Ayətullah məHƏMMƏd təQİ Mİsbah yəZDİ


YEDDİNCİ MƏCLİS İSLAM VƏ LİBERALİZMİN ADƏT-ƏNƏNƏLƏRƏ, ETİQAD VƏ DƏYƏRLƏRƏ MÜNASİBƏTİ



Yüklə 1,21 Mb.
səhifə7/11
tarix28.06.2018
ölçüsü1,21 Mb.
#52122
1   2   3   4   5   6   7   8   9   10   11

YEDDİNCİ MƏCLİS

İSLAM VƏ LİBERALİZMİN ADƏT-ƏNƏNƏLƏRƏ, ETİQAD VƏ DƏYƏRLƏRƏ MÜNASİBƏTİ

TƏQLİDİN ZƏRURİLİYİ VƏ ONUN MÜXTƏLİF SAHƏLƏRİNƏ YENİDƏN BAXIŞ


Qeyd etdik ki, din sahəsində təqlid və ardıcıllıq əqli dəlillərə və aqillərin keçdiyi yola əsaslanır. Yəni ağılın müstəqil şəkildə dərk etmədiyi və isbat edə bilmədiyi işlərdə insan onun yolunu işıqlandıranların ardınca gedir. İlk addımda səlahiyyətli müctəhidə təqlid olunur. Ağıl hökm edir ki, insan istənilən bir nöqsan və xətadan uzaq olanlara təqlid etməlidir. Bu zümrəni isə peyğəmbərlər və məsum imamlar təşkil edir. Əgər məsumlara birbaşa təqlid mümkünsüz olarsa, ikinci addımda, ağılın hökmü ilə məsumlara daha çox oxşayanlara, ilahi maarif sahiblərinə üz tutulur. Şübhəsiz ki, din sahasində belələri daha az səhvə yol verir və onlara ardıcıllıqla insanların dini ehtiyacları ödənir. Buna görə də müsəlmanlar fiqhi məsələlərdə fiqh bilicisi olan mərcəyə təqlid edirlər. Onlara müraciət cahilin alimə müraciəti nümunəsidir. Din sahəsində dini maarifə daha çox yiyələnənlərə üz tutmağımız zəruridir.

Növbəti sual budur ki, biz hansı sahələrdə təqlid etməliyik? Hər işdə təqlid olunmalıdır, yoxsa təqlidin öz sahəsi var? Əgər insanın uyğun sahədə şəxsi baxışı yoxsa və başqalarından istifadə etmirsə çətinliyə düşür. Məsələn, Marsda həyatın olub-olmamasını bilmiriksə, bu sahədə başqalarına tabe olmağımıza ehtiyac yoxdur. Çünki bu məsələdən xəbərdarlıq heç bir həyati əhəmiyyət kəsb etmir. Yalnız dünya və axirət səadətimiz üçün əhəmiyyət daşıyan məsələlərdə təqlid etməyimiz zəruridir. Şəxsən etiqadı olmayan və bu sahədə başqalarının yolunu izləməyən insan təhlükə ilə üzbəüzdür. Ağıl tələb edir ki, bu sahədə insan özünə çarə qılmalıdır. Ağıl nəinki zərərin, hətta ehtimal olunan zərərin aradan qaldırılmasını əmr edir. İnsan din sahəsində ya çalışıb özü ictihada çatmalı, ya da ictihada çatanların nəzərinə tabe olmalıdır.

Din sahəsində müqəddəs şəriətin zəruri saydığı etiqadlara yiyələnməliyik. Allah və ilahi peyğəmbərlərin bəyan etdiyi göstərişləri yerinə yetirməyimiz vacibdir. Bu sahədə səhlənkarlıq edən şəxs Allahın əzabına düçar olacaq. İnsanın onun səadəti üçün zəruri olan biliklərə müstəqil yiyələnməsi çətindir. İnsanlardan az bir hissəsi zəruri dini biliklərə yiyələnib ictihada çata bilir. Əksəriyyət isə ictihad səviyyəsində biliklərdən məhrumdur. Hansı ki, bu biliklərsiz xoşbəxt olmaq mümkünsüzdür. Demək, dini ehtiyacların ödənməsi üçün bu sahənin mütəxəssislərinə, müctəhidlərə üz tutmağımız vacibdir. Belə bir təqlid fiqhi məsələlərdə təqliddən daha geniş məna kəsb edir. Nəzəri və etiqadi məsələlər də bu çərçivəyə daxildir. Təqlid sahələrini tanımaq üçün müəyyən mütaliələrə ehtiyac var. Zəruri mütaliələrdən sonra məlum olur ki, dinin dörd sahəsində təqlid etmək zəruridir. Əlbəttə ki, bu sahələr arta da bilər.

Birinci sahə etiqadlar, inamlar sahəsidir. Bu sahədə varlıq və yoxluq kimi iki məfhumla rastlaşırıq. Məsələn, deyilir ki, Allah var, peyğəmbərlər Allah tərəfindən göndərilib və ya qiyamət haqdır. Demək, birinci sahədə gerçəkliklərdən danışılır. İkinci sahə göstəriş xarakterli dəyərlərdən ibarətdir. Bu sahədə vaciblərdən və olmazlardan danışılır. Məsələn, bildirilir ki, doğruçuluq yaxşıdır və doğru danışmaq lazımdır. Yalan pisdir və yalan danışmaq olmaz. Bu iki baxış yalnız doğru və yalanın müsbət və mənfi dəyərlərini bəyan edir. İnsan doğruçuluq göstərişinə əməl etməli, yalandan çəkinməlidir. Əlbəttə ki, dəyərlərin etiqadlarla əlaqəsi var. İnsan etiqadlara sahib olduqdan sonra, məsələn, Allah və peyğəmbəri qəbul etdikdən sonra müəyyən dəyərlərlə üzləşir. Əgər Allahın varlığına inanırıqsa, ona itaət edib razılığını düşünməli, onun bəndələrinə xidmət edib razılığını qazanmalıyıq. Allaha qarşı müxalifət, cəmiyyətin xeyrinə biganəlik mənfi dəyərlərdəndir.

Üçüncü sahə yollar və üsullar sahəsidir. Dəyərlərin həyata keçməsi üçün üsullara ehtiyac var. Dəyərlər zaman və məkan kimi şərtlərdən asılı olaraq fərqlənə bilər. Məsələn, əmin-amanlıq bir dəyərdir. Cəmiyyətdə əmin-amanlıq yaradılması mühüm işdir.

Təqlidin dördüncü sahəsi vasitələr sahəsidir və bu sahədə heç bir məhdudiyyət yoxdur. Çünki bu sahədə dəyər və əxlaqlardan danışılmır. Biz vasitələri istənilən bir şəxsdən qəbul edə bilərik. Məsələn, yazı və ya dil öz-özlüyündə dəyər sayılmır. Onlar sadəcə vasitədir. Eyni dildə danışmayan insanlar xətt və yazı vasitəsilə əlaqə saxlayırlar. Bu vasitələri həm müsəlman, həm də kafirdən almaq olar.


TƏQLİDLƏ BAĞLI BƏZİ NÖQTƏLƏR


Təqlidin etiqadlar sahəsində ilahi peyğəmbərlərə və onlardan sonra məsum imamlara, səlahiyyətli alimlərə təqlid etmək olarmı? Peyğəmbər və imamın, onlardan sonra mütəxəssislərin sözü mötəbərdirmi? Bu sualları cavablandırmaq üçün düzgünlük və yanlışlıq meyarını təyin etməliyik. Biz qeyd etdik ki, təqliddə meyar ağıldır. Sübuta yetirilib ki, peyğəmbər məsumdur və Allahın rəsuludur. Ağıl ona itaətə çağırır. Əlbəttə ki, insan öz etiqadını əqli dəlillərlə sübuta yetirə bilirsə bu işi görməlidir. Allahın varlığının və peyğəmbərliyin sübutunda təqlid qəbul deyil. Əgər bir şəxs üçün Allahın varlığı sübuta yetməyibsə, bu həqiqətin sübutu əvəzinə peyğəmbər buyuruğuna itaət mənasızdır. Amma etiqadın qeyri-zəruri məsələlərində ağılın gücü çatmayan sahələrdə nəqli dəlillərə istinad etmək olar. Məsələn, peyğəmbərliyin zəruriliyini və həzrət Məhəmmədin (s) peyğəmbərliyini əqli dəlillərlə sübuta yetirdikdən sonra həmin dəlillər Peyğəmbərin son peyğəmbər olduğunu sübuta yetirmək üçün bəs etmir. Bu mövzuda nəqli dəlillərə ehtiyacımız var. Əlbəttə ki, peyğəmbərliyin həqiqətini sübuta yetirən dəlillər vəhyin də Allah tərəfindən gəldiyini təsdiqləyir. Amma bu dəlillər Quranda bəyan olunmamış, peyğəmbər tərəfindən açıqlanan sünnələrin qəbulu üçün bəs etmir. Bu sahədə digər dəlillərə ehtiyac var. Əlbəttə ki, uyğun məsələni sübuta yetirən ayələr də mövcuddur.

Məsələn, peyğəmbər bərzəx aləmindən, qiyamət səhnəsindən, qəbir sıxıntısından danışır. Uyğun nöqtələr Quranda açıqlanmamışdır. Bu sahədə peyğəmbərin buyuruqlarını qəbul etməyə vəzifəliyik. Bunu Quran ayələri təsdiqləyir. Peyğəmbərin dilə gətirdiyi göstərişlər hətta Quranda bəyan olunmamışdırsa da, qəbul edilməlidir.


SÜNNƏNİN MÜTLƏQ QƏBULU, İMAN VƏ KÜFR ARASINDA SƏRHƏD


İstənilən halda İslam peyğəmbərinin risalətinə etiqad tələb edir ki, onun bütün buyurduqlarına iman gətirək. Peyğəmbər nə buyurmuşsa həqiqətdir və ona tabe olmaq lazımdır. Bu sahədə əqli dəlillərə malik olub-olmamağımızın fərqi yoxdur.

Bu məqamda ağıl məsələləri ətraflı dərk etməsə də, həmin məsələ Allahın elçisi tərəfindən bəyan olunduğundan ağıl onun qəbulunu əmr edir. Əgər peyğəmbərin buyuruqlarından bəzisini qəbul edib, bəzilərini inkar etsək, əslində ona iman gətirməmişik. Tövhid və peyğəmbərliyə şəhadət vermişiksə də, hələ ki, iman sərhəddinə çatmamışıq. İnsanı xoşbəxt edən əqidələr, qanunlar və hökmlər toplumuna iman gətirməkdir. Bu həqiqətlər peyğəmbər və onun məsum canişinləri tərəfindən vəhy və sünnə şəkilində bizə çatdırılmışdır.

İslam peyğəmbərinin Allah tərəfindən göndərildiyini qəbul edib onun bəzi buyuruqlarına etiraz edən şəxs şübhəsiz ki, həqiqi iman gətirməmişdir. Əgər bir şəxs peyğəmbərin özündən həzrət Əlinin canişinliyini eşitmişsə, amma onun vilayətini qəbul etmirsə, imanı naqisdir. İnsan inanırsa ki, peyğəmbər yalnız Allahın buyuruqlarını çatdırır, necə ola bilər ki, həmin buyuruqların bir hissəsini qəbul etməsin?! Sübh namazının günəşin tülusundan öncə qılınması peyğəmbərin göstərişidirsə, bu məsələyə necə əhəmiyyət verməmək olar? Bu qəbil insanların imanı nöqsanlıdır. Əgər Quranda namaz göstərişi verilirsə, amma namazın necə qılınması açıqlanmırsa, İslam peyğəmbərinin risalətinə inanan şəxs həm Quranın namaz göstərişinə, həm də peyğəmbərin bu barədəki sünnəsinə tabe olmalıdır.

Fəqihlər bildirirlər ki, dini zərurətlərin inkarı insanın dindən çıxmasına səbəb olur. Əslində bir şəxs peyğəmbər tərəfindən bəyan olunmuş qeyri-zəruri hökmü də inkar edərsə kafir olar. İnsan deyə bilməz ki, mən yalnız ağlımın təsdiqlədiyinə iman gətirirəm. İnsan ağılı bəzi həqiqətlərin dərkində acizdir. Əgər bütün həqiqətləri ağıl vasitəsilə dərk etmək olsaydı, ilahi peyğəmbərlərə ehtiyac qalmazdı. Bu səbəbdən də ağılı həqiqətlərin dərki sahəsində yetərli saymaq olmaz. Ağıl sadəcə zəruri biliklərin qazanılmasında fəaliyyət göstərir və yalnız vəhyin köməyi ilə insanın dünya və axirət səadəti təmin olunur. Bəli, İslam tövsiyə edir ki, insan bütün etiqadlarında əqli dəlillər əldə etməyə çalışsın. Amma bu iş hamı üçün müyəssər deyil. Əksəriyyətin Allahın nazil etdiyinə, peyğəmbər və məsumların buyuruqlarına etiqadı bəs edir. Əlbəttə ki, belə bir etiqad şərtləndirilməməlidir. Əgər insan meracın ruhani və ya cismani olduğunu bilmirsə, ağılı əsasında hökm yürüdə bilməz. Bu qəbil məsələlərdə peyğəmbərin buyuruqları qəbul olunmalıdır.


İSLAHAT PƏRDƏSİ ALTINDA SÜNNƏ VƏ FİQHİN İNKARI


Etiqadlarımızdan biri İslam peyğəmbərinin son peyğəmbər olması və İslam qanunlarının, hökmlərinin əbədiliyidir. İslam peyğəmbərinin risalətinə iman tələb edir ki, onun son peyğəmbər olduğuna və gətirdiyi qanunların qiyamətədək işləkliyinə inanaq. İslam qanunlarının hansısa bir dövrə aid olduğunu iddia etmək olmaz. İslam peyğəmbərinin risalətini və İslam qanunlarını müəyyən bir dövrə aid edən, bu qanunların texnoloji tərəqqi ilə ayaqlaşmadığına inanan insan əslində İslam və İslam peyğəmbərinə iman gətirməmişdir. Axı belə bir etiqad həzrət Musa və həzrət İsanın risalətinə etiqaddan nə ilə fərqlənir? Əqidəmiz budur ki, bütün peyğəmbərlərin risaləti müəyyən dövr üçün nəzərdə tutulmuşdur, İslam peyğəmbəri isə son peyğəmbərdir. İslam qanunlarından savayı bütün qanunlar dəyişdirilmişdir, amma Quranın dəyişilməzliyinə Allah-taala özü zəmanət vermişdir. Əgər bir şəxs İslam qanunlarını bir dövrə aid edərsə, demək, İslam peyğəmbəri ilə digər peyğəmbərlər arasında, İslam şəriəti ilə digər şəriətlər arasında fərq qoymur.

Bu gün bəzi ziyalınümalar İslam peyğəmbərinin risalət dövrünün başa çatdığını, İslam qanunlarının aktuallıqdan düşdüyünü iddia edirlər. Hətta siyasi partiyalardan birinin başçısı açıq-aşkar bildirir ki, İslam fiqhində dəyişikliklər aparmaq lazımdır. Guya şəriət müəyyən dəyişikliklərlə demokratiyaya uyğunlaşdırılmalıdır. Bəzi azğınlar isə dini nəinki millətlər, hətta hökumətlər üçün tiryək adlandırır. İslam fiqhi və ilahi hökmlər bizə tapşırılmayıb ki, onu oyuncağa çevirək, qərbin liberal demokratiyasına uyğunlaşdıraq. İslam qanunlarını məsxərəyə qoyan, dini hökumətlər və millətlər üçün tiryək adlandıran şəxslər doğrudanmı müsəlmandır?! İslamı müdafiə etməyə vəzifəli olanlar dini hökmlərin və fiqhin dəyişilməsi təhlükəsi yarandığı bir vaxtda fəryad çəkməli deyilmi?! Doğrudanmı, oğrunun əlini kəsmədən əmin-amanlığı müdafiə etməyin mümkünlüyündən danışan, dini hökmlərə əl gəzdirmək fikrinə düşənlər İslam fiqhini qəbul edir?! Unutmamalıyıq ki, belələri sabah ayətullahlar quralayıb öz qara əllərini dinin taleyinə uzada bilərlər!



Neçə illər bundan öncə İmam rahil Salman Rüştüyə ölüm hökmü verəndə belə buyurmuşdu: "Mən narahatam ki, on il bundan sonra kimlərsə "bu hökm diplomatik olmayıb" söyləyə.” İmam bu günü görürdü. Dara çəkilməli olan həmin Salman Rüştü bu gün İrandakı həmməsləkinin müdafiəsinə qalxır, onun üçün çıxarılmış edam hökmünə təəssüf edir. O iddia edir ki, mötədil müsəlmanlar İslam mədəniyyətində islahat aparıb islami protestantlığı yaratmasalar, onlar özü işə başlayacaq! Maraqlıdır, materialist təfəkkür, qərb liberalizmi əsasında dini dəyişmək, müqəddəslikləri təhqir etmək, peyğəmbər və məsumlara münasibətdə şübhə yaratmaq, din üçün istifadə müddəti təyin etmək mədəni islahatdırmı?

İSLAM VƏ LİBERALİZMİN ETİQAD VƏ DƏYƏRLƏRƏ FƏRQLİ MÜNASİBƏTİ


Biz inanırıq ki, ilahi və dini dəyərlər prinsipcə sabitdir və yaxşı nə vaxtsa pis ola bilməz. Amma dinin rolunu inkar edənlər bütün dəyərləri dəyişkən sayırlar. Onların nəzərincə, bu gün müsbət sayılan bir iş sabah mənfi sayıla bilər. Bir vaxt qərbdə homoseksualizm əxlaqsızlıq sayılırdı. Bu gün isə bu hal dəyər kimi qəbul olunur, hətta bəziləri onunla iftixar edir. Onlar bildirirlər ki, homoseksualizm genişləndikcə dövlətin xərcləri azalacaq, sosial partlayışların qarşısı alınacaq. Biz isə dini etiqadların və dəyərlərin sabitliyinə inanırıq. Dəyərlər üçün zaman və məkan məhdudiyyəti yoxdur. Ağıl onları dərk etsə də, dərk etməsə də ədalət gözəldir, zülm pis! Ağıl özü ilahi hökm mənbələrindəndir. Mümkündür ki, insan müəyyən bir həqiqəti dərk etməkdə aciz olsun, amma peyğəmbər həmin işin halal və ya haram olduğunu buyursun. Bir sözlə, istər əql, istər vəhy yolu ilə müəyyənləşdirilmiş etiqad və dəyərlər sabitdir, dinin yalnız qeyri-zəruri hökmlərində qismən dəyişiklik mümkündür. Qərbdə dində dəyişikliklərə yol açmaq üçün, onu ictimai həyatdan sıxışdırıb çıxarmaq məqsədilə fəlsəfə kitablarında "dinin gövhəri və sədəfi" (içi və qabığı) kimi mövzular açıqlanır. Onların nəzərincə, dinin yalnız gövhəri sabitdir, qalan nə varsa dəyişkəndir. Ziyalınüma islahatçılar dinin gövhəri və sədəfi kimi anlayışları meydana atmaqla əqidələri, hökmləri, dəyərləri dinin sədəfi (qabığı) kimi tanıtdırırlar. Dinin gövhəri (içi, zatı) dedikdə isə yalnız bəşərin Allah sayılmamasını nəzərdə tuturlar. Demək, insan yalnız bəşərin Allah olmadığına inanmalıdır. Qalan nə varsa dəyişkəndir. Hətta yeganə Allaha etiqadı dinin sədəfi sayırlar. Yəni insan Allahı qəbul etməyə də bilər! Hansı ki Quran etiqadları, ilahi dəyərləri dəyişməz sayır. Bu həqiqətlərin ağıl, vəhy və ya sünnə tərəfindən təsdiqlənməsi mümkündür. Allahın və peyğəmbərin buyuruğunu hətta qəlbində inkar edənlər mürtəd və kafirdir. Onlar zahirdə müsəlman sayılsa da, İslam haqlarından məhrumdurlar. Onları cəhənnəm əzabı gözləyir. Bəli, biz müsəlmanlar əqli və ya nəqli dəlillərlə sübuta yetmiş etiqadları və dəyərləri toxunulmaz sayırıq. Yalnız ictihad elminə sahib olmayanlar etiqad və dəyərlər sahəsində təqlid edə bilər. Onların təqlidi nəinki düzgün, hətta zəruridir. Peyğəmbər və məsumların rəftarları isə şəri hökm kimi tanındıqda izlənilməlidir. Təqlidin vasitələr sahəsində isə heç bir şərt qoyulmur. İnsan istifadəsi üçün yararlı vasitəni istənilən bir şəxsdən qəbul edə bilər. Məsələn, Peyğəmbər və onun əhli-beyti ərəbcə danışmışdırsa, bizim ərəbcə danışmağımıza ehtiyac yoxdur. Ehtiyac yoxdur ki, bütün müsəlmanlar Peyğəmbər və onun əhli-beyti kimi geyinib, onlar kimi görünsünlər. Əgər peyğəmbər evini palçıqdan tikmişsə, müsəlmanların bu işdə ona təqlidi lazım deyil. Əlbəttə ki, kimlərsə peyğəmbər aşiqi kimi hər işdə onların yolunu izləyə bilər. Belə bir ardıcıllıq yalnız övliyaların gücündədir. Mərhum Əllamə Təbatəbainin əxlaq ustadı ona tapşırmışdı ki, “Biharul-Ənvar”dan peyğəmbərin bütün rəftarlarını öyrənsin və onlara əməl etsin. Əllamə öz ustadının göstərişi ilə “Sünəni-nəbiyy” kitabını tərtib etmişdir. Əllamə hətta bir-bir peyğəmbərin istifadə etdiyi qidalardan istifadə etmişdir.

DİNİ RƏHBƏRLƏRƏ İTAƏTLƏ BAĞLI ŞÜBHƏLƏR


Qeyd etdik ki, bəziləri Peyğəmbər və onun əhli-beytinin (ə) bu gün izlənilməsi çətin olan rəftarlarını bəhanə gətirərək onlara təqlidə qarşı çıxır, onların bütün rəftar və danışıqlarının köhnəldiyini iddia edirlər. Biz Xanım Fatimənin (s) qadınlar, Əli ibn Əbu Talibin kişilər üçün nümunə olduğunu deyəndə onlar xanımın əl dəyirmanı ilə arpa üyütdüyünü qabardır və bu gün belə bir həyat tərzinin nümunə olmadığını bildirirlər. Bəli, bütün bunlar ilməni dolaşıq salmaqdır.

Biz xanım Fatimənin və Əli ibn Əbu Talibin nümunə götürülməsi dedikdə onların şəri hökmlərə münasibətini nəzərdə tuturuq. Şəri hökm yox, sırf vasitə ünvanlı rəftarlar isə təqlid ünvanı sayılmır. Peyğəmbər və onun əhli-beytinin (ə) hansı rəftarlarının nümunə olduğunu müəyyənləşdirmək üçün din alimlərinə müraciət edilməlidir. Onların həyatı öyrənilməli, hansı rəftarlarının nümunə olduğu müəyyənləşdirilməlidir.

Qeyd etməliyik ki, dini rəhbərlərin rəftarlarının zahiri və batini olmuşdur. Olsun ki, hansısa rəftarın zahiri şəkli dəyişsin. Mahiyyət isə qorunmalıdır. Xanımın öz dövründə əl dəyirmanı ilə un hazırlaması bu gün təqlid ünvanı sayılmır. Bu gün texnoloji tərəqqi sayəsində uyğun işlər xeyli asanlaşmışdır. Amma xanımın uyğun işi onun ailə ehtiyaclarının təminində iştirakını göstərir. Bəli, xanımın ailədəki zəhmətləri bugünkü qadınlar üçün nümunədir. Xanım toy gecəsi köynəyini yoxsula bağışlayır. İftar üçün hazırladığı çörəyi yoxsula verir. Bu əməllərin mahiyyəti haqqında düşünmək lazımdır. Bugünkü insanın yoxsula arpa çörəyi və ya köynəyini verməsi zəruri deyil. Əsas məsələ yoxsula əl tutulmasıdır. Xanım özü yediyi arpa çörəyindən verirdisə, bugünkü insan qidalandığı qidalardan verməlidir. Əhli-beytin (ə) rəftarlarının mahiyyətini izləmək istəyənlər ən gözəl libaslarından, ən üstün qidalarından infaq etməlidir. Qurani-kərimdə oxuyuruq: “Sevdiyiniz şeylərdən infaq etməyincə yaxşılığa nail olmazsınız.”1 Əmirəl-möminin haqqında nəql olunmuş rəvayətdə bildirilir ki, imam yediyi çörək quru olduğundan onu dizi ilə sındırarmış. İmamın dövründə arpa çörəyi əsas qida idi, yoxsullar bundan da məhrum idilər. Yoxsullar çörək qazanmaqda aciz qalmışdılar. Zəkat olaraq arpa çörəyi verilərdi. Bu gün isə zəkat təkcə çörəyi olmayanlar üçün nəzərdə tutulmur. Dövrün münasib imkanlarından məhrum olan hər bir insan məhrum sayılır. Bir vaxt müqəddəs Qum şəhərində varlıların da kondinsioneri yox idi. Yay aylarında zirzəmidən istifadə olunardı. Bu gün isə əksəriyyətin kondinsioneri var, kondinsioneri olmayana zəkat vermək olar.

Bəli, biz peyğəmbər və onun Əhli-beytinin (ə) əməllərinin mahiyyətinə varmalıyıq. Əməllərin zahirinə yox, onların mahiyyətinə təqlid lazımdır. Əmirəl-mömininin nümunə seçilməsi dedikdə məsulların, vəzifəli şəxslərin eynən imam kimi öz həyatlarında yoxsulların həyat səviyyəsini nəzərə almaları başa düşülməlidir. İmama təqlid o demək deyil ki, evimizi palçıqdan tikək, arpa çörəyi yeyək. İmamın uyğun rəftarlarını izləmək çətindir. Amma həmin əməllərin mahiyyətini nəzərdə tutub imama təqlid etmək olar.



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə