Axc qurucularının bioqrafiyası Ağabəyzadə Sadıxbəy İsmayıl oğlu


Rəsulzadə Məmməd Əmin Ələkbər oğlu



Yüklə 246,1 Kb.
səhifə4/5
tarix25.06.2018
ölçüsü246,1 Kb.
#51268
1   2   3   4   5

Rəsulzadə Məmməd Əmin Ələkbər oğlu 1884-cü ildə Bakınin Novxanı kəndində anadan olmuşdur. Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, jurnalist, publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən biri; Azərbaycan Milli Şurasının sədri (1918, 27 may - 1918, 17 iyun; 1918, 16 noyabr – 7 dekabr), Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində "Müsavat" və bitərəflər fraksiyasının sədri olmuşdur. İlk təhsilini 2 saylı rus-tatar (rus-Azərbaycan) məktəbində almış, Bakı texniki məktəbini bitirmişdir. Gənc yaşlarından inqilabi hərəkata qoşulmuş, "Müsəlman Gənclik Təşkilatı" adlı gənc azərbaycanlı inqilabçılar dərnəyi yaratmış və ona başçılıq etmişdir (1902-1903). 1904-cü ildə o, Rusiya Sosial Demokrat Fəhlə Partiyası Bakı Komitəsi nəzdində "Müsəlman sosial-demokrat "Hümmət" qrupunun yaradılmasında iştirak etmişdir.
1905-1907-ci illər inqilabının məğlub olmasından sonra İrana mühacirət etmişdir. Rəsulzadə 1908-1911-ci illər İran inqilabında, Cənubi Azərbaycanda milli-demokratik oyanışda fəal iştirak etmişdir. Bu müddətdə o, Tehranda Avropa tipli ilk gündəlik "İrane-nou" ("Yeni İran") qəzetini dərc etmişdir (1910-1911).İran inqilabı yatırıldıqdan (1911) sonra Türkiyəyə mühacirət etmişdir.

1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi münasibətilə verilmiş əfv-ümumidən sonra Rəsulzadə Bakıya dönmüş və"Müsavat" partiyasının rəhbərliyinə keçmişdir.
1915-ci ildə "Açıq söz " qəzetini nəşr etmişdir.
1917-ci ilin iyununda "Müsavat"la Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi "Türk Ədəmi-Mərkəziyyət" Partiyası birləşir, Rəsulzadə birləşmiş "Türk Ədəmi-Mərkəziyyət Firqəsi Müsavat"ın sədri seçilmişdir.
1918-ci il mayın 26-da Zaqafqaziya Seymi özünün buraxıldığını elan etmiş, səhəri gün buraxılmış Seymə daxil olan müsəlman partiya və qruplar Azərbaycan Milli Şurasını yaradaraq, M. Rəsulzadəni İcraiyyə komitəsinin sədri seçmişlər. Mayın 28-də Azərbaycan Milli Şurası Azərbaycan xalq cümhuriyyətinin yarandığını elan etmişdir.
O, 1918-ci ilin iyununda Azərbaycan Xalq Cümhuriyyətinin İstanbul beynəlxalq konfransına göndərilən səlahiyyətli nümayəndə heyətinə başçılıq etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin formalaşdırılmasında mühüm rol oynamışdır.
Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində "Müsavat" fraksiyasına (1919-cu ilin oktyabrından "Müsavat" və bitərəflər fraksiyası) başçılıq etmiş, digər istiqlalçı qüvvələrlə birlikdə Azərbaycanın milli və dövlət maraqlarına cavab verən qanunların qəbulunda həlledici rol oynamışdır. 
1920-ci il aprelin 27-də 11-ci Qırmızı ordunun artıq Bakını ələ keçirmiş olduğu şəraitdə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində hakimiyyəti bolşeviklərə təhvil vermək məsələsi müzakirə olunarkən qətiyyətlə bunun əleyhinə çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra gizli fəaliyyətə keçmişdir. M. Ə. Rəsulzadə 1920-ci il avqustun 17-də həbs olunmuş, lakin İ. Stalinin göstərişi ilə həbsdən azad olunub Moskvaya aparılmış, Rusiya Sovet Federativ Sosialist Respublikasının Milli İşlər Komissarlığında işlə təmin olunmuşdu. Bir müddət sonra Sankt-Peterburqa, oradan isə gizli yolla Finlandiyaya keçərək Türkiyəyə mühacirət etmişdir. 1922-ci ilin sonlarında onun İstanbulda siyasi mühacir həyatı başlamışdır.1931-ci ildə sovet hökumətinin tələbinə əsasən, Türkiyəni tərk etməyə məcbur olmuşdur. 1932-ci ildə Rəsulzadənin siyasi mühacirətinin Polşa dövrü başlanmışdır. 1934-cü ildə Ə. Topçubaşovla birlikdə Brüsseldə Qafqaz Konfederasiyası sazişini imzalamışdır. 1939-cu ildə İkinci dünya müharibəsinin başlanması ilə Polşadan Fransaya, oradan İsveçrəyə, İsveçrədən İngiltərəyə, nəhayət Rumıniyaya keçmişdir. 1942-ci ildə Azərbaycanın istiqlalına nail olmaq məqsədilə Almaniyanın Xarici İşlər Nazirliyi və Şərq Nazirliyi ilə danışıqlara girmiş, Almaniya tərəfindən Azərbaycan müstəqilliyinin tanınması məsələsində müsbət nəticə əldə olunmadığını görən Rəsulzadə 1942-ci ilin sonlarında Almaniyanı tərk edib Buxarestə getmişdir. 1947-ci ildə Türkiyəyə qayıdan Rəsulzadə burada Azərbaycan Milli Mərkəzinin başçısı kimi fəaliyyətini davam etdirmişdir. Rəsulzadə ömrünün sonunadək Azərbaycanın müstəqilliyinin bərpa olunması uğrunda istiqlal mübarizəsini davam etdirmişdir. O, 6 mart 1955-ci ildə Ankarada vəfat etmiş, Əsri qəbiristanında dəfn olunmuşdur. Doğulduğu Novxanı kəndində abidəsi ucaldılmışdır.

Rəsulzadə Məmmədəli Əbdüləziz oğlu 7 aprel 1882-ci ildə Bakının Novxanı kəndində anadan olmuşdur. Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuşdur. Məhəmməd Əmin Rəsulzadənin əmisi oğludur. İlk təhsilini din xadimi olan atasından almış, sonralar maarif xadimi Sultanməcid Qənizadənin rəhbərliyi ilə Bakıda açılmış 2-ci "rus-müsəlman" məktəbində oxumuşdur. Siyasi fəaliyyətə 1902-ci ildə M.Ə.Rəsulzadənin rəhbərliyi ilə yaranmış və Azərbaycanda Rusiya müstəmləkəçiliyinə qarşı mübarizə aparan "Müsəlman gənclik təşkilatı"nda başlamışdır.

Məmmədəli Rəsulzadə 1911-ci ilin oktyabrında Bakıda gizli şəkildə təşkil olunmuş Müsəlman demokratik "Müsavat" partiyasının müəssislərindən olmuşdur. O, həm də partiyanın əsas orqanı olan "Açıq söz" qəzetinin 1915-1919-cu illərdə naşiri və redaktoru olmuşdur. 

1920-ci il aprel işğalından sonra iki ilə yaxın Moskvada Xalq Millətlər Komissarlığına tabe olan kooperativ təşkilatında işləyən Məmmədəli Rəsulzadə 1922-ci ilin yayında Bakıdan İrana və oradan isə İstanbula mühacirətə getmişdir. M.Rəsulzadə həmin dövrdə İstanbulda nəşr olunan "Yeni Qafqasya", "Azəri türk", "Odlu yurd", "Azərbaycan yurd bilgisi" və s. mətbuat orqanları ilə yaxından əməkdaşlıq etmişdir. 3 fevral 1982-ci ildə İstanbulda vəfat etmişdir.
Rüstəmbəyli Şəfi bəy Mustafa oğlu 1893-cü ildə Ağdaş qəzasının Məmmədli kəndində anadan olmuşdur. Azərbaycan xalqının istiqlal mübarizəsinin fəal iştirakçılarından biri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuşdur. Gəncə klassik gimnaziyasını və Kiyev Universitetinin hüquq fakültəsini bitirmişdir (1916). Universitetdə təhsil aldığı illərdə "Azərbaycan həmyerlilər təşkilatı"nın üzvü və başçılarından biri, 1911-ci ilin oktyabrında gizli təsis edilən "Müsavat" partiyası Kiyev şöbəsinin fəal üzvlərindən olmuşdur. 1916-cı ildən Gəncə dairə məhkəməsində işləmişdir. 

1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə kecirilən iclasinda Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt- İstiqlal bəyənnaməsi qəbul edilmişdir. Ş. Rüstəmbəyli İstiqlal bəyannaməsini imzalayanlardan və müstəqilliyin lehinə səs verən Milli Şura üzvündən biri olmuşdur.

1918-ci il noyabrın 28-dən qəzetin rus dilində çıxan nömrələri Ş. Rüstəmbəylinin redaktorluğu ilə nəşr edilmişdir.

Parlamentin mandat komissiyasının sədri, Müəssislər məclisinin çağırılması üzrə Mərkəzi komissiyanın üzvü olmuşdur. O, "Türk Ədəmi-Mərkəziyyət "Müsavat" Partiyası"nın 1-ci (1917, 26-31 oktyabr) və 2-ci (1919, dekabr) qurultaylarında Mərkəzi Komitənin üzvü, 2-ci qurultayda həm də partiya sədrinin müavini seçilmişdir. Qəzet redaktorluğu ilə yanaşı, Azərbaycan Xalq Cümhuriyyəti daxili işlər nazirliyi dəftərxanasının müdiri, 1920-ci il martın əvvəllərindən isə nazir müavini vəzifələrini icra etmişdir. 

Ş. Rüstəmbəyli "Müsavat" Partiyası Xarici Bürosunun fəal üzvü olmuşdur. 1927-ci ildən "Müsavat" partiyasının rəhbərliyində təmsil olunan Ş. Rüstəmbəyli Xəlil bəy Xasməmmədovla birlikdə müstəqil fəaliyyəti üstün tutmuşdur. 

Ş. Rüstəmbəyli "Prometey" təşkilatına kəskin müxalif mövqe tutmuş, Bammat Heydərin başçılıq etdiyi sağ müxalifətçilər qrupuna daxil olmuşdur. X. Xasməmmədovla birgə Qafqaz xalqlarının birliyi ideyasının qəti tərəfdarı olmuş, onun reallaşmasına çalışmışdır. 1943-cü ildə Berlində keçirilmiş "Milli Birlik Məclisi” nin ümumazərbaycan qurultayında Rəyasət Heyətinin fəxri üzvü seçilmişdir. 
1960-cı İstanbulda vəfat etmişdir.

Rüstəmbəyov Baxış bəy 1870-ci ildə Salyanda anadan olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuşdur. 1890-cı ildə Bakı realnı məktəbini bitirmiş, həmin ildə Moskva texniki məktəbinə daxil olmuşdur. Lakin bu məktəbdə təhsilini başa vurmadan 1893-cü ildə Sankt-Peterburq Texnoloji İnstitutunun mexanika şöbəsinə daxil olmuşdur. Buraxılış ərəfəsində tələbə hərəkatında iştirakına görə institutdan xaric edilmiş, lakin tezliklə bərpa olunmuşdur. İnstitutu bitirdikdən sonra Bakıya qayıdaraq, 1906-cı ilə qədər Şəmsi Əsədullayevin yanında müdir müavini işləmişdir. Sonra Ağa Musa Nağıyevin yanında eyni vəzifəni icra etmiş, balıqçılıq sahəsində, 1910-1917-ci illərdə isə neft mədənlərində çalışmışdır. B.Rüstəmbəyov Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanın təsisi haqqında qanun"una (1918, 19 noyabr) əsasən, Salyandan Cümhuriyyət Parlamentinin tərkibinə daxil edilmişdir. Parlamentdə "Müsavat" və bitərəflər fraksiyasını təmsil etmişdir. 
Sovet hakimiyyəti illərində Azərbaycanın yüngül sənaye sistemində rəhbər vəzifələrdə çalışmış, həmçinin balıqçılıq institutu və texnikumunda, Xalq yüngül sənaye komissarlığı yanında ixtisasartırma institutunda dərs demişdir.
1939-cu ildə repressiyaya məruz qalmışdır. 1942-ci ildə azad olunmuş, Bakıya qayıdarkən yolda vəfat etmişdir.

Rzayev (İrzayev) Abuzər bəy Əsgər bəy oğlu 1876-ci ildə Gəncədə anadan olmuşdur. Azərbaycan milli-azadlıq hərəkatının fəal iştirakçılarından biri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuşdur. Rəfibəylilər nəslindəndir. 1894-cü ildə Tiflis realnı məktəbini və 1899-cu ildə Moskva texniki məktəbini bitirmişdir. 1899-cu ildən Musa Nağıyev və Murtuza Muxtarovun Bibiheybətdəki neft mədənlərində mühəndis, sonra mədən müdiri işləmişdir. Neft sənayesində böhranla əlaqədar olaraq 1909-cu ildə Gəncəyə köçmüş, bir müddətdən sonra Gəncə Şəhər idarəsi başçısının (Şəhər qlavası) müavini seçilmişdir. Şəhərin içməli su ilə təchizatı sahəsində səmərəli fəaliyyət göstərmişdir. 1917-ci il fevral inqilabından sonra təşkil edilmiş Gəncə Quberniya İcraiyyə Komitəsinin üzvü olmuşdur. 
Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una əsasən, Gəncə şəhərindən Cümhuriyyət Parlamentinin tərkibinə seçilmişdi. Parlamentdə "Bitərəflər" fraksiyasını, 1919-cu ilin oktyabrında bu fraksiyanın parçalanmasından və böyük əksəriyyətin "Müsavat" fraksiyası ilə birləşməsindən sonra "Müsavat" və bitərəflər fraksiyasını təmsil etmişdir. Eyni zamanda, maliyyə-büdcə komissiyasının üzvü, sonralar sədri olmuşdur.
1920-ci il aprel işğalından sonra bir müddət Bibiheybət rayonu neft mədənlərinin müdiri işləmiş, 1920-ci il iyunun 15-də Azərbaycan Fövqəladə Komissiyası tərəfindən həbs edilmiş və güllələnmişdir.
Sanılı Hacı Kərim Kərbəlayi Hüseyn oğlu Sanıyev 1878-ci ildə Qazax qəzasının Çaylı-Kəsəmən kəndində kəndli ailəsində anadan olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, şair, maarifçi, ictimai xadim olmuşdur. 1886-1993-cü illərdə mollaxanada oxumuş, 1898-ci ildə Qori Müəllimlər Seminariyasını bitirmişdir. 1898-1902-ci ildə Zəngəzur qəzasının Xaçmaz kənd məktəbində, 1902-1904-cü ildə Gəncə Şəhər rus-müsəlman məktəbində, 1905-1918-ci ildə Qazax qəzasının Poylu və Dağ Kəsəmən ibtidai məktəblərində müdir işləmişdir. 1905-ci ildə siyasi fəaliyyətə başlamış, "Difai” partıyasının fəaliyyətində yaxından iştirak etmişdir. 1917-ci ildən Tiflis menşevik "Hümmət" təşkilatının üzvü olmuşdur. 1918-ci ildə Qazax qəzasının general-qubernatoru vəzifəsində işləmişdir. 1918-ci ilin noyabrında Tiflis "Hümmət" partiyasından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə seçilmiş, Sosialistlər fraksiyasının, sorğu komissiyasının üzvü olmuşdur. 1918-1920-ci illərdə "Müsavat" partiyasına qarşı mübarizə aparmış, Azərbaycan Xalq Cümhuriyyətinə qarşı təxribatların həyata keçirilməsinə rəhbərlik etmişdir. 

Azərbaycanda sovet hakimiyyəti illərində xalq maarifı sahəsində çalışmış, Azərbaycan İstehlak-Kooperasiya İnstitutunda (1933-1935), Sovet Ticarəti İnstitutunun nəzdindəki işçi fakültəsində (1933-1936) müəllim, Azərbaycan Dövlət Elmi-tədqiqat İnstitutunda elmi işçi, Bakı xalq maarifı Şöbəsində inspektor işləmişdir. 1937-ci ildə repressiyaya məruz qalmışdır.
Seyidov Mir Hidayət bəy Mir Adil oğlu 1887-ci ildə Gəncədə anadan olmuşdur. Azərbaycanın milli istiqlal hərəkatının fəal iştirakçılarından biri, Azərbaycanın Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuşdur. Azərbaycanın Xalq Cümhuriyyətinin təşəkkülündə və inkişafında fəal iştirak etmişdir. 1906-cı ildə Yelizavetpol (Gəncə) gimnaziyasını bitirmiş, sonra Kazan Universitetinin hüquq fakültəsində oxumuşdur. 1907-ci ildən inqilabi hərəkata qoşulmuşdur. İrəvan quberniyası Müsəlman Milli Şurasının sədri, Zaqafqaziya seymi Müsəlman fraksiyasının üzvü olmuşdur. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə kecirilən iclasında Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt- İstiqlal bəyənnaməsi qəbul edilmişdir. M.H.Seyidov müstəqilliyin lehinə səs verən 24 Milli Şura üzvündən biri olmuşdur.
Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (1918, 19 noyabr) əsasən, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü elan edilmiş 44 nəfər Milli Şura üzvündən biri olmuşdur.
1919-cu ildə vəfat etmişdir.
Səfikürdski Aslan bəy Ağalar bəy oğlu 1881-ci ildə Gəncə qəzasının Səfikürd kəndində anadan olmuşdur. Görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuşdur. 1901-ci ildə Gəncə klassik gimnaziyasını bitirərək, həmin ildə Xarkov Universitetinin hüquq fakültəsinə qəbul olunmuş, 1902-ci ildə öz xahişi ilə Peterburq Universitetinə dəyişilmişdir. Tələbə hərəkatında fəal iştirakına görə 1903-cü ilin martında Peterburq Universitetindən xaric edilmiş, 1904-cü il yanvarın 20-də yenidən həmin Universitetə bərpa olunmuşdur. 1907-ci ildə universiteti bitirən Səfikürdski, 1907-1911-ci illərdə Gəncənin ədliyyə orqanlarında andlı müvəkkil köməkçisi vəzifəsində işləmiş, eyni zamanda, xeyriyyəçiliklə məşğul olmuşdur; Gəncə "Müsəlman xeyriyyə cəmiyyəti"nin rəhbərlərindən biri, həmçinin "Aktyorlar cəmiyyəti"nin sədri olmuşdur. 1911-1917-ci illərdə əvvəlcə Şuşa şəhər dumasında iclasçı, sonralar isə andlı müvəkkil olmuşdur. Fevral inqilabından (1917) sonra Səfikürdski Gəncə qəza icraiyyə komitəsinin tərkibinə, həmçinin Gəncə Müsəlman Milli Şurasının üzvü seçilmişdir. Qasım bəy Əmircanovla birlikdə, Rusiya imperiyası qeyri-rus millətlərinin 1917-ci ildə Kiyevdə keçirilən qurultayında Azərbaycandan nümayəndə kimi iştirak etmiş və çıxışında Azərbaycana milli muxtariyyət verilməsi haqqında təklif irəli sürmüşdür. 1917-ci il noyabrın 11-də Cənubi Qafqazın siyasi partiya və ictimai təşkilatları nümayəndələrinin Tiflis də keçirilən konfransında iştirak etmişdir.

1919-cu ildə Bakıda xüsusi poçt-teleqraf məktəbi fəaliyyət göstərməyə başlamışdır. Onun qonşu dövlətlərlə rabitə işlərinin qaydaya salınmasında və inkişaf etdirilməsində böyük xidmətləri olmuşdur. Nazir olduğu dövrdə üzərində Azərbaycan dövlətinin nişanları olan poçt markaları buraxılmağa başlanmışdır. Azərbaycan Xalq Cümhuriyyəti Dövlət Müdafiə Komitəsinin, 1920-ci ilin yanvarından Müəssislər Məclisinin çağırılması üzrə Mərkəzi Komissiyanın üzvü olmuşdur. 1920-ci ildən öz fəaliyyətini əsasən Parlamentdə davam etdirən Səfikürdski fevralın 5-də maliyyə-büdcə komissiyasının üzvü seçilmişdir. Paris Sülh Konfransının Ali Şurası tərəfindən Azərbaycanın suverenliyinin "de-fakto" tanınması münasibətilə sosialist fraksiyası və bütün Azərbaycan zəhmətkeşləri adından parlamenti təbrik etmişdir. 1920-ci il aprelin 27-də Parlament müşavirəsi tərəfindən seçilmiş fövqəladə səlahiyyətli nümayəndə heyətinin üzvü kimi bolşeviklərlə hakimiyyət haqqında danışıqlar aparmışdı. Aprel işğalından (1920) sonra A. Səfikürdski Azərbaycan SSR xalq ədliyyə komissarının müavini işləmişdir. Lakin 1922-ci ildə həbs edilmiş, "eser partiyasının Zaqafqaziya təşkilatının işi" adlı ittihamla 3 il azadlıqdan məhrum edilmişdir. Həbsdən azad edildikdən sonra Səfikürdski "Azərneft" sistemində hüquq məsləhətçisi işləsə də, daim təqiblərə məruz qalmışdır. 1937-ci ildə vəfat etmişdir.
Sultanov Xosrov Paşa bəy oğlu 1879-cu ildə Zəngəzur mahalının Kürdhacı kəndində anadan olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət və siyasi xadimi,. Azərbaycan milli azadlıq hərəkatının fəal iştirakçısı olmuşdur.
Gəncə gimnaziyasında oxumuş, Novorossiysk Universitetinin tibb fakültəsini bitirmişdir (1903). Zəngəzur və Qarabağda topladığı zəngin bitkilərdən hazırladığı dərmanlarla kəndlərə gedərək, xəstələri təmənnasız müalicə etmişdir. Vətən tarixini, ədəbiyyatını və mədəniyyətini sevən ziyalılardan olan Xosrov bəy Şuşadakı evlərindən birini Şərq kitabxanası adlandırmış, quberniya işçilərinə Şərq xalqlarının tarix və mədəniyyətindən mühazirələr oxumuşdur. 
Xosrov bəy Sultanov 1917-ci ildə "Müsavat" partiyasına daxil olmuş, Rusiya Müəssislər Məclisinə deputat seçilmişdir. Zaqafqaziya seyminin üzvü olmuşdur. 1918-ci ildə "İttihad" partiyasına keçmişdir. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə kecirilən iclasinda Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt- İstiqlal bəyannaməsi qəbul edilmişdir. Xosrov bəy Sultanov müstəqilliyin lehinə səs verən 24 Milli Şura üzvündən biri olmuşdur.

Xosrov bəy 1918-1920-ci illərdə Qarabağın və Zəngəzurun daşnak-erməni quldur dəstələrindən təmizlənməsində qardaşı Sultan bəylə birlikdə müstəsna xidmət göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Ermənistanın daşnak hökumətinin 1918-ci ilin yayından başlayaraq Zəngəzur bölgəsində azərbaycanlılara qarşı dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı siyasətinin, Andronikin, Njdenin, Dronun quldur dəstələrinin Cavanşir, Cəbrayıl, Şuşa qəzalarında törətdiyi kütləvi soyqırımlarının, vəhşiliklərin, qarətlərin qarşısını almaq məqsədilə Şuşa, Zəngəzur, Cavanşir və Cəbrayıl qəzalarını Gəncə quberniyasından ayırıb, Müvəqqəti Qarabağ general-qubernatorluğu yaratmış və Xosrov bəy Sultanovu 1919-cu il fevralın 12-də həmin qubernatorluğun general-qubernatoru təyin etmişdir. 

Xosrov bəy Sultanov Aprel işğalından (1920) sonra mühacirətdə yaşamış, "İttihad" partiyasının liderlərindən biri kimi partiyanın xarici ölkələr bürosunu formalaşdırmağa və ittihadçıları bir təşkilat ətrafında cəmləşdirməyə çalışmışdır. O, 1926-cı ildə Parisdən İrana gedərək, burada İttihadın Tehran və Təbriz komitələrini yaratmışdır. Xosrov Paşa bəy Türkiyədə olarkən 1941-1945-ci illər sovet-alman müharibəsində əsir alınmış azərbaycanlıların həbs düşərgələrindən azad olunmasına yaxından kömək göstərmiş, Fransada Azərbaycan xəstəxanası açmışdır.

1947-ci ildə Türkiyədə vəfat etmişdir.
Şahsuvarov Nurməmməd bəy Ədilxan oğlu 1883, Laçın rayonunun Minkənd kəndi - 11.08.1958, Bakı) - Azərbaycan istiqlal hərəkatı iştirakçılarından və Azərbaycan Xalq Cümhuriyyəti dövlət xadimlərindən biri, maarifçi. Qori müəllimlər seminariyasını bitirmiş (1903), bir müddət Gəncədə rus dili müəllimi işləmişdir. Sonralar Tiflis Aleksandr Müəllimlər İnstitutunu (1912), ekstern yolu ilə Kiyev Universitetinin hüquq fakültəsini (1915) bitirmişdir. Şahsuvarov Rusiyada Fevral inqilabı (1917) dövründə siyasi hadisələrdə yaxından iştirak etmiş, 1918-ci ilin yayında Şimali Qafqaz xalqlarının azadlıq hərəkatı nəticəsində yaradılmış Dağlı Respublikasının xalq maarif naziri təyin olunmuşdur. 1919-cu ilin iyununda Bakıya gələn Şahsuvarov Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəylinin 1-ci hökumət kabinəsində (Cümhuriyyətin 4-cü hökumət kabinəsi) maarif nazirinin müavini vəzifəsində işləmiş, Azərbaycanın şəhər və kəndlərində ana dilində məktəb və seminariyaların açılması, təhsil və mədəniyyət sahəsində bir sıra mütərəqqi tədbirlərin həyata keçirilməsində, Bakı Dövlət Universitetinin təşkilində yaxından iştirak etmişdir. "İttihad" partiyasının üzvü olmuşdur. Şahsuvarov 1920-ci il martın 5-də N.Yusifbəylinin 2-ci hökumət kabinəsində (Cümhuriyyətin 5-ci hökumət kabinəsi) maarif və dini etiqad naziri təyin olunmuşdur.
Aprel işğalından (1920) sonra Şahsuvarov Azərbaycan SSR xalq maarif komissarının müavini olmuş, Bakıda orta və ali təhsil ocaqlarında rus dilindən dərs demişdir. 1940-cı ildə saxta ittihamlar əsasında həbs edilərək, Krasnodar diyarına sürgün edilmişdir. 1943-cü ildə sürgündən qayıdaraq, Azərbaycan Tibb İnstitutunda rus dili kafedrasının müdiri işləmişdir.
Şahtaxtinski Həmid ağa Xəlil oğlu (12.03.1880, Naxçıvan qəzasının Şahtaxtı kəndi - 03.02.1944, Arxangelsk vilayəti) - Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimlərindən biri, parlamentin üzvü; görkəmli maarifçi. Naxçıvanda mollaxanada, üçüncü dərəcəli şəhər məktəbində oxumuşdur. İrəvan müəllimlər seminariyasını (1899) bitirmişdir. Pedaqoji fəaliyyətə həmin seminariyada Azərbaycan və rus dilləri müəllimi kimi başlamışdır. İrəvandakı Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvü olmuşdur. Odessada Novorossiysk Universitetinin hüquq fakültəsini bitirmiş (1912), tələbəlik illərində buradakı "Azərbaycanlı həmyerlilər təşkilatının başçılarından olmuşdur. 1912-ci ildə Gəncəyə gələrək, şəhərin ictimai-siyasi həyatında yaxından iştirak etmişdir. 1914-cü ildə Yelizavetpol (Gəncə) quberniyasının xalq məktəbləri inspektoru təyin edilmişdir. İki ilə yaxın Yelizavetpol dairə məhkəməsində andçı-müvəkkilin köməkçisi vəzifəsində işləmiş, sonra Bakıya köçərək, dairə məhkəməsində eyni vəzifədə çalışmışdır. 

1917-ci ildən "İttihad" partiyasının üzvü olmuşdur. 1917-ci il avqustun 29-dan Cənubi Qafqaz Təhsil İdarəsi üzrə komissar olmuşdur. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə kecirilən iclasında Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt- İstiqlal bəyənnaməsi qəbul edilmişdir. Şahtaxtinski müstəqilliyin lehinə səs verən 24 Milli Şura üzvündən biri olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin 2, 3 və 4-cü hökumət kabinələrində maarif nazirinin müavini, 5-ci hökumət kabinəsində maarif və dini etiqad naziri (1920-ci il martın 5-də istefa vermişdir), Azərbaycan Parlamentinin üzvü olmuşdur. 1929-cu ildən professor olmuş. və Azərbaycan Dövlət Tibb İnstitutunda (1930-1940) işləmişdir. Azərbaycanın ümumtəhsil məktəbləri üçün dərsliklərin, Azərbaycan dilində elmi terminologiyanın tərtibi üzrə komissiyaların sədri olmuş, yeni Azərbaycan əlifbasının yaradılmasında iştirak etmişdir. Şahtaxtinski repressiyaya məruz qalmış, 1941-ci ildə həbs və sürgün edilmiş, sürgündə həlak olmuşdur.
Şeyxülislamov Əkbər Ağa İbrahim oğlu (1891, İrəvan şəhəri - 02.03.1961, Paris, şəhərin yaxınlığındakı müsəlman qəbiristanlığında dəfn olunmuşdur) - ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. Orta təhsilini İrəvan gimnaziyasında almış, 1912-ci ildə Peterburq Yol Mühəndisliyi İnstitutuna daxil olmuşdur. Ali məktəbdə bütün tədris kursunu başa çatdırmasına baxmayaraq, Fevral inqilabından (1917) sonra yaranmış siyasi vəziyyətlə əlaqədar, diplomunu almadan vətənə dönməli olmuşdur. 1918-ci ilin fevralında Zaqafqaziya seyminin üzvü seçilmişdir. 

1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə kecirilən iclasında Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt- İstiqlal bəyannaməsi qəbul edilmişdir. Şeyxülislamov müstəqilliyin lehinə səs verən 24 Milli Şura üzvündən biri olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin 1-ci hökumət kabinəsində torpaq və əmək naziri vəzifəsini tutmuşdur. Azərbaycanın Xalq Cümhuriyyəti Parlamentində sosialist fraksiyasının üzvü olmuşdur. 

1918-ci il dekabrın 12-də siyasi partiyalarının Bakıda keçirilmiş demokratik müşavirəsində "Hümmət" (menşevik) partiyası adından çıxış edərək, sosialistlərin hökumətin tərkibinə daxil olmasını tələb etmişdir. Paris Sülh Konfransına (1919-1920) göndərilən Azərbaycanın nümayəndə heyətinin üzvü olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra mühacirətdə yaşamış, Azərbaycan Siyasi mühacirətinin fəal nümayəndələrindən olmuşdur. XX əsrin 20-ci illərində Parisdə Azərbaycandan II İnternasionalın üzvü olmuşdur. Parisdə rusca nəşr olunan "Azərbaycan" jurnalında (№ 2) dərc olunmuş "Azərbaycan necə quruldu" məqaləsində 1918-ci il 26-28 may hadisələrindən ətraflı bəhs edilmişdir. Həmin məqalə Ankarada nəşr olunan "Mücahid" (1962, №49-50) jurnalında yenidən çap olunmuşdur.
Şeyxzamanlı Məmmədbağır Salah bəy oğlu 1881-ci ildə Gəncədə anadan olmuşdur. İctimai-siyasi xadim, maarif və mədəniyyət xadimidir. Gəncənin qədim Şeyxzamanlılar nəslindəndir. Gəncə realnı məktəbini bitirmiş, şəhərin mədəni həyatında yaxından iştirak etmişdir. 

1906-cı ildə dram cəmiyyəti təşkil edərək, Azərbaycan, Avropa dramaturqlarının əsərlərini tamaşaya qoymuşdur. "Difai" partiyası Gəncə Şöbəsinin yaranmasında və fəaliyyətində yaxından iştirak etmişdir, Şəhər dumasının üzvü olmuşdur. Fevral inqilabından (1917) sonra Nəsib bəy Yusifbəylinin Gəncədə yaratdığı "Türk Ədəmi-Mərkəziyyət partiyası"na daxil olmuşdur. Həmin partiya Məhəmməd Əmin Rəsulzadənin "Müsəlman demokratik "Müsavat" partiyası ilə birləşdikdən sonra "Türk Ədəmi-Mərkəziyyət "Müsavat" partiyasının üzvü kimi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında və fəaliyyətində mühüm rol oynamış, "Müsavat" partiyasından Parlamentin deputatı seçilmişdir. M. Şeyxzamanlı 1919-cu il iyunun əvvəllərində yaradılmış Dövlət Müdafiə Komitəsi sədrinin əmri ilə Əks-inqilabla mübarizə təşkilatının rəisi təyin olunmuş, dövlət təhlükəsizliyinin xarici və daxili düşmənlərdən qorunmasına böyük əmək sərf etmişdir. Lakin 1919-cu il avqustun 20-də öz xahişi ilə vəzifəsindən azad edilmiş və bu vəzifəyə onun kiçik qardaşı Nağı bəy Şeyxzamanlı təyin olunmuşdu. Bu dövrdə o, Azərbaycanda xalq maarifinin tərəqqisi üçün də xeyli iş görmüş, dövri mətbuatda maarifçilik ruhunda xeyli məqalə dərc etdirmişdir. 
1920-ci ilin aprelində Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalının ilk günlərində həbs olunmuş, müstəqil Azərbaycana xidmət etdiyi üçün 11-ci Qırmızı ordunun xüsusi Şöbəsinin qərarı ilə güllələnmişdir.
Yüklə 246,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə