Asif Ata Amalı yaxud İnsanlığın İnamı



Yüklə 105,23 Kb.
tarix06.02.2018
ölçüsü105,23 Kb.
#26446

SOYLU ATALI

Mütləqə İnam Ocağının Yükümlüsü
Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim

Asif Ataya – İnam Ataya Ali Səcdəylə!


Asif Ata Amalı

yaxud

İnsanlığın İnamı
(Yeni Dünyabaxış və onun yaradıcısı haqqında yığcam ruhani bilgi)
Ürəyinizdə Günəş olsun, sayğılı sabahdaşlarımız!

Düz 32 ildir “Türkün Ruhaniyyat Ocağı”, “Asif Atanın Mütləqə İnam Ocağı”, “İnsanilik Erası” və s. kimi anlayışlarımızı eşidirsiniz, bu Ocağın Yaradıcısının, Davamçılarının çalışmalarını izləyir, fikir və düşüncələrini əks etdirən ədəbiyyatlarını oxuyursunuz. Cəmiyyətdə Ocağa, onun yaradıcısının şəxsiyyətinə fərqli münasibətlər var. Bu fərqli münasibət göstərənlər içərisində rəğbət bəsləyənlər də var, dananlar da. Hətta niftrət edənlər belə yox deyil. Əlbəttə, münasibətlərin doğruluğu və buradan da irəli gələn rəğbət yönü bizi sevindirir, yanlışlığı narahat edir. Ancaq münasibətin istənilən tərəfi – istər sayğılı münasibət olsun, istər sayğısız, bizi çaşdırmır. Çünki bu Yolu biz dərk eləyərək, inanaraq, sevərək gedirik. Yolun tələbinə uyğun olaraq özümüzü içəridən qururuq, yaradırıq. Həm də Yolu yaradırıq, yəni xalqımıza göstəririk, veririk. Ancaq Yol xalqa kənardan gəlmir, onun mahiyyətindən başlayır. “Biz özümüzü qururuq” məntiqi də əslində xalqın mahiyyətinə qovuşuruq deməkdir. Bu Yolda biz tarixin bəlli sınaqlarından keçməli oluruq. Yəni Yeni Yarananın, Yeniliyin xalqa qəbul etdirilməsinin çətinliklərini yaşayırıq. Xalqın içində gözə görünən və görünməyən dirənişlərlə üz-üzə gəlirik. Bu dirəniş əslində xalqın içində özünə, özümlüyünə zidd olan daşlaşmış Özgəliklərin təsirləridir. Xalqımıza mənəvi-ruhani yaxınlaşmağımızın yolunda Yadlıqlar dayanır. Bu Yadlıqları aradan qaldırmaq çox böyük vaxt tələb eləyir. Bu Böyük Vaxt Böyük Ruhani Səbrin və Böyük Ruhani İnadın vəhdəti ilə yüklənməlidir. Böyük aşırımlar aşmaq, böyük çətinliklər keçmək Dönməz Talelərin işidir. Biz üzümüzü bu yönə tutmuşuq.

İndi sizə Yeni Dünyabaxışın yaradıcısı və ideyaları haqqında bilgi vermək istəyirik. Yuxarıda vurğuladığımız fərqli münasibətlərin mahiyyəti bu bilgini əldə edəndən sonra üzə çıxa bilər. Əslində bu bilgini Asif Ata adına, Onun işinə bələd olan hər kəs az və ya çox mənada əldə edibdir. Ancaq sistemli və yığcam bir təqdimatla təsəvvürləri müəyyənləşdirmək, dəqiqləşdirmək istəyirik. Burada biz ilk tanış olanların içində yarana biləcək suallara qısa və konkret cavablar verməyə çalışacağıq. Odur ki, öncə Asif Ata kimliyi, şəxsiyyəti haqqında bəhs edək: Asif Ata (Əfəndiyev Asif Qasım oğlu) 25 sentyabr 1935-ci ildə keçmiş Qazax mahalının Çaykənd kəndində doğulmuşdur. Hər iki valideyni müəllim, babası və ulu babası isə dindar olub. İlk təhsilini Çaykənddə alıb, orta təhsilini Gəncədə davam etdirib, yuxarı sinifləri isə Ağstafada başa çatdırmışdır. Bir il sonra M.Qorki adına Moskva Ədəbiyyat İnstitutuna daxil olur və 1957-ci ildə oranı fərqlənmə diplomu ilə bitirir. Moskvada təhsil alarkən onun elmi kitabxanalarından ciddi istifadə edərək özünütəhsillə məşğul olmuşdur. Dünyanı qədim dövrdən üzü çağımıza qədər əsaslı şəkildə öyrənmişdir. Fəlsəfəni, ədəbiyyatı, tarixi, musiqini, dini və dinin tarixini, mifologiyanı öyrənib təhlil etmiş və özü üçün mühüm nəticələr çıxarmışdır. Asif Əfəndiyev belə qənaətə gəlmişdir ki, bəşəriyyətin tarixi boyu insana olan münasibət onu dərk etmək üçün yetərli olmamışdır. Eləcə də Azərbaycanın (böyük dəyərlər yaratdığı halda) tarixdə yerinin görünməməsi. Bu dəyərlər də bilərəkdən onun-bunun adına çıxılmışdır. Məsələn, bəşəriyyətin ilk peyğəmbəri Zərdüştün farslara aid edilməsi. Babəkin müsəlmanlaşdırılaraq, kürd kökənli olduğunun ortaya atılması və s. Habelə dünya tarixində Şərq dəyərlərinin inkarı, türk millətinə qısqanc, yad münasibətlərin sərgilənməsi Asif Əfəndiyevin diqqətini özünə cəlb etmişdir.

İnsan probleminə maraq göstərdikcə Asif Əfəndiyev öz üzərində ciddi iş aparmış və yetkin şəxsiyyətini formalaşdırmışdır. O, Moskvada təhsilini başa vurduqdan (1957) sonra bu qərara gəlmişdir ki, nəsə yeni bir şey lazımdır. Mövcud ideyalar, dünyabaxışlar, doktrinalar insanı xilas eləmək iqtidarında deyil. Ancaq bu Yeni olan da birdən-birə başlamır. İstək hələ ideya deyil, Yol deyil. Böyük Amal Yolu başlamaq asan bir şey deyil. Gərək ideya yaransın və doğulsun. Bunun üçün gərək şəxsiyyət yaransın və yenidən doğulsun. Çətin günlər, təhlükəli illər gözləyir qarşıda gənc Asif Əfəndiyevi. Ancaq alovlu ürəyi, yanar zəkası, qətiyyətli inadı onun düşüncələrini istəklərinə doğru çəkib aparırdı.

Bakıya qayıtdığında ilk fəaliyyətə ədəbi tənqidlə başlamış, qısa müddətdən sonra diqqətləri özünə cəlb etmişdir. Sovet ədəbi tənqidinin ictimai həyata yaramadığını, insana çatmadığını elan etmişdir. Türkiyənin Ankara radiosunda Asif Əfəndiyevin etirazlar dolu fikirləri ilə bağlı şərhlər efirə buraxılmışdır. Beləliklə, o, kommunizm ideolojisi üçün arzuolunmaz şəxsə çevrilmişdir. Dövlət Təhlükəsizlik Komitəsinin nəzarətinə düşmüş, hər addımı izlənilməyə başlamışdır. Valideynlərini, qohumlarını ona qarşı qaldırmaq üçün müxtəlif vasitələrə əl atılmışdır. İlk çağlarda “Asif Əfəndiyevi öldürmüşlər, meyidi körpünün altından tapılmışdır”. Yaxud “Onu qətlə yetirmişlər, meyiti morqdadır, tibbi araşdırma aparılır” və b.k. yalan məlumatlarla valideynlərini aldadırdılar. Onlar da həyəcanlar içində rayondan Bakıya gəlirdilər. Məlumatın yalan olduğunu görüncə çaşırdılar. Bu cür vəziyyət bir neçə dəfə təkrar olduqdan sonra valideynləri ona təsir etməyə başlamışlar: “Yığış gəl kəndə, məktəbə düzəldək, dərs de, ailə qur, dilini dinc saxla, başını qoru”. Əlbəttə, bütün bunlar hər bir valideynin öz övladıyla bağlı bəlli narahatlıqlarıdır. Hər bir valideyn öz övladının böyük olmasını istəyər, ancaq boyunduruqda, quruluşun qəlibində – vəzifə böyüyü, rütbə böyüyü, karyera böyüyü. “Yuxarılara nökər ol, onlar da səni şöhrətə mindirsinlər. Çaşıb Nəsimi kimi böyük olmayasan, dərini soyarlar; Babək kimi böyük olmayasan, sümük-sümük doğrayarlar. Bu gün Nəsimi kimi böyüklük adama şöhrət gətirmir, pul gətirmir. Belə böyüyə vəzifə vermirlər, onu qəbul eləmirlər. Sabahı isə oturub gözləyə bilmərik, bilinmir sabah nə baş verəcək?!”

Bəli, dahilik başladığı andan onun gerçək fəlakətləri başlayır, tənhalığı başlayır. Heç kim onu anlamır, anlamaq istəmir. Anlayanda isə dahi həyatda olmur, həyatdakılar dahi ilə birlikdə olmur. Asif Əfəndiyev bu çətin taleyi gözünün altına alır. Təbii ki, içi həqiqət eşqi ilə dolan birisini şirin vədlər, heç bir çətinlik Yolundan döndərə bilməz. Ancaq həm də istəklərini gerçəkləşdirmək üçün vasitə lazımdır, üslub lazımdır, vaxt lazımdır. Şər sarmaşıq kimi həyata sarılıb, hər yerdə sabaha gedən yolları bağlayır. Deməli, belə bir məqamda yeganə yol şəri aldatmaqdır. Bir müddət susmaq, Sosializm Realizmindən müdafiə edib alimlik dərəcəsi almaq, partiyaya keçmək, işə düzəlmək. Bununla da vaxt qazanıb auditoriya əldə eləmək. Bütün bunları eləmək həqiqətçi üçün nə qədər çətindir. Ancaq təəssüf ki, başqa yol da yox idi.

Asif Əfəndiyevin ayrı-ayrı iş yerləri olub. Uzun illər Qərb ədəbiyyatından, estetikadan dərs deyib. Onun mühazirələri qeyri-adi bir səviyyədə keçirdi. Onu dinləmək üçün hər yerdən adamlar gəlirdilər. Bu cür maraq artandan sonra işlədiyi Azərbaycan Dövlət Universitetinin nəzdində “Etik və Estetik Tərbiyə Klubu” yaradır. Başlayır burada fikirlərini deməyə. Universitetin o dövrkü rəhbərliyi duyuq düşür. Başa düşürlər ki, Asif Əfəndiyev öz əvvəlki fikirlərindən əl çəkməyib. Çağırıb xəbərdarlıq edirlər: “axı bizim də balalarımız var, niyə imkan vermirsən başımızı saxlayaq? Klubu bağla. Yoxsa işdən atılacaqsan, tutulacaqsan”. Onu inadından döndərə bilməyəndə başqa vasitələrə əl atırlar – səs qaldırıcının səsini kəsirlər, işıqları söndürürlər və s. Heyrət içində axışıb gələn insanların əllərində şam, çıraq görüncə çaşırdı Universitetin rəhbərliyi. Görüşlər axşam saatlarına qədər davam elədiyinə görə iştirakçılar qabaqcadan özləri ilə şam, çıraq gətirirdilər. Zalda oturmağa yer qalmadığına görə özləri ilə stul gətirənlər də var idi. Bir xalqın içində yüz illərdir susdurulmuş həqiqət danışırdı. Şər buna imkan vermir, zalın təmir olunacağı bəhanəsiylə Klubu bağlatdırır. Asif Əfəndiyevi Dövlət Təhlükəsizlik Komitəsinə çağırırlar. Dindirirlər, mənəvi-psixoloji təsir göstərirlər, işdən çıxarırlar. Eləcə də onunla əlaqə saxlayan bir sıra adamları təqib edirlər, hədələyirlər, qorxudurlar. Əlbəttə, ürəklərdə həqiqətə qarşı həsrətlə yanaşı yüksək idrakilik və cəsarət də gərək idi. Ancaq şər öz zoru ilə bunun yaranmasının qarşısını almışdır. Klub bağlandıqdan sonra 1979-cu il martın 1-də Asif Əfəndiyev Klubu “Ocaq” elan etməli olur. Onun az sayda qalan tərəfdarları isə Klubun sədrini Ocaq Atası kimi qəbul edirlər. Belə qərara gəlirlər ki, Ocaq ruhani hadisədir, ruhaniyyatın isə sədri olmaz, Atası olar. Beləliklə, Asif Əfəndiyev Asif Ata çağırılır.

Burada bir haşiyə çıxmaq yerinə düşərdi. Bəzən bizə sual verirlər ki, nə üçün o vaxt Dövlət Təhlükəsizlik Komitəsi Asif Əfəndiyevi ortadan götürməyib? – Burada biz özümüz iki səbəb görürük: Birinci, Asif Əfəndiyev qısa müddətdə həm SSRİ miqyasında, həm də xaricdə tanındı. Söz yox ki, burada Ankara radiosunun elanı da rol oynadı. Heç təsadüfi deyil ki, DTK Asif Əfəndiyevi aşağıdakı adlarla damğalamışdı: antimarksist, antikommunist, antisosialist, pantürkist, klerikalist, faşist. O, marksizmi maddiyyatçılıq şəri adlandırırdı. Onun Ruhani Dövlət ideyası var. Deyir ki, Dövlət ruhaniləşməlidir. Sovet şərçiləri isə hesab edirlər ki, bu ideya faşistlərdən gəlir. (Bu ideyalar haqqında bir az sonra bəhs edəcəyik). İkinci səbəb odur ki, Asif Əfəndiyevin nəsli – Əfəndiyevlər böyük nəsildir. O vaxt yüksək vəzifədə işləyənləri çox idi. O cümlədən qardaşı Rasim Əfəndiyev də dövlət strukturlarında vəzifə daşıyırdı. Asif Əfəndiyev ortadan götürülsəydi, üstü açılacaqdı. Əlbəttə, belə bir cinayətin baş verməsi İmperiyanın nüfuzuna xələl gətirəcəkdi.

Asif Ata özü deyirdi ki, o damğaların təkcə birinə görə adamı beş dəfə asardılar. Təbiidir, çünki o damğaların yapışdırıldığı şəxs(lər) aşkarlandıqca, yayıldıqca hakim ideologiyaya qarşı daha böyük təhlükəyə çevrilir. Yuxuya verilmiş toplumun ağlını zəncirdən aça bilir. Elə buna görə də Asif Atanı fiziki olaraq məhv edə bilməyən totalitarizmin nökərləri onu mənəvi-psixoloji sarsıtmağı qarşılarına məqsəd qoymuşdular. Asif Ataya qarşı ardıcıl gözdənsalma, yamanlama, böhtanlama əməlləri həyata keçirilmişdir. Özünün dediyi kimi, haqqında “adamyeyən” sözündən başqa hər şeyi dedilər.
Atalığın başlaması və yeni gərginliklər
Asif Ata Ocağı elan edəndən sonra gizli fəaliyyət göstərir. İlk ardıcılları ilə üz-üzə oturanda sözünü yazılı şəkildə bildirirdi. Həm də istəmirdi ki, onunla əlaqə saxlayanlar təqib olunsunlar. Qoruyurdu onları. Buna baxmayaraq, DTK onun özünə rahatlıq və sərbəstlik vermirdi. Aparmalar, gətirmələr, dindirmələr, usandırıcı gözlətmələr ara vermirdi. Bir tərəfdən də qohumları Asif Atanı təngə gətirirdilər: “Sənə görə bizi sıxışdırırlar, incidirlər, işimizə mane olurlar; “qabağa” gedə bilmirik, “yuxarı” qalxa bilmirik və i.a. Asif Ata onlara deyirdi ki, məni qohumluqdan silin və gedin dolanın.

Bildiririk ki, bu vaxta qədər Asif Atanın heç bir qohumu onun İşi, Yolu ilə nə maraqlanıb, nə yaxın gəlib.

Asif Ata təzə-təzə dərs dediyi cavan vaxtlarında tələbə olmuş bir qızla (Hüseynova Rəisə) evlənib ailə qurmuşdu. Bir oğlu da vardı. Ailəsi ilə birlikdə Yasamaldakı evində yaşayırdı. Dövlət Təhlükəsizlik Komitəsi ailəsinə təzyiq göstərmiş və qadınını ona qarşı çevirmişdir. Qadını Asif Atanın qarşısında şərt qoymuşdur – ya ailə, ya da əqidə. 1982-ci ildə belə bir şərt qarşılığında Asif Ata əqidəni seçmişdir və paltarını götürüb evdən çıxmışdır. Uzun müddət kirayələrdə yaşamış, çətinliklərlə üz-üzə gəlmişdir. İşsizlik və evsizlik dözülməz şərtlər qoyur Atanın qarşısında. Ancaq sınmır. “Ən çətin günlərim idi, ancaq fərəhli idim. Çünki ömrüm sevdiklərimin ömrünə bənzəyirdi” deyirdi.

Nə olsa da, SSRİ özünün ən ibtidai qanunlarına əməl etmək zorunda idi. Yazıçılar İttifaqının üzvü olduğuna və Kommunist partiyasının sıralarında olduğuna görə Asif Ata Akademiyanın Memarlıq və İncəsənət İnstitutunda elmi işçi kimi işə düzəlmiş və növbəyə durmaqla birotaqlı mənzil əldə edə bilmişdi. Bu ev Nəsimi rayon İcra Aparatına yaxın bir yerdə idi – S.Vurğun küçəsi – 116.

Bu çətin məqamlarda Asif Ata Ocağının qaydalarını, biçimini yaratmış, ideyalarını dərin və əsaslı şəkildə işləyib kitablarını yazmışdır.

Bütün bu çətinliklərin içərisində başqa bir cəhət də vardı. Asif Ata sevmədiyi bəzi işləri etməli olub. Yuxarıda vurğuladığımız kimi, elmi diplom almaq. Əlbəttə, məsələyə bugünün gözüylə baxdıqda, o addımı atmamaq asan görünə bilər. Əgər Asif Ata sırf elmi, fəlsəfi yaradıcılıqla məşğul olsaydı, o, açıq iş görməyə bilərdi. Yaradıcılığını üzə çıxartmayıb “sandıq ədəbiyyatı” yaradardı. Heç kim də onu sıxışdırıb incitməzdi. Ancaq qlobal ictimai dəyişiklik eləmək fikrinə düşəsən və dörd divarın arasına çəkiləsən, – bu mümkün deyil. Öz ideyalarını gerçəkləşdirmək üçün Qurum yaratmalı idi. Qurum isə müəyyən qüvvələrdən təşkil olunur. Ona görə də şərin diqqətini yenidən özünə cəlb eləmək (Asif Atanın) İşinin biryolluq dayanmasına gətirib çıxara bilərdi. Vaxt əldə eləmək üçün müəyyən xətt yürütmək lazım idi. Məhz buna görədir ki, bu kimi məsələlərdə gözləmə üsulunu seçib...

Partiyadan rəsmi şəkildə 1990-cı il, yanvarın 20-də baş verən qanlı olaylardan dərhal sonra imtina elədi. 1991-ci ildə isə elmi diplomlarından yazılı olaraq imtina elədi. Asif Atanın fikrinə görə filosofluq diplomla ölçülmür. Əslində elmi diplomlar əzbərçi mənsəbpərəstləri hakimiyyətin ətrafına bağlamaq üçün bir vasitədir.
Asif Ata Amalı
Asif Ata Dünyanın dəyərlərini öyrənəndən sonra onun düşüncələrində qəti bir tələb baş qaldırmışdı – İnsanı xilas eləmək. İnsan xilas olmayınca, dünya qaranlıqdan çıxa bilməyəcək. O, bu fikrə gəlmişdir ki, özünə qədərki təlimlərin heç biri İnsanla ciddi məşğul olmamışdır. Ona görə də İnsana münasibəti İnam səviyyəsinə qaldırmaq və onun əbədi Harayını çəkmək lazımdır. Asif Ata vurğulayır ki, bütün problemlərin törədicisi də insandır, həll eləyəni də. Bu səbəbdən də Adam İnsanlaşmalıdır, cəmiyyət İnsaniləşməlidir, Bəşər İnsanilik ləyaqətinə tapınmalıdır. “İnsanlaşın, İnsanlaşdırın. Bəşərin Nicatı İnsanlaşmaqdadır” – Onun başı üzərinə qaldırdığı İnam Bayrağının məzmunu bu çağırışdan ibarətdir.

Burada yenidən bir haşiyə çıxaq. Mütləqə İnam Bayrağı cəmiyyətdə belə bir sual doğurur: Bayraqda niyə Asif Atanın şəkli əks olunub? Bu sualın cavabını İdeyanın özündə tapmaq mümkündür. Asif Atanın Dünyabaxışı İnsanilik İnamıdır. Bayraq İnsana İnam Bayrağıdır. İnsan da mücərrəd – transsendental, fövqəltəbii varlıq deyil. Daşıdığı, yaşatdığı Məna yükü ilə bərabər gerçək varlıqdır. İnsana inam yox yerdən yaradılmır. İnsan üzdə görünən deyil, onun mahiyyəti dərindədir. İnsanda İnsanilik imkanı aşkarlandıqca, gerçək münasibətlərin gözəllikləri də üzə çıxır. Bu münasibətlər həyata əsillik gətirir. Ali həyatın ülviyyətini İnsan gerçəkləşdirir. Dünyanı İnsan mənalandırır. Yəni Varlığı dərk eləmək mənalı yaşamağın sirrini açır, dünyaya müqəddəs ahəng gətirir.

Bəşər tarixində xalqların quşlara, ayrı-ayrı heyvanlara pərəstiş elədiklərini bilirik. Biz heyvan şəklinin bayrağa vurulub insanın başı üzərinə qaldırılmasında ləyaqət görmürük. Biz bunun təbiətə sevgidən deyil, insana inamsızlıqdan irəli gəldiyini düşünürük.

Heyvan ali varlıq deyil, İnsan ali varlıqdır. Başqa bir tərəfdən insan təbiəti nə qədər sevsə də, heyvana pərəstiş eləməkdə müqədəslik yoxdur. Söz yox ki, heyvana qarşı humanist münasibət, insani davranmaq insanın borcudur. Ancaq bu cür münasibət pərəstiş eləməklə eyni məna daşımır.

Bəli, dövrün, cəmiyyətin insanı aşağıladığı bir vaxtda Asif Ata İnsana İnam Bayrağını başı üzərinə qaldırdı. Bayraq Kamil İnsan surətini əks etdirir. Bizim üçün Asif Ata Kamil İnsandır. Həm də o, İnamın yaradıcısı, Peyğəmbəridir.

Elə burada “peyğəmbər” sözünə də aydınlıq gətirmək istəyərdik. Təbii olaraq çoxlarını belə bir sual düşündürür: nə üçün Asif Atanı peyğəmbər adlandırırıq? Hətta belə düşünənlər də var ki, yəqin Asif Atanı ölümündən sonra biz peyğəmbər adlandırmışıq. “Əgər siz Asif Ataya peyğəmbər deməsəniz, cəmiyyət sizi sürətlə qəbul edər” deyənlər də az deyil. Yenilik, məzmunundan asılı olmayaraq, həmişə yarandığı gündən suallar yağışına tutulur. Bəri başdan deməliyik ki, biz Asif Atanı hansısa şəxsi keyfiyyətlərinə görə peyğəmbər elan etməmişik. O, “İnam” yaratdığı üçün özünə peyğəmbər deyib. Əlbəttə, Allahın elçisi mənasında yox. Topluma Allahın sözünü deyil, öz sözünü çatdırır. Əslində “Ata” sözü “peyğəmbər” sözündən ilkindir və məzmunludur. Söz yox ki, burada “Ata” sözü Ruhani Atalıq mənasında qəbul edilir. Toplum bilməlidir ki, Atalıq peyğəmbərliyin əvəzi kimi ortaya çıxıb. “Həm o var, həm də bu var” kimi yanlış təsəvvür formalaşmasın deyə, Asif Ata “peyğəmbər” sözünü özünə şamil edib. Yəni İnam Dinin əvəzinə gəlib, Ata Peyğəmbərin. Sözsüz ki, “peyğəmbər” sözü gələcəkdə işlədilməyəcək, “Ata” sözü “peyğəmbər” sözünün əvəzi kimi qalacaq. Elə məsələlər var ki, mərhələ-mərhələ həllini tapır. Bu gün biz “peyğəmbər” sözündən imtina edə bilmərik. Türk xalqına Ruhaniyyat Ocağı veririk. Bunun üçün ərəb Ruhaniyyatını (dinini) qırağa qoymaq lazımdır. Ərəblər onlardan sonra ruhaniyyatın yaranmayacağına, yeni peyğəmbərin olmayacağına möhür vura bilməzlər. Türk üçün “7-ci yüz il ərəb düşüncəsi” Yol ola bilmədi, bundan sonra da ola bilməyəcək. Türkün öz İnamı yaranıb, öz peyğəmbəri – Atası var. Ərəblərin “Allah – Bəndə” ideyası türk Mütləqçiliyindən, İnsançılığından çox aşağıdır.

Asif Ata deyir: “Din İnamla əvəz olunmalıdır; Siyasət Həqiqətlə əvəz olunmalıdır; Maddiyyatçılıq Ruhaniyyatçılıqla əvəz olunmalıdır”. Bunlar Asif Atanın qlobal ruhani hədəfləridir. “Din İnamla əvəz olunmalıdır, – yəni Allaha münasibətdə yalan olmamalıdır; Dünyaya münasibətdə yalan olmamalıdır; İnsana münasibətdə yalan olmamalıdır.

Dində Allah dünyanın mahiyyəti kimi dərk olunmur, Dünyanın bənnası və ağası kimi qəbul olunur. Bununla da Allah Mütləqiliyini itirir, fantastik təsəvvürlərin əks-sədası səviyyəsinə enir. Allah hökmdarlaşır, köməkçilərinin, insanın başı üzərində (çiyinlərində) nəzarətçilərinin olduğu bildirilir. Allah vədlər verir, qorxudur və s.

Mütləq – Dünyanın əzəli, əbədi, kamil, sonsuz Dünyalıq mahiyyətidir. O, Dünyanı yaratmır, idarə eləmir. Dünya, Dünyadakılar Mütləqdən yaranır. “Yaradır” və “yaranır” fərqli məna daşıyan anlayışlardır.

Eləcə də Həyat, eləcə də İnsan. Həyat Həyatlıqdan yaranır, İnsan İnsanlıqdan. Bu mövzunu növbəti fəsildə inkişaf etdirəcəyik.

Hələlik “Din” və “İnam” sözlərinə aydınlıq gətirək. Bu məsələ də haqlı olaraq çoxlarında sual doğurur. Yəni Din ərəb sözüdür, İnam türk sözü. Bəs biz niyə “Din İnamla əvəz olunmalıdır” deyirik?! Bəli, “Din” və “İnam” sözlərini o cəhətdən fərqləndiririk ki, cəmiyyətdə inam sözü həmişə ümumişlək söz kimi işlənib, din isə Dünyabaxış kimi. Biz isə Asif Atanın Mütləqə İnam Ocağı olaraq “inam” sözünü məhz Dünyabaxış kimi işlədirik. Hər bir fərdə aid olan ənənəvi bir keyfiyyət kimi “inam”sözü yeni termin deyil. Lakin İnam – Dünyabaxış kimi yenidir. Din İnam ola bilmədi. Çünki Dində yalan var. Yalanla İnam bir arya sığmaz. İnam Mütləq Həqiqət tələb edir. Məsələnin başqa tərəfinə gəldikdə isə “Din” və “İnam” sözlərinin (ərəb və türk mənşəli olmaqla) eyni söz olduğunu bizə xatırlatmağa lüzum yoxdur. Onda belə bir sual da ortaya çıxır: nə üçün bizim toplumumuz eyni sözün türk mənşəlisini deyil, ərəb mənşəlisini işlədir?! Cavabı da vermək olar: Çünki ərəb dünyabaxışını bizə öz gələnəkləri və terminləri ilə verib. Deməli, “din” sözü ərəb Dünyabaxışını təmsil edir, “inam” sözü türk Dünyabaxışını. Burada “inam” sözü həm də yuxarıda vurğuladığımız kimi, dinin yalanlarından, siyasətindən, oyunlarından arınmış və ayrılmış bir məzmun kimi ortaya çıxır.

Dedik ki, Asif Atanın Ruhani hədəflərindən ikincisi “Siyasət Həqiqətlə əvəz olunmalıdır” prinsipindən ibarətdir.

Böyük idarəçiliyin başında duranlardan tutmuş sadə topluma qədər heç kim dünyanın gedişatını, nizamını, ahəngini siyasətsiz təsəvvür etmir, yaşayışın siyasətsiz baş tutacağına inanmır, qəbul etmir. Siyasət Allahın tələbidir, hətta Allahın əvəzidir sanki. Siyasət hər yerdə var deyirlər – hər bir münasibətdə, hər bir davranışda, dostluqda, qohumluqda; Birgəyaşayışın təşkil olunmasında, cəmiyyətin formalaşmasında, idarə olunmasında, ailənin qurulmasında, övlada qayğı bəslənilməsində, böyüyə hörmət edilməsində... Ümumən siyasətsiz ictimai həyatın baş tutmasını müşkül sayırlar. Təbii ki, mövcud həyat bu deyilənlərdən ibarətdir. Təəssüf ki, bu gün bundan qıraqda həyatın nizamı da yoxdur. Siyasətin yaratdığı dünya qeyri-insani dünyadır. Siyasət – Adamlıq halı deməkdir. Adamlığın güclü olduğu dünyada yalnız siyasət söz deyə bilir. Nisbi, natam, keçici əhvallar, münasibətlər İnsani Dünya yarada bilməz. Siyasət – insani olmayan münasibətdir. İnsanın olmadığı mühitdir. İnsani olmayan münasibətdə Yalan var, İnsanın olmadığı mühitdə Oyun var.

Dediyimiz bu fikirlərin məntiqini düzgün qiymətləndirmək üçün Adam – İnsan fərqini bilmək zəruridir. Asif Atanın fəlsəfəsində Adamlıq və İnsanlıq fərqli anlayışlardır: “Bəşər övladı dünyaya məxluq kimi göz açır, adam kimi böyüyür, insan kimi yenidən doğulur”. Məxluq üçün vətən, millət, həqiqət anlayışları yaddır. O, yalnız bioloji həyatın tələbləri ilə yaşayır. Adamda məxluq da var, insan da. Adam nisbi keyfiyyətlər daşıyıcısıdır. Ona görə də Adam axıra qədər etibarlı, etimadlı deyil. “Adam vətənini sevər, ancaq vətən üçün ölümə getməz. Həqiqət istəyər, ancaq Həqiqət uğrunda döyüşməz”. İnsan özüylə döyüşərək kamillik səviyyəsinə yüksələn ruhani varlıqdır. Bu səbəbdən də kamil insanların yaratdığı dünya (nizam, gedişat) insani dünyadır. İnsaniləşən dünyada, insaniləşən cəmiyyətdə meyar siyasət deyil, həqiqətdir. Dünyada nə qədər ötəri, keçici – nisbi münasibətlər qalsa da, ayrı-ayrı gedişlərdə yalan, oyun qalsa da, insani ahəngə təsir etməz, həqiqət meyar olaraq qalar. Buna görədir ki, Asif Ata insana, insanlığa münasibəti İnam səviyyəsinə yüksəltdi...

Üçüncü Ruhani Hədəf “Maddiyyatçılıq Ruhaniyyatçılıqla əvəz olunmalıdır” prinsipidir.

Cəmiyyət həmişə maddi problemlərin səbəbini maddiyyatın özündə axtarır. Buna görə də hər bir fərdin yaşamının məzmunu həyat uğrunda, daha doğrusu, dolanışıq uğrunda mübarizədən ibarət olur. Həyat uğrunda mübarizə cəmiyyəti təbəqələrə bölür. Mübarizədə qalib olanlar və mübarizədə məğlub olanlar. Həyata qalib gələnlər əslində toplumun başqa bir qismini həyat qarşısında məğlubiyyətə uğradırlar. Beləliklə, həyat uğrunda mübarizə təbəqələr arasında mübarizəyə çevrilir. Gizli mübarizə aşkar mübarizəyə qədər böyüyür. Hətta qarşıdurma həddinə qədər genişlənir. Maddi üstünlüyü əldə saxlamaq istəyənlər hakimiyyətə can atırlar. Sosial ədalətsizlik, sosial bərabərsizlik deyilən antiinsani münasibətlər ictimai həyatın aparıcı təsirinə çevrilir. Gedişat antiinsani biçim almaqla zor bərqərar olur. Bütün ömrünü maddi dolanışıq tələbinə tabe edən insan Mənəviyyat haqqında düşünmür. Düşüncə güzəran uçurumuna düşür. Münasibətlərdə ayrı-ayrı mənəvi halların görünməsi isə fitrətdə olandır və təsadüfi xarakter daşıyır. Yəni ilkin mənəvilik ardıcıl, bütöv olmayanda, inkişaf eləməyəndə həyatın nizamına təsir göstərə bilmir. İnsan səhərdən axşama işləyir, ancaq halal zəhmətə doğmalaşmır, “halal zəhmət” sözü gözündən düşür. Çünki rəqabət var, başqasının zəhmətini mənimsəmə var, zor var. Çox əmək çəkmək əməyə sevgidən deyil, əlacsızlıqdan baş verir...

Bəli, Ata deyir, “Maddiyyatçılıq Ruhaniyyatçılqıla əvəz olunmalıdır”. Qamarlamaq, əlindən almaq, maddi üstünlüyə can atmaq həyatın təbii halında mövcuddur. İnsan həyatın təbii halından yüksəkdə yaşayanda isə Ruhaniyyat başlayır. Ruhaniyyat təbəqəçiliyi rədd edir. İnsanın insan üzərində maddi üstünlüyünü, ağalığını, qalibiyyətini rədd edir. Ruhaniyyatı – öz üzərində qələbə çalan insanlar yaradır. Ruhaniyyat həyat uğrunda deyil, həyat üzərində qələbəni təmin edir, başqa sözlə, doğruldur. Ruhaniyyat İnsana İnam, Həqiqətin dərk olunması deməkdir. Dünyaya, Həyata, İnsana vicdanlı, təmənnasız münasibət; gerçəkliyin nisbi, ötəri, keçici təsirlərindən yüksəyə qalxmaq deməkdir.

Həyatın təbii halı, təbii gedişatı İnsanı heç vaxt təmin etmir. Ona görə də o bu “təbiiliyi” ötməyə, dəyişməyə can atır. Bu canatma özü Ruhaniyyat tələbidir. İnsan Ruhaniyyatsız yaşaya bilmir, özü olmur.


Ruhani İntibah (Dirçəliş)
Asif Atanın məqsədi insanı dəyişməkdir, dünyanı dəyişməkdir. Təzə İnsan yaranmalıdır, Təzə Xalq yaranmalıdır, Təzə Bəşər halı yaranmalıdır. Bu İstək siyasətlə həyata keçməz, inqilabla baş tutmaz. Bu İstəyin baş tutması üçün İntibah gərəkdir, daxili Təkamül Yolu keçilməlidir.

Ruhani İntibah altı ideyadan ibarətdir.

Bunlardan sonuncusu – “Ləyaqətli Bəşər” əslində nəticədir. Yerdə qalan beş ideya isə Yoldur.

I. Mütləqə İnam. Bu ideya Asif Ata Dünyabaxışının həm də ümumi adıdır: “Mütləqə İnam Ocağı”, “Mütləqə İnam Dünyabaxışı”, “Mütləqə İnam Təlimi”, “Mütləqə İnam Erası”, “Mütləqə İnam Fəlsəfəsi” kimi anlayışlarımız, adlandırmalarımız var.

Mütləqə İnam Allaha, yəni transsendentala, fövqəltəbii qüvvəyə, göylər səltənətinin hökmdarına; adam kimi danışan, düşünən, görən, qəzəblənən, qisas alan, dünyanı yox yerdən bir işarəsiylə yaradan uydurulmuş qüvvəyə inamı rədd edir. Mütləqə İnam Dünyabaxışına görə Dünya oyun-oyuncaq kimi yaradılmayıb, bəzədilməyib, uçurulmağa hazırlanmayıb. Dünya – Özünün əzəli, əbədi, kamil, sonsuz Dünyalıq mahiyyətindən, Mənasından yaranıb. Dünyalıq Dünyadan kənarda deyil, onun özündədir, öz ahəngində, mənasındadır. Dünyanın bənnası yoxdur, ağası yoxdur, idarəçisi yoxdur. Dünya mənaca əzəlidir, yəni Dünyanın olmayan vaxtı olmayıb. Dünya mənaca əbədidir, yəni Dünyanın olmayan vaxtı olmayacaq. Axirət, Qiyamət cəfəngiyyatdır. Dünya dəyişir, təzələnir. Dünyalıq dəyişmir, ancaq öz təzahürləri ilə Təzələnir. Yəni dünyadakılar ölür, uçur, dağılır. Ancaq yenisi yaranır – dağ uçur, yenisi yaranır, çay quruyur, yenisi yaranır, bulaq soğulur, yenisi yaranır; təbiət bir yerdə ölür, başqa bir yerdə dirilir. Bütün bunlar Dünyanın özündən baş verir, Xarici İradənin gözağartması ilə oluşmur.

Həyat Özündən – əzəli, əbədi, sonsuz, kamil Həyatlıq Mənasından yaranıb. Həyat ölür, dəyişir, ancaq Həyatlıq ölmür, dəyişmir. Yalnız öz təzahürləri ilə Təzələnir.

İnsan Özündən – əzəli, əbədi, kamil, sonsuz İnsanlıq Mənasından yaranıb. İnsanın palçıqdan əmələ gəlməsi, sonra qabırğasından düzələnlə cütləşib artıb-çoxalması cəfəngiyyatdır. Habelə elmi nəzəriyyələrin insan haqqındakı yanlışları qəbuledilməzdir. Meymunun təkamül yolu ilə insanı əmələ gətirməsi cəfəngiyyatdır. “İnsan daxilində Mütləq daşıyan, şəraitdən, mühitdən, gerçəklikdən yüksək olan, Mütləqiliyə meyil eləyən və Mütləqləşməyə qadir olan Ruhani varlıqdır” (A. Ata).



Asif Atanın İnsanlaşma Təlimi, İnamı İnsan haqqındakı bu tərifə əsaslanır. Asif Atanın “Kamil İnsan” ideyası insanın canlı növlər arasında ən mükəmməli və şüurlusu olduğuna görə ortaya qoyulmayıb. Asif Atada İnsan başqa növlərlə deyil, Mütləqlə müqayisə edilir. İnsan Gerçəklik və Məna birliyidir. Gerçək insan biolojidir, təbiət xislətlidir. Ancaq dərinə getdikcə onda ali keyfiyyətlər görünür. Müqəddəslik, ülviyyət insanın mahiyyətindədir. İnsan öz gerçək xislətini ötdükcə ruhaniləşir – mənasına – İnsanlığa bərabər olur. İnsanın Özümlüyü – gerçəkliyi deyil, Mütləqiliyidir, İnsanlığıdır. İnsan dünyaya görünüb yox olmağa gəlmir, öz Mənasına çatmağa – İnsanlaşmağa gəlir. İnsan gerçəkliyə bərabər yaşayanda ölümlü olur, ötəri, keçici xassələri ilə qurtarır. Yalnız nəsil artımında iştirak edir. Lakin özümləşən İnsan ölməzliyə qovuşur. Özünün ali, mənəvi keyfiyyətləri ilə Xəlqi məna daşıyır – Nəsimi kimi, Budda kimi, Tolstoy kimi...

Asif Atada insanın İnsanlaşması üç mərhələdən keçir: özünü tanıma, özünə yadlaşma, özünə doğmalaşma – özünü təsdiq. Özünü yaratmağın bu yolu “özüylədöyüş” ideyasıdır. Hər bir fərd etiraf yolu ilə özündəki bütün naqis cəhətləri aşkara çıxarmalı, tanımalıdır. Özünü aldatmamalıdır, özünü, əslində balaca “mən”ini qoruyan instinktlərin təsirini aradan qaldırmalıdır. Etirafdan qorxmamalı, özündəki pislikləri görüb göstərməkdən utanmamalıdır. Bu hal olduqca çətindir. Adamda özünüqoruma instinkti güclü olur. Fərd ömrünü xalisliklə doldura bilmədiyi üçün, bioloji həyatın təsirlərindən imtina eləyə bilmədiyi üçün naqisliklərini etiraf eləməyi bacarmır. Toplumdan gizlənməyə çalışır. Ancaq ilk növbədə o özünü aldadır, özünü öz mahiyyətindən ayırır. Elə buna görədir ki, bəşər tarixində kamil insanlar barmaq sayda olubdur. Buna baxmayaraq, hər bir fərdin kamillik haqqı və imkanı var. Kamillik seçilmişlər üçün deyil. Etirafı bacaran, ömründəki naqislikləri tanıyan fərd naqis duyğuları ömründən silməyə başlayır. O, özünü tanıdıqca, yəni özünü aldatmadıqca daxili gücü artır və getdikcə böyük imtinalar mərhələsinə başlayır: şöhrətpərəstlikdən imtina, şəhvətpərəstlikdən imtina, hakimiyyətsevərlikdən imtina, nəşəsevərlikdən imtina; xudbinlikdən, xudpəsəndlikdən, xəbislikdən, adilikdən, bəsitlikdən ayrılma. Daxili şəri yenən ictimai şərlə döyüşür. İnsansevərliyi təsdiq olunur, Vətənsevərliyi, Həqiqətsevərliyi, Ədalətsevərliyi, Azadlıqsevərliyi, Bəşərsevərliyi təsdiq olunur. Fərd özündən, yəni balaca “mən”indən ayrıldıqca özümlüyünə, yəni ali “Mən”inə qovuşur. Özüylə döyüşməyən həqiqətin qədrini bilməz, azadlığın qədrini bilməz, xalqlaşa, vətənləşə bilməz. Özüylə döyüşməyib başqasıyla döyüşən, yəni özündəki naqislikləri gizləyib başqasında naqisliklər axtaran şərə xidmət edir. Heç kim heç kimin əvəzinə onun naqis duyğuları ilə döyüşə bilməz. Daxili döyüşü yumruq döyüşü ilə əvəz eləyən cəmiyyət özündən ayrılmış, özünə yadlaşmış cəmiyyətdir. Özü xalisləşməyən cəmiyyətdəki naqisliklərə qarşı söz deyə bilməz, onu aradan qaldıra bilməz. Yalnız Kamil Fərdlərin yaratdığı cəmiyyət Kamil, Ruhani Cəmiyyət olur. Asif Atanın “Ruhani Cəmiyyət”, yaxud “Xəlqi Birlik” ideyası özünü Kamil Fərdlərlə doğruldur. Asif Ataya qədər demək olar ki, bütün nəzəriyyələr ictimai dəyişikliyi insandan kənarda başlayıblar. Ona görə də dəyişiklik üzdə gedib, inkişaf üzdən əmələ gəlib. Ağalıq-nökərlik aradan qalxmayıb, ictimai təbəqələşmə aradan qalxmayıb, insanın insan üzərindəki zorakılığı, qanlılığı aradan qalxmayıb, ədalətsizlik, bərabərsizlik, vicdansızlıq hökm sürüb. “Dünya belə gəlib, belə də gedəcək” deyə antiinsani gedişata bəraət verilib. Əlbəttə, özünü yaratmayan insan ictimai tərəqqinin baş tutacağına inana bilməz. Ancaq bununla belə, dünyada antiinsani gedişata qarşı dirəniş həmişə olub. Nəhayət, bu Dirəniş daha kamil səviyyədə Asif Atada təcəlla tapıb. Asif Ata insandan, yəni, daxili, mənəvi tələblərdən kənarda formalaşan Quruluşları rədd edir. “Nə Kapitalizm, nə Sosializm, Ruhani Cəmiyyət yaranmalıdır” deyir. “Kapitalizm fərd ağalığıdır, Sosializm dövlət ağalığı”. Hər ikisi insan üzərində zor yaradır. Zor altında olan insan xalq yarada bilməz. “Xalq – Azad, Müstəqil fərdlərdən yaranır” (Asif Ata). Asif Atanın “Ruhani Dövlət” ideyası var. Onun firkincə, Dövlət Ruhaniyyata əsaslanmalıdır və çox az funksiyaları olmalıdır: 1) Fərdi özünüidarə; 2) Mülkiyyət bərabərliyi yaratmaq; 3) Cəmi fərdin zorundan, fərdi cəmin təzyiqindən qorumaq; 4) İmtiyazsız başçı, ağalıq əvəzinə Atalığın bərqərar olması.

Dövlət ruhaniyyata əsaslanmadıqda xalqı sürüləşdirir və idarə edir. Dövlət – onun başında duranların imtiyaz üstünlüyünü qoruyan zor hadisəsinə çevrilir. Xəlqi Birlik yarandıqda isə dövlət bu Birliyə xidmət edir.

Asif Atada Ruhani Dövlət Dini Dövlət anlamına gəlmir. İran İslam Dövləti ən pis zorakılıq hadisəsidir. Orada ruhaniyyat yoxdur. O, Dövlət Ruhani prinsiplərə əsaslanmır.

Yeri gəlmişkən, Mütləqə İnam Dünyabaxışının “Ruh”, “Ruhaniyyat” anlayışlarına da burada qısaca izah verək. Bu vaxta qədər ruh məsələsinə müxtəlif dünyabaxışlar fərqli mənalar veriblər. Məsələn, Qitaupanişadda ruh – kosmik enerjidir. Saçın ucunun neçə milyardda bir hissəsi olan mikrocandır. Semitlərdə ruh mövcudluğun təminatı olan candır. İnsan öləndə ağzından hava ilə birlikdə çıxır və uçub gedir... Asif Ata Təlimində ruh – İnam, İdrak, Mənəviyyat, İradə Birliyidir. İnsanı İnsan eləyən bu İnsani keyfiyyətlərin Mütləq halıdır. Ruhun ölməzliyini də fantastik əlamətlərlə deyil, bu keyfiyyətlərin nəsildə, xaqlda, bəşərdə yaşaması ilə müqayisə eləmək doğrudur.

İnsan öz ruhunu – İnamını, İdrakını, Mənəviyyatını, İradəsini yaratdıqda o, ölməzliyə çatır. İnsan böyük mənada ruhunu yaratmırsa, necə var, elə qalırsa, onda o, ruhun adi əlamətləri ilə xatirat səviyyəsindən uzağa getmir və ruhani imkanlarını özüylə qəbrə aparır. Ancaq insan fiziki olaraq da tam itmir. Ayrı-ayrı əlamətləri övladlarında, nəsildə, xalqda davam edir. Ölüm yalnız cismani bütövlüyü parçalayır. İnsan genlə, qanla, təbiətlə yaşama qayıdır – əlamətləriylə. “Ölümlə görüş” içsəsində Asif Ata yazır ki, “əllərimiz birinə qismət olacaq, gözlərimiz digərinə, saçlarımız bir başqasına...”

Mütləq İnam – Dünyanın əzəli, əbədi, kamil, sonsuz Mənasına İnamdır. Dünya heç vaxt ölməyəcək. Bu, yaşamağa və insanlaşmağa nikbinlik yönündə təməl yanaşmadır.

Mütləq İdrak – İnsanın Ruhani varlıq olduğunu dərk etmək, İnsanı qorumaq və təsdiq etməkdir.

Mütləq Mənəviyyat – Təmənnasızlıq, Fədakarlıq və Vicdançılıq əsasında yaşamaq – İnsani ləyaqətin təsdiqi.

Mütləq İradə – Zamandan üstün yaşamaq, şəraitə, mühitə əyilməmək, Mütləq Həqiqətə tapınmaq, Mütləq Azadlığa qovuşmaq – bu cür aqibəti ən ali nemət saymaq.

Ruhani İntibahın 4-cü ideyası “Müstəqil Vətən” ideyasıdır. Bəşər tarixində heç bir peyğəmbərin Vətən ideyası olmayıb. Asif Ata Vətən müstəqilliyini ideya səviyyəsində qoyur və bunun üzərində ardıcıl vurğu edir. Ruhani İntibah Vətəndən kənarda yarana bilməz. “Dünya Vətəndən başlayır” deyir peyğəmbərimiz Asif Ata. Vətənləşə bilməyən Dünyalaşa bilməz. Vətən sadəcə toplumun yaşadığı coğrafi məkan deyil, toplumu xalq səviyyəsinə yüksəldən insani, bəşəri dəyərlərin yarandığı, qorunduğu müqəddəs ünvandır. Vətənçiliyin əsas meyarı müstəqillikdir. Vətən müstəqil deyilsə, xalq da müstəqil deyil. Asif Ata deyir: “Dünyadan asılı olmadığın dərəcədə müstəqilsən”. Yəni siyasi birliklərin boyunduruğunda azad və müstəqil xalq olmaq mümkün deyil. Vətənin müstəqil olması üçün dövlətin Müstəqil İqtisadiyyatı, Müstəqil Mədəniyyəti, Müstəqil Diplomatiyası olmalıdır. Bu isə Milli İdeologiya əsasında formalaşa bilər. İdeologiya isə Mütləqə İnamdan qaynaqlanarsa, milliləşə bilər. Asif Atanın İnamı mücərrəd bəşəri deyil, Millilikdən başlayıb Bəşəriliyə doğru inkişaf edən Dünyabaxışdır. Milliliyimizin yaranması və qorunması Yurdumuzun Bütövlüyünü və Müstəqilliyini tələb edir. Yurdumuz bu gün bölünmüş, parçalanmış durumdadır. Onun bir parçasında yaranan Müstəqillik nisbi müstəqillikdir, əslində formal xarakter daşıyır. Ona görə də Asif Ata “Uluyurd Hərəkatı” ideyasını irəli sürür. “Uluyurd Hərəkatı” özündə 5 prinsip daşıyır: 1) Tayfaçılıqla mübarizə; 2) Dinçiliklə mübarizə; 3) Etnik bölücülüklə mübarizə; 4) Özgəçiliklə (Qərbçiliklə, Rusçuluqla) mübarizə; 5) Azərbaycanın siyasi bərpası – Bütöv Azərbaycan.

Ruhani İntibahın 5-ci ideyası “Özümlü Şərq” ideyasıdır. Asif Ata dünyanın Şərqə-Qərbə bölünməsinin əleyhinədir. Bu bölgünü Qərb yaradıb və Şərqə ikinci sort bölgə kimi baxır. Asif Ata Özümlü Şərq deyəndə ona coğrafi mənada yanaşmır, Şərqi dəyərləri əsas götürür. Və hesab edir ki, Şərqi Dəyərlərə arxa çevirməklə dünyanı bütöv dərk eləmək mümkün deyil. Bu mənada Kürəsəlləşmə əslində Dünyalaşma deyil, Qərbləşmədir. Qərbdə isə demək olar ki, mənəvi dəyərlər aşılanıb. Yalnız elmi-texniki inkişafı əsas götürürlər və bu imkandan istifadə edib dünya üzərində ağalıqlarını həyata keçirirlər. “Bir vaxtlar Şərq müəllim idi, indi uşaqcasına Qərbin dalınca sürünür” (A.Ata). Dünyanın gedişatı elmi-texniki tərəqqi ilə nizamlanmır, daha da pozulur. Bu səbəbdən də Şərqin fitrətində və halında olan mənəviyyatçılıq, insançılıq bərpa olunmalı və dünyanın halına qayıtmalıdır. Asif Ata özünün yaratdığı Mütləqə İnam hadisəsi ilə bu müqəddəs vəzifəni öz üzərinə götürmüşdür.

Ruhani İntibahın sonuncu ideyası “Ləyaqətli Bəşər” ideyasıdır. Yuxarıda vurğuladığımız kimi, bu ideya həm də nəticədir. Bəşər xalqların müxtəlifliyi – Müxtəliflərin Birliyi deməkdir. Hər bir xalq özünəməxsusluğu ilə Bəşərdir. Xalqların özünəməxsusluqlarına qarşı çıxmaq Bəşərə qarşı çıxmaqdır. Xalqları əsarətə salmaq, özünə yadlaşdırmaq yolverilməzdir. Xalqlararası münasibətlər humanizmə əsaslanmırsa, bəşəriyyətin sabahından danışmaq çətindir. Xalqlar bir-birinə inanmayanda sevgi və sayğı yarana bilməz. Xalqların bir-birinə nifrət eləməsi bəşəriyyətin ölümüdür. Bu nifrəti xalqlar arasında yaradan Siyasi Güclərin ağalıq əməlidir. Elə ona görə də “Siyasət Həqiqətlə əvəz olunmalıdır”.


Mütləqə İnam Ocağının iç Kuralları (qaydaları) və yaşam tərzi
Hər bir Dünyabaxışın olduğu kimi Mütləqə İnam Ocağının da öz qaydaları, yaşam tərzi və anlayışları (terminləri) var. Təbiidir ki, köklü dəyişikliklər eləyən Yeni İnam əski qaydaların saxlanması ilə özünü təsdiq edə bilməz. Baxmayaraq li, cəmiyyət hansısa qaydalara, ənənələrə uyğunlaşıb, İnam Cəmiyyətinin formalaşması üçün əvvəlki vərdişlərdən, üsullardan imtina etməsi qaçılmazdır...

İnamçılar bir-biri ilə görüşəndə “salam” əvəzinə “Ürəyində Ata Günəşi Olsun”, “Xudahafiz” əvəzinə “Atamız var olsun” deyirlər. “Ata Günəşi” – İnsana inamı, insanlığın meyar kimi qəbul olunmasını, ruhani varolmanı uğurlayan bir sözdür. Atamız var olsun – yəni İnamımız var olsun, Ocağımız var olsun, Ruhaniyyatımız var olsun anlamı daşıyır.

Ocaq quruculuğu ən çox Tədbirlərdə öz əksini tapır. Tədbirlər 7 mərasimdən, 2 Mərasim-Törəndən və 4 Bayramdan ibarətdir. Mərasimlərdə ancaq Ocaq Evladları iştirak edir. Mərasim-Törənlərdə və Bayramlarda isə Ocaqsevərlər və maraqlananlar da iştirak edirlər. Ocaq Ruhani Ailələrdən təşkil olunur. Hər Ailənin ayda bir dəfə aylıq toplantısı – mərasimi keçirilir. Ocaq vaxtdan asılı olaraq ayda bir dəfə, yaxud iki ayda bir dəfə “Amallaşma-Doğmalaşma günü” keçirir. Amalı öyrənmək və öyrətmək, ruhani fikir bölüşmələri əsasında doğmalaşma. Üsulumuz: xalqın içinə səfərlər eləmək, görüşlər keçirmək – Amalı öyrətmək, Ocağa dəvət eləmək; eləcə də mətbuat vasitəsiylə ideyaları yaymaq, ədəbiyyatlar hazırlayıb yaymaq; fərdi ünsiyyətlər qurmaq, ardıcıl İnama çağırmaq. Atamızın dediyi kimi, İnsanlaşmaq və İnsanlaşdırmaq. Məbədlər (İnam Evləri) tikmək, xalqa öz Ruhaniyyatını tanıtmaq və öz Ruhaniyyatıyla yaşamaq öyrətmək.

Ocaq öz ilsırası (tarixi) və Günsırası (təqvimi) əsasında yaşayır. Və bunu ümummilli ənənə halına gətirməyi məqsədi sayır. Habelə milli yazı sistemi (Orxon-Yenisey əlifbası əsasında) ortaya qoyur və müqəddəsatını (arxivini) bu əlifba ilə hazırlayır.

Ocaq öz Ruhaniyyatı əsasında “Ölügötürmə” və Evlənmə (“Beşikbaşı mərasimi”) qaydalarını yaradıb və imkan düşdükcə bunları ictimai həyata tətbiq edir.

Ocaq Asif Atanın İrsini – Müqəddəs Kitablarını (“Kutsal Bitiq”lərini) 13 cilddə hazırlayıb arxivləşdirib və imkan düşdükcə üzünü artırıb yayır.

Ocaqçı gündə 3 dəfə Ataya Rica deyir və Mütləqlə Təmas sözü söyləyir.
I. Ataya Səhər Ricası
Atam – Mütləqim!

Ağlıma İşıq ver!

Ürəyimə Qüvvət ver!

İradəmə Qətiyyət ver!

Yalana Uymayım!

Çirkaba bulaşmayım!

Günaha batmayım!

Qəbahətə əyilməyim!

Rəzalətlə barışmayım –

Özümə yad olmayım!



II. Ataya Günorta Ricası
Atam – Mütləqim!

Yalanla görüşdüm – Yalançı olmadım!

Çirkabla görüşdüm – Çirklənmədim!

Günahla görüşdüm – Günahkar olmadım!

Qəbahətlə görüşdüm – Əyilmədim!

Rəzalətlə görüşdüm – Barışmadım!

Özümə yad olmadım –

Ağlım işıqlıydı!

Ürəyim qüvvətliydi!

İradəm qətiyyətliydi!

Atalıydım – Mütləqliydim!
III. Ataya Axşam Ricası
Atam – Mütləqim!

Günüm keçdi.

Sənə bir addım da yaxınlaşdım.

Məni özünə qovuşdur –

Ağlımı ağlınla,

Qəlbimi qəlbinlə,

İradəmi iradənlə işıqlandır –

Sənə layiq olum!


IV. Özündəki Mütləqlə Səhər Təması
Məndə Məndən Yüksək olan Mütləq Məna!

Məndəki Qorxunu Məndən al!

Məndəki Həsədi Məndən al!

Məndəki Köləni Məndən al!

Məndəki Xəbisi Məndən al!

Məndəki Cahili Məndən al!

Məndəki Vəhşini Məndən al!

Məndəki Hərisi Məndən al!

Məndəki Zalımı Məndən al!

Məni Özümə çatdır!


Nisbi Cəsarəti Məndən al!

Nisbi Heyrəti Məndən al!

Nisbi Vüqarı Məndən al!

Nisbi Saflığı Məndən al!

Nisbi Doğruluğu Məndən al!

Nisbi İnsaniliyi Məndən al!

Nisbi Ləyaqəti Məndən al!

Nisbi Mərhəməti Məndən al!

Məni Özümə çatdır!
Nisbi İnamı Məndən al!

Nisbi İdrakı Məndən al!

Nisbi Mənəviyyatı Məndən al!

Nisbi İradəni Məndən al!

Məni Özümə çatdır!
Mütləqə tapınım – Nisbiyə tapınmayım!

Həqiqətə tapınım – Yalana tapınmayım!

Vicdana tapınım – Zora tapınmayım!

İnsana tapınım – Zamana tapınmayım!

Özümə çatım!

V. Təbiətdəki Mütləqlə Gündüz Təması
Təbiətdə Təbiətdən Yüksək olan Məna!

Dağların Vüqarında Mənliyim yaşayır – Ona çatım!

Çayların Axarında Mənliyim yaşayır – Ona çatım!

Səmanın Ucalığında Mənliyim yaşayır – Ona çatım!

Günəşin Şəfqətində Mənliyim yaşayır – Ona çatım!

Qürubun Qübarında Mənliyim yaşayır – Ona çatım!

Səhərin Cəzbində Mənliyim yaşayır – Ona çatım!

Gecənin Sehrində Mənliyim yaşayır – Ona çatım!

Səndəki Özümlüyümə çatım!
VI. Dünyadakı Mütləqlə Axşam Təması
Dünyada Dünyadan Yüksək olan Məna!

Əzəliyə qovuşum – Ötəridən keçim!

Əbədiyə qovuşum – Keçicidən keçim!

Sonsuza qovuşum – Sonludan keçim!

Kamilə qovuşum – Qeyri-Kamildən keçim!
Ötərini Əzəli saymayım!

Keçicini Əbədi saymayım!

Sonlunu Sonsuz saymayım!

Qeyri-Kamili Kamil saymayım!


Hadisədə qalmayım – Mahiyyətə çatım!

Gerçəklikdə qalmayım – Mahiyyətə çatım!

Şəraitdə qalmayım – Mahiyyətə çatım!

Mühitdə qalmayım – Mahiyyətə çatım!

Səndəki Özümlüyümə çatım!
Ocaq Atalıq və Evladlıq hadisəsinə əsaslanır. Ata İnamın Atasıdır, Evlad İnamın Evladıdır, Atanın Davamçısıdır. Əski dövrlərdəki Apostoldur, İmamdır, Müriddir. Atanın tələbi budur ki, Ata Əməli Evlad Əməlində, Ata fəlsəfəsi Evlad fəlsəfəsində davam eləməlidir. Evlad icraçı deyil, Qurucudur, Yaradıcıdır. Atanın təbirincə desək, Yazarlıq, Natiqlik, Təşkilatçılıq – Evladın Ocaq Quruculuğundakı əsas silahıdır.

Ocağa Evlad qəbulu mərasimləşən bir hadisədir. Xalqın içindən ayrı-ayrı insanlar Ocağa üz tutur. Məramını, məqsədini Asif Atanın adına rica şəklində yazır. Atadan Ruhani Ad alır və Ocaqlaşmağa başlayır. Mərasimdə Ocaqçılara təqdim olunur və Ocaqçılığını təsdiq edən Ruhani Sənəd – “Evladlıq Nişanəsi” alır. Atanın sağlığında bu əməllər Ata tərəfindən həyata keçirilirdi, onun ölümündən sonra isə Ocaq Yükümlüsü (Soylu Atalı) tərəfindən yerinə yetirilir.

Ata öləndən sonra Ocağın Ruhani Nizamını yaradan və qoruyan, Ocağı ruhani idarə edən Ocaq Yükümlüsü hadisəsi yaranmışdır. Asif Atanın ölümündən bu günə qədər bu məsuliyyəti Soylu Atalı öz üzərində daşıyır. Yuxarıda vurğuladığımız kimi, Ocaqda Atalıq və Evladlıq hadisəsi var. Ocaq Yükümlüsü Atanın yerinə keçmir, o, elə Evladdır. Sadəcə Ocağın bir Qurum olaraq yaşayıb idarə olunmasını təmin edir. Ocaqda vəzifə, titul, rütbə yoxdur və olmayacaq. Ocağın Atası, başçısı əbədi olaraq Asif Atadır. Asif Ata peyğəmbərdir. Peyğəmbər əvəz olunmur, Yolu davam olunur, Ocağı nizamlanır, ruhani idarə olunur.

Ocaq öz Evladlarının yaradıcılığı ilə, təşəbbüsləri, ideyaları ilə daim inkişaf edir, etməlidir. Ancaq Asif Ata tərəfindən təsbit olunmuş İnamın Təməl prinsiplərini dəyişdirmək, ləğv eləmək yolverilməzdir. Əgər yol verilərsə, bu, Ocağın mənən çöküşünə gətirib çıxarar. Atanın Ruhani Hökmlərini dəyişmək Peyğəmbər işini əymək deməkdir. Ata deyir: “2-3 dəfə mərasimə gəlməyən, Ata ilə, Ocaqla əlaqə saxlamayan Ocaqdan çıxarılır. Ocaqdan çıxan, çıxarılan Ocağa qayıtmır; Ata ilə Evlad arasında toz qədər fikir ayrılığı varsa, bu, Evladın bugünləşməsi deməkdir. Bugünləşən Ocaqdan çıxarılır”. Ata Hökmü Ocaq ləyaqətini qoruyan Ruhani Qaladır. Bu Qaladan bircə kərpic belə qoparmaq olmaz. Bu, özünü doğrultmur, doğrultmayacaq!



Sözün sonunda: İstəkli sabahdaşlarımız! Bizim tərəfimizdən sizlərə təqdim olunan bu qısa bilgi ilk təəssürat, təsəvvür üçündür. Asif Atanın Amalını dərindən öyrənmək, bilmək üçün Onun öz İrsinə müraciət eləmək doğrudur. Onun öz İrsi hər kəsə daha doğru yol göstərir, yön verir. Asif Atanı öyrənərkən tələsmək olmaz. Asif Atanın ideyalarını uğurlu, cazibəli, gözəl sayıb gerçəkləşməsi mümkün olmayan nəzəriyyə saymaq yanlışdır. Bu Yolun çətinliyinə sözümüz yox, ancaq yetərincə aydın və konkretdir. Öyrənmək və yaşamaq gərəkdir. Bu, İnsanlığın İnamıdır, ondan yan keçmək doğru deyil.

Dinə Allahın dini, dinin kitabına Allahın kitabı deyirlər. Biz isə deyirik, Allahın olan İnsanın deyil. Asif Atanın Amalı isə İnsanlığın İnamı, kitabları İnsanlığın kitablarıdır. Asif Ata Amalına üz tutmaq İnsanlığa üz tutmaqdır.


Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!

Atamız var olsun!



2-14 Qar Ayı, 32-il. Atakənd, Borçalı.






Yüklə 105,23 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə