Aydın Mədətoğlu (Qasımlı) TÜRKÇÜLƏR (Tarixi – siyasi-ideoloji oçerklər)



Yüklə 2,29 Mb.
səhifə4/30
tarix16.11.2017
ölçüsü2,29 Mb.
#10585
1   2   3   4   5   6   7   8   9   ...   30

1.7. Dünya Cahangiri Çingiz Xan
Dünya tarixinin ən böyük fatehlərindən, cahangirlərindən, sərkərdələrindən və dövlət xadimlərindən biri olan Çingiz Xanı (1155 - 1227) bir çox tədqiqatçılar eyni zamanda bir Türk hökmdarı olaraq da qəbul edirlər. (Bax: Ahmet Temir, Cengiz Han, Ankara 1989, səh 5) Çingiz Xan sülaləsinin mükəmməl tarixini yazan "Came ət-Təvarix" əsərinin müəllifi, Elxanilər dövlətinin baş vəziri olmuş məşhur Rəşidəddinə görə də, "Çingiz Xanın mənşə əfsanələri daha çox Türk mənşə əfsanələrinə bənzəyir". (Bax Raşid ed-Din, Came et-Tevarih (Metin), yayımlayan Ahmet Ateş, II cild, IV Cüz, Ankara 1957)

Çingiz Xanla Türklərin münasibətlərindən bəhs edən məşhur Macar alimi Rasonyi də göstərir ki, "Öngüt Türkləri əsrlərlə Çingiz Xan nəsli ilə ailə qurmuş, evlənmələr yolu ilə qohumluq münasibətləri yaratmışlar. Belə ki, Öngüt Türklərinin başçısı Alaquş Təkin Çingiz Xanın kürəkəni idi. Onun oğullarından Gün Buğa böyük Xaqan Kubilayın (1259 - 1294) qızı Ürəklə, Ay Buğa isə böyük Xaqan Güyükün (1246 -1248) qızı Yelmiş ilə evlənmişdilər... Bu ailə (Alaquş Təkinin ailəsi - A.M) Çingiz Xan ailəsinə daim sadiq qalmışdır". (Seçmələr bizimdir - A.M. Bax: Prof. Dr. Laszlo Rasonyi, Tarihte Türklük, Ankara 1971, səh 175)

Orta əsr Çin mənbələri isə ümumiyyətlə Türk və Moğolları bir-birindən ayırmamış, onları birlikdə "Ta-ta" (Tatar) adlandırmışdır. XIII əsr Çin mənbələri mədəni səviyyələrinə görə, Moğolları "Bəyaz tatar", "Qara tatar" və "Vəhşi tatar" şəklində qruplaşdırmışlar. (Ahmet Temir, Türk - Moğol İmperatorluğu ve devamı, Bax: Türk Dünyası, I cild, Ankara 1992, səh 386)

Ümumiyyətlə Çingiz Xanın həyatı, şəxsiyyəti və fəaliyyəti haqqında artıq 770 ildir ki, yazılır və bundan sonra da hələ çox yazılacaq. Ömrünün böyük bir hissəsini Çingiz Xanın həyatının tədqiqinə həsr edən məşhur alman alimi, professor Erich Haenisch yazırdı: "Bu qüdrətli şəxsiyyətin göstərdiyi başarıların sirrini bu üç məsələdə aramalıyıq: Biricisi, Çingiz Xanın misilsiz və əzəmətli hərbi qabiliyyətə malik olmasında; ikincisi, onun öz ətrafındakılara qarşı göstərdiyi inam və etiqadda; üçüncüsü, İlahi varlığın yerdəki vəkili olduğuna inamında". (Seçmələr bizimdir - A. M. Bax: Erich Haenisch, Moğolların gizli tarixi, tərcümə edəni A.Temir, Ankara, Türk Tarih Kurumu, II seri, 13-cü nömrə, 1948; A.Temir, Cengiz Han, Türk Büyükleri Dizisi:124, Başbakanlık basınevi, Ankara 1989, səh 7)

Bütün bunlarla yanaşı, Çingiz Xanın həyat və fəaliyyəti ilə bağlı ən dəyərli əsər "Moğolların gizli tarixi", anonim əsər olan "Altan Tabçı", "Xanların mənşəyi haqqında cövhər məcmuəsi", Rəşidəddinin "Came ət-Təvarix", və Əbülqazi Bahadır Xanın "Şəcəreyi-Türki" əsərləridir ki, bunlardan da ən qədimi və ən dəyərlisi "Moğolların gizli tarixi" əsəridir.

1240-cı illərdə yazılan, 12 bölmədən ibarət olan və müəllifi, bizcə, Çingiz Xan tərəfindən Ali Məhkəmənin sədri təyin edilən minbaşı Şigi Kutuk olan "Moğolların gizli tarixi" adlı əsər Çingiz xanın cəddi, onların ata yurdu, Çingiz Xanın ulu babası Bataçı Xan və onun nəslindən gələnlər bir-bir sadalanaraq, Temuçinin (Çingiz Xanın əsl adı Türkcə olan Temuçindir. - A.M) atası Yesugey Bahadıra qədər 20 şəxsin adı qeyd edilmişdir ki, Temuçinin şəcərəsi Dobun Mərgənin arvadı Alan Koanın ərinin ölümündən sonra göydən gələn ruhla izdivac nəticəsində doğulan üç uşaqdan ən kiçiyi olan Bodonçar Munkaka dayanır.

Alan Koanın əri Dobun Mərgənin ölümündən sonra da cocuq dünyaya gətirməsi ətrafda dedi-qoduya səbəb olmuş, ana isə beş övladını ətrafına toplayaraq demişdi: "Oğlum Bəlgünötey və Bügünötey! Siz bu üç cocuq haqqında ananızdan şübhə edərək əleyhinə dedi-qodu yapdınız. Şübhənizdə haqlısınız. Lakin hər gecə sarışın bir adam evin bacasından sızan işıq vasitəsilə içəri girərək qarnımı oxşayır və onun nuru vücuduma keçirdi, çıxarkən də günəş və ya ayın nurları üzərindən sarı bir köpək kimi sürünərək çıxırdı. Siz niyə belə düşünmədən danışırsınız? Bu hadisə ilə bağlı fikir yürüdülərsə, onların Tanrının oğlu olduqları (İsa Məsihlə müqayisə et) meydana çıxar. Qardaşlarınızı qara başlı adi adamlarla müqayisə edərək, necə belə danışa bilirsiniz? Onlar bütün insanların xanı olduqları zaman adi xalq gerçəyi anlayacaqdır". (Bax: Moğolların gizli tarixinə görə Çingiz Xan, hazırlayan Ahmet Temir, Ankara 1989, səh 15-16)

Əsərdən anlaşıldığına görə, Alan Koadan təbiətüstü varlıq nəticəsində dünyaya gələn ən kiçik oğul Bodonçar Munkak Çingiz Xanın doqquzuncu babasıdır. Əsərdə göstərilir ki, Bodonçar Munkak bir neçə dəfə evlənmiş və onun bir nəslindən Çingiz Xanın qardaş adlandırdığı, uşaqlıqları bir yerdə keçən, ilk illərdə dövlətin qurulması və ayrı-ayrı boyların məğlub edilməsində əvəzsiz xidmətlər göstərmiş, lakin sonradan Çingiz Xana düşmən kəsilmiş Kara Koadan oğlu Camuka, ilk arvadından olan nəslindən isə Yesugey Bahadır oğlu Temuçin (Çingiz Xan) dünyaya gəlmişdir.

"Moğolların gizli tarixi" adlı əsər aşağıdakı sözlərlə başlayır: "Çingiz Xaqanın cəddi yüksək Tanırının təqdiri ilə yaradılmış bir Bozqurd (Börtə-çino) idi və eşi bəyaz bir dişi Maral (Koai Maral) idi. Onlar (Bozqurdla bəyaz dişi Maral - A.M) dənizi (Tenqiz dedikdə, Baykal gölü nəzərdə tutulur - A.M) keçərək gəldilər. Onan çayının mənbəyində, Burxan Qaldun dağı ətrafında yerləşdikdən sonra Bataçı xan adlı bir oğulları oldu". (Bax: Ahmet Temir, Cengiz Han, Ankara 1989, səh 13-14)

Bundan sonra əsərdə, Temuçinin atası Yesügey Bahadır Olkunout qəbiləsindən qaçırılmış olan Höelün Ücin adlı bir qızı Merkitlərin əlindən alaraq onunla evləndikdən sonra bu qadından Yesügey Bahadırın Temuçin (Çingiz Xan), Kasar, Kaçiun, Temügə-Otçiğin adlı dörd oğlu və Temülün adlı bir qızı olduğundan, Yesügey Bahadırın Tatarlarla savaşarkən, arvadı Höelün Ücinin Temuçini dünyaya gətirdiyindən, Yesügey Bahadırın Tatar boy başçılarından Temuçin Ügey adlı birini əsir aldığından və yeni anadan olan oğluna həmin bu Tatar Temuçinin adını qoyduğundan, Temuçin doqquz yaşında olarkən, atası Yesügey Bahadırın Tatarlar tərəfindən zəhərlənərək öldürüldüyündən, Höelün Ücin ananın övladlarını necə ağır şərtlər altında böyütdüyündən, Temuçinin gəncliyindən, Tayicutlara əsir düşməsi və əsirlikdən qaçıb qurtulmasından, Kereitlərin başçısı, atasının dostu və özünə "ata" hesab etdiyi Toğrul Xanla, "qardaş" dediyi Camuka ilə üçlü anlaşma yaparaq, Merkitləri məğlub etməsindən, nişanlısı Börtəni düşmən əsarətindən qurtarmasından, Camukanın Temuçinin əleyhinə gedərək, ondan ayrılıb özünü "Gür Xan" elan etməsindən, Temuçinin Camuka ilə Toğrul xanın birləşmiş ordularını məğlub etməsindən, Naymanlarla Merkitləri itaət altına almasından, Temuçinin "Çingiz Xaqan" adı ilə "Böyük Xan" elan edilməsindən, Quzey Çini, Türküstan və Rusiyanı zəbt etməsindən, Çingiz xanın ölümündən, oğlu Ögedeyin "Böyük Xan" seçilməsindən və Çin dövlətinin ortadan qaldırılmasından geniş bəhs edilmişdir.

Əsərdə qeyd edildiyinə görə, Temuçin doqquz yaşında ikən atası Yesügey Bahadır onu evləndirmək məqsədi ilə anası Höelün Ücinin Olkunout tayfasının yanına apararkən, yolda Unqırat boyunun başçılarından olan Dey Seçənə rast gəlmiş, Dey Seçən də onu evinə qonaq aparmış və burada Temuçin onun on yaşlı qızı Bortəni bəyənmiş və atalar anlaşaraq onları nişanlamışlar. Dey Seçənin xahişi ilə Yesügey Bahadır Temuçini qaynatasının evində qoyaraq, məmləkətinə dönərkən yolda susadığı üçün Tatarların yanına getmiş, Tatarlar da onu tanıdıqları üçün keçmiş düşmənçiliklərindən dolayı onun içkisinə zəhər qataraq zəhərləmişlər. Üç gün sonra evinə gəlib çatan Yesügey Bahadırın vəziyyəti daha da ağırlaşmış Konqotanlardan Çaraka Əbügənin oğlu Müngliki yanına çağırtdıraraq demişdi: "Oğlum Minglik, uşaqlarım kiçikdir, oğlum Temuçini kürəkən olaraq buraxıb dönərkən, Tatarlar tərəfindən zəhərləndim. Vəziyyətim ağırdır. Geridə qalan kiçik uşaqlarıma (böyük oğlu Temuçin 9, Kasar 7, Kaçiun-Elçi 5, Temügə-Otçiğin 3 yaşı və qızı Temülün isə hələ beşikdə idi - A.M) dul qadınıma (Höelün Ücünə) və gəlinimə (Temuçinin nişanlısı Börtəyə) baxmağı öz üzərinə götür. Oğlum Münglik, oğlum Temuçini (gələcək Çingiz Xanı) dərhal gedib al və gətir". Yesügey bunları söylədi və öldü. (Bax Moğolların gizli tarixinə görə, Cengiz Han, hazırlayan Ahmet Temir, Türk Büyükleri dizisi:124, Kültür Bakanlığı yayınları:1105, Ankara 1989, səh 20)

Əbügə oğlu Münglik Yesügey Bahadırın vəsiyyətinə əməl edərək sona qədər bu ailəyə sadiq qalmışdır. O, ilk öncə Temuçini Dey Seçənin yanından alıb gətirmiş, gələcək dünyanı idarə edəcək Xanlar sülaləsini yetişdirməklə, şəxsiyyətini ortaya qoymuşdur. Höelün Ücin ananın öz övladlarını necə böyütdüyünü müəllif, "Moğolların gizli tarixi"ndə çox təsirli təsvir edir:" Mahir bir qadın olan Höelün Ücin kiçik uşaqlarını böyütdü. Ətəklərini belinə bağlayaraq, Onan çayı boyunca bir aşağı bir yuxarı yürüdü. Yabanı armud və meyvələri toplayaraq, gecə-gündüz övladlarını bəslədi. Cəsur Ücin ana əziz övladlarını tərbiyə etdi. Əlinə sərv ağacından bir dəyənək alaraq çiçək köklərini qazaraq onları bəslədi. Ücin ana tərəfindən yabanı soğanlarla, sarımsaq kökləri ilə bəslənən cocuqlar güclü və ağıllı böyüdülər. Ər, ər oğlu ər və cəsur böyüyən uşaqlar sanki Xan olmaq üçün böyüdülər". (Bax: Moğolların gizli tarixinə görə Çingiz Xan, səh 22)

Atasının ölümündən sonra böyük oğul Temuçinin yavaş-yavaş başarılar qazanaraq 1196-cı ilə, yəni ətrafına toplanan boylar tərəfindən "Xan" seçilməsinə qədər 31 il, bütün boyları birləşdirməsi ilə 1206-cı ildə "Çingiz Xaqan" adı ilə "Böyük Xan" elan edilməsinə qədər də 41 il keçmişdir. Bu dövr ərzində Temuçin Tatarlar tərəfindən əsir götürülmüş, əsirlikdən qaçaraq ailəsinə qovuşmuş, Tayciutlar qərargaha hücum edərkən Temuçin anası, qardaşları və bacısı ilə meşədə gizlənməyə məcbur olmuş və sonda Tayciutlara əsir düşmüş, Süldüslü Sorkan Şiranın yardımı ilə əsirlikdən qurtularaq adamlarını və ailəsini arayıb-bulmuş, nişanlısı Börtəni tapıb onunla evlənmiş, Qərargahı Merkitlər tərəfindən zəbt edilərək arvadı Börtə qaçırılmış, Mekitlərə qarşı Kereitlərin başçısı, atası Yesügeyin dostu Toğrul Xanla birləşərək dostluq müqaviləsini təzələmiş, Toğrul və "qardaş" adlandırdığı Camuka ilə üçlü ittifaq bağlayaraq, Merkitləri məğlub etmiş, arvadı Börtəni əsirlikdən qurtarmışdı.

Kereit hökmdarı Toğrul Xan, o dövrdəki Avropada "Papaz hökmdarı Yohannes" adı ilə əfsanəvi bir şöhrət qazanmış, "xristianların xilaskarı" kimi vəsfləndirilmişdir. Onun adı Xaçlı səfərləri (Xaç yürüşləri) əsnasında böyük rol oynamışdır. (Bax A.Temir, Cengiz Han, səh 137)

Merkitlərə qarşı başarılı savaşdan sonra Temuçinlə Camuka il yarım bir-biri ilə dostluq içində yaşamış, sonra isə Camukanın təqsiri üzündən ayrılaraq, bir-birinə düşmən kəsilmişlər. Bəzi boylar Temuçinin ətrafında toplanaraq, 1196-cı ildə onu "Çingiz Xan titulu ilə "Xan" elan etmiş, bəzi boylar da Camukanın ətrafında birləşərək onu "Gür Xan" titulu ilə hökmdar elan etmişlər. Bu hadisədən sonra Camuka Çingiz Xana qarşı savaş açmağa qərar vermiş və sonda Çingiz Xanla Toğrulun birləşmiş orduları qarşısında məğlub olaraq, geri çəkilməyə məcbur olmuşdur. Bundan sonra Çingiz Xan Tayciutları, onunla birləşən Kereitli Caka Qambutla birgə Tatarları, Toğrulla birgə "Moğol adı daşımalarına baxmayaraq Türk olan Naymanları" (Bax: Rasonyi, göstərilən əsəri, səh 175) məğlub etmişdi". Naymanlar o dövrdə bozkırların ən mədəni xalqı olub, ilk olaraq uyğur yazısını işlətmişlər. Aralarında Nestoryan məzhəbindən bir çox xristian da bulunurdu. Məmləkətləri Hanqhay və Altay dağları arasında idi. Buyruk, İnança-Bilgə Tayank (Torluq) və Güclülük kimi sülalələri olmuşdur". (Seçmələr bizimdir - A.M. Bax: A.Temir, Cengiz Han, Ankara 1989, səh 137-138)

Çingiz Xanın nüfuzunun getdikcə artdığını görən Toğrul Xanın oğlu Senggüm atası ilə Çingiz Xanın arasını vurmağa çalışmış, Camuka ilə biləşərək Çingiz Xana qarşı mübarizəyə başlamışlarsa da sonda hər ikisi məğlub olmuş və Toğrul qaçıb qurtulsa da Nayman komandirlərindən Kori Sübəçi adlı birisi onu tanımadığından öldürmüş, Senggüm də tutularaq öldürülmüş, Camuka isə özünün beş tərəfdarı tərəfindən tutularaq Çingiz Xana təslim edilmişdir. Çingiz Xandan ənam gözlədikləri halda o, öz başçılarına xəyanət etdikləri üçün onların beşinin də qətlinə fərman vermiş, Camukanın bağışlanmasına baxmayaraq, o, öz xəyanətini etiraf etmiş, yalnız qanı tökülmədən öldürülməsini (Türk törəsinə görə, şərəfli adamlar xəyanət etsələr belə, onların qanı tökülmədən qətlə yetirilməli idi) xahiş etmişdir. Çingiz Xan da "qardaş" adlandırdığı Camukanın bu xahişini yerinə yetirərək "Onu qanını axıtmadan öldürün, lakin ölüsünü hara gəldi atmayıb təntənəli şəkildə dəfn edin." - demişdi.(Bax: Moğolların gizli tarixinə görə Çingiz Xan, Ankara 1989, səh 70) Əsas rəqibləri olan Camuka və Toğrulu məğlub etdikdən sonra bəzi boyları savaş yolu ilə, çoxunu isə sevgi ilə ətrafına toplamağa nail olan Çingiz Xanın qüvvət və qüdrəti getdikcə artmış, ad-sanı hər tərəfə yayılmışdır.

Ətrafındakı bütün boyları itaət altına aldıqdan sonra 1206-cı ildə bütün bu boyların nümayəndələri Onan çayının mənbəyində toplanaraq, böyük bir Qurultay keçirmiş və Temuçini "Çingiz Xaqan" adı ilə "Böyük Xan" elan etmişlər. Bütün boyları təşkilatlandıraraq, vahid bir ulusa çevirən Çingiz Xan, bu Qurultayda yaratdığı müəzzəm orduya onbaşı, minbaşı və yüzbaşılar təyin etmiş, bir növü vahid ordu yaradaraq, bu orduya başçılığı da öz üzərinə götürmüşdür. Bu Qurultayda "Yasa" (Qanunlar toplusu - A.M) qəbul edilmiş, təltif və cəzalar müəyyənləşdirilmiş, minbaşılardan Şigi Kutuku Çingiz Xan Ali Məhkəmənin sədri təyin edərək, söyləmişdi:" Ulusun bölgüsü, işi və məhkəmə qərarları "Gök dəftərə" (Moğolca "Kökö dəbtər" Rəşidəddində "Altan dəbtər" kimi göstərilmişdir - A.M. Bax: Moğolların gizli tarixi, hazırlayan Ahmet Temir, Ankara 1989, səh 72;5) yazılıb bağlansın. Şigi Kutukun mənimlə (Çingiz Xanla - A.M) məsləhətləşmə sonunda ağ kağız üzərində mavi yazı ilə yazaraq, dəftər halında təsbit etdiyi, qanunlar nəsildən-nəslə ötürülsün və onu kimsə dəyişdirməsin. Dəyişdirməyə qalxanlar cəzalandırılsın. Bütün ulusun içərisində oğrular cəzalandırılsın, yalan ortadan qaldırılsın. Ölüm cəzasına layiq olanlar öldürülsün. Mal cəzasına layiq görülənlərdən mal cəzası alınsın" və s. (Bax: Moğolların gizli tarixinə görə Çingiz Xan, A.Temir, Ankara 1989, səh 72) Çingiz Xan "Yasa"sının tam mətni əldə edilməsə də tədqiqatçılara görə, bu "Yasa" beş bölmədən ibarət olub, aşağıdakı məsələlərlə bağlı qanunları ehtiva edir: 1. Ölümlə cəzalandırma ("Cinayət məcəlləsi"); 2. Müharibə ("Hərbi qanunlar"); 3. Ailə və miras ("Ailə və mirasla bağlı qanunlar"); 4. Gözlənilən fəzilətlər; 5. Qadağalar.

"Yasa"ya görə, oğurluq, yalan, evliliyi pozmaq, müqəddəs sayılan su və odu qəsdən murdarlamaq, müharibə əsnasında yıxılan əskəri qaldırıb silahı əlinə verməmək və s. kimi hərəkətlərin sonu ölüm cəzası ilə nəticələnirdi. Mühasirə və hücumla alınan şəhərlər dağıdılmalı, əhalisi məhv edilməli, özləri tabe olan şəhər əhalisindən isə yalnız bir vergi alınmalıdır. Ailədə ən böyük oğul atanın təmsilçisi, ən kiçik oğul isə ocaq qoruyucusu kimi evdə qalmalı və savaşda ölən qardaşlarının da ailəsinə baxmalı idi. Hər bir fərd, Xan da daxil, mərhəmətli, rəhmdil, qonaqpərvər və sadə olmalı, haqqı olmadan hər hansı bir titul daşımaq istəyən, lazım gələrsə ölümlə cəzalandırılmalıdır. (Bax: Prof. Dr Laszlo Rasonyi, Tarihte Türkler, Ankara 1971, səh 179-180)

Artıq X əsrdən başlayaraq, Qərbə doğru artan Türk köçləri sayəsində qədimdən Türk yurdu olan Monqolustan ərazisində Türklərin sayı azalmış, Çingiz Xan dövründə Şərqdən gələn Moğollar sayəsində bu ölkədə Moğolların sayı çoxalmış, ölkə Monqolustan adlanmağa başlamış və Çingiz Xan 1206-cı ilə qədər məhz bu moğol tayfalarını birləşdirməyə nail olmuş, İmperatorluğun əsasının qoyulması və böyük xarici səfərlər də bundan sonra başlamışdı. Dünyanın böyük cahangirləri kimi Çingiz Xan da Cahan hakimiyyəti və dünya nizamı davasına girişmişdi.

Orta əsr tarixçisi Cüveyni, Çingiz Xandan bəhs edərkən göstərir:" Mötəbər Moğollardan eşitdim ki, şaxtalı bir qışda çılpaq şəkildə dağa gedən bir kimsə vardı. O:" Tanrı ilə danışdım. Tanrı buyurdu ki, Yer üzünü Temuçinə və oğullarına verdim. Adını da "Çingiz Xan" qoydum" - dedi. Bu adama "Tab Tanqrı" deyirdilər". (İqtibas Osman Turanın "Çingiz Xan adı haqqında" məqaləsindən götürülmüşdür. Bax: Cüveyni, Tarihi Cihan-guşa, I cilt, səh 44, Belleten, XIX, Ankara 1941, səh 268) Elxanilər dövlətində baş vəzir olmuş məşhur Rəşidəddin də özünün "Came Ət-Təvarix" adlı əsərində Tab Tanqrı ləqəbini daşıyan, şaman Gökçənin göyə çıxdığından, Tanrı ilə görüşdüyündən, və daima Çingiz Xanın yanına gəlib, onun dünya hökmdarı olacağını müjdələməsindən bəhs etmişdir. (Bax Rəşidəddin, Came ət-Təvarix, I cild, Tehran, hicri 1338, səh 307)

Həqiqətən də Çingiz Xanın "Tab Tanqrı" adlı bir şamanı olmuş, bu şaman Çingiz Xanın kiçik qardaşı, Otçiğin Noyanı təhqir etmiş, onu özünə səcdə etdirmiş, qardaşlar arasında nifaq salmış, sonda Otçiğin Noyanın adamları tərəfindən bel sümüyü sındırılmış, üç gün sonra isə qeyb olduğu rəvayət edilmişdir. Bu hadisə haqqında Çingiz Xan xalqa bildirmişdi: "Tab Tanqrı mənim qardaşlarıma əl uzatdığı və qardaşlarımın arasına səbəbsiz yerə nifaq saldığı üçün Tanrı onu sevmədi, ruhunu da vücudu ilə birlikdə alıb götürdü". Bu hadisədən sonra Çingiz Xanın əmri ilə Moğollar bu yeri tərk edib başqa yerə köçdülər. (Geniş məlumat üçün bax: Moğolların gizli tarixinə görə Çingiz Xan, səh 83-86) Çingiz Xan Tab Tanqrının ölümündən sonra çadırında qorxulu anlar keçirmişdi. (Bax: Göstərilən əsər, səh VI)

Siryani tarixçisi Bar Hebraeus da Moğolların Türk Uyğurlarla təmasdan sonra çox mahir şamanlara sahib olduqlarını onların cin və şeytanlarla münasibətdə olduqlarını qeyd etmişdir. Orta əsr xristian mənbələrində də göstərilmişdir ki, Göylər Tanrıya, Dünya da Çingiz Xana aiddir. Onlar hətta Çingiz Xanın səmavi bir nurdan olduğuna inandıqlarını bildirmişlər. (Bax: Brosset, Historie de la Georgie, I cild, fransızca tərcüməsi, Sankt-Peterburq 1897, səh 486; Kirakos, tərcümə edəni E. Dulauriyer, TM, II cild, səh 173)

Moğol məktublarının Latınca tərcümələrində Avropa müəlliflərinin Çingiz Xanı "Tanrının oğlu" kimi göstərmələri Xristian inancından irəli gəlmişdir. Əslində isə Çingiz Xanın və digər Moğol Xaqanlarının məktublarının başında yazılan "Mengü Tenqrik küçündür" ifadəsi "Tanrının oğlu" deyil "Əbədi Tanrının gücü ilə" deməkdir ki, bu ifadəni də Latınca "Dans la force du Giel eternel" kimi deyil, "Par la forse du Çiel eternel" kimi tərcümə etmək lazımdır. (Bax: Osman Turan, Türk Cihan hakimiyeti tarihi mefkurəsi, səh 98)

Çingiz Xan qədim Türk yazılı abidələrinin bulunduğu Karakorumu özünə paytaxt elan etdikdən sonra ilk öncə Merkitləri və Qırğızları məğlub edərək, 1209-cu ildə Doğu Türküstandakı Uyğurlar, Qarluklar və Almalıq hökmdarı Bozar onun hakimiyyətini savaşsız tanımışdı. Ona tabe olduqlarından Çingiz Xan Al-Altun adlı qızını Uyğur hökmdarı Barçuk İdikuta, digər bir qızını isə Qarluk hökmdarı Arslan Xana vermiş və beləliklə onlarla qohum olmuşdur. Çingiz Xan 1211-1214-cü illərdə quzey Çindəki Kitayları, Tanqutları və Kin sülaləsini məğlub edərək, paytaxt Pekini zəbt etmiş, 1217-ci ildə sərkərdələrindən Muxali Sarı İrmağın quzeyindəki bölgələri, məşhur sərkərdə Subutay Merkitli Tokto və oğulları Kutu və Çilaunu məğlub edərək Çuy çayı ətrafındakı əraziləri, Çingiz Xanın böyük oğlu Cuçi 1217-ci ildə Kaşğar, Uş və Kokand üzərindən keçərək, Mavəraünnəhri, sərkərdə Cəbə Noyan Qarakitaylara sığınan Noyan hökmdarı Gücülük Xanı 1218-ci ildə yenərək Sarı Kun bölgələrini, Doğu Türküstandan - Kaşğar və Xotan üzərindən keçərək Pamir ətrafını, Çingiz Xanın ikinci oğlu Cığatay İrtış çayının mənbəyindən Balxaş gölünün quzeyinə qədərki əraziləri zəbt edərək, İmperatorluğun ərazilərini xeyli genişləndirmiş, Liaotunq və Koreyanı vergiyə bağlamışdılar. Artıq bölgədə Çingiz Xana rəqib ola biləcək yalnız Məhəmməd Xarəzmşah qalmışdı.

Çingiz Xanla Məhəmməd Xarəzmşah arasında əvvəlcə yaxşı münasibətlər olmuş, geniş ticarət əlaqələri yaradılmışsa da Qara Kitaylar məsələsi və xüsusilə iki hökmdar arasında bağlanmış müqaviləyə əsasən Çingiz Xan tərəfindən qərbə göndərilən 450 nəfərlik (Bu rəqəm "Moğolların gizli tarixinə görə Çingiz Xan" adlı əsərdə 100 nəfər göstərilmişdir - A.M. Bax: göstərilən əsər, səh 94) Ticarət Karvanının Otrarda Xarəzmşah Məhəmmədin valisi İnalcuq tərəfindən qətlə yetirilməsi iki hökmdar arasında münasibətləri gərginləşdirmiş, Çingiz Xan İnalcuku Məhəmməd Xarəzmşahdan tələb etmiş, özünü "Allahın yer üzündəki gölgəsi, İslamın qılıncı və İkinci İskəndər" adlandıran məğrur Məhəmməd Xarəzmşah:" Bu kafir köpək (Çingiz Xan nəzərdə tutulur - A.M) belə bir tələbdə necə buluna bilər?" deyərək, Çingiz Xanın ikinci elçi heyətinin başçısını öldürtmüş, o birilərinin isə başını qırxdıraraq, Çingiz Xana geri göndərməklə onun qəzəbinə düçar olmuşdu. Çingiz Xan 1219-cu ildə kiçik qardaşı Otçiğini böyük ordugah komandiri kimi mərkəzə təyin edərək, 200 minlik böyük bir ordu ilə Xarəzmşahlara qarşı yürüşə başlamışdı. Adətən, Çingiz Xan da qədim Türk Xaqanları kimi Tanrının onu himayə etdiyinə və dünya hakimiyyətinin ona verildiyinə inanmış və o da bir Türk Xaqanı kimi səfərlərində Tanrıya dua etmiş, zəfər qazanması üçün Tanrıdan yardım diləmişdi. Ona görə də Çingiz Xan Xarəzmşahlara qarşı savaşa başlamadan öncə bir təpə üzərinə çıxaraq başını açmış, kəmərini boynuna bağlamış, üzünü yerə sürtmüş, əllərini göyə qaldıraraq üç gün, üç gecə zəfər üçün Tanrıya dua etmişdi. İslam tarixçiləri bu hadisəni Allaha bağlanmanın faydaları və təkəbbürün zərərləri ilə izah etmiş, Çingiz Xanın zəfərini və Xarəzmşah Məhəmmədin məğlubiyyətini də bu davranışa bağlamışdılar. (Bax: Cüveyni, Tarihi Cihan-guşa, I cilt, səh 62)

Orta əsr xristian mənbələri də Türk-Moğol Xaqanlarının Tanrı adını dillərindən düşürmədiklərini, üç dəfə diz çökərək Tanrıya tapındıqlarını yazmışlar. (Brosset, Historie de la Georgie, I cild, fransızca tərcümə, Sankt-Peterburq 1897, səh 486: Kirakos, tərcümə edəni E.Dulaurier, TM, II cild, səh 173)

Yüksək idarəçilik və strateji qabiliyyəti sayəsində bir-birinin ardınca böyük qələbələr qazanaraq Otrar, Səmərqənd, Buxara və Urgənci zəbt edən Çingiz Xanın ordu başçılarından Cəbə Noyan və Subutay Məhəmməd Xarəzmşahı Xəzər dənizindəki Abiskur adasında halsız qalıb ölənə qədər təqib etmiş, kiçik oğlu Tulun 25 minlik süvari ordusu ilə 1221-ci ildə güney -Batıdan irəliləyərək Mərvi almış, Təbriz və Tiflis üzərindən Qafqaza keçərək Kiyev ətrafından Dneprə varmışdı. Çingiz Xanın özü də Hindus dağlarını aşaraq, 1221-ci ildə İndus ətrafındakı Məhəmməd Xarəzmşahın oğlu Cəlaləddin Məngübirtinin başçılıq etdiyi orduları da məğlub edərək 1222-ci ildə Lahor və Pəncabı istila etmiş ordu başçısı Cəlayirli Bala Sultan Cəlaləddin Xarəzmşahı və Herat hakimi Əmin Xan Məliki İndus ölkəsinə qədər təqib etsə də bula bilməmiş, Çingiz Xan da 1225-ci ilin payızında Tula boyundakı Qara ormanda bulunan sarayına dönmüşdü. Çingiz Xanın güney orduları İran və Azərbaycanı zəbt etdikdən sonra 1224-cü ildə Anadolunun içərilərinə qədər irəliləmiş, Çingiz Xan da bir il dincəldikdən sonra 1226-cı ilin payızında Çindəki Tanqutlara qarşı səfərə çıxmış, qışda Arbuka ərazisindən keçərkən vəhşi at ovu əsnasında atı hürkmüş və o, atdan düşərək yaralanmış, arvadı Yesüy Xatunun, oğulları və ordu başçılarının təkidinə baxmayaraq, yaralı-yaralı, qızdırma içində yürüşü davam etdirmiş, Tanqut ordu başçısı Aşa Qambunu əsir tutmuş, Tanqut hökmdarı Burkanı edam etdirərək, Tanqut xalqını müxtəlif yerlərə səpələmişdi ki, bir daha birləşə bilməsinlər. Tanqutlara qarşı bu ikinci səfər, Çingiz Xanın son hərbi səfəri olur. O, 1227-ci ildə 72 yaşında vəfat edir.

Dünyanı lərzəyə salan, Cahan hakimiyyəti və dünya nizamı davasına girən, Yer kürəsinin böyük bir hissəsini fəth edən, super bir millət yaradan, İmperatorluğunun ərazisi Roma İmperatorluğu və Makedoniyalı İskəndərin İmperiyasının ərazisindən iki dəfə böyük olan, bütün bunlara baxmayaraq, məşəqqətli və sadə bir həyat tərzi keçirən tarixin bu nəhəng Cahangirinə nə təntənəli dəfn mərasimi keçirilmiş, nə heykəli qoyulmuş, nə də movzoleyi yaradılmışdır. Hətta Çingiz Xanın dəfn edildiyi yer də bu günə kimi sirr olaraq qalmaqdadır. Görünür, həqiqətən də "Moğolların gizli tarixi"ndə göstərildiyi kimi, "Çngiz Xan 1227-ci ilin Donuz ayında Tanrıya çıxmış", (Bax: Göstərilən əsər, səh 102) təbiətüstü bir hadisə nəticəsində dünyaya gələn ulu babası Bodonçar Munkaka və ona "Əbədi Göy Tanrının lütfü ilə Cahan hakimiyyətinə yiyələnəcəyini müjdələyən", ölümündən üç gün sonra qeyb olan ulu şaman Gökçəyə qovuşmuşdur.

Ruhu şad olsun. Amin!


Böyük Türk Xaqanı Əmir Teymur


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə