Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə2/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   2   3   4   5   6   7   8   9   ...   76

 

Aqşin  Babayevin  varlığını  qapsamış  əhval  Nazim  Hikmətcəsinədir  və  mənə  elə 
gəlir  ki,  indi  başqa  dünyada,  ayrı  bir  aləmdə  olan  Nazim  Hikmətin  bu  dünyada, 
bizim aləmə yansıyan ruhunun bir şöləsi də elə Aqşin Babayevin özüdür. 


 

                         NAZİM HİKMƏTƏ BAĞLI ÖMRÜM 
 
1957-ci  il...    Azərbaycan  Dövlət  Universitetinin  iclas  salonu.  Nazim  Hikmət 
kürsüdədir.  Biz  tələbələr  uzaqdan-uzağa  seyr  edirik  onu.  Gur  səsi  dalğa-dalğa  yayılır: 
“Bu  müqəddəs,  bu  qüdsal  evinizə  –  darülfünunuza  çağırdığınız  üçün  təşəkkürlər 
edirəm.  Məni  dünyanın  ən  bəxtiyar  insanlarından  biri  yapdınız.  Və  mən  indi  burada 
düşünürəm ki, bəlkə mən görmədim, amma oğlum görəcək, necə İstanbulda da, bizim 
universitetdə  də  belə  bir  salon  olacaq,  oraya  da  Azərbaycandan  bir  şair  gələcək, 
məsələn,  indi  burda  şeir  oxuyan  bu  qızcığaz  gələcək.  Siz  məni  necə  qarşılayırsınızsa, 
onlar da onu elə qarşılayacaqlar. O şairdən bir istəyim var. O, oraya getdiyi vaxt mənim 
İstanbullu  gənclərimə  desin  ki,  bizə  də  sənin  Nazimin  gəldi.  Biz  onu  qardaş  kimi 
bağrımıza  basdıq  və  biz  ona  çox  şeyi  öyrətdik.  Nə  öyrəndisə  bu  dünyada,  çoxunu 
bizdən  öyrəndi.  Bunu  söyləməyi  unutmasın.  Və  məndən  salam  söyləsin.  Çünki,  bəlkə 
mən məmləkətimə qovuşa bilmədim. Amma o, mənim məmləkətimi görəcək.” 
1961-ci  il...  Moskvadayam.  Şairin  evində  onunla  üzbəüz  oturmuşam.  İnana 
bilmirəm ki, “Mavi gözlü dev”lə görüşmüşəm. 
1962-ci  il...  Şair  Bakıda  qonaqdır.  Radio  jurnalisti  kimi  səsini  lentə  yazıram. 
Ayrılanda deyir: “Müdafiənə məni də çağır. Unutma.” 
1963-cü il... Nazimin qəfil ölüm xəbərini eşidirəm. Uşaq kimi ağlayıram. 
1967-ci  il...  Nazim  Hikmətin  yaradıcılığına  həsr  olunmuş  namizədlik 
dissertasiyamı  müdafiə  edirəm.  Nazimşünas,  bizim  həmyerlimiz  Əkbər  Babayevdən 
teleqrafla  rəy  və  təbrik  məktubu  almışam.  Müdafiəmdə  Nazim  Hikmətin  müəllimi 
hesab olunan, Türkiyənin məşhur jurnalisti Zəkəriyyə Sərtəl iştirak edir. 
1972-ci  il...  Şairin  Vətəni  Türkiyədəyəm.  Üç  illik  işləməyə  gəlmişəm.  Nazimin 
həsrətində olduğu, bircə dəfə də görmədiyi Toros dağlarından keçirəm. 
Adana  şəhərində  kitab  mağazasında  mənə  bir  türk:  “Bizdə  vətən  xaininin  kitabı 
satılmaz”  deyir.  Baxıram  bu  türkə,  ürəyimdən  qara  qanlar  axır.  Niyə  beləyik  biz? 
Amma çox keçmədən bu xəyal qırıqlığı tərk edir məni. Türkiyədə tanış olduğum dostlar 
–  Ercan,  Kamal,  Yusif  Nazimdən  şeirlər  deyirlər.  Sevinirəm.  Demək  türklər  Nazimi 
sevirlər. 


 

Haşiyə: Heç ağlıma da gətirə bilməzdim ki, Nazim Hikmətin YUNESKO xətti ilə 
2002-ci  ilin  yanvar  ayında  keçiriləcək  yubileyinin  əks-sədası  həm  Türkiyədə,  həm  də 
Azərbaycanda  çoxlarını  sevindirsə  də,  bəzi  adamların  qanını  qaraldacaq.  Nazimi 
sevməyənlər əvvəllər sanballı adamlar olub. Məsələn, Orxan Seyfi, Pəyami Səfa...  İndi 
Nazimin  bədxahları  orijinal  görünmək  üçün  dəridən-qabıqdan  çıxan  tör-töküntülərdir. 
Ancaq onlar istəsə də, istəməsə də, Nazim Hikmətin 100 illiyi bayram edildi. Dünyanın 
bir  çox  ölkələrində,  o  cümlədən  Azərbaycanda  da  Nazim  Hikmət  yubileyi  təntənə  ilə 
keçirildi. Nəşriyyatlarımız bu böyük sənətkar haqqında  kitablar nəşr etdilər.  Görkəmli 
bəstəkarımız  Arif  Məlikovun  Nazim  Hikmətin  ölməz  əsəri  əsasında  yaratdığı 
“Məhəbbət  əfsanəsi”  baleti  bir  daha  İstanbul  teatrının  səhnəsini  bəzədi.    Bir  sözlə, 
Nazimin 100 illiyi böyük təntənə ilə keçdi.  
1975-ci  il...  Türkiyədən  Azərbaycana  dönürəm.  Nazimin  kitabları  ilə.  Dünya  xali 
deyil. Nazimi sevənlər çoxdur. 
1976-1991-ci  illər...  Radioda  işlədiyim  illərdə  Türkiyədən  gələn  qonaqları  - 
Haldun  Taneri,  Əziz  Nesini,  Kamal  Bayramı,  Vedat  Türkəlini,  Oqtay  Akbalı,  Asim 
Bezercini  və  başqa  sənət  xadimlərini  qarşılayıram.  Sözümüz-söhbətimiz  Nazim 
Hikmətdəndir. 
1978-ci  il...  Nazim  Hikmət  haqqında  kitabım  Bakıda  “İşıq”  nəşriyyatında  çap 
olunur. 
1982-ci  il...  “Cümhuriyyət  dövrü  türk  dramaturgiyasında  ictimai  motivlər”  adlı 
kitabım  Azərbaycan  Elmlər  Akademiyasının  “Elm”  nəşriyyatı  tərəfindən  çap  olunur. 
Kitabın Nazimə həsr olunmuş ayrıca fəsli var. 
1989-cu il... “Nazim Hikmət və yaşamı” adlı kitabım Berlində türk dilində işıq üzü 
görür. (Onu qələm dostum Yüksəl Kaya türkcələşdirmişdir.) 
1992-ci  il...  Bakıya  jurnalist  Mustafa  Ekmekçi  gəlir.  Nazim  Hikmət  dilindən 
düşmür.  Onu  tanıyanlardan  müsahibələr  alır.  Nazim  Hikmət  haqqında  xüsusi  reportaj 
hazırlayır. Şairin Azərbaycanla bağlılığını öyrənir. 
1996-cı il... Türk dramaturgiyasına həsr olunmuş doktorluq dissertasiyamı müdafiə 
edirəm.  Araşdırmanın  böyük  bir  hissəsi  Nazim  Hikmətin  dram  yaradıcılığına  həsr 


 
10 
olunmuşdur. Televiziya və radio verilişlərində Nazim haqqında danışıram, iftixar hissi 
keçirirəm. 
1998-ci il... “Azərbaycan və türk dünyası” adlı kitabım çapdan çıxır. Onun böyük 
bir hissəsi Nazimə həsr olunub. 
2000-ci il... Mən Nazim Hikmət Kültür və Sanat Vakfının Məsləhət Şurasının üzvü 
seçilmişəm.  
Yenə  2000-ci  il...  “100  yaşlı  Nazim  Hikmət”  adlı  kitabım  kütləvi  tirajla  işıq  üzü 
görür  və  bu  kitabıma  görə  2001-ci  il  aprelin  11-də  Beynəlxalq  Mükafatlar 
Akademiyasının “Humay” mükafatına layiq görülürəm. 
2012-ci il... Türkiyədə “Nazim və Azərbaycan” kitabım çap olunur. 
Üç  il  həyat  yoldaşımla,  qızımla  Nazim  Hikmətin  Vətənində  yaşamışam.  Ömür 
dostum Müzəyyən xanım Zəkəriyyə  
Sərtəlin  Nazim  Hikmətə  həsr  etdiyi  “Mavi 
gözlü  Dev”  kitabını  dilimizə  çevirib.  Oğlum  Gündüz  aliəsi  ilə  birlikdə  beş  ildir  ki, 
Nazimin  Vətənindədir.Burada  işləyir.  Nəvələrim  Nazimin  dilində  təhsil  alırlar.  Qızım 
Aytən  Nazim  Hikmətin  fəlsəfi  görüşlərinə  həsr  olunmuş  dissertasiya  müdafiə  edib. 
Fəlsəfə doktorudur. Evdə yazı masamın üstündə əlini çənəsinə söykəyib mənalı gözləri 
ilə mənə baxan Nazim Hikmətin şəkli var. Audio-kasetlərdə Nazimin səsi var. Bu səslər 
içərisində onun özünün oxuduğu şeirlər də var, mənim ondan aldığım müsahibələr də... 
Bütün bu dediklərim ömrümün bir parçasıdır... Tələbəlik illərindən bu günə qədər 
gəlib çatan Nazim Hikmətə bağlı ömür! İnanıram ki, gündən-günə şöhrəti ucalan Nazim 
Hikmətin  gələcək  tədqiqatçıları  heç  olmasa  bir  yerdə  mənim  adımı  çəkəcəklər.  Bu, 
mənim  üçün  böyük  qürur  olacaq.  Həyatda  olsam  da,  olmasam  da...  Amma  hələ  ki, 
torpağın üstündəyəm. Nə qədər ki, torpağın üstündəyəm, Nazimdən deyəcək, Nazimdən 
yazacağam.  
Sizə,  əziz  oxucular,  təqdim  etdiyim  bu  kitabda  Nazim  Hikmətə  həsr  etdiyim  və 
onunla  bağlı  insanlardan  söz  açdığım  yazılarım  toplanmışdır.  Bu  yazıların  böyük  bir 
qismi müxtəlif illərdə dövrü mətbuatda işıq üzü görmüşdür. Təkrarlar olsa, üzürlü hesab 
edin. 
 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə