AşİQLİK ŞƏRİƏTİ Ustad Əli Şəriətinin fikirləri və hikmətli kəlamları



Yüklə 199,5 Kb.
tarix29.09.2017
ölçüsü199,5 Kb.

AŞİQLİK ŞƏRİƏTİ

Ustad Əli Şəriətinin fikirləri və hikmətli kəlamları.


Kitab Ustadın müxtəlif əsərlərindən çıxarışlardan ibarətdir.

Hazırladı: Şamxal

Bütün hüquqlar qorunur.

Nur Mədəniyyət Mərkəzi


Birinci hissə


Sənəti Səni axtarmağa göndərdim, hələ də tapa bilməyib Səni. Eşqi də onun ardıyca yolladım, hələ də boş-boş gəzir. Gözəlliklər sənin izini tapmağa çalışır və hələ də tapa bilmir.
Haradasn? Kimsən? Ey tanımadığım tanış! Ey həmişə mənimlə olan! Sənsizlik pisdir, qürbətə taqətim yox!

"Səhraya eniş"

***

İmanı və eşqi olan bir millətin,


Quranı və Nəhcül-bəlağəsi olan bir xalqın,
Əlisi və Fatiməsi olan bir cəmiyyətin,
Hüseyni və Zeynəbi olan bir millətin,
Şəhadət mədəniyyəti olan bir ümmətin,
Gələcəyi necə qaranlıq ola bilər?!
Bunun yeganə səbəbi, şəhadət dini və mədəniyyətinin ölməsidir!!!

***

Bir zamanlar Ərafata fələstinlilər gəlmişdi. Bir az pul toplanmışdı. Onların bizim yanımıza gəlmələrinə icazə verilmədi. Buna görə biz onların yanına getdik. Həm pulları sayır, həm söhbət edirdik. Birdən azan səsi yüksəldi. Pulların geri qalan qisimini saymadan eləcə qoyub, durdular; sözlərə də artıq qulaq asmadılar. Sanki birdən dəli kimi oldular. Bizi tərk edib, getdilər. Bir də baxdıq ki, dağ kənarındakı qum və çınqıl üzərində bir səf yaratdılar. Nə kilim sərdilər, nə də həsir. Hamısı mücahid-partizan idi. Torpaq rəngində partizan paltarları vardı. İlk dəfə namazda bəzi mənaları dərk etməyə başladım. 'Bismillah' dedikləri zaman qiyamı izah etmək istəyirdilər. Bunu hiss etdik.


Qiyam! Yerdən qalxmaq! Qiyam anlayışına canlılıq bəxş etmək. Stabillik! Müqavimət göstərmək. Və üsyan! Sonra duaya başladılar. "Ya Rəbb, bizi fılan xəstəlikdən qoru! Bizim borcumuzu əda et!" şəklində etdiyimiz dualara bənzəmirdi onların duaları. "Rəbbimiz, bizə kömək et. Sənin köməyinlə bu zalım və alçaqların fantomlarını, hava toplarını, B-52-lərini və tanklarını vuraq" deyirdilər.
İşin ictimai və siyasi ölçüsü budur ...

"Özünü inqilabçı yetişdirmək"

***

"Düşünürəm demək, varam" yox!
"Üsyan edirəm, demək varam" deməliyik.
Çünki hər düşünən üsyan etməz..
Amma hər üsyan edən şübhəsiz ki, düşünmüşdür!



***

Hüseyn "Hər ay Məhərrəm, hər gün Aşura və hər yer Kərbəla" şüarıyla bu bayrağı əldən-ələ əmanət edərək, insanların rəhbərlərinə və insanlıq tarixində ədalət tərəfdarları olan bütün azad insanlara təslim etmişdir. Bax, ölümə və bayrağı bütün nəsillərə buraxmaq üçün getdiyi bu son anda gələcək nəsillərə hayqırır:
"Görəsən mənə kömək edəcək biri varmı?"


"Adəmin varisi Hüseyn"

***

Artıq yalnız bədənlər deyil, ruhlar da ölməkdədir. İnsan eynilə bir ipək qurdu kimi, öz düha və yaradıcılığında irəliləyib daha tez hördükcə, ipəkdən hazırlanmış zərif və yumşaq telli baramasında daha da məhbuslaşır.



"İnsan"

***

Bir müsəlman öz cəmiyyətinin xaricindəki faciələr, zülmlər, insan ləyaqətini ayaqlar altına alan güclər və xalq düşmənləri qarşısında əsla mənfi tərəfsizlik yolunu tutmaz. Özü universal tövhid, irqi tövhid, və sinfi tövhiddən söz edərkən, iman, ədalət və qurtuluşun gözətçisi, xalq arasında ilahi missiyanın daşıyıcısı olduğunu iddia edərkən, öz cəmiyyətinin xaricindəki küfr, şirk, zülm, əsarət, faciə və bütpərəstlik mühafizlərinin sağlığına qədəh qaldırmaz.



"Şiə"

***

Hüseyn (ə) sudan çox "Ləbbeyk"ə susamışdı. Əfsus ki, fikirlərinin əvəzinə, bədəninin yaralarını göstərdilər bizə! Və ən böyük dərdinin susuzluq olduğunu dedilər. 


***

Bir qrup ac insanın aclıqlarını hiss etmədikləri, hətta Allaha, yaxşı bir həyat davam etdirdikləri üçün şükr etdikləri müşahidə edilmişdir. Çünki mədələri aclıqdan qovrulan bu insanların şüurları hadisədən xəbərsizdir. Onlar fiziki aclıqlarını anlayırlar. lakin təbii olmayan bir yoxsulluğun qurbanı olduqlarını hiss etmirlər. Onlar bu yoxsulluğun təbiiliyinə inandırılmışlardır.



"Kapitalizm"

***

Bəli! Qərb imperializminin ən təhlükəli, eyni zamanda ən gizli və ən bilinməyən cəhəti, mədəniyyət və düşüncə imperializmidir. 

"Özünə qayıdış"

***

Təkcə dövlətin danışma haqqına sahib olduğu məmləkətdə heç bir sözə inanmayın.





***

Əbuzər belə deyirdi:


«Evində azuqə tapa bilməyən adam necə ola bilər ki, qılınc çəkərək cəmiyyətə qarşı çıxmasın?! Buna heyrətlənirəm».
Mən Qərbdə bu sözü kimin söylədiyini deməmişdən əvvəl nəql etdiyim zaman, bəziləri bunun Prudonun sözü olduğunu zənn etdilər. Mən də "Bu ağırlıqda deyilmiş və qətilik ifadə edən bir söz Prudonun həddində deyil?" deyirdim. Bəziləri də "Dostoyevski söyləmişdir" deyirdilər. Dostoyevski, "Bir yerdə bir adam öldürülmüşsə, cinayətə ortaq olmayanların da əlinə qan bulaşmışdır" deyirdi. Bu da bir yandan doğrudur. Lakin Əbuzərin nə dediyinə diqqət yetirin! Əbuzərin bu sözü, bir dinin sözüdür...


"Dinə qarşı Din"

***

Quran təkrar-təkrar bəyan edir ki, tarix boyu məhv olmuş bütün cəmiyyətlər özlərinə zülm edənlərdir. Hətta dialektik materializmdə cəmiyyətdəki dəyişikliklər insan iradəsindən yox, maddi amillərdən asılı bilinir. Amma Quran, istisnasız olaraq, bütün ictimai təbəddülatlarda insan düşüncəsini əsas götürür. Bu səbəbdən də İslam dinində cəmiyyətin taleyinə görə insanlar məsuliyyət daşıyır: «Hər hansı bir tayfa öz tövrünü dəyişmədikcə, Allah da onun tövrünü dəyişməz» «Rəd» surəsi-ayə:11 


"Ey ata, ey ana, biz müttəhimik"

***

Müasir dünyada artıq daşdan torpaqdan olan bütlərə deyil, qohumluğa, dövlətə, irqə, bayrağa və şəxslərə səcdə olunur.



***

Cəmiyyət iki təbəqəyə bölünür:
1- Yeyib işləməyənlər.
2- İşləyib yeyə bilməyənlər.


***

İslam Allaha təslim olmağa çağırdığı kimi, eyni şəkildə Ondan başqa hər şeyə üsyan etməyə dəvət edir. Nə olursa olsun, istər "Lat", istər "Üzza", istər avtomobil, istər fəzilət, istər mülk, istər qan, istərsə də soy və ya sinif! Fərq etməz!. Bunlar hər dövrdə Allaha qarşı bir tağut olmuşdur. 

"Dinə Qarşı Din"

***

İmperializmin, xüsusilə zəngin tarixi təcrübəsi və mədəni keçmişi olan köklü cəmiyyətlərdə gördüyü ilk iş, mövcud nəsli tarixindən ayırmaq olmuşdur. İmperializm bu işdə o qədər müvəffəqiyyətli olmuşdur ki, uyğun cəmiyyətlərin islahatçıları keçmişlə bütün əlaqələrini kəsdilər və keçmişlərini tanımaz oldular. Halbuki imperialistlər, son dərəcə iman və eşqlə keçmiş əsərlərini diriltməyə, qorumağa və tanıtmağa çalışdılar. İkinci dünya müharibəsində Avropa şəhərləri bombalanarkən tarixi miraslarını can və mallarını fəda etmək bahasına olsa da qorumağa çalışdılar və bunun üçün mübarizə apardılar.

" Özə dönüş"

***

"Ac insana mənəviyyatdan danışmaq və böyük əxlaqi dəyərlərdən söz aşmaq hiylə və faciədir ..!



***

Dini büdcələri, dini xidmətləri və islami fəaliyyətləri bu əsrdə və bu nəslə gerçək İslamı tanıtmaq üçün sərf edin. Əks təqdirdə bu nəsil əldən gedər, bu iman səhərə çıxa bilməz, sabaha qalmaz. Hələ vaxt varkən, hələ bir iş görə biləcək vəziyyətdəykən, gec olmadan, vaxt keçmədən, fürsətlər qaçmadan bir iş görün...



"Dinə Qarşı Din"

***

Qurtuluşa çatdıran tövhid bütün şirk bütlərinin rədd edilməsindən sonra baş verir. Çünki əvvəl yıxmaq (LA) sonra inşa etmək (İLLA) lazımdır.


"Illa" sız "la" dağıdıcılıqdır, anarxizmdir. "La" sız "illa" da xəyalpərəstlikdir; (passivliktir) otopiya və idealizmdir.

"Əli"

***

Əlində çəliyi, kürəyində ənənəvi paltarı ilə Qandi geri qalmış bir hind bədəvisi deyil. Əksinə o Şekspir oxuyan ingilis təqlidçisi bir centlmendən və intellektual hindlilərdən daha mütərəqqi və mədənidir.



" Özə dönüş"

***

Yoxsa İsrail, ikinci dünya müharibəsində kapitalizmlə kommunizmin zinasından doğulmuş qeyri-qanuni uşaq deyil?!



" Özə dönüş"

***

Hicrət bir qaçış deyil. Əksinə kafirlərə və zalımlara verilmiş haqqlarımızı geri almaq, mübarizə üçün hazırlaşmaqdır. Yəni geri dönüş və hesab sormaq hərəkətidir Hicrət!



"Hər hicrət bir inqilabdır"

***

Hər cür təhqirə, xarlığa səssiz qalanlar yaşadıqca tarixin sönük və xar ölüləri olmağa məhkumdurlar. Bir baxın! Bu gün, qaça biləcəkləri yüzlərlə sığınacaq, sığına biləcəkləri yüzlərlə şəri hökm varkən Hüseynlə birlikdə ölümü seçənlər YAŞAYIR, yoxsa Hüseyni tək qoyub, Yezid qarşısında susmağı seçənlər? Hələ də diri olanlar kimlərdi???



"Qan və Şəhadət"

***

Təəccüb edirəm bir xalqa ki, özləri zülm qamçısı altında yaşayırlar, lakin azad yaşayıb, azad ölən Hüseyinə (ə) ağlayırlar!

***

Salam sənə ey Allahın seçilmiş qulu olan Adəmin varisi!
Salam sənə ey Allahın peyğəmbəri olan Nuhun varisi!
Salam sənə ey Allahın dostu olan İbrahimin varisi!
Salam sənə ey Allahın ruhu olan İsanın varisi!
Salam sənə ey Əlinin varisi, Allahın vəlisi!

Qəribədir! Kərbəla səhnəsi birdənbirə gözlərimin önündə yer üzü genişliyində yayıldı; Hüseyinin əmrində, Fərat sahilində durmuş, yetmiş iki nəfərlik bir sıra tarix boyunca uzandı. Başı, Adəm ilə başlayan və sonu axır zamana qədər, tarixin sonunadək davam edən bir sıra.

Hüseyn, Yezidin içki içməsi və alçaqlıq etməsi səbəbi ilə onunla savaşa qalxmış ve bu acı olaya başlanğıc vermiş bir siyasətçi deyil. O, Adəmdən etibarən əldən ələ dolaşıb insanlığın əlinə keçən və indi də Hüseynin əlində olan al bir bayrağın varisidir. Hüseyin də, "Hər ay Məhərrəm, hər gün Aşura və hər yer Kərbəla" şüarıyla bu bayrağı əldən ələ əmanət verərək, insanların rəhbərlərinə və insanlıq tarixində ədalətin yanında olan bütün azad insanlara təhvil veribdir. O ölümə və bayrağı bütün nəsillərə ötürmək üçün gettiyi bu son anda gələcək əsrlərə hayqırır:

"Mənə kömək edəcək biri varmı?"

"Hüseyin, Adəmin varisi"

***

Qardaşlar ve bacılar!
Artıq şəhidlər ölüblər və biz ölülər diriyik. Şəhidlər sözlərini deyiblər və biz karlar onların dinləyicisiyik. "Diri" qalmaq mümkün olmadıqda ölümü seçməyə cəsarəti çatanlar getdiər və biz həyasızlar qaldıq... və əsrlərdir ki, qalmışıq. Gərək dünya bizə gülsün. Gülsün ki, zillət və xarlıq nümunəsi olan bizlər izzət və həyat nümunəsi olan Hüseyn və Zeynəbə ağlayırıq. Və bu tarixin başqa bir zülmüdür ki, bizim kimi xar və kiçik olanlar, o uca şəxslərə əza, matəm saxlayır.


***

Dərd, rahatlıq üçün çalışan insanla, kamillik üçün yaşayan insan arasıdındakı sərhəddi müəyyənləşdirir.

***

Mənim üçün millət, yalnız eyni bir dərdi olan insanlar toplusudur.

***

Əksər insanlar ölümlərindən qabaq ölürlər. Çox az insanların hər iki ölümü bir olur.

***

Əgər Haqq və batil səhnəsində yoxsansa, harada olursan, ol. İstər namaz üçün qalx, istər şərab üçün otur. Hər ikisi birdir.



***

Ey Həcc zamanı fikri çiynində qalan ata! Xəbərin varmı ki, səndən azca aralı bir məmləkətdə yəhudilər sənin əqidə qardaşlarının evlərinə girir, namuslarına təcavüz edir, evlərini partladırlar. Sən isə heç «son xəbərlər»lə də maraqlanmırsan!
Sənin bəhanələrin budur: Biz nə edək axı? Hər kəs özünü xilas etməlidir! Özünü islah et! Biz nə bilirik beynəlxalq siyasət nədir? Kim bilir ki, sünni fələstinlilər pisdir, yoxsa yəhudilər? Gör, ərəb filmlərində hansı əxlaqsızlıqlar var! Cəzalarıdır, qoy çəksinlər! Onlar şiə deyil!


"Ey ata,ey ana , biz müttəhimik."

***

"Mehrab"ın lüğət mənasının nə olduğunu bilirsən?... "hərb" (müharibə, döyüş) Yəni döyüş səhnəsi! Necə də düşündürücü...!


***

Şiə olmağın məsuliyyəti nə deməkdir?
Azad insan olmağın məsuliyyəti nə deməkdir?
İnsan bilməlidir ki, bütün tarixdə, bütün zamanlar və bütün məkanlarda baş verən savaşda ( ki, bütün səhnələr kərbəla, bütün aylar məhərrəm və bütün günlər aşuradır...) gərək seçim etsin:
Ya qanı, ya sözü; ya Hüseyin olmağı, ya da Zeynəb;
Ya o cür ölməyi, ya da bu cür qalmağı.


"Hüseyn Adəmin varisi"


***

Dostalar!!!
Çox pis fəsildə yaşayırıq və mənim bütün ümidim və imanım sizə, azad düşüncəli və agah cavanlaradır. Hər halda o şəxslər ki, harasa çatıblar: elmləri var, ictimai nüfuzları var, pulları var, məqamları var, bu şəxslərin məsulliyyətləri əllərində olanları qorumaqdan artıq deyil.
Lakin, hələ də məhrumluq nemətinə malik olan sizlər, itirilən və unudulanları xilas etmək üçün bəlkə nəsə edə biləsiniz...


***

Gedənlər Hüseyin kimi etdilər,
Qalanlarsa Zeynəb kmi etməlidirlər,
Əks halda Yezid kimi ediblər!

***

Batili məhv etmək olmursa, onu rüsvay etmək olar, əgər haqqı bərpa etmək olmursa, onu sübut etmək, zamana tanıtdırmaq və diri saxlamaq olar!

***

Heç bir tarix İslam qədər ağrılı və qəribə deyil. Çöldə düşmənə daim qalib gəlmiş və evdə tanışa daim məğlub olmuş din! Kim bunu asanlıqla təsəvvür edə bilər ki, İslamın həqiqi rəhbərlərinin hamısı islamın yalnçı rəhbərləri tərəfindən ya zəhərləniblər ya da qətlə yetiriblər?!
Şiənin talehi İslamın ruhunun talehidir.
Öz cisminə qurban verilmiş ruh! 
Məhəmməd ailəsi məscid tikənlərin, din yolunda cihada qalxanların, islam fatehlərinin, dünyada Quranın rəsmi toplayıcıları və mübəlliğlərinin hakimiyyəti zamanı, üzərinə cihad ayələri və tövhid şüarları yazılmış qılınclarla şəhid edildilər!
Bunu kim bilmir ki, İslamı Rüstəm Fərəxzadın silahı deyil, Əbu Hüreyrənin rəvayətləri, Kəbul-əhbarın, Əbu Musa Əşərinin, tanınmış ariflərin və peyğəmbər xəlifələrinin fətvaları bu gün gördüyümüz hala qoydu?! 
Və heç bir tarix İslam qədər öz təkrarı olmayıb. İndi də əvvəldəki kimi və daha ağrılıdır! 


"Nə etməli?"

***

İkinci hissə


Marksizmə könül vermiş biri müzakirəyə başlamaq istədi. "Kamil İnsan" düşüncəsini rədd etmək üçün dəridən-qabığdan çıxırdı. Mən içimdən onun rəftarına gülərkən, məzlum rəhbərinin halına da (Karl
Marks) acıdım.
Çünki bir rəhbər üçün fanatik və ağılsız bir müriddənn daha təhlükəli, üzücü və silahlı düşmən yoxdur.

"Özə dönüş"

***

Quranı yox edə bilməyiblər, lakin bağlayıblar.


"Kitab"ı "təbərrük edici əşya" halına gətiriblər.
Onu yenidən "kitab" edək, "çox oxunan Kitab"!
Necə ki, "Quran", "çox oxunan kitab" deməkdir.

"Həcc"

***

Quran, xüsusi bir məbədin, kilsənin, mehrabın, mollanın inhisarında deyil, hər kəsin iradəsi və ixtiyarındadır, hər kəsin çata biləcəyi yerdədir. Hər ailənin, ən azından bir nüsxəsi varıdır. Quran hər kəsin oxuyub araşdırdığı bir kitabdır. İslamda təhsil və tədris, digər dinlərin əksinə ruhaniyyət inhisarında olmayıb.



"Dinlər tarixi"

***

Insanlığa xas biliyi xalqa kim verə bilər?


Bir xalqın qəmli, susqun, qəbiristanlığa çevrilmiş vücuduna bu ruhu üfləyəcək hansı İsrafildir?
Şübhəsiz ziyalı!
İslamdakı "Xatəmiyyət" (sonunculuq) anlayışından mən bu mənanı çıxarış edirəm:
Son peyğəmbər Məhəmmədə (s) qədər peyğəmbərlərin yükləndiyi və xalqlara çatdırdığı mesajı, bundan sonra davam etdirəcək və bu yüklə yüklənəcək şəxs ziyalılardır!

"Xidmət və islah"

***

Ziyalı, heç bir təhsili olmasa belə, anlayışı və şüuru çox yüksək olan şəxsə deyilir.



"Nə etməli?"

***

Bizim təhsillilərimiz, xüsusilə də xaricdən gələn tələbələrimiz "Mən nə hədiyyə gətirdim, xalq nə deyəcək?" düşüncəsində olmamalıdırlar. Əksinə "Dərdə dərman olacaq ən yaxşı hansı hədiyyəni götürməliyik ki, xalqa da bir faydası olsun?" deyə düşünməlidirlər. "

***

İmperializmin ovlayacağı insanları, yəni'' öz fərmanı'' na itaətkar və istehlakçı etmək istədiyi insanları necə ''assimilyasiya'' etdiyini və Asiya ilə Afrika ölkələrində ziyalı hazırlama üslubunun necə müəmma olmasını bilmək lazımdır. 

***


Quran Tövratın ictimailiyinə və İncilin ruhaniyyətinə malikdir. Məhəmməd (s) eyni zamanda həm azadlığın mücahid Musası həm də ruhun və eşqin İsasıdır. Mədinə, silahın və gücün Bizansı, fəlsəfənin və düşüncənin Atinasıdır. Məscid, həm ibadət kilsəsi, həm şura, həm də elm akademiyasıdır. Əlİ, eyni zamanda bir işçi, siyasi bir lider, hərbi bir qəhrəman, təqva sahibi bir arif və nəhayət gözəl sözlü bir natiq, müdrik bir mütəfəkkirdir; əziyyət, səbir, sükut və sevgi adamıdır.

"Biz və İqbal"

***

Allahın elçisi belə buyurdu: "Lənət olsun qızıla, lənət olsun gümüşə." 
Bu sözlər sizə necə ağır gəldisə, Peyğəmbərin dostlarına da çətin gəldi və bir-birlərindən soruşdular: "Bəs nə yığaq?" 
Sevgili Peyğəmbər cavab verdi: "Dua edəcək bir dil, şükr edəcək bir könül və imanda sizə köməkçi olacaq həyat yoldaşı" 
"Əbuzər"

***

20- ci əsrin filosofları kimlərdir? Haydigger, Yaspers, Sartr, Markuz, Aleksis Karl. Bunlar iyirminci əsrin məhşur filosoflarıdır.
Onların fəlsəfələrinin və fəlsəfi məktəblərinin kökündə duran ən əsas məsələ insan adlı müəmmanın kəşfidir. 
Nə üçün 20- ci əsrdə ötən əsrlərin əksinə olaraq ən həssas məsələ insan həqiqətinin aşkarlanması, vəsf olunmasıdır? Və nə üçün 20- ci əsrin ən böyük sirri və müəmması insanın özünün tanınmamasıdır? Nə üçün Haydigger və Sartır ekzistensializimi, əsasən insanın həqiqi mənasının vəsfi əsasında qurulub; nə üçün Aleksis Karl bütün işini insanın tanınması və insanşünaslıq adlı elmin hazırlanmasına sərf edir və onun ən böyük əsərinin adı "insan, bu müəmma" adlanır. İnsan, bu "müəmma", bu "tanınmamış"; burası çox düşündürücüdür ki, Aleksis Karl kimi bir şəxs, fiziologiya və damarların peyvəndində nobel mükafatı almış bir şəxs, dünyada ilk dəfə olaraq Rockefellər müəssisəsində insanşünaslıq fakültəsini yaradan, insan elmini təyin edən bir şəxsin bütün elmi və fəlsəfi araşdırmalarının nəticəsi bu başlıq altında yazılır; "İnsan! Tanınmaz varlıq!!!"


"Müasir insanın ehtiyacları"

***

Həzrət ƏLİ, Əli Şəriətinin diliylə:
-Əli, əfsanələrə bənzər bir həqiqət!
-ƏLİ, bir insan formasında zahir olmuş ən aşkar həqiqət və ən mütərəqqi məktəbdir. 
-Biz həmişə qələbəni qələbədə görürdük, lakin Əli (ə) bizə məğlubiyyətdə qələbəni öyrətdi.
-Kəlmələrlə Əlidən danışmaq olarmı?! Əlidən nələr danışdığını eşitmək üçün "sükuta" qulaq asmaq lazımdır. O Əliyə ən yaxın olub!
-Həzrət Əlinin ən mənalı cümləsi:
Əlinin ən böyük sözü iyirmi illik sükutudur. 

-Əlinin ağrısı iki cürdür: İbn Mülcəmin zərbəsiylə başının yarılmasından olan ağrı. Digər ağrı onu sönük gecələrdə, tənha , Mədinənin ətrafındakı xurmalıqlara aparıb, ah-nalə etdirən ağrıdır. Biz yalnız İbn Mülcəmin zərbəsindən yaranmış ağrıya ağlayırıq. Lakin Əlinin ağrısı bu deyil. Belə əzəmətli ruhu ah-naləyə salan tənhalıqdır ki, biz onu tanımırıq.
Gərək bu ağrını tanıyaq, o ağrını yox, çünki Əli qılınc ağrısını hiss etmir.
Və biz Əlinin ağrısını! 

***

Peyğəmbər dünyadan köçənə qədər bir gün belə iki növ yeməklə qarınını doyurmadı. Xurma tapdığı gün, çörək tapa bilmirdi. Peyğəmbərin ailəsi heç bir zaman üç gün üst-üstə səhər və axşam arpa çörəyinə belə doymadı. Bəzən aylarla Peyğəmbərin evində yemək bişirmək üçün od qalanmırdı. 
Allah Elçisi belə buyururdu: 
-İnsanoğlu mədəsindən daha pis bir qab doldurmamışdır. İnsana əlindəki yemək yetər. 
-Çox yeməkdən qaçın. Çünki namazda sizi tənbəlləşdirər, bədəninizi məhv edər və pis xəstəliklərə düçar edər. 

"Əbuzər"

***

İslamın Rəbbi, yalnız bir inasnı Öz xüsusi evində, Kəbədə dəfn üçün seçmişdir. Kimdi O? 
Bir qadın, bir kölə, Hacər! 
... 
Bəli, bu məktəbdə belə inqilablar reallaşır. 
Bu dində qadınlar belə azadlaşır. 


" Qadın"

***

Hər bir insan özünün varlığını ətrafa bəyan etmək üçün daima diqqət mərkəzində qalmaq istəyir, bu çox normal bir düşüncədir, hətta uşaqlar belə onlara diqqət və qayğı göstərilməyəndə ağlayır, qışqırır ən son halda haranısa bulayır, nəyisə sındırırlar. Çünki əlindən başqa bir iş gəlmir, varlığını göstərmək üçün əlindən başqa bir şey gəlmir. Əgər bir qadının vücud gözəlliyindən başqa heçnəyi yoxdursa, ən son halda varlığını bədənini göstərməklə isbat etməyə çalışacaq. Ona görə də qadınlar maariflənməli, təhsil almalı və özlərininin varlıqlarını isbat etmək üçün yeni bacarıqlarını kəşf etməlidirlər. Düşüncə gözəlliyi olan qadın bədən gözəlliyini nümayiş etdirməyə çalışmır. 

***

Bir də Arxeologiya elmi var, amma bizdə daha çox arxaik(köhnəlmiş) sözlərin araşdırılması "elmi" var. Ziya Gökalp adlı birisi deyirdi ki, "Bütün mədəniyyətlər Aralıq dənizi ətrafındakı Türk irqindən doğulmuşdur, bütün insanlığın dilləri Türk dilindən yaranıb". Fars filoloqları da "Ərəbin dili yoxdur, farslar onlara danışmaq öyrətdilər" deyirdilər. Bu da bizim "alim"lərimiz(!) Beləcə özlərini və köklərini söz oyunu ilə tanımağa çalışırdılar.


"Dinlər tarixi"

***

Onlar fırıldaqçı Freydin ideyalarını az qala din səviyyəsində təqdim edirlər. Bu gün "izm"lərə bir "izm" də qoşulub - Freydizm! Nəticə bu oyunların ilk qurbanları qadınlar oldu...

***

Elə bir dövrdə yaşayırıq ki, fikirlər şikəst, şəxsiyyətlər satılmış, vəfalılar tənha, əxlaqlılar guşənişin, cavanlar ya məyus, ya satılmış, ya da azğın, keçmişdəkilər, keçmiş böyüklər ya şəhid, ya da satılmışlar. Elə bir əsrdir ki, artıq kütlələr arasında heç bir avaz, heç bir səs yüksəlmir, qələmlər qırılıb, dillər kəsilib, dodaqlar tikilib və bütün həqiqət qalaları sadiq ardıcıllarının başına uçurulub.
***

Mən öz dinimi, öz ədəbiyyatımı, öz duyğularımı, kədər və iztirablarımı, dərdlərimi və ehtiyaclarımı düşündüyüm zaman, gerçəkdə özümü düşünürəm. Mənim fərdi deyil, ictimai və tarixi özüm bu mədəniyyətin doğulub ortaya çıxdığı qaynaqdır. Bu səbəbdən mədəniyyət mənim cəmiyyətimin, tarixin varlığı olan quruluşun təcəllisidir, əks olunmasıdır; lakin xüsusi şərtləri olan özünə xas tarixi dövrdə iştirak edən, fərqli mənşəyi olan, maddi, iqtisadi və ictimai quruluşun meydana gətirdiyi xüsusi dərdlərə, düşüncələrə, anlayış və meyllərə alışmış bir cəmiyyətdə bir sıra saxta taktikalar, o cəmiyyətin mədəniyyətini zehnindən silir. Sonra başqa bir zamana və tarixi dövrə, başqa bir iqtisadi sistemə, başqa sosial və siyasi bağlara aid olan mədəniyyəti mənim mədəniyyətimin yerinə yerləşdirir. Artıq mən özümü düşünmək istədiyim zaman, başqa bir cəmiyyətin mədəniyyətini öz mədəniyyətim olaraq düşünürəm, o zaman özümə aid olmayan dərdlərə həmsöhbət oluram. Mənim mədəni, fəlsəfi və ictimai həqiqətimlə uyğunlaşmayan problemlərdən ötəri fəryad edirəm. Nəticədə o cəmiyyətə və o cəmiyyətin sosial, iqtisadi, siyasi və tarixi şərtlərinə aid olan, lakin mənə aid olmayan ideallar və iztirablarla qarşılaşıram. O dərdləri, iztirab və idealları öz dərd, iztirab və ideallarım olaraq görməyə başlayıram.


"Özü olmayan insan"

***

Əli başqa bir Məhəmməddir. Qəribədir, Məhəmmədi Əlinin simasında daha aşkar görmək olur!
Qılıncından ölüm, dilindən şer yağır. 
Həm biliyin gözəlliyini, həm də Allahın gözəlliyini tanıyır;
Həm düşüncə yüksəlişlərini, həm sevgi döyüntülərini...
Döyüşdə qəzəblə düşməni qana bürüyür,
mehrab xəlvətində sükuta qərq olur.
Dantenin Virgili, Firdosinin Rüstəmi, Mövlanənin Şəmsidir və...

Nə deyirəm?!
Sözlərlə Əlidən danışmaq olarmı?! Onun nə dediyini eşitmək üçün sükuta qulaq asmaq lazımdır. O, Əliyə daha yaxın olub! 

"İslamşünaslıq"

***

Daim qorxum bu olub ki, bu qısa və uca həyat fürsətində , xoşbəxtlik, aramlıq və ləzzəti əzəmət, üsyan və təfəkkür ilə dəyişməkdə zərrə qədər tərəddüd edən kimlərisə bir an belə mədh etmiş olum!

***

Həmişə gecdir, həmişə nəzərə almaq lazımdır ki, fürsət yoxdur və bu gün deyilə biləcək sözü, bu gün görülə biləcək işi heç zaman sabaha saxlamaq olmaz, çünki həmişə gecdir. "Hələ tezdir" deyən məsləhətpərəst şəxslərdən fərqli olaraq mən deyirəm ki, həmişə gecdir. Bu gün görmək istədiyimiz hər bir iş, azından yüz illər öncə görməli olduğumuz işdir. Buna görə də hər nə iş olur olsun, gecikib...

***

Palçıqdan (Quranda insanın palçıqdan yaranması deyilir) Allaha qədər uzanan yol "məzhəb" (burada məzhəb din mənasındadır) adlanır. Burada məzhəbin yol olması aydındır. Məzhəb hədəf deyil, yoldur, vasitədir. Dini cəmiyyətdə görünən bütün bədbəxtliklərin səbəbi budur ki, məzhəbin ruhu və cəhəti dəyişib və nəticədə onun rolu da dəyişilib. Bu ona görədir ki, məzhəbi məqsəd ediblər. (Əli Şəriəti, "İslamşünaslıq."

***


Nə qədər ki, din pulla qidalanır,
şübhəsiz, pulun xidmətində olacaq,
xalqın xidmətində yox!

Əli Şəriəti

***

...Çünki quldurlar üçün belə bir adət qoymaq istəmirdi ki, siyasətə xatir insanların azadlıqlarını tapdasınlar.



O (hz. Əli) böyük ölkələrə hökmranlıq edən bir hakim idi. Amma siyası məhbusu yox idi. Hətta bir dənə də olsun belə siyasi məhbus və siyasi qətl olmadı. Onun rejimində ixtişaş yaratmış nüfuzlu və təhlükəli iki güclü şəxsiyyət, Təlhə və Zübeyr, yanına gəlib onun hökmranlıq etdiyi ərazidən çıxmaq istədiklərini dedikdə, böyük bir ixtişaş yaratmaq üçün getdiklərini bildiyi halda buna icazə verdi. Çünki quldurlar üçün belə bir adət qoymaq istəmirdi ki, siyasətə xatir insanların azadlıqlarını tapdasınlar.

"Özünü inqilabçı yetişdirmə"

***

Modernizmə vurğun bir qıza Zeynəbi (s.ə) ideal göstərməyin faydası nədir? Artıq onun üçün televiziyada gördüyü manikenlər, aktrisalar bütə çevrilmişdir. Bu bütü sındırmadan qadının diqqətini dini dəyərlərə yönəltmək qeyri-mümkündür. O, artıq qurbandır!
Bütü necə sındırmalı? Qadın üçün müqayisə imkanı yaradılmalıdır. Onun təsəvvüründə həqiqi Fatimə (s.ə) çöhrəsi canlandırılarsa, bütlər onun üçün cılız və iyrənc görünər.

***

İslamın təbliğ metodu məntiqi və tədricidir. Bəli, müsəlmanlarda elə bir hazırlıq olub ki, Allah-təala əmr edib: “Şərabı, qumarı… tərk edin!”. Bu əmrin nəticəsi nə oldu? Mədinənin bütün küçələrində insanlar şərab küplərini dağıdırdılar! Polissiz, ordusuz! Yalnız Allahın əmri ilə!
Bəs biz necə təbliğ edirik? Dərindən düşünmədən, niyəsini bilmədən “Haram, kafir” -deyə bağırırıq. Bu metodla yalnız geriləmək olar, necə ki, geriləyirik! Bizim məntiqsiz təbliğimizə qəzəblə cavab verilir, hətta “Əl çək, bəli, mən kafirəm!” deyənlər tapılır. Demək, həqiqəti çatdıra bilməyən kəs yerində oturmalı, vəziyyəti gərginləşdirməməlidir!

***

Bu gün geyim seçən qız nəyə əsaslanır? İki amil nəzərə çarpır: ya ananın geyimi, mühit əsas götürülür, ya da düşüncə tərzi. Birinci amil etibarsız və müvəqqətidir. Təqlidçilik nə vaxtsa ölümə məhkumdur! Bu insanlar mühit dəyişən kimi dəyişirlər.
Amma ikinci amilə əsaslananlar hicaba öz etiqadlarının simvolu kimi baxırlar. Onlar düşünürlər ki, dünyanın bütün xalqlarının, bütün ümmətlərin geyimi varvə bizim də geyimimiz olmalıdır.
Diqqət edin, hicablı qadın bir qədər təhsil aldıqdan sonra, bir neçə ölkəyə səfərə çıxdıqdan sonra hicabsız mühitlərin təsiri altında, ya da özünü ziyalı saydığı üçün hicabını atır.
Amma bir agah təbəqə də mövcuddur ki, hicaba qayıdır. Bu nəsil sanki öz hicabı ilə Avropa modernizminə mesaj göndərir: “50 il bizi aldatdın, yetər! Mən öz libasımla sənə “yox!” deyib, planlarına “Fatihə” oxuyuram!”. Bu sayaq düşüncə ilə hicabı hifz edənləri digər hicablılardan fərqləndirmək lazımdır! Hicabı düşüncəli şəkildə seçən kəs, artıq ciddi bir məktəbin nümayəndəsidir. Bu hicab çox dəyərli və möhtərəmdir. Belə qadınlar heç vaxt öz hicabından utanmır, əksinə, ən bayağı mühitlərdə də özünü üstün bilir.

***


Siz uşağınıza “hicab ört” deməyin, onun düşüncə tərzini elə dəyişin ki, özü hicab bağlasın. Siz övladınızla ilahi həqiqətlər arasında sevgi körpüsü yaradın, o, özü namaza duracaq!

***

Əlinin ağrısı iki cürdür: İbn Mülcəmin zərbəsiylə başının yarılmasından olan ağrı. Digər ağrı onu sönük gecələrdə, tənha , Mədinənin ətrafındakı xurmalıqlara aparıb, ah-nalə etdirən ağrıdır. Biz yalnız İbn Mülcəmin zərbəsindən yaranmış ağrıya ağlayırıq. Lakin Əlinin ağrısı bu deyil. Belə əzəmətli ruhu ah-naləyə salan tənhalıqdır ki, biz onu tanımırıq.
Gərək bu ağrını tanıyaq, o ağrını yox, çünki Əli qılınc ağrısını hiss etmir.
Və biz Əlinin ağrısını! 

***

"Quran! Səndən xəcalətliyəm, səni ölüm avazı etmişəm, hər dəfə küçəmizdə avazın ucalanda insanlar bir-birlərindən soruşurlar:" Kim ölüb?"
Necə də böyük cəhalətdir ki, Allahın səni ölülərimiz üçün nazil etdiyini düşünürük!"

***


Bizim İsmailimiz kim və ya nə? Bax, onu bilmirik. Bizi kor və kar
edən nədirsə, onu qurban etməliyik.

"Həcc"

***

Bəli, "oyanış, özə dönüş" duyğuları sağlam və doğru olan duyğulardır; digər duyğularımız isə səhv və çürük ola bilər. Çünki, təlqin, təqlid və təbliğat nəticəsində vücudumuza fərqli ünsürlər girmiş və fitrətimizi bulandırmışdır. Içimizə, "özümüz" yerinə bir "özgə" gəlib oturmuşdur.



"Biz və İqbal"


***

Cəmiyyətin düşüncə səviyyəsi və baxış dairəsi gerilədikdən sonra, artıq dindarıyla dinsizi, ziyalısıyla, avamı və alimi ilə cahili arasında fərq qalmaz.



***

İslam, bir milləti aparıb yerinə yeni bir millət gətirən tək hadisədir.



"Tənhalıq söhbətləri"

***

Kimdir İsmailin? Özün bilməlisin, başqalarının bilmələrinə gərək yox! Arvadın ola bilər, bacarığın, işin, cinsiyyətin, gücün, rütbən, məqamən və s. ola bilər. Hansı olduğunu bilmirəm. Əsas odur ki, sənin ismailin İsmail İbrahimin yanında əziz olduğu qədər sənə əzizdir! İsmailin bəzı göstəriciləri bunlardır: Azadlığını səndən alan və məsuliyyətlərini yerinə yetirməyə mane olan olan hər şey; səni əyləndirən gerçəyi bilməyinə və duymağına mane olan, məsuliyyət qəbul etməkdən daha çox səni üzür axtarmağa çəkən hər şey; və yalnızca qarşıda dəstəyini almaq üçün səni dəstəkləyən hər kəsdir. Onu həyatında axtarıb tapmalısan. Əgər Allah Taala’ya yaxınlaşmaq istəyirsənsə, İsmailini Minada Qurban etməlisən. İsmail yerinə bir qoyun kəsmək qurbandır, Lakin yalnız qurban kəsmək üçün, bir qoyun qurban etmək qəssablıqdır.

"Həcc"

***

Elmdə söyləyənə yox, sözə baxmaq lazımdır.
Halbuki siyasətdə əvvəlcə söyləyənə, sonra onun sözünə baxmaq lazımdır.


"Özə dönüş"

***

Avropalıya bənzəmək istəyən özünü mədəni hiss edir. Amma avropalı onu əsla bu ad və şəkildə tanımır. Onu mədəni və sivil deyil, əksinə "assimilyasiya" deyə adlandırır. 
Əli Şəriəti,

Özə dönüş”


(Assimilyasiya: Bir xalqın başqa bir xalqın dilini, adətlərinivə s.-ni qəbul etməsi nəticəsində onun içərisində əriyib getməsi)

***

Bizim dərdimiz, 
Xalqımızın cəhaləti və təhsilsiz olması deyil. 
Ziyalılarımızın bilik və məlumatlarının yarımçıq olmasıdır. 
" Özünə qayıdış"

***

Novruz Şəriətinin diliylə

Novruzun uzun əsrlər boyunca dünyadakı bütün bayramlar qarşısında fexr etməsinin səbəbi , süni bir ictimai müqavilə və ya yeridilmiş siyasi bir bayram olmamasıdır. Novruz dünyanın bayramıdır; yerin, göyün və günəşin sevinc günüdür; çiçək açmaların coşğusu yeni doğuşların həyəcanıdır...

Novruz, insanların əlindən tutaraq onları , tavan və evlərin yüksək divarları arasından təbiətin azad və ucsuz-bucaqsız ətəklərinə aparar. Baharla istilənən , günəşlə işıqlanan , yaradılış həyəcanıyla titrəyən, küləyin və yağışın sənətiylə gözəlləşən , tumurcuqlarla , yaşıllıqlarla , yağış qoxusu , yarpız qoxusu və torpaq qoxusuyla ətirlənən, yağışın islatdığı tərtəmiz budaqların bəzədiyi təbiətin ətəklərinə ..!

Novruz, böyük bir xatirəni dirildir: İnsanın təbiətlə qohumluq xatirəsini . Hər il öz süni , saxta və qarışıq işləriylə əylənərək anasını unudan bu unutqan uşaq, Novruzun həyəcanlı xatırlatmalarıyla onun qucağına yenidən dönüb, bu geri dönüşü və yenidən görüşü onunla birlikdə qeyd edir. Uşaq özünü yenidən anasının qucağında tapır, uşağının yanındaykən sevincdən ananın üzündə çiçəklər açır, həsrət gözyaşları yağır, sevinc fəryadları çəkir, cavanlaşır, yenidən həyat tapır. Yusifin üzünü görərək gözləri açılır, oyanır ...


"Hübut" (eniş)

***

Qədr gecəsi

بسم الله الرحمن الرحيم اناانزلناه في ليله القدر و ماادريك ما ليله القدر ليله القدر خير من الف شهر تنزل الملائكه والروح، فيها باذن ربهم من كل امر سلام هي حتي مطلع الفجر

Biz "onu" qədr gecəsində nazil etdik. 
Haradan biləsən ki, qədr gecəsi nədir?! 
Qədr gecəsi min aydan üstündür. 
Mələklər və o Ruh bu gecədə enirlər. 
Allahlarının izni ilə hər bir səmtdən! 
Günəş dənizinin qəfil yarılmasınadək salam olsun bu gecəyə! 
Tarix bir qəbiristandır; uzun, qaranlıq, sakit, qəmli qəbiristan; əsrlər ardıyca əsrlər boş və soyuq, ölümcül və qara; ard-arda gələn nəsillərin hamısı bir-birinin təkrarı və davamçısı; həyatlar, düşüncələr və hədəflər ənənəvi və irsi! Mədəniyyət, incəsət və iman ölü! 
Bu təkrar gecələrdən birinin sarsılmış və sönük zülmətində bütün yuxuları qaçırdan, yarımtavanları aşırdan qəfil bir hadisə, hərəkət, titrəyiş, təkan! 
Qəlblərin dərinliyində bir inqilab, ram və aram vicdanlarda tufan; dərd, acı, həyat, hərəkət, dəhşət, səy, qarşıdurma, risk, eşq, üsyan, hədəf, əhd, iman və isar! Böyük bir doğuşun nişanələri, Bir məsihin bətndə yaranma gecəsi, qurtuluş doğacaq bir əsarət! 
Hər yerdə qəfil həyat və hərəkət, ayrı bir həyatın başlanğıcı. Məlum ki, bu gecə Allahın mələkləri həmin "Ruhla" birgə yerə, bu qara və məhv qəbiristana, bütün insanların sklet olduğu qəbiristana eniblər! 
Bu qədr gecəsidir! 
Tale gecəsi, dəyər gecəsi, yeni bir insan olmaq gecəsi, yeni bir tarixin bünövrəsini qoyan sabahın başlanğıcı! 
Bu gecə min aydan üstündür; sabahında qurban bayramı və şeytanın üç mərkəzinin əzəmətli daşlanma mərasimi olan məşər gecəsidir! Eşq, isar, qurbanlıq və qələbə torpağı olan Mina qapısının kənarındakı qaranlıq gecədir! 
Tarix başdan başa bir-birinin təkrarı olan aylardır; boş və barsız illər, heç nə yaratmayan, heç bir sözü, mesajı olmayan əsrlərdir; yalnız ötüb keçir, qocaldırlar! Bu uzun və sönük sırada bəzən bir gecə yaranır, bu gecə tarix qurur, yeni insan yaradır; bu gecə ilahi mələklər yağışı yağmağa başlayır, bu gecə o Ruh zamanın qəlibinə, bədəninə üfürür! 
Bu qədr gecəsidir! 
Bu gecə min aydan üstündür, necə ki, hz. Məhəmmədin (s) iyirmi neçə illik besəti, oyanışı bizim iyirmi neçə əsrlik tariximizdən üstün idi; o Ruhun bir millətə, bir nəslə endiyi illər onun min illik tarixindən üstündür! 
Bu gecə yağan yağışın hər bir damlasında bu quru səhraya bir mələk düşür. Qurumuş kollara, yanmış ağaclara, susamış tarlalara düşən damlalar, bahar, yaşıllıq, qızıl gül müjdəsi verir. Bu qədr gecəsində olub yagan yagışın altında durub onun damlalarını bədənində, alnında, dodağında, gözündə hiss etməmək, quru, toz-torpaqlı yaşamaq necə də pis cəhalətdir?! 
Hər kəs bir tarixdir! Ömür, hər bir insanın tarixidir. Və ayların təkrar, soyuq, mənasız keçdiyi bu qısa insan tarixində bəzən qədr gecəsi olur. Bu gecə insan vücudunun bütün üfüqlərindən mələklər yağır. Və o Ruh, Ruhul-qüds, Allahın elçisi Cəbrəil sənə nazil olur. Və bu zaman bir oyanış, risalət, missiya! Təbliğ üçün həaytın küncündən, təfəkkür və ibadət etikafından, rahatlıq xəlvətindən, fərdçilik qülləsinin zirvəsindən xalqa doğru enmək. Və bu zaman vuruş, döyüş, əzab, zəhmət, səy, hicrət, cihad və özünü mesaja fəda etmək! 
Xatəmiyyətdən sonra peyğəmbər yoxdur! Lakin hər agah peyğəmbərlərin varisidir! 
Indi o ruh enib, qədir gecəsindəyik, illər qədr gecəsi illəridir. Dünyamızı öz çənginə alan, səmamızı zülmətə büriyən bu gecədə qeyb yağışı yağmağa başlayıb; qulaq asın, onun incə və gözəl pıçıltısını eşidirsinizmi? Bu səhranın gecəsində hətta bitgilərin bitmə səsini də eşitmək olar. 
Salam bu gecəyə; qədir gecəsinə, min aydan, min ildən və min əsirdən üstün olan gecəyə! Salam, salam, salam; günəşin səhranın qəlbini qəfil yarmasına, üfüqün solmuş dodaqlarında şəfəqin qızıl gülünün açmasına, günəş dənizinin zülmət torpağımıza və puç içimizə axmasınadək salam! 
Sübhədək bu gecəyə salam!

***


Üstün irq, üstün millət və hətta üstün şəxs, hansısa bir millətə və ya şəxsə hakim olmaq, ona sültə tapmaq üçün, onu təhqir edir, onun dinini, imanını, ədəbini, fikrini, şəxsiyyətlərini, keçmişini o qədər təhqir edir ki, o, onun itihham və təhqirlərindən qaçmaq üçün, onun özünə sığınır, onun təhqirlərindən qurtulmaq üçün özünü onun formasına salır.
Elə buna görə də avropalı üçün sadəcə istifadə əşyası olan bəzi şeylər, bizim üçün simvolik məna daşıyır.
Avropalıların yalnız 15 faizi klassik simfoniyanı xoşlayırlar, lakin bizdə hamı xoşlayır Ümumiyyətlə bütün simfoniyaları xoşlayırlar bizimkilər. Bunu xoşalamamağa kimsənin cəsarəti çatar?! Niyə? Çünki bu üstün bir zövqün simvolu olduğu üçün onu xoşlamadağını deməyə cəsarəti çatmır.Bir avropalı çox rahat deyə bilir: "Səsin kəs, bu hay–küydü , başağrısı verir." Lakin bir şərqli sonadək qulaq asıb, bəh-bəh deyib, ləzzət almağa məcburdur. Əgər bunu xoşlamasa özü-özündən utanır; niyə? Çünki onun üçün simvolik mənası var və bir üstünün nişanəsidir.
Bütün bunların səbəbi odur ki, müxtəlif amillər özünəinamı, özünəimanı insandan alır. Və insanın özünəinamına səbəb olan yeganə şey özünüdərkdir. Yəni ilkin mərhələdə mən hansı irqə, hansı, millətə, hansı mədəniyyətə, hansı tarixə, hansı zamana, hansı ədəbiyyata, hansı fəxrlərə, istedadlara, dəyərlərə aid olduğumu bilməliyəm. Bu öz dərkinə bir qayıdışdır, özünüdərkə! 


***

Hər insanın ali səviyyəsini və kamillik dərəcəsini, ondakı ehtiyacların aliliyi, kamilliyi və onun özündə hiss etdiyi çatışmazlıqlar həddində dəqiq görmək olar! Yəni hər kəs, daha ali və daha kamil ehtiyacları ölçüdə insandır. Kiçik insanların kiçik, böyüklərinsə böyük ehtiyacları olur. Bunlardadır uyğun dəqiq həqiqətin mənası: Varlılar daha ehtiyaclıdırlar.
Əlinin dəyəri başqalarından daha ehtiyacsız olmasında deyil, əksinə başqalarına nisbətən daha üstün və daha ali ehtiyaclar hiss etməsindədir; həmçinin aləmdə özünü daha ehtiyaclı görməsində və daha çox çatışmazlıq hiss etməsində! Başqalarında isə belə hisslər yoxdur.
Elmdə də belədir. Hər kəs təkcə məlumatları ölçüsündə alim deyil. Əksinə aləmdə hiss etdiyi naməlumlar, qaranlıqlar qədər alimdir! Yerə və göyə baxanda mənim üçün yalnız bir neçə naməlum, qaranlıq var: Nə üçün səma mavidir? Nə üçün ulduzlar göydə düzülüblər? Nə üçün buludlar belədir? Lakin astranom səmada minlərlə naməlum, qaranlıq görür... 

"Dua"

Üçüncü hissə


İnsan bilik ilə təbiətin, tarixin və ictimai qaydalara hakim nizamın zindanından xilas ola bilər. Lakin ÖZ zindanından bilik ilə xilas ola bilməz. Çünki elmin özü də məhbusdur!!!


"Dörd zindan"

***

Ne zaman ayağa qalxsan QAİM (qiyam eden) yetişəcək. Demək İMAM bizim intizarımızdadır. 

"Yaxın həmsöhbətlərlə"

***

Siyasət qarşısında sədaqət sadəlövhlik və sədaqət qarşısında siyasət xəyanətdir.



***

İnsan, ətrafını öz ideallarına uyğun hala gətirmə ya da dəyişdirmə gücünə sahib olduğu ölçüdə insandır. Ətrafına uyğunlaşma göstərdiyi və ətrafının məhsulu olduğu ölçüdə bitki və heyvan kimi təbii bir növ olmaqdan kənar heç bir dəyəri yoxdur. 

"İnsan"

***

Atəş səndə yandıracaq bir şey tapmayacaq. Bax, İbrahim (ə) olmaq budur.



***

İBADƏT, ən ali sevgi hissidir!

"Müxtəlif əsərlər"

***

İnsan qalmaq, uğrunda hər gün cihad etmək qədər çətinləşdi...

***

İNSAN hər an özündə hicrət edən bir mühacirdir.
Dayansa, daha yoxdur!

***

Heç zaman sakitliyə xatir korluğa dözmə!
"Kəvir"

***

Şüursuzluq küfrün anasıdır.
"Qasitin, mariqin, nakisin"

***

Bir şey söyləmədikləri halda durmadan danışan çox şəxslər olduğu kimi, danışmadıqları halda çox söz söyləyən az şəxslər var!



"Səhraya eniş"

***

Yoxsulluq xörəksiz keçirilən bir gecə deyil.
Yoxsulluq düşüncəsiz açılan səhərdir!

***

Kim deyir ki, bahaçılıqdır?
Ucuzluq dövrüdür...!
Şərəf ucuz, üryan bədən ucuz və yalan hamısından daha ucuz..!
Abır-həya bir tikə çörək qiymətinə...!
Və necə də böyük endirim olub... insan qiymətində!!! 


***

Ey vay!!!


Dərdsiz olan alimin ruhu,
və imanı olmayan gənc nəsil,
nə qədər soyuq və çirkindir!!!

"Tənhalıq Söhbətləri"

***

İnsan bu aləmdə özünü məhbus kimi hiss etməkdədir. Gerçək insan olanlar məhbusluk duyğusunu daha çox hiss edərlər.



"Əli"

***

Həzrət Əlinin ən mənalı cümləsi nədir?
Əlinin ən böyük sözü iyirmi illik sükutudur.

***

Ürək üçün ən xeyirli idman: əyilmək və "yıxılanların" əlindən tutmaq...

***

Mənə nə deyəcəyini düşünməmişdən öncə nə dediyimi düşün

***

İncildə çox sevdiyim bir ayə var və düşünürəm ki, İncil bütövlükdə təhrif olunmuş olsa da bu ayə orjinaldır, çünki bir peyğəmbər sözünün qoxusunu verir və inanmıram ki, səmavi kitabı təhrif edən insanlarda belə gözəl cümlə qura biləcək qədər şüur ve zövq olsun.
Deyir: Ey insanlar, o yollarla getməyin ki, gedənləri çoxdur; o yollarla gedin ki, gedənləri azdır.
 

***

Doğrudan, niyə eşqlər həqiqi, məşuqlar yalandır?!

***

Bəli, işim çətindi və dərdim ağır, və hər bir şirinlikdən, şadlıqdan və oyundan məhrumam. Amma... bu bəs eder ki, anlayıram!
Belə yaxşıdır... Axmaq deyiləm!


***

Necə də valehedicidir... Oz iqlimini kəşf etmək.

***

Oxuyun. Çünki mürəkkəbin axmadığı yerdə qan axar.

***

Anam deyərdi: "Aşiqlik bir gecədir, peşmanlıqsa min gecə."
Min gecədir peşmanam ki, niyə bir gecə aşiqlik etmədim.


***

Quran Allahın adıyla başlayıb, xalq adıyla başa çatan bir kitabdır.

***

Mən hər an sənət aləmində məbus olacaq peyğəmbərin intizarındayam.

"Müxtəlif əsərlər"

***

Eşqsiz iman başqalarına əsir olmaqdır
və imansız eşq, özündə əsarət!

"Tənhalıq söhbətləri"

***

Kaş ki, insanlara dəstamazı pozan şeylərin kənarında imanı pozan şeylər də öyrədiləydi.

***

INSAN öz vücud tarlasnın ƏKİNÇİSİdir

***

İlahi , rəhm et ki, imanım var və ad verməsin. Güc ver ki, varımı, hətta adımı iamnım yolunda təhlükəyə atam və o kəslərdən olum ki, dünya pulu alıb din üçün çalışırlar, din pulu alıb dünya üçün çalışanlardan yox!

***

"Mən sizə düşüncələrimi yox, düşünməyi öyrətməyə çalışıram."

***

Dünya və axirət üçün özündən başqa heç kəsdən qorxmamalıdır insan.

"Dinlər tarixi"

***

Tənqid etdiyin şəxsi, hansısa zehni və fərz edilmiş şeylə yox, özünlə müqayisə et.

"Müxtəlif əsərlər"

***

Biz həmişə qələbəni qələbədə görürdük, lakin Əli (ə) bizə məğlubiyyətdə qələbəni öyrətdi.

***

Hər şeyə yaxınlaş və heç nəyə qarışma. Bir qırağa çəkilib pak qalmaq nə çətindi, nə də dəyərli.

"Tanış həmsöhbətlətlə"

***

Azad olmaq, təkcə Firondan yox,
İsmaildən də,
təkcə düşməndən yox,
özündən də.

***

Cəhalət dövründə, şüur, özü bir qanun pozuntusudur

***

Səhv rejimdə düz hakim mənasızdır.

***

Hər an xoşbəxtliyə çatmaq üçün yaşayıb, xoşbəxtliyin həmin anlarda olduğunu unutduq.

***

Mənim dərdim hovuzun kənarına çəkilmiş hasaralar deyil. Mənim dərdim dənizi unutmuş balıqlarla yaşamaqdır."

***

Zorla nəsə almaq olar, amma onu zorla saxlamaq olmaz .

***

Müəllimi şama (şəmə) bənzətmək zülmdür. Çünki şamı düzəldirlər ki, yansın. lakin müəllim yanır ki, düzəltsin.

***

Ən yaxşı tərcüməçi başqalarınln sükutunu tərcümə edə biləndir!

***

Bir çoxlarında dini ŞUR var amma dini ŞÜUR yoxdur. Bir çoxları elə güman edirlər ki, dini şuru olanın dini şüuru da var!

***

Çox əzablıdır
Xəzinə olub, gizli qalmaq!
Xəzinə olub, xarabalıqlarda unudulmaq!
Böyük əzabdır elm olub alimsiz qalmaq!
Elm olub alim tapmamaq!
Gözəl olub, görülməmək!
Fəryad olub, eşidilməmək!
Nur olub, işıqlandırmamaq!
Alov olub, isitməmək!
Eşq olub, qəlb tapmamaq!
Cismsiz ruh omaq!
Çeşmə olub, teşnə tapmamaq!
Söz olub, peyğəmbər olub bir kəs tapmamaq!
Oxucusuz əsər olmaq!
Əl olub, nəvaziş etməyən bir əl olmaq...
Nə deyim?! Allah olmaq və insansız qalmaq...


***


Ey azadlıq!

Mən zülmdən bezmişəm, əsarətdən bezmişəm, zəncirdən bezmişəm, zindandan bezmişəm, hökumətdən bezmişəm. Məcburiyyətə nifrət edirəm. Səni məhbus etmək və bağlamaq istəyən hər şeydən və hər kəsdən bezmişəm.
Həyatım, sənin üçün, gəncliyim sənin üçün, varlığım sənin üçündür!

Xatirələr



Doktor Məhəmməd Mövləvi: Mən Məşhədliyəm və doktor Əli Şəriətini uşaqlıqadan tanıyıram.Mən Şahrıza, Əli (Şəriəti) isə Firdövs məktəbində oxuyurdu. Lakin Həqiqətlərin Yayımı mərkəzində bir yerdə idik. Fransada da birlikdə geniş yığıncaqlarımız olurdu. Bu məclislərdən birində cənab Jan Pol Sartr da var idi. Əlcəzair mübarizəsi üçün zirzəmidə təşkil olunmuş məclis idi. Həmin məclisdə Jan Pol Sartr məndən soruşdu:
Sən bu Əlini (Şəriəti) tanıyırsan?
Dedim: Bəli.
Dedi:” O şərqdən doğacaq bir ulduzdu!”
O zamanlar biz nənki Əliyə əhəmiyyət vermirdik, hətta onunla aramızda fikir ayrılıqları da var idi. Biz əslində Əlinin belə bir şəxsiyyət olacağını güman belə etmirdik. Lakin Jan Pol Sartr bu sözü dedi!


***


Ayətullah Lahuti Doktor Şəriətinin vəfatının ikinci il dönümü münasibəti ilə İrşad Hüseyniyyəsində keçirilən məclisdə dedi:” Onunla bir kamerada yatdığım yarım ildə hər gün əlli şallaq zərbəsinə məhkum edilmişdi. Ayaqları şişirdi. Şallaqçının gecikdiyi bir gecə ondan soruşdum:” Bu axşam necə düşünürsən?” Doktor cavab verdi:” dünənkinə nisbətən bu gecə Allahı daha az hiss edəcəm!”
Mən onu xəlvət bir küncdə, tənhalıqda görürdüm, şişmiş ayaqlarla namzda öz Allahı ilə xəlvətə çəkilmiş və Onunla necə də gözəl danışırdı?!

***

Rəhimpur: ... Hər yerdən və hər şeydən danışırdıq, Doktordan (Əli Şəriəti) soruşdum, Tək kameradakı məhbusluq günlərindən faydalana bilmisiniz? Dedi:” Bütün ömrümdən və oxuyub, yazdıqlarımın hamısından daha çox!” Həmin məclisdə Səmaya tərəf baxıb bu ayəni oxudu: 

كُلُّ مَنْ عَلَيْهَا فَانٍ ﴿٢٦﴾ وَيَبْقَىٰ وَجْهُ رَبِّكَ ذُو الْجَلَالِ وَالْإِكْرَامِ

“Bunun üzərində olan hər bir kəs və hər bir şey fənaya məhkumdur. 
Yalnız əzəmət, böyüklük, üstünlük, kərəm, camal və mərhəmət sahibi olan Rəbbinin zatı qalacaqdır.” 
Ayəni oxuduqdan sonra dedi:” Günlərin birində bir əsgər kameranın qapıçəsını açdı və hər ikimiz şallaqvuarnı gözləyirdik. Lakin o gəlmədi, kəndli əsgər məndən soruşdu:” Sən nə etmisən?” və getdi! Lakin mən? Gecəni sakitləşə bildimmi? “Sən nə etmisən” cümləsi səhərədək zehnimdə təkrarlanırdı. Çünki hər nə qədər çalışırdımsa qaneedici cavab tapa bilmirdim. Təkcə buna görə sevinirdim ki, kimsə mənimlə danışmışdı; çünki uzun müddət idi kimsə mənlə danışmırdı. Buradakı, yalnız döyülmək və təhqir olmaq! 
Bir neçə gün sonra həyəcanım sakitləşdi və bəlkə də ömrümün ən şirin xatirəsi olan bu xatirəni müqayisə etdikdə, ayrı bir xatirə yadıma düşdü. Bir gün İrşad hüseyniyyəsində yığışan camaatın sayı hüseyniyyənin tutumundan daha çox idi və insanlar bir-birlərinin üzərinə dırmanırdılar. Gözüm bir kənarda yer darlığından əziyyət çəkən Şirazlı ustadlar və dostlara sataşdı. Söhbətdən sonra onlarla mütləq görüşəcəyimi düşündüm. Bir neçə dəqiqə sonra Tehran ustadlarından bir neçəsini gördüm, bir qədər sonra xorasanlıları, bir qədər sonra səni, doktor Samini; qısası hər baxışda bir dəstəni görürdüm və söhbətdən sonra xidmətlərində olacağımı ciddi şəkildə qərarıaşdırırım. Sonrakı saat özümü bir mənzildə gördüm. Elə ki, özümə gəldim anladım ki, müridlər dairəsində söhbətə məst olub, bura gətirilmişəm və hər şeyi unutmuşam. Bu vaxt “hər şeyin fani olması” anlayışını başa düşdüm.

"Əli Şəriəti xatirələr güzgüsündə"

***


Əli Şəriətidən soruşurlar ki, niyə siqaret çikirsən? siqaret uzun həyata maneədir.
Cavab verir:" Məni düşündürən həyatın enidir, uzunluğu yox!!!

***


Mərhum Əli Şəriəti zindana gətiriləndə nəzarətçilərdən biri xəlvətçə yaxınlaşıb "silahlamı tutulmusan?" deyə soruşur. 
Ustad: Bəli!
Nəzarətçi: neçə ədəd idi?
Ustad: 6,7 
Nəzarətçi: markası nə idi?
Ustad:"bik"! ( Qələmin aid olduğu brend)
: lib -> doc
doc -> Ayətullah Seyid Əli Xamenei Vİlayət nuru
doc -> Zərİf məqamlar (Böyük Rəhbər Ayətullah Xameneinin 1979-2004-cü illərdə müəllim və tələbələr qarşısında çıxışlarından seçmələr) Beşinci cild Tərtib edən: Həsən Qüddusizadə Çevirən: Maqsud Əzizoğlu Birinci fəsil
doc -> Hicab Böyük Rəhbər həzrət Ayətullah Xameneinin tövsiyələrində Tərtib edən: Məhəmmədhüseyn Himmətinejad
doc -> Birinci fəsil: İman, İslam və mənəviyyat
doc -> Vilayət bağçası altıncı cİld
doc -> Zeynəlabidin Bəhrami
doc -> Tərtib edən: Səid Mirzai Giriş İkinci Qüds Günündən bir xatirə
doc -> Uğursuz plan İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Seyid Əli Xameneinin 2009-cu IL fitnəsi haqda çıxışlarından seçmələr
doc -> İsraf İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Xameneinin israf haqda tövsiyələri
doc -> Birinci fəsil: İnqilabı, quruluşu və ölkəni müdafiə etməkdə fəhlələrin rolu


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə