139
Qoynu xarabadı yaslı dağların,
Tapılmır sahibi viran bağların.
Sınıb ağacların qol-budaqları,
Oba yox, elat yox, bircə kənd yoxdu. [26, 22]
Aşıq Paşanın “Döndü”, “Məni”, “Deyərsən”, “Ağlama” və sair şeirlərində
həsrət və intizar duyğuları etno-milli yaddaşın təməlində ümid və inam hissləri ilə
birləşir. Aşığın “Ağlama” rədifli qoşmasında bu ümid və inam dərd-kədər içində,
Ağbaba ellərinə məxsus etnik-coğrafi detalların biçimində təqdim olunur. “Dağılmış,
talanmış köçkün ellərin” haçansa öz yurduna dönəcəyinə, “mal-qoyun sürülərinin
görklü sulardan içəcəyinə” ürəkdən inanan aşığın kövrək duyğuları qoşmanın ümumi
məzmununa həzin bir ovqat gətirir. Şəxsi və ictimai kədər, gələcəyə inam hissi eyni
bir məqamda, eyni ahəngdə vəhdət təşkil edərək, güclü sosial emosiyalar doğurur,
qoşmanın bütün bəndlərində özünü göstərən nikbinlik bu effekti daha da artırır:
Göydağlının sinəsi də dağlıdı,
Ağbabaya gedən yollar bağlıdı,
Ağladığın itmiş yurdun nağlıdı.
Səbirli ol, dərdlə bacar, ağlama. [26, 27]
Qeyd etmək lazımdır ki, Aşıq Paşanın poetik irsində, xüsusilə deportasiya və
erməni zorakıhğına həsr olunmuş şeirlərində gördüyümüz nikbinlik, ümid hissi Aşıq
İsgəndərin poeziyasında zəif müşahidə olunur. Bu məqamda Aşıq Paşanın şeirləri
ustadından daha çox, Aşıq Nəsibin poeziyası ilə birləşir. Aşıq Nəsibdə olduğu kimi,
Aşıq Paşanın da yaradıcılığında ermənilərə qarşı kəskin ittiham, türkün böyüklüyü və
əzəməti dolğun boyalarla, obrazlı şəkildə ifadəsini tapır. Hər iki sənətkarın “Erməni”
adlı müxəmməslərində eyni mövqedə dayanması, erməni fitnəkarlığını qəzəb və
nifrətlə ifşa etməsi, kəskin istehzalı gülüş diqqəti çəkir. Aşıq Nəsib yazır:
Yaranandan şeytan oldun,
Yalandı sözün, erməni.
Elləri dərbədər saldın,
Tökülsün gözün, erməni. [25, 46]
140
Aşıq Paşa da Aşıq Nəsib kimi, kəskin ittihamlarla, qəzəb və satirik boyalarla
erməni psixologiyasını şərə xidmət edən bir qüvvə kimi lənətləyir:
Bu dünyanı çalxalama,
Doldurma qana, erməni.
Şeytan kimi fitnə qurub,
Girmə yüz dona, erməni. [26, 47]
Yazılma tarixləri arasında yarım əsrdən artıq müddət olsa da, hər iki
müxəmməsin ideya-məzmun ruhu, sənətkarların gəldiyi bədii-məntiqi qənaət eynidir.
Aşıq Paşanın durnaya xitabla yazılmış “Deyərsən” qoşmasının beş bəndinin
beşinə də “qisas qiyamətə qalmaz” ideyası hakimdir. Regional cizgilər, həzin lirik ruh
şeirdəki milli koloriti və onun təsiri gücünü yeni bədii çalarla zənginləşdirir.
Qoşmada vətən həsrətini çəkən el sənətkarının zülm və zorakılığa qarşı etirazı,
mübarizlik hissləri güclüdür:
Çatmayıbmı didərginin sorağı,
Tutulubdur türk oğlunun oylağı.
Ağbabanın neçə-neçə yaylağı,
Qalmaz yağılara, elə deyərsən [26, 27].
Aşığın başqa bir “Ağlama” rədifli qoşması üsyankar və mübariz ruhu, etno-
milli yaddaşın, mifoloji motivlərin əlvanlığı, canlı deyim tərzinin gözəlliyi ilə diqqəti
cəlb edir. Qoşmada həsrət və kədər duyğularının deyil, mübarizəyə çağırış ruhunun
üstünlük təşkil etməsi balaca didərgini öz dərdindən sıyrılıb gələcəyə inamla
baxmağa, ürəkli olmağa, əzmkarlığa səsləyir:
Mən də didərginəm, sən də didərgin,
Dərdini dərdimə cala, ağlama.
Ağlamaqla dərdin sağalan deyil,
Mən də sənin əmin, bala, ağlama. [26, 38]
Aşıq Paşanın “Gəlsin”, “Dağlar”, “Xəstələnər-xəstələnməz” gəraylıları, “Dü-
şər”, “Yaz gəlibdi” divaniləri, bir sıra bayatıları və s. şeirləri erməni daşnaklarının
yalnız Ağbabada törətdikləri cinayətlərə deyil, ümumiyyətlə, qəddar yağının
amansızlığına, zorakılığına və soyqırıma qarşı sənətkar etirazının poetik ifadəsidir.
141
Onu da mütləq qeyd etmək vacibdir ki, iki yüz ildən çox ötməsinə
baxmayaraq, xalqımızın şifahi yaddaşında deportasiya və qanlı repressiyaların
doğurduğu faciələr indi də yaşamaqdadır. Axıskalı aşıq və el şairlərinin
yaradıcılığında vətən həsrəti, yurd nisgili, qəsbkarlara qarşı nifrət hissləri, doğma
vətənə qovuşmaq ümidi illər ötüb keçsə də öləziməmişdir. “Camican”, “Dərdimi”
(Aşıq Molla Məhəmməd Səfili), “Dünyanın” (Aşıq Məqsudi), “Dünyasan” (el şairi
Fəhlul), “Gəldim”, “Bəxtsiz türklər” (el şairi Şimşək Sürgün Kaxaretli), “Vətən” (el
şairi Günəş Müzəffərova), “Didərginəm” (el şairi Xeyransa Məmmədova) və
başqalarının yaradıcılığı buna qabarıq nümunədir. Şimşək Sürgün “Gəldim” rədifli
qoşmasında yad əllərdə qalan vətəninin indiki vəziyyətini, ayrılıq hisslərini qəmli
misralarla dilə gətirir:
Dumana bürünmüş dağların başı,
Köşədən ayrılmış caminin daşı,
Axıtdım gözümdın qan ilən yaşı,
Caminin halını sordum da gəldim. [81, 203]
El şairi Fəhlul “Dünyasan” adlı qoşmada yurddaşlarının başına gətirilən
müsibətləri, sürgünlük həyatını, “türklərin ahının yerdə qalmasını” fəlsəfi
düşüncələrin axarında təsvir edir. Axıskadan Orta Asiyaya deportasiya edilən, oradan
Azərbaycana köçən, sonra Şimali Qafqazda-Nalçikdə məskunlaşan, bir sözlə,
vətəndən ayrı özünə yer tapa bilməyən bu el şairinin şeirlərində fəlsəfi mühakimələr,
vətənpərvərlik duyğuları olduqca güclüdür. Şair dünyaya müraciət edərək yazır:
İşıqlı zamanı bizə çox gördün,
Günahlı-günahsız uzağa sürdün,
Yolumu tez kəsib daşınan hördün,
Aparıb ümmana qatan dünyasan.
[81, 199]
Azərbaycanlılara və türklərə qarşı ermənilərin və onların havadarlarının
törətdikləri qanlı cinayətlər, deportasiya və soyqırımlar, dəhşətli terror əməlləri, etnik
təmizləmə siyasəti Azərbaycan aşıq yaradıcılığının müxtəlif mühitlərində bu və ya
digər dərəcədə əks olunmuşdur. Bu baxımdan qeyd olunan məsələlər
folklorşunaslığımızda ayrıca bir tədqiqat mövzusu kimi araşdırılmalıdır.
Dostları ilə paylaş: |