Aysel Qəribli “Azərbaycan dili” anlayışının tarixi “Elm və təhsil” Bakı-2017



Yüklə 0,73 Mb.
səhifə1/9
tarix21.06.2018
ölçüsü0,73 Mb.
  1   2   3   4   5   6   7   8   9

Azərbaycan dili” anlayışının tarixi



Aysel Qəribli

Azərbaycan dili” anlayışının tarixi

Elm və təhsil”

Bakı-2017

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu Elmi Şurasının 17 may 2017-ci il tarixli iclasının 07 protokoluna əsasən çap olunur.

Elmi redaktoru:



Sayalı Sadıqova,

professor
Rəyçilər:

Roza Eyvazova,

professor
Pərvin Quliyeva,

filologiya üzrə fəlsəfə doktoru
Redaktor:

Dəyanət Osmanlı


Aysel Qəribli. “Azərbaycan dili” anlayışının tarixi.

Bakı, “Elm və təhsil”, 2017, 152 səh.
Filologiya üzrə fəlsəfə doktoru Aysel Qəriblinin bu kitabında “Azərbaycan dili” anlayışının formalaşma tarixinin dövrləri araşdırılıb.

ISBN 978-9952-8176-1-2

© “Elm və təhsil”, 2017
GİRİŞ
Hər bir dilin adının mənşəyi, təşəkkül tapıb formalaşması həmin dilin, eləcə də onun daşıyıcısı olan xalqın (etnosun) tarixi ilə birbaşa bağlıdır. Bu isə o deməkdir ki, hər hansı dil adının (linqvonimin) keçdiyi inkişaf yolunun öyrənilməsi həm nəzəri, həm də praktik baxımdan çox böyük elmi əhəmiyyət daşımaqla yanaşı, özündə müəyyən problemləri də ehtiva edir.

“Azərbaycan dili” anlayışı (linqvonimi), “Azərbaycan” toponimi, bunun ardınca isə “Azərbaycan xalqı” etnoniminin təşəkkülü ilə formalaşmağa başlayaraq müasir dövrdə sayı iyirmi beşdən çox olan türk dillərindən birinin adını bildirir ki, həmin ad-anlayışın formalaşmasının zəngin tarixi vardır. Lakin bu tarix indiyə qədər sistemli şəkildə, xronoloji (və məntiqi) ardıcıllıqla öyrənilməmiş, yalnız (və adətən, biri digərini istisna edən, yaxud mübahisəli) mülahizələrlə kifayətlənilmişdir. Halbuki Azərbaycan xalqının öz müstəqilliyini inkişaf etdirib daha da möhkəmləndirdiyi bizim günlərdə “Azərbaycan dili” anlayışının tarixinin bütün təfsilatı, təkamül dövrləri ilə birlikdə aydın təsəvvür olunması milli şüurun mükəmməlliyinə əhəmiyyət li təsir göstərməyə bilməz.

Məlum olduğu kimi, ümumnəzəri aspektdə etnonim-toponim-linqvonim münasibətləri kifayət qədər mürəkkəb təbiətə malikdir. Bir qayda olaraq, linqvonimlər etnonimlərdən yaransa da (məsələn: ingilis xalqı - ingilis dili, yapon xalqı -yapon dili, çeçen xalqı - çeçen dili və s.), toponimlərdən əmələ gəlməsi faktlarına da az təsadüf edilmir; məsələn: Çin dili, Ukrayna dili, Litva dili və s. “Azərbaycan dili” anlayışı da bu model üzrə formalaşmış, lakin həmin formalaşma prosesi bir sıra dövrlərdən, mərhələlərdən keçmişdir.

Şübhəsiz, xalq, ölkə (və dövlət) adları kimi, dil adları da mənşəcə nə siyasi-inzibati, nə də elmi-akademik təsəvvürlərdən irəli gəlməyən təbii (inersion) hadisədir, lakin milli özünüdərk dövrlərində bu məsələyə intellektual-ideoloji müdaxilənin güclənməsi və onun dövlət dil siyasətinin predmetinə çevrilməsi də tamamilə təbiidir.

Heç də təsadüfi deyil ki, Azərbaycan xalqının, demək olar ki, bütün görkəmli ziyalıları milli özünüdərk dövründən başlayaraq ölkənin (eləcə də dövlətin), xalqın və dilin adı ilə bağlı məsələyə xüsusi diqqət yetirmiş, “Azərbaycan”, “Azərbaycan xalqı” və “Azərbaycan dili” anlayışlarının formalaşmasında öz əsaslandırılmış mülahizələri (və mübarizələri) ilə mühüm rol oynamışlar.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev istər sovet, istərsə də xüsusilə müstəqillik dövründə ölkəyə rəhbərlik illərində “Azərbaycan dili” anlayışının həm ictimai şüurda möhkəm yer tutması, həm də Azərbaycan dilinin hər cəhətdən mükəmməl bir xalqın dili olaraq daha da inkişaf edib zənginləşməsi üçün ardıcıl şəkildə təxirəsalınmaz tədbirlər görmüşdür. Xalqın (və dövlətin) dili ilə bağlı mülahizələri , apardığı geniş miqyaslı müzakirələr, gəldiyi nəticə və ya qərarlar, həyata keçirdiyi ideyalar dahi dövlət xadiminin ümumən milli dövlət quruculuğu missiyasının üzvi tərkib hissəsi olmuşdur (bu barədə geniş məlumat üçün bax: 39,45,69 və s.). Onun (və mənsub olduğu xalqın) müəllifi olduğu Azərbaycan Respublikası Konstitusiyasında deyilir:

“Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”.

Lakin etiraf etmək lazımdır ki, milli ictimai şüur səviyyəsində dilin adı ilə bağlı bu qənaətə gəlinməsinə qədər mübahisələr, hətta münaqişələrlə müşayiət olunan mürəkkəb bir tarixi yol keçilmişdir.

“Azərbaycan dili” anlayışının təşəkkülü tarixinin dərindən öyrənilməsi üçün kifayət qədər zəngin mənbələr mövcuddur ki, onların analitik, eləcə də düzgün metodologiya ilə təhlili ciddi elmi nəticələrə gəlməyə imkan verir.

R.Eyvazova “Azərbaycan dili” anlayışının təşəkkül tarixinin mühüm (əslində, metodoloji əhəmiyyəti olan) bir məsələsinə toxunaraq yazır:

“Azərbaycan dili” adı alana qədər dilimiz, xalqımız müxtəlif terminlərlə adlanmışdır ki, bunlardan ən əsası “türk” terminidir. “Türk” termininin işlənməsi təkcə Azərbaycanla bağlı olmamış, bütün türk xalqları və dilləri qrupuna aid olmuşdur” (34,s.8-9).

“Yeni türk dili” monoqrafiya-dərsliyinin müəlliflərinin fikrincə, müasir dövrdə “türk dili” və ya “türkcə” adı, əsasən, iki anlayışı bildirir:

1. ümumiyyətlə dünyada mövcud olan bütün türk dillərini;

2. ayrıca olaraq bütün türk dilini (104, s.139-141).

Müəlliflər yazırlar:

“Göytürklərdən günümüzə qədər fasiləsiz davam edən türk dili tarixinin hər dövründə “türk tili”, “türk dili”, “türki dili” (əslində, sadəcə “türki” olmuşdur - A.Q.) adları ilə tanınan türkcə xüsusilə XX əsrin əvvəllərinə qədər bütün türk millətinin dilini ifadə etdiyi halda həmin əsrdə bir sıra siyasi gəlişmələr və müdaxilələr nəticəsində mənaca daralmaya məruz qalmışdır. Sovetlər Birliyi dövründə bu ölkədə yaşayan türk boylarının istifadə etdikləri ləhcələr siyasi səbəblərlə “qırğızca”, “azəricə”, “qazaxca” şəklində adlandırılmış və bunların türkcədən fərqli bir dil olduqları, danışanların da türk olmadıqları; azəri, qazax, qırğız olduqlarının nəzərə çarpdırılmasına çalışılmışdır” (104,s.140).

Lakin məsələ burada təsəvvür olunduğu qədər də sadə deyil; doğrudur, Sovetlər Birliyi dövründə türk dillərini, eləcə də xalqlarını bir-birindən təcrid etmək təşəbbüsləri olmuşdur, bununla belə həmin xalqların, eləcə də dillərin sovet dövrünə artıq kifayət qədər diferensial varlıqları və öz adları ilə gəlib çıxdığını da inkar etmək mümkün deyil.

Ümumiyyətlə, “Azərbaycan dili” anlayışının tarixinin tədqiqi bir sıra spesifik metodoloji nüansların əlaqəli şəkildə nəzərə alınmasını tələb edir ki, buraya ilk növbədə aşağıdakılar daxildir:

-Azərbaycan xalqının (və dilinin) tarixinə bütün dövrlərdə ümumtürk tarixi “kontekst”ində baxılması;

-“Azərbaycan dili” anlayışının təsadüfi bir hadisə olmayıb türk dillərinin təbii diferensiasiyası prosesində formalaşan Azərbaycan türkcəsini bildirmək üçün tədricən, qanunauyğun olaraq, təşəkkül tapması gerçəkliyinin qəbul edilməsi;

-“Azərbaycan dili” linqvoniminin rəsmi işlədilməsinin a) milli ictimai şüurun təkidi, b) elmi-intellektual mövqeyin təsdiqi və c) siyasi iradənin təsbiti nəticəsində mümkünlüyünün bir prinsip olaraq nəzərə alınması.

Göründüyü kimi, burada həm etnik, həm intellektual-mədəni, həm də siyasi-ideoloji proseslərin qarşılıqlı əlaqəsinə istinad olunur.

“Azərbaycan dili” anlayışının təşəkkülü tarixinin sxematik ifadəsini isə aşağıdakı şəkildə göstərmək mümkündür:


“Azərbaycan dili”

“Azərbaycan”+ “türk dili”



“Türk dili”

Bu isə o deməkdir ki, “Azəbaycan dili” anlayışının, eləcə də linqvoniminin təşəkkülü tarixinin əsasını “türk dili”ndən” Azərbaycan dili”nə keçid dövrü, başqa sözlə, həmin dövrdə meydana çıxan problemlər təşkil edir.

Şübhəsiz, “Azərbaycan dili” anlayışının təşəkkülü tarixini əsaslı metodoloji prinsiplərlə öyrənmək iddiası ilə meydana çıxan araşdırma ilk növbədə mövcud (və xeyli dərəcədə zəngin) faktların sistematik ardıcıllığına və ya dəqiq xronologiyasına əsaslanmalıdır. Müşahidələr göstərir ki, təsadüfi, yaxud mübahisəli mülahizələr, xüsusilə ehtimallar üzərində qurulmuş nəzəriyyələr, məsələn, türk etnosunun dünyaya Azərbaycandan yayılması, eləcə də “Azərbaycan” toponiminin türk mənşəliliyi və s. “milli təəssübkeşlik” baxımından nə qədər diqqəti cəlb etsə də, ümumtürkoloji kontekstdə özünü nəinki doğruldur, hətta indiyə qədər aparılmış çoxillik araşdırmaların uğurlu nəticələrini də şübhə altına almaqla əsassız revizionizm əhval-ruhiyyəsi yaradır. Azərbaycan dili dialekt və şivələrində, yəni müasir türk dillərindən birinin “hüdud”unda bütün türk dillərinin genetik köklərini axtarmaq nə qədər qeyri-elmidirsə, həmin dili (Azərbaycan dilini) orta əsrlərin sonu yeni dövrün əvvəllərindən etibarən ümumtürk dilinin bir dialekti (ləhcəsi) saymaq da o qədər əsassızdır.

Əlbəttə, “Azərbaycan dili” linqvonimi digər türk dillərinin mütləq əksəriyyətinin adlarından fərqli üsulla yaranmışdır. Əgər mənşələrinə getməsək, formal olaraq, məsələn, “türk dili”, “özbək dili”, “qazax dili”, “qırğız dili”, “türkmən dili”, “tatar dili”, “uyğur dili”, “başqırd dili” və s. linqvonimlərin kökündə etnonimlər dayanır, “Azərbaycan dili” anlayışı isə toponim əsasında təşəkkül tapmışdır. Lakin ümumi prinsip baxımından bir dilin və ya xalqın adının bu üsulla formalaşması, artıq qeyd etdiyimiz kimi, istisna təşkil etmir. Hətta türk dilləri daxilində də həmin təcrübə vardır; məsələn, Altay dili, Tuva dili.

“Azərbaycan dili” anlayışının mənşəyindən bəhs edərkən iki başlanğıc məqam xüsusi maraq kəsb edir ki, bir sıra problemlər məhz həmin məqamların düzgün metodologiya ilə şərh olunmamasının nəticəsidir. Onlardan birincisi “türk dili” anlayışının tarixi məzmununu aydın təyin etməkdən, müəyyən dövrdə diferensiasiya olunan (bölünən) türk dillərinin yeganə ortaq (universal) əcdadı kimi qəbul edib-etməməkdən ibarətdir. Bu məsələ ilə bağlı həm klassik, həm də müasir türkologiyada mübahisələr mövcuddur.Belə ki, bir sıra türk dillərinin, eləcə də etnoslarının tam türkcə, eləcə də tam türk olmadıqları iddia edilir ki, bu mövqe, prinsip etibarilə, yanlışdır. Hər şeydən əvvəl ona görə ki, istənilən dilin, yaxud o dildə danışan xalqın tərkibindəki yad və ya əcnəbi ünsürlər nə həcmdə olursa olsun, bütövlükdə, etnik sistemə təsir edəcək, onu eklektik şəklə gətirəcək, yaxud “hibrid” yaradacaq gücdə ola bilməz . Əks halda hər hansı bir dildən və ya xalqdan danışmaq, ümumiyyətlə, mümkün olmazdı. Məsələn, deyək ki, müasir Azərbaycan dilinin lüğət tərkibində istər ərəb, istərsə də fars mənşəli sözlər böyük üstünlüyə malikdir. Lakin bu, belə bir nəticə çıxarmağa qətiyyən əsas vermir ki, onu üç dilin- ərəb, fars və türk dillərinin qarışığından ibarət bir dil hesab edək. Çünki Azərbaycan dilinin həm fonetik, həm leksik, həm də qrammatik mənşəyində bir sistem olaraq türk dili dayanır. Və bu deyilənlər bütün digər türk dillərinə də aiddir.

Hansı coğrafiyada, hansı etnoqrafik, yaxud siyasi şəraitdə təzahür etməsindən asılı olmayaraq bütün türk dilləri təşəkkül tapdıqları dövrdən etibarən eyni bir dil texnologiyasının törəmələridir. Ona görə də hər hansı türk dilinin “genezis”ində qədim, hətta “tarixəqədərki” alınmalara əsaslanaraq başqa sistemli bir və ya bir neçə dilin dayandığını, yaxud “izlər”ini “görmək” “xalq etimologiyası”ndan fərqli bir şey deyil.

İkinci məqam “Azərbaycan dili” anlayışının Azərbaycan coğrafiyasına mütləq, yaxud nisbi bağlılığı məsələsində özünü göstərir ki, azərbaycanşünaslıqda həmin mütləq və nisbi bağlılıq mülahizələri artıq əks nəzəri mövqelərə çevrilmişdir. Fikrimizcə, hər iki mövqe son həddlərə meylli olduqları üçün, nəticə etibarilə, yanlışdır.

“Azərbaycan dili” anlayışının, çox zaman liqvonimin məzmunundan çıxış edilərək, Azərbaycan coğrafiyasına mütləq bağlılığı ideyasını müdafiə edənlər ya türk dilinin, eləcə də ümumən türklərin pravətəni (ata yurdu) olaraq Azərbaycan ərazisini nişan verir, ya da Azərbaycan dilini, eləcə də Azərbaycan xalqını türk oriyentasiyasından, faktiki olaraq, çıxarırlar. Birinci halda belə bir mənzərə əmələ gəlir: Altay nəzəriyyəsi yanlışdır; türk xalqlarının etnogenezinin türklərdən başqa heç bir xalqın mənşəyinə dəxli yoxdur; türklər Ön Asiyada törəmiş (“hansı mənşədən?” sualına cavab verilmir), sonra Şərqə (Altaylara) tərəf getmişlər; hunların dövründə Şərqdən Qərbə türk axını (xalqların Böyük Köçü) sonrakı hadisədir və s.

Lakin bu mənzərə-nəzəriyyənin qarşısına klassik türkologiya aşağıdakı suallarla çıxır:


  1. xalqların, eləcə də dillərin ümumi tarixi baxımından həmin mülahizə əsaslıdırmı?

  2. bir neçə yüz illik tarixi olan Altay nəzəriyyəsini (və onun kifayət qədər zəngin faktlarını) belə bir ehtimal təkzib edə bilərmi?

  3. Altay dağları ətəklərindən Şərqə doğru yayılan xalqların (və dillərin) məlum coğrafi, siyasi, mədəni hərəkət tarixini bizə məlum olmayan “tarixəqədərki” dövr barədəki nəzəriyyə-ehtimallarla əvəz etməyin türkologiya üçün hansısa metodoloji əhəmiyyəti varmı?

Etiraf etmək lazımdır ki, bu suallar “Azərbaycan dili” anlayışının tarixi baxımından da maraqlıdır.

İkinci halda, yəni nisbi bağlılıqda isə mənzərə bu cürdür: türklər Azərbaycan coğrafiyasına XI-XII əsrlərdə səlcuq yürüşləri dövründə gəlmiş, müxtəlifdilli (?) yerli xalqlara öz dillərini (türkcəni) qəbul etdirmiş və nəticə etibarilə, müxtəlif mənşəli xalqların ortaq ünsiyyət vasitəsi olan türk-Azərbaycan dili formalaşmışdır.

Nəzərə alsaq ki, birinci ideya ikinci ideyaya alternativ olaraq meydana çıxmışdır, onda hər iki ideyanın “kök”ündə ideoloji konyukturun dayandığını görməmək mümkün deyil.

“Azərbaycan dili” anlayışının Azərbaycan coğrafiyasına nisbi bağlılığı barədəki mülahizə bu anlayışı “türk dili” məxrəcindən həm keçmişə, həm də gələcəyə doğru çıxararaq belə bir təsəvvür yaradır ki, azərbaycanlılar, onlara qarışmış azsaylı “köçərilər”i çıxmaqla, ümumiyyətlə türk mənşəli deyillər (bu barədə bax: 5).

Universal məntiq isə ondan ibarətdir ki, “Azərbaycan dili” anlayışının mahiyyətində türk dilinin regional (Azərbaycan) təzahürü dayandığından burada region (Azərbaycan) anlayışı ilə dil (türk dili) anlayışının elə bir əlaqəsi nəzərə alınmalıdır ki, nə dilin, nə də regionun hüdudlarından kənara çıxılmasın.

Təbiidir ki, “türk dili” liqvonimi meydana çıxana (II minilliyin əvvəllərinə) qədər türk dili özünün çoxsaylı şifahi, eləcə də zəngin yazılı abidələri ilə geniş bir coğrafiyada mövcud olmuş; dilin ümumi adı populyarlaşandan sonra isə “ türk dili” ilə yanaşı, onun coğrafi (regional) təzahürlərini bildirən adlar da işlənmişdir ki, bunun əsas nümunələrindən biri Azərbaycan türkcəsi olmuşdur (müqayisə et: Qafqaz türklərinin dili, Anadolu türklərinin dili, Volqaboyu türklərinin dili, Sibir türklərinin dili və s.). Yəni türk dilinin diferensiasiyasını “qeydiyyat”a alan əsas amil kimi həmin diferensial “dil vahidi”nin funksionallaşdığı coğrafiya (və onun adı) çıxış etmişdir. Hətta linqvonim əsası olaraq işlənmək imkanına malik etnonimlər də (məsələn: oğuz dili, qıpçaq dili, karluq dili, qaraxanlı dili, səlcuq dili, qızılbaş dili və s.) toponimlər qədər fəal olmamışdır (bax: 88, s. 108-110).

Faktlar göstərir ki, XX əsrin əvvəllərinə qədər türk dillərinin, eləcə də türk xalqlarının adlandırılmasında iki tendensiya daha fəaldır:

1.bütün türk dilləri (və xalqları) üçün ümumi bir adın- “türk” adının (o zamana qədər az populyar olmayan “tatar” adı tədricən ikinci plana keçir) müdafiə olunması: “türk dili”, yaxud “ türk ləhcələri”, yaxud da “ türk dilləri” ;

2.türk dilinin regional təzahürlərinin ayrı-ayrılıqda adlandırılmasına üstünlük verilməsi.

XX əsrin əvvəllərindən isə artıq müstəqilliyi beynəlxalq səviyyədə etiraf olunmuş türk xalqlarının öz adları ilə adlandırma tendensiyası metodoloji əhəmiyyət kəsb etmişdir.



I FƏSİL
TÜRK DİLİ” ANLAYIŞININ TƏŞƏKKÜLÜ
1. “Türk dili” anlayışının mənşəyi
Türk dili barədə təsəvvür türk etnosunun tarix səhnəsinə çıxdığı dövrlərdən başlayır. Ancaq metodoloji texnologiyalar, hələ ki, etnosu dilə (dil materiallarına) görə müəyyən etdiyindən bu qənaətə gəlmək olar ki, türk etnosunun genezisini türk dilinin mənşəyi təyin edir. Bu barədə araşdırmalar isə ümumiyyətlə dünya dillərinin materiallarına əsaslandığına görə kifayət qədər obyektiv nəticələrə gəlməyə imkan verir.

Məsələn, deyək ki, “Altay dili” adlı bir dil praktik olaraq heç bir yazılı mənbədə öz əksini tapmamışdır. Lakin türk, monqol və tunqus-mancur dillərinin tarixi-müqayisəli tədqiqi, necə adlanmasından asılı olmayaraq, belə bir dilin mövcudluğu barədə kifayət qədər aydın təsəvvür yaradır. Doğrudur, bir sıra araşdırıcılar həmin müqayisələrin formal xarakter daşıdığı, mövcud oxşarlıqların isə qədim dil əlaqələrinin nəticəsi olduğunu iddia edirlər. Bununla belə, Altay nəzəriyyəsi kifayət qədər ciddi arqumentlərə əsaslanır (bax: 117, 118, 137 və s.).

Etnosu bütün dövrlərdə müəyyən edəcək yeganə “ lakmus kağızı” varsa, o da dildir... Dil etnosun doğurduğu elə bir fenomendir ki, onun özündən də güclü olub mahiyyətini təyin etmək iddiasındadır.

Əlbəttə, istənilən dil adı (linqvonim) bu və ya digər dil varlığını təyin edir və ya işarələyir. Ona görə “türk dili” anlayışının tarixi də həmin anlayış arxasında dayanan dilin tarixi ilə bir başa bağlıdır.

“Türk dili” anlayışının tarixi, əsasən, üç dövrə bölünür:

I.Tarixəqədərki dövr və ya “türk dili” anlayışının mənşəyi.

II.Ümumtürk dili dövrü və ya “türk dili” anlayışının normalaşması.

III.Türk dilləri dövrü və ya “türk dili” anlayışının diferensiasiyası.

Birinci dövr onunla səciyyələnir ki, təxminən e.ə. III minillikdən başlayıb eramızın I minilliyinin ortalarına qədər davam edən həmin dövrdə türkcənin mövcudluğu təkzib olunmaz faktlar əsasında rekonstruksiya olunur. İkinci dövr türkcənin zəngin yazılı abidələrdə təmsil olunduğu orta əsrləri (I minilliyin ortalarından II minilliyin ortalarına qədər) əhatə edir ki, “türk dili” anlayışı məhz bu dövrdə meydana çıxır. Üçüncü dövr isə orta əsrlərin sonlarından etibarən ümumtürkcə kimi “ türk dili” anlayışının da diferensiasiyası ilə başlanır.

Prinsip etibarilə, dördüncü dövrdən də bəhs etmək olar ki, bu, ortaq türkcə təsəvvürlərinin formalaşması ilə bağlıdır.

“Türk dili” anlayışı (və linqvonimi) türk etnosunun tarixinin sonrakı dövrlərində “türk” etnoniminin meydana çıxması ilə yaranmışdır. “Türk” sözü isə ilk dəfə I minilliyin ortalarında Göytürk dövlətinin (552-745) adında işləndiyindən “türk dili” linqvoniminin tarixini həmin dövrdən başlamaq, prinsip etibarilə, şübhə doğurmamalıdır.

Tuncər Bayqara “Türklüyün ən qədim dövrləri” məqaləsində yazır:

“Günümüzdəki Türkiyədəki durumu, tarixi keçmiş açıqca göstərməkdədir ki, türklərin qopub gəldikləri iç Asiyada onlar bir böyük kütlə olmuşlar. Həmin bu böyük kümədən yerdə qalanlar ayrı gəlmişlərin təsiri ilə özlərinə fərqli adlar vermiş və ya verdirmişdir. Qazaxlar, özbəklər, qırğızlar, türkmənlər, tatarlar, uyqurlar, başqırtlar, altaylar, sakalar, tuvalar, xakaslar və b. Bu adlar vaxtilə onlara hakim olan başqa böyük siyasi güclərin də uyğun gördükləri adlardır. Ancaq hamısının danışdıqları dilin eyni olduğunu dilçilər qəti şəkildə təsbit etmişlər. Bunların hamısına “türk” deyilməsə də, “türkdilli (türkcə danışan) xalqlar” deyilməkdədir” (93, s. 278).

“Türk dili” anlayışının, müxtəlif xalqlara diferensiasiyasından sonra da türklər arasında “ən mühüm birləşdirici, bütövləşdirici ünsür” olduğuna diqqət çəkən müəllif göstərir ki, “türk dedikdə e.ə. IV minillikdən etibarən ortaq bir dildə danışan insanlar anlaşılmalıdır.

...Türkcə ilə bağlı araşdırmalar bu dildə danışılmasının tarixini, nəticə etibarilə, türkün varlığını daha qədimlərə aparmaqdadır...

I.Türk dilinin qonşu yaxın dillərlə birlikdə olduğu Altay dövrü: e.ə. IV-III minilliklər;

II.Ən qədim türkcə dövrü ;

Erkən dövrlər: e.ə. III minillik - V əsr, sonrakı dövr: e.ə. V əsr-III əsr.

III.Qədim türkcə dövrü: III-XIII əsrlər.

IV.Orta türkcə dövrü: XIII əsrdən sonra” (93, s. 291).

Bu dövrləşdirmədən aydın olur ki, “türk dili” linqvonimi ortaya çıxana qədər həmin linqvonimlə ifadə olunan dil təxminən dörd min illik bir inkişaf yolu keçərək qədim türk (run, eləcə də uyğur) yazılı abidə-mətnlərində təzahür edən həm fonetik (qrafik), həm leksik, həm də qrammatik mükəmməlliyə gəlib çatmışdır.

E.ə V-III minilliklərdə türk, monqol və tunqus-mancur dillərinin ümumi bir Altay dili tərkibində olduğunu müdafiə edən məşhur nəzəriyyəyə əsaslanıb Altay dövrünü türk dili tarixinə münasibətdə “tarixəqədərki dövr” hesab etsək, belə bir suala da cavab verməliyik ki, “türk dili” linqvonimi meydana çıxana qədər, yəni dörd min il ərzində, haqqında bəhs olunan dilin adı necə olmuşdur ?

Məsələ burasındadır ki, həmin sual müəyyən qeyd-şərtlə türk etnosunun adına da aiddir. Belə ki, türk etnosu da özünün ilk orta əsrlərdən populyar olan “türk” adı ilə təşəkkül tapdığı dövrlərdən çox-çox sonralar tanınmağa başlamışdır.

İbrahim Kafesoğlu “Tarixdə “türk” adı” məqaləsində göstərir ki, “türk” adı ilk dəfə 542-ci ildə Çin səlnaməsi “ Cou-Şu”da Göytürk birliyini bildirmək üçün işlədilmişdir. Bu isə onu sübut edir ki, Göytürk dövlətinin 552-ci ildə yaranması barədəki geniş yayılmış məlumat, əslində, dövlətin yarandığı yox, Bumının xaqan seçildiyi tarixi əks etdirir (109, s. 308).

“Türk” adı meydana çıxana qədər türklərin necə adlanması məsələsinə gəldikdə isə Çin mənbələri onları “hsiyunq-nu” (syunnu/xunn/hun) kimi tanıdığından (93, s. 308) və bu ad müxtəlif fonetik variantlarda həm Şərqdə, həm də Qərbdə geniş yayıldığından “türk dili” anlayışına (linqvoniminə) qədər təxminən eyni mənada “hun dili” anlayışından (linqvonimindən) bəhs etmək olar.

Maraqlıdır ki, tədqiqatçılar eramızdan əvvəlki minilliklərdə “hun” yox, “türk” adının izlərinə rast gəlirlər (109,s. 308-310). Lakin bu “iz”lər nə qədər çox olsa da, onların məhz “türk” anlayışını ifadə etdiyini dəqiqləşdirmək hələ ki mümkün olmamışdır.

M. Kaşğari “ Divani-lüğət-it-türk”də yazır:

“Türk- əleyhissalam Nuhun oğlunun adıdır. Bu, adı Nuh oğlu Türkün övladlarına Tanrının verdiyi addır”.

...“Türkün adını ulu Tanrı özü vermişdir” dedik. Çünki bizə əhli-mübarəkdən şeyx və imam əl-Hüseyn ibn-Xəfif əl Kaşğari dedi. Ona da ibn əl-Fərqi adlı bir zat... rəvayət etmişdir. Həmin hədis belədir: “Ulu Tanrı mənim bir ordum vardır, ona “türk” adı vermişəm, onu şərqdə yerləşdirmişəm. Bir millətə acığım tutsa, türkləri onun üzərinə müsəllət edərəm” deyir. Bu, türklərin bütün insanlara nəzərən üstünlüyüdür. Çünki adı onlara Tanrı özü vermişdir, onları yer üzünün ən yüksək yerində, havası ən təmiz ölkələrdə yerləşdirmiş və onlara “öz ordum” demişdir. Bununla bərabər, türklərdə gözəllik, zəriflik, incəlik, ədəb, hörmət, böyüklərə ehtiram, sözündə bütövlük, təvazökarlıq, igidlik və mərdlik kimi hər bir saysız-hesabsız tərifə layiq olan ərdəmləri zikr etməyə ehtiyac yoxdur” (52, s. 357-358).

İ.Kafesoğlu “Türk” nə deməkdir? sualına belə cavab verir:

“Türk adının izahında ilk elmi təcrübənin A.Vamberi tərəfindən verildiyi qəbul edilir. Ona görə, “türk”- türk dilində “törəmək” mənasında olan “türə” və ya “törü”dən nəşət edib “yaradılmış, məxluq” mənasına gəlir. Bizdə Ziya Göyalpa görə isə, “türk” - “törəli” deməkdir”. L.Bazen “türk” adının “törümək”dən (Anadolu ləhcəsində “törəmək”) çıxdığını qəbul edərək, onun son tələffüz tərzinə doğru inkişaf etdikcə məna etibarilə aşağıdakı nüanslara ayrıldığını söyləmişdir: “türk” adı ilk şəkli ilə “var olmuş, şəkil qazanmış” mənasında ikən sonra “inkişaf etmiş”, daha sonra “tamamilə inkişaf etmiş” məfhumlarını bildirmiş, nəhayət, tələffüz “türk” formasını aldığı zaman “qüvvə, güc” mənasını qazanmışdır” (109, s. 311-312).

Qədim dünya tarixində türk etnosunun oynadığı geniş miqyaslı mədəni rol müxtəlif millətlərdən olan tanınmış mütəxəssislər tərəfindən etiraf edilməkdədir (bu barədə bax: 101,112,114,115 və s.).

Reha Oğuz Türkkanın fikrincə , “türk” kəlməsinin nüvəsini əks etdirən “T+R”, bəzən də “T+R+K” (və ya sadəcə “T+K”) səsinin (əslində, səs birləşməsinin - A.Q.) daha qədim qeydlərdə kəşf edilməsi bu adın VI əsrdən əvvəl də işlədilməkdə olduğunu göstərir” (120, s.410).

Müəllif yazır:

“... E.ə. 1400-cü illərdə... misirlilər onlardan (türklərdən - A.Q.) tarixlərində” “başlarına tüklər taxılmış “turuşka” dəniz döyüşçüləri” deyə bəhs etmişlər. Hindlilər bu gün belə türklərə “turuşk” və “turuhka” dediklərinə görə misirlilərin ... “turuşka” adının “türk” kəlməsinin bir forması olduğunu qəbul edə bilərik...

.... Turuşkaların bir başqa köçü İtaliyanın Şimal-Qərb bölgəsində məskunlaşan və eramızdan əvvəl 800-cü illərdə ad-sanları geniş yayılacaq olan “etrusk”lardır” (120, s. 410).

Etnos adı olaraq “türk” sözünün hansı qədim dövrlərdən gəldiyini müəyyənləşdirmək, əlbəttə, əhəmiyyətlidir. Lakin məsələnin mübahisəsiz tərəfi ondan ibarətdir ki, I minilliyin ortalarından etibarən həm “türk” etnonimi, həm də “türk dili” və ya “türklərin dili” linqvonimi təşəkkül tapmışdır.

“Türkologiyaya giriş” kitabının müəllifi yazır:

“Ən azı üç min illik şifahi ənənədən sonra eramızın I minilliyinin ortalarında türk dili özünün zəngin yazı mədəniyyətini təqdim edir ki, bu, bir sıra nüfuzlu tədqiqatçıların güman etdiklərinin əksinə olaraq, təsadüfi deyil. Çünki olduqca mükəmməl qədim türk (run) yazısı bir neçə əsrdə təşəkkül tapa bilməzdi. Və qədim türk yazı dilinin yüksək fonetik, leksik və qrammatik normativlik səviyyəsini, üslub imkanlarını da nəzərə alsaq, etiraf etməliyik ki, bu nitq təzahürünün bir neçə min illik tarixi vardır” (25, s.81).

Ümumiyyətlə, türkologiyada “türk dili” anlayışının hüdudlarını müəyyən etmək üçün, tamamilə əsaslı olaraq, yardımçı linqvonimlərdən istifadə edilir ki, bunlardan ən mühümü “ümumtürk dili”dir. Həmin linqvonim, prinsip etibarilə, I minilliyin ortalarından II minilliyin əvvəllərinə qədərki türk dili təzahürlərini bildirir. Bundan sonrakı təzahürlər, bir qayda olaraq, türk dilinin a) Şərq (karluq), b) Şimal-Qərb (qıpçaq) və c) Cənub-Qərb (oğuz) təmayüllərinə ayrıldığından “ümumtürk dili” anlayışına daxil edilmir. II minilliyin ortalarından sonrakı dil təzahürlərinə münasibətdə isə artıq “türk dili” yox, “türk dilləri” linqvonimindən istifadə olunur.

Bir sıra tədqiqatlarda “ümumtürk dili” ilə “qədim türk dili” anlayışları eyni məzmunda işlənir. Məsələn:

“Qədim türk (ümumtürk dili) I minilliyin sonu II minilliyin əvvəllərindən etibarən 1) oğuz, 2) qıpçaq və 3) karluq türkçələrinə bölünmüşdür” (25, s.85).

“Böyük türk klassikləri”ndə bu məsələ daha təfərrüatı ilə işıqlandırılmışdır:

“VII əsrdən XIII əsrə qədər əvvəl Orxon-Yenisey bölgələrində, sonra Tarım hövzəsində və nəhayət, Kaşğar-Balasaqun civarında meydana gətirilmiş olan yazılı ədəbiyyat məhsuldarlığında işlədilən dil qrammatika baxımından heç bir dəyişikliyə uğramış deyildir. Altı əsr ərzində sahələrin, dialektlərin və dövrlərin fərqliliyindən irəli gələn bir sıra kiçik dəyişikliklər xaricində dilin səs və qrammatik quruluşu eyni qalmışdır. Ancaq qarşılaşılan müxtəlif mədəniyyətlərin təsiri olaraq kəlmə xəzinəsində (lüğət tərkibində- A.Q.) bəzi fərqliliklər meydana gəlmişdi... Odur ki, Orxon, uyğur və Qaraxanlı dövrlərini əhatə edən və XIII əsrə qədər gələn türkcənin bu ilk dövrəsinə “əski türkcə” (“qədim türkcə” - A.Q.) adı verilir” (95, s. 37).

Beləliklə:


  1. “türk dili” anlayışı (və linqvonimi) təşəkkül tapana qədər ən geci e.ə. III minillikdən etibarən türk dili mövcud olmuşsa da, onun necə adlandırıldığı barədə dəqiq məlumat yoxdur;

  2. güman etmək olar ki, kifayət qədər geniş yayılmış türk etnosunun dilini həm etnosun və ya onu təşkil edən müxtəlif tayfaların, həm məskunlaşdıqları coğrafiyaların, həm də siyasi birliklərin (məsələn, “hun dili”) adı ilə adlandırmaq təcrübələri olmuşdur;

  3. nəhayət, həmin təcrübələr arasından biri- ümumi etnosun adı olan “türk” etnonimi I minilliyin ortalarında “türk dili” anlayış-linqvoniminin təşəkkülünü şərtləndirmişdir ki, burada da siyasi motiv- Göytürk dövlətinin meydana gəlməsi həlledici olmuşdur.




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə