Aqil abbas



Yüklə 0,61 Mb.
səhifə8/8
tarix20.10.2017
ölçüsü0,61 Mb.
#6097
növüYazı
1   2   3   4   5   6   7   8

- Elə durduğunuz yerdə sizi döydü? Heç bir səbəb olmadan?

Üz-gözü İt Gününə düşmüş:

- Nə səbəb? Bəy dedi də. Biz öz aramızda iş söhbəti edirdik. O da şahmat oynayanlara baxırdı. Qəflətən söyə-söyə qalxdı cumdu bizə.

Üz-gözü Lap İt Gününə düşmüş:

- Rəis, mən bilirəm, bu iqtidarın işidir. Bu mənim həyatıma sui-qəsddir.

Rəis:

- Yaxşı, ağ eləmə. Nə iqtidar, nə sui-qəsd! Evdə arvadla dalaşanda da günahı iqtidarda görürsünüz. Üç kişi bir adama cavab verə bilməmisiniz! İqtidar qolunuzdan tutmuşdu?!



Üz-gözü Bir Az İt Gününə düşmüş:

- Kor deyilik ha! Görürük də! Bayaqdan oturdublar müavinin kabinetində. Biri çay gətirir, biri şokolad gətirir. Bir azdan kabab-zad da gətirəcəklər. İşçiləriniz də qulağımız eşidə-eşidə deyirlər ki, yaxşı eləyib bunları əzişdirmisən.

Üz-gözü İt Gününə düşmüş:

- Hələ yolda deyirdilər ki, rəhmətliyin oğlu, döymüsən qaç çıx get də. Deyirik bizi ekspertə aparın, aparmırlar.

Üz-gözü Lap İt Gününə düşmüş:

- Mən bunu belə qoymayacam, bütün Avropanı bura tökəcəm.

Rəis hövsələsini zorla basdı:

- Yaxşı, yekə-yekə danışma. İqtidarın işi-gücü yoxdu, elə düşüb sizin dalınıza. Avropa, yox bir BMT?! Biz Qrossun sözüylə işləmirik ey, qanunlarla işləyirik, - deyə stolun üstündəki məcəllələri göstərdi, - Bu dəqiqə hər şeyi ayırd edərik. Sizi döyüb, qanun necə tələb edirsə, elə də cəzasını alacaq. İndi ifadələrinizi alarlar, sonra sizi həkimə apararlar.

Rəis müstəntiqi çağırdı:

- Hələlik bunların ifadəsini al, denən onu da gətirsinlər. Siz də əl-üzünüzü yuyun, özünüzü bir səliqəyə salın. Kişi dalaşar də. Döyər də, döyülər də.

Üz-gözü İt Gününə düşmüş:

- Rəis, bəs həkim?

- Dedim də, eşitdiniz, indi çağırarlar. Siz hələ gedin ifadələrinizi verin.

Baş İdarədən zəng elədilər.

- Deyir səndə çepe olub?

- Elə bir şey deyil, adi davadı. Çayxanada bir nəfər üç adamı döyüb, uşaqlar da tutub gətiriblər.

- Ə, nə adam?! Yurnalistdilər ey! Biri də Avropanı suyoluna döndərəndi. Bir az əvvəl Ombudsman zəng eləmişdi. Ciddi məşğul ol. Özləri ilə də yumşaq danış. O Avropanı suyoluna döndərəndən də lap ehtiyatlı ol, yoxsa bütün Avropanı ayağa qaldıracaq, zəhləmizi tökəcəklər.

- Onu mən də tanıyıram. Bütün günü

Yerevanda, Xankəndində sülənir. Təpəsinin gülləsi əskikdi.

- Nə yeyib, özü bilər. Sənə deyirəm diqqətli ol.

- Baş üstə! Narahat olmayın, yoluna qoyacam.

Yurnalistləri döyəni gətirdilər, ortaboylu, caydağ bir adamıydı, ilan kimi soyuq baxışları vardı, üz-gözündən bir etinasızlıq tökülürdü, elə bil dünya vecinə deyildi. Hiss olunurdu ki, çox bərkə-boşa düşüb.

Rəis:

- Əyləşin. Çay gətirsinlər?



- Sağ olun. Müavininizin otağında içmişəm,- gülümsədi,- mən polisi bu qədər mehriban bilmirdim.

- İndi danışın görüm nə baş verib, dava nə üstə olub?

- Rəis, heç nə üstə. Xoşuma gəlmədilər, mən də döydüm.

- Kim xoşunuza gəlməsə döyürsüz?

- Hərdən olur.

- Bəlkə bir az ciddi danışaq?

- Rəis, mən həmişə ciddi danışıram. Çox danışmağı da sevmirəm. Yenə deyirəm, xoşuma gəlmədilər, mən də döydüm.

- Bilirsiz ki, buna görə sizi azı yeddi il iş gözləyir?

- Bilirəm. Üstümdə resedivist adı var. Lap on il də verə bilərlər. Nə olar gedib çəkərik.

- Ola bilməz ki, siz bunu bilə-bilə, adi bir şey üstə dava salıb gedib yeddi-səkkiz il yatmağa razı olasınız.

- Rəis, mən müstəntiqə verdiyim ifadədə də beləcə demişəm. Ayrı bir deyəcəyim yoxdu.

- Qulaq asın, siz cavan adam deyilsiniz, qətiyyən boş yerdən dava salan adama da oxşamırsınız. Görüb-götürmüş, ağır adama oxşayırsınız. Mütləq bir səbəbi var.Bir də mənim üçün çox maraqlıdı, qaça biləcəyiniz halda qaçmamısınız. Niyə? Koroğlu deyib igidlik ondu, doqquzu qaçmaqlıqdı.

- Mən qaçmağı igidlik sayan koroğluların nəvəsi deyiləm.

- İyirmi il nə üstə yatmısınız?

- Rəis, görürəm yaxşı oğlana oxşayırsız. Nə özünüzü yorun, nə məni. Hamısı qarşınızdakı sənəddə yazılıb.

Rəis müstəntiqin aldığı ifadəni yaxına çəkib oxumağa başladı. Ad-familinə, doğum yerinə gözləri sataşanda duruxdu, başını qaldırıb diqqətlə qarşısındakına baxdı, sonra bir də oxudu...

... Bir şəhərdə doğulmuşdular, bir məktəbdə oxumuşdular. Onun idman çantasını daşımaq üstündə sinif yoldaşlarıyla o qədər tutaşmışdı ki. Bu çantanı daşımaq kimin bəxtinə düşsə yaşıdlarına fors edərdi. O da bu çantanı çox daşımışdı və o da bu çantanı daşımaqla yaşıdlarına çox fors etmişdi. İmarətdəki stadionda dostlarıyla qapının dalında durub onun vurduğu topların dalınca çox qaçmışdı.

... Aradan uzun illər keçmişdi. Vaxtilə çantasını daşımaqla fors etdiyi, qızların dərdindən dəli olduğu o mehriban, o gülərüz oğlandan əsər-əlamət qalmamışdı. Və bu uzun illər onun üz-gözünə, saçlarına, alnının qırışlarına əməlli-başlı əl gəzdirmişdi, amma təkcə onun gözlərinə gücü çatmamışdı, gözlərindən tanıdı.

Rəisin sir-sifəti dəyişdi, doluxsunmuş halda protokolu kənara itələdi, kreslosundan qalxıb ona yaxınlaşdı və qucaqladı:

- Komandir!

Quruyub qaldı:

- Nə?


- Sən Komandirsən! Tanıdım səni, Komandir! Bağışla, gec tanıdım. Bağışla, Komandir!

Çaşqın-çaşqın soruşdu:

- Sən kimsən?

- Yadınıza düşmərəm. Bir məktəb

də oxumuşuq. Siz bizdən dörd-beş sinif yuxarı oxuyurdunuz. Onda sizə Kapitan deyirdilər, müharibədə Komandir oldunuz. Futbola gedəndə o qədər sizin idman çantanızı daşımışamkı! Məktəbdə hamı sizdən qorxurdu. Bir dəfə bizim məktəbin qızlarına söz atdıqlarına görə bazarın qabağında iki oğlanı möhkəm döydüyünüz də yadımdadı. Siz tutulanda məktəbdəki qızların hamısı ağlayırdı, elə müəllimlər də.

Rəis o qədər doğma danışırdı ki! Orta məktəbi gözünün qabağına gətirdi, amma nə illah elədi Rəisi yadına sala bilmədi.

- Kimin oğlusuz?

- At Belində Olan Adamın.

... At Belində Olan Adamı başdan-ayağa deyil, ayaqdan-başa süzdü, sonra xayxırdı, özünü onun sifətinə tüpürməkdən zorla saxladı və tüpürdü yerə:

- Ə, sən nə cındır adamsan, ə! Bakıdan gələnlərin dalın yuyursan, özününkünə beş manat qıymırsan?!

Drakonun əlindən zorla qurtulmuş At Belində Olan Adam indi yenidən qırx arşın quyunun dibinə düşdü, özünə bəraət qazandırmaq istədi:

- Komandir! Seyid Lazım ağanın cəddi haqqı bilməmişəm. Hər gün o gəlir pul ver, bu gəlir pul ver. Mən köpəyoğlu nə bilim kim kimdi. Mənə demədilər ki, siz istəyirsiniz.

Komandir gördü ki, əsəbləri onu dalınca sürükləyir və belə getsə əlindən xəta çıxa bilər, onsuz da adları bədnam idi, hökumət haqlarında gündə yüz şayiə buraxırdı.

İndi Drakon yenə hökumətin əlinə dəstəvuz vermişdi. Hökumət birinin üstünə beşini qoyub bütün şəhərə yayacaqdı ki, At Belində Olan Adamı aparıb batalyonda döyüblər, pulunu əlindən alıblar, day nə bilim nə. İndi Komandirin gözünün qabağına bu gəlirdi, yoxsa elə məmnuniyyətlə özü onun şalvarını çıxartdırıb başına geyindirərdi. Hövsələsini basdı:

- Atın bunu bayıra!

Uşaqlar bir andaca At Belində Olan Adamı itbusdu eləyib darvazadan bayıra tulladılar...

...Və Komandir indi gördü ki, bir az əvvəl kövrələrək onu bağrına basan elə At Belində Olan Adamdı, amma çox cavandı.

Rəis Komandiri bir də bağrına basdı:

- Haqqınızda qəzetlərdə çox oxumuşam. Məhkəmənizdən də çox yazdılar. Atam da sizin haqqınızda çox danışıb. Hətta bir dəfə atamı ölümdən qurtarmısınız.

- Yadımda deyil. Həm də onlar keçmişdə qalıb.

- Yox, yox, heç nə keçmişdə qalmayıb. Siz deməsəz də mən indi bildim ki, o erməni yengəsini niyə döymüsüz. Görürsüz də, Komandir. Sovet hökuməti vaxtı belələrini ya güllələyərdilər, ya da Sibirdə çürüdərdilər. Amma biz qıllarına belə toxuna bilmirik. Avropa tumanını keçirir başına. Bayaqdan Avropada yer qalmayıb zəng eləməsinlər. Nə isə. Avropa da qələt edir, onlar da.

Rəis yerinə qayıdıb telefonu götürdü:

- Hadisəni kitaba vurmusunuz? Lap yaxşı. Hələ vurmayın, vurmaq lazım olsa deyərəm. Maşını da çəkin qapıya, çıxıram. Müavin gəlsin içəri.

At Belində Olan Adamın at belindəki oğlunun bu gözlənilməz hərəkətləri Komandiri necə çaşdırmışdısa bilmirdi nə desin, nə etsin, işin sonunu gözləyirdi.

Müavin girdi içəri:

- Eşidirəm, Rəis.

- Ala bu açarları,o seyfi aç, on min dollar götür, ver o dəyyuslara. Aparatlarını da alsınlar, qalanını da öz aralarında bölsünlər. Denən şikayətlərini geri götürsünlər. Razı olmasalar, həkim çağır, yazsınlar ki, içkilidirlər, ağsaqqal bir adamı da döyüblər. Onsuz da şahid yoxdu. Qoy getsinlər nə bilirlər eləsinlər. Strasburqa yox ey, lap Buşa şikayət etsinlər.

Eşitdiklərinə inanmadı, bu doğrudanmı At Belində Olan Adamın oğludu?! Doğrudanmı vaxtilə Musanın ayaqları kəsilmiş anasına min manat qıymayan bir adamın oğlu indi onu həbsdən qurtarmaq üçün on min dollarından keçirdi?!

Amma Komandir Rəisin son sözlərini qəbul eləmədi:

- Rəis, sağ olun. Sizi başa düşürəm, mənə kömək eləmək istəyirsiz. Amma on il də yataram, döyülmək sözünü üstümə götürmərəm. Mən onları döymüşəm.

- Komandir, döymüsüz, lap yaxşı eləmisiz. Mən də sizi buraxıram. Mən sizi tuta bilmərəm. Camaat mənə nə deyər? Hələ atam! Üzümə tüpürər. İndi durun. Durun görüm.

- Hara?


- Necə yəni hara? Bizə! Heç bilirsiz atam sizi görəndə nə qədər sevinəcək!

Amma Komandir getmədi:

- Sağ olun, Rəis. Atanıza salam deyərsiz. Gecdi. Ayrı vaxt görüşərik. Mən rayona getməliydim, bu hadisə oldu, qaldım.

- Xahiş edirəm!

- Söz verirəm, ayrı vaxt gedərik. İndi icazə versəz mən gedərdim.

Rəis cibindən bir kart çıxartdı:

- Onda bunu götürün. Burda mənim telefonlarım yazılıb. Nə lazım olsa, nə vaxt istəsəz, lap gecə saat iki olsun, zəng eləyin. Elə bilin balaca qardaşınıza zəng edirsiz.

Komandir kartı aldı:

- Eləyərəm.

- Gözləyəcəm ha. Atam da gözləyəcək. İndi doğrudan rayona gedirsiz?

- Doğrudan.

Endilər aşağı. Rəis bir nəfəri çağırdı.

- Eşidirəm, Rəis.

- Sən belə elə, Komandiri aparırsan rayona. Onun ixtiyarındasan.

- Baş üstə, Rəis!

Komandir etiraz elədi:

- Lazım deyil, Rəis. Özüm bir maşına oturub gedəcəm.

Rəis az qala yalvardı:

- Komandir, məni sındırma.

Rəislə idarədən çıxdılar.

Komandir gördü ki, bayaq onu rayona aparacaq Əsgər Köynəkli Sürücü idarənin qabağında var-gəl edir, təəccüblə soruşdu:

- Sən burda nə gəzirsən?

- Necə yəni nə gəzirsən?! Səni gözləyirəm!

- Məni?


- Bəs kimi? Demirdin rayona gedəcəyik. Belə kişilik olar ki, səni qoyum gedim?!

Komandir güldü:

- Rəis, görürsüz də maşınım da hazırdı.

Rəis:


- Nə deyirəm ki, yaxşı yol. Amma qayıdanda mütləq məni tapın ha, gözləyəcəm.

Maşına oturub şüşəni yendirdi və soruşdu:

- Rəis, siz doğrudan At Belində Olan Adamın oğlusuz?!

Rəis elə sadəlövcəsinə and içdi ki:

- Vallah, hə!

***


Gecə yuxusuz qaldığından bütün yolboyu maşında yatdı. Əsgər Köynəkli Sürücü yolun belini qırmaq üçün söhbətdən ötrü ölsə də onu oyatmağa qıymadı. Nəhayət, mənzil başına çatdılar, burdan o yana yol yox idi, burdan o yana yolun belini həqiqətən qırmışdılar...

Əsgər Köynəkli Sürücü onu oyatmağa məcbur oldu:

- Əmi, ay əmi!

- Deyəsən bərk yatmışdım.

- Hə, elə şirin yatmışdız, oyatmağa ürəyim gəlmədi. Yol qurtarmasaydı heç oyatmayacaqdım.

Maşından düşdülər.

- Yaxşı, dostum, sən burdan qayıt.

- Bəs sən?

- Mən burda qalacam, hələ işim var.

- Bəlkə gözləyim? Sonra gedək bizə. Evimiz burda, yaxındadı, Çadır Şəhərində.

- Yox, sağ ol. Onsuz da bu gün sənə çox əziyyət verdim,- dedi Komandir və əlini cibinə salıb pul çıxartdı, - Mən qiyməti bilmirəm, nə qədər lazımdı götür.

- Nə danışırsan, əmi, pul nədi?! Sən içəridə olanda şöbənin qabağında polislər səndən danışırdılar. Mən də sənin adını eşitmişəm. Böyüklər çayxanada sənin haqqında çox danışırdılar, elə indi də danışırlar. Mənim atam da şəhid olub, bəlkə tanıyırdız, adı Cəmil idi.

Komandir ha fikirləşdi, belə bir adamı yadına sala bilmədi, amma bu cavanın könlünü də sındırmaq istəmədi:

- Tanıyırdım. Çox qeyrətli döyüşçüydü.

Əsgər Köynəkli Sürücü elə sevindi ki, Komandir öz şirin yalanıyla bu cavanı sevindirməyindən çox xoş oldu.

- Əmi, mənim atam doğrudan özünü tankın altına atıb?

- Hə, oğul.

- Deyirdilər inanmırdım, indi inandım.

Əsgər Köynəkli Sürücü o qədər xoşbəxt oldu ki - atası özünü tankın altına atmışdı.

- Nə deyirsən, əmi, gözləyim gedək bizə?

- Yox, sən get.

Əsgər Köynəkli Sürücü bir kağıza telefon nömrəsi yazıb verdi Komandirə:

- Əmi, bu mənim telefonumdu. Nə vaxt maşın lazım olsa, zəng elə. Atamın adı haqqı, pul-zad lazım deyil.

- Zəng eləyərəm.

Əsgər Köynəkli Sürücü Komandiri atasını bağrına basırmış kimi bağrına basdı, öpdü və sağollaşıb getdi.

Dünyanın Ən Varlı Şəhərinin beş addımlığında yolun ortasına dərin bir xəndək atmışdılar. Əgər bu xəndək son idisə - bəs niyə xəndəkdən o üzdə qoyun otaranlar, yer əkənlər, ot daşıyanlar heç nə olmamış kimi öz işindəydilər.

Və bir zamanlar dünyanın ən işlək yolunun xəndəkdən o üzünü ot basmışdı. Əlini uzatsa şəhərə çatardı. Amma heç kəs əl uzatsa əlləri çatacaq bu şəhərə bu neçə ildə əl uzatmaq fikrinə düşməmişdi. Neçə iliydi bu şəhərin bir əl məsafəsindəki alaçıqlarda, kərpic daxmalarda vaxtilə paytaxtlarına bayraq sancdıqları nemeslərdən yardım gözləyə-gözləyə, axşamlar da televizorlarda Rodrigesin qayınanasının iztirablarını özlərinə dərd edə-edə, arada da bir qoyun əti yeyə-yeyə yaşamağa alışmışdılar. Və bu alışqanlıq onları elə mütiləşdirmişdi ki, ağıllarına gəlmirdi ki, bir səhər yerlərindən qalxıb heç əl-üzlərini yumadan bu xəndəyi atlayıb əl boyda məsafəni keçə bilərlər, ev-eşiklərinə, qəbristanlıqlarına gedə bilərlər.

Vaxtilə əliyalın ölümə gedən oğulların hamısı qırılıb qurtarıbmı?! Atalar day Drakon əkmirlərmi?! Analar day Pələng doğmurlarmı?!

Atlanıb xəndəyi keçdi. Ot basmış yolla üz tutdu Dünyanın Ən Varlı Şəhərinə. Əlini-qolunu sallayıb gedirdi.

Bir az aralıda qoyun-quzu otaran 13-14 yaşlı bir uşaq onu səslədi:

- Əmi, ay əmi!

- ...


- Əmi! Ay əmi! Əmi!

Dayandı:


- Nədi, ay oğul?

- Əmi, o tərəfə getmə!

- Niyə, oğul?

- Oralar ermənilərindi!

Oralar ermənilərindi! Oralar ermənilərindi! Söz onu qəfil it kimi tutdu. Bu uşağa evdə böyükləri deyiblər ki, oralara getmə, oralar ermənilərindi. Və uşaq da elə bilir ki, oralar doğrudan da ermənilərindi.

- Qorxma, oğul!

- Getmə, əmi. Srağagün orda bir əsgərimizi vurdular.

- Başa düşdüm, oğul.

Yenə əlini-qolunu sallayıb düzəldi yola. Qarşısına bir xəndək də çıxdı. Gördü ki, bu xəndək o xəndəkdən deyil, səngərdi. Başa düşdü ki, day onun üçün də yol qurtardı. Gördü ürəyi istəsə də ayaqları getmir. Özünü bu qədər alçalmış və təhqir olunmuş hiss etməmişdi. Özü özündən utandı, xəcalət çəkdi, əlləri ilə başını tutub oturdu xəndəyin üstündə.

İnsanı hər an öldürə biləcək bu ağrılarla əl uzatsa çatacaq Dünyanın Ən Varlı Şəhərinin əl boyda məsafəsində dayanmışdı. Bu şəhərin minlərlə şəhidindən - ölüb canlarını qurban verdikləri şəhərin öldüyündən xəbərsiz xoşbəxtlərdən biri ola bilməməsi onu yandırdı. Tanrı hansı günahına görəsə bu xoşbəxtliyi də ona çox görmüşdü. İndi o qədər aciz idi ki, əl uzatsa çatacaq şəhərə Çadır şəhərlərində yaşayanlar kimi əl uzatmağa qüdrəti çatmırdı. Elə beləcə əzizinin cəsədi ortalıqda qalıb qurd-quşun yeminə çevrilən adamlar kimi əl uzatsa çatacaq şəhərə xeyli tamaşa etdi.

Etdi, etdi...

Döndü Bayata, Azər Hüseynin kababxanasına.

Adamlar əl uzatsalar çatacaq şəhərin əl boyda məsafəsində heç nə olmamış kimi öz keflərindəydilər, yeyib-içirdilər. Hardansa başlarında ikibaşlıq papaq gəzdirən aşıqlar da tökülüb gəlmişdilər, hər süfrənin başında biri oxuyurdu.

- Bəlkə bu yerlərə bir də gəlmədim...

- Meşəbəyi, meşəbəyi, meşəbəyi...

- Çal oynasın Əjdər əmi...

- Ağdam bir gözümdü, Bərdə bir gözüm...

Biri Məmməd Arazdan, biri Hüseyn Arifdən, biri Dədə Şəmşirdən oxuyan aşıqların dediyi sözlər heç kimin tükünü də ürpətmirdi, çünki qulaq asmırdılar. Hərdən səndərləyə-səndərləyə “Bəlkə bu yerlərə bir də gəlmədim” oxuyan aşıqların cibinə pul basır, lap keflilər isə aşığı qucaqlayıb o üzündən- bu üzündən öpürdülər:

- Ə, o Meşəbəyini bir də oxu. Can, Meşəbəyi, can xala...

Bir də bu yerlərə gələ biləcəyinə inanmayan şairdən, Meşəbəyinin göz vurduğu xaladan, bir gözü Ağdam, bir gözü Bərdə olan boşboğazdan uzaq olmaq üçün kababxananın lap aşağısındakı çinarın altında dayanıb xörəkpaylayanı çağırdı:

- Oğul, ordan bir stol tap gətir.

Dərhal stol-stul gətirdilər, stolun üstünə səliqəylə süfrə saldılar.

- Nə yeyəcəksiz?

- Hələ bir stəkan çay gətir.

Onun çaydan başqa heç nə sifariş verməməsindən Xörəkpaylayan bərk dilxor oldu, amma diqqətlə ona baxdı.

O isə bu baxışlardan xoşlanmadı:

- Nədi ay oğul, xoşuna gəlmədim?

- Allah eləməsin, dayı. Sizi bir nəfərə oxşatdım.

- Hər kimə oxşadırsansa səhv eləyirsən.

- Bağışlayın.

- Bağışladım.

Xörəkpaylayan getdi, tez də qayıtdı, stolun üstünə çay qoydu, mürəbbə qoydu, limon qoydu və yenə ehtiyatla dedi:

- Dayı, inciməsən bir söz soruşardım.

- Ay oğul, sən nə zircih adamsan, get işinlə məşğul ol.

Aşıqlar özlərini öldürürdülər:

- Bəlkə bu yerlərə bir də gəlmədim...

- Ağdam bir gözümdü, Bərdə bir gözüm...

- Qarabağ, can Qarabağ...

Sağlıq deyənlər özlərini öldürürdülər:

- Gün o gün olsun Şuşada, Cıdır düzündə yeyib-içək...

- Yaxşı dostların sağlığına...

Bir nəfər aşığa ən çox pul verəni duz kimi yalayırdı:

- Sənin sağlığına, Qarabağda səndən qeyrətli oğlan yoxdu...

O da xoşhallanır, forsla o biri stollara baxırdı.

Komandir gördü özünü çox pis hiss edir, çayı itələdi bir kənara, qalxdı ayağa və yendi kababxananın altındakı kəhrizə. Çəkib torpağın ciyərini çıxaran artezian quyuları bütün kəhrizləri qurutsa da Həmidə xanımın vurdurduğu bu kəhrizi quruda bilməmişdi. İmkanlı adamlar artezian quyularının quruda bilmədiyi bu kəhrizdən su daşıtdırırdılar.

Əvvəl-əvvəl ağzını kəhrizin gözünə dayayıb neçə il həsrətini çəkdiyi, az qala dadını unutmaqda olduğu bal kimi sudan içdi. Sonra əl-üzünü möhkəm-möhkəm yudu, amma bu o qədər də ləzzət eləmədi. Soyunub girdi kəhrizin göz yaşı kimi təmiz, bumbuz suyuna. Gözlərini yumdu və xoşbəxt uşaqlığını xatırlamaq istədi...

... Tez-tez qaçıb gəlirdilər bura. Bu göz yaşı kimi təmiz, bu bumbuz suda çimişməkdən doymazdılar. Onda onların özləri də göz yaşı kimiydilər, amma bumbuz deyildilər, od-alovuydular, təzə-təzə qızların ürəklərini yandırıb-yaxan vaxtlarıydı. Kəhrizin dərinliklərinə üzməkdən xüsusi ləzzət alardılar. Dərinliyə üzdükcə su daha şirinləşər, daha durular və bir az da buzlaşardı. Və kəhrizin dərinlikləri göyərçin yuvalarıyla dolu olardı, əlini at, tut. Amma bu göyərçinlərə toxunmazdılar, nənələri həmişə deyərdi ki, göyərçinlər imam qanından yaranıblar.

Ən çox sevdikləri isə kəhrizdəki balaca, pırıl-pırıl balıqları əllə tutmaq idi. Bəzən bu balıqları tutmaq üçün saatlarla yarışırdılar. Amma heç biri bu yarışda qalib gələ bilmirdi. O, uduzmağı sevməsə də və heç vaxt uduzmasa da bu pırıl-pırıl balıqlara həmişə uduzurdu. Kinolarda qartalların şığıyıb özlərini suya çırparaq balıq çalmalarını çox görmüşdü. O da çox istəyirdi qartal kimi şığıyıb özünü çırpsın suya və heç olmazsa bircə dəfə bu pırıl-pırıl balıqlardan bircəciyini çalsın. Amma çala bilmirdi. Bu kəhrizdə çimə-çimə, balıqlara uduza-uduza böyüdülər...

... Gözlərini yummuşdu, onunla bu kəhrizdə çimə-çimə, pırıl-pırıl balıqlara uduza-uduza böyüyən dostlarını xatırlayırdı. Hamısı müharibədə qırılmışdı, tək ondan başqa. Sonra Drakonu gördü, Pələngi gördü, Gülablı yolunda bağırsaqları ağacın budağına dolaşmış və hələ nə baş verdiyini anlamadan bağıran adamı gördü, od tutub yanan şəhəri gördü - gözünü açdı, hər şey yox oldu, bir kəhrizin suyuydu, bir özüydü, bir də yanında qorxusuz-ürküsüz üzüşən balaca, pırıl-pırıl balıqlar...

... Göy üzü göy üzütək təmiz, dünya yamyaşıl, hardasa quzu otaran bir uşaq Qədir Rüstəmovu yamsılayırdı:

- Qoyubdur intizarında, neyçün gəlməz, neyçün gəlməz...

Səsi aləmi götürmüşdü başına. Onlar da yamyaşıl dünyada, göy üzütək təmiz göy üzünün altında, quzu otaran uşağın şipşirin səsinin içində balaca, pırıl-pırıl balıqları tutmaq üçün özlərini öldürürdülər...

... Uşaqlıqda olduğu kimi əlini atdı və bu balaca, pırıl-pırıl balıqlardan birini tutsun, tutdu da. Balıq əlinin içində elə çırpınırdı ki, elə bil əlinin içində çırpınan balıq yox, ürək idi. Çəkib sudan çıxarmaq istədi, nə illah elədi bu balaca, bu pırıl-pırıl balığa gücü çatmadı. Balıq kəhrizin dərinliyinə doğru üzməyə başladı, balıq üzürdü və onu da özüylə çəkib aparırdı. Balıq onu dərinliyə çəkdikcə su daha şirinləşir, daha durulur, bir az da soyuyurdu. Neçə iliydi bu şirinliyin, bu duruluğun həsrətini çəkdiyindən indi ləzzətlə balığın arxasınca üzürdü. Və heç fərqində də deyildi ki, bu balaca, bu pırıl-pırıl balıq necə onu öz arxasınca dartıb aparır.

Birdən hiss elədi ki, böyür-başında da kimlərsə üzür, çevrildi - Drakonu gördü, bir balaca, pırıl-pırıl balıq da onu ardınca aparırdı. Pələngi gördü - bir balaca, pırıl-pırıl balıq da onu ardınca aparırdı. Batalyonun bütün uşaqlarını gördü, hərəsi bir balıq tutmuşdu və tutduqları balıqlar da onları öz arxalarınca dartıb aparırdılar.

Hamısının üz-gözündə sevinc vardı, hamısı arzusuna çatmışdı - hamısı balıq tutmuşdu.

Və Komandir də, uşaqlar da bir səs eşidirdilər... Uzaqdan, lap uzaqdan, eyy lap uzaqdan Qədir Rüstəmovun səsi gəlirdi:

- Bu dərənin uzunu, Tanrı qaytar...

Və balıqlar da onları dartıb bu səsə doğru aparırdı!

... Qəflətən minlərlə at ağız-ağıza verib necə kişnədisə və göylər necə şaqqıldadısa çöllər diksindi, ağaclar diksindi, çaylar diksindi, dağlar diksindi. Şimşəklər göy üzünü parça-parça elədilər. Və göy üzündən də yuxarıdan necə bir Dolu başladısa... camaat dik atıldı və sevinclə özünü atdı bayıra...

1988-2007



Dünyanın Ən Varlı Şəhəri.




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə