Asif Ata NİzamiLİK (Bədii-fəlsəfi esse)



Yüklə 242,32 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix04.11.2017
ölçüsü242,32 Kb.
#8444
  1   2   3   4   5   6   7   8   9


Asif Ata 

 

NİZAMİLİK 

 

(Bədii-fəlsəfi esse) 

 

I. BAŞLANĞIC VƏ NƏTİCƏ 

 

Nizami  Şərq  dünyasının  fəlsəfi-poetik  ənənələri  üzərində  ucalmış,  bu  dünyanın  yeni, 



dahiyanə, bədii yekunu kimi meydana çıxmışdır. 

Eyni  zamanda  o  özü  nadir  və  ölməz  ənənə  yaratmış,  Şərq  sənətinin  gələcək  inkişafını 

müəyyənləşdirmiş, əsrləri qabaqlamışdır. 

Sonralar Şərq poeziyasında müxtəlif formada təkrarlanan çox hikmətlər Nizami şeirində güclü 

səslənmişdir. Bu, xüsusilə gözəllik haqqında şairanə konsepsiyadır. 

Bu hikmətə görə, dünyanın ən böyük gözəlliyi məhəbbətdir. 

Məhəbbətdə məşuqə ilahiləşdirilir, mənəvi kamillik zirvəsinə qaldırılır, bütə çevrilir. 

Məhəbbətdə aşiq ilk baxışda kiçilir, sevilənin əsirinə, quluna dönür, əslində yüksəlir, ucalır, 

çünki məhəbbətə pərəstişdə ülviyyət var! 

Məhəbbət ömrünün dəhşəti və sonsuz fərəhi hicrandır! 

Məhəbbət hicran odunda bərkiyir. 

Hicran aşiqi əzabkeşə çevirir. Cəfanın böyüklüyü sevginin miqyasını təyin edir. 

Məhəbbət – müdriklik timsalıdır. 

Məhəbbət əhli olmaq – kamal əhli olmaq deməkdir. 

Şərq poeziyasının təsbit etdiyi bu hikmət Nizami şerində dahiyanə pafosla ifadə olunmuşdur. 

 

Sevgili sultandır, sevən qul, 



Sevgili şahdır, sevən şahın qurbanı! 

Bilməm nə töhfə mən qul o sultana göndərim

Layiq deyil, canımı cananə göndərim. 

Bayram yetişdi, xəstə bu canımla bir deyin, 

Bilməm nə qurban ol şahə, qurbanə göndərim. 

 

Bu nə qəribə məntiqdir? Birini ucaldır, o birini endirir? Bu qayda ədalətə yad deyilmi? 



Burada aşiqin vüqarı tapdalanmırmı? 

Əslində burada gözəl bir məna var. Şahları taxtdan salmaq, sevgililəri taxta çıxarmaq var.  

Burada yerdəkini, mövcud olanı ilahiləşdirmək var! Göydəkini yerdəkiylə əvəz etmək var. 

Mənəm allahın – ilk sədası bəlkə də. “Sevgilim bütdür!” – kəlamı olub! 

Yerdəkini göyə ucaltmaqla, göydəkini yerə salırsan. 

Məhəbbət – ağır bir yükdür. Bu yükə yalnız güclü çiyinlər tab gətirə bilər. 

Məhəbbətin əzabına tab gətirməyən ürək məhəbbətə layiq deyil. 

 

Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz, 



Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz. 

 

Məhəbbət insanın yükünü azaltmır, əksinə, yük üstünə yük gətirir. 



Məhəbbət sadəcə isitmir, yandırır. Sadəcə qəmləndirmir, ürəyə dağ çəkir. 


Nə üçün bəs insan bu ağır yükü çiynindən düşürmür, nə üçün bu yükün altında inləyəndə belə 

səadətin ən yüksək zirvəsinə qalxır?! 

Çünki məhəbbətdə insan özünün ən ali məqamını yaşayır. 

Eşqdə sevgili – təbiətin ən dəyərli incisi kimi vəsf edilir. 

Eşqdə insan gözəlliyi, təbiət gözəlliyini kölgədə qoyur. 

 

Gül camalın gülə dedi: – Dur pərdə sal üzündən, 



Güllər zünhar bağlamışdır yanağından, üzündən. 

 

O ərğavan cəmalının açılanda mətai, 



Yasəməni lal eylədi, süsən qaldı sözündən. 

 

İnsan  təbiətin  bir  parçasıdır.  Uzun  müddət  o,  təbiətlə  vəhdətdə  olub.  Sonralar  təbiətdən 



ayrılıb. 

Gözəlliyin vəsfində, məhəbbətin tərənnümündə o, yenidən həmin vəhdətə qayıdır. 

Sevgilini güllə müqayisə etməklə gül sonsuz dərəcədə ucaldılır. 

Həmişə  insan  tərəfindən  sevilən,  qiymətləndirilən  gözəllik,  məhəbbət  anlarında  xüsusi  bir 

həssaslıqla, vəcdlə duyulur. 

 

Gözəllik adlanan nemətin qədrini ən çox aşiq bilir! 



Aşiq gözəlliyə səcdə qılır, onu müqəddəsləşdirir. 

Şərq poeziyasında və Nizami qəzəllərində təsdiq olunan aşiq məğrurdur, öz insani ləyaqətini 

qoruyandır, ancaq sevgilisinə yalvarmaqdan çəkinmir. 

 

Sənsiz ölürəm, nigar, tez gəl, 



Ömrüm başa yetdi, yar, tez gəl. 

 

Qəsdin can isə, gəl al bu canı, 

Səndən deyiləm kənar, tez gəl. 

 

Bu, bir əcaiblikdirmi, yoxsa dərin və incə bir həqiqətin ifadəsidirmi? 



Burada arifanə bir üsyankarlıq yoxdurmu? Zənnimizcə var. 

İnsan adətən allaha yalvarmağı qəbahət saymaz. 

Sevgilisinə yalvarmaqla, aşiq allahını yerdə tapır. 

Yer səmavləşir. 

Yeni mömünlük, yeni etiqad yaranır: gözəlliyə, məhəbbətə müqəddəs inam! 

Sevgiliyə yalvarmaq həm də ona mənən yaxın olmaq, onu doğma bir varlıq saymaqdır. 

Əslində  böyük  məhəbbət  bir-birindən  uzaq  olan  iki  keyfiyyətin  –  müqəddəsləşmənin  və 

doğmalaşmanın  vəhdətidir. 

Sevirəm – deməli, ilahiləşdirirəm! 

Sevirəm – deməli, məhrəmləşdirirəm. 

Sevirəm – deməli, özümə doğma saydığımı müqəddəsləşdirirəm. 

Hicran – böyük imtahandır. 

Burada məhəbbətin fəğanı ərşə çıxır, yarın misilsizliyi şiddətli bir daxili dramatizmlə duyulur, 

mənəvi əzab öz son nəqtəsinə çatır, aşiq qəm əhlinə çevrilir. 




Ürəyə kədər, iztirab dalağaları dolur. 

 

Sənin ol cəlb eləyən vəslinə and içdim, inan, 



Hicrinə yandı canım, yox daha taqət sənsiz. 

 

Eşqin səfasını cəfasız görmək istəyənlər Nizami məhəbbətini dərk etməzlər. 



Bu necə məhəbbətdir ki, insanın mənəvi dünyası təlatümlü dənizə bənzər. 

Ehtiras – hicran zindanında bərkiyər, saflaşar, poladlaşar! 

Ürəkdən qanlar axar, sinədə ocaq qalanar, hicran aşiqi məhşər ayağına çəkər. 

Şərq  sənətimizdə  Nizamidə  aşiqlik  –  qeyri-adi  mətanət,  dözüm,  sədaqət,  ağıl,  ehtiras  rəmzi 

kimi qiymətləndirilir. 

Naşılar üçün hicran məhəbbətin sonu, aqillər üçün yetkinlik çağıdır. 

Hicran məqamında gözəl və qeyri-adi mənəvi həyat başlayır. 

Günəşi də, ayı da, baharı da, çiçəyi də, payızı da, qışı da özündə görürsən. 

Vəcd seli ürəyində çağlayır. 

Gecə ilə gündüzün, ümid ilə gerçəkliyin, röya ilə həqiqətin yeni əlaqəsi yaranır. 

Nizamidə və ümumən Şərq sənətində yarın gəlişi qeyri-adi, sehrli hadisəyə çevrilir. 

Aşiqin gözünə adi qadın yox, ilahi varlıq görünür. 

Sevgilinin zühuru müqəddəsliyin təzahürü təsiri bağışlayır. 

 

Allaha şükr edirəm, ey gözümün nuru bu gün 



Yar gəlib göz önünə, sərvi-xuraman görünür. 

 

Həyatda müqəddəsliyi inkar etməkdən böyük qəbahət yoxdur. 



Müdriklik – müqəddəsliyi inkar etmək yox, yerdəki ülviyyəti, məhəbbəti, gözəlliyi, əsilliyi – 

müqəddəslik səviyyəsinə qaldırmaqdır. 

Bu baxımdan klassik lirikanın imkanları sonsuzdur. 

Nizamilər,  Nəsimilər,  Füzulilər  məhəbbətin  timsalında  yeni  müqəddəslik  konsepsiyası 

yaratmışlar. 

Əzab bahasına qazanılmış sevincdir – Nizami lirikası! 

Hicran bahasına qazanılmış vüsaldır – Nizami lirikası! 

Müqəddəslik səviyyəsinə qaldırılmış məhəbbətdir – Nizami lirikası! 

Ülviliklə adiliyin vəhdətindən törəmiş şeiriyyətdir – Nizami lirikası! 

Real gözəlliyə sonsuz pərəstişdən doğmuş ümiddir – Nizami lirikası! 

Qəmindən Füzuli, fərəhindən Hafiz, munisliyindən Nəsimi, şuxluğundan Vaqif, ülviliyindən 

Cavid yaranan bir poetik dünyadır – Nizami lirikası! 

 



Yüklə 242,32 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə