Aqil abbas



Yüklə 0,61 Mb.
səhifə4/8
tarix20.10.2017
ölçüsü0,61 Mb.
#6097
növüYazı
1   2   3   4   5   6   7   8

- Mən ölüm?!

Komandir:

- Sən niyə ölürsən, ə, ölsün səni istəməyənlər. Bəs Ağ Evdə nə deyirlər?

Başqa yerlərdə Ağ Ev partiya komitələrinin binalarına deyirdilər - bu şəhərdə isə Qonaq evinə. Bakıdan ermənilərin qabağını almaq üçün yox, camaatın başının altına yastıq qoymaq məqsədilə göndərilən bütün yüksək vəzifəlilər də, yaxın, ya uzaq rayonlardan kömək adıyla, əslində yüksək vəzifəlilərə yarınmağa gələn rəhbərlər də bura yığışırdı. Bu Ağ Ev ikinci Mərkəzi Komitəyə çevrilmişdi. Sadəcə olaraq bu ikinci Mərkəzi Komitəni ölkənin Birincisi yox, elə İkincisi idarə eləyirdi. “05” nömrəli maşınların biri girirdi, biri çıxırdı. Alabəzək telefonlar susmurdu. Həyət də həmişə sabahkı toya hazırlaşan bəy evinə oxşayırdı.

Ağ Evin Eşikağası da əlində bir topa açar oturmuşdu pilləkanın yanında, qabağında da pürrəngi çay, elə yorğun-arğın bir görkəmi vardı ki, sanki ölkənin bütün problemlərindən bu sorumluydu.

- Ağcabədidən turac göndəriblər, neyləyək?

- Verin aşağıda arvadlar təmizləsinlər.

- Şəmkirdən konyak göndəriblər.

- Ay uşaq, qoyun zirzəmiyə.

- Salyandan gəlmişəm, katib ikra göndərib.

- Qalxın, qoyun soyuducuya.

- Bu cəmdəkləri neyləyək?

- Ə, nə bilim neynəyəsiniz, verin aşpaza da.

Eşikağası da hərdən bir vaxt tapıb təzə “06”-sında çayxanaya da gəlirdi, topa açar da əlindən düşməzdi:

- Vallah, yorulmuşam. Billah, yorulmuşam. Hər şey tökülüb mənim üstümə, mən yetim neyləyim? O gün Polyaniçkoya da deyirəm, Viktor Petroviç, Allahınız olsun, heç olmazsa mənə bir həftə vaxt verin dincəlim. Deyir nə danışırsan, sən olmasan biz batarıq.

Lotular da sözlərindən qalmırdılar:

- Doğrudan da, sənin işin çox çətindi. Biri vedrə istəyir, biri qorşok, biri sabun.

Həyət qazan kimi qaynayırdı. Kənardan baxana elə gəlirdi ki, hökumətin başbilənləri bu qaynar qazanda Qarabağ məsələsini həll edirlər.

Bura həm də dünyada nə baş verdiyindən xəbərsiz camaatın dünyadan xəbər tutma yeriydi. Darvazanın ağzı dolu olurdu. Şikayətə gələnlər, qaçqını, qaçqın olmayanı, uşağı əsir düşən, evini Dolu vuran, yardım istəyən. Bir də şəhərə yolu düşmüşkən kəndə xoş bir xəbər aparmaq istəyənlər - kimi axtarsan burda tapardın. Qapıdakı növbətçilər də eşitdiklərinin üstünə beşini də qoyurdu:

- Polyaniçko gecə burdaydı. Kişi adamdı. Dedi az qalıb, bu gün-sabahlıqdı, Moskva bizim tərəfimizdədi.

- Gecə yoldaş Mütəllibov selektirni müşavirə keçirirdi. Bayaviklərin anasını ağladacaqlar.

- Müdafiə naziri deyir təzə tanklar almışıq. Budey bundan.

Darvazanın ağzındakı tankı göstərirdilər.

- Qorbaçov Aqambekyana deyib, von atsuda...

- Raisa ermənilərin üzüyünü çırpıb təpələrinə...

- ...

Kənddən gələnlər də burda eşitdiklərinin üstünə beşini qoyub danışmaq üçün sevinə-sevinə dönürdülər kəndə, şəhərdən gələnlər də çayxanalara.



- Polyaniçko gecə gəlibmiş. Deyib ki, az qalıb. Moskva bizim tərəfimizdədi.

- Mütəllibov gecə selektirni müşavirə keçirib. On-on beş günə bayaviklərin şalvarını çıxaracaqlar.

-Qorbaçov Aqambekyana var-yox söyüşü edib.

- Şerbakdan təzə tanklar almışıq.

- Əlisaab müəllim Təşkilat Komitəsində Paqosyanı eşşək kimi döyüb.

- Polyaniçko Zori Balayanı Stepanakertdən it kimi qovub.

Bir mərəkə də Ağ Evlə üzbəüz Çayxanaydı. Bura da Bakıdan gələnlərlə - gələcək mərkəzikomitəçilərlə dolu olurdu. Anadilçilər, çənlibelçilər, yurdçular, cəbhəçilər, bozqurdlar, demokratlar, sosial demokratlar.

Hər tirə də şəhərin say-saytal oğullarından birini yanlayırdı. Hərdən də boş-bekar, işə-gücə yaramayan adamları Lenin meydanına yığıb mikrofon üstə dalaşa-dalaşa bir az Bakıdakı hökumətə, bir az yerli hökumətə, bir az da ermənilərə söyür, axırda da yumruqlarını havaya qaldırıb:

- Bərk durun, biz burdayıq! - deyib dağılışırdılar.

Komandir hər dəfə bu Çayxananın önündən keçəndə əsəbləşirdi:

- Bu şəhəri Sovet hökuməti dağıda bilmədi, amma Bakıdan gələn bu uşaqlar dağıdacaq.

Bir dəfə maşından düşüb girmişdi çayxanaya:

- Ə, burda nə sülənirsiniz?! Ya silah götürün qoşulun bu camaata, ya da ... gedin, qoyun öldüyümüz yerdə ölək. Yoxsa bir gün sizi maşına basıb aparıb tökəcəm Qarqarda erməninin qabağına.

Elçibəyə də zəng eləmişdi:

- Bəy!

Bu uşaqları burdan yığışdır! Gəlib bu şəhərdə oyun oynayırlar, camaatı parçalayırlar.



Amma bu Bəylik də deyildi. Bəy yaxasını cırsa da xeyiri yox idi. Çünki Bəyin də xəbəri olmayan ssenaridə belə yazılmışdı.

Bakıdan gələn vəzifəsizlər Çayxanada öz keflərindəydilər, Bakıdan gələn vəzifəlilər də Ağ Evdə.

Saunada yorğunluqlarını çıxarıb dincələndən sonra, Şəmkir konyakından bala-bala vurub, bilyard masasının arxasında gözəl-gözəl qeybət eləməklə məşğul idilər. Kimini vəzifəyə gətirir, kimini vəzifədən götürür, kiminə də torba tikirdilər. Babat vurandan sonra hətta bəziləri özlərində cəsarət tapıb hökuməti də, partiyanı da söyürdü. Çünki bu hökumət, bu partiya elə bu bədbəxtləri də bədbəxt günə qoymuşdu. Əllərinə heç bir səlahiyyət verməyib basmışdılar millətin bu söyüş-qarğış yerinə, üzü tüpürcəkli eləmişdilər.

Ən çox söyən də Səhiyyə Nazirinin Müaviniydi:

- Belə getsə, bu xalq bizi paza keçirəcək.

Birincinin Daimi Nümayəndəsi:

- Sizi bilmirəm, mən day bu camaata yalan danışmaqdan yorulmuşam. Xəcalət çəkirəm.

Öz aralarında belə danışsalar da mitinqlərdə cəbhəçilərə də aman vermirdilər - birini cəbhəçilər deyəndə, beşini də onlar deyirdi. Elə çıxışlar eləyirdilər ki, sanki hökumət Xankəndini azad etmişdi, indi də Zəngəzuru təmizləyirdi.

Bu Bakıdan tökülüb gələn və bir yaralı barmağa da işəməyə qabiliyyətləri və səlahiyyətləri olmayanlar Katibi də boğaza yığmışdılar.

- Ay qardaşlar! Ay mənim canım-gözüm, əzizlərim! Bura niyə yığılmısınız? Bir yaralı barmağa da işəmirsiniz!

- Niyə?! Bəs bu yardımlar nədi?!

Katibin ən zəhləsi gedən şey vardısa elə bu yardımlar idi. Yardım gələndə az qala havalanırdı. Bir də görürdün qabaqlarına Birincinin Hollivudun kino ulduzlarına oxşayan, qırmızı qalstuklu şəkli vurulmuş dörd-beş maşın zurna-qavalla girdi hər küçədə bir sütül oğlanın yası olan şəhərə. Gəlib dayanırdılar Lenin meydanında. Yardım gətirənlər Leninin çoxdan yuyulmadığından kir-pas basmış heykəlinin altında bir-iki nitq irad edib, Birincini o ki var öyür, salamını da camaata çatdırandan sonra yardımpaylama mərasimi başlanırdı - undan, kartof-soğandan, yemiş-qarpızdan. Ermənilərin yandırdığı kəndlərdən qaçıb bu şəhərə pənah gətirənlər, artıq Dünyanın Ən Varlı Şəhərindən ən kasıb şəhərinə çevrilməkdə olan bu şəhərin öz imkansızları tökülürdü meydana. Bir mərəkə qopurdu, insanlar insanlıqlarını itirirdilər. Lap yaxın günlərədək mal-mülk sahibi olmuş adamlar bir kisə unun üstə yumruq davasına çıxırdı. Dünənədək adi bir söyüşə görə adam öldürülən şəhərdə söyüşün biri bir qəpik, nə ağsaqqala baxan olurdu, nə arvad-uşağa.

Katib insanların bu qədər alçaldılmasına və alçalmasına dözə bilmirdi. Pəncərədən bu müdhiş səhnəni seyr edəndə bəzən gördüyü mənzərənin təsirindən özünü saxlaya bilməyib uşaq kimi ağlayırdı. Axırda yardımın meydanda paylanmasına qadağa qoydu. Tapşırdı ki, o zurna-qavalı yığışdırsınlar, gələn yardımları şəhər ticarət idarəsinin anbarına təhvil versinlər, ordan da birbaşa göndərsinlər erməni mühasirəsində olan kəndlərə:

- Mənə heç kəsin yardımı lazım deyil. Bu şəhər hələ ölməyib.

Amma şəhər ölürdü.

Bu da həm Bakıdakıların, həm də Ağ Evdəki vəzifəlilərin xoşuna getmədi, mübahisə düşdü.

Amma Katib geri çəkilmədi:

- Camaatı dilənçi kökünə salmısınız, indi də qarpız paylamaqla öyünürsünüz. Bu camaata qarpız lazım deyil, bu camaata patron lazımdı, avtomat lazımdı, arvad-uşağı qorusun.

Və Katib o qədər boğaza yığılmışdı ki, hətta bir neçə dəfə yuxarıya zəng edib ağzına gələni demişdi:

- Mən bilmirəm bu bədbəxt camaatı yola verim, ermənilərlə vuruşum, yoxsa göndərdiyiniz bu nazirlərə qulluq eləyim.

Yuxarıdan da demişdilər:

- Cəbhəçilər kimi danışırsan. Səni orda oturdublar ki, sekanın sözünü deyəsən, cəbhəçilərin yox.

- Burda cəbhəçi yoxdu. Burda yalın əllə torpağını qoruyan camaat var. Heç bilmirlər Xalq Cəbhəsi nə deməkdi, özləri də bombanın altında yaşayırlar.

- Bilirik, səni o Naxçıvandakı danışdırır, onun kadrısan. Şükür elə ki, hələ səni vəzifədə saxlayırıq.

- Onun çörəyini siz məndən çox yemisiniz. Darıxmayın, gildir-gildir burnunuzdan gələcək. Özü də məni vəzifəylə hədələməyin. Bura mənim şəhərimdi, bu qırılan camaat da mənim camaatımdı. Tabut düzəltməyə taxta da tapmıram. Tüpürüm sizin vəzifənizə. İşdən çıxararsınız, əlimə bir avtomat götürüb gedib oturaram camaatımın içində. Siz qorxun! Darıxmayın, belə getsə bu millət sizi dənizə tökəcək!

Bütün bunlar haqqında Birinciyə məlumat vermişdilər, üstünə də bir az qoymuşdular.

- Yoldaş Mütəllibov, O heç kimi saymır. Həftə səkkiz-mən doqquz Naxçıvandadı. Öz camaatı çörək tapmır, Naxçıvana un göndərir.

Birinci:


- Arı pətəyinə çöp uzatmayın. Onsuz da o şəhər qaynayır, daşsa çətin olacaq. Qoyun hələ işləsin. Sonra bir şey fikirləşərik...

- Əlində neçə dənə könüllü batalyon var, özünü general kimi aparır.

- Viktor Petroviç adam yerinə qoymur.

- Elə danışır elə bil şəhər ona dədəsindən qalıb.

- Zəng eləyirik ya telefonu götürmür, götürəndə də, gözünü yumub ağzını açır.

Birinci:


- Camaatı qalıdırın üstünə.

- Öz camaatıdı.

- Boş-boş danışmayın, öz camaatı, özgə camaatı. Bir az maaşlarını gecikdirin, yanağacağın azaldın, görün öz camaatı onun başına nə oyun açır. Bəs ora it ilxısı qədər adam göndərmişəm, nə ilə məşğuldurlar? Gəlmə-yerli davası salın, nə qələt eləyirsiniz eləyin.

Sonra DTK-nın sədrini çağırmışdı:

- Sənin bu cəbhəçilərin içində agentlərin yoxdu?!

- Var Ayaz Niyazoviç.

- Bəs niyə göndərmirsən o şəhərə? Bu boyda respublika qalıb bir şəhərin əlində. Göndər, qoy canları çıxsın, o şəhəri dağıtsınlar.

- Baş üstə! Böyüklərindən birini vurduraram.

- Yox, elə olmaz. Sən necə keqebeşniksən?! İşi elə qur ki, özləri bir-birin vursunlar.

- O da baş üstə!

... Birincinin tapşırığı elə həmin gecə yerinə yetirildi. Ali Sovetin iclasından çıxıb Dünyanın Ən Varlı Şəhərinə qayıtmaq istəyən xalq deputatı Eldar Bağırovu 9-cu mikrorayonda maşınında vurdular.

Hadisədən beşcə dəqiqə keçməmiş Respublika Prokurorluğu rəsmi məlumat yayımladı ki, deputat Eldar Bağırovu Dünyanın Ən Varlı Şəhərinin könüllü batalyonlarından birinin komandiri Yavər vurub...

... Şelli Eldar Ağ Evdə olmuşdu və həmişə eşitdiyi sözləri yenə eşitmişdi:

- Bir az da dözün...

... - Boş şeydi, Komandir. Orda adam yoxdu, bircə o Səhiyyə Nazirinin Müavinindən başqa. O gün gəlmişdi kəndə. Məni çəkdi bir kənara, on min manat pul çıxartdı ki, bunu payla uşaqlara. Almırdım, yalvardı, dedi ki, ay qardaş, mənim də gücüm buna çatır, bizdən də bir şey gözləməyin, özünüz başınıza bir çarə qılın. Bir az da dava-dərman gətirmişdi. Bu gün yenə getmişdim, deyirəm camaat qırılır, deyirlər ki, Mütəllibov Maskvayla danışıb, bu gün-sabah ruslar Yerevanı bombalayacaq. Bunlar elə bilir biz qoyunuq. Bərk dirənəndə də deyirlər ki, get Katibdən istə. Deyirəm Katibin topu var, tüfəngi var, tankı var? Katib müdafiə naziridi? Az-çox yenə nə əl tutursa, sağ olsun.

Komandir bir siqaret yandırdı, birini də ona uzatdı.

- Çəkmirəm, dərd qoyur ki, ayrı şey çəkək.

- Müdafiə naziri orda yox idi?

- Ondan nazir olar?! Alkaşın biridi, hələ onu ayıq görən olmayıb. Gör o gün başımıza nə gəlib. Bu yaxınlarda Goranboyun katibi bir az yardım gətirmişdi. Dedim, əmoğlu, bizə ərzaq lazım deyil, patron lazımdı. Dedi, qardaş, vallah, elə biz də siz gündəyik, amma çalışaram bir şey tapım. Sağ olsun, kişi adammış, gedən kimi bir buluddağıdan top göndərmişdi. Əsgəranda ermənilərin bir beteeri var, bizi yığıb boğaza. Sənin dediyin o nazir özü gəlmişdi, iki nəfər də topçu gətirmişdi, guya beteeri vuracaqdılar. Bizim Qarağacıdakı su qülləsini vurdular. Camaat boğurdu, əllərindən zorla aldım. Bunlar bu ölkəni dağıdacaqlar, bizi də boş yerə qırdırırlar, körpə-körpə uşaqlar hayıf olur. Elə bil bu millətin qəsdinə durublar.

- Möhkəm ol. Sənki ruhdan düşən oğlan deyilsən.

- Nə qədər ruhla yaşamaq olar? Ruhu topa qoyub atmaq olmur ey! Lənkərandan beş-altı könüllü gəlib, cavan uşaqlardı, od-alovdular. Srağagün ikisini vurdular. Biri lap uşağıydı, qucağımda öldü. Can verəndə deyirdi, dayı, qoyma ölüm. Buna hansı köpəyoğlu dözər?! Atası kişi adammış. Meyidi aparmadı. Dedi, şəhid harda ölübsə, orda da dəfn olunmalıdı, oğlum bu şəhərdə ölüb, burda da dəfn eləyin. Dünən basdırdıq. Heç yas vermək üçün rayona da qayıtmadı, oğlunun tüfəngini götürüb oturub səngərdə. Nə isə! Səni də yordum. Sənin günün mənimkindən yaxşı deyil ha. Bəlkə gedək kəndə, uşaqlar səni görüb bir az ürəklənsinlər.

- Qalsın ayrı vaxta. Drakonu axtarıram, görməmisən?

- Mən bayaq şəhərə gedəndə Qozlu bağ tərəfə keçdi. Nahaq o namərdə görə Drakonun xətrinə dəymisən. Gərək qoyaydın şalvarını çıxarıb keçirəydi başına. Namərd oğlu namərd. O gün bizim uşaqlar gedib qarajından bir az pulsuz benzin götürmüşdülər, zavqarı döyüb öldürürmüş. İstədim gedib idarənin ortasında salım təpiyin altına, dedim, lənət şeytana, onsuz da adımıza yüz söz çıxarırlar.

Qucaqlaşıb ayrıldılar. Komandir maşına minəndə dedi:

- Sabah uşaqları göndər, dediklərimi verim.

Komandir getdi Qozlu bağa, amma Drakonu tapa bilmədi.

Bufetçi:

- Komandir, heç çörək də yemədi. Odur ey, arağı da qalıb stolun üstə. Burda ermənistanlı uşaqlar çörək yeyirdilər, onlarla getdi. Amma hara getdilər, onu bilmirəm.

***

At Belində Olan Adam telefonu götürüb Rəisi yığdı. Xoş-beşdən, hal-əhvaldan sonra dedi:



- Rəis, sənə indiyədək bir ətək pul vermişəm?

Söz Rəisin xətrinə dəydi:

- Dədəyin pulunu vermisən?

- Yaxşı, yaxşı, hirslənmə, qulaq as. Yəqin ki, bugünki hadisəni eşitmisən.

Rəis özünü bilməməzliyə vurdu:

- Gündə yüz hadisə olur, hansını deyirsən?

- Sənin agenturan keqebenkindən yaxşı işləyir. Bilirsən nəyi deyirəm.

- Eşitmişəm.

- Onu soxdur kepezeyə, eşşək kimi döydür. Özüm ölüm, sənə Bakıda üçotaqlı ev almayan kişi deyil.

- Ə, başına at təpib, Drakonu kepezeyə soxmaq olar? İstəyirsən mənim şalvarımı çıxarsınlar?! Hələ sağ olsunlar ki, onlar bizi kepezeyə salmayıblar.

- Onda gəl başqa cür danışaq.

- Buyur.


- Rəis, Ətağa cəddi, günü sabah səni Gəncəyə rəis göndərtməyən alçaq oğlu alçaqdı. Bakıda da üçotaqlı ev öz yerində. Ürəyindən ayrı nə keçir, ona da hazıram.

- Nə belə səxavətli olmusan, ə? Sonra?

- Rəis, heç kim bilməsə də mən sənin gücünə bələdəm. Əlinin altında üç-dörd yüz milisionerin var. Pristupnu mir də səni yaxşı tanıyır.

- Sözünü de.

- Bax, yenə deyirəm. Bakıda üçotaqlı ev, Gəncəyə rəis, bir diplomat da pul.

- Bunu demisən, sözünü de.

- Onu atdır!

Elə bil rəisi ildırım vurdu:

- Oğrac özünsən! Bütün nəslindi! Binamus oğlu binamus!- dedi və telefonun dəstəyini necə yerinə çırpdısa, dəstək ortadan qırıldı, əlini də yaraladı; - Göpəyoğlu! Ona görə erməni anamızı...

Dalbadal üçüncü zərbəni alan At Belində Olan Adam da dəstəyi tulladı:

- Buna bax ey, qudurub. Elə bil kisəynən pul verdiyim adam deyil. Eybi yox, altda qalanın canı çıxsın. Səni uvolit elətdirib bu rayondan it kimi qovdurmasam mən də mən deyiləm!

***


İkinci saunada yayxınmışdı, əlində də bir bardaq “Əsgəran” pivəsi:

- Bu erməni it uşaqları pivə bişirməyi bacarır də. Çex pivəsinin adı var, bizim pivələrin dadı , - dedi və pivədən bir az tökdü daşların üstə, bir anda içərini pivənin dadlı qoxusu bürüdü, - Bəh, bəh, bəh! Hə, indi de görüm işlər necə gedir?

- Viktor Petroviç, şəhərdə vəziyyət çox pisdi, başlı başını saxlasındı. Katib cəbhəçilərlə oturub-durur, əl altdan onları silahlandırır. Bir ayağı da Naxçıvandadı. Elə bu gün mənə Şerbakdan yüz min manatlıq silah aldırıb gətirdib. Rəis də cinayətkarların hamısını yığıb qoltuğunun altına. Keqebe də onlara işləyir. Bakıdan, Şəkidən hardan oldu erməni tapdırıb gətirir, verir cəbhəçilərə. Bu dəqiqə cəbhəçilərin zirzəmisinidə altı-yeddi erməni var. Özü də deyəsən biri də Şaumyankəndin ya katibidi, ya da qardaşı.

İkinci süpürgəni verdi ona:

- Döy görüm.

At Belində Olan Adam süpürgəni saldı soyuq suya, sudan bir az çilədi İkincinin kürəyinə, başladı döyəcləməyə.

Süpürgənin ləzzətindən İkinci bir az da xoşallandı:

- Bir az bərk vur. Ayaqlarımın altına döy. Hə, bax belə. Bir az da bərk. Az qalıb, bu gün-sabah katibi o məsələ. Birinciylə danışmışam. Amma deyir elə edin ki, cəbhəçilər özləri qovsunlar.

- Dedim axı, cəbhəçilər onu qovmaz. Yerli adamdı, qohum-əqrəbası da çoxdu, böyük nəsildilər.

- O daşların üstünə bir az da pivə at. Hə, yaxşıdı. Şantaj eləyin. İndi nazirlərlə də ayrı-ayrı danışacam. İşləmək lazımdı, işləmək. Onların silahı var, sizin də pulunuz. Pul silahdan yüz dəfə güclüdü. Puldan tökün, özlərini özlərinə qırdırın.

At Belində Olan Adamın əlinə Rəisin torbasını tikmək üçün yaxşı fürsət düşmüşdü:

- Bu gün bir cəbhəçi üstümə avtomat çəkib məni öldürürdü. Rəisə dedim, tədbir görmək əvəzinə məni küçə söyüşləriylə təhqir elədi. Milisin avtomatlarının yarısı cəbhəçilərin əlindədi. Bu müharibə başlayandan qoşulub onlara. Cəbhəçiləri yığıb doldurub milis batalyonuna. Nə qədər o burdadı, bu cəbhəçilər meydan sulayacaq, Allah hələ axırını xeyir eləsin.

- Yaxşı, indi məşğul olaram.

İkinci girdi hovuza, bütün yorğunluğunu tökdü hovuzun biz kimi suyuna, təzədən doğuldu, hovuzdan çıxıb qurulandı, keçdi salona. Süfrə hazır idi. Nazirlər, nazir müavinləri onu gözləyirdilər, heç kim əlini süfrəyə uzatmamışdı. Saunanın havasından pörtmüş sifətindən qan damırdı. Dəsmalla alnında puçurlamış tər damlalarını sildi, məclisə bir nəzər saldı, Katibi görməyib soruşdu:

- Katib hanı?

Səhiyyə Nazirinin Müavini:

- Getdi Gülablıya. Deyirlər ermənilər orda yaman fəallaşıblar.

- Bilmirdi gələcəm?

- Demişdik.

İkinci hirsləndi:

- Bu lap qudurub! Sukinsın!

Süfrəyə mürəbbə düzən Çayçı əl saxladı, bunu bütün şəhər üçün söyüş bildi - bu camaatın bir xasiyyəti vardı, hətta sevmədikləri bir həmyerlilərini də başqası söyərdisə qəbul etməzdilər, bunu özlərinə sığışdırmazdılar:

- Xahiş edirəm, bizim Katibi təhqir eləməyin.

Hələ indiyədək ağzından bir dəfə də olsun “bəli”, “xeyr”dən başqa ayrı bir kəlmə eşitmədikləri Çayçının bu sözləri məclisdəkilərin hamısını şaşırtdı,təəccüblə bir-birlərinə baxdılar.

Elə İkincinin özü də gözləmədiyi bu sözlərdən hirslənməkdən daha çox təəccübləndi:

- Nə dedin?

- Heç. Dedim ki, xahiş edirəm bizim Katibi təhqir eləməyin.

İkinci necə bağırdısa, bayırdakılar da bu bağırtını eşitdilər və elə bildilər içəridə nə isə oldu.

- Rədd oool!

Çayçı indicə İkincinin qabağına qoyduğu çayı götürdü:

- Baş üstə! Onda çayınızı özünüz tökərsiniz. - dedi və salondan çıxdı, çıxarkən də əlindəki stəkanı qapının ağzında dayanmış At Belində Olan Adama verdi; - Ala!

İkincini elə bil ilan vurmuşdu, yerində qıvrılırdı:

- Allahın çayçısı da qudurub. Tək bu yox ey, bütün şəhər qudurub. Hamısını da o katib qudurdub. Mən onu yerində oturdaram. - üzünü tutdu Müdafiə Nazirinə; - Bu sukinsının əlinə bir qundağı qırıq təklülə ver, bas səngərə. Burda artıq-urtuq yeməkdən porsuğa dönüb. Deyin o Rəisi bura çağırsınlar.

Heç kəs əlini çörəyə uzatmırdı, hamının iştahı küsmüşdü. İkinci də qarşısındakı yeməyi kənara itələdi:

- Nu davay, indi məlumat verin görək vəziyyət necədi?

Səhiyyə Nazirinin Müavini:

- Yaxşı deyil, Viktor Petroviç. O boyda Təşkilat Komitəsi Stepanakertdə niyə oturub? Ermənilər gündə bir kənd yandırır. Bu şəhərdə salamat ev qalmayıb. Hər gün Ermənistandan maşın-maşın bayavik göndərirlər. Deyirlər hələ aralarında zəncilər də var.

- Mən ordakı vəziyyəti soruşmadım. Siz mənə burdan danışın.

- Mən də elə burdakı vəziyyəti deyirəm. Burdakı vəziyyət ordan asılıdı. Oranı düzəltmək lazımdı...

İkinci onun sözünü kəsdi:

- Dedim ki, burdan danışın. Bu boyda hökumət oturmusunuz burda, əlinizdə milis, ordu, prokuror. Şəhəri oğrular, quldurlar idarə edir. Hakimiyyəti əldən vermisiniz. Sizi bura nəyə göndəriblər?

Səhiyyə Nazirinin Müavini gördü ki, heç kəs başını ağrıtmaq istəmir, yenə özünü verdi İkincinin gülləsinin qabağına:

-Viktor Petroviç, burda oğru-quldur yoxdu, arvad-uşağını, ev-eşiyini qorumaq istəyən camaat var, hər gün də qırılırlar. Ermənilərin tankı, topu, qradı, bəs bu camaatın nəyi var?! Berdenkayla vuruşurlar. Yaralılara dərman da çatdırmaq olmur. Camaat adamın üzünə tüpürür. Elə gecə olmur ki, şəhəri qrada tutmasınlar.

- Bir az çox şişirdirsən. Neçə saatdı burdayam, hanı qrad, hanı top?

- Sizin xətrinizə atmırlar. Siz Əsgəranı üzü yuxarı keçən kimi başlayacaqlar.

Söz İkincini tərs şapalaq kimi tutdu:

- İkibaşlı danışma.

Səhiyyə Nazirinin Müavini geri çəkilmədi:

- Siz soruşdunuz, mən də olanı dedim.

İkinci gördü nazir müavini üzə dirənib, daha dərinə getmədi, üzünü tutdu Müdafiə Nazirinə:

- Hanı sənin qoşunun?

Müdafiə Naziri qalxdı ayağa:

- Mənim qoşunum var? O burnu fırtılıqlı uşaqları deyirsiniz? Onlardan qoşun olar? Qoşunu yığıblar Bakıya. Heç bilmirəm mənim vəzifəm torpağı qorumaqdı, yoxsa Mərkəzi Komitəni?! Səhiyyə Nazirinin Müavini düz deyir, camaat üzümüzə tüpürür. Yer yarılsa, yerə girərəm.

- Niyə girmirsən? Gir də!

- Yarılmır axı.

- Mən yararam.

- Necə məsləhətinizdi.

Bu hadisələrin hansı sonluqla bitə biləcəyindən heç özlərinin də xəbəri olmayan bu vəzifəlilər də bezmişdilər hər şeydən, axı bu millətə nə qədər yalan danışmaq olar? Axı bu milləti nə qədər aldatmaq olar? Camaat üzlərinə deyirdi ki, siz ermənidən pissiniz.

Bu yazıqlar ermənidən pis deyildilər, onları ermənidən pis eləyən əllərindən buraxmağa qorxduqları vəzifələriydi. Onları yığmışdılar bir vəzifə torbasının içinə, ağzını da bağlamışdılar, çıxa bilmirdilər bu torbadan. Partlaya-partlaya qalmışdılar bu torbanın içində. Və dözməyib bu torbadan çıxmaq istəyənlər olurdu. Amma bu torbadan çıxmaq istəyənlərə elə bir başqa torba tikirdilər ki, bu torba o torbanın yanında muştuluq olurdu. Bu torba Bayılın divarları kimi çox möhkəm idi, sökmək mümkün deyildi. Amma hərdən Bayıldakı torbanı gözləri altına almayıb belə yığcam iclaslarda ürəklərini boşaldanlar da olurdu. Və bəzən də bu ürəkboşaltmalar onlara baha-başa gəlirdi. Belə iclasların birində İkincinin üzünə ağ olub ürəyini boşaldan bir prokuror səhərisi günü Xankəndinə Təşkilat Komitəsinə çağırılmışdı və Komitənin qabağındaca ermənilər onu girov götürmüşdülər.

Hökumət bütün torpedaları işə salsa da bir xeyri olmamışdı. Katib görmüşdü hökumətin əlindən bir şey gəlmir, Komandirdən xahiş eləmişdi ki, bu işə qarışsın. Komandir elə həmin gün Drakonla Pələngi göndərmişdi Xankəndinə. Onlar da ermənilərin liderlərindən birini gecə evindən oğurlayıb gətirmişdilər, soxmuşdular zirzəmiyə. İkinci nə qədər çığırıb-bağırsa da xeyri olmamışdı.

Komandir xəbər göndərmişdi:

- Ona deyin, proletariatın inqilabda itirəcəyi bircə zənciridi, onu da biz çoxdan itirmişik. Bağırmasın, yoxsa onun özünü də oğurlayarıq.

İkinci görmüşdü bu həna o hənadan d

eyil barışmalı olmuşdu. Bundan sonra Komandir gətirdikləri ermənini prokurorla dəyişmişdi. İkinci də hökumətin şər maşınını işə salmışdı.

- Cəbhəçilər prokuroru Salatın Əsgərovanın qatili ilə dəyişiblər.

- Deyirlər prokurorun oğlundan kalan pul alıblar.

- Ay namərdlər!

İkincinin tapşırığı ilə qəzetlər bu şayiəni bütün ölkəyə yaymışdı.

Amma Komandir “Qur’an” götürüb camaatın üstünə getməmişdi: “Kimin nə danışdığı mənə maraqlı deyil, özüm ki bilirəm nə var, nə yox”. Heç qəzetlərə də cavab verməmişdi, bilirdi ki, onsuz da cavabını çap etməyəcəklər. Bircə Salatının anasına xəbər göndərmişdi ki, ay ana, belə şeylərə inanma. Salatının anası da demişdi ki, ay oğul, mən heç əvvəldən inanmamışdım.

İkinci Müdafiə Nazirinin ağzından vurdu:

- Sənin araqdan başın açılır ki, yerə girəsən, yoxsa göyə çıxasan?!

- Mənim içməyim hökumətə sərf edir. Yoxsa elə bu burnufırtılıqlı uşaqlarla Stepanakerti şumlayaram. İnanmırsınız, çəkilin kənara, görün şumlayıram, ya yox.

İkinci:

- Səhər nə yemisiniz belə? Hamınız bülbül kimi ötürsünüz.



Bir nəfər içəri daxil olub dedi:

- Viktor Petroviç, rəis gəlib.

-Gəlsin içəri.

Salona girən Rəis qapının ağzında dayanmış At Belində Olan Adamı görəndə dalağı sancdı, amma özünü onda qoymadı, istehzayla dedi:

- Sən də burdasan? Bəs deyirlər sənin şalvarını çıxarıblar, əynindədi ki! - sonra irəli yeriyib dayandı İkincinin önündə, əlini qulağının dibinə atıb özünü təqdim etdi: - Yoldaş Polyaniçko, şəhər milis idarəsinin rəisi sizin əmrinizlə gəlib.

İkinci:


- Rəis, məndə məlumat var ki, sən cinayətkarları himayə edirsən?

-Yalan məlumatdır, yoldaş Polyaniçko. Mənim ermənilərlə heç bir əlaqəm yoxdur. Buyurub keqebedən öyrənə bilərsiniz.

- Mən erməniləri demirəm.

- Mən də ayrı cinayətkar tanımıram.

İkinci yerindən qalxıb var-gəl eləməyə başladı:

- Deyəsən söz güləşdirirsən, özün yaxşı bilirsən mən nə deyirəm. Günün-günorta çağı cəbhəçilər şəhərin mötəbər bir şəxsinin evinə soxulub pul istəyirlər, üstünə avtomat çəkirlər, döyürlər, məşğul olmursan. Hələ məlumat almışam ki, üstəlik onları işə də götürmüsən, rəsmi silah vermisən.

- Yoldaş Polyaniçko, biz fakt əsasında cinayət işi qaldırırıq. Həmin şəxs bizə rəsmi müraciət eləməyib. Buyursun, rəsmi müraciət eləsin, biz də araşdıraq. Qaldı ikinci məsələyə, vəziyyətlə əlaqədar nazirlik bizə bir rota formalaşdırmaq əmri göndərib. Əmrdə də göstərilib ki, rota yerli gənclərdən formalaşdırılsın. Mən də sağlam, qabiliyyətli gəncləri rotaya götürmüşəm.

İkinci gəldi durdu Rəisin qarşısında:

- Sənə əmr eləyirəm, elə indi get o quldurları həbs elə.

- Yoldaş Polyaniçko, mən bu əmri yerinə yetirə bilmərəm.

- Niyə?

- Onları həbs eləsəm bayaviklərlə kim vuruşacaq, burda oturanlar?



- Görünür babat pullarını almısan.

Rəis gördü geriyə yol yoxdu, onsuz da yuxarıların alçaldıcı əmrlərindən, aşağıların söyüşlərindən boğaza yığılmışdı, bu rəislik deyildi, it əzabıydı, çəkirdi. Hər gecə Dolunun altında kabinetdə yatmaqdan da bezmişdi, məsciddə şəhid yudurtmaqdan da, qulağı eşidə-eşidə o şəhidlərin ata-analarının onun və onun kimilərinin ölənlərinin goruna söyüşlərini eşitməkdən də. Ömrü boyu gözəl-gözəl istirahət evlərində, buz bulaqların başında yeyib-içdikləri müharibə başlayandan gildir-gildir burnundan gəlirdi. Çoxdan tüpürüb gedərdi. Amma dünyanın düz vaxtı Dünyanın Ən Varlı Şəhərindən qazandığı pullarla özü də, balaları da dünyanın kefini görmüşdü. Nəyi vardı Dünyanın Ən Varlı Şəhərinə borcluydu. Bu şəhərdə qazanmaq üçün başqa yerlərdə olduğu təki kimisə asıb-kəsmək, tutub içəri basmaq, oboxeyislə qorxutmaq lazım deyildi.

Bu şəhərdə camaat pul qazanmağı da gözəl bilirdi və qazandıqları pulları ürəklə xərcləməyi də. Bu şəhərdə vəzifəli adamlara pulu az qala zorla verirdilər, özü də işi düşən də pul verirdi, işi düşməyən də. Bir əlin verdiyi pulu o biri əl bilmirdi. Qaynayıb-qarışmışdı bu camaata, olmuşdu bu camaatdan biri, oğrusuyla da dil tapmışdı, doğrusuyla da. Və indi dünya məhvərindən çıxanda, onu gözü üstə saxlayan, onu özününkü sayan bu camaatı dar ayaqda əsir-yesir kökündə qoyub qaçmağı özünə ar bilmişdi, kişiliyinə sığışdırmamışdı. Və bu camaatla bir səngərdə yatırdı, nə gecəsi vardı, nə də gündüzü.

Qorbaçov silahları yığmaq əmrini verəndə Ermənistan bu əmrlə gündöyməzini silib atmışdı tualetə. Bizdə isə rəislər daha artıq silah təhvil vermək üçün özlərini öldürürdülər, elə bil pambıq planı doldururdular. Amma o, yuxarıdan nə qədər sıxsalar da bir adamın evinə də milis göndərmədi.

Nazirlikdən:

- Sən o boyda şəhərdən silah tapa bilmirsən?

- Yoxdu! Neyləyim, özümü silah eləyim?!

- Nə nağıl danışırsan?! Bazarında avtomat satılan şəhərdə silah tapmırsan?

- Bilirsiniz nə var? Əvvəl ermənilərdən silahları yığın, sonra mən sizə bir vaqon silah təhvil verim. Mən bu camaatı topun-tüfəngin qabağında əliyalın qoya bilmərəm.

Hələ altdan-altdan başqa şəhərlərə adam salıb silah aldırırdı və bu silahların da çoxunu ermənilərin mühasirəsindəki kəndlərə göndərirdi.

Camaat da dünyanın düz vaxtı onun bu şəhərdən qazandıqlarının hamısını halal eləmişdi:

- Ə, bu Rəis kişi oğlu kişiymiş!

Artıq geriyə yol yox idi, vardı ey, amma bu yol kişi oğlu kişilik deyildi.

- Yoldaş Polyaniçko, mən də burda oturan bütün vəzifəlilər kimi rüşvət almışam, özü də pis almamışam. Sizin özünüzün də rüşvət almaq stajınızdan sizə yaxşı məlumdur ki, hamımızın bir vəzifəsi də rüşvət almaq və aldığımız rüşvəti də yuxarılarla bölməkdi. Amma mən başqalarından fərqli olaraq həmişə pulluların pulunu almışam, yetim-yesirin yox. Sizin o dedikləriniz yetim-yesirlərdi, pulları yoxdu. Olub-qalanlarını da satıb tüfəngdən-zaddan alıb hökumətin əvəzinə bu şəhəri qoruyurlar.

İkinciyə bəlkə də həyatında indiyədək belə bir sərt söz deyilməmişdi. Ona görə də bu gözlənilməz cavabdan özünü itirdi:

- Sən kiminlə danışdığının fərqindəsənmi?

- Yoldaş Polyaniçko, əvvəla, sən yox, siz! Mən sizə siz deyə müraciət edirəm. Mən bir milis polkovnikiyəm, kimin qarşısında olduğumu da çox gözəl bilirəm.

Oturanların hamısını soyuq tər basmışdı. Rəisin az-çox köntöy olduğunu bilsələr də, hər halda ondan ölkənin ikinci şəxsinə bu qədər sərt bir cavab gözləmirdilər. Rəis taleyini ortaya qoymuşdu və yəqin ki, artıq uduzmuşdu.

Bayaq saunanın kefindən, indi isə hirsindən pörtmüş İkinci yenə alnının tərini sildi və dəsmalı hirslə stola çırpdı, stolda nəsə qırıldı:

- Mən səni tutduğun vəzifədən azad edirəm.

Müdafiə Naziri nə vaxtdan bəri bir yerdə çörək yediyi Rəisi düşdüyü uçurumdan xilas etmək üçün İkincini sakitləşdirməyə çalışdı:

- Viktor Petroviç, rəis yaxşı oğlandı, şəhərdə böyük hörməti var, camaat onu eşidir. Gecə-gündüz səngərlərdədi, güllənin altındadı. Heç ailəsini də şəhərdən çıxarmayıb...

Səhiyyə Nazirinin Müavini də Müdafiə Nazirinin sözünə qüvvət verdi:

- Dünən idarəsinə qrad düşüb, gözünün qabağında iki milis işçisi ölüb. Çox böyük sarsıntı keçirib. Bütün gecə özüm onun yanında olmuşam. Hələ heç özünə gəlməyib, bu dəfə bağışlayın. Ağsaqqalsınız! Qul xətasız, ağa kərəmsiz olmaz.

Amma hirindən-hikkəsindən boğazının damarları çıxmış İkincini sakitləşdirə bilmədilər:

- Eşitmədin? Gedə bilərsən! Mən səni tutduğun vəzifədən azad elədim!

Rəis təmkinini pozmadı:

- Yoldaş Polyaniçko, siz partiya işini yaxşı bilə bilərsiniz. Amma görünür hərbi işi yaxşı bilmirsiniz. Mən hərbçiyəm.Məni bu vəzifəyə daxili işlər naziri təyin edir və daxili işlər naziri də vəzifədən götürür. Mən nazirə tabeyəm, sizə yox. Nazir əmr verər, mən də vəzifəmi əmrdə göstərilən şəxsə təhvil verərəm.

- Eybi yox, mən elə indi nazirlə danışaram. Çiyninə bir avtomat verib səni göndərər Stepanakertə, gedib Kərkicahanda uçastkovı işləyərsən.

Rəis:


- Dedim ki, mən hərbçiyəm. Nazir əmr eləsə sıravi milis işçisi kimi də bu dövlətə qulluq eləməyə borcluyam və hazıram. İndi gedə bilərəm?

- Gedə bilərsən!

Rəis bu dəfə hərbi salam vermədi, üzünü bir az əvvəl onu müdafiə edənlərə dedi:

- İkinizə də təşəkkür edirəm. Məni müdafiə etdiyinizə görə yox, belə nakişilərin arasında kişiliyinizi qoruya bildiyinizə görə.

Və çevrilib otaqdan çıxdı, çıxanda da qapının ağzında əmrə müntəzir dayanmış At Belində Olan Adama dedi:

- Sənin bu şəhərdən qazandıqlarını burnunun iki deşiyindən tökmək mənə borc olsun.

***

Anası Pələngi oyatmaq üçün əlini bir balaca ona toxundurmuşdu ki, uşaq yerindən necə dik atıldısa, yazıq arvad qorxdu:



- Bissimillah! Bissimillah!

Hövlnak qalxan Pələng:

- Nə oldu? Qrad başladı?

- Yox, ay bala, səni çöldə çağırırlar.

Ağlına birinci o gəldi ki, yəqin Drakondu, haqq-hesab çəkməyə gəlib, rəngi qaçdı.

- A bala, sənnən deyiləm?!

- Kimdi?

- Rəhmətlik dədəngilin buxaltiridi.

Toxtadı, keçdi yan otağa, hər ehtimala qarşı Rəşid Behbudovun bağışladığı xəncəri pencəyinin altından qurşadı belinə və çıxdı darvazaya.

- Qonşu, gecə vaxtı xeyir ola?

- Xeyir olar, inşallah.Bir gedək bizə, sözüm var.

- Burda deyə bilməzsən?

- Hər halda ev yaxşıdı.

- Gedək deyirsən gedək də.

İçəri girəndə gördü ki, At Belində Olan Adam yayxanıb divana, qarşısında da bir stəkan çay, televizora baxır, televizorda vurhavur konsert gedirdi.

Uşaq vaxtı televiziyada Livanı göstərəndə dəli olurdu: bir tərəfdə kəndlər, şəhərlər yanır, millət qırılır, bir tərəfdə də restoranlar, barlar, göbək rəqsləri. Uşaq ağlıyla fikirləşirdi ki, bu necə dövlətdi, bu necə millətdi, belə də müharibə eləmək olar?


Onun üçün, elə hamı üçün müharibə deyilən şey Böyük Vətən Müharibəsi idi - kinolarda gördükləri, kitablarda oxuduqları, atalarının-babalarının vuruşduqları, qırıldıqları müharibə. Uşaqlı-böyüklü hamının ayağa qalxıb düşmənlə döyüşdüyü müharibə. Bütün ölkənin “Hər şey cəbhə üçün, hər şey Vətən üçün” dediyi müharibə. Və uşaq ağlıyla fikirləşirdi ki, bəs bu livanlılar niyə demirlər: “Hər şey Vətən üçün! Hər şey cəbhə üçün!” Və heç cür nə onun, nə də kimsənin ağlına gələ bilməzdi, heç yatsalar yuxularına da girməzdi ki, bu televiziyada gördüklərini haçansa həyatda da görəcəklər və yaşadıqları ölkə elə Livan kimi olacaq. Millətin bir parası qırılacaq, millətin o biri parası isə öz kefində, öz damağında! Və uşaq vaxtı televizorda gördüyü Livan hətta bu ölkənin yanında muştuluq olacaq.

İndi At Belində Olan Adam yayxanmışdı divana, qarşısında bir stəkan çay və ləzzətlə bu millətin olmayan televiziyasında bu millətdən olmayanların vur-çatlasınına tamaşa edirdi.

İstədi elə qapıdan geri qayıtsın, çevrilib qonşuya baxdı, gördü qonşu əlini atıb boğazına, qayıtmadı.

At Belində Olan Adam dərhal hiss elədi ki, Pələng bu görüşdən xoşlanmadı. Qalxdı ayağa, televizoru söndürdü, amma Pələngə yaxınlaşıb əl uzatmağa qorxdu, əli göydə qala bilərdi, bu da işləri korlayardı:

- Axşamın xeyir. Gəl otur, qardaş.

Amma Pələng oturmadı:

- Xeyirdimi?

- Gəl, gəl otur. Kişisən, kişi oğlusan. Rəhmətlik atanın da xətrini çox istəyirdim. Gözəl insanıydı. Neçə il bir yerdə işlədik, çox çörək yemişdik. Gəl, gəl otur.

Pələng atasının adını eşidəndə bir az yumşaldı və könülsüz-könülsüz keçib oturdu.

At Belində Olan Adam Baş Mühasibə dedi:

- Bizi tək burax.

Otaqda ikisi qaldı.

- Əvvəla, sənə təşəkkür edirəm, məni böyük bir biabırçılıqdan qurtardın. Ömrü boyu özüm də, balalarım da sənə borcludu.

- Nə sən, nə də balaların mənə heç nə borclu deyil.

- Yox, borcluyuq! Mənə görə özünü Drakon kimi bir əjdahanın ağzına atdın.

Pələngin söhbətə qulaq asmağa heç həvəsi yox idi. Həm də postda qaldığı iki günün yuxusu gözündən tökülürdü:

- Rəis, - bu şəhərdə vəzifəlilərə rəis deyirdilər, - sözünün canını de, mən hələ posta gedəcəm.

- Yaxşı, sözümün canın deyirsən, mən də sözümün canın deyirəm.- deyə o, əlini atıb divanın altından bir çanta çıxartdı və qoydu stolun üstünə: - Qulaq as, burda ürəyin istədiyin qədər pul var. Bu pulla Bakıdan ev ala bilərsən, maşın ala bilərsən, evlənə bilərsən. Bunu sənə gətirmişəm.

Səhər-səhər Musanın anası üçün min manat qıymayan nədən belə səxavətli olmuşdu, nədən onun ayağına gəlmişdi? Düzdür, yaxşılıq eləməyinə Pələng ona çox böyük bir yaxşılıq eləmişdi, biabırçılıqdan, özü də dəhşətli bir biabırçılıqdan qurtarmışdı. Amma Pələngə görə hər qəpiyinin qədrini bilən bu adam həmin yaxşılığı bu qədər pulla qiymətləndirmək qabiliyyətində deyildi, qəpiyinin qədrini bilən bir belə pulu buna görə çölə atmazdı. Görünür burda nə isə başqa bir əmma vardı.

- Rəis, səni yaxşı tanıyıram, bilirəm pulun da çoxdu, amma sən bu qədər pulu havayı çölə atanlardan deyilsən.

- Havayı niyə, həyatımı qurtarmısan.

- Rəis, açıq danış, de görüm məndən nə istəyirsən?

Sözü bir başa demək çətin idi, özü də çox çətin idi. Məsələ çox pis sonuclana, onun üçün daha ağır qurtara bilərdi. Hərçənd ki, ona olan olmuşdu, qaradan artıq rəng yoxuydu. Tutar-tutar, tutmaz da... Amma necə olur-olsun tutdurmaq lazımıydı, daha uzaqdan gəzişməkdən vaz keçdi, birbaşa gəldi mətləbin üstünə.

- Yaxşı, lap açıq danışıram, amma cavab verməyə tələsmə. Mənə diqqətlə qulaq as. Drakonu məndən də yaxşı tanıyırsan. Yaxşı bilirsən ki, anasına qəhbə deyibsə, səni atacaq. Eldar Bağırovu vurdular, kimə nə dedilər ki, səni də vursalar kimə nə deyələr?! Müharibədi, kim kimədi? Qorxma, döyüşlərin birində işini gör, arxanda mən durmuşam.

Pələng gözlərini qıyıb qarşısındakı adamın anlaya bilməyəcəyi bir baxışla onu süzdü. Qarşısındakı adam bu gün səhər şalvarını batıran adama oxşamırdı. Yenə səhər-səhər düşürüldüyü atın belinə qalxmışdı. Və bu atı daşlı-kəsəkli yolda səyirtmək istəyirdi. Bu adam pulla hər şeyi almağı öyrənmişdi və hər şeyi də həmişə ala bilmişdi - diplomu da, vəzifəni də, ad-sanı, xətir-hörməti də, toylarda, yaslarda məclisin yuxarı başını da. Hər şeyi satın ala bilmişdi - katibləri də, rəisləri də, prokurorları da, özündən yuxarıları da, özündən aşağıları da. Onun üçün bu dünyada hər şey satılırdı, hər şey alınırdı. İndi də onu almaq istəyirdi, qiyməti də özü müəyyənləşdirmişdi, xəsislik də eləməmişdi. Əjdahaları satın almağı bacaran bir adam üçün o çox kiçik bir əşya olsa da, ortaya çox böyük pul qoymuşdu.

- Hə, nə deyirsən?

Pələng xeyli bir çanta pula baxdı, bu bir namərdə öz qardaşına güllə atdıracaq qədər pul idi, sonra yenə baxışlarını qaldırıb qarşısındakını süzdü. Onun təzə-təzə dərk elədiyi, təzə-təzə qədəm qoyduğu bir duyğunu - kişiliyini satın almaq istəyən bu adamın sinəsində qəşəng bir xəncər yeri vardı. Amma o, Rəşid Behbudovun bağışladığı xəncərə əl atmadı. Gözlərinin qabağına Musanın ayaqları kəsilmiş anası gəldi, həkimə verilmək üçün qəpik-qəpik yığdıqları pul gəldi, Komandirin barmağından çıxartdığı nişan üzüyü gəldi, ətsiz yedikləri borş gəldi... Daha çox şeylər, çox şeylər gəldi gözlərinin qabağına. Amma o çox şeylərin içərisində nə ev vardı, nə maşın, nə də toy. O heç qız sevməyə macal tapmamışdı ki! Və indi qabağına çox şeylər gələn gözlərinin önündə bir çanta pul vardı, ağlına gəlməyəcək, yuxusuna girməyəcək, bütün nəslini xoşbəxt edə biləcək qədər pul. Acı-acı güldü.

- Hə, nə deyirsən? Bunu Allahdan başqa bir kimsə bilməyəcək.

Pələng yenə At Belində Olan Adama baxdı, çantadakı pula baxdı, qalxdı ayağa, çantanın ağzını örtüb götürdü:

- Nə deyirəm ki! - dedi və otaqdan çıxdı.

At Belində Olan Adam dərindən nəfəs aldı:

- Di get, köpəyoğlu! Görək kim kimi şalvarsız qoyur.


***
Pələng həyətə girəndə gördü anası artırmada əli qoynunda dayanıb intizarla onu gözləyir - gecənin bu çağında bu qəfil çağırış arvadı qorxutmuşdu.

- Bu gecə vaxtı xeyiriydimi, ay bala?

- Xeyiriydi.

Girdilər evə. Pələng çantanı stolun üstünə qoyub açdı. Anası pulları görəndə matı-qutu qurudu, əli üzündə qaldı:

- Bu nədi, ay bala? Oğurluq eləmisən?- dedi və halsız düşdü çarpayıya.

- Oğurluq nədi, ay ana?! Bakıdan göndəriblər, batalyonun puludu.- amma gördü anası inanmadı, and içdi;- Seyid Lazım ağanın cəddi, batalyonun puludu.

Anası yenə inanmadı:

- Denən Həzrət Abbas haqqı!

- Həzrət Abbas haqqı! İndi inandın? - Sonra “türk” adı gələndə çiçəyi çırtlayan anasını həm rahatlatmaq, həm də sevindirmək üçün dedi; - Türklər göndərib.

Anasının gözləri alacalanıb işıqlandı:

- Buy, onlara qurban olum! Buy, onların başına dolanım!

- Sən mənə bir stəkan çay gətir, işim var.

Türklərin adını eşidəndən sonra rəngi üstünə gələn anası getdi çay gətirməyə.

“Mənə bir belə verirsə, gör namərdin nə qədər pulu var ey” deyə fikirləşən Pələng əlinin arxasıyla pulları sığalladı, elə bil qayçının ağzından indicə çıxmışdı. İlk dəfə hiss elədi ki, heç demə gül kimi, çiçək kimi pulun da öz qoxusu varmış. Və gülün, çiçəyin qoxusu kimi pulun da qoxusu ləzzətliymiş. Və gül-çiçək qoxusu verən puldan iki dəst götürüb qoydu qoltuq cibinə.

Əlində çay otağa girən anası bunu gördü:

- Onları niyə götürürsən?

- Lazımdı, -dedi, sonra iki-üç dəstini də götürüb bir qəzetə bükdü verdi anası; - Ala bunu, bərk yerə qoy. Müharibədi birdən məni vurub-eləyərlər, lazım olar.

- Allah eləməsin, ay bala.

-Biz Allahın yadından çoxdan çıxmışıq.

-Axmaq-axmaq danışma, ağzın əyilər.

Pələngin əli havada qalmışdı:

- Di ala dana, qoy bərk yerə.

Anası yenə əlini pula uzatmadı:

- Bəs deyirdin batalyonundu?

- Həzrət Abbas haqqı batalyonundu. Tezdən aparıb verəcəm Komandirə. Bunlar da mənim payımdı. Mən indiyədək heç sənə yalan danışmışam?!

Anası pulları alıb qoynuna soxdu, Pələngi də gülmək tutdu:

- Amma yaman bərk yerə qoydun, ha!- dedi sonra çantanı atdı çarpayının altına, tələm-tələsik bir-iki qurtum çay içdi və evdən çıxdı;- Sən yat, mən Musanın qardaşına bir söz deyib gəlirəm.

Getdi Musanın xalasıgilə. Evə Dolu düşəndən sonra Musanın qardaş-bacılarını xalası əri yığıb aparmışdı öz evlərinə. Darvazanı xeyli döydü:

- Ay dədəm vay, bunlar nə bərk yatıblar, ə!

Nəhayət, Musanın Xalası Ərinin yuxulu səsi gəldi:

- Ay kimsən?!

- Mənəm, Pələngdi.

Darvaza açıldı, Musanın Xalası Əri gecənin bu gözü Pələngi görəndə elə bildi Bakıdan bəd xəbər gəlib, salamsız-kəlamsız soruşdu:

- Arvad keçinib?

- Yox, salamatdı. Musa qardaşına xəbər göndərib, ona görə gəlmişəm.

- Gəl içəri.

- Sağ ol, tələsirəm. Zəhmət olmasa çağır.

Səsə Musanın Qardaşı da artırmaya çıxmışdı, Pələngi görüb düşdü darvazaya tərəf, çatan kimi o da soruşdu:

- Arvad keçindi?

Pələng girdi onun qoluna:

- Ə, loxəbər özünüzsünüz. Bir bəri dur görüm. Dayı, sən bizi bağışla.

Musanın Xalasının Əri:

- Allah bağışlasın!- deyib girdi həyətə.

Pələng cibindən iki dəstə pul çıxartdı və uzatdı Musanın Qardaşına:

- Ala bunları.

O da Pələngin anası kimi ömründə ilk dəfəydi bu qədər pul görürdü, təəccüblə soruşdu:

- Bunlar nədi, ə?

- Korsan? Görmürsən puldu?!

- Görürəm ey puldu, deyirəm nədi?

- Bakıdan Musanın dostları göndərib.

- Ə, nə səfeh-səfeh danışırsan. Musa dünən o boyda Bakıda dərman almağa əlli manat pul tapmayıb. Nə dost, hansı dost?! Musanın dostunun biri sənsən, acından günorta durursan.

Pələng əsəbləşdi:

- Ə, nə zəhləmi tökürsən?! Dostları olmasın, yaxşı oğlanlar olsun. Götür get evinizi tikdir, arvaddan da narahat olma. Bu gün Musaya pul göndərmişik. Nə gözünü döyürsən, ala dana!- dedi və pulları basdı onun cibinə.

- Nə deyirəm, vallah, kim göndəribsə, Allah balasını saxlasın. Pələng, eşitdim bu gün Drakonla dalaşmısan?

- Boş şeydi, bir balaca dilləşmişik.

Musanın Qardaşı başını buladı:

- Necə dilləşməyiniz üz-gözündən görünür. Boş şey deyil, söz Drakonun ağzından çıxıbsa, səni atacaq. Deyirəm, bəlkə sabah gedək Seyid Lazım Ağanın yanına.

Bu camaat üçün Seyid Lazım Ağanın sözü “Qur’an” ayəsi kimiydi, heç kim keçə bilməzdi. Camaat Ağanın şəkillərini ciblərində gəzdirir, maşınlarının ön şüşəsinə yapışdırır, evlərinin ən görkəmli yerlərindən asırdı. Üzündən nur yağan Ağa adətən çox vaxt bazarda Drakonun mağazasının qarşısında, onun üçün qoz ağacından xüsusi hazırlanmış taxtda otururdu. Bazara gələnlərin çoxu onun əlindən öpməmiş, xeyir-duasını almamış bazardan çıxmazdı. Nəzir-niyazı olanlar da onu elə burda tapardı. Dükanın ağzında bir qutu vardı, bu qutu axşamadək nəzir-niyazla dolardı. Amma Ağa əlini o nəzir-niyaza vurmazdı, bu nəzir-niyaz kasıb-kusuba paylanırdı. Təzə işə başlayanlar, ya bir vəzifəyə gedənlər Ağadan bir-iki manat pul alardı - bərəkət olsun deyə.

Bu günlərdə bir Dolu gəlib ağanın on-on beş addımlığında torpağa sancılmışdı, amma partlamamışdı. Gördükləri möcüzədən əlləri üzlərində qalan camaat Dolu düşərkən heç tükü də ürpənməyən Ağanın əlinə-ayağına düşmüşdü:

- Cəddinə qurban olaq, Ağa!

Bir an da bütün Qarabağa səs yayılmışdı, hətta xəbər gedib Bakıya da çatmışdı - Ağanın cəddi camaatı ölümdən qurtarıb. Müharibə başlayandan bəri Dolu döyməkdən xeyli öləziyən Dünyanın Ən Varlı Şəhərinin bu ən varlı bazarı yenidən qaynamağa başlamışdı - Ağa nə qədər bazardadı, cəddi camaatı qoruyacaq.

Və indi Musanın Qardaşı çox gözəl bilirdi ki, Drakon nəyə and içir-içsin, Ağanın bir kəlmə sifarişi bəsdi.

- Hə, nə deyirsən, səhər gedək? Sən utanırsansa mən gedim.

Musanın Qardaşı Pələngin ürəyindən xəbər vermişdi, amma özünü sındırmadı:

- O məni atmaz! Bir sözdü də deyib. Özü də mənim əlimi pişik yeyib?!

- Yaxşı da, gopa basma. Səhər gedirik, ya yox?

Pələng gülümsədi:

- Nə deyirəm, gedək deyirsən, gedərik.

***

Bayaqdan yatmaqdan ötrü ölən Pələngin gözünə səhərədək yuxu getmədi. Və heç bilmədi ki, onu yatmağa qoymayan çarpayının altındakı gül-çiçək qoxusu verən bir çanta puldu. Dan yeri onun gözlərində söküləndə düşdü həyətə, qurşaqdan yuxarı yuyundu. Sonra evə qalxıb ağzına bir-iki tikə pendir-çörək qoydu. Anası daş kimi yatmışdı, oyatmağa heyfi gəldi, əyilib sümükləri çıxmış qupquru əlindən öpdü və evdən çıxdı.



Batalyonun həyətində ağız deyəni qulaq eşitmirdi, vurhavuruydu, maşınlara doluşurdular.

- Hara?


- Deyirlər ermənilər Gülablıya girib.

Yüyürdü Komandirin maşınına tərəf. Əlini atıb yerindən tərpənməkdə olan maşının qapısını açdı:

- Komandir, bəs mən?!

Komandir:

- Arujeynikə de, silahını versinlər!

***


Yüksəkliyi ələ keçirən ermənilər ovucları içində qalan kəndi güllə yağışına tutmuşdular. Göydən ucuz ölüm tökülürdü. Və göydən tökülən bu ucuz ölümdən canlarını qurtarmaq üçün arvad-uşaq, ağsaqqal-qarasaqqal ayaqyalın, başıaçıq üzümlüklərin arasıyla üzüaşağı qaçırdı. Körpələrin çığırtısı, qadınların fəryadı tük ürpədirdi.

Bir yük maşını yolun ortasında yanırdı, ətraf parçalanmış meyidlərlə dolu idi. Yolun kənarındakı şah tutun budaqlarından bağırsaqları çölə tökülmüş bir adam sallanırdı və hələ nə baş verdiyini anlamadan bağırırdı.

Sürücü öyüdü, maşını saxlayıb düşmək istədi, Komandir hirslə boynunun dalına bir şapalaq vurdu:

- Sür, köpəyoğlu! Camaat qırıldı!

İdarənin qabağında xeyli silahlı əsgər vardı, Direktor birinin yaxasından yapışıb şapalaqlaya-şapalaqlaya bağırırdı:

- Hara qaçırsınız, ay qəhbə uşağı qəhbə?!

Komandir:

- Saxla!- deyib çığırdı və heç maşının dayanmağını gözləmədən qapını açıb özünü atdı yerə, əli ilə də arxadan gələnlərə işarə elədi ki, dayanmayın, qalxın yuxarı.

Komandiri görən Direktor bir az da ürəkləndi:

- Ə, binamuslar...

Komandir əsgəri Direktorun əlindən alıb kənara itələdi:

- Müəllim, bir dayan görüm. Nə olub?

- Görmürsən bu binamusları, postu qoyub qaçırlar.

Komandir qorxudan ciyərləri ağızlarından gələn, tozun-torpağın içində, tökülüb-itən bu burnu fırtılıqlı əsgərlərə baxdı.

Onların çoxunu Bakıda küçələrdən tutub milisə gətirir, pulluları buraxır, imkansızları isə Müdafiə Nazirliyinin adamlarına təhvil verirdilər. Bəzilərinin üstündə heç sənədi də olmurdu. Bir də görürdün ağlayırdılar ki, vallah, biz uşağıq, orta məktəbdə oxuyuruq. Kim idi baxan? Və Müdafiə Nazirliyi də ömründə bircə dəfə də silah görməyən bu burnufırtılıqlı uşaqlara heç bir təlim keçmədən, döyüşə hazırlamadan, hətta əyinlərinin ölçüsünə-filanına baxmadan əsgər paltarı geyindirib doldururdular avtobusa və göndərirdilər ermənilərin ət maşınının ağzına, elə bil millətin qəsdinə durmuşdular. Belələrinin çoxu birinci döyüşdəcə güllənin səsindən şoka düşürdü.

İmkan düşən kimi bu əsgərlərə baş çəkən Komandir belələrinə az qala yüz dəfə deyirdi:

- Ay oğul, güllənin səsindən qorxma, güllənin səsini eşitdinsə, deməli,sənlik deyil. Sənə dəyən gülləni eşitməyəcəksən.

Amma nə fayda? Ömürlərində kinolardan başqa bircə dəfə də güllə səsi eşitməyən bu uşaqların bəziləri döyüş başlayan kimi silahlarını atıb qaçır, bəziləri də səngərin içində qulaqlarını tutub uşaq kimi ağlayırdılar. Özlərini batıranlar da olurdu. Qınamaq da mümkün deyildi, ana uşaqları idi, çoxunun üzünə heç ülgüc də dəyməmişdi.

Gözlərinin qabağında cavan-cavan oğlanların havayıdan qırılmasına, qırılmayanların da minbir xəstəlik tapmasına dözə bilməyən zabitlər xəlvətcə Komandirin yanına gəlmişdilər:

- Komandir, bizi eşidən yoxdu. Etiraz edənləri də tutub soxurlar içəriyə ki, provakatorsan. Yenə səndən çəkinirlər. Qoyma, uşaqlar havayıdan qırılır.

Komandir:

- Vallah, sizin hökumət elə bilir düşmən erməni deyil, mənəm. Amma çalışaram.

Durub getmişdi Katibin yanına:

- Katib, sən bu şəhərin yiyəsisən, niyə qoyursan hökumət bu xalqın uşaqların qırdırsın?

- Rəhmətliyin oğlu, nə şəhər, nə rayon, nə yiyə?! İndi heç bu ölkənin yiyəsi yoxdu. Elə bilirsən məni eşidirlər? Dəfələrlə demişəm, dava da eləmişəm. Sekada söymədiyim adam qalmayıb, heç filan yerlərinə də deyil. Deyirəm heç olmasa bu yazıqları paylayın bizim batalyonlara, qoyun bir az təlim keçsinlər. Deyirlər, cəbhəçiləriyin sayın artırmaq istəyirsən? Guya cəbhəçilər mənimdi. Deyirəm, bizim batalyonlara vermirsiniz, yaxşı, onda verin Şirin Mirzəyevin batalyonuna, o ki cəbhəçi deyil, nazirliyin batalyonudu. Ona da razı olmurlar. Çünki yuxarıların axmaq göstərişlərini yerinə yetirmədiyinə görə Şirindən də zəhlələri gedir. O gün Kolanıda bir kapitan Müdafiə Nazirinin boğazını üzürdü. Deyirdi ki, tüfəng tuta bilməyən bu uşaqlarla erməninin qabağına necə çıxım? Düzü, zəhləm getsə də, Nazirə yazığım gəldi, oturub zülüm-zülüm ağladı. Dedi elə bilirsiniz mən insan deyiləm, elə bilirsiniz mənim balalarım yoxdu?! Neyləyim?! Ali Baş Komandan nə əmr eləyir, mən də onu yerinə yetirirəm.

- Heç olmazsa o uşaqlara verdikləri silahları bizə versinlər, bu camaata versinlər, biz də işimizi bilək.

Katib acı-acı güldü:

- Komandir, bayaqdan ağzımda bir “Qur’an”lıq söz danışıram, sən də deyirsən silahları bizə versinlər. Bir nəfərə deyirlər Əzrayıl bala paylayır, o da deyir ki, balama dəyməsin, onun balası mənə lazım deyil. Şükür elə ki, əlimizdəkini almayıblar. Çalışaram heç olmasa onları ön cəbhədən çıxarsınlar.

Ayrılarkən Komandir dedi:

- Katib, ağsaqqalımızsan, səndən keçə bilmirəm. İcazə ver, o ağevdəkilərin hərəsinin əlinə bir qoşa lülə verib soxum səngərə, ağılları başlarına gəlsin.

- Onlar peşkadılar, Komandir. İşin olmasın. Özü də içlərində bizi istəyənlər də var. Amma neyləsinlər, nəyin nəyidilər ki!

Komandir qorxudan sapsarı saralmış bu əsgərlərə baxdı, gördü ki, onları təzədən döyüşə soxub qırdırmağın heç bir mənası yoxdu, soruşdu:

- Komandiriniz hanı?

- Vurdular! Uşaqların yarısı dağda qırıldı!

Komandir:

- Müəllim, işin yoxdu, qoy getsinlər. Günah bunlarda deyil ey, bunları bura göndərən namərdlərdədi.- dedi, sonra üzünü tutdu əsgərlərə:- Silahlarınızı buraxın, gedin. Müəllim, sən də silahları payla öz camaatına, göndər yuxarı, Abdalın üstünə. Oranı möhkəmlədin, ordan da girə bilsələr, qabaqlarını kəsmək mümkün olmayacaq. Di siz də buraxın silahlarınızı.

Əsgərlər əvvəl-əvvəl bir-birlərinə baxdılar, sonra başlarını saldılar aşağı, xəcalətindən heç kim silahını birinci atmağa ürək eləmədi.

Komandir:

- Ə, vaxt yoxdu, buraxın silahlarınızı dedim. Çıxın kənddən! Özü də üzümlüklərin içiylə gedin ki, sizi qırmasınlar.

Bəziləri utana-utana silahını gətirib Komandirin önünə buraxdı və çəkildilər bir tərəfə. Bəziləri isə hələ də dayanıb çəkinə-çəkinə Komandirə baxırdı.

- Siz nəyi gözləyirsiniz? Gedin, utanmayın!

- Biz döyüşə qayıtmaq istəyirik.

Komandir daha gözləmədi:

- Müəllim, silahları payla camaata, bunları da götür özünlə! Çıxın Abdala! Dağ bizlikdi. - dedi və cavab gözləmədən mindi maşına:- Sür! Namərd uşağı, namərdlər! Xalqın burnufırtılıqlı uşaqlarını küçələrdən yığıb göndərirlər ki, gedin ölün. Vuruşa bilənlər də Mütəllibovu qoruyur. Eybi yox, qoy bu ermənilərlə qurtaraq, onun da məsələsinə baxarıq.

Batalyon döyüşə hazır vəziyyətdə meşənin içində Komandiri gözləyirdi. Çatan kimi qərargah rəisi məlumat verdi:

- Sol tərəfdə bir beempeləri var. Çıxır yolu vurur, tez də gizlənir. Deyəsən pulemyotları çoxdu. Yaxşı möhkəmləniblər. Beempe olmasaydı dərd yarıydı. Çətin olacaq. Artilleriyasız heç nə edə bilməyəcəyik. Oğraşlar bu boyda postu uşaq-muşağa tapşırıblar.

Kimsə tövşəyə-tövşəyə kəsə yolla aşağıdan yuxarı dırmanırdı, hamının çiçəyi çırtladı:

- Komandir! Baxın!

Komandir geri çevrildi - Drakon idi - ciyər dolusu bir nəfəs aldı, bəlkə də heç vaxt bu qədər sevinməmişdi, gözləri doldu. Bunu uşaqlar da hiss elədi.

Drakon gəlib çatdı. Dayandı Komandirin önündə, nəfəsini dərmədən ağır-ağır dedi:

- Komandir! İcazə ver məlumat verim!

- Buyur!


- Döyüş başlayanda Ağbulaqda postdaydım. Özümü çatdıra bilmədim, yoxsa postu verməyə qoymazdım. Yazıqlar lap uşaqdılar. Amma komandirləri əjdaha oğlanıydı, snayperlə vurublar. Komandirləri vurulan kimi də qorxularından düşüblər. Bir beempeləri var, rusdu köpəyoğlu, tanıyıram. Çox yaxşı işləyir. Bir dənə qranatamyotları var, iki dənə də erpeka pulemyotları. Çox deyillər, otuz-otuz beş nəfər ola-olmaya.

Drakon əsgərlikdə olmamışdı, elə bu uşaqların çoxu da! Əsgərlikdə olanlar da vardı ki, iki ildə heç avtomat da görməmişdilər. Ya tikinti batalyonunda qulluq eləmişdilər, ya da özlərini vermişdilər yeməkxanaya, anbara. Ya da generalların bağlarını qorumağa. Hamısı da qayıdandan sonra gopa basırdı ki, generalın qızıyla gəzirdi, amma indiyədək əsgərlikdən bir general qızı, heç mayor qızı da alıb gətirən olmamışdı. Alıb gətirdikləri qızların ataları ya elektrik idi, ya sürücü, çox qudursa ticarətçi qızı. Bir də əsgərlikdən gələnlərin hamısı bığlı olardı, bununla fors eləyirdilər ki, komandir nə qədər elədi bığımı qırxdıra bilmədi:

- Dedim, komandir, biz azərbaycanlılar kişiyik ey! Kişinin də bığı olar.

Bığsız komandirlər kişi deyildilər, amma bığsız komandirlərin bağında qulluq eləyən, axşamlar itlərini gəzməyə çıxaran bığlı bizimkilər kişiydilər.

Və belə yerlərə, general qızları ilə kef eləmək üçün general bağlarına düşməyin xatirinə də yalvara-yalvara ruslara nə qədər rüşvət verirdilər. Və heç bilmirdilər ki, pul verməsələr də bizimkilərin yeri elə tikinti batalyonudu, yeməkxanadı, çayxanadı. Lap pulluları da uzağı general bağlarına göndərilirdi, general qızları ilə kef eləməyə yox, general qızlarına nökərçilik eləməyə. Ölmüşdü rus, bizimkiləri aparıb raket qurğuları öyrədəydi, təyyarə, tank sürməyi, top atmağı öyrədəydi. Hələ fəxr də eləyirdik ki, Hacı Zeynalabdin Tağıyev Çara hər il külli miqdarda pul verirmiş ki, bizimkiləri əsgər aparmasın, guya aparacaqmış.

Amma indi bu müharibə çox qısa zamanda, bu əsgərlikdə olmayan, ya da əsgərlikdə olub general qızlarıyla gəzdiklərini gopa basan bu uşaqlara çox şeyi öyrətmişdi. Hətta elə şeylər öyrətmişdi ki, iyirmi ilin zabiti də o şeyləri bilmirdi. Güllələrin səsindən silahın növünü təyin edirdilər, mərminin səsindən topun. Səsindən Amerika istehsalı silahları da tanıyırdılar. Adətən bu silahlardan xaricdən gətirilən muzdlular istifadə etdiyindən hətta onu da bilirdilər ki, qarşıda nə qədər muzdlu var.

Döyüşlərin birində bir ölü zənci ələ keçirmişdilər. Ermənilər bu zəncinin meyidini bir neçə diri azərbaycanlıyla dəyişdilər. Və uşaqlar heç bilmədilər ki, ermənilər bu sahibsiz zəncinin meyidini niyə belə çox istəyir.

Drakon da bu işdə ustaların ustasıydı, onun kimi silah səsi tanıyan yoxuydu.

Bu vaxt BMP yenə çıxdı və yoldakı maşınlardan birini də vurdu.

Komandir:

- Nu, davay! Üç yerdən qalxırıq. Özünüzü havayı gülləyə verməyin. Snayper, sən çıx sağdakı yala, ordan işləyərsən. Güllə atan kimi də yerini dəyiş. Drakon, sən öz uşaqlarını götür sağdan çıxart. Mən mərkəzdə olacam. İndi Qatırdan Vanyanı istəyərəm. Versə, işimiz asan olacaq. Bəd ayaqda tarana gedəcəyik ha. Bəri başdan deyirəm, kim qorxur getsin, qınamarıq. Amma döyüşdən qaçsa, özüm öldürəcəm! Ya Allah!

Drakon:


- Komandir, icazə ver, bir söz deyim.

- Tez elə.

- Komandir, bilirsən ki, mən buraları beş barmağım kimi tanıyıram. Sovet hökuməti üç il məni bu meşələrdə tuta bilmədi. Sən mənə icazə ver, o beempeni aşırım. Onların gücü beempedədi. Siz yerinizi möhkəmlədin, hücuma keçməyin, çox demirəm, yarım saat məni gözləyin.

Pələng çıxdı qabağa:

- Komandir, mənə də icazə ver. Biz həmişə kəşfiyyata bir getmişik.

Komandir:

- Yox! Sən mənə burda lazımsan.

Pələng baxışlarıyla Drakona yalvardı və Drakon bu baxışları tutdu:

- Qoy gəlsin. Qorxma, mən onu bulvarda vuracam.

Komandir yenə razı olmadı:

- Yox, ona görə demirəm, Pələng mənə burda lazımdı. İstəyirsən başqa adam götür.

Drakon:


- Yaxşı, onda heç kim lazım deyil, mən getdim.

Komandir sonuncu tapşırıqlarını da verdi, uşaqlar mövqelərini tutub girdilər döyüşə.

Komandir telsizi götürdü:

- Qartal! Qartal! Mən Komandirəm! Qartal! Qartal!

Telsizdən Rəisin səsi gəldi:

- Qartal eşidir! Qartal eşidir!

- Qartal! Ermənilər Gülablının üstündəki postu götürüblər. Camaat qırılır. Döyüşə girmişəm. Bizə kömək ver. Qartal! Eşidirsən?

- Eşidirəm, Komandir! Eşidirəm! Milis batalyonu sənə köməyə gəlir, özüm də gəlirəm. Möhkəm ol!

- Kişisən, Rəis!

- Day mən rəis deyiləm. Gecə işdən çıxartdılar. Yaz batalyonuna.

- Zarafat edirsən?

- İndi zarafat vaxtıdı? Gəlirəm! Möhkəm ol!

Bu vaxt telsizdən Qatırın səsi gəldi:

- Komandir! Eşidirsən? Komandir!

Komandirin ürəyi atlandı:

- Səsinə quzu kəsim!

- Komandir! Mənimkilər gəlir. Bildin də kimi deyirəm?

- Bildim! Bildim!

- Möhkəm ol!

- Möhkəməm!- dedi Komandir, sonra üzünü tutdu uşaqlara:- Qatır tankı göndərib. Uşaqlara deyin, ürəklənsinlər.

- Qatır tankı göndərib...

- Qatır tankı göndərib...

- Vanya gəlir...

Drakon özünün tanıdığı cığırlarla ermənilərin arxasına keçirdi. Yuxarı dırmaşdıqca nəfəsi çatmırdı. Hər dəfə döyüşə girəndə özünə söyürdü: “Nə bilim bu oğraş müharibə düşəcək, yoxsa nə içərdim, nə də çəkərdim”. Cavanların əlində siqaret görən kimi alıb atardı:

- Mən çəkib ağ günə çıxmışam!

Yenə özünə söyə-söyə üzüyuxarı dırmaşırdı. Birdən hiss elədi ki, arxadan kimsə gəlir, girdi ağacların birinin arxasına, bıçağına çıxartdı - bu vaxt Pələng ləhləyə-ləhləyə cığırda göründü, çiynində də qumbaraatan, Drakon duruxdu.

- Ə, sən hara gəlirsən?

Pələng:


- Səni tək buraxa bilərdim?! Beempeni qranatla partlatmaq çox çətindi. Bunu görürən?- deyə çiynindəki qumbaraatanı göstərdi.

- Bunu hardan aldın?

- Almadım, meşədən tapdım. Bizimkilər qaçanda atıbmış. Heyf ki, bir atımlıqdı.

- Qorxmursan səni ataram?

- Yox.

- Niyə?


- Əlin qalxmaz!

- Yaxşı, getdik. Bunu sonra ayırd eləyərik.

Döyüş çox ağır gedirdi. Komandir tez-tez uşaqlara xəbər göndərirdi:

- Qeyrətinizə qurban olum! Möhkəm dayanın! Arxamızda ana-bacılarımızdı!

Amma Qeyrət bədbəxt oğlu bədbəxt neyləsin! Qeyrətin gücü pulemyotun, avtomatın güllələri qarşısında çox aciz idi. Qeyrət nə qədər özünü öldürürdü, gücü BMP-nin gücünə çatmırdı. Qeyrətin gücü sinəsi ilə o güllənin, o mərminin qarşısına sipər olmağa çatırdı, bu torpağın yolund ölməyə çatırdı və ölürdü. Və qeyrət sinəsini gərmişdi düşmən gülləsinin qabağına.

Adətən kinolarda “ura” eləyib alman pulemyotunun qabağına atılmaq olurdu, amma bu Kinoda “ura” eləyib erməni pulemyotunun qabağına atılmaq olmurdu. Çünki o kinolarda rejissorlar “ura” eləyənin tərəfindəydilər, bu Kinoda pulemyot atanların. Yüksəkliyə yaxın düşmək mümkün deyildi. Yerdən baş qaldıran yerində vurulurdu. Beempe də öz işindəydi, qəfil çıxır, köməyə gələn texnikalardan birini vurur və yenə gizlənirdi. O biri texnikalar da qorxusundan üzümlüyün içindən çıxa bilmirdi. Milislərin gətirdiyi minamyotun da elə bir köməyi çatmırdı, atanlar çox təcrübəsiz idilər.

Komandir:

- Pələngi çağırın! Onun minamyotdan yaxşı başı çıxır.

Amma Pələngi gördüm deyən olmadı.

- Komandir, Pələng yoxdu.

- Necə yəni yoxdu?

- Yoxdu də. Bəlkə qaçıb?

- Axmaq-axmaq danışmayın.

- Vallah, yoxdu. Ya qaçıb, ya da vurublar.

Elə bil Komandirə güllə dəydi. Döyüşdən qorxulu şey kiminsə qaçması idi. Hətta bircəcə nəfərin qaçışı bir neçə nəfərin ölümündən betər idi. Əslində bütün döyüşlərdə qəhrəmanlar iyirmi faiz olurdu, bu iyirmicə faiz bəs idi qələbə üçün. Qırx faiz isə bu iyirmi faizə baxıb döyüşür. Yerdə qalan qırx faiz isə önlərində olan o altmış faizin hesabına qeyrətə gəlirdi. Amma bircə nəfər qaçdımı, bütün düzən dağılırdı. İndi Pələng qaçmışdısa, düzən dağıla bilərdi. Ona görə də Komandir dedi:

- Yaxşı, elə eləyin uşaqlar bilməsin.

Komandir yenə telsizi götürdü:

- Qatır! Qatır! Eşidirsən?

Telsizdən Tankçı Vanyanın səsi gəldi:

- Slışu Komandir! Slışu!

- Vanya, qırıldıq!

- Slış, Komandir, jdi! Qırdırma! Çatmışam!

Komandir məlumat istədi.

- Ölənlər də var, yaralananlar da.

- Yaralıları görün ortadan çıxara bilirsinizmi? Medbrat hardadı?

- Bakılılardan biri həkimiymiş, medbratla işləyir. Amma uşaqların birinin vəziyyəti çox ağırdı.

- Yaralıları mənim maşınımla yollayın şəhərə.

***


BMP-nin gizləndiyi yerin yüz-yüz əlli addımlığındaydılar, burdan belə meşə qurtarırdı, yaxınlaşmaq çətin idi. BMP-dəkilər çox arxayınıydılar, yaxşı da yer seçmişdilər. Bir nəfər buferin üstündə oturub siqaret çəkirdi. BMP-nin üstündə xaç nişanı da yox idi. Bunların hamısı Xankəndindəki 366-cı polkun texnikalarıydı. Verirdilər ermənilərə. Yoxlama gələndə də yığırdılar polkun həyətinə ki, buyurun, hamısı burdadı.

Drakon:


- Dörd-beş belə beempemiz olsa Əsgəranı çoxdan şumlamışdıq.

Pələng:


- Şerbak birini iki yüz əlli m

inə satır, gedib alsınlar dana.

- Bizə min manat qıymayan, iki yüz əli minə beempe alacaq?! Davay, işində ol. Vura biləssənmi?

- Anasın ağladacam.

Pələng bir ağacın arxasında yerini rahatladı. Məsafəni gözəyarı ölçüb-biçdi, səhv etmək olmazdı. Qumbaraatanı sığallayıb öpdü. Adəti idi, həmişə döyüşə girəndə silahını oxşayıb öpərdi.

Bir dəfə bir BPM-ni vurandan sonra sevindiyindən çaşıb qumbaraatanı öpmüşdü. Dodaqları necə yanmışdısa, ağız-burnu xeyli sarıqlı qalmışdı.

İndi onun qumbaraatanı öpdüyünü görən Drakon zarafatla dedi:

- Ə, o qız deyil ey, dəmirdi. Gözlə, birdən sonra yenə öpərsən. Onda gərək sənə təzə ağız, burun alaq.

Lazım olan anı gözləməyə başladı. Bircəcik mərmisi vardı. Və hər şey bu bircəcik mərmidən asılı idi. Bircəcik mərmi, bircəcik sərrast atəş...

Drakon hiss elədi ki, Pələng çox həyəcanlanır:

- Özünü toparla! Bax ha, vura bilməsən, səni doğrudan öldürəcəm. Tələsmə. Birinci dəfə deyil ki? Mən də getdim bir az yuxarı, o daşı görürsən, onun arxasına. Mənim işarəmi gözlə. Yenə deyirəm, qorxma. Vura bilməsən mən həll edərəm. Sən də məni qoruyarsan ki, qumbara məsafəsinədək yüyürə bilim, yaxşı?

Pələng başı ilə işarə elədi ki, yaxşı.

Drakon kol-kosun içiylə göstərdiyi qaya parçasına tərəf sürünməyə başladı.

Drakonun qaya parçasına çatanadək keçən beş dəqiqə Pələngə bir saat kimi gəldi. Drakon qaya parçasına çatdı, avtomatı qoydu yerə, sonra çantasından iki qumbara çıxarıb taxdı kəmərinə. Məsafəni ölçdü, qumbaranı atmaq üçün azı otuz-qırx addım qaçmalı idi. Hər anı bir il çəkəcək qədər böyük məsafəydi. Gərək bu otuz-qırx addımda vurulmayaydı. Özünü sakitləşdirdi, gücünü tamam yığdı, özünə tam arxayın olandan sonra Pələngə işarə elədi.

BMP-ni Pələngin gözü yesə də, onu soyuq tər basmışdı. Əlindəkinə çox güvənmirdi. Bu biratımlıq qumbaraatanlar o qədər də etibarlı deyildi, dəfələrlə onları pis vəziyyətdə qoymuşdu. Əlinin arxası ilə alnının tərini sildi, barmağını qoydu tətiyə, BMP-ni götürdü nişana, amma atmadı. Hiss elədi ki, hazır deyil. Yenə də üz-gözünün tərini sildi, yenə barmağını qoydu tətiyə, dərindən bir nəfəs aldı, sonra bütün nəfəsini buraxıb bir anlıq dondu və...

... BMP alovlandı.

BMP-nin vurulduğunu görən Komandir sevinclə bağırdı:

- Drakon beempeni vurdu!

Drakon geri sürünməyə başladı. Pələng isə ağaca söykənib gözünün yaşını silirdi. Sürünə-sürünə gəlib Pələngin dörd-beş addımlığına çatan Drakon baş barmağını qaldırıb dedi:

- Kişisən ey!

Bu vaxt yanan BMP-nin arxasından əli karabinli bir erməni çıxdı, dərhal da Drakonun kürəyini nişan aldı. Hər şey bircə anda oldu - erməninin yanan BMP-nin arxasından çıxması da, Drakonu nişan alması da, Pələngin çığırması və özünü işığa atılan ilan kimi Drakona uçan gülləyə atması da, güllə dəymiş Pələngin Drakonun üstünə düşməsi də. Hər şey bircə anda oldu, bircə anda... milyard illik tarixin bircə anında, bircə göz qırpımında...

Drakon güllə səsinə geri çevriləndə erməni ikinci gülləni lüləyə verirdi, macal tapmadı, Drakon erməniyə tərəf bir qatar güllə yolladı...

Tələm-tələsik Pələngi meşənin dərinliyinə sürüməyə başladı.

Pələng xırıltılı səslə soruşdu:

- Oğraş məni vurdu?

- Qorxma, qorxma, boş şeydi.

BMP-nin gözlənilmədən vurulması erməniləri çaş-baş salmışdı. Bir neçəsi yüyürüb gəlmişdi yanan BMP-nin yanına, çaşqın halda ətrafa baxırdılar, amma atəşin hardan açıldığını dəqiqləşdirə bilmirdilər. Meşəni atəşə tutmağa başladılar. Amma Drakon cavab vermədi, Pələngi bir az da dərinliyə sürüdü.

Ermənilər bir-iki daraq boşaltdıqdan sonra gördülər cavab gəlmir, dayandılar, meşəyə girməyə ürək eləmədilər, qayıtdılar əvvəlki mövqelərinə.

Drakon ermənilərin onların ardınca gəlmədiyinə əmin olduqdan sonra dayandı.

Pələng yenə zarıdı:

- Oğraş məni vurdu?

- Ə, dedim ki, qorxma dana! Boş şeydi!

Pələngi soyundurdu. Güllə sağ döşündən girmişdi.

Yaranın ağzını bağlamaq üçün patronun birinin mərmisini çıxartdı. Barıtından bir azca tökdü yaraya və yandırdı. Pələng fınxırdı, sonra bədəni titrədi, titrədi və sakitləşdi. Özü də soyundu, köynəyini çıxartdı yaranın üstünə basıb kəməri ilə möhkəm-möhkəm sarıdı, aldı çiyninə. Amma bir az gedəndən sonra yoruldu, gördü gücü çatmır, qoydu yerə ki, bir az nəfəsini dərsin.

Pələng zəif səslə yenə soruşdu:

- Denən qardaşımın goru haqqı boş şeydi?!

- Qardaşımın goru haqqı boş şeydi.- dedi Drakon, sonra bir siqaret yandırıb qoydu Pələngin dodaqlarına.

Pələng siqaretin bal kimi acı tüstüsünü zorla çəkdi ciyərlərinə, bu bal kimi acı tüstü ağrılarının üstünə bir sığal çəkdi, bir qurtum da aldı.

Yara nə qədər bərk sarınsa da qan dayanmırdı, gözləmək olmazdı, birtəhər gücünü toplayıb yenidən onu belinə aldı, amma Pələng yalvardı:

- Qurban olum, qoy yerə, sinəm deşilir. Qoy, qoy yerə.

Qaytarıb ehtiyatla uzatdı yerə və başını da qoydu dizinin üstünə.

- Qoyma ölüm, qardaş, qoyma. Ölmək istəmirəm.

Drakonu qəhər boğdu, udqunaraq içindən fınxırıb çıxmaq istəyən hıçqırtının qarşısını zorla kəsdi:

- Dedim ki, qardaşımın goru haqqı boş şeydi. Ə, mən səni heç belə qorxaq bilmirdim.

- Ölümdən qorxmuram ey!

- Bəs onda nə sarsaq-sarsaq danışırsan?

- Arvadın ürəyi partlayacaq.

- Ə, sarsaq-sarsaq danışma. Bir az da döz ki, səni həkimə çatdıra bilim.

Drakon onu yenidən çiyninə qaldırmaq istədi, amma Pələng yenə qoymadı.

- Dəymə! Qurban olum, dəymə! Deyəsən ölürəm, qoy rahat ölüm. İncitmə!

Drakon:

- Qorxma, qoymaram öləsən. Səni Əzrayıla vermərəm.- dedi sonra onu toxtatmaq üçün zarafata salmaq istədi; - İnşallah, səni özüm öldürəcəm. Özü də bilirsən harda?



- Bulvarda?

- Yox, Şuşada, Cıdır düzündə.

- Şuşada ölsəydim, uf da deməzdim.- Bir az susdu, yenidən nəfəsini toplayıb dilləndi; - Görən uşaqlar postu götürdü?

- Hə, götürdülər. Eşitmirsən bizim avtomatların səsini?

- Drakon!

- Haycan!

- Sən qardaşıyın goru, məni vuracaqdın?

Qəhərdən boğulan Drakon onun yarasından öpdü:

- Mənim sənə əlim qalxar?! Özümü atardım, səni yox!

- Mən də! Yaman soyuqdu. Üşüyürəm, üstümü ört.

Drakon pencəyini çıxarıb saldı onun üstünə.

Pələngin bədəni soyuqdan tir-tir titrəsə də dodaqları od tutub yanırdı. Bu od tutub yanan dodaqlarını diliylə islatmaq istədi, amma dili yanırdı:

- Su istəyirəm.

Yaxınlıqda bulaq vardı və şəhərdə istidən təntiyəndə pendir-çörəkdən, yemiş-qarpızdan götürüb özlərini verirdilər bu bulağın başına. Yemiş-qarpızı, arağı doldurardılar bu bulağın buz kimi suyuna. Babat vurandan sonra bulağın gözündən beş daş götürməyə mərc çəkərdilər, hələ ki, o mərci hər oğul udammırdı, əlləri necə keyiyirdisə...

Bir də görürdün kiminsə maşınının mühərriki qızdırıb yolda qalıb. Belələrinə zarafatla deyərdilər:

- Ə, qardaş, özünü ver Gülablıya, Soyuqbulağın suyundan doldur, canın qurtarsın. Bax biz doldurmuşuq, neçə ildi maşınımız qızdırmır.

- Bu saat gətirirəm. - deyə Drakon getdi bulağa.

Ağzını bulağın gözünə dirəyib doyunca içdi, başının tükü də, ayaq barmaqları da suyu hiss elədi. Sonra papağını su ilə doldurub qayıtdı. Pələngin sifətində qan qalmamışdı. Sudan onun sir-sifətinə, sinəsinə çilədi, dodaqlarını islatdı, amma içməyə vermədi.


Pələng yalvardı:

- Ver içim, onsuz da ölürəm.

Drakon artıq onun üz-gözünə qonmuş ölümü görürdü. Və onu da görürdü ki, Pələngi ölümün pəncəsindən qopara bilməyəcək. Pələngin başını bir az qaldırdı və suyu ehtiyatla ona içirtməyə başladı:

- İç!


Pələng suyu qurtum-qurtum içdi, sonra get-gedə sönən bir səslə dedi:

- Qalanını da tök başıma.

Drakon qalan suyu da tökdü onun başına, əslində elə bir şey də qalmamışdı.

- Həəə... Məni bağışla, Drakon, sənə əl qaldırdım. Drakon, anama deyərsən Rəşid Behbudovun papağını da, xəncərini də versin sənə. Sən də onu mənim adımdan oğluna bağışlayarsan.

- İnşallah, sən özün bağışlayarsan.

- Drakon,- udqundu, sanki dilçəyində ilişib qalmış son sözləri dartıb çıxarırdı;- Heyf... Drakon...

- Can Drakon!

- Mən qız görmədim ey...

Drakon onun başını bərk-bərk sıxdı sinəsinə, amma bu dəfə dözə bilmədi, bayaq boğazından qaytardığı fınxırtını bu dəfə saxlamağa gücü yetmədi, hönkürdü...

Və elə hönkürdü ki, göz yaşından bütün heyfini aldı.

Amma Pələng nə bu fınxırtını eşitdi, nə də Drakonun göz yaşlarını gördü...

... Pələng Şuşadaydı...

Drakon Pələngi uzatdı otların üstünə. Gözləri açıq qalmışdı və ağacların başı üzərindən görünən bir parça aydın və işıqlı göyə baxırdı - Drakon onun gözlərini örtməyə ürək eləmədi, başını bağrına basıb saçlarından öpməyə başladı. Xeyli belə oturdu. Pələngin bir az əvvəl bir damla qan qalmayan və Drakonun dünən əzişdirdiyi üzü nura boyanmışdı, işıq saçırdı - bu dəqiqə Dünyanın Ən Gözəl Ölüsü onun qucağındaydı. O da Dünyanın Bu Ən Gözəl Ölüsünü bağrına basıb ağlayırdı, amma bəbəklərindən göz yaşı axmırdı, qan axırdı, qıpqırmızı qan.

Amma Pələng nə onun hönkürtüsünü eşidirdi, nə də yanaqlarından axan qıpqırmızı qanı görürdü - baxışları ağacların başı üstündə görünən bir parça göy üzünə zillənmişdi və o bir parça göy üzündə Tanrını axtarırdı... Kipriklərində də iki damla qurumuş göz yaşı vardı...

Nəhayət, Drakon Pələngi qucağından yerə qoydu, sonra pencəyini onun üstündən götürüb bükdü və qoydu başının altına. Əyilib son dəfə onun yarasından öpdü, avtomatı tulladı bir kənara. Qumbaraları yenidən kəmərinə taxıb yuxarı dırmaşmağa başladı.

BMP hələ tüstülənirdi. Sürünə-sürünə gəlib çatdı BMP-yə, bir az yorğunluğunu aldı. Burdan səngərə qumbara çatdıra bilməzdi, həm məsafə uzaq idi, həm də qollarında güc qalmamışdı, bir az da yaxınlaşmaq lazım idi. Ehtiyatla səngərə tərəf sürünməyə başladı. Ermənilər güclü atəş altında olduqlarından başlarını səngərdən çıxara bilmirdilər, Vanyanın tankı işləyirdi.

Bütün gücünü yığdı, qalxdı ayağa və:

- Alın, sizin bajınızı...

Var gücüylə qumbaranı səngərə qolazladı və ikincini də elə bir sürətlə göndərdi ki, elə bil bu iki qumbara birdən atıldı.

Eyni andaca partlayan iki qumbaranın vahiməsindən - elə bildilər səngərə mərmi düşdü - sağ qalan ermənilər cəsədlərin havada uçduğu səngərdən çıxıb geri qaçmağa başladılar. Və qarşılarında gözlərindən qıpqırmızı qan axan Drakonu gördülər. Avtomatlar işlədi. Drakon isə yalnız əlləriylə qana boyanmış üzünü güllələrdən qorumağa çalışdı və:

- Ay...

Drakonun çiynindəki mələklər gördü ki, güllələr onu son anda anasını çağırmağa qoymayacaqlar, özlərini atdılar güllələrin qabağına. Güllələr mələkləri deşik-deşik elədi, amma bu bir an kifayət elədi ki, Drakon anasını çağırsın...



... ana...

Yaratdığı dünyanı onun iradəsi əleyhinə məhvərindən çıxarmış insanlara qəzəblənən Tanrı yorulmuşdu. Müharibədə qırılan bu günahsız cavanlar kimi o da vaxtından əvvəl qocalmışdı. Qibləsini azmış insanların üzünü yenidən qibləyə çevirmək üçün bir peyğəmbərə ehtiyac olduğunu görmüşdü. Və bu peyğəmbəri tapmaq ümidiylə yer üzünə göndərdiyi mələklər dünyanın altını üstünə çevirsələr də Tanrının istədiyini tapa bilməmişdilər. Tanrının da yanına əliboş qayıtmağa qorxurdular. Birdən göy üzü kimi təmiz, Zəmzəm suyu kimi saf, göz yaşı kimi dupduru bir səs eşitmişdilər. Bu səsi sahibinin qanından, ruhundan soyub Tanrıya hədiyyə gətirmişdilər. Və artıq öz yaratdıqları ilə bacara bilməyən Tanrı qəzəbini soyutmaq, bir az yorğunluğunu çıxarmaq istəyəndə Qədir Rüstəmovun səsinə qulaq asırdı. Bu səs onu qoymurdu ki, insanları məhşərə çəkib qiyami-qiyamət gününü qursun, şeytan bayram eləsin. Və Qədir Rüstəmovun səsi ruhuna necə işləmişdisə Yiyəsiz Övladların yalvarışlarını eşitmirdi. İndi də eşitməyəcəkdi...

Qədir Rüstəmovun səsi “ay ana” fəryadından diksindi və susdu. Və bu an Tanrı da Drakonun fəryadını eşitdi. Və yaratdığı bu şah əsərin son arzusunu ürəyində qoymadı...

... “Ay ana” sədası bir anda cənnəti silkələdi...

Drakonun anası bu səsə dik atıldı:

- Can ana!

... Bu vaxt Pələngin bir parça göy üzündə Tanrını axtaran gözləri güclü bir işıq gördü, bir nur gördü - Tanrı Dünyanın bu Ən Gözəl Ölüsünə bir nur kimi, bir işıq kimi göründü - və Pələng rahat-rahat gözlərini qapadı...

... Drakon isə girdi anasının qucağına:

- Yaman yorulmuşam, ay ana. Qoy bir az yatım.

- Yat, bala, yat! Laylay balam, a laylay. Laylay dedim yatasan, qızılgülün içində şirin yuxu tapasan. Laylay balam, a laylay...

... Drakon qızıl qanın içində şirin bir yuxu tapmışdı...

... Batalyon zirvəni götürmüşdü, bayrağı da sancmışdı.

Komandir Drakonu basmışdı bağrına, balası vurulmuş pələng kimi onun sinəsindəki hələ qanı qurumamış yaraları yalayırdı.

Qələbə sevincini bir andaca itirən uşaqlar başlarını aşağı salıb sakitcə gözləyirdilər. Gözləyirdilər ki, bu illərdə ilk dəfə göz yaşlarını gördükləri Komandir ürəyini təmiz boşaltsın. Nəhayət, Komandiri Drakonun üstündən qaldırdılar və...

... qızıl qanın içində şirin yuxu tapmış Drakonu qaldırdılar çiyinlərinə...

Komandir isə min ilin yorğunu kimi arxalarından gəlirdi. Girdilər meşəyə. Cığırla bir az getmişdilər ki, dayandılar.

Komandir səsləndi:

- Nə oldu? Niyə dayandınız?

- Komandir, bir ora bax! - deyə uşaqlar ağacların birinin altında uzanmış Pələngi göstərdilər və Drakonu yerə qoyub ona tərəf yüyürdülər.

Dünyanın Ən Gözəl Ölüsü - sanki sinəsində lalələr açmışdı - ağrıdan-acıdan uzaq, üz-gözündə Tanrı nuru, xoşbəxtcəsinə uyumuşdu, Drakonun pencəyi də başının altında.

Komandir heç nə deyə bilmədi, sadəcə olaraq üç-dörd saat öncə qorxub qaçdığını zənn edərək söydüyü Pələngin - Dünyanın Bu Ən Gözəl Ölüsünün- ayaqları altında dizi üstə düşdü...

***


... Mağarı batalyonun həyətində qurmuşdular. Başdakı gəbənin üstündə də bir az əvvəl torpağa tapşırdıqları qırılan oğulların qırmızı lentlər bağlanmış şəkilləri asılmışdı - ortada da Drakonla Pələngin.

Bütün şəhər burdaydı. Ağ Evin möhtərəm qonaqları da təşrif gətirmişdilər. Uşaqlar əvvəlcə onları yasa buraxmaq istəməmişdilər, Komandir qarşılarını kəsmişdi:

- Dəyməyin! Günahdı! Yasdan heç düşməni də qovmazlar.

Komandir yas sahibi kimi oturmuşdu mağarın ağzında, Rəis də yanında.

Məclisdəkilər o qədər pıçıltıyla danışırdılar ki, elə bil bu boyda mağar bomboş idi, arada yalnız çaxmaqların çaqqıltısı gəlirdi, bir də mollanın “Fatihə”si eşidilirdi. Molladan başqa süfrədəki çaylara əl uzadan da yox idi. Çaylar buğlanıb-buğlanıb soyuyurdu. Çayçı soyumuş çayları dəyişirdi, amma yenə buğlanıb-buğlanıb soyuyurdular.

Sükutu Komandirin qəfil hönkürtüsü pozdu:

- Rəis! Belim qırıldı, Rəis! Bu niyə belə oldu, ay Allah! Niyə belə elədin?!

Rəis onu sakitləşdirməyə çalışdı:

- Ə, yaxşı, yaxşı! Özünü ələ al, yekə kişisən! Dost var, düşmən var!

- Rəis, nə dost, nə düşmən! Ə, mən cəhənnəm ey, bu şəhərin beli qırıldı.

Bu vaxt mağara qarayaylıqlı bir qadın daxil oldu, kişi məclisinə heç vaxt qadın girmədiyindən hamı çaşdı - Pələngin anası idi, əlində də bir çanta. Dayandı Komandirin qarşısında.

Komandir hönkürtüsünü kəsib yerindən dik qalxdı, bütün mağar qalxdı. Qadın Komandirin qızarmış gözlərinə baxıb doluxsundu, yaylığının ucuyla yaşarmış gözlərini sildi, sonra əlindəki çantanı qoydu stolun üstünə.

- Komandir, uşaq bunu dünən gecə gətirmişdi. Deyirdi ki, türklər göndəriblər.

Komandir duruxdu:

- Kimlər göndərib?

- Türklər. Batalyona göndəriblər dedi. Dedi, sabah verəcəm Komandirə. Belə oldu. Götür.

Komandir çantanın ağzını açdı, təəccüblə gah çantadakı pullara baxdı, gah Pələngin anasına, gah mağardakılara - çiyinlərini çəkdi.

Pələngin anası sonra əlini qoynuna salıb bir bükülü də çıxartdı, onu da qoydu stolun üstünə:

- Bunu da mənə verib demişdi ki, ölüb-eləsəm lazımın olar. Nəyimə lazımdı? Ala, bunu da götür! Göndər bu ölən oğulların analarına. - sonra üzünü tutdu mağardakılara: - Hamınıza qurban olum! Təki siz salamat olun!

Və mağardan çıxdı.

Mağara yenə də bir qəbiristanlıq sükutu çökdü, heç kim bu sükutu pozmağa ürək eləmirdi. Çaylar yenə soyumuşdu və Çayçının bu soyumuş çayları dəyişməyə cəsarəti çatmırdı, çiynində dəsmal boynunu büküb dayanmışdı mağarın ağzında.

Və bir anda bütün şəhərə səs yayıldı:

- Türklər uşaqlara pul göndəriblər...

- Deyirlər özləri də gəlir...

- Di gedin, erməni köpəyuşağı! Elə bilirdiniz qardaşlarımız bizi tək qoyacaqlar...

Və İkinciyə xəbər çatdı ki...

... Batalyonun həyətində Türkiyənin bayrağın qaldırıblar!

... Batalyonun həyətində qaldırılan isə Türkiyənin bayrağı deyildi, Drakonun Pələngin qanına hopmuş köynəyiydi...



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə