Aydın Əlizadə elliNİzm və roma dövrləRİNDƏ DİNİ-FƏLSƏFİ TƏLİMLƏr açarsözlər



Yüklə 82,15 Kb.
tarix07.11.2017
ölçüsü82,15 Kb.
#8880


Aydın Əlizadə

ELLİNİZM VƏ ROMA DÖVRLƏRİNDƏ DİNİ-FƏLSƏFİ TƏLİMLƏR
Açarsözlər: hermitizm, yeni-pifaqorçuluq, qnostisizm, mitraizm, fəlsəfə.

Ключевые слова: герметизм, неопифагорейство, гностицизм, митраизм, философия.

Keywords: hermeticism, neo-Pythagoreanism, gnosticism, mithraism, philosophy.

Qədim romalıların dünyagörüşünün əsasını politeizm (çoxtanrılıq) təşkil edirdi. Onlar inanırdılar ki hər bir şeyin, eləcə də təbiət hadisələrinin tanrıları və ruhları vardır. Bundan başqa, qədim Romada ölmüş əcdadların ruhlarına pərəstiş kultu və magiya da yayılmışdı. Romalılar ovsun, sehr və cadulara öyrəncəli idilər. Tanrılara tapınma rituallarını, cadugərliyi və başqa adətləri kahinlər icra edirdilər. Avqurlar adlanan kahinlər gələcəkdə nəyin baş verəcəyini quşların uçuşuna görə müəyyənləşdirirdilər. Qaruspik adlanan kahinlər isə bunu qurbanlıq heyvanların daxili orqanları ilə yerinə yetirirdilər.

Kahinlər yaşadıqları cəmiyyətlərdə nüfuzlü təbəqənin üzüvləri hesab olunurdular. Ən tanınmış və hörmətli kahinlər pontifekslər (lat. pontifex) heyyətini təşkil edirdilər. Bu heyyətin başçısı Baş kahin vəzifəsini tuturdu. Günümüzdə də Roma Papasının adlarından biri də məhz pontifeksdir.

İlkin dövrlərdə romalılar tanrıları təsvir etmir, onları yalnız xüsusi rəmzlərlə (simvollarla) ifadə edirdilər. Məsələn, müharibə tanrısı Marsın simvolu nizə, işıq və ildırımın simvolu olan Yupiterin rəmzi isə ox idi. Sonrakı dövrlərdə yunan mədəniyyətinin təsiri ilə Romada tanrıların panteonu (tanrılar toplumu) yaranmışdır. Yunan baş tanrısı Zevslə eyniləşdirilən Yupiter panteonun başında dururdu. Başqa Roma tanrıları da yunan tanrıları ilə: Hera Yuno (Yunona) ilə, Minerva Afina ilə, Venus (Venera) isə Afrodita ilə eyniləşdirilmişdir.

M. ö. IV yüzillikdən başlayaraq Romada yunan dili, adətləri və mədəniyyəti yayılmağa başlamışdır. Bununla da inkişaf etmiş yunan dili, mədəniyyəti, elmi, fəlsəfəsi Romanın ənənəvi latın dili və mədəniyyəti ilə qarışmışdır.

Digər tərəfdən romalıların istila siyasəti genişləndikcə Romada digər mədəniyyətlərin, xüsusi ilə Şərq mədəniyyətinin və dinlərinin də təsiri güclənmişdir. Məsələn, orada iranlıların Mitra, misirlilərin İsis (İsida) və Serapis, finikiyalıların Astarta tanrılarına ibadət edilirdi. Eyni zamanda, Fələstinin istilasından sonra romalılar yəhudi monoteizmi ilə də tanış olmuşdurlar.

Müxtəlif dinlərin axını ilə birlikdə Şərqdən Romaya çoxlu ovsunçular, sehrbazlar, cadugərlər gəlmiş və orada fəaliyyət göstərmişdirlər. Bunun da nəticəsində əhali arasında müxtəlif dinlər, inanclar, mövhumatlar, mistik təlimlər daha geniş miqyasda yayılmışdır. Bu durumla əlaqədar zamanla Roma imperiyasında həm siyasi-iqtisadi, həm də mənəvi böhran dərinləşmişdir. Belə ki, dinlərin və inancların çoxluğu cəmiyyəti parçalamışdır.
Hermetizm

Hermetizm ellinizm dövründə yaranmış dini-fəlsəfi cərəyan olmuşdur. Neoplatonizmin cərəyanı olmasa da, onun yaranmasına təkan verən təlimlərdən biri idi. Bir çox yeni platonçu filosofların astrologiya, mistika, teurgiya1, cadugərliyə meylləri də Hermetizmdən qaynaqlanırdı.

Bu təlimin adı Misir tanrısı Totla bağlıdır (3, 158). Yunanlar ona Hermes və ya Üç Kərə Ulu Hermes (yun. ρμς Τρισμέγιστος, lat. Hermes Trismegistus) deyirdilər. Mistik mətnə görə, bu ad dünyanın mistik yönlərini özündə ifadə edir(1, 863-875). Romada Hermes Merkurius tanrısı ilə eyniləşdirilməsinə görə, ona Ulu Merkurius (lat. Mercurius ter Maximus) deyirdilər. Onun təlimi Yunan, eləcə də Şərq fəlsəfəsi və inanclarının qarışığından (sinkretizmdən) ibarət idi. Hermetizm yeni platonçuluq fəlsəfəsinin yaranmasına, daha sonra isə orta əsrlər mədəniyyətinə, gələcəkdə isə ortaya çıxan mistik təlimlərin yaranmasına təsir etmişdir.

Hermetizmin yazılı qaynaqları “Korpus Hermetikum” (lat. Corpus Hermeticum) adlanır. O tanrı Hermesin apardığı dialoqlar şəklində yazılmış 16 kitabdan ibarətdir. Onları gizli, yalnız yüksək biliklərə (loqosa) çatanlar üçün ünvanlanmış ədəbiyyat hesab edirdilər. Bu kitablarda tanrı Hermes bütün dünyanın sirlərini açır. Korpus Hermetikum m. ö. III və ya II yüzilliklərdə yazılmış və münəccimlik, okkultizm, cadugərlik, fəlsəfəmistika sahələrini əhatə etmişdir. Ancaq bir çox tədqiqatçılar hesab edirlər ki, bu kitablar artıq Xristian dövrünün ilk yüzilliklərində (m. 100-300) hansısa qədim rəvayətlərin əsasında yazılmışdır (2, 3). Çünki, qədim yunan ədib və filosofları onlara istinad etməmişdirlər. Hermetizmin nisbətən sistemli dünyagörüşü o kitablardan biri olan “Poemandres” (yun. Ποιμάνδρης) əsərində verilmişdir (5, 502-511).

Orada hər şeyin başlanğıcında Ata Tanrı (Əql) durmuşdur. O zülmətdən çıxan maddi təbiətdən öncə var olmuş, sonra Əqldən emanasiya (işıqsaçma) baş vermiş və onun Söz (Kəlam-Loqos) adı ilə tanınan Oğlu yaranmışdır. Bu baxımdan Ata ilə oğul eynidirlər.

“Tanrı Sözü gözəl imiş”, ona görə də bütün varlıqlar ona bənzər şəkildə yaranmış, sonra yeddiyə bölünmüş dünyanın yeddi Hökümranı xəlq edilmişdir. Daha sonra Tanrı Sözü yaradılmış təbiətə vararaq Demiurqosla (Yaradıcı ilə) birləşmişdir. Bu birləşmədən isə aşağı qatlarda olan maddi təbiət və heyvanlar yaradılmışdır. Beləliklə, yer göydən ayrılmışdır.



İlk İnsanı Ata Tanrı özünə bənzər şəkildə yaradıb, onu sevmiş, onun hökmünə bütün təbiəti vermişdir. O yaradıcı olmaq istəmiş və ona bunun üçün bütün imkanlar verilmişdir. İlk İnsanda kişi və qadın birləşmiş, təbiət onlardan həmən qarışıq cinsdən olan daha yeddi insan yaratmışdır. Müəyyən vaxtdan sonra kainat bağları qırılmış və bütün varlıqlar iki cinsli olmuşdur.

Bu baxımdan İnsan ikili təbiəti sahibdir: bir tərəfdən o ölməzdir, çünki onun İlk insandan miras qalan ruhu və düşüncəsi vardır, digər tərəfdən isə insanın zülmətdən alınmış cismani bədəni də mövcuddur. O isə sonludur, ölümə məhkumdur. Buna görə də, insan gərək öz xilasına doğru yola çıxsın. Bu yol da öz ilahi mahiyyətini tanımaqda və Tanrıya uyğunlaşmaqdadır. Buna da özəl gizli biliklərlə (qnosis) çatmaq mümkündür. Qnosisə yiyələnmiş ruh bədənin ölümündən sonra yeddi göy qatından keçərək orada bütün pisliklərdən qurtarır və İlk Başlanğıca (Tanrıya) qayıdır. İlk Tanrı bunu etməyən və öz nəfsləri ilə yaşayan adamlardan uzaqlaşır və onlar şər varlıqların hökmünə verilir.

Xilas olmaq üçün insan öz həqiqi mahiyyətini dərk etməlidir. Hermetizmin əsaslarından biri odur ki “yuxarıda olanla aşağıda olan eyni şeydir”. Bu sözlər Hermetizmin əsas ideyalarını əks etdirən “Zümrüd lövhə” adlanan kiçik bir yazıda yazılmışdır.  Beləliklə, görünən və görünməyənin arasında belə bir bağlılıq var ki, ona gizli biliyi əldə eləmişlər vara bilərlər. Bununla da, hermetizm magiya, münəccimlik, teurgiya və cadugərlik kimi mistik praktikalara yol açmışdır.
Yeni pifaqorçuluq

Yeni pifaqorçuluq m. ö. I yüzillikdə İskəndəriyyədə yaranmış mistik dini-fəlsəfi təlimdir. M. ö. IV yüzillikdən sonra qədim pifaqorçuların fəaliyyətinə son qoyulmuşdur. Roma imperiyası dövründə isə bu təlim yenidən dirçəlsə də, onun qədim məktəbinin təlimi ilə çox az bağlılığı olmuşdur. Sadəcə bu məktəbin filosofları hansısa tanınmış ənənəyə bağlı olmasını sərgiləmək üçün öz təlimlərini qədim pifaqorçuluqla bağlayırdılar. Bu səbəbdən də, o zaman pifaqorçuluğa aid edilən çoxlu sayda saxta ədəbiyyat yazılmışdır.

Yeni pifaqorçuluq bir çox əlamətlərinə görə fəlsəfi cərəyandan daha çox dini təlim idi. Onun hətta Pifaqora aid edilən vəhy kitabları da mövcud olmuşdur. Bu təlimin əsasında kəskin dualizm dururdu. Maddi aləm şərlə, ruhi və səmavi başlanğıclar isə xeyirlə əlaqələndirilirdi. Bu baxımdan onlar düşünürdülər ki, Tanrı dünyanı rəqəmlərlə eyniləşdirilən ideyaların əsasında qurmuşdur. (10)

Yeni pifaqorçular Bir rəqəmini xeyir olan və hər şeyin başlanğıcında duran Tanrı ilə eyniləşdirirdilər. Şərin təcəssümü olan İki rəqəmindən isə artıq çoxluq, dəyişkənlik, xaos başlayır. Bütün rəqəmlər ideyalarla eyniləşdirilir və onların nisbətinə görə dünyada hər şey var olur. Ancaq, rəqəmlərin sərbəst varlığı yoxdur, onlar Birdən çıxırlar. (11)

Yeni pifaqorçular həm də dünyanın əbədiliyinə inanırdılar. İnsana isə “mikrokosm” kimi baxırdılar. Yeni pifaqorçuluqda tək tanrılığın əlamətləri olsa da, onunla maddi dünya arasında vasitəçi olan kiçik tanrıların və şər qüvvələrin varlığı da inkar edilmirdi. Həqiqi Tanrı ən yüksək mənəvi təbəqələrdə sonsuz uzaqlardadır. Vasitəçi kiçik tanrılar isə kamil olmadıqlarına görə, insanlara özlərinə tapınmağı buyururlar. Əbədiyyətə çatmaq üçün isə onlara deyil, həqiqi Tanrıya doğru mənəvi cəhətdən yönəlmək lazımdır. Bunun üçün əxlaqlı abid həyatı yaşanmalı, qidalanma, and içmə, qüsul və dəstəmaz alma qaydalarına riayət edilməli idi. (11)

Yeni pifaqorçuluğun ilk nümayəndəsi kimi tədqiqatçılar Publius Nigidius Fiqulus’un (lat. Publius Nigidius Figulus, təxminən m. ö. 98-45) adını qeyd edilər. O, filosof Siseronun yaxın dostu idi. O, bir çox elmlər haqqında kitablar yazmışdır. Siserona görə, o qədim pifaqorçuluğu yenidən dirçəltmək istəmişdir. Publius Fiqulus mistikaya çox meylli idi. Siseron xəbər vermişdir ki, o öncədəngörənlik edərək Oktavianus Avqustusun doğum günündə onun imperator olacağını bəyan etmişdir. Fiqulusun ən tanınmış əsərlərindən biri dilçiliyə aid olan “Qrammatikaya aid şərhlər” (lat. Commentarii grammatici) kitabı idi. Bundan başqa o tanrılara tapınma və onlara ehtiram etmə haqqında “Tanrılar haqqında” (lat. “De diis”), eləcə də münəccəmlik, öncədəngörənlik və yuxu yozumları sahəsində də əsərlər yazmışdır. Onların yalnız bəzi fraqmentləri günümüzə gəlib çatmışdır. (6)



Yeni pifaqorçuluğun ən tanınmış nümayəndəsi Tiyanalı Apollonius (yun. πολλώνιος Τυανεύς, təxminən m. 1-98) olmuşdur. Dövrmüzə onun adına yazılan 97 məktubu gəlib çatmışdır. Miladi III yüzillikdə yazıçı Lusius Flavius Filostratus Apolloniusun kimliyinə həsr olunmuş “Tianalı Apolloniusun həyatı” adlı bir roman yazmışdır. Bu roman hərəsində 40 fəsil olan 8 kitabdan ibarətdir. Orada Apolloniusun müxtəlif şəhərlərə səfərləri, onun krallarla, məmurlarla və müdriklərlə görüşləri, dini-fəlsəfi mülahizələri, möcüzələri, sehrbazlığı haqqında söhbət açılmışdır. Sonra o, Romaya qayıtdıqdan sonra imperator Nero tərəfindən təqib olunmuş, ancaq növbəti imperator Vespasianusun zamanında yüksək vəzifəyə yüksəlmişdir. İmperator Domisianusun dövründə isə o yenə də təqib olunmuş və möcüzə göstərərək hamının gözü qarşısında qeyb olmuşdur. Sonra Efesdə peyda olmuş, orada Pifaqor məktəbini yaratmışdır. Beləliklə, Apollonius filosof kimi deyil, daha çox bir peyğəmbər, sehrbaz, öncədəngörən kimi təsvir olunmuş və antik dünyada bu keyfiyyətləri ilə tanınmışdır.

Bir çox roma filosofları Apolloniusun həyatını İsa Məsihin həyat yolu ilə müqayisə edib, onun (Apolloniusun) daha da çox peyğəmbərliyə layiq olduğunu iddia edirdilər (13, 393). Bununla da, onlar Xristian ehkamlarını təkzib etməyə çalışmışdırlar. Məsələn, Roma filosofu Hierokles yazırdı ki, Apollonius İsadan daha çox möcüzələr göstərmiş, ancaq ondan fərqli olaraq, onu heç kəs tanrı elan etməmişdir. Daha sonra Hieroklesin fikrincə Romada Xristianlığı yayan həvari Paulus (Pavlos) və Petrus2 etibarlı adamlar olmamışdırlar. Digər tərəfdən isə Apolluniusun haqqında məlumat verən FilostratusDamis isə öz möminlik və doğruluqları ilə xalq arasında tanınmışdırlar. Hieroklesi təkzib etmək üçün kilsə tarixçisi Eusebius “Həqiqət sözü” (lat. Philalethes logos) əsərini yazmışdır (13, 393-394). Üstəlik Apolloniusun ölümündən sonra onun şərəfinə məbədlər tikilmiş, orada insanlar ona tapınmışdırlar. Bütün bunlara görə də sonralar qalib gəlmiş Xristianlıq onun kitablarını tonqallarda yandırmış, məbədlərini isə darmadağın etmişdirlər.

Filostratusun romanından belə nəticəyə gəlmək olar ki, Apollonius pifaqorçuluğa xas olan çətin riyazi problemlərlə deyil, daha çox dini və əxlaqi məsələlərə önəm vermişdir. O, ruhların bir bədəndən digərlərinə köçməsinə inanırdı. Eləcə də Apollonius hesab edirdi ki, qanlı qurbanların kəsilməsi, ətin yeyilməsi, çaxırın içilməsi, ailə həyatı müdrik insana yaraşmayan əməllərdir. Həyatın mənası Tanrını anlamaq, onu duymaqdır. Onun fikrincə bütün dinlərdə həqiqət vardır və onların hamısı Tanrıya aparan yollardır. Bununla belə, o tanrılar haqqında Yunan və Misir xalq dinində olan ibtidai təsəvvürləri də pisləyirdi. Apollonius öz həyat yolunu mömin insanın örnəyi kimi təqdim edirdi.

Gerasalı Nikomaxus (yun. Νικόμαχος Γερασένος, II yüzilliyin birinci yarısı) da yeni pifaqorçuluğun tanınmış nümayəndələrində biri olmuşdur. O, daha çox riyazi məsələlərlə məşğul olmuş, rəqəm düzənini ilahiləşdirmiş, ona ilahiyyat məzmununu qazandırmışdır. Onun əsərlərindən biri “Arifmetik ilahiyyat” (yun. Θεολογούμενα ριθμητικς) adlanır3. Orada Nikomaxus ona qədər olan rəqəmlərin mistik mənalarını verirdi. Kitabın birinci hissəsində birdən dördə qədər olan, ikincisində isə qalan rəqəmlər haqqında düşünülür (14). Hər bir rəqəm əxlaqi, təbii və ilahi obrazlarla uyğunlaşdırılır, onların arasında qanunauyğunluqlar araşdırılırdı.

Tanrı bir rəqəminə uyğundur, çünki ondan hər şey başlanır, həm də bir rəqəmi başqa rəqəmlərin əsasında durur. Ona görə də, ona uyğun olan Tanrı hər şeyin “əvvəli, ortası və sonudur”.

İki rəqəmindən başlayaraq çoxluq başlanır. O materiyaya uyğunlaşdırılır və bir olan Tanrıya qarşı durur. Bütün ziddiyyətlər ikilidir: isti-soyuq, xeyir-şər, işıq-qaranlıq və s.

Üç rəqəmində isə əvvəl, orta və son vardır. O hər şeyin tamlığının təcəssümüdür. Hətta canlılar üç cürdür: uçanlar, yeriyənlər və suda üzənlər. İnsanın yaşam dövrləri da üçdür: gənclik, yetkinlik və qocalıq. Tanrıya üç kərə dualar edilir və ümumiyyətlə hər şeyin üç dəfəsi ən mükəmməldir. Üç ahəng, barış və dostluqdur. O həm də bütün ziddiyyətləri bir-birinə yaxınlaşdırır.

Bu birinci üç rəqəm başqalarının əsasını təşkil edir. Bundan sonra gələnlər onların kombinasiyalarıdır. Kainat, kosmik təsəvvürlər, dairələrin bölgüsü dörd rəqəmində təcəssüm olunur. Bunların mahiyyətini anlamaq və onların üzərində riyazi hesablamalar aparmaq üçün onları xaç şəklində olan dörd hissəyə bölürlər. Bu bölgüyə əsasən elmlər arifmetika, həndəsə, harmoniya və astronomiya; Canlılar isə məlakələr, şər qüvvələr, diri canlılar və bitkilər olmaqla dördə bölünürlər. İnsanın da dörd hissəsi vardır: baş, bədən, əllər və ayaqlar.

Beş rəqəmində ilk cut və tək rəqəmlər (2 və 3) birləşir. O həm də on rəqəminə qədər olan ortadır. İki beşin cəmi ilk tamlıq olan ondur. Kainatın beş ünsürü vardır. Bunlar hava, od, su, torpaq və efirdir. Əxlaqda da beş rəqəmi ədalətin təcəssümüdür.

Altı rəqəmi birin, ikinin və üçün cəmindən, eləcə də ikinin üçə vurulmasından ibarətdir. Bu da kişi və qadın başlanğıcı, eləcə də evliliyin rəmzidir. Həm də altı iki əvvəli, ortası və sonu olan üçlüklərdən ibarətdir. Bu da kosmosun təcəssümüdür ki, Yaradan Tanrı onu altılıqla kamilləşdirir.

Yeddi rəqəminin özəllikləri çoxdur. Dörd yeddinin cəmindən kamil olan 28 rəqəmi yaranır. Bu da ay təqviminin günləridir. Antik dövrlərdə məlum olan və tanrılar kimi tanınan planetlərin sayı yeddi idi. Hərəkətlər də yeddidir: önə, arxaya, yuxarı, aşağı, sağa, sola və öz oxu ətrafında. Yeddi musiqi səsi (notlar) vardır. Yeddi yaşam dövrü vardır: uşaqlıq, gənclik, yetkinlik, kişilik, ahıllıq və qocalıq. Məhz yeddinci ayda uşaq doğulmaq üçün hazır olur. Toxum da yerə düşəndə təxminən yeddi günə bitməyə başlayır.

Səkkiz rəqəmi iki rəqəminin kubudur (2x2x2). Deməli, qütblülüklər və ziddiyyətlər olan 2 rəqəmi onun əsasında durur. Bu isə həm sevginin, həm də doğuluşun əlamətidir. Səkkizlik göydə də özünü göstərir, çünki ulduz dairələri də səkkizdir.

Doqquz rəqəmi üçün kvadratıdır (3x3) O onluğun içində ən böyük rəqəmdir ki, ondan sonra heç nə yoxdur. Ona görə də, ondan sonra dairəvi hərəkət baş verir. Hər şey ona doğru gəlir və sonra ondan uzaqlaşır.

On rəqəmi isə təbiətdə olan tamlıq, düzənlik və müvazinətin rəmzidir. Onun içində bütün başqa rəqəmlər vardır. Beləliklə, onluq bütün dünya və kainatdır. Ondan yüksək heç bir təbii rəqəm yoxdur. Çünki yüz on, min isə yüz onluqdan ibarətdir.

Yeni pifaqorçuluğun daha bir tanınmış nümayındəsi Apameyalı Numenius (yun. Νουμήνιος ξ παμείας, m. II-ci yüzilliyin ikinci yarısı) olmuşdur. Onun fikrincə tam olan varlığın üç əsası vardır (8, 158-162). Birincisi İlk Tanrıdır. O özünə qapanmış halda mövcuddur. İkincisi İkinci Tanrıdır. O maddə ilə münasibətdə olan Demiurqosdur; bir tərəfdən İlk Tanrıya, digər tərəfdən isə əbədi olan maddəyə yönəlir. Varlığın üçüncü əsasını isə kosmos təşkil edir.

Başqa məlumatlara görə, o varlığın üçüncü əsasını kosmosda deyil, Dünya Ruhunda görürdü (12). Ondan insan ruhunun ölən hissəsi yaranmışdır. İnsan ruhunun əqli hissəsi isə ölməzdir və dünya Əqlinə yönəlir.

Numenius platonçuluğu Müqəddəs kitabın (Bibliyanın) dünyagörüşünə, eləcə də Hind, Misir və digər dini təlimlərlə yaxınlaşdırmaq və uyğunlaşdırmaq istəmişdir. Hətta o, Platonu Musaya bənzədirdi (7, 449). Bunun da zərurəti ondan doğmuşdur ki, o zaman Romada ənənəvi yunan-roman dini böhranda idi və eyni zamanda imperiyada çoxlu dinlər ortaya çıxmışdır. Onlardan biri də sonralar dövlət dininə çevrilmiş Xristianlıq idi. Buna görə də, o dövrün filosofları bu həqiqətləri nəzərə alıb antik təlimləri başqa inanclarla, xüsusən də Xristianlıqla qarışdırmağa çalışırdılar. Numeniusun varlıq haqqında nəzəriyyəsi də bu qəbildən idi. Sonralar bu ideya yeni platonçular tərəfindən daha da inkişaf etdirilərək Xristian inancına uyğunlaşdırıldi.

Qadesli Moderatus (yun. Μοδέρατος, I yüzilliyin ikinci yarısı) da yeni pifaqorçulardan biri idi. O yeni platonçu Plotinin ifadə etdiyi üçlük haqqında fikirlərinin əsasını qoymuşdur. Belə ki, Moderatusa görə bütün varlıq birdir və üç hissədən ibarətdir. Birincisi hər şeydən yüksək olan Vahiddir. İkincisi ideyalar toplusu və həqiqi varlıqdır ki, onu düşüncə ilə qavramaq mümkündür. Üçuncüsü isə Ruhdur ki, o birinci və ikinci hissənin sayəsində mövcud olur. Eyni zamanda, Moderatus Pifaqor fəlsəfəsinə üstünlük verərək hesab edirdi ki, Platon, Aristotel və digər filosoflar onun fikirlərini mənimsəmişdirlər. Bunu edərək, onlar bütün mənfilikləri və qüsurları pifaqorçulara aid edərək onu gözdən salmışdırlar. (9)
Qnostisizm

Qnostisizm (yun. γνωστικός – həqiqi biləyə yiyələnmək) antik dövrün sonlarında (I-V yüzilliklərdə) yaranmış dualistik dini təlimdir. Bu təlimdə Xristianlığın, yunan fəlsəfəsinin və bəzi Şərq dinlərinin ideyaları qarışmış, sinkretik hala gətirilmişdir (4, 3-23). Qnostisizm ezoterik4 bir təlim idi, onun ardıcılları iddia edirdilər ki, Tanrı onlara dünyanın sonu haqqında biliklər vermişdir.

Qnostisizmin yaranmasının əsas səbəbini ellinizm dövründə qədim yunan polislərinin tarix səhnəsindən silinməsində, böyük imperiyaların yaranmasında, müxtəlif mədəniyyətlərin və dini-fəlsəfi təlimlərin bir-biri ilə qarışmasında, cəmiyyətdə axirətin yaxınlaşması inancında və mistik ənənələrin inkişafında görürdülər.

Qnostik cərəyanlar çox olsa da, onların bir-birinə bənzər təlimləri də olmuşdur. Qnostisizmi səciyyələndirən özəlliklər ilk olaraq ezoterizm və dualizmdir. Onlar bütün insanları “maddi” (bədənlə bağlı olanlar), “ruhi” (psixiklər) və “mənəvi” (pnevmatiklər) tiplərə bölürdülər. Onlara görə yalnız “mənəvi” insanlara həqiqi mistik biliyin (qnosisin) mahiyyəti açılırdı.

Qnostiklər həm də bütün varlığı ikili şəkildə təsəvvür edir, xeyirlə şəri substansional səviyyədə bir-birinə qarşı qoyurdular (4, 42). Onlara görə bütün maddi aləm şərdir, həmçinin o mənəviyyatın zindanıdır. Məqsəd bu zindandan azad olub xeyrə qovuşmaqdır. Bunu isə yalnız İlahi biliyə (qnosisə) yiyələnən insanlar edə bilərlər.

Qnostisizmdə maddi dünya Mütləqin səhvi nəticəsində yaranmışdır. Bu səhv nəticəsində qara qüvvələr işıqlı aləmlərə daxil olmuşdurlarlar. Bunu da qnostiklər belə təsəvvür edirdilər ki, Tanrı olan doğulmamış Ata özünü “eon” adlandırılan varlıqlarda təzahür edir. Bu eonlar əsasən cütlüklərdən ibarətdir. Eonlar ilahi tamlıq olan pleromanı (yun. πλήρωμα) təşkil edir. Ancaq, bəzi eonlar bir zaman başqalarının üzərində hakimiyyət əldə etmək istəmiş və pleromadan ayrılmışdırlar. Bundan sonra kosmosun yaranması (kosmogenez) baş vermiş, fərqli aləmlər yaranmışdır. Ən aşağı qatda yerləşən aləm isə bizim yaşadığımız dünyadır. Qnostiklərin əksəriyyəti eonlara insani xüsusiyyətlər qazandırmış, onlara konkret şəxs kimi baxmışdırlar.

Qnostiklərə görə Pleroma öz tamlığını bərpa etmək istəyir. Bu isə yeni eonun yaranmasına gətirib çıxardır. Həmin eon İsa və ya İsa ilə Məsihin cütlüyüdür. O, bu dünyaya enir və seçilmiş, mənəvi cəhətdən yüksəlmiş insanlara həqiqi biliyin (qnosisin) nə olduğunu öyrədir. Beləliklə, qnosisi bilən insanlar İsanın vasitəsi ilə pleromaya qayıdıb maddi aələmdən qurtaracaqlar. Bu yolda isə abid həyatı yaşamaq vacibdir.

Qnostiklər hesab edirdilər ki, Tanrı bu dünyadan çox-çox uzaqlardadır (transsendentdir). Onun təbiəti dərkedilməzdir. Dünya isə arxonlar (yun. ρχων – başçı) adlanan ən aşağı qatlarda yaşayan qüvvələr tərəfindən yaradılmışdır. Onlar Tanrı tərəfindən yaradılsa da, onun haqqında bilikləri yoxdur. Ona görə də, bu qüvvələr həqiqi Tanrının dərk edilməsi yolunda bir maneədirlər.

Bütün kainat arxonlara tabedir. Qnostiklər onları bəzən Əhdi-Ətiqdə çəkilən Tanrının adları ilə adlandırırdılar (Savaof, Adonai və s.). Beləliklə, onlar hesab edirdilər ki, həqiqi Tanrının yalnız bir adı var. Ona aid edilən başqa adlar isə əslində müstəqil fövqəlvarlıqlar olan arxonlardır.

Dünyanın ətrafında isə bir neçə kosmik qatlar vardır. Onları da arxonlar idarə edir. Dünyanın yaradılmasında arxonların ən böyüyünün müstəsna rolu vardır. Onun adı Platonun “Timeus” əsərində olduğu kimi “Demiurqos”dur. Arxonların zülmlə dolu hakimiyyəti isə “hermarmenus” adlanır (4, 43).

İnsan bədən, mənəviyyat (pnevma) və ruhdan ibarətdir (4, 44). Bədən və ruh dünyanın tərkib hissəsi olaraq hermarmenusa tabedir. Hermarmenus isə təbiət qanunlarıdır. O həm də Musaya verilmiş yəhudi qanunudur. Ruhun içində yaşayan mənəviyyat isə İlahi işığın hissəciyidir və o zindanda saxlanılır. Əsarətdə olan mənəviyyat pleromadan təcrid olunub və özünü onun hissəsi kimi dərk etmir. Onun dirçəlməsi isə həqiqi bilik (qnosis) vasitəsilə əldə edilə bilər. İnsan yalnız  qaranlığı yarıb, işığa doğru yönələrək xilas olur. Ölümdən sonra qnosisə yiyələnmiş ruh həqiqi Tanrı tamlığı olan pleromaya qovuşur.

Bəzi qnostik təriqətlər cəmiyyətdə hökm sürən qanunları, ədəb və əxlaq qaydalarını belə arxonların qoyduğu qayda və qanunları hesab edirdilər. Ona görə də pnevmatiklər onlara riayət etməməli idilər (4, 46-47). Onların fikrincə, əgər pnevmatik hermarmenusdan azaddırsa, onda dünyaya bağlı olan və onun reallığını əks etdirən qanunlardan da azad olmalıdırlar.

Qnostisizm antik dünyada Xristianlıqdan öncə yayılmışdır. Ancaq, Xristianlıq yayılmağa başlayanda qnostiklər bu dinin bir çox elementlərini öz təlimlərinə qatmışdırlar. Bunun nəticəsində Xristian qnostisizmi yaranmışdır. Bundan öncə isə qnostisizm Yəhudiliyə də yol tapmışdı. Sonralar isə qnostik ideyaların əlamətləri İslam təriqətlərində də müşahidə edilmişdir.
Mitraizm

Qnostik inanca yaxın olan dinlərdən biri də Mitraizm olmuşdur. Mitraizm Roma imperiyasında Xristianlıqla bərabər yayılan və onunla rəqabət aparan İran mənşəli bir din idi. İran mənşəli qnostik təlimlər dünyanı Zülmətlə Nurun mübarizəsi kontekstində görür və izah edirdilər (4).

Mitra arilərin panteonunun5 tanrılarından biri idi. Yaxın Şərqdə bir çox xalqlar ona ibadət edirdi. Qədim arilər onu “Səhər işığının tanrısı” adlandırırdılar. Onların inanclarına görə, Mitranın qüdrəti dünyada həyatın mövcudluğunu təmin edir. Daha sonra iranlılar inanırdılar ki, Mitranı xeyir tanrısı olan Ahura-Məzda yaradıb və ona ibadət etmək vacibdir. Bu barədə “Avesta” da Mitr-Yaşt babının əvvəllində verilir.

M.ö V-VI yüzillikdə Mitra inancı unudulmuş, lakin sonra bu kult yenidən bərpa olunmuş və İranda, Babilistanda, Pontda, Friqiyada, Kappadokiyada və başqa regionlarda yayılmışdır. Daha sonra Mitraya Romada da ibadət edirdilər. Mitra dininə tapınanlar inanırdılar ki, Mitra zülmət qüvvələri ilə mübarizə aparır və insanlara xidmət edir. Eyni zamanda, Mitra dünyanın yaradıcısıdır. Ancaq, qnostiklərdən fərqli olaraq o Xeyrin təcəssümü kimi təsəvvür edilirdi.

Xristianlığın Mitraizmlə bir sıra oxşar cəhətləri vardır. Məsələn, 274-cü ildən başlayaraq, hər ilin 25 dekabr günü, imperator Avrelianın əmri ilə günəş tanrısı Mitranın anadan olan günü kimi qeyd edilirdi. Sonralar isə IV əsrdən başlayaraq bu günü İsanın anadan olan günü kimi qeyd etməyə başlamışdılar. Bu adət bizim dövrümüzə qədər davam etməkdədir.

Xristianlıq və Mitraizmin oxşar cəhətlərində biri də Mitra və İsanın xilaskar olmasıdır. Onların hər ikisi Tanrı ilə insanlar arasında olan vasitəçidir. Onlar Atanın buyruqlarını yerinə yetirirlər. Bu baxımdan İsa kimi Mitra da axirətdə insanları mühakimə edəcəkdir. Hətta, Xristianlığın rəmzi olan xaç da mitraizmin simvollarından biri olmuşdur. Onlar xaçı dairənin içində təsvir edirdilər. Mitraizmdə Xristianlıqda olduğu kimi bu dini qəbul edənlərin xaç suyuna salma mərasimi də keçirilirdi. Bu barədə tanınmış xristian ilahiyyatçısı Tertulian da məlumat vermişdir (15).



Ədəbiyyat:
1. Davis, Tenny L. The Emerald Tablet of Hermes Tristmegistus: Three Latin versions which were current among later Alchemists. Journal of Chemical Education, Vol. 3, № 8, 1926.

2. Frances A. Yates: Giordano Bruno and the Hermetic Tradition. The University of Chicago Press Book, 1964.

3. Hart G. The Routledge Dictionary of Egyptian Gods and Goddesses. New York: Routledge. Oxon, 2005.

4. Jonas. H. The Gnostic Religion. Boston: Beacon Press, 2005.

5. Poemandres, The Shepherd of Men // Thrice-Greatest Hermes by G.R.S. Mead. Vol. 2. London, 1906.

6. Publius Nigidius Figulus // Encyclopedia Britanica, 1911.

7. The Miscellanies; or, Stromata // Ante-Nicene. Christian Library. The Writings of the Fathers Down to A. D. 325. Vol. IV. Clement of Alexandria. Vol I. Edinburgh: T. and T. Clarc, 1867.

8. Евсевий Памфил. Евангельское приготовление. Книга XI / Перевод А. Ястребова // Богословский сборник. М.: Православный Свято-Тихоновский богословский институт, 2001.

9. Модерат // Античная философия: энциклопедический словарь / Составитель Е. В. Афонасин. М.: Прогресс-Традиция, 2008.

10. Неопифагореизм // Малый энциклопедический словарь Брокгауза и Ефрона: В 4 томах. СПб., 1907-1909.

11. Новопифагореизм // Энциклопедический словарь Брокгауза и Ефрона. СПб, 1890-1907.

12. Нумений // Философский энциклопедический словарь / Гл. ред. Ильичев Л. Ф., Федосеев П. Н. и др. М.: Советская энциклопедия, 1983.

13. Ранович А. Б. Первоисточники по истории раннего Христианства. Античные критики Христианства. М.: Политиздат, 1990.

14. Теологумены арифметики // Философское антиковедение и классическая традиция. Т. 3. Вып. 1, Новосибирск, 2009.

15. Тертуллиан. О крещении V, 1 / Общая редакция и составление А. А. Столярова. М.: Издательская группа "Прогресс"-"Культура". Москва, 1994.
Айдын Али-заде

Религиозно-философские учения в эпоху Эллинизма и Римской империи.
Резюме
В данной статье в историко-философском изложении дается обзор античных верований и их взаимосвязи с философскими учениями того периода. Подчеркивается влияние различных мировых религий на формирование античного мировоззрения. Этот фактор говорит о том, что основы глобализма и мультикультурализма закладывались еще в античные времена.


Summary

In this paper, it is given general observation of the ancient outlook of religions with relationship of philosophical doctrines. Here emphasized that influenced world religions to formulation of antic philosophical outlook. This meaning is that foundation of multiculturalism and globalization based on antic period.


==================================================

Bu iş Azərbaycan Prezidenti yanında Elmin inkişafı fondunun maliyyə yardımı ilə yerinə yetirilmişdir – Qrant N EİF-2014-9(24)-14/14/5

Nəticələr:
1. Antik dövrünün dinləri gələcəkdə formalaşan dünya dinlərinə təsir etmişdir. Bu təsir xüsusən qnostik inancların, rəqəmlər magiyasında özünü göstərməkdədir.
2. Eyni zamanda antik dinin özü də qədim dinlərin, xüsusən Yunan Roma, Misir və Babil inanclarının təsiri altında idi. Bu proses də qədim dövrdə multikulturallığın əlamətlərinin göstəricisidir.
3. Azərbaycanda antik inancların araşdırılması dinlərin təşəkkul tapması haqqında təsəvvür yarada bilər. Bu da dünyəviliyin və tolerantlığın inkişafına xidmət edər.
Yenilik:
1. Antik dinlərin qədim dövrün multikulturallığının nəticəsində təşəkkül tapması aşkarlanmışdır.

2. Azərbaycan dilində Antik dünyanın dinlərinin nəzəri əsasları ilk mənbəlrə və dünya tədqiqatlarına əsaslanaraq verilmişdir.



3. Antik dinlərin gələcəkdə formalaşan dünya dinlərinə təsiri göstərilmişdir. Bu da Azərbaycan şəraitində maarifçilik işlərində tətbiq oluna bilər.

1 Teurgiya (yun. θεός – tanrı + ργια – mərasim) tanrıların rəğbətini qazanmaq üçün onların iradəsinə təsir etmək sənətidir. Magiyanın bir növüdür.

2 Ruslar ona Pyotr (Пётр) deyirlər.

3 Bəzi araşdırmaçılara görə bu kitabın müəllifi Yamblix da ola bilərdi. Belə olsa da, o Nikomakhusun əsərindən istifadə etmişdir.

4 Ezoterizm dünyanın və insanın gizli (batini) mahiyyətləri və özəllikləri haqqında təlimdir.

5 Arilər - hind-fars mənşəli xalqların ümumiləşdirilmiş qədim adıdır.

Yüklə 82,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə