Aşiq əŞRƏf qəNİ Buludlar ağlayır (şeirlər və poemalar) Bakı 2013



Yüklə 440,28 Kb.
səhifə3/4
tarix20.10.2017
ölçüsü440,28 Kb.
#6009
1   2   3   4

KİŞİLƏR
Qeyrətli atları minib getdilər,

Qeyrətə körpülər salan kişilər.

Mərdliyi mənliyə calaq etdilər,

Mənliyi mərdlikdən alan kişilər.


Görün o dövrandan bizə nə qaldı?

Keçmiş əsrlərdən əfsanə qaldı.

Dönüb xəyallarda yurd-yuva saldı,

Həyatdan, ömürdən talan kişilər


Ay Əşrəf, bir anlıq fikirləş, nədən?

Gör hansı dərdlərdi səni göynədən?

Yeri, göyü, ərşi, gürşü titrədən,

Necoldu köhnədən qalan kişilər!?


23.05.2004

Borçalı
ÖZÜNÜ GÖZLƏ
Gecənin gec vaxtı döyüb qapını,

Yersiz gələnlərdən özünü gözlə!

Dalınca sürünən yaltaqlar kimi,

Üzə gülənlərdən özünü gözlə!


Etibar hardadır indi dünyada,

Ürəklər qaradı, kindi dünyada.

Nə qədər ocaqlar söndü dünyada,

Qəlbi xainlərdən özünü gözlə!


Hər zaman Tanrıya çevir arxanı,

Dostunu, düşməni yaxından tanı.

Bir anın içində yıxar dünyanı,

Xatalı əllərdən özünü gözlə!


Elə bir zəmanə gəlibdi, qardaş,

Bilinmir nə yaxşı, nə dost, nə sirdaş.

Hər tərəf dələduz, hər tərəf əyyaş,

Ağlı əlillərdən özünü gözlə!


Demə bu dünyada hamı yaxşıdı,

Təkcə saflıq bu həyatın naxşıdı.

Namərdlik namərdin sapand daşıdı,

Daşı bəllilərdən özünü gözlə!

Xain əməllərdən özünü gözlə!
19.12.2004

Sankt-Peterburq

ALLAH
Davasız-dərmansız yaradı ömrüm,

Qürbətdə can verən canıma, Allah.

Başıma qar səpən vəfasız illər,

Elə bil susayıb qanıma, Allah!


Hər tərəfdən dərd ələnir üstümə,

Alışıram, qərq oluram tüstümə.

Zalım fələk elə durub qəsdimə,

Düşübdü qollarım yanıma, Allah!


Əşrəf zəmanənin olub qurbanı,

Bəs ömür verənin insafı hanı?

Vallah istəmirəm belə dünyanı,

Gəl məni qınama, qınama, Allah!





ÜRƏYİM
Hər bir əziyyətə, hər bir möhnətə,

Mətinləşib, yaman dözdü ürəyim.

Qəmli günlərimi bir qələm təki,

Həyat vərəqimə yazdı ürəyim!


Namərddən qorxmadım, comərd yaşadım,

Mərdlər sırasında çəkildi adım.

Mehriban dolandım, hörmət qazandım,

Dostlar qarşısında düzdü ürəyim!


Öz adım Əşrəfdi, Qaş Muğanlıyam,

Yurdum Borçalıdı, dağ-aranlıyam.

Atam Xındı Məmməd, onun oğluyam,

Sənətkar nəsliyəm, sazdı ürəyim!





AZƏRBAYCAN
Duman, çəkil bu yollardan,

Mən dağlara qalxmalıyam.

Başı qarlı zirvələrdən,

Öz yurduma baxmalıyam.

Duman, çəkil bu yollardan,

Qoy görünsün Azərbaycan.

Duman, çəkil bu yollardan,

Məni görsün Azərbaycan.

Vətən deyə hayqırıram,

Vətən deyə bağırıram.

Dərbəndimi, Təbrizimi,

Azadlığa çağırıram.

Daha bəsdir bölünmüşük,

Daha bəsdir üzülmüşük,

Tarix bizdən nə istəyir?

Düz beş şişə düzülmüşük.

Min əziyyət, ağrı-qada,

At oynadır Borçalıda.

Bütöv Qərbi Azərbaycan,

Heç düşürmü bu gün yada?

Duman, çəkil bu yollardan,

Qoy keçmişə nəzər salım.

Baxım odlar diyarına,

O torpaqdan ilham alım.

Nə vaxtacan dilənçi tək,

Gəzəcəyəm yad ellərdə?

Bütöv elim olmalıdır.

Vətənimi bölənləri,

Bölən əlim olmalıdır.

Qoy cəmlənsin Azərbaycan!

Qoy birləşsin Azərbaycan!

Bütövləşsin Azərbaycan!

Bütövləşsin Azərbaycan!
Sankt-Peterburq____QOCALDI'>Sankt-Peterburq



QOCALDI
Sevincli günlərim getdi, ay Sevinc,

Əridi qar kimi, arxada qaldı.

Ağ örtük bağladı başıma illər,

Gözlərimi duman aldı, çən aldı,

Əşrəf əmin bax beləcə qocaldı!
Bir zamanlar, uca dağlar başında,

Qartala dönərdim gənclik yaşında.

İndi zəmanənin qarlı qışında,

Ömrümə qəm yağdı, kədər iz saldı,

Əşrəf əmin bax beləcə qocaldı!
Ulu dağlar gözlərimdən uzaqdı,

Buz bulaqlar gözlərimdən uzaqdı,

O yaylaqlar gözlərimdən uzaqdı,

Məni dərdə salan bu qəmli haldı,

Əşrəf əmin bax beləcə qocaldı!
Bir də bu dünyaya gələcəyəmmi,

Bir də bu dünyanı görəcəyəmmi?

Gedib Vətənimdə sevəcəyəmmi?

Həsrət ürəyimdə bir qara xaldı,

Əşrəf əmin bax beləcə qocaldı!
Demə şair divanədi, ya dəli,

Ümmanlar yaradıb gözümün seli.

Kor-koranə qürbət elə gələli,

Günüm-güzəranım hey qalmaqaldı,

Əşrəf əmin bax beləcə qocaldı!
Sankt-Peterburq

14.11.2007


NƏVƏM ƏŞRƏFİN AD GÜNÜNƏ
Ad günün mübarək, a körpə balam,

Üzündən-gözündən nur yağır bu gün!

Arzum budur böyük oğlan olasan,

Şad günlər içində şən keçsin ömrün!


Tanrı qismətini versin həmişə,

Çətin günlər yollarından gen düşə.

Yüz yaşında saçlarına dən düşə,

Gözəl ömürlərlə tən keçsin ömrün!


Səni görüb Əşrəf baban sevinsin,

Səni ürəyinin şah tacı bilsin.

Ən gözəl günlərin qarşına gəlsin,

Bütün ömürlərdən seçilsin ömrün!


20.03.2010

Borçalı

YANAN GÜNƏŞSƏN

Qardaşım Gülabıya
Sən məni zirvəyə aparan bir yol,

Sən mənə zirvədən baxan günəşsən!

Sənət dünyasında tac axtarsalar,

Səni göstərəcək kimə gənəşsən!

Çünki, sən göylərdə yanan günəşsən!
Odlu sözlərindən doymaqmı olur?

Hər sözün inci tək düzülən hikmət.

Səni dinləyənin könlü durulur,

Amalın həqiqət, yolun həqiqət.

Qəlbi xainlərlə vuruş, döyüş sən!

Çünki, sən göylərdə yanan günəşsən!


Yaz-yarat həqiqət naminə, qardaş,

Qoy səni zirvədə qartal dinləsin.

Sənin ürəyində yanan ocaqlar,

Məni də yandırsın, külə döndərsin.

Sən ellər yolunda bir yüksəlişsən!

Çünki, sən göylərdə yanan günəşsən!


Uzaq ol kədərdən, uzaq ol qəmdən,

Hələ nə görmüsən dünyada, qardaş,

Vallah, bir dənədi şair Dilqəmdən,

Hələ sən gərəksən həyatda, qardaş.

Vicdanı təmizsən, qəlbi genişsən,

Çünki, sən göylərdə yanan günəşsən!


Əşrəfin qəlbinin tacısan-tacı,

İnan, bu istəyin sonu görünmür.

Bir şair ömrünün sənsən əlacı,

Oda od çatırsan,ocağı sönmür.

Dostluq heykəlisən Qurban demiş, sən!

Çünki, sən göylərdə yanan günəşsən!



19.03.2010

Borçalı

AĞLAYIRDI
Ay Musa, yuxuda Vətəni gördüm,

Oba ağlayırdı, el ağlayırdı!

Qapqara buluda dönmüşdü gözlər,

Dodaq ağlayırdı, dil ağlayırdı!


Qəmdən ağarmışdı dağların başı,

Səngimək bilmirdi gözünün yaşı.

Götürüb başına torpağı-daşı,

Dağları titrədən sel ağlayırdı!


Bir zaman gəzdiyim köhnə oylaqlar,

Çəmənli, çiçəkli, güllü yaylaqlar,

Əlimlə çatdığım odlar, ocaqlar,

Yanıb kül olmuşdu, kül ağlayırdı!


Qumru gözəllərin işvəsi, nazı,

Şeyda bülbüllərin qəmli avazı.

Ölən ustadların yadigar sazı,

Sızlayıb qalmışdı, tel ağlayırdı!


Əşrəfi qürbətə saldı ehtiyac,

Olmadı, dərdimə olmadı əlac.

Həsrətin çəkdiyim hər dağ, hər yamac,

Məni səsləyirdi, dil ağlayırdı!


Sankt-Peterburq
A DÜNYA
Borçalıya bir nemətdi Zəlimxan,

Söz dəryası, min hikmətdi Zəlimxan.

Ürəklərdə məhəbbətdi Zəlimxan,

Eşqi Kürdü, xan Arazdı, a Dünya!


Dünya boyda bir dünyadı Zəlimxan,

Dərya boyda bir dəryadı Zəlimxan.

Əzəmətli bir qayadı Zəlimxan,

Dediklərim hələ azdı, a Dünya!


Bir zirvədi,cox ucadı Zəlimxan,

Milyon bənddi, min hecadı Zəlimxan.

Dünya görmüş bir “qocadı” Zəlimxan,

Təbi kaman, telli sazdı, a Dünya!


Borçalının ürəyidi Zəlimxan,

Borçalının gərəyidi Zəlimxan.

Borçalının dirəyidi Zəlimxan,

Ürəklərdə min murazdı, a Dünya!


Həm ocaqdı, həm şairdi, həmi pir,

Vətən üçün, millət üçün çox əsir.

Namərd illər niyə belə tələsir?

Qocalığa hələ tezdi, a Dünya!


Bir dənizdi, bir ümmandı əvəzsiz,

Yurdumuza şöhrət-şandı əvəzsiz.

Gözlərimdə bir insandı əvəzsiz,

Dodaqlarda şirin sözdü, a Dünya!


31.05.2009

Sankt-Peterburq


MƏNƏ GÖNDƏR!
Göyçə həsrətiylə göynəyən şair,

Dərdini kağızla yaz mənə göndər!

Qəmli sözlərini hər oxuduqca,

Ağlasın sinəmdə saz, mənə göndər!


Çatır qulağıma fəryadı, səsi,

Canıma od salır ahı, naləsi.

Dilimi yandırır Göyçə kəlməsi,

Yanıb kül olmağa göz mənə göndər!


Bilirəm, həsrətin dağlar qədərdi,

Sinənə dağ çəkir el-oba dərdi.

Vətəndə Vətənsiz olmaq betərdi,

Bu dərdi görməyə göz mənə göndər!


Talenin, qismətin bəd sitəminə,

Zülmün, qəddarlığın sərt sitəminə.

Tanrının verdiyi dərd sitəminə,

Əşrəf tək bir təhər döz, mənə göndər!



16.02.2006


QURBANIN OLUM

Oğlum Babəkə

Qaya mətinliyin, dağlar vüqarın,

Zirvələr amanın qoy olsun sənin!

Dillərdə söylənsin qeyrətin, adın,

Odun ürəklərdə qalansın sənin.

Babəkin adını daşıyan oğlum!

Babək tək igid ol, qurbanın olum!
Gecələr ulduz ol, gündüzlər günəş,

Buludla bulud ol, şimşəklə birləş.

Yaşa hünərinlə bəşər ömrünü,

Yuva qur, tarixin qoynunda yerləş,

Babəkin adını daşıyan oğlum!

Babək tək igid ol, qurbanın olum!


Palıdın kökü tək dərinə işlə,

Yol aç ucalığa mətin yerişlə,

Haqqın-ədalətin əlindən yapış,

Bir an sarsılmazsan sən bu gedişlə,

Babəkin adını daşıyan oğlum!

Babək tək igid ol, qurbanın olum!


Çinar çox ucadı, barı ha yoxdu,

Arsızın adı var, arı ha yoxdu.

Elə bir ömür sür, elə dolan ki,

Desinlər, həyatda gözləri toxdu,

Babəkin adını daşıyan oğlum!

Babək tək igid ol, qurbanın olum!

Namuslu oğul ol atan Əşrəfə,

Haqqın ətəyindən tutan Əşrəfə,

Son beşik övlad tək səni böyüdüb,

Arzu-murazına çatan Əşrəfə,

Babəkin adını daşıyan oğlum!

Babək tək igid ol, qurbanın olum!


23.04.2005


ZƏLİMXAN
(Eşitdim ki, Bəhmən Vətənoğlu vəfat edəndə şair Zəlimxan möhkəm ağlayıb)
Yoxluğuna Vətənoğlu Bəhmənin,

Təkcə sən deyilsən yanan, Zəlimxan!

Əl çatmaz dağların qarlı buzuna

Bəhmənsiz titrəyib donan Zəlimxan!


Amandır ağlama, dözmərik buna,

El dözməz yaralı şair oğluna.

Vətənsiz can verən Vətənoğluna,

İki gözlərini qıyan Zəlimxan!


Bilirəm, dərd-qəmin dağlar qədərdi,

Bu gələn dərd-bəla qəza-qədərdi.

İnnən sonra yüz də ağla, hədərdi,

Canı dost yolunda qoyan Zəlimxan!


Sücayət də getdi, Bəhmən də getdi,

Deyirlər ürəyin Bəhməndə getdi.

Niyə bu dünyanı Bəhmən tərk etdi?

Boylan arxasınca, boylan, Zəlimxan!


Qarlı qış ömrünü yaşama, qardaş,

Dərdi ürəyində daşıma, qardaş,

Dözməzsən zamanın daşına, qardaş,

Sənsən Borçalıya həyan, Zəlimxan!


Sənə güvənirik bir arxa kimi,

Axı qəlbimizin sənsən həkimi.

Sənin varlığındır ellər hakimi,

Ellər arxasında dayan, Zəlimxan!


Amandır, Əşrəfin eşit sözünü,

Bu zalım fələkdən qoru özünü,

Ellər sənə dikib axı gözünü,

Bir az ehtiyatlı dolan, Zəlimxan!

Sənsən Borçalıya həyan, Zəlimxan!
20.05.2005


BİR OVUC TORPAQ
Yuxumda bir qoca yerdən götürüb,

Bir ovuc torpağı mənə uzatdı.

Dedi, bir zamanlar ölsən əgər sən,

Qardaş məzarından bu bir sovqatdı.


Saxla ürəyinin başında onu,

Öləndə qəbrinin üstə səpərlər.

Axı bu torpaqdan çox-çox uzaqdı,

Sənin öləcəyin həmin o yerlər.


Ruhlarınız qoşalaşar, görüşər,

Tanrı qulluğunda bir olarsınız.

Üstünüzdə dövrə vurar mələklər,

Sizi sevənlərə pir olarsınız.


Sonra yoxa çıxdı ağ saçlı qoca,

Ayıldım, gözümdən yaş süzələndi.

Qardaşım sağ ikən yatan yataqda,

Başım altda ağ balışa çiləndi!


Ay Allah, heç kəsə kəsmə bu dağı,

Ürəklər yanmasın, gözlər dolmasın.

Qardaş məzarından torpaq aparmaq,

Hətta düşmənə də qismət olmasın!


20.06.2012
GÖRDÜM
Elə bir zamanda gəldim dünyaya,

Nə şahı, nə bəyi, nə xanı gördüm.

Yenicə çıxmışdım körpəliyimdən,

Könlümün evini yıxanı gördüm.


Ağır əzablarla keçdi gəncliyim,

Eşqin badəsindən içdi gəncliyim.

Əlimdən çox erkən ucdu gəncliyim,

Kədərli günlərdən çox anı gördüm.


Əridi ilbəil, soldu ömür-gün,

Xoş günü olarmı belə bir ömrün?

Bəzən fikirlərim düşərdi düyün,

Məni nə anlayıb, qananı gördüm!


Gündən günə qurulurdu el yası,

Seyrəlirdi dostlarımın sırası.

Göynəyirdi ürəyimin yarası,

Canıma dərd verən dünyanı gördüm!


Allah ömür verdi, ömrü borc aldım,

Hər nə istədimsə, tamarzı qaldım,

Kitab dərdi çəkə-çəkə qocaldım,

Tale qismət verdi Elxanı gördüm!


01.07.2012


POEMALAR


ƏSRİN QƏM YATAĞI
Dərdim, ürəyimdən,

Dərdim ürəyimdən.

Məni üzmə, çıx dedim,

Dərdim, ürəyimdən!
Sərt küləklər buludları qovur hey,

İnsanın ömrünü qovan tale tək!

Mənim də ömrümə bir sığal çəkir,

Ömrümü buluda bənzədən fələk!


Gənc ikən xoş günə yer ayırmadım,

Saçıma dən düşdü vaxtsız-vədəsiz.

Abırsız, həyasız insanlar gördüm,

Onların gözündə oldum gərəksiz!


Nadanlar önündə dizə çökdülər,

Yaltaqlar gözümə dik baxa-baxa.

Danışa bilmədim, bir daşa döndüm,

Canımda dərd dolu yük, baxa-baxa!


Dostluqdan yazdılar həmkar dostlarım,

Kökümü qazıyıb silən “dost”lara.

Siz ki qonaqsınız deyib açıqca,

Bizi gəlmə sanıb, bilən “dost”lara!


Haqqa, ədalətə kölgə saldılar,

Dahilər yurduna sərhəd çəkənlər.

Bəduğur gülüşlə min dona girib,

Namərdlər önündə dizə çökənlər!


Nə qədər bölünək, əzilək, Allah,

Axı bu torpağın yurd daşıyıq biz.

Beş yerə bölünən Azərbaycanın,

Ulu tarixiyik, yurddaşıyıq biz!


Bu dünyanın görən gözü kordumu,

Haqsızlıq göylərdən boylanır, niyə?

Haqqı olanlara qiymət qoyulmur,

Arxasız, köməksiz millətsən deyə!


Başımıza min kələklər açılır,

Ləlvərin gözünün yaşı qurumur.

Əyri qar üzünü çevirib bizdən,

Çünki, ətəyində binə qurulmur!


Vətən Vətən ilə qovuşar inan,

Ayaqdan aşağı başlar olmasa.

Ərənlər bu işə qarışar inan,

Arxadan atılan daşlar olmasa!


Eh... mənim qəlbimdə hələ nələr var,

Cəmləmək istəsən dünyaya sığmaz.

Eh... mənim qəlbimdə qərinələr var,

Bu dərdim bir haya, haraya sığmaz!

Bir tərəfdən Göyçə deyib yanırıq,

Bir tərəfdən Təbriz bizi yandırır.

Dərbəndin dərdini hayana yazaq?

Axan göz yaşımız gözü yandırır!


Niyə taleyimiz belə gətirdi,

Bəs nədir çarəmiz, özün de, Allah?

Bir ana gör neçə bala itirdi,

Danma etdiyini, düzün de , Allah!


Türkün əllərindən gəl yapış, ey dost,

Qeyrisindən qardaş olmaz heç zaman.

Hissini, duyğunu yellərə vermə,

Mənfur “qonşuları” xatırla bir an!


Süfrənin başında kip yapışanlar,

Başına min bəla, oyun açdılar.

Yurduna göz dikən qurd balayanlar,

Gözlər görə-görə quduzlaşdılar!


Gəl açaq tarixin gizli sirrini,

Onu bir nəfəsə dünya oxusun.

Gəl tanıdaq gəlmələrin yerini,

Bu hünər onlara bir ibrət olsun!


Axı bizimkidir ulu Zəngəzur,

Axı bizimkidir Göyçə əzəldən.

Tarixlə sirdaşdı qədim Borçalı,

Didərgin düşməyək ulu bir eldən!

Dağ başından Şuşamızı seyr edib,

Bircə anlıq xəyallara qapılaq.

Xan babamın əsir düşən kəndini,

Taygöz quldurların əlindən alaq!


Laçın qayasının çıxıb başına,

Laçının dərdini dərdimiz bilək.

Tayqulaq “hay”ların qulaqlarını,

Qoparıb o taya bir pay göndərək!


Ağdam deyiləndə ürəyim dözmür,

Kəlbəcər haraya çağırır bizi.

Ay odlar diyarı, nə vaxta qədər,

Girov qoyacağıq ellərimizi?!


Xocalının intiqamı bəs hanı?

Cəbrayıl, Füzuli od içindədi.

Zəngilanın dağlarında qan gölü,

Qubadlı hələ də ağlar gündədi!


Hardadır qəhrəman oğullarımız?

Xankəndinin bayraq sanca başına.

Hardadır igidlər, sahib çıxalar,

Qarabağın torpağına, daşına?


Hardadır qəhrəman oğullarımız?

Nərə çəkə, at oynada igid tək?

Düşmən əlindədir obalarımız,

Şərəfdir o ellər uğrunda ölmək!

Bəs niyə dinmirik, niyə susuruq,

Dərdimizi yayammırıq dünyaya?

Arxalı köpəklər meydan oxuyur,

Biz isə olmuşuq dinməz bir qaya!


Qubada bir əsrin qəm məzarlığı,

Daşnaklar etdiyi əməllər budur.

Şamaxıda, Lənkəranda, Bakıda,

Soyqırım etdilər, o ellər budur!


Əsəblər tarıma şəkilir yaman,

Tikələnir, parçalanır ürəklər.

Nə vaxt birləşəcək bəs Azərbaycan,

Alovlanır, oda yanır ürəklər!


Böyük xalq olarıq biz bir olanda,

Kini-küdurəti silsək ürəkdən.

Bir dünya qurarıq həmin o anda,

Biz Türk övladıyıq desək ürəkdən!


Düşmən zəhərlidir ilanlar kimi,

Elə sancırlar ki, görə bilməzsən.

Onlar gəzən yerdə ot da göyərmir,

Onlar olan yerdə xeyir görməzsən!


Erməni deməyə dilim də gəlmir,

“Ərmən” torpağının dığalarına.

Cənubdan yığışıb gələn donuzlar,

Dolublar müsəlman torpaqlarına!

İyrənc bir məxluqat yoxdur onlar tək,

Dünyanın ən murdar millətidirlər.

Baş kəsən, döş kəsən bir cəllad kimi,

Həyatın qəddarlıq alətidirlər!


Hələ gözləyirik Heydər oğlunu,

Ali baş komandan sərancam verə.

Qüdrətli ordumuz elə bu gündən,

Yandırıb onları külə döndərə!


Orda cövlan edib Cavanşir babam,

Orda Babəkimin izi görünür.

Axtarsan Qorqudum gəzibdi orda,

Orda öz yurdunun közü görünür!


Amandır, igidlər, ayağa qalxın,

Bəlli qeyrətimiz qoy sübut olsun.

Düşmənin başını elə əzək ki,

Quduzlar yurdunda matəm qurulsun!


Ağ tülkü yuxuda toyuq-qaz görüb,

İştahası çox böyükmüş sən demə.

“Dənizdən dənizə” deyən çaqqalın,

Bəd niyyəti bəlli oldu aləmə!


Fikri nədir düşüncəsiz qurdların,

Duymurlarmı Türkün intiqamanı?

Bir dəfə hayqırıb ayağa qalxsa,

Qeyrətiylə lərzə salar Dünyanı!

Axı Koroğlular övladıyıq biz,

Axı süd əmmişik Nigar döşündən.

Onlar bağışlamaz, biz o torpağı,

Qurtarmasaq vəhşilərin dişindən!


Qana qan deyiblər babalarımız,

Tökülən qanları qanla yuyarlar.

Əsirlər, girovlar bizi gözləyir,

Hələ əsirlikdə qalanımız var!


Obalar birləşib, ellər bir olsa,

Düşmən məğlub olar, yuvasız qalar.

El qəhri çəkməyən həyatı boyu,

Yurdunu itirər, obasız qalar.


Onu mən demirəm babalar deyib,

Tarixdən süzülüb gəlib o sözlər,

Desəm bu sözlərim yerinə düşər,

Damladan törəyib böyük dənizlər.


Əşrəfin ürəyi, canı hər zaman,

Ana dediyimiz Azərbaycandır.

Qoy dünya eşitsin, qoy dünya bilsin,

Məkkə-Mədinəmiz Azərbaycandır!

Səcdəgah yerimiz Azərbaycandır!
11.04.2010

Borçalı


ƏDALƏT SAZ ÇALANDA
Proloq!
Ulu Borçalıda bir uca dağ var,

Orda qanad çalır təkcə qartallar.

Diqqətlə baxsanız görəcəksiniz ,

Günəş öz hökmündə qalıbdır aciz.

Qarla örtülüdür daim zirvəsi,

İnsanı mat qoyur şah mənzərəsi.

Həmin dağa Ləlvər deyib babalar.

Ruhun ordan alır ellər-obalar.

Başı buludlardan nəm çəkir hər an,

Ayağı sy içir buz bulaqlardan.


Gizli sirləri var o dağın hələ,

Sirri açılmayıb, düşməyib dilə.

İnanın, inanın bir zaman orda,

Ədalət saz çalıb boranda, qarda.

Onu kim aparıb həmin o yerə?

Onu kim çıxarıb o zirvələrə?

Bilirəm, inanmaq buna çətindi,

Bir anlıq keçmişə qayıdaq indi.

Oxucum, fikrini cəm elə burda.

Vətəndən uzaqda, qürbət diyarda,

Gör nəyi düşünüb, nəyi anıram?

Düşündükcə alışıram, yanıram.

Yadıma bir oba – Kolayır düşür.

Xəyallarım bir ünvanla görüşür.

Ərənlər yurdudur o el, o oba,

Dastanlar bağlasan sığmaz kitaba.

O eldə ən igid oğullar olub,

Onlar əfsanələr, nağıllar olub.

Qeyrətdən qalalar tikiblər onlar,

Namərdlər gözünü töküblər onlar.

Aran yurd yerləri, dağlar oylağı,

Dağlar aşardılar dərviş sayağı.

Kolayır Qasımla Kolayır Əlyar

Siğə qardaş olan həmin o dostlar,

Həmişə bir deyib, bir gülərdilər,

Dərdləri vardısa tən bölərdilər.

Heç su da keçməzdi aralarından,

Yeyib-içirdilər şirin, mehriban!


I HİSSƏ
İndi sizə hardan soraq verim mən?

Qazax mahalından, Qazax elindən,

Bir aşıq gəlmişdi, cavan bir aşıq.

Bir gözəl məclisə verib yaraşıq,

Sənət dünyasına qanad açırdı,

Sanki sonsuz səmalarda uçurdu.

Yandırıb-yaxırdı sazın naləsi,

Cana od salırdı aşığın səsi.

Gah Bəhməndən, Sücayətdən deyirdi,

Etibardan , sədaqətdən deyirdi.

Getdikcə coşurdu gur sellər kimi,

Olurdu könüllər, qəlblər hakimi.

Saz gizli sirrini açırdı bir-bir,

Deyirdin bir dünya, bir qərinədir.

Aman Allah, nələr varmış bu sazda,

Elə bil çiçəklər açırdı yazda.

Əlində telli saz, dilində hikmət,

Zirvələr sökürdü zirvə Ədalət.

Nələr yaradırdı sehrli əllər,

Sel-suya dönmüşdü məclisdəkilər.

Sorağına uzaq ellər gəlirdi,

Həm qocalar, gənc nəsillər gəlirdi.

Coşduqca coşurdu aşıq Ədalət,

Min hikmət qoşurdu aşıq Ədalət,

“Divanidən” “ Müxəmməsə”ə bir yolu,

Sinəsi söhbətlə, söz ilə dolu,

Addım-addım, qarış-qarış gəzirdi,

Ərən idi, o ki, buna dözürdü.

Quruyub qalmışdı Qasımla, Əlyar,

Heykələ dönmüşdü yanındakılar.

Məclisin sonunda , səhər dan üzü,

Dostların aşığa bu oldu sözü:

-Ay aşıq, ay aşıq, bir dayan, qardaş,

Canda hal qalmadı, gözümüzdə yaş.

De niyə yandırıb-yaxırsan bizi,

De niyə üzürsən ürəyimizi?

-İnsafdan uzaqmış demə Ədalət,

Saldı bizi dərdə-qəmə Ədalət.

Qacar Hasan bu sözləri deyəndə,

Kor Əhməd sən demə dururmuş gendə.

Əliylə çağırıb Yekə Sabiri,

Dedi ki, a Sabir, bəri gəl, bəri,

Ədaləti gəl bir yerə aparaq.

Orda görünməsin nə daş, nə torpaq.

Qasımla, Əlyarla edib məsləhət,

Qərara gəldilər onlar nəhayət.

Ləlvər zirvəsini ünvan seçdilər,

Bir yerdə oturub, and da içdilər.

Aşıq Ədalətə sirri açanda,

Ədalət qurudu, dondu bir anda.

Axı ora gedəmmərik biz dedi,

Ora ancaq qartalların yeridi.

O zirvənin boranı var, qarı var.

Əlçatmaz, sıldırım qayaları var.

Onda Qasım durub dedi, Ədalət,

Bizim cavanlarda olmasa qeyrət,

Deyib, danışmazlar bu sözü onlar,

Sözü bütövdülər bizim cavanlar.

Səni o zirvəyə qaldıracağıq,

Sazı o zirvədə çaldıracağıq.

Yeyib-içəcəyik, üç gün, üç gecə,

Deyib-güləcəyik lap ürəyincə.

O gün Ədalətlə həmin cavanlar,

Yaxın dost oldular, qardaş oldular!


Yüklə 440,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə