Aydın Mədətoğlu (Qasımlı) TÜRKÇÜLƏR (Tarixi – siyasi-ideoloji oçerklər)


Dövrünün ən böyük dünya hökmdarı Sultan Süleyman Qanuni



Yüklə 2,29 Mb.
səhifə8/30
tarix16.11.2017
ölçüsü2,29 Mb.
#10585
1   ...   4   5   6   7   8   9   10   11   ...   30

1.13. Dövrünün ən böyük dünya hökmdarı Sultan Süleyman Qanuni
Türküstandan İslam dünyasına, Mərkəzi Avropadan Aralıq dənizi sahillərinə qədər yayılan Oğuz Türkləri digər Türk boylarını da öz ətrafında birləşdirərək, İslam dini və mədəniyyətini yüksəltmiş, İslam dünyasının qarantı kimi iman, qüdrət və ədalətləri ilə XVI əsrdə Cahan hakimiyyəti məfkurəsinin zirvəsinə yüksəlmişdilər.

Səlcuqlular dövründən başlayaraq, istilaçı Səlibçilərə qarşı Anadolu, Suriya və Orta Doğuda müqavimət göstərən Türklər, Osmanlı Türkləri dövründə uğradıqları ikinci mərhələdəki Xaçlı yürüşlərinin qarşısını almaq üçün Rumeli, Orta Avropa, Aralıq dənizi və hətta Okeanlarda savaşaraq daha dərin məfkurə və daha qiymətli ordular sayəsində daha möhtəşəm zəfərlər qazanmışlar ki, bu zəfərlərin qazanılmasında İldırım Bəyazid, İstanbul fatehi - Sultan Mehmet Fateh, Yaxın Şərq fatehi - ilk Türk-İslam xəlifəsi - Sultan Səlim Yavuz və Avropa fatehi - Sultan Səlim Yavuz oğlu Sultan Süleyman Qanuninin də xüsusi xidmətləri olmuşdur. Katolik kilsəsinin başlatdığı bu yeni Xaçlı yürüşləri sonda onunla nəticələndi ki, Sultan Süleyman Qanuninin qüdrəti və dühası sayəsində Türklərin hakimiyyəti Avropanın içlərinə və Aralıq dənizinin bütün sahillərinə qədər genişlənmiş oldu. Oğuzların Qayı boyuna mənsub olan Sultan Süleyman Qanuni (1520-1566) hicri 900-cü ildə (1484) İstanbulda anadan olmuşdur. Dünyaya gəlişində adı üçün "Quran" açılmış və "İnnəhü min Süleyman" ayəsi açıldığı üçün bu adın Allah tərəfindən təyin edildiyinə inanılmış və ona görə də uşağa "Süleyman" adı qoyulmuşdur (Seçmələr bizimdir - A.M. Nişancı Celalzade, Bax: Hammer, Osmanlı tarihi, V cild, səh 10).

Müstəsna qabiliyyəti, iman mükəmməlliyi, məfkurə yüksəkliyi, iradə və qüdrəti ilə tanınan "Cahan hökmdarı" Sultan Süleyman Qanuni Türk ehtişamının da ən mükəmməl təmsilçisi olmuşdur. Ulu babası Sultan Mehmet Fatehin Cahan hakimiyyəti idealını Şərqdə atası Yavuz Sultan Səlim, Qərbdə isə özü gerçəkləşdirmişdir. Belə ki, atası Sultan Səlim Yavuz 1520-ci ildə öldükdən sonra yerinə keçən Sultan Süleyman Avropada işlər qarışınca, atasının İran və Turan səfərlərindən vaz keçmiş, üzünü Avropaya çevirməli olmuşdur.

İspaniya və Almaniyadan sonra Macarıstanı da öz hakimiyyəti altına alan və beləlikə, Fransa krallığı istisna olmaqla bütün Qərbi Avropaya hakim olan Kral Quintə qarşı yürüşə başlayan Sultan Süleyman ilk yürüşünü 30 avqust 1521-ci ildə Belqrada, ikinci səfərini 1522-ci ildə Rodosa yaparaq, oraları fəth etmişdir. Krım, Qazan və Həştərxan xanlıqları Osmanlılara bağlı olduğundan Şərqi Avropada durum yaxşı idi. Lakin Almaniya və İspaniya Birliyinin Avropada irəliləməsi Osmanlı İmperatorluğu üçün təhlükə törədirdi. Fransa Kralı I Fransua Quintə əsir düşüncə, kralın anası Sultan Süleymandan Kral Quintə qarşı yardım istəmiş, beləliklə də Sultan Süleyman üçüncü səfərini Macarıstana etmiş və 29 avqust 1526-cı ildə Mohaçda xristian dünyasının "Qalxanı" sayılan Macarıstan ordusunu, İslam dünyasının "Qılıncı" sayılan Türk ordusu darmadağın edərək, Budapeşti tutmuş və bununla da Macarıstan və Transilvaniya bölgələri Osmanlı İmperatorluğu tərkibinə daxil olmuşdur. Sonradan Almanların Macarıstanı zəbt etmək üçün hücuma keçməsi ilə Sultan Süleyman dördüncü səfərini Almanların səltənət şəhəri sayılan Vyanaya yapmış və bu şəhəri 1529-cu ildə mühasirəyə almışsa da, fəth edə bilməmişdir.

1532-ci ildə Sultan Süleyman ordusu ilə yenidən Qərbi Avropaya daxil olmuş, Qratz, Marburq və digər şəhərləri fəth etmiş və Almanlar müqavilə bağlamağa məcbur olmuşlar. Sultan Süleyman yeddinci səfərində Korfu və Otrantonu, səkkizinci səfərində Moldoviyanı, doqquzuncu səfərində Budini fəth edərək, bütün bu bölgələri qəti olaraq, Osmanlı hakimiyyəti altına almışdır. Esterqon qalasını da Almanlardan aldıqdan sonra, Sultan Süleyman Almaniyanı vergi verməyə məcbur etmişdir. Sultan Süleymanın bu başarıları nəticəsində Alman-İspan Birliyi ləğv edilmiş, Kral Quint taxt-tacdan məhrum edilmiş, yerinə qardaşı Ferdinand Almaniya kralı, Oğlu Filip isə İspaniya kralı olmuş, Fransa kralı Fransua azad edilərək Fransaya göndərilmiş, İspaniyada yəhudi və müsəlman qırğınları dayandırılmış, Sultan Süleyman Qanuni yəhudiləri öz himayəsinə götürmüşdür.

İstanbulda yapılan müqavilə əsnasında Kral Ferdinandın elçisi Sultan Süleyman Qanuniyə müraciətlə:"Oğlunuz Ferdinand Sizə (Sultan Süleymana - A.M) aid yerləri özünün və özünə aid yerləri də Sizin malınız bilir, çünkü o, oğlunuzdur. Macarıstanı özünüzə götürdüyünüzü bilsəydi müharibəyə girişməzdi" söyləyincə, Sultan Süleyman Qanuni avropalı səfirlərə bildirmişdi ki:"Xristian dövlətlər əcdadımızın üzərinə təhdidli buludlar yığır, lakin bunlardan yağmur yağmırdı. Əgər xristian dünyası əcdadıma qarşı əsassız və daimi Xaçlı hücumlarına girişməsəydi, bu qədər qan tökülməzdi" deyə, bununla, Sultan Süleyman Qanuni bu savaşların məsuliyyətini haqlı olaraq, xristianlarda görmüş və etdiyi fəthlərin də bu zərurətdən qaynaqlandığını onların nəzərinə çatdırmışdır.

Sultan Süleyman Qanuni Fransa Kralı Fransuanı azad etməklə, Katolik Avropanı da ikiyə ayırmağa müvəffəq olmuşsa da, Sultan Süleyman Qanunidən sonra Fransa Kralları xristian təəssübkeşliyi ilə Türklərə düşmən münasibət bəsləmiş, onları Avropadan çıxarmağa digər xristian dövlətlərini də təşviq etmişlər. Türklərə qarşı bu düşmənçilik bu gün də davam etdirilməkdədir.

Avropa səfərlərinə üstünlük verməklə bərabər Sultan Süleyman Qanuni Şərqlə bağlı da əsaslı bir siyasət izləmiş, 1534, 1535, 1548 və 1554-cü illərdə Səfəvilərə qarşı dörd yürüş etmiş, nəhayət "1555-ci il mayın 29-da Amasyada Səfəvi -Osmanlı müharibələrinin I mərhələsini başa çatdıran sülh müqaviləsi imzalanmışdı. Bu müqaviləyə görə, Qərbi Gürcüstan - İmeretiya, Meqreliya, Quriya və Qərbi Ermənistan Türkiyənin, Gürcüstanın şərq vilayətləri - Meshi, Kartli, Kaxetiya və indiki Ermənistan Səfəvilərin ixtiyarına keçdi" (Bax: Azərbaycan tarixi, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı 1994, səh 418). Beləliklə Osmanlı İmperatorluğunun cənub və şərq sərhədləri Kəngər (Bəsrə) körfəzinə qədər genişlənmişdi. Sultan Süleyman Qanuninin dövründə Osmanlı İmperatorluğu quruda olduğu kimi dənizlərdə də dünya hegemonluğunu əlinə almış, məşhur Türk dəniz Admiralı Xeyrəddin Barbarossanın (Xızır Rəis - A.M) səyi nəticəsində Aralıq dənizi bir Türk dənizi durumuna gəlmişdi. Belə ki, 1538-ci ildə Prevezə önlərində birləşmiş Avropa donanmasını taktiki gedişlə Aralıq dənizində batıran Xeyrəddin Barbarossa Tulon şəhərini Fransızlardan, Saleh Paşa komandanlığındakı Osmanlı donanması Fası, Xeyrəddin Barbarossanın yanında yetişən Turqut Rəis (Rəis - gəmi kapitanı deməkdir - A.M) öncə Trablis və Tunisi, sonra isə Malta və Korsikanı fəth edərək, Osmanlı İmperatorluğu tərkibinə daxil etmişdilər. Sultan Süleyman dövründə Türklər dörd yüz ildən sonra müsəlmanların əlindən çıxan Aralıq dənizi hakimiyyətini Xeyrəddin Barbarossa, Turqut Rəis, Seydi Əli Rəis, Piyalə Rəis, Qılıc Əli, Həsən Paşa kimi qəhrəman Türk dənizçiləri sayəsində xristianların əlindən almış, Qırmızı dənizi və Ərəbistan sahillərini əmniyyət altına aldıqdan sonra Okeanlara sahib olmaq işinə girişmişdilər. "Sultan Süleyman Qanuninin vəfatı dövründə Osmanlı dövləti Həbəşistandan Esterqona, Fasdan Xəzər dənizinə qədər yayılmış, Osmanlı donanmaları Hind Okeanından Zəngibasara, Diuya, hətta Sumatraya qədər dolaşırdı... Aralıq dənizi və Qara dənizdə üstünlüyü ələ keçirmişdilər" (Bax: Prof.Dr Laszlo Rasonyi, Tarihte Türklük, Ankara 1971, səh 204).

Sultan Süleyman Qanuni dövründə Türk admiralları Seydi Əli Rəis (vəfatı 1562) və Piri Rəis (vəfatı 1554) öz xəritələri və sahillərə aid təsvirləri ilə coğrafiya elmində önəmli yer qazanmışlar. Piri Rəisin 1513-cü ildə hazırladığı xəritə yalnız 1929-cu ildə aşkara çıxmışdır. Bu xəritədə Amerikanın o dövrə qədər bəlli olan hissələri və Atlantik Okeanı göstərilmişdir. Seydi Əli Rəis də 1522-ci ildə Kipri zəbt etdikdən sonra dövlətin böyük siyasətinə qatılmış və 1533-cü ildən başlayaraq, Hindistanda olduğu dövrdə məşhur "Əl-Mühit" adlı əsərini hazırlamışdı. Bu əsər o dövrdəki İslam və xüsusilə Osmanlı aləminin Koreyadan Amerika sahillərinə qədər olan geniş bir coğrafi üfüqünü önümüzə sərməkdədir" (İqtibas Prof.Dr Rasonyinin göstərilən əsərindən götürülmüşdür - A.M. Bax: səh 204-205).

Beləliklə, Sultan Süleyman Qanuni dövrü Osmanlı İmperatorluğunun ən parlaq dövrü olmuş, Osmanlı İmperatorluğu ən yüksək dövlət səviyyəsinə yüksəlmiş, İmperatorluğun sərhədləri ona bağlı ölkələrlə birlikdə 20 milyon kilometrə çatmışdı. O dövrdəki 500 milyonluq dünya əhalisinin 100 milyonu Osmanlı İmperiyasının tərkibində yaşamış, dünyanın beşdə bir hissəsi Osmanlı mədəniyyətinin daşıyıcısı olmuşdur. Ümumiyyətlə, XVI əsrdə Türk dövlətlərinin əksəriyyəti ən parlaq dövrünü yaşamışdır. Artıq bu dövrdə üç qitənin - Asiya, Avropa və Afrikanın böyük bir hissəsinə Türklər nəzarət etmişlər. Belə ki, hindistan Baburlu, İran və Azərbaycan Səfəvi, Türküstan Cığatay, Rusiya Qızıl Orda, bütün Kiçik Asiya, Orta Doğu, Şimali Afrika və Şərqi Avropa Osmanlı Türklərinin nəzarəti altında olmuşdu. Beləliklə, XVI əsrdə Türk millətinin hakimiyyəti və yayılışı Vyana qapılarından Qanq çayı vadilərinə, Altay dağlarından Atlas dağlarına, Türküstandan Krıma, Qafqazdan Şimali Afrikaya, Volqa boylarından Həbəşistana və Böyük Səhraya qədər ucu-bucağı görünməyən nəhəng bir ərazini əhatə etmişdir. Bütün bunların nəticəsi idi ki, bəzi avropa tarixçiləri haqlı olaraq XVI əsri bütünlüklə "Türk əsri" adlandırmış, (E.Drianlt) və Avropalıların "Möhtəşəm" və "Qanuni" dedikləri Sultan Süleyman da bu dövrün Türk Cahan hakimiyyətinin "Tacı"nı təmsil etmişdir. XVI əsrdə Türk dünyasının Baykara, Babur, Şah İsmayıl, Şah Təhmasib, Sultan Səlim Yavuz və Sultan Süleyman Qanuni kimi hökmdarları olmuş və onlar o dövrdə dünya siyasətini yönləndirmişlər.

Sultan Süleyman Qanuninin başçılığı ilə Osmanlı Türklərinin vəzifəsi sadəcə Allahın iradəsinə uyğun olan Türk-İslam ədalət və nizamını mühafizə etmək və bunu dünyaya yaymaq olmuşdur. Çünki bütün bu qüdrət və əzəmətlərinə baxmayaraq, Osmanlı Türkləri heç vaxt Türkləşdirmə və islamlaşdırma siyasəti yürütməmiş, məşhur fransız tədqiqatçısı F.Qrenardın yazdığı kimi:"Osmanlı İmperatorluğu heç vaxt millətlərarası ziddiyyət yaratmamışdır. İmperatorluq içində yaşayan müxtəlif xalqlar öz dil, din, mədəniyyət və adət-ənənələrinə görə yaşamış və həyatlarından məmnun olmuşdular" (Bax: F.Qrenard, Grandeur et desadense de l'Asie, Paris 1939, səh 126).

Sultan Süleyman Qanuninin dövründə Türklərin Aralıq dənizinə hakim olmaları dövrün Türk ədəbiyyatında da milli qüruru və cahangirlik ruhunu əks etdirmişdi. Əndəlüs (İspaniya – A. M.) müsəlmanlarının qurtarıcısı Xeyrəddin Barbarossa haqqında dastanlar qoşulmuşdu.

Sultan Süleyman Qanuninin rəhbərliyi ilə Osmanlı ordusu İspaniya zülmündən təkcə müsəlmanları deyil, oradakı yəhudiləri də qurtarmış, hətta Roma Papasına məktub göndərərək İtaliyada həbsdə olan Maranları (Xristianlığı guya qəbul edən gizli yəhudilərə Maranlar, yəni “dönmələr” deyilmişdi – A. M.) da həbisdən azad etdirərək Türkiyəyə gətirtmişdi.

Sultan Süleyman Qanuni, dövründə dünyada özünə bərabər bir hökmdar qəbul etmədiyindən hətta Almaniya, İspaniya və digər Avropa dövlətlərinə hakim olan Şarla belə, məktublarında digər Avropa kralları kimi sadəcə “İspaniya vilayətinin kralı” kimi xitab etmişdi. Ona görə də onlarla heç bir “Müahidənamə” imzalamamış, yalnız “Əhdnamə”lər bağlamışdı.

Sultan Süleyman Qanuni Avropa hökmdarlarına göndərdiyi məktublarda qədim Türk Cahangirlik və İlahi hakimiyyət ənənəsini davam etdirərək məşhur tuğrası ilə birgə “Haqq Təalanın inayəti və Ulu Peyğəmbərimizin möcüzatı ilə “Mən ki Yer üzü krallarına tac geydirən, müqəddəs Məkkə, Mədinə, Qüdsi-Şərif və İstanbul şəhərinin, Qara və Aralıq dənizlərinin, Anadolu və Rumelinin, Əcəm, Şam, Misir, Ərəbistan və Yəmən bölgələrinin, Gürcüstan, Dağıstan, Tatar və Qıpçaq ellərinin, Macar taxtının, Ərdəl vilayətinin və qılıncımızla almış olduğumuz neçə-neçə məmləkətlərin padşahı və sultanı Süleyman Xan bin Səlim Xan bin Bəyazid Xanam ! “ – sözlərini də yazıb göndərmişdi (Bax: Ferudin Bəy, göstərilən əsəri, I cild, səh. 339).

Dövrün tarixçiləri də Sultan Süleyman Qanunini "ağlı kamil, alim, nəzakətli, şair və alimlərin dostu, mərd, bütün maddi və mənəvi gözəllikləri özündə toplamış misilsiz bir hökmdar" adlandırmışlar (Bax: Peçevi, Peçevi tarihi, I cild, səh 129-130).

Siyasi yayılışı qədər, mənəvi həyat baxımından da Sultan Süleyman Qanuninin hakimiyyəti dövrü Türk dünyasının ən parlaq dövrlərindən olmuşdur. Osmanlı Türk ədəbiyyatı onun dövründə klassik dövrünü yaşamışdır. Bu dövrdə Lami, Baki və xüsusilə Füzuli kimi böyük sənətkarlar yetişmişdir.

Sultan Süleyman Qanuninin ilham və təşviqi ilə XVI əsrdə Türk memarlığı altun çağını yaşamışdır. Dövrün ən böyük memarı Memar Sinan yüzlərlə əsər yaratmışdır ki, bunlardan 75 came, 49 məscid, xeyli karvansaray, körpü və mədrəsələrin bir çoxu bu gün də öz əzəmətini qoruyub saxlamaqdadır. Bu gün belə İstanbuldakı "Sultan Süleyman Camesi" və Ədirnədəki "Sultan Səlim Camesi" öz möhtəşəmliyi ilə dünya sənət inciləri sırasında yer almaqdadır.

Qərb sənət tarixçiləri göstərmişlər ki: "Memar Sinanın əsərlərində hər yerdə Türk ruhu özünü göstərir. Memar Sinan hər sahədə örnək olacaq ən mükəmməl əsərlər yaratmışdır. Bu əsərlərdə Yunan, İran və Rusiya təqlidini aramaq yersizdir. Hamısı ancaq Türklərin əsərləridir. Şərqin bu Mişel Angelosu 90 il yaşamışdır ki, bu uzun ömrün 75 ili boyunca Bosniyadan Məkkəyə qədər hər yerdə əsər yaratmış və məktəblər açmışdı. Onun şagirdləri arasında Hindistan Türk Sultanı Əkbərin Dehli, Aqra və Lahordakı abidələrini yaradan sənətkarlar da vardır" (G.Gurlitt, Die Baukunst Konstantinopels. Bax: Prof.Dr Laszlo Rasonyi, göstərilən əsəri, səh 205).

Tarixi mənbələrə əsaslanaraq, məşhur tədqiqatçı Hammer göstərir ki, Sultan Süleyman Qanuni səfərləri əsnasında ordu qərargahlarını gəzər, əskərlərinin bardağından şərbət içər və o bardaqları qızılla doldurtdurub əskərlərinə hədiyyə verər, ayrılarkən əskərlərinə "Qızıl Almada (Vyana nəzərdə tutulur - A.M) buluşuruz" deyə onları oxşar, bununla da ideallarını daima canlı saxlayardı (Seçmələr bizimdir - A.M. Bax: Hammer, Osmanlı tarixi, VI cild, səh 165).

Sultan Süleyman Qanuni 72 yaşında son, üçüncü səfərini yenə də Almaniyaya etmiş, lakin 7 sentyabr 1566-cı ildə Zigetvar qalası önündə öldüyündən Almaniyanı tamamilə fəth edə bilməmişdi.

Sultan Süleyman Qanuni İstanbuldakı Süleymaniyyə camesi yanındakı türbəsində dəfn olunmuşdu. Sultanın vəfat etdiyi Zigetvarda da adına bir türbə inşa olunmuş, yaxınlığındakı kənd də "Süleyman köy" adlanmışdı. Türk hakimiyyəti dövründə ziyarətgah olan bu "Qanuni türbə"si sonradan yerli keşişlər tərəfindən "Türbək kilsə" adlandırılmış və xristianların ziyarətgahına çevrilmişdir.

Ruhu şad olsun!


Son böyük Türk Xaqanı Sultan II Əbdülhəmid
1.14. Son böyük Osmanlı İmperatoru Sultan II Əbdülhəmid
Sultan Süleyman Qanuni dövründə (1520-1566) qüdrətinin ən ali mərtəbəsinə yüksələn Osmanlı Türk İmperatorluğu XVII əsrin əvvəllərindən geriləməyə başlamış, bu geriləmə artıq XIX əsrin II yarısından etibarən özünün kulminasiya mərhələsinə çatmışdı. İmperatorluğun qurtuluşunu Konstitusiyalı Monarxiya sistemində görən Türk ziyalıları "Yeni Osmanlı Cəmiyyəti" adlı təşkilat yaradaraq, fəaliyyətə başlamış və nəhayət, 29 may 1876-cı ildə Midhət, Rüşdü və Hüseyn Avni Paşaların birlikdə təşkil etdikləri çevriliş nəticəsində Sultan I Əbdüləziz (1861-1876) taxtdan düşürülərək, yerinə Sultan V Murad (1876) gətirilmişdi. Lakin Sultan V Murad əqli cəhətdən zəif və xəstə olduğundan hakimiyyətdə qalmasına razılıq verilməmiş və Şeyxülislamın fitvası alınaraq, 31 avqust 1876-cı ildə onu da hakimyyətdən kənarlaşdırmışdılar.

Başda Midhət Paşa olmaqla Gənc Osmanlılar tərəfindən 1831-ci il Belçika Konstitusiyası əsasında bir "Qanuni-əsasi" hazırlanmış və II Əbdülhəmidlə əlaqə yaradılaraq, məşrutə idarəçiliyini qəbul etdiyi təqdirdə onun Osmanlı taxtına keçiriləcəyini bildirmişdilər. II Əbdülhəmid bu təklifi qəbul etmiş və beləliklə, 31 avqust 1876-cı ildə II Əbdülhəmid Sultan taxtına çıxmışdı.

XIX əsrin böyük Türk dövlət adamı olan Midhət Paşa (1822-1884) öncə Balkanlarda müxtəlif vəzifələrdə çalışmış, 1864-1868-ci illərdə Bolqarıstanda, 1869-cu ildən Bağdadda vali olmuş, işlədiyi yerlərdə yerli büdcə hesabına məktəblər açdırmış, xəstəxanalar, körpülər tikdirmiş, yollar çəkdirmişdi. 1872-ci ildə cəmi üç həftə Baş Nazir (Sədrəzəm) olmuş, intriqaların təsiri ilə bu vəzifədən uzaqlaşdırılmış, bəzi vəzifələrdə çalışdıqdan sonra rəsmi dövlət işlərindən çəkilmiş, sonradan yenidən siyasi fəaliyyətə başlayaraq, Sultan I Əbdüləzizin taxtdan endirilməsinə başçılıq etmiş, Sultan II Əbdülhəmidin taxta çıxmasında mühüm rol oynamış, 28 nəfərlik bir heyətlə "Osmanlı Qanuni-Əsası"nın layihəsini hazırlatmış, 23 dekabr 1876-cı ildə I Məşrutiyyətin elan edilməsində fəal iştirak etmiş, sonradan Sultan II Əbdülhəmid tərəfindən "Vətən xaini" elan edilərək, Taif qalasına salınmış, üç il sonra bu qalada boğdurularaq, öldürülmüşdür.

Sultan II Əbdülhəmidin taxta çıxdığı dövr Osmanlı İmperatorluğunun ən böhranlı dövrlərindən biri olmuşdur. Bu dövrdə xristian Rusiya başda olmaqla, böyük dövlətlər öz mənfəətləri xatirinə imperatorluq tərkibindəki serbləri, bolqarları, yunanları və digər xristianları guya müdafiə etdiklərini bildirmiş, Osmanlı dövlətinin daxili işlərinə müdaxilə edərək, imperatorluğu içdən parçalamağa çalışmışdılar. Bu məqsədlə 23 dekabr 1876-cı ildə İstanbulda böyük xristian dövlətləri "Tərsanə konfransı" adlı bir toplantı keçirilməsi və Babialiyə (Osmanlı dövlətinə - A.M.) Bosna-Herseqdə və slavyanların yaşadığı digər yerlərdə bir sıra reformalar yapmağa dair proyektlərin sunulması nəzərdə tutulmuşdur. Bu reformaların Osmanlı dövlətini içdən yıxmaq məqsədi ilə yapıldığını dərindən anlayan Osmanlı Türk yetkililəri bəzi önləyici tədbirlər hazırlamışdılar ki, bunlardan da biri Türkiyədə "Məşrutiyyət"in elanı idi. Hələ Sultan II Əbdülhəmid taxta çıxmamışdan öncə onunla "Gənc Osmanlılar" gizli şəkildə "Məclisi-Məbusan"ın təsisi, "Məşruti" bir idarə sisteminin qurulması və "Qanuni-Əsasi"nin (Konstitusiya) qəbul edilməsi barədə razılıq əldə edilmişdir.

Elə "Konfrans" açılacağı an toplar guruldamağa başlamış, atılan top atəşlərindən təşvişə düşən xristian dövlətlərin "Konfrans" iştirakçıları bunun nə demək olduğunu bir-birlərindən soruşarkən "Konfrans"da iştirak edən Osmanlı dövlətinin Xarici İşlər Naziri tribunaya çıxaraq: "Bu top səslərinin Sultan II Əbdülhəmid tərəfindən "Məşrutiyyət"in elanını xəbər verdiyini və "Məşrutiyyət"in elanı ilə Osmanlı məmləkətində müsəlman və xristian təbəələr arasında fərq qalmayacağı və hər iki zümrənin də vəziyyətini islah etmək üçün bir sıra tədbirlər alınacağından "Konfrans" tərəfindən artıq hər hansı bir reform təklif və tövsiyyə verməyə lüzum olmadığını" bəyan etmişdi (Bax: Sumner B.H, Russia and the Balkans, 1870-1880, Oxford 1937, səh 299).

Başda o dövrdəki Rusiyanın Türkiyədəki səfiri "Türk düşməni" kimi ad çıxarmış İqnatovun təkidlərinə baxmayaraq, Osmanlı dövləti yetkililəri bu təkidlərə önəm verməmiş və bununla da az sonra "Tərsanə konfransı" dağılmış və xristian dövlətlərin təzyiqi də müəyyən müddət durdurulmuşdu.

"Osmanlı Qanuni-Əsası" 23 dekabr 1876-cı ildə təntənəli şəkildə elan olunmuş, 25 nəfərlik Sultan tərəfindən təyin edilən "Ayan Məclisi"ndən və iki dərəcəli seçkini qazanan 130 nəfərdən ibarət Parlamentin yaradılması qərara alınmışdı. Bir müddət sonra İmperatorluq daxilində təcili seçki keçirilmiş, Anayasa hazırlanmış, 19 mart 1977-ci ildə Dolmabaxça sarayında Sultan II Əbdülhəmidin nitqi ilə açılan Osmanlı Parlamenti öz işinə başlamışdı. Lakin Bosna-Herseq və Bolqar üsyanlarını bəhanə edən Çar Rusiyasının 24 aprel 1877-ci ildə Osmanlı İmperatorluğuna müharibə elan etməsi və düşmən ordularının Balkanlardan sürətlə irəliləməsi Məşrutə rejiminin və Anayasa hökmlərinin tətbiqinə imkan verməmişdi. Belə ki, Məclis üzvləri Osmanlı ordusunun məğlubiyyətində hökuməti təqsirləndirmiş və hərbi komandanlarla Hərbi Nazirin "Hərb divanı"nda yarqılanmasını tələb etmişdilər. Rusiya ilə müharibə vəziyyəti olduğundan və xüsusilə Məclisdəki qeyri-müsəlman və qeyri-Türk üzvlərin Osmanlı dövlətini yıxmaq cəhdlərini görən, Məclisin Anayasada təsbit edilmiş səlahiyyətlərini aşaraq, Sultanın haqlarına müdaxilə etdiklərini irəli sürən Sultan II Əbdülhəmid öz Konstitusiya səlahiyyətlərindən istifadə edərək, 14 fevral 1878-ci ildə Parlamenti ləğv etməyə məcbur olmuşdu.

Hələ Rusiya ilə müharibə başlamazdan öncə Rusiyada Türklərə qarşı şiddətli bir kompaniya başladılmış, Katkov, Fadaev və s. kimi panslavistlərlə yanaşı, Dostoyevski kimi tanınmış yazıçı da rus xalqını Türklərə qarşı qaldırmağa çalışmış və Panislavistlərin "İncil"i sayılan "Rusiya və Avropa" adlı əsəri ilə Türklərin Avropadan qovulması, Slavyan-xristian qardaşların Türklərin boyunduruğundan qurtarılması, İstanbulun ruslar tərəfindən işğalı və Aya-Sofya məscidinə xaç taxılması kimi müddəaları irəli sürmüş, bu müddəalar rus mətbuatının ana manşetinə çevrilmiş, ara vermədən təkrar-təkrar çap edilmiş, Rusiyada Türklərə qarşı yeni bir "Xaçlı səfəri"nin hazırlanmasının əsası qoyulmuşdur.

1877-78-ci il rus-Türk müharibəsi Osmanlı dövlətinə çox baha başa gəlmiş, müharibədə məğlub olan Türkiyə Bessarabiya, Qars, Batum və Ərdəhanı itirmiş, Rusiyaya bir çox hərb təzminatı ödəmiş, Türkiyə ərazisində yaşayan və müharibə əsnasında ruslara kömək edən ermənilərin vəziyyətini daha da yaxşılaşdırmaq məqsədi ilə reformlar keçirməyə məcbur edilmişdir. İlk dəfə "Ayastefanos müqaviləsi" ilə siyasi gündəmə gətirilən və "Berlin müqaviləsi" ilə də xristian dövlətlər tərəfindən təsdiqlənən "Erməni məsələsi" Rusiyanın, Türkiyənin daxili işlərinə qarışmasına yol açmış oldu.

Hakimiyyətinin ilk illərindən belə bir böyük təhlükəyə məruz qalan Sultan II Əbdülhəmid, hökmdarı olduğu dövlətin böyük sorumluluqlar qarşısında olduğunu dərk edirdi. O, Yeni Osmanlıların məmləkətə avropadan gətirdikləri yeniliklərin müsəlmanlardan daha çox İmperiya daxilindəki xristianların, Osmanlı dövlətindən daha çox onun düşmənlərinin işinə yaradığını, xristianların Rusiya və avropa dövlətlərinin dəstəyi ilə öncə muxtariyyat, sonra isə müstəqillik qazanmalarına imkan yaratdığını və bununla da İmperatorluğun parçalanmasına yol açacağını dərindən anlamış, bir sıra önləyici tədbirlər görməyə başlamışdı. Belə ki, Yeni Osmanlıların İmperatorluq daxilində süni bir "Osmanlı milləti" (xristian və müsəlmanlardan ibarət bir millət - A.M) yaratmağın mümkün olmayacağını görən Sultan II Əbdülhəmid "İslamçılığı" daha məqbul saymış və bunula da müsəlman təbəəni İslam dini bayrağı altında birləşdirməyə səy göstərmişdi.

İstanbul və Boğazların Rusiyanın əlinə keçməsini istəməyən İngiltərə, Fransa və daha sonra Almaniya kimi böyük dövlətlər arasındakı rəqabətdən maksimum yararlanmağa çalışan Sultan II Əbdülhəmid yüksək diplomatik gedişlər edərək, İstanbuldakı yabançı elçilər arasında ziddiyyət yaratmağa müvəffəq olmuşdu. O, Boğazlar məsələsində Rus-İngilis anlaşılmazlığından istifadə edərək, öz dahiyanə siyasətini yürütmüş, Rusiyanı İngiltərəyə, İngiltərəni də Rusiyaya qarşı qoymağı bacarmış və beləliklə də hakimiyyətdə olduğu 33 il müddətində müxtəlif diplomatik gedişlər edərək, mərkəziyyətçi prinsiplərini həyata keçirmiş, ölkənin idarəçiliyini tam bir bürokratik sistemə dönüşdürərək, təkbaşına idarə etmişdir.

Xarici siyasəti əsas etibarilə özü təsbit edən Sultan II Əbdülhəmid artıq 1881-ci ildə fransızların Osmanlı İmperatorluğuna bağlı Tunisi, 1882-ci ildə ingilislərin Misiri işğal etməsi və 1885-ci ildə "Berlin müqaviləsi"nin əsaslarını təktərəfli pozaraq, Şərqi Rumelinin Bolqarıstana ilhaqını dəstəkləməsi, Hindistan məsələsində Sultanı 1877-1878-ci il rus-Türk müharibəsi nəticəsində Rumınya, Serbiya, Qaradağ və Bolqarıstanı, Balkanların şərq və şimal hissələrini, Bosniyanı, Ədirnəni, Qarsı, Ərdəhanı itirməsinə baxmayaraq, Rusiya ilə yaxınlaşdırmağa sövq etdirmiş, lakin İngiltərədən ehtiyat edən Rusiyanın buna etinasız yanaşdığını görən Sultan II Əbdülhəmid çevik siyasət yürüdərək xarici siyasətini dəyişmiş, Almaniya ilə yaxın münasibətlər yaratmağa nail olmuşdur.

Belə ki, Sultan II Əbdülhəmid tərəfindən dəvət edilən alman generalı Von der Qoltz 1886-1895-ci illərdə Türkiyədə qalmış və Osmanlı ordusunun islahı və yenidən qurulmasında, xüsusilə onun hərbi məktəblərin və "Hərbiyyə"nin müasirləşməsində böyük rolu olmuşdur. Von der Qoltzdan başlayaraq, Türk ordusunda "Alman üsulu" I Dünya müharibəsi dönəmində də tətbiq edilmişdi.

Bütün bunlarla yanaşı, Sultan II Əbdülhəmid iqtisadi və hərbi cəhətdən Osmanlı İmperatorluğundan güclü olan Çar Rusiyası ilə də münasibətlərdə ehtiyatlı davranmış, Rusiya ilə davranışda incə bir diplomatik məharət göstərmişdir. Bu iki imperatorluğun - Osmanlı ilə Rusiya İmperatorluqlarının bir-birinə bənzəyən bir çox tərəfləri var idi. Belə ki, hər iki İmperatorluq monarxiya sisteminə və bir-birinə bənzəyən idarəçiliyə sahib idilər. Hər iki İmperatorluğun tərkibində bir çox dinə və irqə mənsub millətlər yaşayır və hər iki məmləkətdə yaşayan xalqlar o dövrdə mədəniyyət baxımından Qərbi Avropadan çox aşağı səviyyədə idilər. Ona görə də Sultan II Əbdülhəmid bütün bunları nəzərə alaraq, Çar Rusiyasının "Slavyan qardaşlarını qurtarmaq" və "Boğazlarla İstanbulu ələ keçirmək" siyasətindən əl çəkdiyi təqdirdə, Rusiya ilə yaxşı qonşuluq, hətta yaxın dostluq münasibətlərinin qurulmasını istəyirdi.

Bu işdə hələ öncədən Sədrəzəm Mahmud Nədim Paşanın xüsusi xidmətləri olmuş, hətta onu Rusiyanın Türkiyədəki səfiri İqnatovun "kuklası" adlandırmış və "Nədimov" deyə çağırmışlar. Hələ 1876-cı ildə Mahmud Nədim Paşanın vasitəsilə Osmanlı sarayında rus nüfuzunun artması İngiltərədə əndişələrə yol açmış, sonda Mahmud Nədim Paşa vəzifəsindən uzaqlaşdırılaraq, Anadoluya sürgünə göndərilmişdir. Sultan II Əbdülhəmid yenidən Mahmud Nədim Paşanı sürgündən gətirərək, Daxili işlər Naziri təyin etmiş və bununla da İstanbuldakı rus elçisi Prens Lobanov ilə Yıldız saray arasında yenidən sıx bir münasibət yaranmışdı. Bütün bunlarla Sultan II Əbdülhəmid diplomatik gedişlər edərək, İngiltərə və Rusiyanı qarşı-qarşıya gətirmiş bu və ya digər dərəcədə İmperatorluğun əmniyyətini qorumağa müvəffəq olmuşdur.

Sultan II Əbdülhəmid dövrün böyük şəxsiyyətlərindlən olan və "milli qaymaqlar"dan sayılan Ziya Paşanı dövlət işlərinə cəlb edərək, onu öncə Suriyaya, daha sonra isə Konya və Adanaya vali təyin etmiş, Ziya Paşa da vali ollduğu yerlərdə müxtəlif binalar tikdirmiş, məktəb binalarını təmir etdirmiş, teatr binası inşa etdirərək İstanbuldan aktyorlar gətirtmiş, tamaşalar təşkil etmiş, yeni-yeni məktəblər açdıraraq, fransızca kurslar düzənləmiş, tabeliyində olan məmurları bu kurslarda iştirak etməyə məcbur etmiş, İstanbuldan fransızca müəllimləri gətirtmişdi. Bütün bu işlərə gərgin əmək sərf edən Ziya Paşa (1829-1880) xəstələnərək, 17 may 1880-ci ildə vəfat etmiş Adanada Ulu Cami qəbristanlığında dəfn edilmişdir. Ruhu şad olsun!

Sultan II Əbdülhəmid həmçinin Türk ədəbiyyatı və ictimai həytına vətən, millət, hürriyyət, haqq, hüquq və s kimi xəyaldan gerçəyə, duyğudan düşüncəyə yönəlmiş ali qavramlar gətirən, vətənpərvər, millətinə, onun inancına, tarixinə, mədəniyyətinə adət-ənənələrinə bağlı, modern, elmə, sənətə yüksək dəyər verən və "milli qaymaqlar"dan sayılan şair, dramaturq, yazıçı, tənqidçi və jurnalist olan Namiq Kamalı da "Dövlət Şurası"na üzv seçmiş, sonra onu Midilli, Rodos və Saqqız bölgələrinə vali təyin etmiş, "İmtiyaz medalı" ilə təltif etmişdir.

Bütün bu islahat həmlələrinə, İmperatorluğun ən ağır vaxtlarında onu qoruyub saxladığına baxmayaraq Qərbdə təhsil alan Osmanlı ziyalılarının bir qrupu Sultan II Əbdülhəmidin "istibdad rejimi"nin mahiyyətini anlamayaraq ona qarşı "İttihadi-Osmani" adlı güclü bir müxalif təşkilat yaratmışlar. "Gənc Türklər" kimi tanınan bu müxalif qrup "Yeni Osmanlılar"ın hürriyyət, məşrutiyyət və osmanlıçılıq fikirlərini paylaşaraq, "Osmanlı Qanuni-Əsası"nın yenidən yürürlüyə girməsinə cəhd göstərmişdilər.

Dövlətin təhlükəsizliyini hər şeydən üstün tutan Sultan II Əbdülhəmid güclü bir "Siyasi polis" təşkilatı yaratmışdır ki, Sultanın bu siyasi polisi dövlət məktəblərindəki bir gizli təşkilatı 1897-ci ildə ortaya çıxarmış və məhkəmə sonunda suçlu bilinən 78 təşkilat üzvü, o cümlədən də məşhur Tükçü Yusuf Akçura həbs edilərək, Trablüsqərbə sürgün edilmişdir. Bununla da Sultan II Əbdülhəmid məmləkət içindəki müxalifəti susduraraq, dövlətin daxili təhlükəsizliyini təmin etməyə müvəffəq olmuşdusa da xaricə qaçan təşkilat üzvləri müxtəlif mərkəzlərdə, xüsusilə Parisdə fəaliyyətlərini davam etdirərək, "Məşvərət" adlı qəzet nəşr etdirmiş, Sultan II Əbdülhəmid əleyhinə məqalələrlə çıxış etmişdilər.

Hələ Sultan II Əbdülhəmidin taxta çıxmasından bir neçə il sonra Avropadakı böyük dövlətlərin bir qismi İngiltərə, bir qismi də Almaniya ətrafında birləşərək, blok yaratmışdılar. Bu bloklaşma Sultan II Əbdülhəmidin hakimiyyətinin sonlarına doğru daha da güclənmişdi. Belə bir bloklaşmanın Türkiyənin müqəddəratı baxımından da təsiri az deyildi. Almaniyanın sürətlə güclənməsi, İngiltərənin isə Afrikada bataqlığa düşməsi Sultan II Əbdülhəmidin çevik siyasəti nəticəsində Alman-Türk yaxınlaşmasını şərtləndirmişdi. Belə ki, Bismark tərəfindən qurulan "Alman imperatorluğu" və sürətlə inkişaf edən Alman sənayesi sayəsində Almaniya Avropanın ən qüdrətli hərbi dövlətinə çevrildi. 1882-ci ildə Avstriya-Macarıstan və İtaliya ilə bir "Üçlər ittifaqı" yaradan Almaniya bu "İttifaqı" 1887-ci ildə yeniləşdirmişdi. Hələ 1870-ci ildə Almaniyaya məğlub olan Fransa siyasi yalnızlıqdan qurtulmaq üçün Çar Rusiyası ilə yaxınlaşmağa başlamış, hər iki dövlətin siyasi və iqtisadi maraqları nəzərə alınaraq, 1893-cü ildə ikitərəfli müqavilə imzalanmışdı. İngiltərə əvvəlki rəqabəti bir yana buraxaraq, Fransa ilə yaxınlaşmış və 1903-cü ildə İngiltərə ilə Fransa arasında "Səmimi anlaşma" (Entente cordiale) imzalanmışdı. İngiltərə çar Rusiyası ilə də əvvəlki düşmənçiliyi bir yanan buraxaraq, anlaşma yolunu tutmuşdu.

İngilis - Rus anlaşmaları Türkiyədə İngiltəryə qarşı etimadsızlıq yaratmış, bununla da Sultan II Əbdülhəmid Türkiyənin Almaniya ilə yaxınlaşmasını sürətləndirmişdi. Çar Rusiyası da Osmanlı ipmperatorluğunu içəridən parçalamaq üçün İmpreriya daxilindəki slavyanlardan və xristian ermənilərdən maksimum istifadə etmiş, beləliklə də ermənilərlə - müsəlmanlar arasında ziddiyyət yaratmışdı. İstər Rusiya tərəfindən "Ayastefanos", istərsə də Avropa dövlətləri tərəfindən yapılan "Berlin" sazişlərində öz əksini tapmış, "Erməni məsələsi"nin arxasında nəyin gizləndiyini dərindən bilən Sultan II Əbdülhəmid bu məsələləri hakimiyyətdə olduğu müddətdə dondurmuşdu. Hətta 1872-ci ildə Vanda yaradılan gizli "Qurtuluş Birliyi", 1881-ci ildə Ərzurumda yaradılan gizli "Vətəni müdafiə cəmiyyəti", 1887-ci ildə yaradılan "Qnçaq" və 1890-cı ildə təşkil edilən "Daşnaksütun" adlı erməni təşkilatları erməniləri "Milli erməni bayrağı" altında birləşdirərək, Rusiya və digər xristian Avropa dövlətlərinin yardımı ilə Osmanlı imperatorluğuna qarşı ölkə ərazisindəki müsəlmanları qətlə yetirməyə başladığı zaman da Sultan II Əbdülhəmid onlara qarşı sərt tədbirlər görülməsini əmr etmiş, 1896-cı ilin avqust ayında şübhəli görülən və xeyli müsməlanı qətlə yetirən bir çox erməni zərərsizləşdirilmiş, bir qismi isə havadarlarının yanına qaçmışdılar.

Bu döv'rdə baş verən hadisələri geniş təhlil edən tədqiqatçılar göstərmişlər ki: "Xüsusilə Çar Rusiyası Osmanlı İmperatorluğunu içəridən dağıtmaq üçün erməniləri kullandı. Müsəlmanlarla ermənilər arasındakı ziddiyyət artdı. Ermənilərlə müsəlmanlar, xüsusilə kürdlər arasında qarşıdurmalar əksik deyildi. Çar Rusiyasının intriqalarından xəbəri olmayan əhali Türk hökumətinin və onun başçısı Sultan II Əbdülhəmidi sorumlu tuturdu. 1905-ci ildə Qərb ümumi fikri Türkiyə əleyhinə çevirməyə müvəffəq olmuşdur" (Bax: Prof. Dr. Laszlo Rasonyi, Tarihte Türklük, Ankara 1971, səh 251).

İngilislər və ruslar Bağdad dəmiryolunun almanlar tərəfindən yapılmasını Yaxın Şərq siyasətinə bir təhdid saydıqlarından Türkiyə əleyhinə bir çox razılıqlar əldə etmişdilər ki, bunlardan biri də 1908-ci ilin iyun ayında İngilis kralı VII Eduard ilə Rus çarı II Nikolayın Fin körfəzindəki rus limanı olan Revaldakı görüşündə müəyyənləşmişdi. Revaldakı İngilis və Rus hökmdarlarının görüşləri Türkiyədəki gizli düşmən təşkilatların sürətli inkişafına yol açmışdı. Bu görüşdə Balkanlardakı vəziyyət müzakirə edilmiş və xüsusilə Makedoniyanın tam bir muxtar ölkə halına gətirilməsi qərara alınmışdı. Reval danışıqlarından bir ay sonra Rusiyanın Türkiyəyə qarşı ehtiraslarını tənqid edən Rumeli və Makedoniyadakı Türk ordu zabitləri Sultan II Əbdülhəmidə qarşı "ihtilal" hərəkatına başlamışdılar. Parisdə Əhməd Rza "İttihad və tərəqqi" adlı bir cəmiyyət yaratmışdı ki, sonradan 1906-cı ildə İmperatorluğun "Üçüncü ordu" zabitlərinin başda minbaşı Ənvər bəy (Sonradan vitse-generalissimus və Türkiyənin müdafiə naziri olan Ənvər Paşa nəzərdə tutulur - A.M) və o dövrdə Ədirnə Poçt və Teleqraf baş məmuru Tələt Paşa (Sonradan Türkiyənin Xarici işlər Naziri olmuş Tələt Paşa nəzərdə tutulur - A.M) Səlanikdə yaratdıqları "Osmanlı Hürriyyət Cəmiyyəti" də onunla birləşərək, "İttihad və Tərəqqi Cəmiyyəti" adı almışdı. Bütün bu hadisələrdə Sultan hökumətini sorumlu bulan gizli "Gənc Türklər" təşkilatının başçsıları Berlin hərbi ataşesi minbaşı Ənvər bəy və kaymakam Niyazi bəy 1876-cı ildə Midhət Paşa tərəfindən hazırladılan "Qanuni-Əsasi"nin yenidən yürürlüyə girməsini hədəf seçmişdilər. "İttihad və tərəqqi" adlı cəmiyyəti başda Səlanikdən dönən zabitlər para ilə dəstəkləyirdilər" (Bax: Ppof.Dr Laszlo Rasonyi, Tarihte Türklük, Ankara 1971, səh 252).

Bu cəmiyyət ilk öncə 21 iyul 1908-ci ildə Üsküpdə, ertəsi gün Səlanikdə elan etdikdən sonra 1876-cı il "Qanuni -Əsasi"nin yenidən tətbiq edilməsini bir teleqrafla Sultan II Əbdülhəmiddən tələb etmiş və Sultan da 31 il öncə qadağan etdiyi Məşrutiyyəti yenidən elan etməyə razılıq vermiş və onu elan etmişdi. Bundan əlavə, Sultan bir sıra yenilik tərəfdarı nazirlər təyin etmiş və 17 dekabr 1908-ci ildə Məclis öz işinə başlamışdı. Lakin 13 aprel 1909-cu ildə öz zabitlərinə qarşı üsyan edən əskərlər "Məclisi-Məbusan" binasını mühasirəyə alaraq şəhərə hakim olmuşdular. Vəziyyəti belə görən Səlanik hərbi birləşmələrinin başçısı Müstafa Kamalın (Sonradan Mustafa Kamal Atatürk kimi tanınan Mustafa Kamal Paşa - A.M) başçılığı ilə Hərəkat ordusu 23 aprel 1909-cu ildə hərəkətə keçərək, İstanbulda əskərlərin üsyanını yatırtmış, hadisə ilə heç bir əlaqəsi olmayan Sultan II Əbdülhəmid də təqsirli bilinərək, taxtdan salınmış, yerinə V Mehmet adı ilə Sultan Rəşad (1909-1918) Osmanlı taxtına oturdulmuş, "İttihad və tərəqqi" tərəfdarlarından bir qrupu iqtidara gətirlimişdir.

Sultan II Əbdülhəmidin, 33 il imperatorluğu bu və ya digər dərəcədə qoruyub saxlayan bu əzəmətli türk sultanının taxtdan enlirilməsi xristian Avropanın və çar Rusiyasının əl-qolunu tamamilə açmış, 600 illik bir müəzzəm Türk imperatorluğunun xrisitan dünyası tərəfindən parçalanması və yağmalanmasına və sonda tarix səhnəsindən çəkilsməsinə zəmin yaratmış oldu. Belə ki, onun hakimiyyətdən uzaqlaşdırılmasından 3 il sonra 1912-ci ilin oktyabrında başlayan Balkan müharibəsi və 1914-18-ci illər dəki I Dünya müharibəsində Osmanlı ordusu tamamilə məğlub duruma düşmüş, Osmanlı imsperatolrluğu tamamilə dağılmış, yerində Mustafva Kamal Atatürkün başçılığı ilə yaradılmış bugünkü Türkiyə Cümhuriyyətinin əraziləri qalmışdır.

İlk öncə Sultan II Əbdülhəmidin əleyhinə çıxan, Onu "müstəbid" adlandıran bir çox Türk ziyalıları, o cümələdən də böyük Türkçü və Turançı Hüseyn Cavid və müəllimi, filosof Rza Tofiq sonradan peşimançılıq duymuş, etirafda bulunmuşlar. Rza Tofiq Sultan II Əbdülhəmidə həsr etdiyi "Sultan Hamidin ruhainyyətindən istimdad" adlı geniş həcmli şeirində ona qarşı etdiklərinə görə peşimançılıq duymuşdu (Bax: "Türk edebiyyatı" dergisi, Ocak 1989, Sayı 183, səh 9).

Bütün yaradıcılığında tarixi şəxsiyyətlərə həssaslıqla yanaşan Hüseyn Cavid də məqalələrinin birində yazmışdır ki: "Əbdülhəmid on minlərlə edadi, rüşdi, ibtidai, tibbi, mülki, əsgəri məktəblər yaradılmasına musaidə etdi... Həmidi (Sultan II Əbdülhəmid - A.M) məhv edən özünün açdırdığı "məktəblər oldu. (Bu məktəbin ən ünlü məzunlarından biri də Ənvər paşa və Mustafa Kamal Paşa (Atatürk) olmuşdu - A.M) Sultan Əbdülhəmid çoban Sultan Rəşad (Sultan II Əbdülhəmidin yerinə Osmanlı taxtına oturldulan V Mehmed nəzərdə tutulur - A.M) kibi hürr bir padşahdan daha hürrdür, daha heysiyyətlidir" (Bax: Hüseyn Cavid, Əsərləri, V cild, Bakı 2005, səh 268).

Osmanlı sultanları içərisində "Xəlifəlik siyasəti"ni ən çox yürüdən Sultan II Əbdülhəmid daxildəki erməni çətələrinə qarşı sərt önləmlər almağa məcbur qalmış, ona görə də avropalılar onu "Qızıl Sultan" adlandırmışlar.

Bütün bunlarla yanaşı Sultan II Əbdülhəmid ilk növbədə məmləkətin iqtisadi inkişafına önəm verərək, rabitə və təhsil sahəsində ciddi reformlar həyata keçirmiş, Anadolu və ərəb vilyətlərində dəmir və qara yollarının inşasını gerçəkləşdirmiş, Bağdad dəmiryolunun Bulqurluya qədər uzadaraq xidmətə açmış, Məkkəyə gedən zəvvarları aparan və xəlifəinin (Sultan II Əbdülhəmidin özünün - A.M.) nüfuzunu artıran Hicaz dəmirüyolunun Mədinəyə ulaşdırmış, İstanbulu Avropa dəmiryolu şəbəkəsinə bağlatmış, məmləkətin ən ucqar nöqtələrini belə teleqraf xətləri ilə İstanbula bağlamağa nail olmuşdur.

Sultan II Əbdülhəmidin hakimiyyəti dövründə İmperatorluğun hər tərəfində yeni tipli təhsil ocaqları - Rüşdiyə və orta məktəblər açılmış, Sultanın taxta çıxmasının 25-ci ildönümü münasibəti ilə 1900-cü ilin sentyabr ayında İstanbulda Universitet ("Darülfünu-i-Şahanə") tədrisə başlamışdır. Onun açdırdığı İstanbul Universitetində Türk dünyasının tanınmış şəxsiyətləri olan Rza Tofiq, Cənab Şəhabəddin, Xalid Ziya, "İstiqlal şairi" Mehmed Akif kimi professorlar dərs demiş, Azərbaycanlı Abdulla Sur və Hüseyn Cavid kimi dahi sənətkarlar o Universiteti bitirmişlər. Türk milliyyətçiliyinin və islamçılığın ilk təməl daşları da onun dövrründə atılmış, "Türk dərnəyi" onun dövründə yaradılmış, hər iki "Məşrutiyyət"i o elan etmiş, Avropa tipli ilk Anayasa onun dövründə qəbul edilmişdir. Türk ədəbiyyatının böyük bir ədəbi səhifəsini təşkil edən "Tənzimat" və "Sərvəti-fünun" ədəbiyyatı onun dövründə yaradılmış, Tənzimatçılar və sərvəti-fünunçular onun hakimiyyəti dövründə yaşayıb-yaratmış, müəzzəm bir Türk ədəbiyyatı vücuda gətirmişlər.

Ruhu şad olsun!


Məmməd Əmin Rəsulzadə


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə