Ayətullah Seyid Əli Xamenei Vİlayət nuru


Quranla rabitəsi olanlar bu rabitənin dəyərini bilsin



Yüklə 0,68 Mb.
səhifə22/23
tarix17.09.2017
ölçüsü0,68 Mb.
1   ...   15   16   17   18   19   20   21   22   23

Quranla rabitəsi olanlar bu rabitənin dəyərini bilsin.


Cənab Rəhbər 31-ci Beynəlxalq Quran Müsabiqəsinə qatılmış qari və hafizlərlə görüşdə çıxış edib. Çıxışın tam mətni:

Bismillahir-rəhmanir-rəhim...

Bütün hörmətli iştirakçılar, əzizi qardaş və bacılar, xüsusilə İslam Cümhuriyyətinin qonaqları, qardaş İslam ölkələrindən gəlmiş möhtərəm ustad, qari və hafizlərə xoşgəldin deyirəm. Eləcə də, bu əzəmətli, mənalı və dəyərli mərasimi təşkil edənlərə, vəqf rəisləri, əlaqədar məsullar, bu neçə gündə mərasimi gözəl şəkildə idarə etmiş qardaşlar, ustadlar, şəxsiyyətlərə təşəkkür edirəm. Ümid edirəm ki, inşaallah hamınız Quranın bərəkətindən bəhrələnəcəksiniz.

Ölkəmizdə Qurana əlaqə nemətinə şükür etməkdə acizik. Mən radio-televiziyada hər dəfə görəndə ki, gənclərimizin Qurana necə sevgisi var, qəlbən Allaha şükür edirəm. Bu böyük neməti, onun əzəmətini dərk edə bilmirik. Ölkəmizdə Quran hifzi və tilavətinin rövnəqsiz günlərini görmüşük. Zalım şah rejimi dövründə hər yerdə Quranı sevənlər vardı. Amma Quranla ünsiyyətin rövnəqi, genişliyi yox idi. Bu gün baxanda görürük ki, İslam nizamının, dövlətinin bərəkəti ilə gənclərimiz, kişi və qadınlarımız, yeniyetmələrimiz Qurana maraqlanıb, meyllənib. Quranı əzbərləyir, oxuyur, öyrənirlər. Şübhəsiz ki, son hədəf bunlar deyil, hədəf Quranı anlamaq və ona əməl etməkdir. Atılan addımlar başlanğıc zəruri addımlardır. Quran cəmiyyətdə geniş yer alarsa rövnəqlənər, Quran hifzi çoxalar, cəmiyyətin müxtəlif zümrələri arasında Quranla ünsiyyət həyata keçər. Beləcə, cəmiyyət Qurana əməl məqamına yaxınlaşar. Biz bunu istəyirik. Quran nurdur, hidayətdir, bəyandır, aydınladandır. Quran insanla danışır, insanın qəlbi ilə söhbət edir. Quranla ünsiyyətə girmək, ona yaxınlaşmaq lazımdır. İlk bəhrə hazırlıqlı qəlb, istedadlı insanındır. Qəlbinizi Qurana yaxın görəndə şükür edin. Quran maarifini asanlıqla dərk edirsinizsə, qəlbən qəbul edirsinizsə, çətinliyə dözürsünüzsə Allah şükürü yerinə yetirin, bilin ki, Allah sizi hidayət etmək istəyir. Ənam, 125: Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü İslam (dini) üçün açıb genişləndirər, kimi azdırmaq istəsə, onun ürəyini daraldıb sıxıntıya salar... Quranın xüsusiyyəti budur, qəlbiniz Qurana yaxınlaşsa, ünsiyyət yaransa, bilin ki, Allah sizi doğru yola istiqamətləndirmək istəyirş Bu Allahın ən böyük nemətidir.

Əzizlərim! Bu gün İslam dünyası böyük problemlərlə üzləşib. Görürsünüz, eşidirsiniz, xəbəriniz var. İslam dünyasının ən böyük dərdi öz düşmənlərinin fitnələrini, xəbis əlini görməməsidir. Bu bizim ən böyük dərdimiz ya dərdlərimizdən biridir. İslamla pis münasibətdə olanlar, İslam adından qaçanlar, maddi mənafeyə görə istənilən doğru çağırışla savaşa hazır olanlar var. İslam haqq və ədalətə dəvət edən doğru çağırışdır. Düşmənlər işsiz oturmayıb, xüsusilə İslam Respublikası yaranandan sonra. Dünyanın bu həssas coğrafi nöqtəsində İslam üsul-idarəsi yaranandan sonra onların fitnəkarlıqları gücləndi, mürəkkəbləşdi. Bu gün fitnələr keçmişdəkindən mürəkkəbdir. Bunu İslam dünyasında hamı başa düşməlidir. Bizi bir-birimizin üstünə salır, aramızda ixtilaf yaradırlar. Qardaşı qardaşa qarşı qoyurlar. İslam düşmənlərinin siyasəti budur ki, İslam məmləkətlərində, İslam cəmiyyərləri və ümmət arasında qardaş qırğını salsınlar, vətəndaş müharibəsi alovu qızışdırsınlar. Özləri kənarda oturub bizim bir-birimizi qırmağımıza baxmaq yolunu tutublar. Düşməni, onun fitnəsini tanımaq lazımdır, İslam dünyasında çatışmayan şey budur. Ümmət arasında öz müsəlman qardaşına qarşı düşmənlə əl-ələ verənlər var. Bu gün bu hal var. Öz müsəlman qardaşları ilə vuruşmaq, mübarizə aparmaq üçün şeytana yaxınlaşırlar. Bu gün sionist rejimlə həmkarlığa hazır olanlar var. Məqsədləri müsəlman qardaşları yerə vurmaqdır. Əraf, 30: (Allah) İnsanların bir qismini doğru yola yönəltdi, onların bir qismi isə (haqq yoldan) azmağa layiq görüldü. Çünki onlar Allahı qoyub şeytanları özlərinə havadar tutmuşdular və özlərinin doğru yolda olduqlarını güman edirlər... Belələrinin yanlış gümanı budur ki, doğru yoldadırlar. Bu Quran maarifidir, Quranın göstərdiyi aydın meyarlardır. Bunları dərk etməliyik. Nə zaman dərk edə bilərik? O zaman ki, Quranla ünsiyyətimiz olsun, qəlb qapılarımzı Qurana açaq. Bütün bu mərasimlər bir müqəddimədir.

Siz əziz gənclərə tövsiyəm edirəm ki, Quranla ünsiyyətinizi gücləndirəsiniz. Quranla rabitəsi olanlar bu rabitənin dəyərini bilsin. Quranı hifz edənlər bu neməti dəyərləndirsin.Bu qiymətli cəvahiri qoruyub saxlayın. Quranla ünsiyyəti olanlar bu mübarək işi əldən çıxarmasınlar. Quranla rabitəsi olanlar onun mənlarını, dərin məfhumlarını dərk etməyi qarşıya məqsəd qoysunlar. Bütün bunlar bizi qədəm-qədəm Qurana yaxınlaşdırır. Əgər Quranla ünsiyyətə girsək, Qurana yaxınlaşsaq, Quran mənaları qəlbimizə təsir göstərə bilsə, ümid edə bilərik ki, İslam ümməti Allahın vəd etdiyi izzətə çatacaq. Munafiqun, 8: Şərəf-şan da, (qüvvət və qələbə də) yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur, lakin münafiqlər (bunu) bilməzlər!

Mən bu mərasimin bütün təşkilatçılarına, müsabiqəyə qatılanlara, əziz gənclərə, bu gözəl və əzəmətli tədbirin zəhmətini çəkənlərə, bu mərasimi sevinclə qarşılayan xalqa bir daha təşəkkür edirəm. Ümid edirəm ki, Allah-Taala sizləri hifz edəcək. Mərasimi və bu tədbiri zövqlə idarə edən hörmətli və gözəl bəyanlı aparıcıya da təşəkkürümü bildirirəm.

Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh.

Iyun, 2014

İmamın Xomeyninin (r) vəfat ildönümündə Rəhbərin çıxışı

Düzgün hərəkət və yolu düzgün başa vurmaq üçün...


İmam Xomeyninin vəfatının 25-ci ildönümü mərasimində onun pak hərəmində cənab Rəhbər Ayətullah Xameneinin çıxışı

Bismillahir-Rəhmanir-Rəhim

Bu unudulmaz və mühüm gündə öz sözümü siz əziz qardaş və bacılara üç hissədə çatdırıram. Birinci hissə budur ki, İslam Respublikası ilə bağlı mühüm bir hadisə var. Həmin hadisəyə diqqət bizim üçün bu gün çox faydalıdır. İkinci hissədə böyük İmamın (r) uzunömürlü məktəbi barədə bir işarə ilə qısa şərh verəcəyəm. İmamın məktəbi barədə çox danışılıb, danışmışıq və eşitmişik. Amma bu qısa şərh hazırkı məqamda bizə lazımdır. Bu təsvir müasir dünyada böyük İmamın səhnəyə gətirdiyi misilsiz hadisənin təsviridir. Üçüncü hissədə İran xalqı və İslam Respublikası qarşısında dayanan iki mühüm problemdən danışacağam. Düzgün hərəkət və yolu düzgün başa vurmaq üçün bu mühümdür.

Birinci hissə: İşarə etdiyim hadisə budur ki, İmamın vəfatından 25 il ötsə də onun haqqında eşitmək və bilmək həvəsi azalmayıb. Bu təkcə bizim ölkəyə aid deyil. İslam dünyasında, İslam dünyasından uzaqlarda bunu görmək olar. Təkcə bizim ölkəmizdə pərvaz etməkdə olan üçüncü nəsil yox, İslam dünyasında informasiya və internet əsrinin gəncləri İslam İnqilabı, İslam Respublikası, bu əzəmətli binanın memarı haqqında daha çox bilmək istəyirlər. Bu gənclərin öz mühitindən kənar fəza haqqında rahat məlumat əldə etmək imkanı var. Dini demokratiya, vilayəti-fəqih nəzəriyyəsi İslam dünyasında düşüncə mühiti üçün əhəmiyyətli və cazibəli bir hadisədir.



Düşmənlərimiz elə ilk gündən geniş fəaliyyətə başlayıblar, biz irəli getdikcə, bu fəaliyyətlər də güclənib. Yüzlərlə, minlərlə radio-televiziya, internet mərkəzlərindən istifadə edir, İslam Respublikası, onun böyük banisi və ardıcıllarını aşağılamağa çalışırlar. Bu özü bizə kömək edib. Eşidənlərdə dünya boyu bir maraq oyadıb. Dünya bilmək istəyir ki, bunca düşmənçiliyin, daşqalağın, çirkab atmağın səbəbi nədir? Düşmənləri belə çalışdıran amil, onun həqiqəti, mahiyyəti nədən ibarətdir? Düşmənlərimiz düşmənçilik məqsədi ilə adımızı çəkdilər, İmamımız və dövlətimiz haqqında danışdılar. Amma Quran təbirincə, "həqiqətən, (Məkkə müşrikləri) hiylə qurdular, mən də onlara cəza olaraq hiylə qururam." (Tariq, 15, 16). Bunu Allah buyurur. Onlar bir niyyətlə geniş hərəkətə başladılar, amma sonda bizim üçün fürsət yarandı. Onların sözü ilə dünyada maraq baş qaldırdı. İslam məmləkətlərində, bizim məntəqəmizdə anti-imperialist hisslərin hər şeyə qalib gəldiyi İslam oyanışı özü həmin maraq, cavab axtarışının nişanəsidir. Bu hələ də davam edir. Qərb və ABŞ kəşfiyyat orqanları özlərindən yuxarı instansiyalara belə məlumat verə bilərlər ki, məntəqədə İslam oyanışını yatıra bildilər. Əgər belə düşünsələr bu da növbəti strateji səhv, yanlış təhlil olacaq. İslam oyanışı müəyyən müddətə İslam dünyasının bir hissəsində sakitləşə bilər. Amma şübhəsiz onu kökündən qoparmaq olmaz. Bu hərəkat genişlənəcək. Bu düşüncə, bu baxış, bu qənaət ölkələrdə, müsəlman gənclik arasında asanlıqla aradan qalxası deyil. Əlbəttə ki, düşmən çalışır və bu təlaşlar müəyyən yerlərdə qısa müddətə uğurlu görünə bilər. Amma sonu yoxdur. Bu günkü gənclik, dünyada, xüsusilə İslam dünyasında dini demokratiyaya yaranan maraq ömrünün 35-ci ilini yaşayan İslam Respublikası hadisəsindən qaynaqlanır. Bu quruluş 35 il boyu dünyanın supergüclərinin amansız və azğın hücumlarına məruz qalıb. Həm hərbi, həm ideoloji, həm iqtisadi yöndən amansız reaksiyalar ortaya qoyublar. İnqilabın əvvəllərindən sanksiyalar başladı. O zamandan bu günədək yüksələn xətlə davam edir. Siyasi baxımdan da reaksiya verdilər. Güclü qərb cəbhəsi 35 ildir İslam Respublikasına qarşı əlindən gələni edir. Hərbi sahədə təlaş göstərdi, ölkəmizə təcavüz edənə kömək etdi, bütün dünyada İslam Respublikasının əleyhinə olanlara himayə göstərdi, geniş miqyaslı təbliğat kampaniyası apardı. İqtisadi sanksiyalar, iqtisadi blokadanı ən yüksək həddə, keçmişdə görünməmiş səviyyədə gücləndirdi. Bütün bu hücumlar qarşısında İslam Respublikası nə səhnədən çıxdı, nə mühafizəkarlığa getdi, nə qərbə bac verdi, eyni zamanda günbəgün inkişaf etdi. Dünyanın marağının mahiyyəti bundan ibarətdir. Dünyanın ən qabaqda gedən hərbi, siyasi, iqtisadi gücləri əl-ələ verib bir ölkəyə qarşı 35 il təlaş göstərdi, amma həmin ölkə onların bütün səylərinə baxmayaraq nə inki məhv olmadı, hətta hər gün güclənməkdədir. Bu ölkə hücum edənlərə nə bac verir, nə də etina göstərir. İslam Respublikası müxtəlif sahələrdə öz iqtidarını və yaşamaq gücünü göstərdi. Bu gün bu respublikaya baxanda görürlər ki, inqilabın ikinci və üçüncü nəsli, neçə milyon tələbə, minlərlə dini təhsil alan gənc, minlərlə araşdırmaçı, minlərlə universitet və hövzə ustadı, minlərlə istedad fəaliyyətdədir. Onlardan bəziləri beynəlxalq səhnədə ad qazanıb, tanınıb. Minlərlə siyasi şəxsiyyət, mədəniyyət xadimləri, iqtisadçı təlaş göstərir. Cəmiyyətimizin gerçəkliyi budur. Bu həddə sanksiyalara baxmayaraq İslam Respublikası elm və texnologiya sahəsində irəli gedir, kosmosa peyk göndərir, fəzaya qaldırdığı canlı varlıq geri qayıdır, nüvə enerjisi istehsal edilir. Bir çox müasir elm sahələrində ölkəmiz dünyanın lider on ölkəsi arasındadır. İslam Respublikasında elmi tərəqqi dünya üzrə orta göstəricidən 13 dəfə yüksəkdir. Ölkəmiz başqa ölkələrə elm və texnologiya sahəsində kömək göstərir. Sanksiyalara baxmayaraq 75 milyon nəfər əhalisi olan məmləkət idarə olunur. İslam Respublikası regional siyasətlərdə söz sahibidir, işğalçı və dünya zorluları tərəfindən himayə olunan sionist rejim qarşısında tək dayanıb, zalımla sazişə getmir, məzlumu müdafiə edir. Hər bir insanda maraq yaranır ki, bu nə hadisədir? Bir bu qədər düşmənçilik qarşısında belə bir qüdrət, həyat və gələcək! Ölkəmizə marağın mahiyyəti budur. Dediklərim elm və texnologiya sahəsinə aid idi.

İctimai-siyasi sahələrdə də dünyanı təəccübləndiririk. Ölkəmizdə demokratiyanın yüksək səviyyəsi özünü göstərməkdədir. İnqilabdan ötən 35 ildə 32 seçki keçirmişik. Bu seçkilər bütün ölkəni əhatə edib. Bu ciddi məsələdir və misilsiz nümunədir. İslam Respublikasında seçki fəallığı dünyadakı orta həddən yüksək, bəzi məqamlarda xeyli yüksəkdir. Bu fəallıq 70-72 faizdir. Seçkilərimiz belədir, demokratiya göstəricisidir. Başqa iki misilsiz nümunəyə adət etmişik. Amma kənardan baxan üçün çox cazibəli və mühümdür. 22 bəhmən nümayişləri və ramazan ayında qüds günü nümayişi. Adi hadisələr deyil. İnqilabın il dönümünü 35 ildir xalq qeyd edir. Bəhmən ayının sonlarında soyuq günlərdə əzəmətli nümayiş keçirilir. Biz buna adət etdiyimizdən əzəmətini görə bilmirik. Amma kənardan baxanlar heyrətdədirlər. Bütün bunlar dünyada maraq yaradan cazibələrdir. Maraqlanan, sualı olan insanlarda yeni yol təsəvvürü yaranır. Bu bizim dövrümüzün mühüm hadisəsidir ki, dünya boyu gənclər, ziyalılar, agah və düşüncəli insanlar Allahın tövfiqi ilə həyata keçmiş inqilab və hər gün inkişaf edən İran İslam Respublikasına maraq göstərməkdədir. Bu birinci nöqtə idi. Bu böyük hadisəni böyük memar ərsəyə gətirib. İmam haqqında çox danışmışıq. Bəziləri düşünə bilər ki, bu mövzuda bir qədər həddi aşmışıq. Amma belə deyil. İmam haqqında dediklərimizdə mübaliğə yoxdur və dediklərimiz həqiqətin bir hissəsidir. Bundan öncə bildirdiyimiz kimi böyük və əziz İmamımız məzmun və düşüncə sahibi idi. İran xalqının ixtiyarında olan və bütün dünya xalqlarının arzu etdiyi bu quruluş İmamın zəhmətidir. Biz yolu düzgün getmək üçün memarın planından xəbərdar olmalıyıq. Əgər bir binada layihə, plan əlimizdə olmasa nə qədər məharətimiz olsa da səhvə yol verə bilərik. Baş plan əldə olmalıdır ki, həmin plan əsasında, quruculuqda hünər göstərib iş görə biləsən. İmamın planı sadəcə zehnindən gələn plan deyildi, heç şübhəsiz Allahın lütflərindən idi. Böyük İmam özü bunu bilirdi, özü etiraf edirdi. Buyururdu ki, baş verən hadisə Allahın qüdrət əli ilə həyata keçir. Düz anlamışdı, bəsirətli gözü düzgün görmüşdü. Biz ehtiyatlı olaq. Həmin planı tanıyaq və o plan əsasında yolumuzu davam etdirək. Əlimizdə plan olmasa yoldan kənarlaşacağıq və bu kənarlaşma bucağı hər gün böyüyəcək. Sonda əsas, doğru yoldan çıxacağıq. Doğru yoldan çıxanda məqsədlərdən uzaqlaşacağıq. Məqsədə çatmaq üçün yolu itirməməyimiz lazımdır. Yolu itirməmək üçün isə plan gözlərimiz qarşısında olmalıdır, onu bilməliyik. İmamın planı, əsas işi İslam düşüncəsi əsasında bir quruluş yaratmaq idi. Bu iş üçün müqəddimə lazım idi. Şahlıq quruluşu həm azğın, həm asılı, həm də diktator bir quruluş idi. Şahlıq rejimində bu üç xüsusiyyət vardı. Əxlaq və iqtisad da daxil olmaqla müxtəlif sahələrdə çoxsaylı fəsadlar yaranmışdı. Dünya zorlularından asılılıq, bir gün Britaniya, bir gün ABŞ-a mənafeləri qurban vermək adiləşmişdi. Bu mövzuların hər biri bir kitabdır. İmamın öz böyük işində müqəddiməsi bu asılı, azğın, diktator rejimi süquta uğratmaq idi. Bütün gücünü topladı və şahlıq rejimi səhnədən çıxdı. Məqsəd bu deyildi ki, şahlıq rejimi getsin, ona oxşar bir rejim gəlsin. Şahlıq rejimində olan xüsusiyyətlər aradan qaldırılmalı idi. İmamın söhbətləri, göstərişləri, rəftarları bu istiqamətə yönəlmişdi.

Belə bir mədəniyyət və siyasət üzərində qurulmuş dövlətdə iki zəruri nöqtə bir-biri ilə sıx bağlıdır. Bu iki nöqtə bir həqiqətin iki üzüdür. Biri məmləkətin işini demokratiya və seçkilər yolu ilə xalqa tapşırmaq, digəri fəaliyyətlərdə İslam şəriəti ölçülərini gözləmək. Bu iki nöqtə bir həqiqətin iki üzüdür.

Kimsə güman etməsin ki, böyük İmam seçkiləri qərb mədəniyyətindən götürmüşdü. Seçkini qərbdən götürüb İslam təfəkkürü, şəriətlə qarışdırmaq ehtimalı düzgün deyil. Əgər seçki, demokratiya, xalqın səsi dindən, şəriətdə yer almasaydı İmam bu işi görməzdi. İmam açıq və qətiyyətli insan idi, sözünü deyirdi. Demək, sadalananlar dindəndir və buna görə şəriət çərçivəsi təyin olunub. Qanunvericilər, icraçılar, işə təyin edənlər İslam şəriəti meyarlarına riayət etməlidir. Bu quruluşda iş xalqın rəyi ilə həyata keçir. Xalq parlamentə öz nümayəndəsini seçir, prezidenti təyin edir, nazirlərə, rəsmilərə rəy verir, rəhbər də seçki ilə təyin olunur. İş xalqın əlindədir. Böyük İmamın hərəkatının əsası budur. İmamın qaldırdığı əzəmətli bina bu iki sütun üzərində qurulub. İslam şəriətinə diqqət İslam quruluşunun ruhu, mahiyyətidir. Buna diqqətli olaq. Əgər cəmiyyətdə İslam şəriətinə əməl olunsa həm ümumi azadlıqlar, həm vətəndaşlıq hüquqları təmin edilər. Adı istiqlal olan milli azadlıqlar da bu qəbildəndir. İstiqlal deyəndə bir millətin kimdənsə asılı olmaması nəzərdə tutulur. O millət azaddır ki, heç bir halda düşmən və biganələrin əsarəti altına düşmür, cəmiyyətdə ədaləti qoruyur, mənəvi dəyərləri hifz edir. Azadlıq, istiqlal, ədalət və mənəviyyat dörd əsas prinsipdir. Cəmiyyətə İslam şəriəti hakim olanda bu prinsiplər özünü göstərir. Dini demokratiya şəriətdə nəzərdə tutulmuş vasitələrdəndir.

İmamın məktəbində saxtakarlıq və zorakılığa əsaslanan heç bir iqtidar və qələbə məqbul deyil. İslam quruluşunda zor məna kəsb etmir, qüdrət mənalıdır. Amma elə bir qüdrət ki xlaqın istək və iradəsindən qaynaqlansın. Elə bir iqtidar ki, xeyir və məsləhətə işləsin. İslam şəriəti və İmamın məktəbində gücə əsaslanan iqtidarın yeri yoxdur. Yalnız xalqın rəyi əsasında əldə olunan qüdrət möhtərəmdir. Bu qüdrət qarşısında kimsə sinəsini sipər edə bilməz. Onun qarşısında kimsə dayanmamalıdır. Əgər biri belə etsə işinin adı fitnədir. Bizim böyük İmamın dünyaya təklif etdiyi yeni nüsxə budur. İmam bunu dünyanın siyasi ədəbiyyatına mühüm fəsil olaraq əlavə etdi. Bu yeni nüsxədə əsas elementlərdən biri qeyd etdiyimiz kimi məzlumun köməyinə tələsmək, zalımın qarşısında dayanmaqdır. Bizim dövrümüzdə məzlumiyyətin kamil nümunəsi Fələstin xalqının məzlumiyyəti idi. Gördüyünüz kimi böyük İmam ilk gündən ömrünün sonunadək Fələstin mövzusu üzərində dayandı, Fələstini himayə etdi. Vəsiyyət etdi ki, İran xalqı və məsullar Fələstini unutmasın. Məzluma yardım və zalımın qarşısında dayanmaq, zalımın maneələrini aradan qaldırmaq, onun yaratdığı qorxunu aradan götürmək. Bu da bizim nizam və yeni nüsxənin bir hissəsidir. Şahlıq rejiminin süqutundan sonra bünövrəsi İmam tərəfindən qoyulmuş siyasi quruluşumuzun qısa təqdimatı belədir. Bu quruluş xalq tərəfindən yekdilliklə qəbul olundu, həyata keçdi. Bu nüsxə kitablarda yatmış siyasi sözlərdən olmadı. Səhnəyə gəldi, həyata keçdi, özünü göstərdi. İran xalqı da öz növbəsində çalışdı, sədaqət göstərdi, fədakarlıq etdi. Bu quruluşu qorudular, günbəgün gücləndirib bu günə çatdırdılar.

Demək, İmam müvəffəq oldu, uğur qazandı. İmam öz istəyini Allahın tövfiqi ilə həyata keçirdi. Sual olunur ki, bu böyük iş davam edəcəkmi? İctimai və tarixi cədvəllərdə təbii ki boş xanalar var. Bizim cədvəldəki boş xanalar doldurulacaqmı? Bu mən və sizin təlaşımızdan asılıdır. Hansı həddə agah olacağıq? O aydın yolu necə gedəcəyik? Bəli, tam mümkündür. Bu millətlə, bu təcrübə ilə, 35 il, İmamın vəfatından ötən 25 ildəki hərəkətlə yolun davamı mümkündür. Boş xanalar dolacaq, böyük işlər görüləcək, bu millət Allahın izni və yardımı ilə zirvələr fəth edəcək.

Amma bu yolun da böyük hədəflərə aparan başqa yollar kimi maneələri var. Bu maneələri tanımaq lazımdır ki, onları aşa bilək. Əgər maneəni tanımasaq onu ötüb-keçmək də çətin olacaq. Bəzən bu iş qeyri-mümkün olur. Mən bu gün həmin nöqtələri bu böyük cəmiyyətə, əslində İran xalqına xatırladıram. Amma gənclərimiz, alimlərimiz, mütəfəkkirlərimiz bu məsələnin hər başlıq və maddəsi üzərində işləməli, mütaliə etməlidir. İş təkcə zehni iş deyil. Əməli fəaliyyətlərə ehtiyac var. Bizim burada dediklərimiz gənclərimizin araşdıracağı işdə fəsil başlıqlarıdır. Gənclər bizdən daha hazırlıqlıdır və bu işi irəli aparacaqlar.

Mən iki maneədən danışıram. Biri xaric, biri daxillə bağlıdır. Xarici problemimiz dünya imperializminin təzyiqləridir. Çəkinmədən danışaq, Amerikanın yaratdığı maneələr, yola daş dığırlatması! Bəzi siyasi şərhçilərin qeyd etdiyi kimi bu böyük hərəkat qarşısında dayanmaq olmaz. Bu belə ola bilər. Amma maneə yaradırlar. Onların planlarını bilmək lazımdır. Bu planlar ifşa olub. Onlar öz danışıqlarında, bəyanatlarında, şərhlərində planlarını ifşa ediblər. Amerika dünya ölkələri, cərəyanları, insanları üç qrupa bölür. Bir qrup əmrə tabedir. Əmr gözləyən ölkələr, siyasi və ictimai cərəyanlar var. Başqa qrup dövlətlər əmrə tabe olmur, amma onlarla keçinmək lazımdır. Amerikanın nəzərincə, bəzi ölkələr, cərəyanlar və şəxsiyyətlər belədir. Onlarla yola getmək, müştərək mənafelər tapmaq lazımdır. Üçüncü qrupa Amerikaya tabe olmayan, ona bac verməyən, itaət etməyənlar daxildir. ABŞ-ın nəzərincə ölkələr, cərəyanlar və tanınmış şəxsiyyətlər bu üç qrupdan birinə daxildir. Ya tabe olublar, ya müstəqildirlər, ya da itaətsizlik göstərirlər. Üçüncü qrupla xüsusi rəftar etməyi nəzərdə tuturlar.

ABŞ-ın siyasi kursu budur ki, birinci qrup tam himayə edilsin. Əlbəttə ki, bu himayə müftə deyil, onun qiyməti var. Himayə edir, əvəzində olanını əlindən alırlar. Onların gücündən faydalanır, imkanlarından öz mənafeləri yolunda istifadə edir, onlara süvar olurlar. Onların var-yoxuna sahib durur, özlərinə də əhəmiyyət vermirlər. Himayə etdikləri tərəf dünya masştabında çirkin iş görsə onu ittiham etməz, əksinə müdafiəsində dayanarlar. Məsələn, istibdadla idarə olunan mürtəce rejimlər var, Amerika ilə müttəfiqlik edir, onun xidmətində dayanırlar. Onlar birinci qrupa daxildir. ABŞ heç vaxt deməz ki, bu ölkələr diktator ölkəsidir. Deyərlərlər ki, bu ölkələr patriarxal (kişilərin hakim olduğu) ölkədir. Bu ölkələrdəki diktaturanı ört-basdır edərlər. Siyasi sistemdə patriarxallıq hansı mənanı kəsb edir. Bir ölkədə nə parlament var, nə seçki keçirilir, nə söz danışmaq olur, nə yazmaq mümkündür. Hakimin istək və iradəsinə qarşı istənilən etiraz amansızlıqla yatırılır. Belə ölkəyə patriarxal deyirlər?!

Səddam Hüseyn həyatının bir hissəsini ABŞ-a itaətdə keçirdi. Onu himayə etdilər, ona kimyəvi silah verdilər, bizim hərbi dislokasiyalarımızın peykdən götürülən xəritələrini ona ötürürdülər. Ona müharibə planı hazırladılar. Çünki onların xidmətində durmuşdu, İslam Respublikasına qarşı idi. İslam Respublikası isə üçüncü qrupa daxildir.

Qeyd etdik ki, ikinci qrupa daxil olan ölkələrlə keçinmək yola getmək siyasəti seçilib. Müştərək mənafelər tapır, bir müddət yola gedir, fürsət yaranan kimi arxadan zərbə endirir, ürəklərini parçalayırlar. Belə ölkələr hansılardır? Avropa ölkələri bu qrupa daxildir. Bu gün Avropa ölkələri bu durumdadır. Amerika onlarla keçinir. Onların mənafeyi ABŞ üçün mühüm deyil. İmkanı olanda zərbə vurur. Müttəfiq adlandırdığı ölkənin birinci şəxsi barədə casusluq edir, onun telefon danışıqlarını dinləyir, xüsusi həyatını izləyir. Bu işlərdən çəkinmirlər. Üstü açılanda deyirlər ki, bağışlayın, məcburiyyətdən belə iş görülüb. Qaydasınca üzr də istəməzlər. Siyasi mənzərə ilə bağlı fikrim budur ki, avropalılar Amerikaya xidmətlə böyük strateji səhvə yol veriblər. Onlar Amerikanın mənafelərini nəzərə alır, ABŞ isə onların mənafelərinə biganədir. Sona qədər belə olacaq. Bu ölkələr ikinci qrupdandır.

Üçüncü qrup ölkələr Amerikaya tabe olmayan ölkələrdir. Bu ölkələrə münasibətdə siyasət hər vasitə ilə onların əleyhinə addım atmaqdır. ABŞ itaətsizlik göstərənlərə qarşı fəaliyyətlərində heç bir ölçü tanımır. Əgər görsəniz ki, bir ölkə Amerikaya itaət etmir və Amerika bu ölkəyə hərbi təcavüz və sanksiya fikrində deyil, bilin ki, bir müəmma var. Sadə dillə desək, bir iş görməkdə acizdir. Əgər bacarsa, hökmən addım atar. İtaətsiz sayılan ölkələrin yeganə günahı budur ki, ABŞ-a təslim olmurlar, ona bac vermirlər, milli mənafedən vaz keçmirlər. Belə ölkələri itaətsiz ölkə sayırlar. ABŞ bu ölkələri dizə çökürmək üçün heç nədən çəkinmir. Əlindən gələni edir. Əgər bir iş görə bilmirsə, demək bacarmır.

Bəs Amerikanın gördüyü işlər hansı işlərdir? Bu gün ABŞ hərbi müdaxiləni prioritet saymır. Anlayıblar ki, təcavüz etdikləri İraq və Əfqanıstanda zərər çəkiblər. Başa düşüblər ki, hərbi müdaxilə həmin ölkə üçün təhlükəli olduğu kimi bəzən daha artıq həddə özləri üçün təhlükə yaradır. Bunu düz başa düşüblər. Bu əsasla hərbi müdaxilə fikrindən daşınıblar. Başqa yollar var. Yollardan biri budur ki, həmin ölkələrdə daxili ünsürlər vasitəsilə məqsədlərinə çatsınlar. Söhbət təkcə İran İslam Respublikasından getmir. Onlar dünyanın hər yerində bu işi görürlər. Nümunələrini görürük. Bəzən çevrilişə əl atırlar. Onlara təslim olmayan siyasi quruluşu çevriliş vasitəsilə səhnədən çıxarırlar. Seçdikləri yollardan biri budur. Bir yol da xalqı meydanlara çıxarıb rəngli inqilablar yaratmaqdır. Regionda son illərdə belə inqilablar həyata keçiriblər. İş başına gələn dövlətə xalqın 60 faizi səs veribsə 40 faizi səs verməyə bilər. ABŞ həmin 40 faizin sorağınca gedir, onların arasından müxalif liderlər seçir, pulla, qorxutmaqla həmin 40 faizi küçələrə çıxarmağa vadar edir. Rəngli, narıncı inqilablar harada baş veribsə pərdə arxasında Amerikanın əli var. Biz bu günlərdə Avropada baş verən hadisələr barədə mühakimə yürütmək istəmirik. Amma görürük ki, bir Amerika senatoru, amerikalı rəsmi bir azlığın bir dövlətə qarşı aksiyalarında necə rol oynayır. İşlərindən biri budur ki, bir qrup insanı küçələrə çıxarsınlar, onların müxalif olduqları dövləti hakimiyyətdən uzaqlaşdırsınlar. Bir işləri də terrorçu qrupları fəallaşdırmaq, meydana çəkməkdir. Bu işi İraqda, Əfqanıstanda gördülər. Bəzi ərəb ölkələrində, elə bizim ölkədə də buna çalışıblar. Tanınmış şəxslərin terroru üçün qruplar yaradırlar. Ölkəmizdə alimləri, nüvə mütəxəssilərini şəhadətə çatdırdılar. Bundan qabaq da siyasi, elmi, dini şəxsiyyətlərimizi terror ediblər. Terrorçu qruplar Amerikanın qucağında böyüyür. Bəziləri öz xidmətlərinə görə ABŞ tərəfindən qəbul edilir. Bu gün münafiqlər qruplaşması Amerikanın qucağındadır. Müxtəlif yığıncaqlarda, ABŞ konqresinin komissiyalarında iştirak edirlər. Həmin münafiqlər ölkəmizdə insanları qətlə yetiriblər, şəxsiyyətləri, alimləri, siyasətçiləri terror ediblər, partlayışlar törədiblər. Bu gün Amerikadadırlar. Bu da bir yoldur. Başqa bir yol hakimiyyət daxilində qarşıdurma yaradılmasıdır. Onlara tabe olmayan dövlətlərdə parçalanma yaratmağa, ikihakimiyyətliliyə çalışırlar. Çox vaxt müvəffəq olmasalar da təəssüf ki bəzən istəklərinə çatırlar. Seçdikləri yollardan biri də budur ki, təbliğatla ictimai fikri dəyişsinlər, xalqı etiqadından döndərsinlər. ABŞ bizim əziz İrana münasibətdə bütün bu yollara əl atıb. Allahın lütfü ilə bütün işlərində məğlub olub. Hərbi çevriliş, fitnəkarların himayəsi, təxribat yaratmaq, seçkilərə qarşı etiraz aksiyası keçirmək, hakimiyyəti parçalamaq kimi istəkləri həmd olsun Allaha ki uğursuzluğa düçar olub. Nə üçün? Çünki millət oyaqdır, mömindir. İndi ikinci problem kimi qeyd etdiyim daxili problem üzərinə gəlirəm.

Əziz qardaşlar və bacılar! Millətimiz üçün daxili problem budur ki, böyük İmamın (r) inqilab ruhiyyəsi, bu istiqaməti kənara qoyaq, yaddan çıxaraq. Ən böyük təhlükə budur. Dost-düşməni tanımamağımız, iki cəbhəni bir birinə qatmağımız, kimin dost, kimin düşmən olduğunu anlamamağımız, əsl düşməni əlaltıdan seçə bilməməyimiz ciddi təhlükədir. Əziz qardaşlar və bacılar! Bütün xalq diqqətli olsun ki, bəzən sizinlə düşmənçilik edən əsas düşmən deyil, kiməsə tabedir. Əsl düşməni tapın. Əgər insan əsl düşməni tapmayıb onun əlaltısı ilə baş-başa gəlsə həm gücünü itirər, həm arzu olunan nəticəyə çatmaz.

Bu gün İslam dünyasının müxtəlif nöqtələrində təkfirçi, vəhhabi, sələfi adı altında qruplar İran əleyhinə, şiəlik əleyhinə fəaliyyət göstərirlər. Çirkin işlər görürlər. Amma onlar əsas düşmən deyil. Bunu hamı bilsin. Onlar düşmənçilik edir, ağılsızlıq göstərirlər. Amma əsas düşmən onları qızışdıran, onlara pul verən, ruhdan düşəndə müxtəlif vasitələrlə həvəsləndirənlərdir. Əsas düşmən parçalanma yaradan, düşmənçilik toxumu səpən, nadan qruplarla məzlum İran xalqı arasında ixtilaf yaradanlardır. Bunlar düşmənin kəşfiyyat orqanlarının gizli əlləridir. Dəfələrlə demişik ki, sələfi, təkfirçi adı ilə İran İslam Respublikasına qarşı vuruşanları əsas düşmən saymırıq. Biz sizi (cahil düşmənləri) aldanmış hesab edirik. Sizə sözümüz budur: "Sən məni öldürməkdən ötrü mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram." (Maidə, 28). Əgər sən müsəlman qardaşına qarşı intihar kəməri bağlayırsansa biz sən nadana qarşı bu işi görmürük. Əlbəttə ki, özümüzü müdafiə edirik. Kim bizə hücum etsə möhkəm yumruqla üzləşəcək. Bu təbiidir. Amma onları əsl düşmən yox, aldanmışlardan hesab edirik. Əsl düşmən pərdə arxasındadır. Bu əllər o qədər də gizli qalmayıb, kəşfiyyat orqanlarının köynəyindən çıxır və müsəlmanların yaxasına uzanır, onları bir-birinin üstünə salır. Bizim daxili problemimiz bunlardır. Daxili ixtilaflara məşğulluq, haşiyə ixtilaflar başımızı qatır, bir-birimizə qarşı çıxırıq, əsas problemlərdən diqqətimiz yayınır. Qeyd etdiyimiz həmin problemin bir nümunəsidir. Milli birliyi əldən çıxarmaq daxili problemlərimizdəndir. Tənbəllik, ruhiyyəsizlik, ümidsizlik, bacarıqsız olduğumuzu düşünmək bu qəbildəndir. Xeyr, belə deyil! İmam buyurduğu kimi, biz bacararıq. Bunun üçün əzmkar olmalıyıq. Milli iradə və cihadla müdiriyyət bütün düyünləri aça bilər. Bunlar bizim daxili problemlərimizdir, onları aradan qaldırmağa çalışmalıyıq. Qeyd etdiyim kimi, əziz gənclərimiz, alimlərimiz, istedadlarımız bu məsələləri araşdırmalıdır. Deyilənlər fəsil başlıqları idi. Böyük İmamın (r) adı və xatirəsi, o memarın planı bizə bu işdə yardımçı olar, ümid verər, ruhiyyəmizi yüksəldər. Bu günə qədər belə olub, Allahın tövfiqi ilə gələcəkdə də belə olacaq.

Pərvərdigara! Bu əziz millətə öz bərəkətini nazil et. Pərvərdigara! Əziz gənclərimizə İslam quruluşunun amallarına çatmaqda yardımçı ol. Pərvərdigara! Bizi büdrəmələrdən və çaşqınlıqlardan hifz et. Pərvədigara! İran xalqının qollarını düşmənin qollarından güclü qərar ver. Onları düşmənə qalib et. İmam Zamanın (əc) müqəddəs qəlbini bizə münasibətdə mehriban buyur. Bizi onun dualarından bəhrələndir. Böyük İmam və əziz şəhidlərin ruhunu Peyğəmbərlə məhşur et.

Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh

Iyun, 2014

Ayətullah Xameneinin BMT-də tarixi çıxışı


: lib -> doc
doc -> Zərİf məqamlar (Böyük Rəhbər Ayətullah Xameneinin 1979-2004-cü illərdə müəllim və tələbələr qarşısında çıxışlarından seçmələr) Beşinci cild Tərtib edən: Həsən Qüddusizadə Çevirən: Maqsud Əzizoğlu Birinci fəsil
doc -> Hicab Böyük Rəhbər həzrət Ayətullah Xameneinin tövsiyələrində Tərtib edən: Məhəmmədhüseyn Himmətinejad
doc -> Birinci fəsil: İman, İslam və mənəviyyat
doc -> Vilayət bağçası altıncı cİld
doc -> Zeynəlabidin Bəhrami
doc -> Tərtib edən: Səid Mirzai Giriş İkinci Qüds Günündən bir xatirə
doc -> Uğursuz plan İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Seyid Əli Xameneinin 2009-cu IL fitnəsi haqda çıxışlarından seçmələr
doc -> AşİQLİK ŞƏRİƏTİ Ustad Əli Şəriətinin fikirləri və hikmətli kəlamları
doc -> İsraf İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Xameneinin israf haqda tövsiyələri
doc -> Birinci fəsil: İnqilabı, quruluşu və ölkəni müdafiə etməkdə fəhlələrin rolu


Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə