktəblərdə Nitşe keçirlər ki?! Bir də sənə kim deyib ki, mənim ali təhsilim yoxdu? Var. Özü də bilirsən müəllimim kim olub?! Bəy!

- Universitetdə oxumusuz?

- Hə! Altıncı kalonda, düz il yarım Bəy mənə dərs deyib. Sonra biri Bəyin xətrinə dəydiyinə görə başını soxdum tualetə, qovdular, getdim diplomu Kalımada aldım. Nə deyirdim, hə. Qulaq as, Nitşe deyir ki, öləcəm, məni bu torpağa basdıracaqsız, sonra bu torpağı mənə görə daha çox sevəcəksiz. İndi biz nə qədər ölürük, sizlərə bu torpağı sevdirə bilmirik ki, bilmirik! Gərək bu millətin yarısı qırıla ki, bu torpağı sevəsiniz. Hələ onu da Allah bilir sevəcəksiz, ya yox! Nə isə... Bağışla, dostum, həm başım ağrıyır, həm də işim çoxdu.

Komandir soyuduğundan bir az da tündləşmiş qapqara çayı bu dəfə yerə atmadı, götürüb su kimi çəkdi başına və qalxdı ayağa.

- İndi mənə müsahibə verməyəcəksiz?

- Niyə verməyəcəm, verəcəm, dostum.

- Bəs nə vaxt?

- İnşallah. Xankəndində!- dedi Komandir və üzünü tutdu çayçıya;- O Şairi tapın, səhər buralarda sülənirdi. Qonağı təhvil verin ona.

Kənarda dayanmış Şair bir az irəli çıxdı:

- Burdayam, Komandir.

- Ayıqsan?

- Komandir, bir baş ki sərxoş deyil, kəs tulla dibindən. Zarafat eləyirəm, sənin qanununu pozub bura sərxoş gəlmək olar?

- Deyəsən, ağıllanmısan. Yaxşı, qonağı sənə tapşırıram.

- Baş üstə, Komandir. Gecə elə bizdə qalmışdı.

- Day denən taylı tayını tapıb ki! Dostum, sənə bir söz də deyim, bilməmiş olmazsan, müharibə başlayanda Səməd Vurğun yazırdı ki, bilsin ana torpaq, eşitsin Vətən, müsəlləh əsgərəm mən də bu gündən. Bəs hanı bu günün səmədvurğunları? Hanı? Hanı rəsulrzalar, süleymanrüstəmlər, qırılıblar?! Niyə gəlmirlər? O Lenin meydanında millət, Vətən deyib nənəm də bağırar! Bura gəlsinlər ey, bura! Demirəm ha gəlib silah götürüb bizə qoşulsunlar. Gəlsinlər görsünlər ölmüşük, qalmışıq. Gəlsinlər bu kəfən geyinən uşaqlarla görüşsünlər, onlara bir ürək-dirək versinlər...

Şair:

- Niyə, Komandir, gəlirlər.- dedi



və üç-dörd nəfərin adını da çəkdi.

- Aydın Məmmədovu deyirsənsə, o mənim xətrimə gəlir. Türmədə bir yerdə yatmışıq. Sağ olsun, hərdən gəlib bu uşaqların, elə də mənim başıma bir az ağıl qoyur. Qaldı o biri saydıqların, onlar buralıdılar. Bilmirəm ürəkləri yanır gəlirlər, yoxsa gəlirlər görsünlər hələ evlərinə bomba düşüb, ya yox. Yaxşı, Allah amanında, sonra görüşərik. Şair, gedin Bayatda Azərhüseynin pavilyonunda bir tikə çörək yeyin. Qoy gecə də oralarda qalsın, havayı bombaya qurban olmasın.

Şair:

- Baş üstə.



Yurnalist:

- Komandir, icazə ver, bir dəfə sizinlə döyüşə gedim.

- Yox! Sən get qələminlə vuruş, dostum! Get bu uşaqlardan yaz. Get nə istəyirsən yaz, amma kişi kimi yaz, həqiqəti yaz. O qəhbəni də görsən denən bir də buralarda fırlanmasın, yoxsa verərəm bu qız görməmiş uşaqların əlinə, çeynəyərlər.

Gedə-gedə Yurnalist Şairə deyirdi:

- Heyf, Bakıdan basa-basa bura gəldim, müsahibə vermədi.

Şair:


- Ə, sən nə tupoy adamsan,ə. Bundan da gözəl müsahibə olar?!

Pələng Komandirin bir az yumşaldığını görüb getdi ardınca:

- Komandir!

Komandir ayaq saxlamadan:

- Eşidirəm.

- Komandir! Bir qələtdi eləmişəm. Denən silahımı qaytarsınlar. Mənim də maşınım yoxdu ki, satıb silah alım.

Komandir dayandı, üz-gözündən peşmançılıq tökülən Pələngə baxdı - bu uşaqlar nə tez qocaldılar. Müharibə bu cavanları günbəgün yox, aybaay qocaldırdı. Bəxtləri gətirib onlara dəyməyən güllələr ruhlarına, sevgilərinə dəyirdi, arzularına dəyirdi. Və özləri də bilmədən sevgiləri də ölmüşdü, arzuları da, ruhları da. Bircə sabaha olan ümidləri ölməmişdi, o ümidli sabahları ölümdən qurtarmaq uğrunda vuruşurdular. Hər döyüşdən salamat çıxmalarını qənimət bilirdilər. Deyirdilər, nə yaşayırıq, nəfə yaşayırıq. Hər gün nəfə yaşayan, dünyada sabaha ümidindən və əlindəki silahdan başqa heç nəyi qalmayan bu cavanın silahını əlindən almaq çox ağır idi. Bu qocalmış cavan gecələr qız qucaqlayıb yatmırdı, silahını qucaqlayıb yatırdı. Könlünü almaq üçün əlini atıb Pələngin saçından yapışdı və mehribancasına dedi:

- Yaxşı! Sabah baxarıq! İndi ayrı bir məsələni həll elə. Həkim nə qədər pul istəmişdi?

- Min manat.

Komandir cibindəki pulları çıxarıb saydı, altmış beş manat idi, on beşini qaytarıb qoydu cibinə, əllisini verdi Pələngə:

- Ala bunu, özümüzünkülərə də de, kimdə nə var yığsınlar, göndərin. Elə verin o jurnalist aparsın.

Komandir özümüzünkülər deyəndə şəhər uşaqlarını nəzərdə tuturdu. Şəhər uşaqları müharibə başlayanadək heç də at belində olanlardan pis yaşamırdılar. Evləri-eşikləri, maşınları. Kiminin çayxanası vardı, kiminin mağazası, kiminin də restoranı. Çayxanası, dükanı olmayanların da hardan, necə qazandığı ilə maraqlanmaq da ayıb sayılırdı. Özlərini oda-közə vurub qəşəng qazanmağı da bacarırdılar, qəşəng yaşamağı da. Çoxu alver ilə məşğul idi. Moskvadan vurub Kiyevdən çıxırdılar, Kiyevdən vurub Riqadan. Son zamanlar əllərini Polşaya da uzatmışdılar. Dünyanın malını daşıyırdılar bu şəhərə. Hətta Moskvada tapılmayan şeylər də bu şəhərin bazarında tapılardı. Söz gəzirdi ki, Dünyanın Bu Ən Varlı Şəhərinin bazarında atom bombası da satılır.

Uşaqlar da zarafatla deyirdilər:

- Bombamız var ey, müştərisi olmadığından üzə çıxarmırıq.

Amma müharibə hər şeyi alt-üst elədi. Day pul qazanmaq haqqında düşünən yox idi, day restoranlarda şampan partlatmırdılar, day kimsə Moskvadan gətirdiyi “Mersedes”lə forslanmırdı. Day dünyanın malı bu şəhərə daşınmırdı. Moskvadan vurub Kiyevdən, Kiyevdən vurub Riqadan çıxan uşaqlar əllərindəkini-ovuclarındakını silah-sursata verib iki il idi oturmuşdular səngərlərdə. Kisədən yeyirdilər. Bu kisə də dibsiz deyildi.

Hökumətin bütün hədələrinə baxmayaraq, şəhərin imkanlı adamları bu könüllü batalyonlara kömək edirdilər. Amma bu qədər könüllünü yedirdib-içirtmək, silah-sursatla təmin eləmək bir şəhərin gücündə deyildi, dünyanın nə qədər varlı şəhəri olur-olsun. Əllərində ovuc-ovuc qızıl Gəncədə Şerbakın qapısında növbəyə dururdular ki, BTR cəhənnəm, bəlkə heç olmasa bir şilka ala bildilər. Dünyanın bu Ən Varlı Şəhəri Şerbakı dünyanın ən varlı generalına çevirmişdi. Qızıl su qiymətinəydi, bir pulemyota bir ovuc qızıl verirdilər. Bu şəhərə bir avtomat gətirib bir maşın aparmaq olardı. Evlərdə gəbə-xəli qalmamışdı - bir ov tüfəngini, lap təklülə olsun, bir xalçaya dəyişirdilər. Bir kisə patron ver, bir gəbəni götür get. Bu bostanı uralamaq üçün hər yerdən tökülüb gəlirdilər, hətta Gürcüstandan belə. Maşın-maşın, özü də insafsızcasına daşıyırdılar. Daşıyırdılar Dünyanın Ən Varlı Şəhərinin var-dövlətini Tanrı bilmirdilər, peyğəmbər bilmirdilər, soğan kimi soyurdular Dünyanın Ən Varlı Şəhərini.

Bu camaat həm soyulurdu, həm qırılırdı, həm də lağ yeriydi:

- Nə oldu, ə! Yekə-yekə danışırdız?! İndi ermənilərlə bacarmırsız!

Soyulmağa, qırılmağa birtəhər dözmək olurdu, amma bu lağa yox. Bu lağ camaata erməni gülləsindən pis dəyirdi.

Başqa bölgələrdən qeyrətə boğulub gələn könüllülərdən savayı, xalqın çoxu bu müharibəyə Ermənistanın Azərbaycana müharibəsi kimi deyil, Ermənistanın Dünyanın Ən Varlı Şəhəri ilə müharibəsi kimi baxırdı.

Və indi Komandir çox gözəl bilirdi ki, özününkülər də daha əvvəlki kimi deyil, çoxu quru yurdda qalıb, şillə ilə üz qızardırlar, amma başqa çarəsi də yoxuydu. Gəlmə könüllülərdən pul istəmək ayıb olardı, onsuz da kasıb-kusub uşaqlarıydılar. Onlara da kimsə silah bağışlamamışdı. Onlar da əllərindəkini-ovuclarındakını satıb almışdılar bu silahları. Vəziyyəti yaxşı bildiklərindən hətta son zamanlar yemək-içməklərini də özləri ilə gətirirdilər ki, yerli camaatın boğazına şərik çıxmasınlar.

Komandir də buna çox pərt olurdu:

- Adam xəcalət çəkir. Həm gəl burda vuruş öl, həm də yeməyini özünlə gətir.

Komandir gəlmə könüllülərin çoxunu bir az imkanlı ailələrə qonaq vermişdi. Onlar da bu könüllüləri öz balalarından ayırmırdılar:

- Qeyrətinizə qurban olaq!

Komandir pulu Pələngə verəndən sonra aralandı. Amma üç-dörd addım atandan sonra nə fikirləşdisə dayandı:

- Bura gəl! - barmağındakı nişan üzüyünü də çıxarıb verdi Pələngə. - Birdən çatmaz, bunu da qoy üstünə.

***


At Belində Olan Adam kabinetinə girən kimi gördü Katibin telefonu yaxasını cırır, yüyürüb dəstəyi qaldırdı:

- Eşidirəm, yoldaş Katib!


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə