Ayətullah məHƏMMƏd təQİ Mİsbah yəZDİ


DÖRDÜNCÜ MƏCLİS MƏSUMLARA İTAƏT MÜMKÜN VƏ ZƏRURİDİR



Yüklə 484,59 Kb.
səhifə4/11
tarix26.09.2017
ölçüsü484,59 Kb.
#2190
1   2   3   4   5   6   7   8   9   10   11

DÖRDÜNCÜ MƏCLİS

MƏSUMLARA İTAƏT MÜMKÜN VƏ ZƏRURİDİR

ÖTƏN SÖHBƏTƏ BİR BAXIŞ


Qeyd etdik ki, ilahi peyğəmbərlərin mühüm vəzifələrindən biri insanların tərbiyəsidir. Quran leksikonunda tərbiyə mənası “təzkiyə” sözü ilə ifadə olunur. İnsanların təzkiyəsi son peyğəmbərdən sonra məsum imamların öhdəsinə düşmüşdür. Bu keçidin səbəbi tərbiyədə nümunələrin, idealların mühüm rol oynamasıdır. Ayə və rəvayətlərdə bildirilir ki, Allah övliyaları və din başçılarının rəftarlarına təqlid etmək lazımdır. İnsan məsumların davranışını nümunə götürməli, öz fəaliyyətlərini bu istiqamətdə nizamlamalıdır. Şübhəsiz ki, din övliyalarına təqlid mövzusunu araşdırarkən öncə müqəddimə verilməlidir. Bu səbəbdən də ötən söhbətimizdə həyatın istənilən bir sahəsində təqlidin qaçılmaz olduğunu dilə gətirdik. Qeyd etdik ki, təqlid fitri və əqli bir işdir, qaçılmaz bir zərurətdir. Əgər bir şəxs heç vaxt heç nə barədə kimsədən soruşmaq istəməsə, həyatını nizama sala bilməz. Amma bu o demək deyil ki, insan istənilən bir işdə istənilən kəsə təqlid edə bilər. Təqlid o zaman məntiqi və düzgündür ki, onun şərtləri ödənsin. Elə məqamlar var ki, başqalarına təqlid məzəmmət olunur və təhlükəlidir.

Onu da qeyd etdik ki, təqliddə üç nöqtə nəzərdə saxlanılmalıdır: Hansı hallarda təqlid edilməlidir? Kimə təqlid edilməlidir? Hansı məqsədlə təqlid edilməlidir? Xülasə şəkildə cavab budur ki, insan öz ehtiyaclarına istənilən bir səbəbdən cavab verməyə gücsüz olduqda təqlid edə bilər. Eləcə də insan onun ehtiyac duyduğu sahəni bilənlərə üz tutmalıdır. Onu da qeyd etdik ki, təqliddə məqsəd həqiqətə çatmaqdır. İnsan həqiqəti bilmədikdə onu bilənlərə müraciət edir, onu həqiqətə yönəldə biləcək insanlara tabe olur. Belə bir təqlid düzgün və düşüncəlidir. Bəzən insanlar təqlid edərkən onların məqsədi həqiqətə çatmaq olmur. Onlar kor-koranə başqalarının ardınca gəzir, onların hərəkətlərini təkrarlayırlar. Bu təqlidlərin kökündə bəzən tayfa bağılılıqları, bəzən məqam əldə etmək istəyi olur. İnsan yalnız ata-babalarının yolunu izləmək məqsədi ilə kor-koranə əcdadlarının hərəkətini təkrarlayır. Belə bir təqlid çox təhlükəlidir və Quran uyğun təhlükə barədə xəbərdarlıq edir. Məqam, şöhrət qazanmaq üçün təqlid edənlər də var. Onlar danışıqlarında, geyimlərində, saç düzümlərində özlərini tanınmış insanlara oxşadırlar ki, məqam əldə etsinlər.

Bəli, yalnız həqiqətə çatmaq məqsədi ilə təqlid düşüncəli təqliddir. Bu yönümdə yalnız məlumatlı, həqiqəti daha yaxşı tanıyan insanlara təqlid edilə bilər. Təqlid üçün ideal seçərkən heç bir nöqsana yol verməmiş insanlara üz tutmağın zəruriliyini kimsə inkar edə bilməz. Əgər ideal insanlara təqlid üçün şərait yoxsa, heç olmaya təqlid ediləcək sahədə nümunə mütəxəssis olmalıdır. Belə bir yol düşüncəli, məntiqi, bəyənilmiş bir yoldur. Biz müsəlmanlar da məsələyə həmin prizmadan yanaşaraq fiqhi məsələlərdə bu sahənin mütəxəssisi olan fəqihlərə təqlid edirik.

QEYB DÖVRÜNDƏ MƏSUMA NECƏ TƏQLİD ETMƏK OLAR?


Allah-taalanın müsəlmanlara, xüsusilə şiələrə əta etdiyi ən böyük nemət həzrət Peyğəmbər və məsum imamların bərəkətli vücududur. Allahın ən üstün bəndələri olan, sonsuz kamal və elmdən bəhrələnən, bütün insani və ilahi fəzilətlərə sahib, istənilən bir baxımdan məsum insanlara təqlid insanın xoşbəxtliyə çatması üçün ən yetərli yoldur. Yalnız məsumlar biz müsəlmanlar üçün ideal ola bilər. Biz onlara heç bir nigarançılıqsız təqlid edə bilərik. Çox zəruridir ki, bu böyük nemətin qədrini bilib Allaha şükür edək. Axı Allah-taala bu müqəddəs insanları bizə tanıtdırmasaydı və bizim üçün təqlid qapılarını açmasaydı bu böyük nemətdən məhrum qalar, cəhalətdə məhv olub gedərdik. Baxın dünyanın ayrı-ayrı guşələrinə! Nə çox firqələr yetərsiz ideallar səbəbindən bədbəxtliyə düçar olmuşlar. Bəli, məsumlara təqlid nəinki düzgündür, hətta zərurdir. Əgər onlara təqlid etməsək yolumuzu azarıq.

Bu məqamda iki sual, iki şübhəni cavablandırmaq lazım gəlir: Əvvəla, peyğəmbər və məsum imamların dövründə onlara birbaşa təqlid edənlər olmuşdurmu? İkincisi, peyğəmbər və imamların olmadığı bir dövrdə, həzrət Mehdi (ə) qeybə çəkildiyi bir vaxtda biz onlara necə təqlid edə bilərik?

Bəli, məsum imamların insanlar arasında olduğu iki yüz əlli il müddətində insanlar onlara təqlid edə bilərdilər. Amma çoxları nəinki təqlid etmədilər, hətta məsumlara cəfa qıldılar. Əlbəttə ki, əgər həzrət Mehdi aramızda olsaydı bütün əməl və rəftarlarımızda onun yolunu izləyər, bugünkü ağrılı problemlərdən əziyyət çəkməzdik. Amma əfsus ki, imam qeybə çəkilmişdir və biz ona birbaşa təqlid edə bilmirik. Əhli-beytə (ə) zülm edənlərə lənət yağdırmaqdan və bu ayrılığa dözməkdən başqa çarəmiz yoxdur. Amma məsumlara birbaşa iqtida edə bilməsək də, dolayısı ilə onların yolunu izləyə bilərik. Bizim dövrümüzdə məsum imam olmasa da onların həyat tarixçəsi, buyuruqları yetərincə qeydə alınmışdır. Onların həyatını öyrənmək, buyuruqlarını araşdırmaqla yolumuzu işıqlandırıb onlarla addım-addım hərəkət edə bilərik. Bu iş mümkünsüz deyil. Görün bugünkü dünyamızda hər hansı tanınmış şəxsə uzaqdan-uzağa, məsələn, televiziyada tanışlıqla iqtida edənlər nə qədərdir!

MƏSUMLARA İQTİDA MÜMKÜNSÜZ DEYİL


Bugünkü dünyada məsumlara iqtidanın mümkünlüyünü şübhə altına alanlar da var. Onların nəzərincə zaman və məkan təqlid məsələsində zəruri şərtlərdəndir. Bəziləri iddia edirlər ki, min dörd yüz il bundan öncə dünyasını dəyişmiş məsumlara təqlid mümkünsüzdür. Onlar həmin vaxtlar müharibələrin qılıncla aparıldığını, bu günsə modern silahlardan istifadə olunduğunu dəlil göstərirlər. Guya həmin dövrün bugünkü tikililərdən fərqlənən alçaq damlı, palçaq divarlı evləri həmin dövrün insanlarına təqlid üçün maneədir. Həzrət Peyğəmbər Mədinədə məscid ətrafında zövcələri üçün hücrələr tikmişdi. Buradakı evlərdən biri də Əmirəl-mömininə məxsus idi. Həmin hücrələr uzun müddət bərbad vəziyyətdə qaldı. Nəhayət, Ömər ibn Əbdül-Əzizin dövründə Peyğəmbər məscidini genişləndirmək qərarına gəldilər. Abadlaşdırma zamanı sökülən hücrələr kiçik və sadə idi. Bu hücrələrin qarşısında heyvanlara ot vermək üçün yerə dəri sərilmişdi. Hətta bəzi evlərdə quyudan su çəkmək üçün dəvə saxlanırdı. Peyğəmbər və məsumlara təqlidin mümkünsüzlüyünü iddia edənlər bütün bu nöqtələri ciddi maneə sayırlar. Onların nəzərincə peyğəmbər və onun Əhli-beytinin (ə) yaşadığı dövrün xüsusi şəraiti, ab-havası olmuşdur. Guya zaman dəyişdikcə hər şey dəyişmiş və onlara iqtida etmək mümkünsüz olmuşdur. Min dörd yüz il bundan öncə yaşamış xanım Zəhranın yolunu izləmək xülya sayılır.

Hansı ki, Qurani-kərim müsəlmanları İslam peyğəmbərinə iqtidaya çağırır və buyurur: “ Allahın rəsulunda sizin üçün bəyənilmiş nümunə var. O kəslər üçün ki, Allaha, qiyamət gününə inanır, Allahı çox zikr edirlər.”32 Uyğun həqiqəti Quran ayələri ilə yanaşı mütəvatir (yetərli sayda olan) rəvayətlər də təsdiqləyir. Çoxsaylı rəvayətlərdə müsəlmanlar məsum imamlara iqtidaya çağırılır. İstənilən bir halda uyğun şübhəni cavablandırmaq, təqlidin düşüncə və fitrətə uyğunluğunu sübuta yetirmək lazım gəlir.


TƏQLİD SAHƏLƏRİ


a) Etiqadlar sahəsi

Təqlid sahələrindən biri etiqadlarda, baxışlarda, düşüncə tərzində təqliddir. Bəzi etiqadi məsələlər əqli dəlillərlə sübuta yetməlidir. İnsan düşüncəsində belə bir güc var. Tövhid, nübüvvət, məad kimi etiqadlarda insan öz düşüncəsi vasitəsilə dəlillər əldə edə bilər. Uyğun etiqad əsaslarını əqli dəlillərlə sübuta yetiririk. Bu sahədə təqlid yoxdur. Amma bəzi etiqadi məsələləri əqli dəlillərlə sübuta yetirmək mümkünsüzdür. İlk qəbir gecəsi, qiyamət səhnəsi bu qəbil məsələlərdəndir. Bu qəbil etiqadlarda təqlid etməyə məcburuq. Əlbəttə ki, uyğun etiqadi məsələlərdə təqlid dedikdə fiqhi məsələlərdə zəruri şərtlərə malik fəqihə təqlid kimi bir təqlid nəzərdə tutulmur. Ölüm və qiyamət kimi məsələlərdə təqlid məsumların biliklərinə yiyələnməkdir. İctimai və psixoloji mövzulardakı təqlid də bu qəbildəndir. Bu mənada təqlid şəri hökmlərdə təqliddən daha əhatəli məna daşıyır. Təqlidin uyğun əhatəli tərifinə əsasən həkimə, mühəndisə, istənilən bir mütəxəssisə müraciət də bir növ təqliddir.

Əqli dəlillərlə sübuta yetirilməsi mümkün olmayan etiqadlar Quran ayələri, Peyğəmbər və onun Əhli-beytinin (ə) buyuruqları əsasında qəbul edilir, uyğun sahədə həmin buyuruqlara itaət göstərilir. Bəli, bu qəbil etiqadlar da bizim sabit etiqadlarımızdandır. Çünki onları mötəbər mənbələrdən əxz etmişik. İnanmalı olduğumuz və ağılla sübuta yetirilməyən etiqadlarda heç bir səhvə yol verməmiş məsum insanlara tabe olmalıyıq. Belə etsək, onların buyuruqları bizim üçün dəlil olar. Allah-taala bəndələrinə minnət qoymuş, müraciət üçün mötəbər bir mənbə və peyğəmbər Əhli-beytini (ə) qərar vermişdir. Onların buyuruqları bizim üçün mötəbərdir. Onların təqdim etdiyi etiqadlara hökmən yiyələnməliyik. Əlbəttə ki, etiqadi məsələlərdə mötəbər buyuruqlar əsas götürülür. Rəvayətin nəql olunması bəs etmir, həmin rəvayət mütəvatir, mötəbər olmalıdır. Sənədi, mənbəsi mötəbər olmayan rəvayətlər əsas sayılmır. Bir sözün məsumun dilindən çıxdığı sübuta yetərsə, artıq həmin buyuruq dəlildir. Əgər rəvayətdə hər hansı etiqad təqdim olunursa və rəvayətin mötəbərliyinə şübhə yoxdursa, həmin əsasa inanmağımız vacibdir. Quran və Əhli-beyt (ə) tərəfindən təqdim olunan, eləcə də bizim qəbul etdiyimiz etiqadlar sabit və daimidir. Onlar üçün zaman və məkan məhdudiyyəti yoxdur, bu etiqadlar maddi həyat boyu dəyişilməzdir. Əqli dəlillərlə sübuta yetən tövhid məsələsi sabit və əbədi bir məsələdir. Allah yeganədir və onun yeganəliyi zaman və məkandan asılı deyil. Əqli və nəqli dəlillərə malik etiqadları heç bir ictimai təbəddülatlar dəyişə bilməz. Məsələn, bildirilir ki, ilk qəbir gecəsində Nəkir və Münkər dünyasını dəyişən şəxsi sorğu-suala çəkər. Bu məlumatı İslam peyğəmbəri kimi sadiq bir şəxs bəyan etmişdir. Peyğəmbərin buyuruğuna “həmin hadisələrdən min dörd yüz il ötüb” deyə şübhə ilə yanaşmaq olmaz. Bu qəbil xəbərlər sadiqdir və zaman dəyişdikcə dəyişməz. Etiqadlar sahəsində vaxtın ötməsi təsirsizdir və onlar hər zaman aktualdır.

b) Dəyərlər sahəsi

Təqlid ediləsi sahələrdən biri də dəyərlər sahəsidir. İnsan əmr və qadağalara, yaxşılıq və pisliklərə münasibətdə təqlid edə bilər. Əlbəttə ki, belə bir təqliddə etiqadlar ümumi şəkildə nəzərdə tutulur. Əslində elmi baxımdan dəyərlər etiqadlardan ayrı bir sahədir. Dəyərlər əsasən əxlaq mövzusudur. Amma elə dəyərlər var ki, insanın düşüncəsi tərəfindən qavranılır. Şübhəsiz ki, azğın yox, həqiqi ağıldan söhbət gedir. Ağıl bu həqiqətləri dərk etməkdə müstəqildir. Əxlaqi dəyərlərin qəbulunda vəhy və şəriətə ehtiyac yoxdur. Bu iş ağılın işidir. Uyğun dəyərləri ağıl müstəqil şəkildə dərk edir. Bu sahədə nümunələrə, təqlidə, itaətə möhtac deyilik. Ağılın təsdiqlədiyi istənilən bir iş vəzifə olur. Əgər ağıl bir işi pis dəyərləndirirsə onu qəbul edirik. Hətta fiqhdə müstəqil əqli nəticə dəlil sayılır. Əgər bir məsələ haqqında nəqli dəlil yoxsa, həmin məsələyə münasibətdə ağılın sübutları yetərlidir. Hətta fiqhi dəlillər axtarmazdan öncə ağıla müraciət etdikdə ağıl bir həqiqəti tam təsdiqləyirsə, onun təsdiqi bəs edər. Əlbəttə ki, ağılın müstəqil şəkildə dərk edə bilmədiyi məsələlərdə mötəbər mənbələrə ehtiyaclıyıq. Belə olduqda nümunə seçməli, itaət göstərməli, vəhyə tabe olmalıyıq. Yəni peyğəmbər Əhli-beyti (ə) bir məsələni təsdiqləyirsə, biz də onlara tabe olaraq onların dəyər olduğuna inanırıq. Vəhy, vəhy daşıyıcılarının təqdim etdiyi dəyərlər, məsumlardan əxz etdiyimiz biliklər mütləq, sabit, şübhədən uzaqdır.

Əlbəttə, bilməliyik ki, sabit və mütləq dəyərlərin varlığına etiqad, onların isbatı bu işin asanlığını göstərmir. Qədim sofistlər və şəkkahlar sabit inancların varlığını ümumiyyətlə rədd edir, hətta iddialarının sübutu üçün elmi qaydalar da göstərirlər. Amma belə bir baxış qədim və müasir cəhalət cərəyanlarına aiddir və heç vəchlə qəbul oluna bilməz. Əksər alimlərin və düşüncə sahiblərinin fikri budur ki, bizim elm və etiqad sahəsində dəyişməz mövzularımız var. Məsələn, bir çox riyazi, məntiqi və metafiziki məsələlər sabitdir. Bizimsə əqidəmiz budur ki, peyğəmbərlər və məsum imamlardan sabit biliklər öyrənmək olar. Amma dəyərlərə münasibətdə alimlər arasında fikir ayrılığı var. Çoxları hətta etiqad yönümündə sabit dəyərlərin mövcudluğunu inkar edən sofistlər kimi düşünmür. Bir çox alimlər əmindirlər ki, etiqadlar dəyişməzdir, yalnız dəyərlərin nisbiliyindən danışmaq olar. Onların nəzərincə, yaxşı və pis sabit deyil. Bu zümrədən olanlar Allahın birliyinə etiqadı sabit sayırlar. Eləcə də qəbul edirlər ki, ölümdən sonra həyat mövcuddur. Amma bir dəyərin həmişə yaxşı olmasını inkar edirlər. Onların nəzərincə, bu gün pis sayılan bir dəyər sabah yaxşı dəyərləndirilə bilər. Onlar düşünürlər ki, bir dəyərin müsbət və ya mənfi olması hətta cinsdən, coğrafi mövqedən, iqlim və zamandan asılıdır. Onların nəzərincə, 1400 il bundan öncə yaşamış insanların düşüncəsi əsasında nələrisə yaxşı, nələrisə pis saymaq olmaz.

Əlbəttə ki, dəyərlərə münasibətdə nisbilik nəzəriyyəsinin nə dərəcədə doğru olduğunu araşdırmaq lazımdır. Müəyyənləşdirməliyik ki, ümumiyyətlə sabit dəyərlər mövcuddurmu? Bu dəyərlərin mövcudluğunu sübut etdikdən sonra sabit dəyərlərin dəyişkən dəyərlərdən necə fərqləndirildiyini müəyyənləşdirməliyik. Bütün bu mövzular olduqca mürəkkəbdir və əxlaq fəlsəfəsinin işidir. Hazırda bu barədə danışmaq istəmirik. Ümumi şəkildə deyə bilərik ki, Quran ayələri, peyğəmbər və məsumların buyuruqlarına əsasən, İslamda sabit dəyərlər mövcuddur. Ümumiyyətlə, dinimizdə əxlaqi dəyərlər dəyişməz qəbul olunur. Zaman və məkan kriteriyaları əxlaqi dəyərlərə təsir göstərmir. Bəli, zülm həmişə və hər yerdə pisdir. Ədalət həmişə və hər yerdə yaxşıdır. Gördüyünüz kimi, bu dəyərlər də bəzi etiqadlar kimi sabit və dəyişməzdir, zaman və məkan məhdudiyyətinə tabe deyil. Allaha etiqad, peyğəmbər və məada inam sabit olduğu kimi, bir sıra əxlaqi dəyərlər də sabitdir. Əxlaqın bünövrələri də dəyişməz və mütləqdir. Zaman ötdükcə əxlaqi dəyərlərin əsasları dəyişmir. Sabit dəyərlərin dərk olunmasında təqlidə ehtiyac duysaq 1400 il bundan öncə yaşamış vəhy daşıyıcılarına təqlid edə bilərik. Onların yolunu izləməklə sabit dəyərlərə inanmaq mümkündür.

Amma bəzi rəftarlar və dəyərlər şərait dəyişdikdə xüsusi bir çərçivədə dəyişə bilər. Məsələn, doğru danışmaq gözəldir, amma müəyyən şəraitdə doğru danışmaq pis sayılır. Əgər doğru söz bir insanın qətlinə səbəb olarsa, başqa yol seçmək lazım gəlir. Yalan pisdir. Amma əgər yalan bir insanın həyatını xilas edə bilərsə, yaxşı sayılır. Müəyyən məqamlarda hətta yalan danışmaq vacibdir. Bəli, müəyyən əxlaqi dəyərlər dəyişə bilər. Amma bu dəyişiklik zaman şərtinə bağlı deyil. Zaman əxlaqi dəyərlərə təsir göstərmir. Meyarlar dəyişikliyə səbəb ola bilər. Əgər dəyişə bilən dəyərlərin meyarlarını nəzərdən keçirsək onların da sabit olduğunu görərik. Bir sözlə, etiqad və dəyərlərin ağıl işləməyən sahəsində vəhyə üz tutub, vəhy daşıyıcılarına təqlid etmək olar:

v)Üsullar sahəsi

Təqlidin başqa bir sahəsi taktika, əməli üslublarda təqliddir. Biz malik olduğumuz dəyərlər əsasında həyat məqsədi müəyyənləşdiririk. Bizim məqsədimiz Allaha yaxın məqama çatmaqdır. Bu məqamı kamil insan məqamı da adlandırmaq olar. Həmin məqsədə doğru hərəkətdə ara məqsədlər də var. Şübhəsiz ki, hər bir dərəcəyə çatmaq üçün üsullar mövcuddur. Əqli dəlillər, mötəbər təcrübələr əsasında müəyyən üsullar müəyyənləşdirilə bilər. Əqli dəlillər və mötəbər təcrübələr əsasında müəyyənləşdirilən bu üsullar uca məqsədlərə çatmaqda bizə yardım göstərir. Üsullar bilindikdən sonra başqalarına itaətə ehtiyac qalmır. Biz ilahi məqsədlərə doğru hərəkətdə mövcud olan üsullardan xəbərsizik. Olsun ki, təcrübəmiz azdır, ya da dəlillər tapmaq gücümüz zəifdir. Belə olduqda uyğun üsulları başqalarından öyrənməli oluruq.

Cəmiyyət üçün sabit dəyərlərdən biri asayiş, əmin-amanlıqdır. Fərdi və ictimai baxımdan əmin-amanlıq zəruri bir ehtiyacdır. İstənilən bir zamanda, istənilən bir şəraitdə cəmiyyətin əmin-amanlığı təmin olunmalıdır. Əmin-amanlıq olmasa daş-daş üstə qalmaz, heç bir iş yoluna düşməz, insanların aramlığı əlindən çıxar. Deməliyik ki, əmin-amanlığın qorunması üçün üsullar şəraitdən asılı olaraq dəyişir. Məsələn, məsum imamların dövründə cüzi bir qüvvə ilə cəmiyyətin əmin-amanlığı təmin olunurdu. Amma bu gün əmin-amanlığın qorunması üçün geniş, güclü, çoxsaylı, yetərli proqramlara malik təşkilatlara ehtiyac var. Bu qəbil təşkilatların idarə olunması üçün böyük büdcələr ayırmaq lazım gəlir. Bütün bu ehtiyaclar yer üzündə ictimai şəraitin mürəkkəbləşməsi ilə əlaqədardır. Ona görə də asayişin təmin olunması sahəsində xüsusi tədbirlər görülür, qanunlar tənzimlənir, texniki vasitələrdən istifadə olunur. Zaman ötdükcə, şərait dəyişdikcə digər hökumət idarələrində də dəyişikliklər baş verir.

İslamın ilk dönəmlərində bir əyalətin idarə olunması üçün bir vali göndərilirdi. Bəzən ona beytül-mala nəzarət üçün etibarlı bir şəxs, xalqın haqq yola çağırışı üçün bir alim və təfsirçi qoşulurdu. Bu bir neçə nəfər bir əyalət və şəhəri idarə edirdilər. Amma hazırkı dövrdə həmin üç şəxs kiçik bir kəndi də dolandıra bilməz. Şəhərin müxtəlif idarə və təşkilatlara, mütəxəssislərə ehtiyacı var. Onların ehtiyacları isə ciddi bir büdcə tələb edir. Kim iddia edə bilər ki, Əmirəl-mömininin dövründə çoxsaylı asayiş keşikçiləri olmadığından bu gün də həmin qüvvəyə ehtiyac yoxdur?! Əgər İslam hökuməti qurmaq, peyğəmbər və məsum imamların yolunu getmək istəsək nə etməliyik? Şübhəsiz ki, dövr dəyişmişdir və 1400 il əvvəlki idarəçilik strukturları ilə kifayətlənmək olmaz. Təqlid dedikdə bugünkü cəmiyyətin ehtiyaclarına göz yumulması nəzərdə tutulmur.

Ən böyük şübhə və suallar da təqlidin məhz bu sahəsinə aiddir. Məlum məqsədlərə çatmaq üçün hansı üsullardan istifadə edilməlidir? Etiqadlar və dəyərlər sahəsində şübhələri cavablandırmaq asan idi. Çünki etiqadlar sabitdir, zaman onlara təsir göstərmir. Dəyərlər sahəsində də vəziyyət bu cürdür. Bəzi dəyərlər dəyişsə də onların meyarları sabitdir. Demək olar ki, zaman nə etiqadları, nə də əxlaqi dəyərləri dəyişir. Bəzi firqələr arasında etiqadlar və dəyərlərlə bağlı ixtilaflar var. Amma biz eyni bir məzhəb və əqidədə olanları nəzərdə tuturuq. Eyni bir firqədən olanlar arasında etiqad və əxlaqi dəyərlər mövzusunda problem yoxdur. Amma məqsədə necə çatmaqla bağlı istənilən qədər mübahisə aparılır. Bu sahədə təqlidin çərçivələrini müəyyənləşdirmək çox çətindir.

Müəyyən fiqhi üsulları fəqihə müraciət və ya ona təqlidlə müəyyənləşdirmək olur. Məsələn, vergi alınıb-alınmaması fiqhdə araşdırılan mövzulardandır. Fiqh müəyyənləşdirməlidir ki, İslam dövləti xüms və zəkatdan əlavə vergi ala bilərmi? Yoxsa elə vergi xüms və zəkatdan ibarətdir? Fəqihlər bu mövzunu aydınlaşdırmaq üçün həzrət Peyğəmbər və məsum imamlara müraciət etmiş və qərara gəlmişlər ki, İslam dövləti cəmiyyətin ehtiyaclarını təmin etmək üçün xüms və zəkatdan əlavə vergi ala bilər. Bəzi üsullar və gedişlər isə fiqhə aid deyil və fiqhi biliklər həmin sahədə fayda vermir. Uyğun sualları cavablandırmaq üçün ictimai-siyasi biliklər əldə etmək, sosiologiyanı öyrənmək lazım gəlir. Məsələn, məmləkət və dövləti idarə etməyin ən mühüm taktikalarından biri dövlətlətr arası siyasətin müəyyənləşməsi, digər ölkələrlə rabitələrin hansı şəkildə qurulmasıdır. Heç bir cəmiyyət uyğun istiqamətdə siyasətini müəyyənləşdirmədən yaşaya bilməz. Hansısa dövlətin öz sərhədlərinə hasar çəkib dünya ilə əlaqəni üzməsi mümkünsüzdür. Beynəlxalq rabitələrin hansı şəkildə qurulması isə olduqca mürəkkəb məsələdir. Bu sahədə Peyğəmbər və məsumların qonşu ölkələrlə rəftarlarını öyrənmək bəs etmir. Çünki dövr çox dəyişmişdir, yeni siyasi ab-hava yaranmışdır. Hazırda dünyanın ən böyük siyasi problemlərindən biri Fələstin problemi, sionist rejimin Amerikanın himayələri sayəsində törətdiyi cinayətlər mövzusudur. Dünyanın əksər gücləri uyğun problemə münasibətdə ən azı biganə mövqe tutmuşdur. Öz azadlığını və dini dəyərlərini qorumaq üçün Fələstin xalqı misilsiz işgəncələrə məruz qalır. Onlar müqəddəs amalları uğrunda böyük fədakarlıq göstərirlər. Azğın sionistlər fələstinlilərin evlərini viran qoyur, əkin sahələrini məhv edir, həyatlarına qəsd edirlər. Məlun sionistlər hətta qocalara, körpələrə, qadınlara rəhm etmirlər. fələstinlilərin fəryadı səmaya ucalmışdır. O böyük problemə münasibətdə bizim vəzifəmiz nədir? Şərait bizə icazə verirmi ki, biz Fələstinlilərə arxa duraq, onlara yardım əli uzadaq? Fələstinlilərə kömək üslubunu təyin etmək çox çətindir. Bu sahədə araşdırmalara ehtiyac var. Biz hansısa rəvayət əsasında bu istiqamətdə vəzifəmizi müəyyənləşdirə bilmərik.

Qeyd etdiyimiz kimi, məqsədlərə çatmaq, dəyərləri dirçəltmək, hökuməti idarə etmək üçün üsulları müəyyənləşdirərkən iki növ ixtisasa ehtiyac var. İnsanlar hər iki yönümdə həmin mütəxəssislərə təqlid etməlidir. Birinci ixtisas fiqhi məsələlərlə bağılıdır. Təəssüf ki, bu yönümdə hökumətlə bağlı fəaliyyətlər çox az araşdırılmışdır. Fiqhdə idarəçilik baxımından ciddi araşdırmalar aparılmasına ehtiyac var. İkinci ixtisas siyasi və ictimai suallara cavab verir. Sadəlövhlükdən elə düşünmüşük ki, ümumi fiqhi hökmləri müəyyənləşdirməklə ictimai-siyasi yönümdə də məsələləri həll edə bilərik. Hansı ki, fiqhi hökmlərlə bağlı mövzularda xüsusi ixtisasa ehtiyac var. Məsələn, siyasi mövzuların araşdırılmasında ayrıca ixtisas formalaşmalıdır. Bu sahədə xüsusi mütəxəssisə təqlid olunmalıdır. Dövlətçilik məsələsində hər fiqhi göstəriş mötəbər deyil. Biz siyasi təcrübəsi olmayan fəqihlərə təqlid edə bilmərik: Yalnız siyasətçi fəqihlərin baxışları uyğun sahədə mötəbərdir. Məsələn, Fələstin məsələsinə münasibətdə vəzifəmizi müəyyənləşdirərkən risalələrlə kifayətlənə bilərikmi? Risalələrdə yazılıbmı ki, bizim fələstinlilərə münasibətdə vəzifəmiz nədir? Hətta bu mövzunu araşdıran fəqih yalnız ümumi hökmlər verir. Əməli addımlar atmaq üçün isə fiqhə aid olmayan nöqtələr aydınlaşdırılmalıdır.

Fiqhi məsələlərdə daha elmli (ələm) fəqihə müraciət edirik. Siyasi baxımdan vəzifəmizi müəyyənləşdirmək üçün öncə siyasətçi fəqihə müraciət etməliyik. Əgər, Allah eləməmiş, fəqihlərimiz siyasətdən baş çıxarmasalar, bu yönümdə ədalətli siyasətçilərə müraciət etməli olacağıq. Siyasətçinin fiqhi baxımdan ələm olması şərt deyil. Amma o ədalətli olmalıdır. Siyasi məsələlərdə təqlid edəcəyimiz şəxs öncə ədalətli olmalı, sonra siyasi biliklərdən bəhrələnməlidir. Təcrübədə sübuta yetdi ki, İmam rahil fəqih olmaqla yanaşı, böyük siyasətçi idi. Böyük rəhbərlik məqamı da bu qəbildəndir. Böyük rəhbər həm fəqihdir, həm də böyük siyasətçi. Bir ömür fiqhlə məşğul olmuş İmam Cəmaranda çıxış edərkən dünyanın tanınmış siyasətçilərini heyran qoydu. Hətta həmin vaxt Amerikanın prezidenti işdən ayrılıb İmam rahili dinləmişdi. Əlbəttə ki, onların maraq dairəsində olan, İran rəhbərinin hansı addımlar atacağı idi. Fiqhi məsələlərdə insanlar üçün təqlid ünvanı olan fəqihlər siyasi məsələlərdə də öncül ola bilərlər. Çünki onlar siyasət və dövlətçilik məsələlərində də öncüllüyə başqalarından daha layiqdirlər.

Məsumların fəqihlərə təqlidi zəruri sayıb, siyasətçilərə təqlidə göz yumması mümkünsüzdür. Əvvəla, məsumun göstərişi fiqhi məsələlərlə bağılıdır. İkincisi, təqliddə əqli dəlillərə də ehtiyac var. Ağıl cahilin alimə təqlidini zəruri sayır. Cahil, bilməyən insan istənilən bir sahədə bilmədiklərini alimdən öyrənməlidir. Bu baxımdan da fəqih fətva verirsə ki, xəstə şəxs oruc tutmasın, biz fəqihə tabe oluruq. Amma oruc tutmağın zərərli olub-olmamasını dəqiqləşdirmək üçün həkimə müraciət edirik. Əgər fəqih həm də həkim olsaydı, uyğun suala da özü cavab verərdi.

q) Vasitələr sahəsində təqlid

Təqlid üçün dördüncü sahə vasitələr sahəsidir. Bu vasitələrlə insanlar öz ehtiyaclarını ödəyirlər. Geyim, iş alətləri, dil bu qəbildəndir. Ehtiyaclarımızı təmin etmək üçün bu vasitələrə müraciət etməyə məcburuq. Məsələn, başqa bir millətdən olan şəxslə danışarkən onun dilinə təqlid edib, həmin dildə danışmalı oluruq. Ərəblərlə ünsiyyətdə ərəb dilini, ingilislərlə ünsiyyətdə ingilis dilini bilmək lazım gəlir. Dəyər sayılmayan vasitələrə münasibətdə ehtiyacımızı ödəyə biləcək qarşı tərəfə təqlid edirik. İngilis dilini və yazısını öyrənmək istəyən bir şəxsin təqvalı müəllimə müraciət etməsinə ehtiyac yoxdur. Bu sahədə kafirə də müraciət etmək olar. Əlbəttə ki, ünsiyyət zamanı şəri ölçülər gözlənilməlidir. Demək, ehtiyac duyulan vasitəni əldə etmək üçün insan həmin vasitəyə malik olan tərəfə üz tutur. Biz texniki vasitələr, nəqliyyat vasitələri əldə etmək üçün qeyri-islami ölkələrlə də əlaqə saxlaya bilərik. Çünki əldə etmək istədiklərimiz dəyər yox, vasitədir. Amma bu işdə də siyasi nöqtələr nəzərə alınmalıdır. Məsələn, sionist rejimi kimi təcavüzkar rejimlərlə rabitədən çəkinmək lazımdır.

Qısaca belə deyə bilərik ki, təqlidin yuxarıda qeyd etdiyimiz dörd sahəsinin etiqadlar və dəyərlər bölməsində 1400 il bundan öncə yaşamış Peyğəmbər və məsumlara təqlid etməyimiz zəruridir. Çünki etiqadlar və dəyərlər sabitdir, zaman və məkandan asılı olaraq dəyişmir. Amma üçüncü sahədə, yəni üsullar, taktikalar sahəsində siyasət və sosioloji biliklərə malik məsum canişininə, vəliyyi-fəqihə təqlid etməliyik. Belə bir təqlid məsuma vasitəli təqlid sayılır. Vəliyyi-fəqih (müsəlmanların rəhbəri) fəqih olmaqla yanaşı, siyasət və idarəçilik sahələrində də mütəxəssis olmalıdır. Onun təqvalı və ədalətli olması da zəruridir. Vəliyyi fəqihin mütəxəssis olmadığı sahələrdə onun müşavirlərinin baxışı mötəbərdir. Təqlidin dördüncü sahəsində isə, qeyd etdiyimiz kimi, ehtiyac duyduğumuz vasitələrə malik tərəfə müraciət edə bilərik.


Yüklə 484,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə