Aşura iBRƏTLƏRİ



Yüklə 120,67 Kb.
tarix08.01.2018
ölçüsü120,67 Kb.


Aşura İbrətlərİ
İslam İnqilabının Böyük Rəhbəri cənab Ayətullah Seyid Əli Xameneinin çıxışlarından seçmələr

Məhəmməd Rəsulullah” diviziyasının komandirləri ilə görüşdə çıxış (10 iyun, 1996)

Kitаbın аdı:................................Aşura ibrətləri

Tәrcümә еdәn:...........................İbrahim Mirzə

Nәşr еdәn:.................................."Üfüqe-fərda"

Çаp tаriхi:.................................................2013

Çаp növbәsi:..........................................Birinci

Tirаj:.........................................................3000



İslam cihadının zəruriliyi


İslam mədəniyyətində daha çox erkən İslam tarixində və bir qədər də digər dövrlərdə bariz nümunələri görünən mühüm məqamlardan biri döyüş və cihad mədəniyyətidir. Cihad yalnız döyüş meydanında iştirak etmək demək deyil. Çünki düşmən qarşısında hər növ fəaliyyət cihad sayıla bilər. Bəzilərinin bir iş görüb zəhmət çəkmələri və onu cihad adlandırmaları mümkündür. Lakin bu ifadə düzgün deyil. Çünki cihadın bir şərti onun düşmən qarşısında olmasıdır. Bu qarşıdurma bəzən silahlı müharibə meydanında olur; bu, döyüş cihadı adlanır. Bəzən siyasət meydanında olur; bu, siyasət cihadı adlanır. Bəzən mədəni məsələlər meydanında olur və buna mədəni cihad deyilir. Bəzən də quruculuq meydanında olur və ona quruculuq cihadı deyilir. Digər adlarla və digər meydanlarda olan cihadlar da var. Deməli, cihadın birinci şərti budur ki, onda fəaliyyət, təlaş olsun. İkinci şərti budur ki, düşmənin qarşısında baş versin.

İslam mədəniyyətinin bu məqamı mühüm bir məqamdır. Dedik ki, onun müxtəlif meydanlarda nümunələri də var. Bizim dövrümüzdə, 1962- ci ildə imam və onun həmkarları tərəfindən mənfur Pəhləvi rejiminə qarşı mübarizə çağırışı ucalan kimi cihad başlandı. İmamdan öncə də məhdud və pərakəndə formada cihad vardı, lakin əhəmiyyətli deyildi. İmam mübarizəsini başlayanda cihad əhəmiyyət kəsb etdi və nəhayət öz qələbə mərhələsinə çatdı; yəni İslam İnqilabı qələbə çaldı. Ondan sonra bu günə qədər də bu ölkədə cihad olmuşdur. Çünki bizim düşmənimiz var, çünki bizim düşmənlərimiz maddi qüvvə baxımından güclüdürlər, çünki ətrafımızı hər tərəfdən düşmənlər almışdı. Onlar İslam İranı ilə düşmənçilikdə ciddidirlər, zarafatları yoxdur. Çünki mümkün olan hər bir yolla zərbə vurmaq istəyirlər. Deməli, İslam İranında ətrafdan zəhərli oxlarını İslam ölkəsinə tuşlayan düşmənə qarşı kim hansı yolla çalışırsa, Allah yolunda cihad etmiş sayılır. Allaha həmd olsun ki, cihad alovu olmuşdur, var və olacaq.


Düşüncə cihadı


Cihadların biri də düşüncə cihadıdır. Düşmənin bizi qafil edib düşüncəmizi yayındırması və səhvə düçar etməsi mümkündür. Xalqın fikrinin aydınlığı yolunda çalışan, yayınmanın qarşısını alan və yanlış qavramaya mane olan hər bir kəs düşmənin qarşısında dayandığından, onun fəaliyyəti cihad adlanır; özü də bu indi mühüm sayılan bir cihaddır. Deməli, bu gün bizim ölkəmiz cihad mərkəzidir. Bu baxımdan heç bir nigarançılığımız da yoxdur. Allaha həmd olsun ki, ölkənin qurucuları yaxşıdırlar. Bu gün ölkənin başında mömin, mücahid, agah və səmimi insanlar durur. Bu gün bizim prezidentimiz cənab Haşimi Rəfsəncani mücahid və mübariz bir şəxsiyyətdir, ömrünü cihadda keçirmişdir, gecə-gündüz cihad edir. Müxtəlif sahələrdə - məclisdə, Ali Məhkəmədə, silahlı qüvvələrdə və xalq arasında olan digər məmurların hamısı cihaddadırlar. Məmləkət Allah yolunda cihad məmləkətidir. Bu baxımdan, mənim ən ağır məsuliyyətim budur ki, harada cihad alovunun sönmək üzrə olduğunu görsəm, Allahın köməyi ilə buna imkan verməyim; harada səhv iş görülürsə, qarşısını alım. Mənim əsas məsuliyyətim bunlardır.

Tarixdən ibrət almaq


Ölkənin indiki vəziyyətində cihadın olmasından nigaran deyiləm, bunu bilin. Lakin Quranda aydın bir məqam bizi düşündürür. Quran bizə deyir ki, baxın və tarixdən dərs alın. Bəziləri fəlsəfəbazlıq edə bilər ki, keçmiş bu gün üçün nümunə ola bilməz. Eşitmişəm ki, belə sözlər danışırlar və öz xəyallarına əsasən, məsələlərə fəlsəfi üslublarla yanaşmaq istəyirlər. Onlarla işimiz yoxdur. Sadiq və doğruçu Quran bizi tarixdən ibrət almağa dəvət edir. Tarixdən ibrət almaq indi qeyd etdiyim nigarançılıqdır. Çünki tarixdə elə şey var ki, ondan ibrət almaq istəsək, nigaran olmalıyıq. Bu nigarançılıq gələcəyə aiddir. Nə üçün və nədən ötrü nigaranıq? Məgər nə baş vermişdir?

Baş verən hadisə erkən İslam çağına aiddir. Mən bir dəfə dedim: İslam ümməti düşünməlidir ki, nə üçün Peyğəmbərin (s) vəfatından 50 il sonra İslam ölkəsinin müsəlman xalqı - vəzirləri, əmirləri, sərkərdələri, alimləri, qaziləri, qiraətçiləri, oğru və quldurları Kufə və Kərbəlada Peyğəmbərin (s) ciyərparəsini elə faciəli şəkildə qana boyadılar. Bəli, insan düşünməlidir ki, nə üçün belə oldu. Bu məsələni mən iki-üç il öncə "Aşura ibrətləri" adlı bir-iki çıxışda izah etdim. Əlbəttə, Aşura dərsləri - şücaət və digər bu kimi dərslər ayrıdır. Aşura ibrətləri Aşura dərslərindən daha mühümdür. Bunu qabaqca demişəm. İş elə bir yerə çatdı ki, xalqın gözü qarşısında Peyğəmbərin (s) ailəsini küçə-bazara çıxarıb onları xaricilikdə (separatçılıqda) ittiham etdilər.

Xarici sözünün mənası bu deyil ki, onlar xarici ölkədən gəliblər. O zaman xarici sözü bugünkü mənada işlədilmirdi. Xarici, yəni xəvaricdən olan, yəni xüruc və qiyam edən. İslamda diqqətəlayiq bir mədəniyyət var. O da budur ki, əgər kimsə adil imamın əleyhinə qiyam etsə, Allahın, Peyğəmbərin (s), möminlərin və imanlı qüvvələrin lənətinə məruz qalar. Deməli, xarici, ədalətli imam əleyhinə qiyam edən şəxsdir. Buna görə o zaman bütün müsəlman xalq xaricilərə, yəni xüruc edənlərə mənfi münasibətdə idi.

Hədisdə göstərilir ki, İslamda adil imamın əleyhinə qiyam edən şəxsin qanı halaldır. İnsanların qanına bu qədər dəyər verən İslam burada belə bir rəftar edir. İmam Hüseynin (ə) qiyamı zamanı Peyğəmbərin (s) oğlunu, Fatimeyi-Zəhranın (s.ə) oğlunu və Əmirəlmömininin (ə) oğlunu ədalətli imam əleyhinə qiyam edən şəxs kimi tanıtdıranlar vardı. Ədalətli imam kimdir? Yezid ibn Müaviyə?


Kərbəla faciəsinə nə səbəb oldu?


Sözü gedən qrup İmam Hüseyni (ə) qiyamçı kimi tanıtdırmaqda uğur qazandı. Zalım hökumətin ürəyi nə istəyir deyir. Bəs xalq nə üçün inanmalıdır, xalq nə üçün sakit qalmalıdır? Məni nigaran edən məsələ hadisənin bu yeridir. Deyirəm necə oldu ki, vəziyyət bu həddə çatdı? Necə oldu ki, İslam hökmlərinin və Quran ayələrinin xırdalığına varan İslam ümməti belə bir aydın hadisədə bu formada qəflətə və səhlənkarlığa düçar oldu, birdən-birə belə bir faciə baş verdi? Belə hadisələr insanı nigaran edir. Məgər biz Peyğəmbər (s) və Əmirəlmöminin (ə) dövrünün cəmiyyətindən daha möhkəmik? Belə olmamaq üçün nə etməliyik? Dediyimiz “belə olmasına səbəb nə idi?” sualına kimsə hərtərəfli cavab verməmişdir. Bəzi məsələlər irəli sürülüb, amma yetərli deyil. Bu səbəbdən bu gün qısa və konkret şəkildə hadisənin özü barəsində bir qədər söhbət etmək istəyirəm. Sonra məsələnin ipucunu sizin öhdənizə buraxacağam ki, özünüz bu barədə fikirləşəsiziniz. Araşdırma və düşüncə adamı olanlar bunun ardınca tədqiqat aparsınlar, mütaliə etsinlər. İş və əməl adamı olanlar düşünsünlər ki, belə hadisələrin təkrar olunmasının qarşısını almaq üçün hansı hazırlıqlar lazımdır.

Əgər bu gün mən və siz hadisənin qarşısını almasaq, 50 ildən, 10 ildən, yaxud 5 ildən sonra bizim İslam cəmiyyətimizin İmam Hüseynin (ə) dövründəki vəziyyətə düşməsi mümkündür. Lakin iti gözlər dərinlikləri görsə, etimadlı keşikçi yolu göstərsə, düşüncə sahibi olan xalq işi yoluna yönəltsə və möhkəm iradələr bu hərəkətin dayağı olsalar, o zaman möhkəm səngər və möhkəm qala yaranacaq, heç kəs ona təsir göstərə bilməyəcək. Amma əgər özbaşına buraxsaq, yenə həmin vəziyyət təkrarlanacaq, bütün qanlar hədər gedəcək.

O zaman vəziyyət elə bir yerə çatdı ki, Bədr döyüşündə Əmirəlmömininin, Həmzənin və digər İslam sərdarlarının əli ilə öldürülüb cəhənnəmə vasil edilənlərin nəvəsi Peyğəmbərin (s) yerində oturdu, həmin Peyğəmbərin (s) ciyərparəsinin başını qarşısına qoydu, bambuk çubuğu ilə dodağına və dişinə vurub dedi: "Bədr döyüşündə bizim öldürülənlərimiz qalxıb onların qatillərinə nə etdiyimizi görsünlər". Məsələ budur. Burada Quran deyir ki, ibrət alın, burada deyir ki, tarix məmləkətinə səyahət edin, hansı hadisənin baş verdiyini görün, sonra özünüzdən ehtiyatlı olun.

Xüsusi və adi insanların tərifi


Mən ölkədə ixtisas, nəzəriyyə və fikir sahiblərinin izah verməsi və mövzunu davam etdirməsindən ötrü bəzi məqamları qısa şəkildə deyirəm:

Baxın, mənim əzizlərim! Bəşər toplumuna baxsanız, hər bir cəmiyyətdə, şəhərdə və ölkədə xalq iki hissəyə bölünür: Bir qisim öz fikirlərinə əsasən, düşüncə, məlumat və qərar üzündən iş görən şəxslərdir. Yaxşı və ya pis olması ilə işimiz yoxdur, amma onlar yollarını tanıyır və o yolda addım atırlar. Bunların adını Xüsusi insanlar qoyuruq. Digər bir qisim hansı yolun düzgün və hansı hərəkətin doğru olduğu ilə maraqlanmayanlardır. Həqiqətən anlamaq, ölçmək, təhlil və dərk etmək istəmirlər, başqa sözlə desək, şəraitə tabe olurlar, vəziyyətə baxıb ona uyğun hərəkət edirlər. Xalqın bu qisminin adını Adi insanlar qoyuruq. Deməli, cəmiyyəti xüsusi və adi insanlara bölmək olar. İndi diqqət edin, xüsusi və adi insanlar barəsində bir məqamı deyim və bunlar bir-biri ilə səhv salınmasın.

Xüsusi insanlar kimlərdir? Xüsusi bir təbəqədirlərmi? Cavab mənfidir. Çünki xüsusi insanların arasında savadlı adamlarla yanaşı savadsız adamlar da var. Bəzən biri savadsızdır, lakin xüsusi qrupdandır. Yəni dərs oxumasa, məktəbə getməsə, diplomu olmasa, ruhani libası geyinməsə belə, nə etdiyini anlayır, qərar çıxarıb iş görür, hadisələrə dair baxışı var.

İnqilabın qələbəsindən bir qədər öncə mən İranşəhrdə sürgündə idim. Qonşu rayonların birində bir neçə tanışımız vardı. Bunların biri sürücü idi, biri azad peşə ilə məşğul idi, sözün xüsusi mənasında elm və mədəniyyət adamı deyildilər. İlk baxışda onlar adi görünürdülər. Buna baxmayaraq xüsusi insanlar qrupundan idilər. Onlar bizi görmək üçün tez-tez İranşəhrə gəlir və şəhərlərindəki ruhani ilə söhbətlərindən danışırdılar. Şəhərlərinin ruhanisi yaxşı insan idi, lakin adi qrupundan idi. Diqqət yetirirsiniz? Kompressor maşinisti xüsusi insanlar qrupundan, möhtərəm ruhani, camaat imamı isə adi insanlar qrupundan idi. Misal üçün, o ruhani deyirdi ki, nə üçün Peyğəmbərin (s) adı gələndə bir salavat, ağanın adı gələndə isə üç salavat deyirsiniz? Bunu anlamırdı. Sürücü ona cavab verirdi ki, əgər mübarizəmiz bitsə, İslam qalib gəlsə, inqilab zəfər çalsa, biz nəinki üç salavat, heç bir salavat da deməyəcəyik. Bu gün bu üç salavat mübarizədir. Sürücü dərk edirdi, ruhani isə dərk etmirdi.

Bu misalı dedim ki, xüsusi insan qrupunun mənasının hansısa libas sahibi olmadığını biləsiniz. Kişi də ola bilər, qadın da; təhsilli də ola bilər, təhsilsiz də; sərvətli olması da mümkündür, yoxsul olması da; dövlət idarələrində xidmət göstərən insan olması da mümkündür, tağutun müxaliflərindən olması da. Xüsusi insanlar qrupu dedikdə (bunun da yaxşısı və pisi var) o şəxsləri nəzərdə tuturuq ki, bir iş görmək istəyəndə, bir mövqe bildirəndə, bir yol seçəndə, bunu fikir və təhlil əsasında edirlər. Dərk edirlər, qərar verirlər və iş görürlər. Bunlar xüsusi insanlardırlar. Bunun qarşı tərəfi adidir. Adi odur ki, şərait bir tərəfə yönəldikdə, onlar da onun ardınca gedirlər və təhlil qabiliyyətləri yoxdur. Bir dəfə xalq deyir “yaşasın”, bu da baxıb deyir ki, “yaşasın”; bir dəfə xalq deyir ki, “ölüm olsun” bu da baxıb deyir ki, “ölüm olsun”; bir şəraitdə, buraya gəlir, başqa şəraitdə oraya gedir.

Fərz edin, bir dəfə həzrət Müslim Kufəyə daxil olur. Deyirlər İmam Hüseynin (ə) əmisi oğlu gəldi, Bəni-Haşim ailəsi gəldi, gedək, bunlar qiyam etmək, bunlar hakimiyyətə qarşı çıxmaq istəyirlər və sair. Onda bu da həvəslənib gedir həzrət Müslimin ətrafına, onunla beyət edən 18 mindən biri olur. Beş-altı saatdan sonra qəbilə başçıları Kufəyə gəlib xalqa deyirlər ki, nə edirsiniz, kiminlə vuruşursunuz, kimi müdafiə edirsiniz, sizi bədbəxt edərlər! Bunlar da Müslimi tək qoyub evlərinə qayıdırlar. Sonra İbn Ziyadın əsgərləri Tuənin evini mühasirəyə alıb Müslimi tutmaq istədikdə, bunlar da evlərindən bayıra çıxıb Müslimin əleyhinə vuruşurlar. Etdikləri fikir, təyin və düzgün təhlil əsasında olmur. Şərait necə tələb edirsə, elə hərəkət edirlər. Bunlar adi insanlar qrupundandırlar. Buna əsasən, hər bir cəmiyyətdə xüsusi insanlar da var, adi insanlar da. Hələlik adi qrupu kənara qoyub, xüsusi insanlar barədə danışaq.


Haqq və batil cəbhələrinin xüsusi insanları


Xüsusi insanlar təbii ki, iki cəbhədədirlər: haqq cəbhəsinin xüsusi insanlar qrupu və batil cəbhəsinin xüsusi insanlar qrupu. Bəziləri fikir, elm və bilgi adamıdırlar və haqq cəbhəsi üçün işləyirlər. Onlar haqqın hansı cəbhədə olduğunu dərk edir, haqqı tanıyır, öz seçimləri əsasında işləyir, hərəkət edirlər. Bunlar bir dəstədir. Bir dəstə də haqqın qarşı tərəfində və haqla ziddiyyətdə olan dəstədir. Əgər yenə də erkən İslam dövrünə qayıtsaq, belə deməliyik ki, bir qrup Əmirəlmömininin (ə) və İmam Hüseynin (ə) səhabələri və Bəni-Haşim tərəfdarlarıdırlar, başqa bir qrup da Müaviyənin səhabələri və Bəni-Üməyyə tərəfdarları. Bəni-Üməyyə tərəfdarları arasında fikirli, ağıllı və zirək insanlar vardı. Onlar da xüsusi insanlar qrupundan idilər.

Deməli, hər bir cəmiyyətdə xüsusi insanlar haqq tərəfdarı olan və batil tərəfdarı olan xüsusi insanlara bölünürlər. Siz batil tərəfdarı olan xüsusi insanlardan nə gözləyirsiniz? Bəllidir ki, gözlənilən onların oturub haqq əleyhinə və sizin əleyhinizə proqram hazırlamasıdır. Buna görə onlarla vuruşmalısınız. Batil tərəfdarı olan xüsusi insanlarla vuruşmaq lazımdır. Buna şübhə yoxdur.


Tarixdə şəxslərin rolu


Mən söhbət edərkən özünüz təyin edin, görün haradasınız. Mətləb beyinə ipucu verməlidir, yəni tarixi nağılla səhv salmayaq. Tarix, yəni bizim bioqrafiyamız. Tarix, yəni mən və siz; yəni bu gün burada olanlar. Deməli, biz tarixi izah ediriksə, hər birimiz baxıb görməliyik ki, əhvalatın hansı hissəsində yerləşmişik. Sonra görək bizim kimi bu hissədə yerləşmiş şəxs o zaman necə əməl etdi ki, zərbəyə məruz qaldı. Biz də ehtiyatlı olub elə əməl etməyək.

Fərz edin siz taktika dərslərində iştirak etmisiniz. Orada misal üçün, fərz olunmuş düşmən cəbhəsini müəyyən edirsiniz. Özünüzün fərzi cəbhənizi də müəyyən edirsiniz. Sonra öz cəbhənizin yanlış taktikasını görürsünüz, anlayırsınız ki, planınızın müəllifi filan səhvə yol vermişdir. Siz yeni taktika hazırlamaq istədikdə daha həmin səhvi etmirsiniz. Yaxud misal üçün, taktika düzgün olub, lakin sizin cəbhənizdə komandir, yaxud rabitəçi, yaxud topçu, yaxud qasid və ya sadə əsgər səhvə yol verib. Anlayırsınız ki, siz o səhvi təkrarlamamalısınız. Tarix belədir.

Siz erkən İslam çağının izah etdiyim səhnəsində özünüzü tapın. Bəziləri adi qrupdandırlar, qərar vermək bacarıqları yoxdur. Adi insanlar öz bəxtlərindən asılı olaraq, əgər təsadüfən İmam Əmirəlmöminin (ə) və bizim imamımız kimi rəhbərlərin iş başında olduğu, cəmiyyəti cənnətə sarı apardığı dövrdə yaşasalar, yaxşıların vasitəsi ilə cənnətə sarı aparılacaqlar. Lakin əgər bəxtləri gətirməsə və “Biz onları cəhənnəm oduna çağıran rəhbərlər etdik” və yaxud ”(Ey Rəsulum!) Məgər Allahın nemətini küfrə dəyişənləri və ümmətini ölüm yurduna sövq edənləri görmürsənmi? Onlar cəhənnəmə daxil olacaqlar. Ora necə də pis sığınacaqdır!” dövründə yaşasalar, cəhənnəmə doğru gedəcəklər. Deməli, adi insanlar qrupuna düşməmək üçün ehtiyatlı olmaq lazımdır. Adi insanlar qrupundan olmamaq üçün nə etməliyik? Adi qrupdan olmamağın mənası bu deyil ki, mütləq ali təhsil almaq lazımdır. Xeyr, qeyd etdim ki, adi qrupun mənası bu deyil. Ali təhsilli olanların çoxları da adi qrupdandırlar, dini təhsili olan şəxslərin çoxunun da bu qrupdan olması mümkündür. Yoxsul, yaxud sərvətli olanların çoxu adi qrupundan ola bilərlər. Adi olub-olmamaq bizim öz əlimizdədir. Bu sıraya qoşulmamaq üçün ehtiyatlı olmalıyıq, yəni gördüyümüz hər bir iş bəsirət (aydın baxış) üzündən olmalıdır. Bəsirət üzündən iş görməyən şəxs adidir. Buna görə görürük ki, Quranda Peyğəmbər (s) barəsində buyurur: “Mən və mənə tabe olan (möminlər) bəsirətlə Allaha çağırırıq”. Yəni mən və ardıcıllarım bəsirətlə iş görürük, dəvət edirik və irəliləyirik. Deməli, əvvəl görün avam insanlar qrupundansınız, yoxsa yox. Əgər adi qrupdan olsanız, sürətlə özünüzü o qrupdan xaric edin, çalışın təhlil qabiliyyətiniz olsun, seçə biləsiniz və bilgi əldə edəsiniz.

İslam cəmiyyətinin sığortalanma şərti


Xüsusi insanlar qrupuna gəldikdə isə, baxmalıyıq ki, görək haqq tərəfdarı olan xüsusi insanlar qrupundanıq, yoxsa batil tərəfdarı olan xüsusi insanlar qrupundan. Burada məsələ bizə aydındır. Bizim cəmiyyətimizin xüsusi insanları haqq tərəfdarı olan xüsusi insanlardır. Buna şübhə yoxdur. Çünki Qurana, sünnəyə, itrətə, Allah yoluna və İslam dəyərlərinə dəvət edirlər. Bu gün İslam Respublikası haqq tərəfdarı olan xüsusi insanlara malikdir. Deməli, batil tərəfdarı olan xüsusi insanlar qrupunun məsələsi ayrıdır və hələlik onlarla işimiz yoxdur. Biz haqq tərəfdarı olan xüsusi insanlar barəsində danışırıq.

Məsələnin əsas çətinliyi bundan sonra başlayır. Mənim əzizlərim, haqq tərəfdarı olan xüsusi insanlar qrupu iki yerə bölünür: Bir növü dünya, həyat, məqam, ehtiras, pul, ləzzət, rahatlıq və ad-san və bütün bu kimi faydalar qarşısında olan şəxslərdirlər. Bu saydıqlarımızın hamısı yaxşı bəhrələrdir, hamısı həyatın gözəlliklərindəndir: ”Dünya həyatının bəhrəsi”. Bunlar dünyəvi həyatın bəhrələridir. Quranda "dünya həyatının bəhrəsi“ ifadəsinin mənası bu deyil ki, həmin bəhrələr pisdir. Xeyr, bunlar həyatın bəhrələridir və Allah sizin üçün yaratmışdır. Lakin əgər həyatın bu bəhrələrinə və faydalarına, Allah eləməmiş, son dərəcə məftun olsanız, çətin vəzifə qarşıya çıxdıqda, əl çəkə bilməsəniz, bu fəlakətdir. Əgər dünya bəhrələrindən istifadə edərkən çətin imtahan qarşıya çıxdıqda, o bəhrələrdən asanlıqla əl çəkə bilsəniz, bu başqa bir şeydir.

Görürsünüz ki, hətta haqq tərəfdarı olan xüsusi insanlar qrupu da iki qismə bölünür. Bu məsələlərə diqqət və mütaliə lazımdır. Təsadüfi şəkildə cəmiyyəti, quruluşu və inqilabı sığortalamaq olmaz. Mütaliə ilə, diqqətlə və düşüncə ilə araşdırmaq lazımdır. Əgər bir cəmiyyətdə haqq tərəfdarı olan xüsusi insanların yaxşı növü, yəni lazım olduqda dünya ləzzətlərindən əl çəkə bilənlər əksəriyyət təşkil etsə, İslam cəmiyyəti heç zaman İmam Hüseyn (ə) dövründəki cəmiyyətin aqibətinə düçar olmayacaq və əmin olun ki, əbədi olaraq sığortalanacaq. Amma əgər məsələ əksinə olsa və haqq tərəfdarı olan xüsusi insanların digər növü - yəni dünya ləzzətlərinə uyanlar, haqqı tanıyan, lakin dünya ləzzətləri qarşısında ayaqları titrəyənlər əksəriyyətdə olsalar, böyük müsibət olacaq.

"Əgər xüsusi insanlar dünyanı seçsələr, onda necə?"


Ümumiyyətlə, dünya nədir? Dünya, yəni pul, yəni ev, yəni ehtiras, yəni vəzifə, yəni ad-san, yəni post və vəzifə, yəni can. Əgər kimlərsə canlarını qorumaq üçün Allah yolunu tərk etsələr, haqqı deməyin lazım olduğu yerdə deməsələr, canlarının təhlükəyə düşməsindən qorxsalar, yaxud vəzifələri üçün, peşələri üçün, pulları üçün, övlada, ailəyə, yaxınlarına və dostlarına məhəbbətləri üçün Allah yolunu tərk etsələr, o zaman Hüseyn ibn Əlilər Kərbəlaya gedəcək və qətlgaha çəkiləcəklər. O zaman yezidlər iş başına gələcək, Bəni-Üməyyə Peyğəmbərin (s) qurduğu bir ölkədə min ay hakimiyyət sürəcək, imamət şahlığa çevriləcək.

İslam cəmiyyəti imamət cəmiyyətidir, yəni cəmiyyətin başında imam durur. Bu insanın gücü var, lakin xalq imanla və ürəkdən ona itaət göstərir. Sultan və padşah isə xalqa zorla hakimiyyət edir. Xalq onu sevmir, xalq onu qəbul etmir, xalq ona inanmır (əlbəttə, başları bədənlərinə dəyən xalq). Eyni zamanda zorla və güclə xalqa hakimiyyət edirlər. Bəni-Üməyyə İslamda olan imaməti şahlığa və sultanlığa çevirib min ay - yəni 90 il böyük İslam dövlətində hakimiyyətdə oldu. Bəni-Üməyyənin əsasını qoyduğu əyri bina elə idi ki, onların əleyhinə baş verən inqilabdan və onların süqutundan sonra da həmin yanlış struktur Bəni-Abbasın ixtiyarına keçdi. Bəni-Abbas 6 əsrə qədər Peyğəmbərin (s) xəlifəsi və canişini adı ilə İslam dünyasına hakim oldu. Bu xanədanın xəlifələri, daha doğrusu padşahları şərab, fəsad, pozğunluq, xəbislik, dünyagirlik, kübarlıq və min növ başqa fəsad və günah adamı idilər; dünyanın digər padşahları kimi. Onlar məscidə gedib xalq üçün namaz qılırdılar, camaat da onlara iqtida edirdi. O hakimiyyət bir qədər çarəsizlikdən, daha çox səhv və yanlış etiqadlardan qaynaqlanırdı. Çünki xalqın etiqadını korlamışdılar.

Bəli, haqq tərəfdarı olan xüsusi insanlar qrupu, yaxud onların böyük əksəriyyəti bir cəmiyyətdə mahiyyətlərini dəyişdirib yalnız öz dünyalarına əhəmiyyətli yanaşdıqda, can qorxusundan, sərvətlərinin azalması qorxusundan, məqam və vəzifələrinin əldən çıxması qorxusundan, pis baxılması qorxusundan və yalqız qalmaq qorxusundan batil hakimiyyəti qəbul edib batil qarşısında dayanmadıqda, haqqı müdafiə etmədikdə, canlarını qoruduqda, o zaman İslam dünyasında Hüseyn ibn Əlinin (ə) elə vəziyyətdə şəhidlik faciəsi başlanır. Hökumət Bəni-Üməyyəyə, onun Mərvan qanadına, sonra Bəni-Abbasa və axırda da İslam dünyasında bu günə qədər davam edən şahlar silsiləsinə çatır.

Bu gün İslam dünyasına, İslamın müxtəlif ölkələrinə, Allah evinin və Peyğəmbər (s) şəhərinin yerləşdiyi məmləkətə baxsanız, hansı fasiq və günahkarların hakimiyyət başında olduğunu görərsiniz. Digər məmləkətləri də o məmləkətlə müqayisə edin. Çünki siz Aşura ziyarətnaməsində belə deyirsiniz: ”İlahi, Məhəmməd və Ali-Məhəmmədə (s) zülm edən ilk zalıma lənət elə!” Birinci növbədə ilk bünövrəni qoyana lənət göndəririk. Doğrusu da budur.

İndi ibrətli Aşura hadisəsinin təhlilinə bir qədər yaxınlaşdığımızdan, tarixə müraciət edirik.

Peyğəmbərin (s) vəfatından sonra xüsusi insanlar qrupunun büdrəməsi


Haqq tərəfdarı olan xüsusi insanlar qrupunun azma dövrü Peğəmbərin vəfatından təxminən 7-8 il sonra başladı. Xilafət məsələsi ilə ümumiyyətlə işimiz yoxdur. Xilafət məsələsi indi demək istədiyim çox təhlükəli cərəyandan fərqli bir məsələdir. Hadisələr Peyğəmbərin (s) vəfatından sonra 10 ildən az bir zamanda başlandı. Öncə İslamda xidməti olanlar - səhabələr və Peyğəmbər (s) dövrünün müharibələrində iştirak etmiş şəxslər xüsusi imtiyazlardan bəhrələndilər. Beytül-maldan daha artıq maddi bəhrələnmə o imtiyazlardan biri idi. Deyirdilər ki, onların digərləri ilə bərabər olması düzgün deyil, onları digərləri ilə eyni bilmək olmaz. Bu birinci təməl idi. Yayınma ilə nəticələnən hərəkətlər belə az nöqtədən başlanır və sonra hər bir addım sonrakını daha da sürətləndirir. Yayınmalar bu nöqtədən başladı, nəhayət Osmanın dövrünün ortalarına qədər çatdı. Üçüncü xəlifənin dövründə vəziyyət elə oldu ki, Peyğəmbərin (s) böyük səhabələri öz dövrlərinin ən böyük sərmayədarlarından sayıldılar. Diqqət yetirirsiniz? Yəni adları məşhur olan bu uca məqamlı səhabələrin - Təlhənin, Zübeyrin, Səd ibn Əbu Vəqqasın və digərlərinin hər birinin Bədrdə, Hüneyndə və Ühüddə qalın bir kitablıq iftixarlı keçmişi vardı. Onlar İslamın sərmayədarlarının birinci sırasında yer aldılar. Onların biri öldükdə ondan qalmış qızılları varisləri arasında bölmək istəyəndə əvvəlcə qızıl külçə formasına saldılar və sonra balta ilə qırıb bölməyə başladılar; balta ilə kiçik parçalara bölünən odun kimi. Qızılı adətən misqalla ölçürlər. Görün nə qədər olub ki, onu balta ilə qırırmışlar. Bunlar tarixdə qeyd olunmuşdur. Elə məsələlər deyil ki, şiələrin öz kitablarında yazdıqlarını deyək. Bunlar hamının yazmağa və qeyd etməyə çalışdığı həqiqətlərdir. Onlardan qalan dirhəm və dinarların miqdarı fantastik idi.

Əmirəlmömininin (ə) hökuməti dövründə xüsusi insanlar qrupunun rolu


Həmin vəziyyət Əmirəlmömininin (ə) dövründəki məsələləri vücuda gətirdi. Yəni o həzrətin dövründə bəziləri üçün vəzifə önəm kəsb etdiyindən Əli (ə) ilə vuruşdular. Peyğəmbərin (s) vəfatından ötən 25 ildə çoxlu səhvlərə yol verilmişdi. Əmirəlmömininin (ə) nəfəsi Peyğəmbərin (s) nəfəsi idi. Əgər 25 il fasilə yaranmasaydı, Əmirəlmöminin (ə) o cəmiyyəti qurmaq üçün problemlə üzləşməzdi. Lakin onun rastlaşdığı cəmiyyət dəyərlərin dünyagirlik şüası altında itdiyi bir cəmiyyət idi. Elə bir cəmiyyət idi ki, Əmirəlmöminin (ə) xalqı cihada aparmaq istədikdə, onun üçün bütün bu problemlər və başağrıları yaranırdı. Onun dövrünün haqq tərəfdarı olan, yəni haqqı tanıyan xüsusi insanlarının əksəriyyəti dünyanı axirətdən üstün tutan şəxslər idilər. Nəticədə Əmirəlmöminin (ə) məcburi şəkildə üç müharibəyə qoşuldu. Öz hakimiyyətinin 4 il 9 aylıq ömrünü həmişə bu müharibələrdə keçirdi və nəhayət həmin xəbis adamların biri tərəfindən şəhadətə çatdı.

Əmirəlmömininin (ə) qanı İmam Hüseynin (ə) qanı qədər dəyərlidir. Siz Varis ziyarətnaməsində belə oxuyursunuz: ”Salam olsun sənə, ey Allahın qanı və Allah qanının oğlu!” Yəni Allah-Taala İmam Hüseynin (ə) və onun atası Əmirəlmömininin (ə) qanının sahibidir. Bu təbir başqa heç kəs üçün işlədilməmişdir. Yerə tökülən hər bir qanın sahibi vardır. Kimsə öldürülürsə, atası qan sahibidir, övladı qan sahibidir, qardaşı qan sahibidir. Ərəblər qan sahibliyinə "sar" deyirlər. İmam Hüseynin (ə) “sar”ı Allaha məxsusdur. Yəni İmam Hüseynin (ə) və böyük atasının qan haqqı Allahın özünə məxsusdur. Bu iki nəfərin qan sahibi Pərvərdigarın öz müqəddəs zatıdır.



İmam Həsənin (ə) seçimi


Əmirəlmöminin (ə) İslam cəmiyyətinin o zamankı vəziyyətinə görə şəhid edildi. Sonra növbə İmam Həsənin (ə) imamətinə çatdı. Həmin vəziyyətdə o həzrətin rəhbərliyi 6 aydan artıq olmadı. Onu çox yalqız qoydular. İmam Həsən Müctəba (ə) bilirdi ki, əgər həmin azsaylı səhabələri və tərəfdarları ilə Müaviyə ilə vuruşsa və şəhid edilsə, İslam cəmiyyətinin xüsusi insanlar qrupuna hakim olan əxlaqi tənəzzül onun qanını almağa imkan verməyəcək. Müaviyənin təbliğatı, pulu və zirəkliyi hamını ələ alacaq və bir-iki ildən sonra xalq deyəcək ki, İmam Həsən (ə) əbəs yerə Müaviyənin qarşısında baş qaldırdı. Buna görə o bütün çətinliklərə dözdü və özünü şəhadət meydanına atmadı. Çünki qanının hədər gedəcəyini bilirdi.

Bəzən şəhid olmaq həyatda qalmaqdan daha asan olur. Doğrudan da belədir. Mənəviyyat, diqqət və hikmət adamları bu məqamı yaxşı dərk edə bilərlər. Bəzən diri qalmaq, bir mühitdə yaşamaq, çalışmaq öldürülməkdən, şəhid olmaqdan və Allahın görüşünə getməkdən daha çətin olur. İmam Həsən (ə) bu çətin yolu seçdi.


İmam Hüseynin (ə) imamlığı dövründə xüsusi insanlar qrupunun rolu


O zamanın vəziyyəti belə oldu, xüsusi insanlar təslim oldular və hərəkət etmədilər. Yezid iş başına gəldikdən sonra onunla vuruşmaq mümkün oldu. Başqa sözlə desək, Yezidin malik olduğu pis vəziyyət səbəbindən, onunla döyüşdə öldürülən şəxsin qanı tapdanmayacaqdı. İmam Hüseyn (ə) bu səbəbdən qiyam etdi. Yezidin dövründə vəziyyət elə idi ki, qiyam yeganə mümkün seçim görünürdü. Bu, İmam Həsənin (ə) dövrü kimi deyildi. O zaman şəhid olmaq və yaşamaq seçimləri vardı və yaşamağın savabı, təsiri və zəhməti öldürülməkdən artıq idi. Buna görə İmam Həsən (ə) çətin seçimi etdi. Lakin İmam Hüseynin (ə) dövründə vəziyyət elə deyildi. Yalnız bir seçim mövcud idi, diri qalmaq mənasız idi, qiyam etməmək mənasız idi. Buna görə qiyam etməli idi. Əgər o, qiyam nəticəsində hakimiyyətə gəlsəydi gəlmişdi, öldürülsəydi öldürülmüşdü. Amma yolu göstərməli, bayrağı yola sancmalı idi ki, vəziyyət belə olduqda hərəkətin necə olacağı bilinsin.

İmam Hüseyn (ə) qiyam qaldırdıqda İslam cəmiyyətinin malik olduğu əzəmətinə rəğmən, xüsusi insanların çoxu onun yanına gəlmədi və kömək etmədi. Görün bir cəmiyyətdə öz dünyalarını asanlıqla İslam dünyasının gələcək əsrlərdəki taleyindən önəmli sayan xüsusi insanların vasitəsi ilə vəziyyət nə qədər pisləşir.


İmam Hüseynin (ə) Abdullah ibn Zübeyrlə fərqi


İmam Hüseynin (ə) qiyamının hadisələrinə və onun Mədinədən hərəkətinə baxarkən bir məqamla rastlaşdım. O həzrətin Mədinədən xaric olmasından bir gecə öncə Abdullah ibn Zübeyr o şəhərdən çıxmışdı. Hər ikisi həqiqətən eyni vəziyyətdə idilər; amma İmam Hüseyn (ə) hara, Abdullah ibn Zübeyr hara? İmam Hüseynin (ə) sözü, müqaviməti və müraciəti elə möhkəm idi ki, Mədinə şəhərinin o zamankı valisi Vəlid onunla ucadan danışmağa cürət etmirdi. Mərvan o həzrətə qarşı bir kəlmə söz dedi, tənqidi yersiz olduğundan həzrət ona elə reaksiya verdi ki, yerində oturmağa məcbur oldu. Lakin həmin Mərvan kimilər Abdullah ibn Zübeyrin evini mühasirəyə aldılar. Abdullah qardaşını onların yanına göndərib dedi ki, icazə verin hələlik darülxilafəyə gəlməyim. Onu təhqir edib dedilər ki, səni məhv edərik, əgər evindən çıxmasan öldürərik və s. Onu elə hədələdilər ki, Abdullah ibn Zübeyr yalvarıb dedi: ”Onda icazə verin hələlik qardaşımı göndərim, özüm sabah darül-xilafətə gələrəm”. O qədər təkidlə yalvardı ki, biri vasitəçilik edib ona bir gecə möhlət verilməsini istədi.

Abdullah ibn Zübeyr tanınmış və nüfuzlu şəxsiyyət olsa da, onun vəziyyəti İmam Hüseyndən (ə) fərqlənirdi. Heç kim o həzrətlə kobud danışmağa cürət göstərmirdi. Mədinədən çıxdıqda da, istər yolda, istər Məkkədə kim yanına gəlib onunla həmsöhbət olurdusa, müraciət forması ”qurban olum”, “ata-anam sənə fəda olsun” idi. İmam Hüseynlə (ə) ümumi rəftar belə idi. Onun İslam cəmiyyətindəki şəxsiyyəti belə uca və dəyərli idi. Abdullah ibn Müti Məkkədə İmam Hüseynin yanına gəlib dedi: ”Ey Allah Rəsulunun oğlu, əgər sən qiyam edib öldürülsən, səndən sonra hökumət başında olanlar bizi kölə edəcəklər. Bu gün sənin hörmətindən, sənin qorxundan və heybətindən öz adi yolları ilə gedirlər".

Xüsusi insanlar arasında İmam Hüseynin (ə) məqamı o qədər əzəmətlidir ki, hətta İbn Abbas onun qarşısında təzim göstərir, Abdullah ibn Cəfər təzim göstərir, Abdullah ibn Zübeyr (həzrətdən xoşu gəlməsə də) təzim göstərir. Böyüklər və haqq əhli olan xüsusi insanların hamısı onun əzəmətli məqamı qarşısında təzim göstərirlər. Ona təzim göstərənlər haqq cəbhəsinin xüsusi insanlarıdırlar, hökumətin tərəfdarı deyillər, Bəni-Üməyyə tərəfdarı deyillər, batilin tərəfdarı deyillər. Onların arasında hətta Əmirəlmöminini (ə) qəbul edən, onu birinci xəlifə bilən çoxlu şiələr də var, amma bunların hamısı hakim rejimin sərt tədbirləri ilə qarşılaşdıqda, canları, rahatlıqları, vəzifələri və pulları üçün təhlükə yarandığını gördükdə geriyə çəkilirlər. Bunlar geri çəkildikdə xalqın adi qrupu da geriyə üz tutur.

Kufə macərası


Kufədən İmam Hüseyn (ə) üçün məktub yazıb onu dəvət edən şəxslərin adlarına baxdıqda, hamısının cəmiyyətin xüsusi insanlar qrupundan, seçilmiş və görkəmli şəxslərdən olduğunu görürük. Məktubların sayı çoxdur. Kufədən İmam Hüseyn (ə) üçün yüzlərlə səhifə, bəlkə də bir neçə xurcun, yaxud böyük bağlama məktub göndərildi. Bütün məktubları böyüklər, başçılar, görkəmli və adlı-sanlı şəxsiyyətlər və həmin xüsusi insanlar qrupundan olanlar yazmışdılar. Lakin məktubların məzmununa və tonuna baxdıqda bəlli olur ki, haqq tərəfdarı olan bu xüsusi insanların hansı dinini dünyasına qurban verməyə hazır olan, hansı dünyasını dininə qurban verməyə hazır olan şəxsdir. Məktubları ayırmaqla anlamaq olar ki, dinlərini dünyaya qurban verməyə hazır olanların sayı çoxdur. Nəticədə Müslim ibn Əqil Kufədə şəhid edilir. 18 min əhalisi Müslimlə beyət etmiş bu Kufədən 20-30 min nəfər, yaxud daha artıq insan İmam Hüseynlə (ə) vuruşmaq üçün Kərbəlaya yollanır. Yəni xüsusi insanlar qrupunun hərəkətinin arxasınca adi insanların hərəkəti gəlir.

Bilmirəm həmişə sayıq insanları düşündürən bu həqiqətin əzəməti bizim üçün tam aydın olur, yoxsa yox. Kufə hadisələrini mütləq eşitmisiniz. İmam Hüseynə (ə) məktub yazdılar. O həzrət ilk addımda Müslim ibn Əqili Kufəyə göndərdi. Düşündü ki, Müslimi göndərərəm, əgər vəziyyətin əlverişli olduğunu xəbər versə, özüm də Kufəyə yollanaram. Müslim ibn Əqil Kufəyə daxil olan kimi şiə böyüklərinin evinə getdi və həzrətin məktubunu oxudu. Xalq dəstə-dəstə gəlib hamısı hörmət bildirdilər. Kufənin hakimi olan Nöman ibn Bəşir zəif və mülayim bir şəxs idi. O dedi ki, kimsə mənimlə vuruşmasa, mən onunla vuruşmaram. Buna görə Müslimlə vuruşmadı. Şəraiti sakit və meydanı açıq görən xalq həzrətlə əvvəlkindən daha artıq beyət etdi. Batil cəbhəsinin, yəni Bəni-Üməyyə tərəfdarlarının xüsusi insanlar qrupundan iki-üç nəfər Yezidə məktub yazdı ki, əgər Kufəni istəyirsənsə, valilik üçün layiqli bir şəxs yolla, çünki Nöman ibn Bəşir Müslim ibn Əqilin qarşısında müqavimət göstərə bilmir. Yezid də Bəsrənin hakimi olan Übeydullah ibn Ziyada fərman verdi ki, Bəsrədən əlavə Kufəni də öz hakimiyyəti altına alsın. Übeydullah ibn Ziyad Bəsrədən Kufəyə qədər dayanmadan çapdı. Onun Kufəyə gəlişində də xüsusi insanlar qrupunun rolu bəlli olur. Əgər imkan yaransa, onun bir hissəsini sizə danışacağam. O, Kufə darvazasına çatanda gecə idi. Kufənin adi camaatı - təhlil qabiliyyətinə malik olmayan adi insanları atlı bir şəxsin dəm-dəsgahla və üzü niqablı halda şəhərə daxil olduğunu gördükdə, elə bildilər İmam Hüseyndir (ə), irəliyə qaçıb "salam olsun sənə, ey Allah Rəsulunun oğlu" – deyə təzim etdilər.


Müslim - Kufənin yalqız sərdarı


Adi şəxsin xüsusiyyəti belədir. Təhlil adamı olmayanlar atlı bir şəxsin dəm-dəsgahla daxil olduğunu gördükdə onunla bir kəlmə danışmadan yanlış təsəvvür etdilər. Biri "o, İmam Hüseyndir" deyən kimi, hamısı "İmam Hüseyn! İmam Hüseyn!" – deyə haray salıb ona salam verdilər, xoş gəldin dedilər, həqiqətin aydın olmasını gözləmədilər. Übeydullah da onlara etina etmədi, özünü darül-imarəyə çatdırıb oradan Müslim ibn Əqilə qarşı mübarizə planının icrasına başladı. Onun əsas işi Müslim ibn Əqilin tərəfdarlarını ağır təzyiqlə təhdid və işgəncə etməkdən ibarət idi. Bu məqsədlə Hani ibn Ürvəni hiylə və kələklə darül-imarəyə gətirdi, onu döyməyə başladı. Xalqın bir qrupu onun rəftarına etiraz üçün darül-imarəni mühasirəyə aldıqda, yalan və hiylədən istifadə edib onları dağıtdı. Bu dövrdə də, necə deyərlər, haqq tərəfdarı olan, haqqı tanıyıb seçən, lakin dünyalarını ondan önə keçirən xüsusi insanlar qrupunun rolu aşkar olur. Digər tərəfdən, həzrət Müslim çox adamla hərəkata başlamadı. İbn Əsirin tarixində göstərilir ki, 30 min nəfər Müslimin ətrafında toplanmışdı, bunların yalnız 4 min nəfəri onun iqamətgahının ətrafında dayanıb əllərində xəncər Müslim ibn Əqilin lehinə şüar verirdilər.

Bu hadisələr zilhiccə ayının doqquzuna aiddir. İbn Ziyadın gördüyü iş bu idi: xalqı qorxutmaq üçün xüsusi insanların bəzilərini onların içinə göndərdi. Xüsusi insanlar qrupu da xalqın arasında gəzib deyirdilər ki, kiminlə vuruşmaq istəyirsiniz? Nə üçün vuruşursunuz? Əgər yaşamaq istəyirsinizsə, evlərinizə qayıdın. Bunlar Üməyyə övladlarıdırlar, pulları, xəncərləri və qamçıları var. Xalqı qorxudub Müslimin ətrafından elə dağıtdılar ki, artıq işa namazında o həzrətin yanında heç kəs yox idi.

Sonra İbn Ziyad Kufə məscidinə getdi, hamıya elan etdi ki, əhali məscidə gəlib işa namazını mənim imamlığımla qılmalıdır.

Tarixçilər yazır ki, Kufə məscidi İbn Ziyadın arxasında işa namazına dayanan cəmiyyətlə doldu. Nə üçün belə oldu? Mən baxdıqda görürəm ki, haqq tərəfdarı olan xüsusi insanlar qrupu müqəssirdir. Onların bəziləri son dərəcə pis əməl etdilər. Məsələn kim? Məsələn Şüreyh Qazi. Şüreyh Qazi Bəni-Üməyyədən deyildi, haqqın kiminlə olduğunu bilirdi, nə baş verdiyini anlayırdı. Hani ibn Ürvəni yaralı şəkildə zindana atdıqda onun qəbiləsinin əsgərləri və üzvləri Übeydullah ibn Ziyadın qəsrinin ətrafını nəzarətə götürdülər.


Şüreyh Qazi tarixin məhkəməsində


İbn Ziyad qorxdu. Onlar deyirdilər ki, siz Hanini öldürmüsünüz. İbn Ziyad Şüreyh Qaziyə dedi ki, get gör Hani sağdırsa, bunu camaata xəbər ver. Şüreyh gördü ki, Hani ibn Ürvə sağdır, amma yaralıdır. Hani Şüreyhi görüb çığırdı ki, ey müsəlmanlar! Bu nə vəziyyətdir? Bəs mənim qəbiləm haradadır? Nə üçün mənim yanıma gəlmirlər? Nə üçün gəlib məni buradan xilas etmirlər? Məgər ölüblər? Şüreyh Qazi deyir ki, Haninin sözlərini darül-imarənin ətrafına toplanmış şəxslərə demək istəyirdim, amma təəssüf ki, Übeydullahın casusu orada idi və mən cürət etmədim. "Cürət etmədim" nə deməkdir? Yəni bizim dünyanı dindən üstün tutmaq adlandırdığımız məsələ. Bəlkə Şüreyh xalqa "Hani sağdır, amma yaralıdır, zindandadır və Übeydullah onu öldürmək istəyir" desəydi, Übeydullah hələ möhkəmlənmədiyindən, onlar tökülüb Hanini xilas edərdilər. Hanini xilas etməklə qüvvə əldə edərdilər, ruhiyyələri yüksələrdi, darül-imarəni mühasirə edər, Übeydullahı tutardılar; ya öldürərdilər, ya da göndərərdilər getsin. Sonra Kufə İmam Hüseynin (ə) olardı, daha Kərbəla hadisəsi baş verməzdi. Kərbəla hadisəsi baş verməsəydi, yəni İmam Hüseyn (ə) hakimiyyətə gələcəkdi. Hüseyn hökuməti əgər 6 ay da sürsəydi, tarix üçün çoxlu faydaları olardı. Hərçənd onun daha artıq sürməsi də mümkün idi.

Bəzən yerli bir hərəkat tarixi xilas edir və bəzən qorxudan, zəiflikdən, dünyagirlikdən və yaşamaq hərisliyindən qaynaqlanan yersiz bir hərəkat tarixi azğınlıq bataqlığına sürükləyir. Ey Şüreyh Qazi, nə üçün Haninin o vəziyyətdə olduğunu gördükdə haqqa şəhadət vermədin? Dünyanı dindən üstün tutan xüsusi insanlar qrupunun eybi və nöqsanı budur.


Xüsusi insanlar qrupunun səhlənkarlığı


Kufə şəhərinin daxilinə qayıdaq. Übeydullah ibn Ziyad Kufənin qəbilə başçılarına "gedin xalqı Müslimin ətrafından dağıdın, yoxsa evinizi yıxaram" dedikdə nə üçün ona itaət göstərdilər? Axı qəbilə başçılarının hamısı Əməvi (Bəni-Üməyyə qəbiləsindən) deyildilər və Şamdan gəlməmişdilər! Onların bəziləri İmam Hüseynə (ə) məktub yazanlardan idilər. Onlardan biri Şəbəs ibn Rəbi idi. O, İmam Hüseynə (ə) məktub yazıb onu Kufəyə dəvət etmişdi. O, Übeydullah "gedin xalqı Müslimin ətrafından dağıdın" deyəndə önə çıxıb Kufə əhalisini təhdid etməyə, tamahlandırmağa və qorxutmağa başlayan şəxslərdən idi.

Nə üçün bunu etdilər? Əgər Şəbəs ibn Rəbi kimilər həssas bir anda İbn Ziyaddan qorxmaq əvəzinə Allahdan qorxsaydılar, tarix dəyişərdi. Tutaq ki, adi adamlar dağıldılar, bəs Müslimin ətrafında olan mömin xüsusi insanlar nə üçün ondan əl çəkdilər? Onların arasında yaxşı və görkəmli şəxslər vardı, bəziləri sonradan Kərbəlada şəhid oldular, amma burada səhvə yol verdilər.

Sözsüz ki, Kərbəlada şəhid olanların səhvlərinin ödənci verildi. Onların barəsində danışmırıq, adlarını da çəkmirik. Lakin xüsusi insanların bəziləri Kərbəlaya da gedə bilmədilər, bu onlara nəsib olmadı. Düzdür, sonradan Təvvabin (tövbə edənlər) kimi mübarizə aparmağa məcbur oldular. Amma nə faydası? İmam Hüseyn (ə) öldürüləndən, Peyğəmbərin (s) övladı əldən gedəndən, faciə baş verəndən, tarixin hərəkəti enişə doğru başlayandan sonra daha nə faydası? Odur ki, tarixdə Təvvabin qrupunun sayı Kərbəla şəhidlərinin sayından bir neçə dəfə artıqdır, Kərbəla şəhidlərinin hamısı bir gündə öldürüldü, tövbə edənlər də bir gündə öldürüldülər, amma tövbə edənlərin tarixdəki rolu Kərbəla şəhidlərinin rolunun mində biri qədər də deyil. Ona görə ki, öz zamanında gəlmədilər, işi öz vaxtında görmədilər, gec qərar verdilər və gec seçim etdilər.

Nə üçün imamın nümayəndəsi olduğunu bildiyiniz Müslim ibn Əqili yalqız qoydunuz? Gəlmişdi, onunla beyət etmişdiniz, onu qəbul etmişdiniz. Adilərlə işimiz yoxdur, xüsusi insanları deyirəm. Nə üçün axşamüstü və axşam olanda Müslimi yalqız qoydunuz və o Tuənin evinə sığındı? Əgər xüsusi insanlar Müslimi yalqız qoymasaydılar və misal üçün, say 100 nəfərə çatsaydı, o 100 nəfər Müslimin ətrafını tutardı, birinin evi qərargah seçilərdi, dayanıb müdafiə olunardılar. Müslim tək olsa da, onu tutmaq bir neçə saat çəkdi. İbn Ziyadın əsgərləri bir neçə dəfə hücum etdilər, Müslim təkbaşına hamısını geriyə oturtdu. Əgər 100 nəfər onunla olsaydı, məgər tuta bilərdilər?! Əlavə insanlar da ətrafına toplaşardı. Deməli, bu mərhələdə xüsusi insanlar qrupu səhlənkarlıq edib Müslimin yanına gəlmədilər.


Xüsusi insanların rolu və daha üç tarixi nümunə


Baxın, hansı tərəfdən hərəkət ediriksə, xüsusi insanları görürük; xüsusi insanların vaxtlı qərarı, xüsusi insanların vaxtlı seçimi, xüsusi insanların lazımi anda dünyadan keçməsi, xüsusi insanların lazımi anlarda Allah üçün hərəkəti. Tarixi və dəyərləri xilas edib qoruyan bunlardır. Lazım olan anda lazım olan hərəkəti görmək lazımdır. Əgər geçiksəniz və vaxt ötsə, daha faydası yoxdur. Əlcəzairdə İslam cəbhəsi seçkiləri udmuşdu, lakin Amerikanın və digərlərinin təhriki ilə hərbi hökumət iş başına gəldi. Hərbi hökumətin formalaşdığı birinci gün onun gücü yox idi. Əgər həmin gün və hərbi hökumətin ilk saatlarında (mən onlara xəbər də göndərmişdim) İslam cəbhəsinin məsul şəxsləri xalqı küçələrə çıxara bilsəydilər, hərbi qüvvə heç bir iş görə bilməyəcəkdi, məhv olacaqdı və bu gün Əlcəzairdə İslam hökumətinin iş başında olması ilə nəticələnəcəkdi. Lakin addım atmadılar. Öz zamanında qərar verməli idilər, amma vermədilər. Bəziləri qorxdu, bəziləri zəiflik göstərdi, bəziləri işi pozdu, bəziləri də rəislik üstündə çəkişməyə başladılar.

1979-cu il fevral ayının yeddisində axşamüstü Tehranda hərbi hakimiyyət elan olundu. İmam xalqa buyurdu ki, küçələrə çıxın. Əgər imam həmin anda belə bir qərar verməsəydi, bu gün Məhəmmədrza bu məmləkətdə iş başında idi. Yəni əgər hərbi hökumətlə meydana çıxsaydılar və xalq öz evlərində qalsaydı, əvvəl imamı və rifah mədrəsəsinin sakinlərini, sonra digər bölgələrin əhalisini qətliam edəcəkdilər, Tehranda 500 min nəfəri öldürəcəkdilər və məsələ bitəcəkdi. Necə ki, İndoneziyada bir milyon nəfəri öldürdülər və bitdi. Bu gün də həmin cənab iş başındadır və çox hörmətli bir şəxsiyyətdir. Sanki heç nə baş verməyib. Amma imam lazım olan anda lazım olan qərarı verdi. Əgər xüsusi insanlar qrupu təyin etdikləri işi zamanında və vaxt itirmədən yerinə yetirsələr, tarix qurtulacaq və daha Hüseyn ibn Əlilər Kərbəlalara çəkilməyəcəklər. Əgər xüsusi insanlar pis anlasalar, gec anlasalar, bir-birləri ilə ixtilafa getsələr, tarixdəki Kərbəlalar təkrar olunacaq.

Əfqanlara baxın, iş başındakılar bacarıqlı insanlar idilər, lakin xüsusi insanlar təbəqəsi dəstəkləmədi. Biri dedi ki, bu gün bizim işimiz var, biri dedi ki, daha müharibə bitdi, bizdən əl çəkin, qoyun işimizin ardınca gedək, ticarətimizlə məşğul olaq. Bir neçə il hamı ot-ələf topladı, lakin biz cəbhələrdə gəzdik, bu cəbhədən o cəbhəyə getdik, bəzən qərb, bəzən cənub, bəzən şimal; daha bəsdir! Bəli, əgər belə etsələr, tarixdə həmin kərbəlalar təkrar olunacaq.

Allahın kömək vədi


Allah-Taala vəd verib ki, kim ona kömək etsə, o da ona kömək edəcək. Əgər kimsə Allah üçün çalışıb hərəkət etsə, qələbə ona nəsib olacaq. Belə deyil ki, hər bir nəfərə qələbə verəcəklər. Bir toplum hərəkət etdikdə, sözsüz ki, şəhadətlər var, çətinliklər var, əziyyətlər var, lakin qələbə də var: "Allah ona kömək edənə mütləq kömək edəcək". Buyurmur ki, kömək edəcəyik və heç kəsin burnundan qan da gəlməyəcək. Xeyr, öldürəcəklər və öldürüləcəklər, lakin qələbə əldə edəcəklər. Bu, Allahın qanunudur. Qanımızın tökülməsindən qorxsaq, pulumuzun və hörmətimizin hədər getməsindən qorxsaq, ailədən ötrü qorxsaq, dostlardan ötrü qorxsaq, öz rifah və rahatlığımızın pozulmasından qorxsaq, işimizi, qazancımızı və mövqeyimizi qorumaq üçün hərəkətdən qalsaq, mülkün və əkin sahəsinin genişlənməsi üçün hərəkətdən qalsaq, daha nə olacağı bəllidir. On İmam Hüseyn (ə) olsa da, hamısı şəhid ediləcəklər; necə ki, Əmirəlmöminin (ə) şəhid edildi; necə ki, İmam Hüseyn (ə) şəhid edildi.

Tarixin bir tövsiyəsi


Xüsusilər! Xüsusi insanlar qrupu! Mənim əzizlərim! Görün siz hansı dəstədənsiniz. Əgər xüsusi insanlar qrupundansınızsa (şübhəsiz ki, beləsiniz), diqqətinizi toplayın. Mənim sözüm təkcə budur. Əlbəttə, söhbət etdiyimiz mətləb çox ixtisarlı oldu. İki sahədə bu mətləb üzərində işlənilməlidir: Biri məsələnin tarixi hissəsidir. Əgər vaxtım olsaydı, özüm bu işi görərdim. Təəssüf ki, bu məsələlərlə məşğul olmaq üçün vaxtım qalmır. Hər halda, həvəskar mütəxəssislər axtarsınlar, tarixdə olan çoxsaylı nümunələri tapıb qeyd etsinlər ki, haralarda xüsusi insanlar əməl etməli idilər, amma etmədilər. Bu xüsusi insanların adları nədir? Kimlərdirlər? Əgər imkan olsaydı, mən və siz yorulmasaydıq, bu mövzuda, onların adları barəsində sizin üçün bir saat danışardım, çünki yadımdadır.

Xüsusi insanlar qrupunun vəzifəsi


İşlənilməsi lazım olan digər məsələ bunu hər dövrün vəziyyəti ilə tətbiq etməkdir; təkcə bizim dövrümüzlə yox, hər bir zamanla. Bəlli olmalıdır ki, hər bir zamanda öz vəzifələrini yerinə yetirmək üçün xüsusi insanlar qrupu nə etməlidir. "Dünya əsiri olmasınlar" yalnız bir cümlədir. Necə dünya əsiri olmasınlar? Bunun misalları və nümunələri nədir?

Mənim əzizlərim! Allah yolunda hərəkatın həmişə müxalifləri var. Bu xüsusi insanlardan biri yaxşı bir iş görmək istəsə, lazım olan işi yerinə yetirmək istəsə, xüsusi insanların özlərindən olan dörd nəfərin peyda olub "Cənab, işin-gücün yoxdur? Məgər dəlisən? Məgər arvad-uşağın yoxdur? Nə üçün bu işlərlə məşğul olursan?" - demələri mümkündür; necə ki, mübarizə dövründə deyirdilər.

Lakin o bir nəfər dayanmalıdır. Xüsusi insanların mücahidliyi üçün lazım olan məsələlərdən biri budur ki, sözlərin və məzəmmətlərin qarşısında dayansın. Günahlandırırlar, əleyhinə danışırlar, ittiham edirlər; problem yoxdur.

Cəmiyyətdə xüsusi insanların digər sınağı


Allaha şükür edirik ki, bizdə çox yaxşı seçkilər keçirildi. Xalq iştirak etdi və Allaha həmd olsun ki, yaxşı deputatlar seçildilər. Hökumət, Daxili İşlər Nazirliyi, prezident, Nəzarət Şurası - hamı Allahın lütfü ilə fəaliyyət göstərdi və seçkilər lazımi səviyyədə baş tutdu. Dörd nəfər bəsici (Keşikçilər Korpusunun könüllüləri) ölkənin harasındasa - Tehranda, yaxud filan şəhərdə iki kəlmə söz danışıb deyə hay-küy salırlar ki, cənab, Keşikçilər Korpusu seçkilərə qoşuldu, cənab, filan oldu. Bu sözlər nədir? Hanı? Nə zaman?

Bəli, belədir. Addım atıb hərəkət etmək istəyən kimi düşmən tapılır. Növbənöv düşmənlər var. Bəziləri dostdurlar, düşmən də deyillər, öz cəbhəmizdəndirlər, lakin anlamırlar, ayırd etmirlər, buna görə də şübhə yaradırlar. Əlbəttə, imamın buyurduğu kimi, Keşikçilər Korpusu, ordu və silahlı qüvvələr siyasətə müdaxilə etməməlidirlər. Lakin imamın sözünün mənası bu deyil ki, əzəmətli bəsic qüvvəsinin seçkilər kimi əzəmətli hadisədə layiqli və münasib hərəkət etməyə haqqı yoxdur. Nə üçün məsələləri bir-birinə qarışdırırlar? Korpus üzvləri də digər insanlar kimi hər bir işdə ağıllı şəkildə davranmalıdırlar. Sözsüz ki, imamın buyurduğu mənada siyasətə qarışmamaq öz qüvvəsində qalır. Kimsə indi siyasətin dəyişdiyini güman etməsin. Yəni imam öz dövründə buyurdu ki, siyasətə qarışmayın, amma indi deyirik ki, siyasətə qarışın. Xeyr, imamın buyruğu yerindədir, lakin nümunəsi bunlar deyil, misalı bunlar deyil. Dəyər adamları, mömin gənclər, ölkənin ən yaxşı gəncləri seçki məsələsində hərəkət etsinlər, işləsinlər, seçki qutularına getsinlər, nəzarət etsinlər, digərlərinin qanun pozuntularına mane olsunlar; bunlar qanunsuz işlər deyil.

Məqsəd budur ki, siz hər hansı bir hərəkət etsəniz, yaxud xüsusi insanlar hər hansı bir sahədə bir hərəkət etsələr (son hərəkət gələcəkdə baş verməsi mümkün olan böyük və əzəmətli işlərə nisbətən kiçik məsələdir), "nə üçün?" deyib irad bildirən şəxslər olacaq. Allaha şükür edirik ki, bu gün ölkəmiz Allah yolunda mücahidlik ölkəsidir, cihad ölkəsidir, fədakarlıq ölkəsidir, dəyərlər ölkəsidir. Ölkə məmurları, ölkənin böyükləri, böyük alimlər, natiqlər, təbliğatçılar, hətta bir çox sahələrdə universitetlər və digər mərkəzlər İslamın xidmətində, inqilabın xidmətində, dəyərlərin xidmətində hərəkət edirlər. Silahlı qüvvələr də bəllidir ki, dəyərlərin təzahürüdürlər. Keşikçilər Korpusunun, bu parlaq keçmişli qüvvələrin, belə diviziyaların vəziyyəti bəllidir. Bunlar nə qədər zəhmət çəkdilər, nə qədər dəyər yaratdılar! İndi də dəyər istəyindədirlər.

Son söz


Dinlədiyiniz, məhərrəm günləri münasibəti ilə demək istədiyimizin xülasəsi idi. Qeydlərimiz çox müxtəsər idi. Baxmayaraq ki, zaman bir qədər uzandı. Tez-tez bizə tövsiyə edirlər ki, çıxışlarınızı qısaldın, yorulmayın. Əslində sonra digər işləri görə bilmək üçün mən də özümü yormamağı məsləhət bilirəm. Lakin insan sizin kimi bir toplumla oturduqda nitqi açılır və yorğunluq hiss etmir.

Ümidvarıq Allah sizin hamınızı müvəffəq etsin! Allah imamın ruhunu peyğəmbər və övliyalarla birgə qərar versin! Allah İran xalqının qarşısında qoyulmuş bu aydın yolu öz yardımı ilə bu xalqın həmişəlik yolu etsin! Allah bizi inqilabın xidmətində, İslamın xidmətində və İslam dəyərlərinin xidmətində yaşadıb, bu yolda da öldürsün!

İlahi, bizi dünyadan öz yolunda şəhadətlə apar! Bizim şəhidlərimizin məqamını günbəgün ucalt! Bizim əzizlərimizə öz tərəfindən çoxlu əcr və savab ver, onlara tam sağlamlıq əta et!

İlahi, bu yolda zəhmət çəkmiş, uzun müddət əsirlikdə qalıb azad olmuş, yaxud hələ də azad olmamış, yaxud itkin düşmüş və heç kəsin xəbərdar olmadığı şəxslərin hamısının savabını öz uca divanlarında yaz! Onların ailələrinə savab və dözüm bəxş et! İtkin düşənləri və əsirləri tezliklə azad et! Müsəlmanların işlərini yoluna qoy! Müsəlmanların istəklərini ver! İslam ölkələrini əcnəbilərin, Amerikanın caynağından xilas et! İslam ölkələrinin başçılarını qəflət yuxusundan oyat və ehtiraslar bataqlığından çıxart!

İlahi, Məhəmməd və Ali-Məhəmməd (s) hörmətinə, Amerikanı və hegemonların digər əlaltılarını və mərkəzlərini sənin iqtidarına və izzətinə layiqli şəkildə məhv və məğlub et! Onların üzərində qələbə həzzini İran xalqına daddır! Sovetləri devirdiyin kimi hegemonluğun digər qütblərini də məhv et!

İlahi, öz rəhmət və bərəkətini bu yolda yaşayıb, bu yolda sənin görüşünə gələn şəxslərə şamil et! Görülən işləri və fəaliyyətləri lütf və mərhəmətinlə qəbul buyur!

Sağ olun.

Mündəricat



İslam cihadının zəruriliyi 3

Düşüncə cihadı 4

Tarixdən ibrət almaq 5

Kərbəla faciəsinə nə səbəb oldu? 7

Xüsusi və adi insanların tərifi 9

Haqq və batil cəbhələrinin xüsusi insanları 12

Tarixdə şəxslərin rolu 13

İslam cəmiyyətinin sığortalanma şərti 15

"Əgər xüsusi insanlar dünyanı seçsələr, onda necə?" 17

Peyğəmbərin (s) vəfatından sonra xüsusi insanlar qrupunun büdrəməsi 19

Əmirəlmömininin (ə) hökuməti dövründə xüsusi insanlar qrupunun rolu 21

İmam Həsənin (ə) seçimi 22

İmam Hüseynin (ə) imamlığı dövründə xüsusi insanlar qrupunun rolu 23

İmam Hüseynin (ə) Abdullah ibn Zübeyrlə fərqi 24

Kufə macərası 26

Müslim - Kufənin yalqız sərdarı 29

Şüreyh Qazi tarixin məhkəməsində 30

Xüsusi insanlar qrupunun səhlənkarlığı 32

Xüsusi insanların rolu və daha üç tarixi nümunə 34

Allahın kömək vədi 36

Tarixin bir tövsiyəsi 37

Xüsusi insanlar qrupunun vəzifəsi 38

Cəmiyyətdə xüsusi insanların digər sınağı 38

Son söz 41










Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə