Asif Ata m ə c n u n L u q



Yüklə 45,71 Kb.
Pdf görüntüsü
tarix26.09.2017
ölçüsü45,71 Kb.
#1967


 

Asif Ata 

 

M Ə C N U N L U Q 

 

DAHİLİK 

 

Min ürəyə, min idraka sığmayan ehtiras, fikir, bir ürəyə, bir idraka sığanda dahilik yaranır. 



Min qəddi əyən ağır mənəvi yük bir çiyinə düşəndə dahilik yaranır. 

Dənizlərə bənzəri var dahilərin: adi çay sularından törəyib, lakin çay deyil, dənizdir. 

Dağlara bənzəri var dahilərin! 

Xırda torpaqlardan, daşlardan yığılıb. Lakin torpaq deyil, daş deyil, dağdır. 

Təbiət möhtəşəmliyə və bütövlüyə can atır. 

O neçə ürəkdə parçalanan, paralanan, kiçilən adi hissləri, düşüncələri bir qəlbə yığır. 

Dahilər bəşəriyyətin mənəvi yükdaşıyanlarıdır. 

Məcnun dahi aşiqdir; onun böyüklüyü, bənzərsizliyi və faciəsi də bundadır. 

Adi, orta məhəbbətə pənah gətirənlər aləmində Məcnun dahi aşiq idealına uyğun yaşayır. 

Hamı sevir, sevilir. Lakin Məcnunun yaşadığı zəmanədə məhəbbətin ülvi mənası unudulmuşdur. 

Məcnuna  qədər  məhəbbətin  bütün  müdrikliyini,  qəmini,  kədərini,  şeiriyyətini,  fədakarlığını, 

müqəddəsliyini, cəngavərliyini özündə təcəssüm etdirən şəxsiyyət yox idi! 

Qəmlənən çox idi. Lakin kədər bulaqlarından süzülüb gələn əzəmətli dağ çayı yox idi! 

Məhəbbətə  hörmət  var  idi.  Lakin  məhəbbətdə  itmək,  yanıb  külə  dönmək  yox  idi!  Fədakarlıq  vardı, 

müəyyən  sədd  daxilində!  Heyrət  vardı,  müəyyən  miqyasda!  Dözüm  vardı,  müəyyən  vaxta  qədər!  Atəş 

vardı,  yanıb  sönmək  üçün!  Fəryad  vardı,  bir  anlıq!  Fədakarlığı,  heyrəti,  dözümü,  atəşi,  fəryadı, 

müqəddəsliyi əbədi mövcudluğa çevirən, məhəbbətdə özünü tapan, məhəbbət üçün yaşayan və əbədiliyə 

qoşulan dahi aşiq yox idi! 

Dahilər dünya adlanan müxtəliflik aləmində müəyyən bir ideyaya uyar, ona bağlanar, onunla bir can 

olar. 


Məcnun üçün dünya və Leyli birdir. Məcnunluqda məhəbbət insan iradəsinə bütünlükdə hakim olur. 

Bu hökmün əzəməti qarşısında hər şey aşiqə sönük görünür. Məcnunu Qeysdən fərqləndirən budur! Qeysi 

Məcnun səviyyəsinə qaldıran da budur.  

Əgər  Qeys  məhəbbət  “xəstəliyinə”  düçar  olubsa,  bu  “xəstəlikdən”  onu  artıq  heç  nə  qurtara  bilməz. 

Onun  əhvalı  kimi  həyat  tərzi  də  artıq  bənzərsiz  olmalıdır.  Onunla  başqaları  arasında  sonsuz  ziddiyyət 

yaranır. 

Qeys  eşqdə  dahilik  zirvəsinə  çatdığından  onu  “dəli”  adlandırırlar.  Qeysin  dəliliyi,  məcnunluğu 

nədədir?  Ondadır  ki,  fəryadı  yeri-göyü  tutrədir,  bu  isə  aşiqlik  “normasına”  uyğun  deyil.  Ondadır  ki, 

Leyliylə onun arasında misilsiz bir anlaşma, mənəvi qovuşma yaranıb.  

 

Ovzai-müxalif oldu yeksan, 



Guya iki təndə idi bir can. 

Hər kim sorar olsa Qeysə bir raz, 

Leylidən ona yetərdi avaz. 

Kim Leyliyə qılsa bir xitabı, 

Qeys idi ona verən cavabı. 

 

Qeys  Kəbə  daşlarına  üzünü  sürtüb,  eşq  bəlasının  “şiddətlənməsini”  diləyir.  Qeys  Leylinin  atasının 



yox, onu eşqinə yetirməyə can atan Nofəlin əsgərlərinin məğlub olmasını arzulayır, çünki Leyliylə bağlı 

nə varsa, Qeys üçün əzizdir. Qeys “rüsvayçılığında” Məcnun məğrurluğu var. 




 

Başqaları  üçün  məhəbbət həyatın  bəzəyidirsə,  Məcnun  üçün  həyatın  özüdür. Məcnun  üçün dünyada 



məhəbbətdən  qeyri  heç  nə  yoxdur.  Başqaları  üçün  məhəbbət  gec-tez  sönməli  olan  bir  ocaqdır.  Məcnun 

üçün yaşamaq – məhəbbət odunda yanmaqdır. 

Bu fərq Məcnun ilə atasının söhbətində öz parlaq ifadəsini tapmışdır. Burada qeyri-adi vurğunluqla adi 

aşiqlik arasındakı məsafə görünür. Burada iki məntiq döyüşür. Atanın və Məcnunun məntiqi. 

Atanın məntiqi adi şüur məntiqidir. Bu məntiqə görə, “bütün dərdlərin əlacı var”, “eşqə könül vermək 

– bəlalı işdir”, “məhəbbət insanı zay edir”, “Leylidən başqa dünyada qız çoxdur”, “eşq əbədi hiss deyil, 

gec-tez o sönür”, “oğul ata malına sahib durmalıdır” və sair. Bu sözləri hamıya demək olardı, Məcnundan 

başqa. 


Ata,  oğlunun  bənzərsizliyini  dərk  etməmişdir.  Dərk  etsəydi,  oğluna  aşağıdakı  sözlərlə  müraciət 

etməzdi: 

 

Eşqin bilirəm ki, böylə qalmaz, 

Daim səni ğəm bu halə salmaz. 

Bəxtin oyananda bu yuxudən, 

Hirsin yorulanda bu cüst-cudən 

Qorxum bu ki, özgə ola halım, 

Dünyada nə mən qalım, nə malm. 

 

Ata anlaya bilmirdi ki, Məcnunun eşqi həmişə belə qalacaqdır. Duymurdu ki, o, məhəbbət bəlasından 

nəşələnmək  üçün  doğulmuşdur.  Duymurdu  ki,  Leyli  və  Məcnun  adlı  iki  şəxs  yoxdu,  onların  əvəzində 

şairanə bir vəhdət, “ikinin bir olması” mövcuddur... Anlaya bilmirdi ki, məcnunluq misilsiz cəfakeşlikdir, 

cəfadan əbədi pay ummaqdır. 

 

 



MÜQƏDDƏSLİK 

 

Dahi aşiqin qəlbində daim bir ehtiras yanar: səcdə qılmaq ehtirası. Aşiqin səcdəgahı sevgilisidir. 



Səcdəgaha  səcdə  qılmaq,  dünyaya,  həyata,  insana  tükənməz  inam  bəsləməkdir.  Səcdə  qılmaq  – 

başqasında ən ülvi, ən ali bir məna tapmaqdır. 

...Səcdə qılmaq – dünyanı sirli, möcüzəli bir varlıq kimi görmək, dərk etməkdir. 

Əsil insan heyrətə layiqdir. Səcdə heyrətdən doğur. Səcdə qılan adamın ürəyində atəş sönməz, ehtiras 

tükənməz.  Gözlərində  heyrət  işığı  azalmaz.  Səcdə  qılmaq  –  bir  şəxsin  timsalında  bəşəriyyətə 

qovuşmaqdır. 

Səcdə  qılmaq  –  təmizlənmək,  ucalmaq,  munisləşmək,  müqəddəsləşmək  deməkdir.  Müqəddəsliyə 

qovuşan kəs kiçiklikdən, cılızlıqdan bayağılıqdan, bəsitlikdən uzaq olar. 

Müqəddəsliyə  qovuşmaq  –  dünyanın  qədrini  bilməkdir.  Bütün  nemətlərin  qədrini  bilməkdir:  gülün, 

çiçəyin, dostluğun, məhəbbətin... 

Müqəddəslik  ülvilik  əlamətidir.  “Gül  incədir”  –  deyəndə  biz  gülün  bir  cəhətini  dərk  edirik.  “Gül 

gözəldir”   – deyəndə biz gülün ümumi mənasını anlayırıq. “Gül müqəddəsdir” – deyəndə onun saflığını, 

ülviliyini, ucalığını dərk edirik. 

Məcnun  daim  səcdəqılandır,  dahiyanə  pərəstişkardır.  Leyli  onun  səcdəgahıdır.  Məcnun 

pərəstişkarlığında çox böyük bir özünütəsdiq vardır. O, səcdə qılmaqla öz  mənəvi aləmini büruzə verir, 

özünü ali səviyyədə təsdiqləyir. Bu təsdiqləmə məqamında pərəstişkarlarla səcdəgah hansı  bir nöqtədəsə 

birləşir. 

Leyliyə  pərəstiş  etməklə  Məcnun  kiçilməmiş,  əksinə,  yüksəlmişdir.  Qeysin  Məcnunluq  şöhrətində 

pərəstişkarlığın  payı  çoxdur.  Leyli,  Məcnun  üçün  böyük  bir  dünyaya  çevrilmişdir.  Bu,  yeni 

müqəddəsliyin  yaranması  deməkdir.  Məcnunun  böyüklüyü,  həmin  dünyanı  kəşf  etməsində,  ona  əbədi 




 

bağlanmasındadır. Təbiidir ki, bu dünya qəhrəmanı əhatə eləyən aləmdən tamamilə fərqlidir və Məcnun 



faciəsi – həmin dünya ilə öz dünyası arasındakı ziddiyyətdən doğmuşdur. 

Şübhə  yoxdur  ki,  başqalarının  Leyli  haqqında  təsəvvürü  ilə  Məcnunun  Leyli  haqqında  təsəvvürü 

arasında  yerlə  göy  qədər  fərq  vardır.  Bu  da  təbiidir.  Məcnun  Leyliyə  adi  bir  şəxs  kimi  yox,  böyük  bir 

dünya kimi baxır. Bu dünyanın öz məntiqi, öz qayda-qanunları, öz meyarı vardır. 

Əsil  məhəbbət  –  insanın  başqasının  gözündə  bir  dünyaya  çevrilməsidir.  Məhəbbət  müdrikliyi  və 

şairanəliyi elə bundadır. 

Məcnun,  Leyli  haqqında  düşünərkən,  həmişə  böyük  və  kamil  bir  dünya  haqqında  düşünür.  Bu 

dünyada, bu aləmdə hər şey məhəbbətdən xəbər verir.  

Nə  üçün  Məcnun  heyvanat  aləmində  özünə,  öz  məhəbbətinə  yer  tapır,  ancaq  insanlar  arasında  yox? 

Niyə Məcnun insanlardan qaçır? Çünki onu əhatə edən adamlarda məhəbbətə səcdə qılmaq meyli yoxdur. 

Çünki insanlar məhəbbətdə müqəddəslik axtarmırlar. Məcnunun məhəbbət aləmində qəmin də, fəryadın 

da,  sevincin  də,  kədərin  də,  hicranın  da,  vüsalın  da  mənası  tamamilə  başqadır.  Burada  aşiq  qəmi  ən 

yüksək müdriklik kimi qiymətləndirilir. 

 

Ya rəb, bəlayi eşq ilə qıl aşina məni! 



Bir dəm bəlayi-eşqdən etmə cüda məni! 

Az eyləmə inayətini əhli-dərddən, 

Yəni ki, çox bəlalarə qıl mübtəla məni! 

Olduqca mən götürmə bəladan iradətim

Mən istərəm bəlanı, çün istər bəla məni! 

 

Məhəbbətin məntiqi adi, bəsit şüurun məntiqinə ziddir. İnsan da bəla istəyərmi? 



Bu necə aləmdir ki, burada rüsvaylıq – ən böyük şöhrət, əzab – ən böyük nəşə, fəryad atəşinə yanmaq 

isə ən böyük hünər sayılır? Bu necə sevgidir ki, vüsal səadətinə ehtiyac yaranmır, çünki onlar bir-birinin 

qəlbində, düşüncəsində yaşayırlar. 

 

Sənsən hala tənimdə canım, 



Gözdə nurim, ciyərdə qanım, 

Məndən bəri eylədin məni sən, 

Ərzə kimi eyləyim səni mən. 

 

Getdikcə  Məcnun  üçün  hər  şey  dəyişir.  Çıraq  da,  ay  da,  bulud  da,  gecə  də,  ulduzlar  da  bir  anda 



dəyişilir,  məhəbbətdən  söhbət  açan  rəmzə  çevrilir.  Onlarda  aşiqlik  nişanəsi  peyda  olur.  Onlar  adilik 

dairəsindən çıxır, yeni, qeyri-adi məna kəsb edirlər. 

Bulud  “fəryad”  timsalı,  gecə  “zülmət  içində  yol  itirən  matəmzadə”,  dəvə  “başı  açıq,  ayağı  yalın” 

sevdazadədir. Bunların hamısına qəhrəman, məhəbbətin gözü ilə baxmışdır. 

Yerlə göy, canlı ilə cansız birləşmişlər. Məhəbbətlə təbiət arasındakı məsafəni qısaltmış, təbiət insana, 

insan isə təbiətə çevrilmişdir. Həyatda bir-birindən uzaq olan hadisələr yaxınlaşmış, qəlbin və ağlın əhatə 

dairəsi genişlənmiş, sonsuzlaşmışdır. 

Məhəbbət  insanlara  çox  adi,  lakin  daim  unudulan  bir  hikməti  xatrılatmışdır:  dünyada  nə  varsa,  bir-

birinə qohumdur, pərvanə ilə aşiq arasında doğmalıq, yaxınlıq vardır. 

Bu  həqiqəti  bəzən  biz  unutsaq  da,  məhəbbət  bizi  yenidən  ona  qaytarır,  dünya  gözümüzdə  böyüyür, 

müqəddəsləşir. 

 

 



 


 

SIĞMAZLIQ 

 

Məna  var  bir  ilə,  bir  aya,  bir  günə  sığar.  Məna  var  zəmanəyə,  dövrə  sığmır.  Məcnunluq  ali  bir 



sığmazlıqdır. Bunun səbəbi aydındır. Məcnun məhəbbətinin qədəri və sonu yoxdur. Məcnun zəmanəsində 

isə hər şey ölçülür, hər şeyə sədd qoyulur. 

Məcnun  məhəbbətində  məhəbbət  ideyasının  bütöv  ifadəsi  var.  Hər  zəmanə,  hər  dövr  isə  sevgi 

ideyasının yalnız bir tərəfini ifadə edə bilir. Ona görə də Məcnun heç bir dövrə sığmır.  

Məcnunda heç bir adilik nişanəsi yoxdur. Ona görə də zəmanə onu yaxına buraxmır. 

Zəmanəyə  sığmaq  üçün  Məcnun,  heç  olmazsa,  bir  anlıq,  qeyri-adilik  taxtından  düşməli  idi.  Onda 

məcnunluğunu itirərdi. Məcnunun məhəbbəti heç bir dövrün məhəbbətinə bənzəmir. Məcnunun dayandğı 

zirvə çox ucadır.  

Məcnun öz məhəbbətilə bütün zəmanələrə yaxın, həm də bütün zəmanələrdən uzaq görünür. Hər bir 

dövrdə  məhəbbətə  ehtiyac  vardır.  Lakin  müəyyən  sədd  daxilində.  Böyük  ehtiraslar  sədləri  dağıdır. 

Məcnun bütün dövrlərə sığsa da, öz dövrünə sığmır. 

Sadə gözəlliyi zəmanə qəbul edər. Lakin bu cür ilahi gözəlliyin mənası dövrə sığmaz. 

 

Leyli demə - şəmi məclisəfruz, 

Məcnun demə - atəşi-cigərsuz! 

Leyli demə - cənnət içrə bir hur, 

Məcnun demə - cənnət içrə bir nur. 

Leyli demə - övci-hüsnə bir mah, 

Məcnun demə - mülki-eşqə bir şah. 

 

Bu ilahi gözəllik bir dövrün, bir zəmanənin mənasına sığarmı? 



Adi qəm Məcnun dövrünə sığır. Lakin heyrətli və müdrik, möhtəşəm və məğrur Məcnun qəmi zamana 

sığmır. 


 

Mənim tək heç zaman zarü-pərişan olmasın, ya rəb! 

Əsiri-dərdi-eşqü – daği-hicran olmasın, ya rəb! 

 

Dəmadəm cövrlərdən çəkdiyim birəhm bütlərdən, 

Bu kafərlər əsiri bir müsəlman olmasın, ya rəb! 

 

Görüm əndişeyi-qətlimdə ol mahi, budur virdim, 

Ki, bu əndişədən ol mah peşiman olmasın, ya rəb! 

 

Demən kim, ədli yox, ya zülmü çox hər hal ilə olsa

Könül təxtinə ondan qeyri soltan olmasın, ya rəb! 

 

Bu sətirlərdə zamana sığmayan məhəbbət qəmi öz misilsiz ifadəsini tapmışdır. 



Adi  qəm  sızıldar,  Məcnun  qəmi  yeri-göyü  titrədər!  Adi  qəm  ürəkdən  qovular.  Məcnun  qəmi  ürəyə 

çağrılar. Adi qəm yanıqlı, Məcnun qəmi məğrur səslənər. 

 

Olsaydı məndəki ğəm Fərhadi-mübtəladə, 

Bir ah ilə verərdi min Bisütun badə. 

 

Adi sevgiləri hər dövran alqışlar. Ancaq dahi aşiqi hər dövr qəbul etməz. 



 

 

 


 

Ney kimi hərdən ki, bəzmi-vəslini yad eylərəm, 



Ta nəfəs vardır quru cismimdə, fəryad eylərəm. 

 

Bu hikməti hansı əsrin ayağına yazasan? 



Hansı  dövr,  hansı  zəmanə  deyə  bilər  ki,  hicranın  dahiyanə  kədəri  yalnız  ona  məxsus  olan  cəhətdir? 

Aşağıdakı misralar hansı zamana sığar? 

 

Hasilim yox səri-kuyində bəladan ğeyri, 

Qərəzim yox rəhi-eşqində fənadan ğeyri. 

 

Neyi-bəzmi-ğəməm, ey ah, nə bulsan yelə ver, 

Oda yanmış quru cismimdə həvadan ğeyri. 

 

Eşqin böyüklüyünü zəmanə təsdiq edər. Ancaq məhəbbət rüsvayçılığını məğrurluq nişanəsi kimi qəbul 



etməz. 

Sığmazlıq – Məcnunluğun ümdə cəhətidir. Məcnunun böyüklüyü və əlçatmazlığı bundadır. 

 

 

 

MƏCNUNLUQ ÇALARLARI 

 

Məftunluq  –  ömrün  son  dəqiqəsinə  qədər  yanmaq  səadəti,  sevinci.  İftixara  bərabər  kədər.  Vüsala 



bərabər hicran. Ehtizaz hikməti. Dözümlük istedadı. Rəmzə çevrilmək qüdrəti. Heyrətə səbəb olan heyrət. 

Qəhrəmanlığın ilkin mənası. Müqəddəs “dəlilik”. Mənəvi təmizlənmə ehtirası. Hərtərəfli özünütəsdiq. 

Sadəlövhlük biçimində müdriklik. Şairanəlik. 

Bütün zəmanələrin və xalqların Nəsimiləri, Cordano Brunoları... 



 

 

 



Yüklə 45,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə