Asif Ata VƏcdli İdrak (Nəsimilik)



Yüklə 61,03 Kb.
Pdf görüntüsü
tarix26.09.2017
ölçüsü61,03 Kb.
#1968


 

Asif Ata 



 

VƏCDLİ İDRAK 

 

(Nəsimilik) 

 

1.

 

İNSAN 

 

Vəcdə gəlmək – ülvi mənaya dalmaq, onunla bir olmaqdır. Gözəllik öz əsil qiymətini vəcd məqamında 

tapır. İnsanı özündən (adi durumundan) ayıra bilməyən gözəllik natamam gözəllikdir. 

Ali hikmətə tam qovuşmaq – onu vəcdlə duymaq deməkdir. 

Ürəyin də çaylar kimi bir sel məqamı var. 

Bu məqamda ehtiras insanı öz sularında qərq edir. Vəcdsiz ürək – alovsuz ocaqdır. 

Ağıl  adi  halda  görmədiyini,  duymadığını  vəcd  anında  görür,  duyur,  vəcd  bəsit  təfəkkür  sədlərini 

dağıdır, dünyanın yeni sirləri, mənaları kamalın üzünə açılır. 

Vəcd idrakı alışdırır. 

Vəcd şöləsinin işığında qeyri-adi hikmətlər görünür. 

Məhdudluq,  səthilik  kölgələri  çəkilir  və  gözəlliyin,  ülviliyin,  əsilliyin,  xalisliyin  ali  və  intəhasız 

mənası aşkara çıxır. 

Anlayırsan ki, İnsan cahana sığmaz. Ən möhtəşəm, kamil cəhətlər İnsanın varlığında cəmləşib. Yerdə, 

göydə nə varsa, o, İnsanla təmasdadır. İnsanın ülviliyini vəsf etmədə söz acizdir. İnsan böyüklüyü hədd 

tanımır. 

Ona görə də İnsan – allahdır. 

Bu fikri adi təhlil yox, vəcd söyləyir. 

Coşğun vəcd məqamında “ənəlhəq” kəlamı yaranır. Həmin anda İnsan öz əsil təbiətini anlayır. 

Vəcd  deyir  ki,  İnsan  bütün  təzadları  özündə  birləşdirir,  həm  də  bütün  təzadlardan  üstündür,  onun 

müəyyən məkanı olsa da – məkansızdır (laməkandır), çünki öz əzəməti, qüdsiyyəti və idrakı ilə heç bir 

məkana sığmır. O, keçici ölümə məhkum olsa da, əslində, ölümsüzdür, çünki əsil mahiyyətinə ölüm heç 

bir xələl gətirə bilmir. 

İnsan bir şey olsa da, əslində hər şeydir, bu gün yaşasa da, dünən də, sabah da onundur. 

Vəcd məqamında qeyri-adi bir müdriklik yaranır ki, onu bəzən “vəhy” adlandırırlar. 

Vəhydə “ağlasığmaz həqiqətlər” dərk olunur: 

 

Mən mülki-cahan, cahan mənəm, mən. 

Mən həqqə məkan – məkan mənəm, mən

 

Bu həqiqət vəcd məqamında yaranıb və bəsit şüura sığan deyil. 



Nəsimilik – vəcdli idrakdır. 

 

Mən cümlə cəhani-kainatəm, 



Mən dəhri-zəman, zəman mənəm, mən. 

 

İnsan “cümlə-cahan” ola bilərmi? İbtidai təsəvvür baxımından – yox! Vəcdli idrak baxımından – bəli! 



İnsanı tam dərk etmək istəyirsənsə, ona soyuq, biganə baxma, atəşli bax. 

 

Mən fəqirəm, həm dilənçi, həm mələk, həm padişah, 



Həm mənəm ustadi-sənət, həm anın muzduriyəm. 


 

Zahirəm, zahirdə faşəm, məzhərəm, həm müzhərəm, 



Batinəm, hər şeydən, yəni batinin məsturiyəm. 

 

Həm təbibəm, həm əliləm, həm əlacəm, həm səqəm, 

Həm şəfanın səhhəti, hər nemətin rəncuriyəm. 

 

İnsan  həm  dilənçi,  həm  də  şah,  həm  təbib,  həm  də  əlil  olarmı?!  Olar.  Çünki  insanın  mahiyyəti 



sığmazlıqdır, heç bir keyfiyyət insan adlanan qüdrəti tam əhatə eləyə bilməz. 

Dünyada  –  təbiətdə  təzadlar  çoxdur!  Ancaq  insan  təzadlardan  yüksək  olduğu  üçün  onları  özündə 

əridib yox edir. 

 

Dənizəm, bəhrəm, mühitəm, qətriyəm, dəryayi-eşq



Laməkan bünyadiyəm, həm bəhrənin qəvvasiyəm. 

 

Bir qətrədən dəniz olmaz! Məkansız – mühitsizdir! Adi təsəvvür buna əmindir. Çünki o, qeyri-adilik, 



intəhasızlıq tanımır. 

Vəcdli idrak isə bilir ki, adi təsəvvürlərin bir-birindən ayırdığı mənalar ülvilikdə birləşir. 

Adi təsəvvürün hüdudundan kənarda elə qüdrət var ki, burada damla dəniz, müəyyənlik sonsuz olur.  

Bu qüdrətin adı İnsanın ali mənasıdır. 

Adi təsəvvür insanı görür, fəqət tam duymur. 

Adi ağlın sürəti insan şeiriyyətinə çatmır. 

Vəcdin sürəti geniş üfüqlərə çatır. 

Vəcdli duyğu, tam duyğudur. 

Leylinin gözəlliyini Məcnun tam dərk etmişdi. Çünki vəcdlə duymuşdu. 

Vəcdlə ülviyyətə qovuşar, çox şeydən hali olarsan. 

Vəcdlə qeyri-adiliyi asanlıqla görürsən, çünki ülvilik səviyyəsində dayanırsan. 

Ülviliklə yaşayırsan, çünki o, qəlb evinə gəlmişdir! 

Heç  kəsin  görmədiyini  görürsən.  Çünki  heyrətlənmisən,  cəzb  olunmusan,  özündən  keçmisən,  özünü 

yeni bir alidə tapmısan, onun qətrəsi olmusan, ona qayıtmısan. 

Damla dənizdə itir. Həm də özünü dənizdə tapır. Vəcd anında özünü unudursan. Fəqət ən çox özünü 

elə həmin məqamda tapırsan. 

İnsanlığa  vurulursan,  onun  ilahi  qüdrətini  duyursan,  vəcd  səni  cuşa  gətirir,  ehtiras  seli  aşıb-daşır, 

gözəl, zəngin, duyğulu, idraklı yaşayırsan, özünün böyüklüyünü dərk edirsən.  

Cəzb olduqca itirsən. Kiçildikcə böyüyürsən. 

İtdikcə tapılırsan. 

Son nəticədə anlayırsan ki, sənin özündə qoruduğun şəxsi insani ləyaqətin – bəşəri ləyaqət imiş. 

Damla dənizdə itir, həm də dənizə çevrilir. 

Anlayırsan ki, bəşər haqqında deyilənlər sənə də aiddir. 

Nəsimi insan haqqında danışarkən həmişə özü haqqında danışır. 

Nəsimi özü ilə insanlıq arasında sədd görmür. 

Çünki Nəsimi öz qeyri-adi vəcdiylə insanlığa tam qovuşub, özü ilə bəşər arasındakı fərqi duymur. 

Məcnun ilə Leyli vəhdətinə bənzər ali mənəvi qovuşma yaranır. 

 

Surəti-rəhmanı buldum, surəti-rəhman mənəm! 



Rəhi-mütləq həq kəlami qəf-i-vəl-Quran mənəm! 

 

Bu Nəsimidirmi, yoxsa ümumən insanlıqdırmı? 



Həm Nəsiminin özüdür, həm də ümumən bəşərdir. 


 

Nəsimi məğrurluğunun təbiiliyi bununla bağlıdır.  



Nəsimi bəşərin vüqarını, qeyrətini, əzəmətini təsdiq eləyir. Ona görə də onun ən məğrur etirafları son 

dərəcə səmimi səslənir. 

Ancaq Nəsimi həm də öz ağlına, hisslərinə, qüdrətinə tam inanır, öz şəxsiyyətini də hərtərəfli təsdiq 

edir. 


“Mənəm  allah!”  –  deyəndə  Nəsimi  özünü  də  allah  sayırdı.  Çünki  vəcd  məqamında  bəşərdən  kənar 

Nəsimi, Nəsimidən kənar bəşər yox idi. 

 

Sirri-ənəlhəq söylərəm aləmdə, pünhan gəlmişəm. 

Həm həqq derəm, həq məndədir, həm xətmi-insan gəlmişəm – 

 

Sözlərini deyən Nəsimidir. 



Fəqət Nəsimiylə bərabər insanların yanına gələn həm də bəşərin mənasıdır, mahiyyətidir, ölməz, itməz 

idraki mayasıdır. 

 

Həm xəyaləm, həm cəmaləm, həm süfatəm, həm tələb, 

Həm nüquşəm, həm bu nəqşə valehü heyran mənəm. 

 

Bu Nəsimidirmi, yoxsa cümləbəşər? 



Həm Nəsimidir, həm də bütöv insanlıq. 

Nəsimi  öz  bəşəri  vəcdində  bəşərə  çevrilir,  özüylə  bəşər  arasında  fərqi  unudur,  ona  görə  də  özü 

haqqında danışmaq istərkən bəşər haqqında danışır və əksinə. 

Nəsiminin özü haqqında dediyi sözlər bəşəriyyətə aiddir. 

 

Gəlmişəm həqdən ənəlhəq, görə nə Mənsur olmuşam, 

Ruhi-qüdsin nitqiyəm, sər ta qədəm nur olmuşam. 

 

Bu Nəsiminin öz səsidir. 



Fəqət “ənəlhəq” (“mənəm həq, mənəm allah”) kəlamı bəşəri kəlamdır. 

Burada Nəsimilik və bəşərilik son dərəcə bir-birinə yaxınlaşır. 

Mən Nəsimi –zəmanənin Mənsuriyəm, çünki ənəlhəqəm. 

Ancaq allah tək mən deyiləm, ümumən İnsandır. 

Mən İnsanı allah saydığım üçün Mənsur olmuşam. 

Mən insana heyran olduğum üçün onu allah sayıram. 

Mənim özümü təsdiqim vəcdimin təsdiqidir. 

O səbəbdən də şeirlərimdə İnsan tərənnüm edilir. 

İnsan isə heç nəyə sığmayan hər şeydir. 

 

Ərş ilə fərşü kafünun, məndə bulundu cümlə çun, 



Kəs sözünü və əbsəm ol, şəhri-bəyanə sığmazam. 

 

Vəcdin verdiyi bilik tamamilə yeni bilikdir. 



İnsan məzara sığır! Bəsit şüur bunu bilir və vəcdin həqiqətini qəbul etmir. 

Ancaq Məzara sığan İnsanın bədənidir, mahiyyəti deyil. Fikri, duyğusu, amalı deyil. 

İnsanın imzası bəyana sığar, ancaq adı sığmaz. 

İnsanın ürəyi bədənə sığar, amma ürəyindəkilər sığmaz. 

İnsanın ömrü zəmanəyə sığar, mənəvi həyatı sığmaz. 

İnsanın güzəranı ömrün illərinə sığar, əzəməti illərə sığmaz. 




 

Yalnız zahiri cəhətlər keçicidir, ölümə məhkumdur. 



Daxili məna isə sonsuzdur, ölümsüzdür, sığmazdır. 

Əsil hünər - əsrlərə sığmaz. 

Əsil məhəbbət – ürəyə sığmaz. 

Əsil mənəvi kamillik – bəsit təsəvvürlərə sığmaz. 

Əsil dahilik – ehkamlara sığmaz. 

Əsil şöhrət – zəmanəyə sığmaz. 

Əsil gözəllik – qəşənglik hüdudlarına sığmaz. 

Əsil müdriklik bəsit ağıl qəlibinə sığmaz. 

İnsani xalislik və əsillik – bəsit münasibətlər çərçivəsinə sığmaz. 

Əsil ehtiras ölçüyə sığmaz. 

Əsil sevgi – maraqda, həvəsdə, meyildə dayanmaz, vəcdə keçər, vəcdlə həqiqətə qovuşar. 

 

Mən vücudi-mütləqəm, mütləq derəm, 



Həqqə tanıqdır, həq bilir ki, həm derəm. 

 

Dünyada mütləq heç nə yoxdur. 



Bəsit şüur buna mütləq şəkildə inanır. 

Vəcdli  idrak  isə  buna  inanmır.  Çünki  vəcdli  idrak  insan  ülviyyətinin,  qədirliyinin,  möhtəşəmliyinin 

mütləq mənasına inanır. Çünki ülviliyə bütünlüklə qovuşur. 

Gözəlləşir, ülviləşir, müdrikləşir, onların ali mahiyyətini anlayır. 

Mütləq inam və mütləq idrak mütləq mənəvi tələb yaradır. 

 

Həqqə yar ol, ey könül, yar ol, yetər, 



Həqqi çün yar eylədin, var ol, yetər. 

 

Nurə nur ol, narə var ol, yetər, 

Aləmə oldur sazə var, ol yetər. 

 

Haqqa yar olmaq, haqqın özü kimi əbədi var olmaqdır. 



Yalnız cılız olan ölümə məhkumdur. 

Gözəl sifət, gözəl duyğu, gözəl idrak ölmür. 

Gözəl sifət yeni çöhrələrdə və yeni mahnılarda yaşayır. 

Gözəl duyğu və fikir daimi oda dönür, yanır. 

 

 

II. MƏHƏBBƏT 



 

Məhəbbətin əsil qiymətini adi duyğu yox, vəcd verir. 

Məhəbbətdə  ürək  tüğyan  edir,  qeyri-adi  coşğunluq,  heyrət  əhvali-ruhiyyəsi  yaranır,  sevgili  dünyanı 

əvəz edən ecazkar varlığa çevrilir, ehtiras seli-aşıb daşır. 

Məhəbbət dilə sığmır. 

 

Nigarım, dilbərim, yarım, ənisim, munisim, canım 



Rəfiqim, həmdəmim, ömrüm, rəvanım, dərdə dərmanım. 

Diləfruzum, vəfadarım, cigərsuzum, cəfakarım, 

Xüdavəndim, cahandarım, əmirim, bəyimü xanım. 

 



 

Dünyada gözəl, ülvi, ali nə varsa, aşiq sevgilisinə şamil edir. 



Ancaq bunlar alovlu ehtirasa azlıq edir, vəcd onlarda dayanmır, usanmır, alovlarını ətrafa yayır: 

 

Şahım, mahım, dilaramım, həyatım, diriliyim, ruhum, 



Pənahım, məqsədim, meylim, muradım, sərvərim, canım. 

Gülüm, reyhanım, əşcarım, əbirim, ənbərim, udum, 

Dürüm, mirvaridüm, kanım, əqiqim, ləlü mərcanım. 

 

Belə də məhəbbət olarmı? 



Bir şəxsi hər şey hesab etmək olarmı? 

Bəli! Əsil məhəbbət birinin başqası üçün hər şey olması, dünyaya çevrilməsidir! 

Nəsiminin sevgilini vəsf etdiyi şeirləri sanki yarımçıq şeirlərdir. 

Hiss eləyirsən ki, şair sevgilinin vəsfini axıra çatdıra bilmir. 

Çünki ehtiras sonsuzdur, çünki sevgi vəcdi min şeirə sığmaz, çünki söylənilən nə qədər çox olsa da, 

yenə azdır, çünki şair sevgilini nə qədər vəsf etsə də, ürəyindəkiləri tam bəyan edə bilmir. 

Bu  səbəbdən  vəsf  seli  çağlayır,  nəvazişli,  həsrətli,  heyrətli  etiraflar  bir  an  da  susmur,  bitmir, 

nəhayətsiz, vüsətlə səslənir: 

 

Mənim rəhbanimü deyrim, səlibim, dinim, imanım, 

Həbibim, rəhatim, ruhum, rəfiqim, munisim, canım. 

 

Bənövşəm, sümbülüm, vərdim, rəyahim, zanbağım, laləm, 

Əbirim, ənbərim, udum, gülüm, qönçəm, gülüstanım. 

 

Kitabım, müshəfim, dərsim, hədisim, əbcədim, lövhüm, 

Səlatim, təatim, zöhdüm, səvabım, həccü ərkanım. 

 

Qəribə bir gərginlik var bu şeirin ahəngində! Bu, vəcd gərginliyidir. 



Duyğu  misralara  sığmır,  ona  görə  də  gərginlik  yaranır.  Çox  şey  deyilir,  ancaq  məhəbbətin  mənası 

deyilənlərdən sonsuz dərəcədə böyük olur. 

Vəcd sığmazlıqdır. 

Vəcdə gəlmək – nəyisə, kimisə əvəzsiz, misilsiz bir xilqət, möcüzə saymaqdır. 

Bu baxımdan vəcdə layiq şəxs ölçüyə sığmır. 

Vəcdə gəlmək ülvi təmizlənmədir (katarsisdir). 

Bu soyuq, rasional əxlaqi ehkamlara sığmır. 

Vəcdə gəlmək sehrə, möcüzəyə inanmaqdır. 

Bu sıravi elmilik biçiminə sığmır. 

Vəcdə gəlmək bir anda bir ömür yaşamaqdır. 

Bu cismani sağlamlıq tələbinə sığmaz. 

Vəcdə gəlmək – gözəllik qarşısında sarsılmaqdır. 

Bayağı vüqar bunu öz şəninə sığışdırmaz. 

Vəcd idrakın uçuşudur. 

Bu nasiranə fəhm qəlibinə sığmaz. 

Vəcd ürəyin fırtınasıdır. O duyğu ölçüsünə sığmaz. 

Özündə vəcdi duymamısansa – sevməmisən! 

Ehtirasın qəlbində sevgiliyə qarşı vəcd yaratmayıbsa, onun adını məhəbbət qoyma! 

Sevsən, sevgilinin ayrılığı səni ağladar, özünə kömək axtararsan, yalvararsan, mədəd dilərsən. 

 



 

Ey müsəlmanlar, mədəd ol, yari-pünhan ayrılır, 



Ağlamayım, neyləyim, çün gövdədən can ayrılır. 

 

Sevən, yarın gəlişini ali səadət sanar, onun sevinciylə pərvazlanar. 



 

Mərhaba, xoş gəldin, ey ruhi-rəvanım, mərhəba! 

Ey şəkərləb, yari-şirin, laməkanım, mərhəba! 

Sən sevgilim, gözümün nuru, bilirsənmi gəlişin mənim üçün nədir! Əhsən ki, gəlmisən! 

Mənim bundan şirin, bundan əziz, bundan ülvi məqamım olmaz. Qiymətin üçün, şəfqətin üçün sağ ol! 

Sevsən, hicran məqamında yanarsan, yaxılarsan, fəryadın yerə-göyə sığmaz. 



 

Firqətindən yandı bağrım, ürəyim qan oldu, gəl! 

Gəl ki, didarın bu sayru cana dərman oldu, gəl! 

 

Sevsən, mütləq vəcd məqamının şeiriyyətini duyarsan! 



 

 

III. MÜQƏDDƏSLİK 

 

Sifət,  göz,  qaş  müqəddəslik  rəmzinə  çevrilə  bilərmi?  Onlara  büt  kimi,  ilahi  bir  qüvvə  kimi,  əvəzsiz 



sərvət kimi səcdə qılmaq rəvadırmı? İnsana, gerçəkliyə, yerə xas olanı göy, allah səviyyəsinə yüksəltmək 

olarmı? Müqəddəsliyi yerdə tapmaq olarmı? 

Vəcdli idrak bu suallara müsbət cavab verir.  

Çünki vəcdli idrak insan sifətində, yerdə, gerçəklikdə bəsit təsəvvürün görmədiyini görür. 

Vəcdli idrak anlayır ki, gözəl sifət, ali mənanın təsdiqidir. 

Gözəl  üz  səcdəyə  layiqdir.  Çünki  gözəlsiz  dünya  günəşsiz  səmadır,  gözəlliyi  heç  nəylə  əvəz  edə 

bilməzsən. 

Çünki gözəllikdəki sehr gücü sonsuzdur, ürək həmin möcüzədən ayrı yaşaya bilməz. 

Müdriklər müqəddəsliyi yerdə tapırlar.  

Çiçək müqəddəsdir, çünki baharın bəzəyidir.  

Övlad müqəddəsdir, çünki ailənin çiçəyidir. 

Məhəbbət müqəddəsdir, çünki insan yalnız sevgi məqamında şeiriyyətin, ülviyyətin zirvəsinə qalxır. 

Çay, dağ, meşə, çörək müqəddəsdir, çünki insan həyatının ulu mənasına xidmət edirlər.  

Ana, Vətən müqəddəsdirlər, çünki əvəzsiz, misilsiz, qeyri-adi dərəcədə qiymətlidirlər. 

Gözəl üzə biganə gözlə baxanda, ondakı ilahiliyi görməzsən. 

Gözəl  üzə  məhəbbətin  gözüylə  baxanda,  o,  sənin  ürəyində  hədsiz  duyğular  oyadar,  səni  zəngin 

ehtiraslar axarında sarsıdar, vəcdə gətirər, sevindirər, coşdurar və qəlb ona heyrətli mahnılar qoşar: 

 

Rövzeyi-rizvan üzündür, vəssalam! 

Surəti-rəhman üzündür, vəssalam! 

 

Ərşi-həq, ey can, üzündür, vəssalam! 

Lövh ilə Quran üzündür, vəssalam! 

 

Sifətdə gözəllik görmək əslində, onda böyük məna görməkdir. 



Çünki ali məna özünü sifətdə gözəllik biçimində büruzə verir. 

Bu  səbəbdən  də  həmin  gözəllik  insanı  bu  qədər  həyəcanlandırır,  onda  belə  hərarətli,  coşğun,  titrək, 

kövrək duyğular oyadır. 



 

Buna görə də sevimli çöhrəni görmək haqqı görməyə bərabər olur. 



 

Gər üzün ayin görənə, ey cahanın fitnəsi, 

Şübhəsiz, həqqi görən sahibnəzər dersəm, nola! 

 

Gözəl sifəti oxumaq, müqəddəsliyi oxumaqdır. Bu səbəbdən də üzə rövnəq verən, qaş, göz, saç, kirpik 



və sifət gözəlliyini tamamlayan qamət də müqəddəsdir. 

 

 



Qaşınla kirpiyin vəhyi mana gəldivi, bildirdi, 

Ki, sənsən ərş ilə kürsü, üzün yazusu Qurandır. 

 

Qamətin qəddi qiyamət eylədi, 



Gör bu qəddi ki, nə qamət eylədi, 

Kəbədə hər dəm iqamət eylədi, 

Gözlərin ona imamət eylədi. 

 

Sifət, qamət fizioloji varlıqdır. Onlarda heç bir müqəddəslik yoxdur. Adi təsəvvürün qənaəti belədir. 



Çünki  adi  təsəvvür,  gözəlliyi  gözə  həzz  verən  cismani  kamillik  kimi  anlamağa  qadirdir.  Çünki  adi 

təsəvvür üçün gözəllik olsa-olsa bəzəkdir. Adi təsəvvür gözəlliyin mənəvi mahiyyətinə varmır. 

Aşiq gözəllik qarşısında sarsılır. 

Cismani  gözəllik  –  duyan  insan  üçün  heç  vaxt  yalnız  forma  gözəlliyi  olaraq  qalmır,  o  həmin 

gözəllikdə ali bir məna tapır. 

Bu cəhətdən gözəllik həmişə rəmzi məna daşıyır. 

Gözəl üz, qamət, saç, göz - əslində yüksək mənalar ifadə eləyən rəmzlərdir. Həmin rəmzləşmə vəcd 

məqamında yaranır. 

Gözəllikdə məhəbbət ehtirası tüğyan etdiyindən, gözəlliyin keçici cəhətləri unudulur, dərin mahiyyəti 

aşkara çıxarılır. 

Duyursan ki, gözəllik səni adilikdən çıxarır, ülviliyə aparır, müdrikləşdirir. 

Duyursan ki, gözəllik əlifbası dahiyanə kitabədir. 

 

Var üzündə bistü-yek hərfi-qədim, 

Çün üzün oldu siratül-müstəqim. 

 

Qaşların kim, qayət əla tağ imiş, 

Ruh onun meracına müştaq imiş. 

Kirpiyin, zülfün, qaşın, ümmül-kitab. 

 

Duyursan ki, müqəddəsliyin əsil mənası ilahi yox, insanidir. 



Gözəlliyə səcdə qılmaq – kamillik nişanəsidir! 

Mömünlər allaha, filosoflar gözəlliyə sığınırlar. 

 

 



 

IV. ÖLÜM 

 

Vəcdli idrak ölüm tanımır. 



Çünki o bilir ki, ölən insanın bədənidir, mənası, qüdrəti, əzəməti deyil. 

Bu səbəbdən də vəcdlilər ölümə inanmırlar. 

Nəsimiləri dabanından soyanda belə, onlar ölümlə üzləşmirlər, əzabla üzləşirlər. 

Çünki onlar öləndə də yaşayacaqlarına tam inanırlar. 

 

 

V. AŞİQLİK SƏLAHİYYƏTİ 



 

Vəcdlilər – xalislərdir. 

Dünya vəcdə layiqdir. 

Ən böyük alimlik – aşiqlikdir. 



 

Yüklə 61,03 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə