Avtomobil yolları haqqında



Yüklə 320,72 Kb.
səhifə1/6
tarix14.04.2018
ölçüsü320,72 Kb.
#38396
  1   2   3   4   5   6

Avtomobil yolları haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU



 

Bu qanun Azərbaycan Respublikasında avtomobil yollarının və onlarla əlaqədar mühəndisi qurğuların layihələndirilməsi, tikilməsi, istifadəsi, saxlanılması, qorunması və inkişaf etdirilməsinin, habelə yol təsərrüfatının idarə edilməsinin hüquqi, texniki-iqtisadi və təşkilati prinsiplərinin ümumi əsaslarını müəyyənləşdirir və yol təsərrüfatı subyektləri arasında yaranan əsas münasibətləri tənzimləyir. Bu Qanun mülkiyyətçisindən, istifadəçilərindən və əhəmiyyətindən asılı olmayaraq Azərbaycan Respublikasının bütün avtomobil yollarına şamil edilir.[1]


Fəsil I
ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əsas anlayışlar


Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

avtomobil yolu - dövlət standartlarına, yol hərəkəti qaydalarına və digər normativ-hüquqi aktlara uyğun olan ölçülərə və kütləyə malik sürəti tənzimlənən avtomobil nəqliyyatı vasitələrinin bütün il boyu fasiləsiz, təhlükəsiz və rahat hərəkətini təmin edən konstruksiyalar və mühəndisi qurğular sistemidir;

avtomagistral - müəyyən məsafədə avtomobil nəqliyyatı vasitələrinin məhdudlaşdırılmayan sürətlə və maneəsiz hərəkətini təmin edən, yüksək hərəkəti buraxma qabiliyyətinə və ayırıcı zolağa malik olan, eyni səviyyədə kəsişmələri olmayan, habelə hərəkət hissəsində nəqliyyat vasitələrinin dayanması və ya durması qadağan edilmiş, hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilmiş avtomobil yoludur;[2]



yol fəaliyyəti - yolların yaradılması, inkişafı, saxlanılması və idarə edilməsi məqsədi ilə həyata keçirilən fəaliyyət növlərinin məcmusudur;

avtomobil yollarının yaradılması - müvafiq proqramlar əsasında yol tikintisi məqsədi ilə torpaq sahələrinin ayrılması, elmi tədqiqat, layihə axtarış, tikinti-quraşdırma və yenidənqurma işlərinin aparılmasıdır;

avtomobil yollarının saxlanılması - yolun müvafiq layihəyə uyğun olaraq istifadəçilərin tələblərinə cavab verməsini təmin etmək məqsədi ilə bütün il boyu yola və yol qurğularına xidmət göstərilməsi, onların müayinəsi, yoxlanması və mühafizəsi tədbirlərinin məcmusudur;

avtomobil yollarının təmiri - yol geyiminin, torpaq yatağının və mühəndisi qurğuların gücləndirilməsi və genişləndirilməsi, o cümlədən deformasiyalara və dağılmalara məruz qalmış konstruksiyaların və ya onların ayrı-ayrı hissələrinin bərpası, səmərəli və möhkəm elementlərlə əvəz edilməsi, yol örtüyünün hamarlılığının, ilişmə keyfiyyətlərinin yaxşılaşdırılması ilə bağlı işlər kompleksidir. Yolların təmiri növlərinə görə cari, orta və əsaslı olurlar;

avtomobil yollarının yenidən qurulması - mövcud yolun və yol qurğularının nəqliyyat-istismar göstəricilərinin yüksəldilməsi, yolun bütövlükdə və ya ayrı-ayrı hissələrinin daha yüksək texniki dərəcəyə keçirilməsi məqsədi ilə həndəsi parametrlərin normativ texniki sənədlərin tələblərinə uyğun olaraq dəyişdirilməsi ilə müşayiət olunan işlər kompleksidir;

avtomobil yollarının tikintisi – texniki iqtisadi əsaslandırma və normativ texniki sənədlərin tələblərinə uyğun olaraq iki məntəqə arasında zəlzələyə, digər təbii və texnogen təsirlərə davamlı yeni avtomobil yolunun və yol qurğularının inşasıdır;

avtomobil yolu təsərrüfatı - tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq konkret ərazidə mövcud olan avtomobil yolları şəbəkəsinin, həmçinin onların inkişafı, saxlanılması və əlaqələndirilməsi ilə məşğul olan subyektlərin məcmusudur;

yol təsərrüfatı orqanları - müvafiq icra hakimiyyəti orqanı və avtomobil yol fəaliyyətinin idarə edilməsi funksiyalarını həyata keçirən bələdiyyələrin orqanlarıdır;

avtomobil yolunun istifadəçiləri - öz ehtiyaclarını ödəmək və ya başqalarına xidmət göstərmək məqsədi ilə avtomobil yolları ilə hərəkət edən nəqliyyat vasitələrinin mülkiyyətçiləri, sürücülər, sərnişinlər və piyadalardır;[3]



yol təsərrüfatının subyektləri - yol fəaliyyətini həyata keçirən və yoldan istifadə edən hüquqi və fiziki şəxslərdir;

avtomobil yolları şəbəkəsi - müəyyən ərazidə sərnişin və yük daşımalarını təmin edən bütün avtomobil yollarının vahid sistemidir;

hərəkəti buraxma qabiliyyəti - yolun və ya onun hər hansı bir hissəsinin vahid vaxt ərzində müəyyən edilmiş sürəti və təhlükəsizliyi təmin etməklə keçirə biləcəyi avtomobil nəqliyyatı vasitələrinin maksimum sayıdır;[4]



hərəkət şiddəti - vahid vaxt ərzində yoldan və ya onun hər hansı bir hissəsindən hər iki istiqamətdə keçən avtomobil nəqliyyatı vasitələrinin sayıdır;

yol qurğuları - yolda hərəkətin fasiləsizliyini və təhlükəsizliyini habelə yoldan istifadə edənlərə xidmət göstərilməsini təmin edən zəruri keçidlər, qurğular, tikililər və avadanlıqlardır;

torpaq yatağı - yol geyiminin konstruktiv laylarının və yolun digər elementlərinin yol zolağında səmərəli və dayanıqlı yerləşdirilməsini təmin edən qrunt tərkibli konstruksiyadır;

yol geyimi - torpaq yatağı üzərində yerləşən və avtomobil nəqliyyatı vasitələrinin yola təsirindən meydana gələn gərginliklərin torpaq yatağına ötürülməsini təmin edən yol örtüyü də daxil olmaqla bir və ya çox laylı möhkəm və dayanıqlı monolit konstruksiyadır;

avtomobil yollarının sahibləri - dövlət avtomobil yollarına münasibətdə müvafiq icra hakimiyyəti orqanı, yaxud təsərrüfat məqsədləri və ya operativ idarəçilik üçün avtomobil yollarına təhkim olunmuş hüquqi şəxslər, bələdiyyə və özəl avtomobil yollarına münasibətdə müvafiq olaraq bələdiyyələr və mülkiyyətində və (və ya) istifadəsində avtomobil yolları olan hüquqi və fiziki şəxslərdir;

ağırçəkili nəqliyyat vasitəsi - ümumu istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş çəki və ya oxlar üzrə parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir;

iriqabaritli nəqliyyat vasitəsi - ümumu istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş qabarit parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir;

təhkim zolağı - avtomobil yolunun yerləşdirilməsi üçün ayrılmış torpaq sahələridir;

qorunma (mühafizə) zolağı - təhkim zolağına hər iki tərəfdən bitişik və avtomobil yolları üçün ayrılmış, xüsusi istifadə rejimi olan torpaq sahələridir;

yolkənarı xidmət obyektləri - qorunma (mühafizə) zolağında yerləşən, avtomobil yollarından istifadəçilərin ehtiyaclarını ödəmək üçün nəzərdə tutulmuş tikililər və qurğular, o cümlədən sosial, ticarət, ictimai iaşə, nəqliyyat infrastrukturu təyinatlı obyektlərdir.[5]


Maddə 2. Avtomobil yollarının təyinatı


Avtomobil yolları Azərbaycan Respublikasının ərazisində avtomobillərlə daxili və ya tranzit yük və sərnişin daşımalarının təhlükəsizliyinin təmin edilməsi sahəsində bütün hüquqi və fiziki şəxslərin, dövlət hakimiyyəti orqanlarının zəruri tələbatının ödənilməsinə, habelə dövlətin təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsinə xidmət edir.

Avtomobil yolları ölkənin digər nəqliyyat-yol infrastrukturu ilə daşınmaların ardıcıl və təhlükəsiz paylanmasına və ötürülməsinə maksimum təminat yaradır.

Avtomobil yolları mövcud normativ hüquqi aktların tələbləri həddində piyadaların, əlillərin , sağlamlıq imkanları məhdud uşaqların və müvafiq mexaniki nəqliyyat vasitələrinin tələblərinin ödənilməsi məqsədi ilə də istifadə edilə bilər. [6]

Maddə 3. Avtomobil yolları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi


Avtomobil yolları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan respublikasının Konstitusiyasından, bu qanundan, yol hərəkəti və fəaliyyətinə aid olan digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Bu qanunla Azərbaycan respublikasının tərəfdar çıxdığı dövlətlər arası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir.



Yüklə 320,72 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə