Aşiq mustafa şixlinski



Yüklə 5,53 Mb.
səhifə1/4
tarix31.10.2018
ölçüsü5,53 Mb.
#77209
  1   2   3   4

Ceyranım


AŞIQ MUSTAFA ŞIXLINSKİ




CEYRANIM

Elm və təhsil”



Bakı – 2014
Kitab AMEA Folklor İnstitutunun Elmi Şurasının 25 fevral 2014-cü il tarixli qərarı ilə nəşr olunur.

Redaktor: Zəlimxan Yaqub

Xalq şairi

Tərtib edəni və çapa

hazırlayan: Elxan Məmmədli

filologiya üzrə fəlsəfə doktoru
Rəyçi: Seyfəddin Qəniyev

filologiya üzrə elmlər doktoru
Toplayan: Maarif Mustafa oğlu
Sponsor: Elbrus Maarif oğlu
Aşıq Mustafa Şixlınski. Ceyranım.

Bakı, “Elm və təhsil”, 2014, 104 səh.


B
orçalı aşıq mühitinin qüdrətli simalarından biri kimi ta­nı­nan Aşıq Mustafanın (Şıxlinskinin) oxuculara təqdim olu­nan “Cey­ranım” adlı kitabına sənətkarın gəraylı və qoşmaları ilə ya­naşı özünün yaratdığı “Mustafa və Əsmər” dastanı da daxil edil­mişdir. Aşığın rəngarəng mövzulara həsr olunmuş şeirləri əmin­ik ki, poeziya xiridarlarının geniş marağına səbəb ola­caq­dır.
грифли няшр

© «Елм вя тящсил», 2014

AŞIQ MUSTAFANI NECƏ GÖRDÜM,

NECƏ TANIDIM

A
şıq Mustafa Qarnet oğlu haqqında çox eşitmişdim. Eşit­­mişdim ki, sinəsi dolu, nitqi səlis, həm də şaqraq zən­­guləli meydangir aşıq olub. Borçalı aşıq­ları ara­sın­da öz sözü, öz çəkisi, öz səliqə-səhmanı ilə seçilib. Elə bu key­­fiy­­yət­lə­rinə görə də el içində dərin hörmət qazanıb. Uzaq­dan ba­xa­na bir qədər təkəbbürlü, bir qədərə özündən razı gö­rün­sə də onu ya­xından tanıdıqdan sonra ilk təəssüratın yalnış ol­du­ğuna şahid olan­lar həmişə Aşıq Mustafa haqqında onun müs­bət key­­fiy­yət­lə­rindən ağızdolusu danışırdılar. Ustadın ali­cənab­lığı, qonaq­­pər­­vər­liyi, meydangirliyi, aydın və məntiqi nitqi, həm də rabi­­təli saz ifaçılığı, məlahətli-ötkəm səsi onu ta­nı­yanlar tə­rə­fin­­­­dən həmişə yüksək qiymətləndirilib. Aşıq Mus­tafa ilə şəxsi tanış­­­lığımız olmayanacan bu gözəl aşıq haq­qında Ustad Əm­rah­dan, Hüseyn Saraclıdan, Alxan Qa­ra­yaz­ı­lı­dan, As­lan Ko­salı­dan, Xan Kamandardan, xüsusən də Aşıq Göy­çə ilə Əhməd Sa­daxlı­dan, bir də Məhəmməd Sadaxlıdan xoş sözlər çox eşit­miş­dim. Və bu eşitdiyim keyfiyyətlər, Aşıq Mu­stafa haqqındakı xoş sözlər məndə Borçalının bu ünlü sə­nət­karını tezliklə gör­mək arzusunu tezləşdirməyə tələsdirirdi. Nə­ha­yət, belə bir xoş gün özünü gecikdirmədi. Günlərin bir günü Bor­çalıda səfərdə olar­­­kən Aşıq Mustafa ilə görüşümüz baş tutdu.

Yaxşı yadımdadır, Borçalıya həm folklor nümunələri top­la­­­ma­ğa, həm də o vaxtlar Azərbaycan radiosunda hazır­ladığım “Sa­r­ıtel”, “Gözəlləmə” musiqili veri­liş­lərinə yerli aşıqları yaz­maq üçün getmişdim. Çox məhsuldar bir səfər oldu mənim üçün həmin günlər. İndi o günləri xatırladıqca gözlərim önünə kim­­­­­lər gəlmir? – Aşıq Alxan Qarayazılı, Aşıq Mərdanə Hü­seyn, Aşıq Göyçə, Aşıq Cəmil Qaçağanlı, Aşıq Əhməd Sadaxlı, Aşıq Nurəddin, Aşıq Bəkir, Aşıq Əmir, Aşıq Mustafa Təkəli, Aşıq Əlyar, Aşıq Xanış, Aşıq Allahyar, Aşıq Gülabı, Aşıq Əş­rəf Qəni. Adlarını çəkdiyim bu saz-söz adamlarının hamısı on­da sağ idilər. Bu səfərimdə indi dünyasını dəyişmiş ustadların ək­­­səriy­yətinə “Sarıtel” və “Gözəlləmə” verilişləri həsr et­miş­dim. Allah onların hamısına rəhmət eləsin, qəbir­ləri nurla dol­sun. Onlar cismən yoxdurlar. Lakin onların əksəriy­yətinin vax­tilə hazırladığım verilişlərimdə yadigar ifaları və söhbətləri mə­nim­lədir. Lent yazı­larında qorunan, mənim üçün çox doğma və müqəd­dəs olan bu səsləri vaxtilə Azər­baycan Dövlət Səslər Ar­xivinə təqdim etmişəm. Nə qədər Azərbaycan Döv­ləti, nə qədər xal­qı­mız mövcuddur bu səslər də bir tutiyə kimi qorunacaqdır, bu gün də, gələcəkdə də alimlərin və mütəxəssislərin tədqiqat ob­­yektinə çevriləcəkdir.

Aşıq Mustafa Təkəlinin də səsi, şirin söhbəti bu gün tə­rəfi­­mizdən yazıya alınmış nümunələr sırasında əbədi “ömrü”nü yaşa­maqdadır. Ruhları şad olsun hamısının.

...Adını eşitdiyim, haqqında dəyərli məlumatlar əldə et­diyim Aşıq Mustafa ilə ilk görüşüm 15 iyul 1997-ci ildə onun Tə­kəli kəndindəki evində baş tutdu. Neçə gün idi ki, Qaçağan kən­dində Aşıq Cəmilin qonağı idim. O, rəhmətliyin təşəbbüsü və təkidi ilə onun şəxsi “QAZ-24”-də bir neçə gün dalbadal kənd­­lərə gedib aşıqları “Sarıtel”ə yazırdıq. Allah ona rəhmət elə­­sin, o günlər mənim çox zəhmətimi çəkdi. İndi bilmirəm be­lə adamları tapmaq olarmı?!

Bir axşam Aşıq Cəmilin evində onun özünə gözəl bir “Sarı­­tel” hazırladıq. Qərara gəldim ki, növ­bəti gün Aşıq Cə­mi­llə Qasımlı kəndinə gedib Aşıq Nurəddinlə oğlu Həvəskarı da “Sarı­tel”ə yazaq. Aşıq Cəmil rəhmətlik məsləhət bildi ki, Nu­rəd­­dingilə sabah yox, bu axşam gedək. Həm də vaxta qənaət edək. Gecə Aşıq Nurəd­dini və oğlunu yazıb qayıdaq. Bir qədər din­cəldikdən sonra səhər Aşıq Nurəddin də, oğlu Həvəskar da gəl­­sinlər Qaçağana və birlikdə Təkəli kən­dinə – Aşıq Mus­ta­fa­gi­lə gedək.

Elə də oldu. Yağışlı-çovğunlu bir gecədə Qasımlıya çat­dıq. Güclü yağış, bir yandan şimşək, külək. Güclü küləyin-ya­ğı­şın təsirindən elektrik dirəkləri də dözməyib kəndin çox ye­rin­də aşmışdı. Kənd qaranlığa qərq olmuşdu. Yaxşı ki, özümlə səs yazan cihaza təzə batareyalar götürmüşdüm. Bir sözlə, ürə­yim istəyən bir “Sarıtel”imiz alındı. Üstəlik, ata-balanın (Nu­rəd­dinlə Həvəskarın – E.M.) ifasında 90 dəqiqəlik bir kasset də yazdıq. Çox gözəl oxudular o axşam. Həmin kasset sonralar əl-əl gəzdi, çoxları bu ifaların üzünü köçürüb yayırdılar.

Bakıya çatanda həmin ifaların əsasında “Gözəlləmə” proq­­­­ramı da hazır­ladım. Hazırda Azərbaycan radiosunun fo­n­dun­da qorunur.

...Danışdığımız kimi, Aşıq Cəmil, Aşıq Nurəddin, Aşıq Hə­­­­vəs­kar, bir də mən gündüz saat 12 radələrində (15 iyul 1997) Aşıq Mustafanın həyətinə daxil olduq. Ustad üzünü taraş eli­yir­di. Bir azdan üzünü qırxıb, yuyunub, geyinib-kecindi, bizim­lə gö­rüş­məyə gəldi. Evdən çıxanda elə bil bir cəlallı bəy ki­mi çıx­dı. Başında qaragül aşıq papağı, üst-baş tərtəmiz, çək­mə­ləri qap­qara şəvə kimi par-par parıldayırdı. İlk dəfə gör­dü­yüm bu səli­qə-sahmanlı insanın belə görüntüsü məni valeh etdi. Üzü­mü Aşıq Cəmilə tutub dedim, ay ustad, Aşıq Mustafa nə dam­bat aşıq­dır (Borçalıda adətən səliqə-sahmanlı geyinən adam­lara, xü­su­sən də kişilərə “dambat” deyirlər – E.M.) dedim. Aşıq Cəmil dedi, qardaş oğlu, sən bu Mustafanın nəyini gör­mü­sən. Onun kimi səliqə-sahmanlı aşığı çətin tapmaq olar.

...Nə isə, Mustafa əmi xoş təbəssümlə hamımıza “xoş gəl­din” eliyib boynumuza sarıldı. Üzünü mənə tutub dedi: “Qardaş oğ­lu, üzbəüz görüşməsək də səni yaxşı tanıyıram. Radyo veriliş­­lərinə də, televiziyadakı proqramlarına da baxı­ram. Çox xo­­şum gəlir. Hələ üstəlik kəndinizə də yaxşı bələdəm. Faxralı ağır eldi, ordan qoçax kişilər həmeşə çıxıb. Üzünüz ağ olsun, xalqı­mızın ölməz sənətini yaşadırsınız”. Beləcə, söhbətə ayaq verdik. Verilişimizi hazırladıq (Qeyd edim ki, həmin verilişin mət­­nini olduğu kimi kitabın sonuna əlavə etmişik. Təbii ki, mu­siqi ifası istisna olmaqla – E.M.). Həmin verilişdə Aşıq Nurəd­din də, Həvəskar da, Aşıq Cəmil də öz ifaları və söhbətləri ilə verili­şə bir az da dad qatdılar.

Söhbət əsnasında mənə məlum oldu ki, Aşıq Mustafa aşıq­lığı ilə yanaşı, həm də gözəl şairdir. Belə aşıqlara “yaradıcı aşıq” deyirlər. Və aşığın nəzərinə çatdırdım ki, ustad, mən həm də sənin əziz oğlun, gözəl gənc sənətçi Maariflə də dostam. Xa­hiş edirəm bu şeirlərinizi bir yerə cəm eləyib Maarifə çat­dırın, ya­xın vaxtlarda bu şeirləri kitab halında nəşr etdirək. Bu tək­lifim­­dən Aşıq Mustafa çox məmnun oldu və bildirdi ki, belə bir iş görsəniz məni çox sevindirərsiniz, həm də ömrümü uzadar­sınız.

Ustada necə söz vermişdim, elə də Bakıya gələn kimi aşığın oğlu Maariflə görüşdüm. Söz verdi ki, 10-15 günə ata­sının bütün külliyyatını gətirib nəşrə hazırlamaq üçün mənə təqdim edəcək.

Bir qədər keçmişdi Maarif Mustafa oğlu mənə çox pəri­şan halda zəng edib dedi ki, atasının şeir və dastanlardan ibarət qov­luğu şəxsi avtomobillərindən oğurlayıblar. Ancaq Maarif söz verdi ki, atasının poetik yaradıcılığını ciddi-cəhdlə axtarıb bər­pa edəcək.

Artıq o vaxtdan illər keçdi. İllərcə aşığın şeirlərini gözlə­miş­dim. “Bu gün, sabahlar” çox uzandı. Aşıq Mustafa öz şeirlər ki­tabını görə bilmədi. Kimin günahından, kimin laqeydliyin­dən? Bunu deyə bilmərəm. Atalar demiş “ya vəlvələdən, ya zəl­zə­lədən”.

Ancaq rusların bir deyimi bu məqamda yadıma düşdü, tər­cü­məsi belədir: “heç olmamaqdansa gec olmaq yaxşıdır”.

Nəhayət, ustad aşığımız Mustafa Təkəlinin şeirləri siz­lərin qarşısındadır, əziz oxucular. Maarif Mustafa oğlunun ax­ta­rıb araya-ərsəyə gətiridiyi kitabdakı nümunələri sizlərlə üz-üzə qo­yuram. Oxuyun, Aşıq Mustafaya sizlər də rəhmət deyin. Kitab haqqında fikir, təklif və iradlarınızı bizə ünvanlamağı unut­mayın. Ustadın ruhuna böyük hörmət və ehtiramla:
Elxan MƏMMƏDLİ

AMEA Folklor İnstitutunun

Aşıq yaradıcılığı şöbəsinin müdiri,

Əməkdar Mədəniyyət işçisi



UNUDA BİLMƏDİYİM USTAD

A
şıq Mustafa Qarnet oğlu 1929-cu ildə Qazax ma­ha­lı­­nın Şıxlı kəndində məşhur Şıxlinskilər ailəsində dünyaya göz açmışdır. Hələ Mustafa balaca körpə ikən atası Qarnet ağa digər qohumları ilə bərbər 1931-ci ildə Şura hökuməti tərə­findən Sibirə sürgün edilmişdi. Atasız qalan balaca Mustafa çətinliklə də olsa həddi-buluğa çatana kimi Şıxlı­da yaşamışdı. Sonralar Borçalı mahalının Təkəli kəndinə köç­müş və ömrü­nün sonuna qədər bu kənddə ömür sürmüşdü. İlk sənət dərsini hələ balaca ikən atası Qarnet ağadan almışdı. Anası Sənubər xanımın ən çox sevdiyi “Dilqəmi” havası aşığın ifasın­da xüsusi orijinallıqla səslənərdi. Əsmər adlı bir qızla ailə qu­ran aşığın beş oğlu və iki qızı olur. Erkən, çox gənc yaş­la­rın­da dün­ya­larını dəyişən oğlu Arif (o da atasının yolunu davam et­dirirdi) və qızı Aidənin ölümü aşığı çox sarsıtmışdı.

Aşığın oğlu Arifin vaxtsız vəfatına yazdığı şeirində, bu fa­ciə­dən sonra onun bir daha sazı sinəsinə almayacağını desə də, ancaq yenə təsəllisini sazdan alacağını görürük:


Bəzən olur coşub eşqə dalıram,

Təsəllimi telli sazdan alıram.

Qəmlənəndə “Yanıq Kərəm” çalıram,

Onda bil ki, bürüyübdü çən məni.


Aşıq çox iradəli bir şəxsiyyət idi. Qətiyyəti çox sevirdi, mey­dangir sənətkar idi, mən onunla çox ünsiyyətdə olmuşam. Çox sevdiyi havalar adətən qəhrəmanlıq havaları idi. Məsələn, Koroğ­lunun bütün havaları, “Osmanlı divanı”, “Keşişoğlu”, “İrəvan çuxuru” və sair. Mən özümün “Təkəli” şeirimdə məhz ustadın – Aşıq Mustafanın Cəngi nərəsi misrasını təsadüfi qeyd etməmişəm:

Sənətkar yaradıcı aşıq idi. Amma hər zaman məclisə girən­­də əvvəlcə ustad sənətkarlardan – Ələsgərdən, Alıdan, Ab­bas­­dan, Şair Nəbidən, Ağacandan və s. söhbət açardı. Sonra elin çox sevdiyi və öz yaradıcılığının məhsulu olan “Əsmər və Mu­stafa” dastanını danışardı.

Yaxşı yadımdadı, 1963-cü ilin 1 may günündə mən aşığın bö­yük oğlu Qasımla (o vaxt ikimiz də 8-ci sinifdə oxuyurduq) on­lara getdik.

Bayram günü idi. Aşıq çalıb-oxuyurdu. Bizi görcək dedi ki, gəlin qulaq asın, yeni şeir yazmışam. O vaxtdan bu şeir mə­nim yaddaşımdadır. Olduğu kimi qeyd edirəm:


Yadındamı biz gedərdik,

Dağa, bağa, a ceyranım.

Hiss edirdim sən xanımsan,

Mən də ağa, a ceyranım.


Sevgi, məhəbbət qanıram,

Qohumluqdan utanıram.

Tək qalmışam, boylanıram,

Sola, sağa, a ceyranım.


Qəmlər çəkən Mustafadı,

Səndən kam alıb doymadı.

Günahkar fələk qoymadı,

Qovuşmağa, a ceyranım.


Hal-hazırda bəzi aşıqlar və müğənnilər tərəfindən bu şeirə edi­lən dəyişik­liklərə baxmayaraq, ustadın dilindən çıxan orijinal variantını mən təqdim etdim.

Çox gənc yaşlarında Borçalı mahalının Təkəli kəndinə köç­müş və orada məskunlaşmışdır. Elin hörmətini qazanan aşıq Mustafa qısa müddət ərzində nəinki Təkəlinin, bütün Borçalı və Qazax mahalında sayılan sənətkarlar sırasında özünə möh­kəm yer tutmuşdu.

Hazırda Aşıq Mustafanın oğlanlarının dördü və iki nəvəsi ustadın bu gözəl sənətini davam etdirirlər.

Təəssüf hissi ilə deməyi özümə borc bilirəm ki, aşığın yazdığı şeirlərin çox hissəsi itmiş, tam qorunub saxlanma­mışdır. Elin yaddaşına əbədi həkk olunan Aşıq Mustafa 2003-cü ildə yaşadığı Təkəli kəndində vəfat etmişdir.

Allah cəmi ustadlara, o cümlədən ustadım Aşıq Musta­faya rəhmət eləsin. Amin!
Aşıq Qaracan Kərimov



G Ə R A Y L I L A R

CEYRANIM
Yadındamı bir gedərdik,

Dağa, bağa, a ceyranım.

Sanırdım ki, sən xanımsan,

Mən də ağa, a ceyranım.


Sevgi-məhəbbət qanıram,

Qohumluqdan utanıram.

Yana-yana boylanıram,

Sola- sağa, ay ceyranım.


Qəmlər çəkən Mustafadı,

Səndən kam alıb doymadı.

Günahkar fələk qoymadı,

Qovuşmağa, ay ceyranım.




GƏTİRƏR
Atalardan bir misaldı,

Xəcalətlik tər gətirər.

Arvad evdə xəzinadar,

Qazancını ər gətirər.


Oğul eşidər atanı,

Elə oğul varmı, hanı?

Çox zaman da bəd xatanı,

Acı dil, boş şər gətirər.


Mustafa, kim qədir bilsə,

Yanana ver canı gəlsə.

Aparanlar gətiribsə,

Əsirgəmə, ver gətirər.




AY SAZ
Beş-altı yaşımdan bəri,

Sirrim-sirdaşımsan ,ay saz.

Unutmaram o günləri,

Bacım, qardaşımsan, ay saz.


Səni çox çalmışam mərdə,

Dindirmişəm pərdə-pərdə.

İri-xırda məclislərdə,

Yarım-yoldaşımsan, ay saz.


Mustafanın əcdadısan,

Atasısan – anasısan.

Sən mənimlə olmalısan,

Ölsəm başdaşımsan, ay saz.





NAHAQDI
Ataların dediyinə,

İnanmamaq çox nahaqdı.

Bu dünyayla işim yoxdu,

O dünyada olan haqdı.


Niyə tərk etdim elimi,

Qürbət ağartdı telimi.

Arif1 qırmışdı belimi,

Aidə yandirdı-yaxdı.


Mustafaya qulaq asın,

Hamı çox istər balasın.

Heç kəs məni qınamasın,

Oxumağım ağlamaqdı.






VAXTI
Gəlin hamı alqışlayaq,

Belə dövrü, belə vaxtı.

Əgər bəyənməyən varsa,

Bilsinlər ki, sözüm haxdı.


Oğul, fikrin nədi sənin,

Həmdəmimdi bu saz mənim.

Aşıqların, xanəndənin,

Borcu çalıb-oxumaqdı.


Ay Mustafa, görmə qada,

Çalış canı vermə bada.

Toy olsa da, olmasa da,

Dəlininki oynamaqdı.







ETİBARSIZ
Can deyib can eşidən yar,

Nədən oldun etibarsız?

Bağlamışdıq əhdi-ilqar,

Niyə oldun etibarsız?


Yollarda qoydun gözümü,

Dillərə saldın sözümü,

Dərdə saldım öz-özümü,

Səndən ötrü, etibarsız!


Könlüm evin dərd-qəm alıb,

Bətim-bənizim saralıb.

İndi əlac sənə qalıb,

Sən bilirsən, etibarsız


Mustafayam, mən gedirəm,

Getdiyim yeri bilmirəm.

Axır sözümü bitirrəm,

Salamat qal, etibarsız.





GƏLMİŞƏM
Ala gözlüm, həsrətindən,

Can verib cana gəlmişəm.

Eşitmişəm əhd edibsən,

Öldür qurbana gəlmişəm.


Qəti insaf yoxdu səndə,

Can daha qalmayıb məndə.

Bizim eldən sizin kəndə

Mən yana-yana gəlmişəm.


Hayıfsan batma qanıma,

Hörmət elə, gəl yanıma.

And olsun cavan canıma,

Dinə, ımana gəlmişəm.


Şükür tapmışam cananı,

Canıma canı yananı.

Qurudubsan Mustafanı,

Eylə, dərmana gəlmişəm.



YAZIĞAM
Ala gözlü mehribanım,

Məni yada sal, yazığam.

Səndən ayrı dözənmirəm,

Bir qeydimə qal, yazığam.


Heç demirsən ələm varmı,

Kağız, dəftər, qələm varmı,

Məktub yaza bilən varmı,

Göndər könlüm al, yazığam.


Mustafayam , sinən döyüləm,

Alovlansam sönən döyüləm,

İlqarımdan dönən döyüləm,

Mən ürəkdə ol, yazığam.




DÖZƏCƏKSƏN
Ala gözlü mehribanım,

Mənsiz necə dözəcəksən?

Ellərin tənə sözündən

Bilirdim ki, bezəcəksən.


Yadlar bu sirri biləcək,

Əl çalıb yaman güləcək.

Başıma hava gələcək,

Gözlərinlə görəcəksən.


Nə vaxt yerə yan verıirəm,

Yuxumda səni görürəm.

Ahuzarnan can verirəm,

Sən də mən tək öləcəksən.


Hanı mənim telli sazım,

Bağlanıb dilim, ağızım.

Çatarsa ölüm kağızım,

Xeyri nədir, gələcəksən.


Səndə varsa sevgi canı,

Deyəcəksən ya rəbb, hanı?

Vaxt olacaq Mustafanı,

Ah çəkibən gəzəcəksən.




ALDADACAQ
Yoldaş olma tamahkarnan,

Hər vaxt səni aldadacaq.

Yaxşı adam danışdıqca

Kəlmələri bal dadacaq.


Dayandırın götür-qoyu,

Kişi yığıb illər boyu.

Qoy var olsun belə toyu,

Ha yeyin ki, qurtaracaq.


Varı olan gedər dağa,

Varsız yalvarar torpağa.

Bağban, naşı qoyma bağa,

Hər nə yesə kal dadacaq.


Mustafadan inciməyin,

Simsarıdı ağa, bəyin.

Adətidir ala səyin,

İçib şorun çıxardacaq.



GƏTİRƏR
Bəz adamın ruzqusunu,

Ağ yel, qara yel gətirər.

Bir tərəfdən göndərərlər,

Bir tərəfdən sel gətirər


Yaxşı yeyin, yaxşı geyin,

Yaxşılara yaxşı deyin.

Bacaranın hər bir şeyin

Quru şirin dil gətirər.


Ay Mustafa, yalvar saza,

Yazıb yarat hər avaza.

Bərəkət de çoxa, aza

Səninkini el gətirər.






XEYİR OLSUN
Xeyir olsun, köhnə dostum,

Nə gəzirsən buralarda?

Xeyli vaxtdı gedənmirəm,

Nə var, nə yox oralarda?


Qurdalama yaraları,

İtirmişəm bax buları.

Heç balanın balaları

Qalmasınlar aralarda


Mustafayam, yada yadam,

Yaxınlara çatdı sədam.

Dərdi-qəmi çəkən adam,

Sınıxar da, saralar da.






MƏNİ
Ay hazarat, ay camaat,

Öldürəcək bu dərd məni.

Heç qoymurlar olum rahat,

Öldürəcək bu dərd məni.


Zülümdədi bu yazıx baş,

Ağrı verir yavaş-yavaş.

Varmı gələ qohum-qardaş,

Öldürəcək bu dərd məni.


Mustafadı mənim adım,

Sözümə baxmır övladım.

Oysunçu olub arvadım,

Öldürəcək bu dərd məni.





\

AYNA XANIM
Bu gün sənin toy günündü,

Çox mübarək, Ayna xanım.


Bəy oynasa bollux olar,

Dur qalx özün oyna, xanım.


Sağdışın corab toxuyur,

Məclic nə gözəl qoxuyur.

Aşıq sən üçün oxuyur,

Bir fikir ver çayna, xanım.


Oxşarın var Quba qaza,

Marağın var sözə , saza.

Yazı yazan düzgün yaza,

Hər kəsdəri tayna, xanım.


Mustafayam ağa –bəyəm,

İstəmərəm qəlbə dəyəm.

Yetmiş yaşın içindəyəm,

Ayna xanım, oyna, xanım.


Gözündəsən bəyin, xanın,

Dilindəsən el-obanın.

Bu gün - sabah Mustafanın,

Oturarsan vayna, xanım.




ANAM AMANATI
Hərbi xidmətdə olanda
Könlüm yenə dərdlə dolub,

Əsmər, anam amanatı.

Dünya etibarsız olub,

Ana, Əsmər amanatı.


Qardaş, bacı görməmişəm,

Yarla səfa sürməmişəm.

Sağam hələ ölməmişəm,

Ana, Əsmər amanatı.


Mənim anam sənə nədi,

Həm ana, həm qaynənədi.

Demə , Mustafa demədi,

Ana, Əsmər amanatı.

Əsmər, anam amanatı.


Q O Ş M A L A R



AY BALA

Oğlum Arifin vaxtsız vəfatına
Sən qarmon çalardın, mən həzz alardım,

İndi sənsiz necə dözüm, ay bala.

Dövranlar açardım, məclis qurardım,

Bağlı qaldı sazım, sözüm, ay bala.


Getmiş idin artırasan elimi,

Artırmadın gödək etdin dilimi.

Atan idim niyə qırdın belimi,

Yoxdu daha məndə dözüm, ay bala.


Zinhar oldum, oğul, getmə deməkdən,

Mustafayam, qolum sındı biləkdən.

El sözüdü, hamı görür fələkdən,

Günahkaram mənim özüm, ay bala.





A QARDAŞ
Mərhum qızım Aidənin dilindən
Əzəl həyatımnan gileyliyəm mən,

Nə gün gördüm, nə də güldüm, a qardaş.

Qəflətən yolumu aldı duman, çən,

Başıma nə gəldi bildim, a qardaş.


Gəlirdim eşidəm atam sazını,

Körpə qardaşların xoş avazını.

Şoferə yalvardım azalt,qazını,

Qərq etdi, körpəmlə öldüm a qardaş.


Aydəyəm, Səidəmi saxlayanım var,

Hər gün məzarımı yoxluyanım var.

Turalı Qabilə verdim yadigar,

Özüm sənə qurban gəldim, a qardaş.




AY MAMAM QIZI
Səni çox sevirəm, ay mamam qızı,

Nə ola yadına salasan məni.

Belə bir arzum var Allah-Taladan,

Vaxt ola qoynuna alasan məni.


Bilirəm ki, məni çox istəyirsən,

Bəs niyə gözümə görünməyirsən?

Ömrümün tağını basıb əyirsən,

Qorxuram çöllərə salasan məni.


Mustafa, sirrini vermə heç kəsə,

Uymaynan çirkinə, qoşulma pisə.

Üçü sizdən, beşi bizdən, nə isə,

Məsləhət görüblər sənə ər məni.






SƏN ALLAH
Ey sevgilim, keçən günü söylüyüb,

Canımı odlara yaxma, sən Allah.

Zarafat vaxtımda yaxın gəlmirdin,

İndi əl-ayağa sıxma, sən Allah.


Səsdəynən oyansın yatan könlümü,

Məni qəm evinə atan könlümü,

Səni çox istəyib tutan könlümü,

Demədimmi gülüm, yıxma, sən Allah.


Mustafayam, sirlər qaldı canımda,

Çıxdı yaddan məzhəb, din-imanım da.

Bardaş qurub əyləşginən yanımda,

Qanrılıb özgəyə baxma, sən Allah.




UTANMAYA
Evlərdə şirinlik, məhəbbət ola,

Arvad düz dolana, ər utanmaya.

Ürəkdən ürəyə kəsə yol ola,

Bəzən alovlanıb, bəzən yanmaya.


Namərdin tənəsi mərdi əritdi,

Ona baxmayaraq mərd yenə mərddi.

Dünyada ən çətin dözülməz dərddi,

Sən qanasan, qarşındakı qanmaya.


Ay Mustafa, yaxşı öyrət naşıya,

Bəlkə o da namus- qeyrət daşıya.

Hər kəs bu dünyada təmiz yaşıya,

Namusu ortada tapdalanmaya.






Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə