“Azərbaycan”. 013. 25 iyun. N 136. S. Demokratik inkişafın Azərbaycan modeli



Yüklə 205,58 Kb.
Pdf görüntüsü
tarix12.10.2018
ölçüsü205,58 Kb.
#73706


“Azərbaycan”.-2013.-25 iyun.-N 136.-S.4-5. 

 

Demokratik inkişafın Azərbaycan modeli

 

   



Avropa  Komissiyasının  sədri  Xose  Manuel  BARROZU:  "Prezident  Əliyev  suveren  Azərbaycanın 

rəhbəri  kimi  ölkəsinin  müasirləşdirilməsinə  olduqca  sadiqdir.  O  bu  ölkənin  imici  və  nüfuzuna  xüsusi 

diqqətlə yanaşır. Ölkə isə həqiqətən çox mühüm irəliləyişə nail olub" 

  

"Demokratiyanın  müdafiəsi"  bayrağı  altında  ölkələrin  daxili  işlərinə  kobudcasına  qarışmaq,  onlara 



siyasi  təzyiq  göstərmək,  seçki  proseslərinin,  vətəndaş  hüquqları  və  azadlıqlarının  vəziyyətinin 

qiymətləndirilməsində  ikili  standartları  zorla  qəbul  etdirmək  cəhdləri  demokratik  dəyərləri 

universallaşdırmaq  işinə  ziyan  vurur.  Beləliklə,  sual  doğur:  indən  belə  sivilizasiyalılığı  və  barbarlığı, 

təqsirin  dərəcəsini  və  cəzanın  həddini  müəyyən  etmək  hüququ  kimə  və  hansı  prinsiplər  əsasında 

verilmişdir?" 

  

Akademik Ramiz MEHDİYEV 

  

Obyektiv zərurətdən irəli gələrək zamanın diktəsi ilə şərtlənən mühüm siyasi qərarların qəbulu, ilk növbədə, 



cəmiyyətdəki mütləq çoxluğun arzu və istəklərini, sosial gözləntilərini özündə ifadə edir. Xalqın tarixi keçmiş, 

bu gün və gələcəklə bağlı düşüncələrindən qaynaqlanan həmin qərarlar həm də dövlətin uğurlu sabahı, davamlı 

tərəqqisi  üçün  möhkəm  təmələ  çevrilir.  Yeni  Azərbaycan  Partiyasının  V  qurultayında  ölkə  başçısı  İlham 

Əliyevin  növbəti  dəfə  prezidentliyə  namizədliyinin  irəli  sürülməsi  ilə  bağlı  qərarına  da  məhz  bu  prizmadan 

yanaşmaq lazım gəlir. 

  

Mövcudluq tarixinin ən qüdrətli Azərbaycanı 

  

Bu  qərar,  təkcə  iqtidarda  olan,  600  min  insanı  sıralarında  birləşdirən,  ictimai-siyasi  proseslərdə  dominant 



qüvvə  kimi  çıxış  edən  hakim  partiyanın  deyil,  ilk  növbədə,  müstəqil  Azərbaycanın  son  20  ildə  keçdiyi 

qərinələrə  bərabər  inkişaf  yolunun  uğurlarını  obyektiv  dəyərləndirən,  davamlı  tərəqqi,  yüksək  sosial  rifah  və 

demokratikləşmə  baxımından  hazırkı  siyasi  kursun  alternativsizliyini  dərk  edən,  sabahına  biganə  olmayan 

insanların azad iradəsindən qaynaqlanır. Son 10 il ərzində əldə olunan yüksək inkişaf trendi - cəmiyyətin daha 

sürətli  mənəvi-intellektual  tərəqqi  yoluna  qədəm  qoyması,  dövlətin  heyrətamiz  iqtisadi  uğurlara  imza  atması, 

yürüdülən müstəqil xarici siyasət və digər çoxsaylı uğurlar orta statistik azərbaycanlının 2013-cü ilin prezident 

seçkiləri  ilə  bağlı  seçimini  də  dəyişməz  edir.  Bu  seçim,  ilk  növbədə,  onunla  şərtlənir  ki,  Azərbaycan  dövləti 

özünün mövcudluq tarixində heç zaman indiki kimi qüdrətli, güvənli, istiqrarlı olmamışdır. 

Dünyanın  siyasi  arxitekturasını  müəyyən  edən  dövlətlər  özlərinin  yüzilliklərlə,  hətta  minilliklərlə  ölçülən 

mövcudluq tarixlərində heç də sabit və davamlı inkişaf yolu keçməmiş, bəzən hətta tənəzzül və iflas həddinə 

çatmış,  böyük  faciələrin  astanasından  geri  dönmüşlər.  Bu  fikri  zəngin  dövlətçilik  ənənələrinə,  qədim  tarixə 

malik Azərbaycan haqqında da söyləmək olar. Xalqımız müxtəlif əsrlərdə daxildən gələn yüksək potensiya ilə 

müstəqil dövlət qurmaq, azad yaşamaq istəsə də, bəzən buna nail olmamış, bəzən də qanı, canı bahasına əldə 

etdiyi  müstəqilliyini  qoruyub  saxlaya  bilməmişdir.  Dövlətçilik  yaddaşımızda  xoş  xatirə  kimi  parlayan,  Şah 

İsmayıl  Səfəvinin  müəllifliyi  ilə  xalqın  milli  maraqlarının,  azərbaycanlı  etnosunun  yaradıcılıq  potensialının 

ifadəsi  kimi  ortaya  çıxan  Səfəvilər  dövləti  də  erkən  itirdiyimiz  ilk  belə  şansımız  olmuşdur.  Belə  bir  imkanın 

itirilməsinə,  Səfəvilər  dövləti  modelində  geniş  ərazi  hüdudlarına  malik  qüdrətli  Azərbaycan  dövlətinin 

gələcəyini  təmin  edə  biləcək  vasitələrin  hazırlanmamasına,  bu  gün  sadəcə,  təəssüflənə  bilirik.  Fəqət,  böyük 

tarixi  şəxsiyyət  olan  I  Şah  İsmayılın  hərbi-siyasi  fəaliyyəti  nəticəsində  mərkəzləşmiş  Səfəvi  dövlətinin 

yaranması  ilə  Azərbaycanda  milli  dövlətçilik  təfəkkürünün  formalaşması  prosesi  bir  qədər  də  sürətlənmişdir. 

Xalqın  ilk  dəfə  olaraq  vahid  dövlətin  tərkibində  birləşməsi,  mərkəzləşdirilmiş  iqtisadi-təsərrüfat  sisteminin 

yaranması  dövlətçilik  təfəkkürünün  formalaşmasına  əhəmiyyətli  dərəcədə  təsir  göstərmişdir.  Səfəvilərin 

hakimiyyəti dövründə dövlətçiliklə bağlı bütün məsələlər millilik zirvəsinə ucalmışdır. 

Azərbaycanın tarix, fəlsəfə, politologiya elmlərində Əliyevşünaslıq irsini elmi cəhətdən sistemləşdirən, onun 

tədqiqat təmayüllərini müəyyənləşdirən görkəmli dövlət xadimi və alim Ramiz  Mehdiyevin ilk Mərkəzləşmiş 

Azərbaycan  dövləti  olan  Səfəvilər  dövləti  haqda  qələmə  aldığı  fundamental  elmi  əsərlər  -  "Şah  İsmayıl  ali 

məramlı tarixi şəxsiyyət kimi" və "Tarixi idrakın elmiliyi problemlərinə dair" məqalələr özünün yüksək ideya 

siqləti,  elmiliyi,  tarixi-ensiklopedik  səciyyə  daşıması  ilə  diqqət  çəkir.  Milli  tarixə,  Azərbaycan  xalqının  tarixi 

şəxsiyyətlərinə maraqlı münasibətin yaranmasına təkan verən, cəmiyyətdə böyük rezonansa, faydalı müzakirə 

və  diskussiyalara  səbəb  olan  bu  dəyərli  əsərlərdə  hörmətli  akademik  Azərbaycanın  ən  yeni  tarixində  Heydər 

Əliyev dühası ilə Şah İsmayıl Səfəvi fenomeni arasında paralellər aparır, hər  iki şəxsiyyətin xalq qarşısındakı 

xidmətlərinin oxşar cəhətlərini böyük peşəkarlıqla göstərir. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, 




akademik Ramiz Mehdiyev haqlı olaraq yazır: "Formalaşmaqda olan informasiya cəmiyyətində zaman gələcəyə 

istiqamətlənmişdir.  Bizim  gələcəklə  maraqlanmağımızın  əsas  səbəbi  budur.  Lakin  gələcəyi  öncədən  görmək 

üçün bu günümüz barədə aydın təsəvvürümüz olmalıdır, eyni zamanda, keçmişin dərslərini unutmamalıyıq. Biz 

bunu istəsək də, istəməsək də hər birimiz keçmiş dövrün yükünü daşıyırıq və bu yükdən yaxa qurtarmaq qeyri-

mümkündür. Zaman isə insan şüuruna xas olan dəyişikliklərin  - yaranma, təşəkkül, cərəyan etmə və yoxolma 

mərhələlərinin  -  qavranılması  formasından  başqa  bir  şey  deyildir.  Buna  görə  də  deyə  bilərik  ki,  insan  həm 

təbiətdə, həm də bəşər tarixində baş vermiş hadisələrdən asılıdır". 

  

Yeni ictimai-iqtisadi münasibətlər sisteminə uğurlu transformasiya 

  

Tarixən Azərbaycanı vahid ərazi hüdudlarında birləşdirməyə çalışan, hətta qısa müddətə buna müvəffəq olan 



dövlətlərdən heç biri hazırkı müstəqil respublikamızla müqayisə edilmək imkanında deyillər. Əlbəttə, danılmaz 

reallıqdır  ki,  ötən  əsrin  əvvəllərində  yaradılmış  Azərbaycan  Xalq  Cümhuriyyəti  müsəlman  Şərqində  ilk 

demokratik  respublika  kimi  23  aylıq  mövcudluğu  ilə  bugünkü  müstəqil  Azərbaycan  dövlətinin  sələfinə 

çevrilərək  gələcək  müstəqilliyimizin  zəruri  şərtlərini  təmin  etmişdir.  Lakin  obyektiv  səbəblərdən  ölkəmizin 

nəinki tarixi coğrafiyasına, hətta Qərbinə, Şimalına belə tam nəzarət etmək, müxtəlif etnosları vahid ideologiya 

ətrafında  birləşdirib  superetnos  yaratmaq  gücündə  olmayan  Cümhuriyyəti  milli  dövlətçilik  təfəkkürümüzün 

daha çox metaforik təzahürü kimi nəzərdən keçirənlər, bu mənada, kifayət qədər haqlı görünürlər. 

Tarixi  reallıqlar  sübut  edir  ki,  hazırkı  müstəqil,  suveren,  qüdrətli  Azərbaycan  xalqımızın  ən  böyük  şansı  - 

özünüifadə və özünütəsdiq imkanıdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada soyuq müharibənin başa 

çatması, məşhur sosioloq Alvin Tofflerin təbirincə desək, "demokratiyanın üçüncü dalğası" fonunda meydana 

çıxan mürəkkəb proseslərin, o cümlədən mili-azadlıq hərəkatının nəticəsi kimi istiqlaliyyətini bərpa etmək şansı 

qazanmış  Azərbaycan  müstəqilliyin  ilk  illərində  məhz  Heydər  Əliyev  fenomeninin  rəhbərliyi  altında  böyük 

faciələrdən, məşəqqətlərdən qurtularaq özünün milli inkişaf yoluna qədəm qoymuşdur. 

Müasir Azərbaycanın 1993-cü ilin 15 iyunundan başlanan yeni inkişaf tarixi - respublikanın böyük iqtisadi, 

siyasi, hüquqi, sosial, mədəni islahatlar həyata keçirməsi, özünəməxsus milli inkişaf modelini formalaşdırması, 

dünya  miqyasında  layiqli  yerini  tutması,  müstəqil  siyasət  yürütməsi  ilə  səciyyəvidir.  Bu  tarixin  cənab  İlham 

Əliyevin prezidentliyi dövrünə təsadüf edən son 10 ilində isə respublikamız zamanı qabaqlayan inkişaf tempi ilə 

dünyanı  heyrətləndirmişdir.  2003-cü  ildə  xalqın  böyük  dəstəyi  ilə  hakimiyyət  estafetini  götürən  cənab  İlham 

Əliyevin  ötən  illərdəki  çoxşaxəli  fəaliyyətinin  qayəsində  məhz  milli  ideyaların  gerçəkləşdirilməsi  dayanır. 

Dövlət başçısı ulu öndər Heydər Əliyevin irəli sürdüyü inkişaf strategiyasını inamla davam etdirməklə yanaşı, 

yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel 

şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır. Cənab İlham Əliyevin prezidentliyi dövründə 

məhz  bu  postulat  əsas  götürülmüş,  iqtisadiyyat  həyata  keçirilən  çoxşaxəli  islahatların  əsas  ağırlıq  mərkəzini, 

nüvəsini təşkil etmişdir. 

Başqa  sözlə,  praqmatik  liderlik  keyfiyyətlərinə  malik  möhtərəm  İlham  Əliyev  keyfiyyətcə  yeni  mərhələdə 

Azərbaycanın  müasir  dövlətə  çevrilməsini  və  tam  müstəqil  siyasət  yürütməsini  milli  ideyanın  başlıca  hədəfi 

kimi  müəyyənləşdirmişdir.  İqtisadi  məsələlərə  xüsusi  diqqətin  ayrılması  da  əsaslı  yanaşma  olaraq  dövlət 

müstəqilliyinin  iqtisadi  bazisini  möhkəmlətmək,  cəmiyyətin  davamlı  inkişafı  üçün  zəmin  hazırlamaq 

məqsədindən irəli gəlmişdir. Ötən illərdə respublika iqtisadiyyatında islahatlar kursu inamla davam etdirilmiş, 

xüsusən  də  regional  inkişafa,  qeyri-neft  sektorunun  yüksəlişinə,  infrastrukturun  müasirləşdirilməsinə,  neft 

amilindən  asılılığın  azaldılmasına,  sahibkarlığın  inkişafına  və  güclü  insan  kapitalının  formalaşdırılmasına 

xidmət edən mühüm addımlar atılmışdır. 

Azərbaycanı  nəinki  Cənubi  Qafqaz  regionunda,  ümumilikdə  Avratlantika  geosiyasi  arealında  öz  sözü  və 

mövqeyi  olan,  səmərəli  iqtisadi  təşəbbüslərin  müəllifi  kimi  tanınan  dövlətə  çevirən  cənab  İlham  Əliyevin 

yürütdüyü  siyasət  dövlət  başçısının xalqın, dövlətin  gələcək  inkişafı ilə  bağlı  aydın  baxışlara  malik  olduğunu 

göstərir. İqtisadi-siyasi liberallaşmaya və demokratikləşməyə xidmət edən islahatların dərinləşdirilməsi, hər bir 

vətəndaşın  layiqli,  yüksək  həyat  şəraitinin  təmin  edilməsi  milli  ideyanın  mahiyyətində  qərarlaşmış  praktik 

məqsədlərdir.  Prezident  İlham  Əliyev  daxildə  möhkəm  ictimai-siyasi  sabitliyə,  qanunçuluğa  nail  olmadan, 

hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda kompleks addımlar atmadan xarici siyasət sahəsində 

hansısa uğurlu nəticələr əldə etməyin qeyri-mümkünlüyünü dəfələrlə bildirmişdir. 

İyunun 21-də Bakıda BMT-nin təşkilatçılığı ilə keçirilmiş "Azərbaycanda 2015-ci ildən sonrakı dövr üçün 

milli məsləhətləşmələrin nəticələrinin təsdiqi" mövzusunda konfransda çıxış edən Prezident Administrasiyasının 

rəhbəri, akademik Ramiz Mehdiyevin bildirdiyi kimi, son illər Prezident İlham Əliyevin rəhbərliyi altında əldə 

edilən  sosial,  iqtisadi  və  siyasi  uğurlar  Azərbaycanı  beynəlxalq  sistemin  vacib  amilinə  çevirmişdir. 

Azərbaycanın həyata keçirdiyi siyasi strategiyanın mahiyyəti və məqsədləri milli çərçivəni aşaraq bəşəriyyətin 

gələcəyi  naminə  uzunmüddətli  inkişafın  təmin  edilməsinə  xidmət  edir.  Prezident  İlham  Əliyevin  inam  və 

əzmkarlıqla həyata keçirdiyi siyasi xətt, davamlı islahatlar Azərbaycan iqtisadiyyatının rəqabətə davamlılığını 

artırmış, insan inkişafı  indeksində yüksəlişini təmin etmiş, sürətlə irəliləyən azsaylı dünya ölkələrindən birinə 




çevirmişdir.  Bu  siyasət  2015-ci  ildən  sonra  da  indiki  sosial-iqtisadi  inkişaf  tempini  qorumaqla  Azərbaycanın 

sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin edir. 

Akademik  Ramiz  Mehdiyev  haqlı  olaraq  vurğulamışdır  ki,  Minilliyin  İnkişaf  Məqsədlərinə  nail  olmaqla 

Azərbaycan  insan  kapitalını  yüksək  inkişaf  səviyyəsinə  çatdıra  bilmişdir:  "2015-ci  ildən  sonrakı  dövrdə 

Azərbaycanın  inkişafının  əsasını  insan  kapitalı  təşkil  edəcəkdir.  Bu  o  demək  deyildir  ki,  Azərbaycan  enerji 

dövləti  kimi  əhəmiyyətini  itirəcəkdir.  Əksinə,  ölkəmiz  inkişafının  yeni  əsaslarını  təyin  edərək  biliklərə  və 

innovasiyalara  əsaslanan,  qloballaşan  dünyanın  müasir  tələb  və  çağırışlarına  cavab  verən  iqtisadiyyatını 

təkmilləşdirəcəkdir". 

Prezident Administrasiyasının rəhbəri həmçinin qeyd etmişdir ki, Azərbaycanda qurulan iqtisadi model öz 

humanizmi  ilə  sosial  bazar  konsepsiyasına,  insan  kapitalına  əsaslanan  bilik  iqtisadiyyatı  fəlsəfəsinə, 

əhatəliliyinə,  davamlı  inkişaf  prinsiplərinə  və  maraqların  uzlaşdırılmasına  görə isə  sosial  korporatizmə  uyğun 

gəlir. Bu model qeyri-adiliyi ilə sosial-iqtisadi və mədəni inkişafı balanslı və əhatəli şəkildə təmin edir, ekoloji 

tarazlığı  qoruyur  və  cəmiyyətin  siyasi  sabitliyi  üçün zəmin  kimi  çıxış edir.  Bunun  nəticəsidir  ki,  Azərbaycan 

Davamlı İnkişaf Məqsədləri (DİM) üzrə Milli Məsləhətləşmələr aparmaq üçün seçilən 80 ölkədən biridir. 2012-

ci  ildə  Prezident  İlham  Əliyevin  təşəbbüsü  ilə  qəbul  edilmiş  "Azərbaycan  2020:  gələcəyə  baxış"  İnkişaf 

Konsepsiyası və BMT-nin Davamlı İnkişaf Məqsədləri arasında uyğunluğun olması onu göstərir ki, Azərbaycan 

dövləti  öz  inkişafını  qlobal  çağırışlar  və  təmayüllər  nəzərə  alınmaqla  qurur.  Minilliyin  İnkişaf  Məqsədləri 

çərçivəsində Azərbaycan dövləti əldə etdiyi uğurları 2015-ci ildən sonra Davamlı İnkişaf Məqsədlərinə uyğun 

şəkildə daha da irəli aparacaqdır. 

  

Böhran yaşayan Avropanın "göz dağı" 



  

Azərbaycan müstəqillik illərindəki yüksək iqtisadi, siyasi, hüquqi və mədəni inkişafı ilə ona "geridə qalmış 

Şərq  ölkəsi"  yarlığını  yapışdırmaq  istəyən  qüvvələrin  məkrli  niyyətlərini  hər  zaman  puç  etmiş,  sivil  Avropa 

dəyərlərinə  sadiqliyini  sübuta  yetirmişdir.  Fəqət,  respublikamızın  regionda  tam  müstəqil  siyasət  yeritməsi  və 

əsas  söz  sahiblərindən  birinə  çevrilməsi,  Avropanın  enerji  təhlükəsizliyində  aparıcı  ölkələrdən  olması,  qlobal 

böhrandan  sarsılan  ölkələrin  iqtisadiyyına  sərmayə  qoyaraq  onları  labüd  iflasdan  sığortalaması  bu  geosiyasi 

məkanda  müəyyən  dairələri,  o  cümlədən  bəzi  dövlətləri  bərk  narahat  edir.  Onlar  ərazi  və  əhali  baxımından 

nisbətən  kiçik  olan  Azərbaycanın  Avropa  məkanında  yeni  iqtisadi  və  siyasi  fenomenə  çevrilməsini,  inkişaf 

etmiş ölkələrlə bir cərgədə dayanmaq iddiasını qətiyyən "həzm edə" bilmirlər. 

Regionda müstəqil siyasət yürüdən, geosiyasi təzyiqləri inamla dəf edən respublikamıza təzyiq "rıçaqlarını" 

itirmələri  ilə  barışa  bilməyən  müəyyən  əcnəbi  qurum  və  təşkilatlar  "demokratiya  bayrağı"  altında  ənənəvi 

spekulyasiyalarından  əl  çəkmək  istəmirlər.  Son  10  ildə  "Amnesty  İnternational",  "Fredoom  House",  "Article-

19", "Human Rights Watch", "Norveç İnsan Haqları Evi" kimi təşkilatların hesabatlarında Azərbaycanla bağlı 

ifrat qərəzin yer alması, kiçik nöqsanların həddən artıq şişirdilməsi ölkə ictimaiyyəti üçün, müəyyən  mənada, 

adiləşmişdir. "Demokratiya çətiri" altında hələ də özünün imperialist ekspansiya siyasətini yürüdən, geosiyasi 

və  iqtisadi  maraqları  ətrafında  reveranslar  edən  bəzi  aparıcı  dövlətlərin,  eləcə  də  müəyyən  təşkilatların  "ikili 

standartları"  isə  nəinki  demokratik  ideallara  kölgə  salmış,  hətta  beynəlxalq  hüququ  iflic  duruma  gətirmişdir. 

Müstəqil  Azərbaycan  belə  ədalətsiz  təsirləri,  təzyiq  cəhdlərini  daim  öz  üzərində  hiss  etsə  də,  onları  əzmlə 

neytrallaşdırmış, demokratik inkişafın yalnız hüquqi, siyasi və iqtisadi islahatların paralelliyi şəraitində, təkamül 

nəticəsində mümkünlüyünü öz təcrübəsində sübuta yetirmişdir. 

Azərbaycan əleyhinə ənənəvi çirkin kampaniyaya son illərdə Avropa və dünya miqyasında müəyyən nüfuza 

malik  təşkilatların  da  qoşulması,  sadəcə,  təəssüf  hissi  doğurur.  Xüsusən  də  Avropa  İttifaqındakı  məlum 

dairələrin  nümayiş  etdirdiyi  nihilist  mövqenin  erməni  lobbisinin  maraqları  ilə  tam  uzlaşdığı  aydın  sezilir. 

Xatırladaq  ki,  hələ  2012-ci  ilin  mayında  təşkilatın  Azərbaycanla  bağlı  qəbul  etdiyi  "İnsan  hüquqları, 

demokratiya  və  hüququn  aliliyinin  pozulmasına  dair"  qətnamə  ölkə  ictimaiyyətinin  haqlı  narazılığı  ilə 

qarşılanmışdı.  Sənəddə  Azərbaycanda  guya  "Söz  və  mətbuat,  sərbəst  toplaşmaq  azadlıqlarının  həyata 

keçirilməsi ilə bağlı problemlərin mövcudluğu" vurğulanırdı. Məsələnin absurd tərəfi həm də ondan ibarət idi 

ki, Avropa Parlamentinin 5 fraksiyasının üzvlərinin iştirakı ilə keçirilən toplantıda qurumun 754 deputatından 

cəmi 56-sı iştirak etmiş, onların isə 49 nəfəri sənədin lehinə səs vermişdi. Avropa Parlamentinin təxirəsalınmaz 

prosedurları çərçivəsində, təxminən 30 dəqiqə davam edən dinləmələr nəticəsində tələm-tələsik qəbul edilmiş 

qətnamədə  çoxsaylı  yanlışlıqların,  yoxlanılmamış  müddəaların  əksini  tapması  onun  qərəzliliyinə  şübhə  yeri 

qoymurdu. 

Azərbaycanla bağlı qərəzli qətnamənin "təxirəsalınmaz məsələ" kimi gündəmə gətirilməsinin özü də normal 

məntiqə sığmırdı. Əslində, iqtisadi böhranın dərinləşdiyi, sosial problemlər səbəbindən kütləvi iğtişaşların baş 

verdiyi,  aksiyaların  son  zərurət  həddini  aşan  vasitələr  -  rezin  güllələr,  "bibər  qazı"  ilə  dağıdıldığı  Yunanıstan, 

İspaniya, İtaliya, Almaniya və digər Avropa ölkələrindən fərqli olaraq Azərbaycanda qeyri-adi, "təxirəsalınmaz" 

müzakirəyə  ehtiyac  duyulan  hansısa  fövqəlhadisə  baş  verməmişdi.  Avropa  İttifaqının  həmin  "qətnaməsi", 

sadəcə, "Evrovizon-2012" musiqi yarışması ərəfəsində respublikamızın nüfuzuna zərbə vurmaq, onu ləkələmək 




cəhdindən  savayı  nəsə  deyildi.  20  ildən  artıq  müddətdə  bir  milyondan  çox  azərbaycanlı  qaçqın  və  məcburi 

köçkünün  hüquqlarının  pozulmasına  biganə  mövqe  nümayiş  etdirən  bir  qurum  ciddi  araşdırma  aparmadan 

əsassız bir qətnamə qəbul etmişdi. 

Sirr deyil ki, bu gün də Avropa dövlətlərinin əksəriyyətində iqtisadi böhranla əlaqədar insanların sosial və 

mülki  hüquqlarının  təminatına  qarşı  yönəlmiş  tədbirlər  həyata  keçirilir.  İnsanlar  iş  yerlərini  itirir,  dövlət 

qulluqçularının  maaşları  azaldılır,  pensiya  yaşı  yüksəldilir.  Bütün  bunların  fonunda  Azərbaycanın  analoqu 

olmayan  dinamik  iqtisadi  inkişaf  yolu  keçməsi,  görünür,  Avropada  bəzi  dövlətləri,  qüvvələri  əməlli-başlı 

qayğılandırır.  Onlar  ənənəvi  olaraq  insan  hüquq  və  azadlıqları  mövzusunda  manipulyasiyalarını  davam 

etdirirlər. Halbuki, hazırda əksər Avropa ölkələrində insan hüquq və azadlıqlarının təminatı  ilə bağlı ciddi və 

total  problemlər  mövcuddur,  bu  dövlətlərdə  korrupsiyanın  tüğyan  etməsi  də  inkaredilməz  həqiqətdir.  Hətta 

Avropanın bu gün də ən nüfuzlu liderlərindən sayılan Jak Şirak, Nikola Sarkozi, S.Berluskoni və onlarla belə 

dövlət xadimi korrupsiyada ittiham olunur, sonuncu barəsində isə hətta məhkəmə hökmü də çıxarılmışdır. 

Azərbaycanın  tolerantlığın  və  multikultirializmin  ən  mükəmməl  modelinə  çevrildiyi  zamanda  Avropada 

siyasi, milli-etnik və dini dözümsüzlüyün özünü qabarıq göstərməsi bu ölkələrdə mənəviyyat problemlərini də 

kəskinləşdirmişdir. 

Əksər  Avropa  dövlətlərində  müsəlmanlar  açıq-aşkar  təqib  olunur,  dini  inanclarına  görə  təhqir  edilir, 

sıxışdırılırlar.  Bir  sıra  terror  aktlarının  məhz  müsəlmanlara  qarşı  həyata  keçirilməsi  bu  geosiyasi  arealda 

ekstremist  millətçilik  və  "islamafobiya"  əhval-ruhiyyəsinin  gücləndiyini  təsdiqləyir.  Müxtəlif  insanlar  və 

dövlətlər tərəfindən  törədilən analoji hadisələrə əks  münasibətlərin sərgilənməsi də özünü "ikili standart"ların 

bariz  nümunəsi  kimi  göstərir.  Məsələn,  ötən  il  Norveçdə  77  nəfəri  qətlə  yetirən,  məhkəmədə  öz  çirkin 

əməlindən  peşman  olmadığını  və  daha  çox  insanı,  habelə  müsəlmanı  öldürə  bilmədiyindən  təəssüfləndiyini 

bildirən Anders Breyvik cəmi 21 il müddətinə azadlıqdan məhrum edildiyi halda, güclü affekt vəziyyətində bir 

erməni  zabitini  qətlə  yetirdiyinə  görə  Macarıstanda  ədalətsiz  olaraq  ömürlük  həbs  cəzasına  layiq  görülmuş 

Ramil  Səfərovun  Azərbaycana  ekstradisiya  olunması  və  qanuni  prosedurlar  çərçivəsində  əfv  edilməsi  Avropa 

İttifaqının növbəti qərəzli bəyanatı ilə qarşılanmışdı. Ötən il sentyabr ayının 13-də Avropa Parlamentinin 754 

üzvündən cəmi 76 nəfərinin iştirakı ilə (onlardan da 58 nəfərin sənədin lehinə, 13 nəfərin isə əleyhinə) qəbul 

olunmuş qətnamədə "Ramil Səfərovun Azərbaycanda qəhrəman kimi qarşılanması, ona mayor rütbəsi verilməsi 

və  8  illik  maaşının  ödənilməsindən,  onun  gələcək  nəsillərə  qoyacağı  nümunədən"  narahatlıq  ifadə  olunurdu. 

Lakin nədənsə Avropa parlamentariləri Azərbaycan torpaqlarının 20 faizinin hələ də işğal altında olmasını, bir 

milyondan  artıq  azərbaycanlının  qaçqın  və  məcburi  köçkün  vəziyyətində  yaşamasını,  Xocalıda  və  digər 

ərazilərdə  törədilmiş  soyqırımı  aktlarını,  bütün  dünyanın  terrorçu  kimi  tanıdığı  M.Melkumyanın  azadlığa 

buraxılaraq  Ermənistanın  "milli  qəhrəmanı"  adına  layiq  görülməsini  "gələcək  nəsillərə  nümunə"  hesab 

etməmişdilər. 

Nəhayət,  2013-cü  il  iyunun  13-də  Avropa  İttifaqı  Azərbaycana  qarşı  növbəti  qərəzli  qətnaməsini  qəbul 

etmişdir.  Cəmi  32  ermənipərəst  deputatın  səsverməsi  ilə  qəbul  olunmuş  bu  qətnamənin  prezident  seçkiləri 

ərəfəsində  respublikamıza  qarşı  şantaj  və  təhdid  niyyəti  güddüyünü  xüsusi  vurğulamağa  ehtiyac  yoxdur. 

Qarabağdakı  separatçı  rejimi  "müstəqil  dövlət  kimi  tanıyan",  Azərbaycanın  işğal  olunmuş  ərazilərinə  qeyri-

qanuni  səfərlər  edən,  Xocalıda  cəmi  6  azərbaycanlının  öldürüldüyünü  deyən  bir  neçə  ermənipərəst  deputatın 

iştirakı  ilə  qəbul  olunan  bu  qətnamənin  reallıqdan  tamamilə  uzaq  olduğunu  isə  xüsusi  vurğulamağa  ehtiyac 

yoxdur.  "Qətnamə"  yalnız  və  yalnız  suveren  dövlətin  daxili  siyasətinə  kobud  müdaxilə,  hüququn  aliliyinə 

hörmətsizlik kimi dəyərləndiririlə bilər. 

Azərbaycan isə bəzi Avropa ölkələrindən 

fərqli  olaraq,  bu  gün  həm  də  sivilizasiyaların  qovuşduğu,  multikulturalizmin  mövcud  olduğu  məkan  kimi 

tanınır.  Məşhur  siyasi  xadim  Mahatma  Qandi  deyirdi  ki,  "Günümüzün  ehtiyacı  yalnız  bir  din  deyil,  müxtəlif 

dinlərin  tərəfdarlarına  qarşı  qarşılıqlı  hörmət  və  dözümlülükdür".  Bu  gün  Azərbaycan  tolerantlıq  səviyyəsinə 

görə  Almaniya,  Fransa,  Böyük  Britaniya,  ABŞ,  Hollandiya  və  s.  kimi  dövlətlərə  nümunə  ola  bilər.  Yeri 

gəlmişkən,  may  ayında  Bakıda  keçirilmiş  İkinci  Mədəniyyətlərarası  Dialoq  Forumu  da  Azərbaycanda  yüksək 

tolerantlığın və multikulturalizmin mövcud olduğunu təsdiqləmişdir. 

  

Uğursuz "Ərəb baharı" və Türkiyə ilə bağlı puça çıxmış məkrli niyyətlər 

  

2011-ci ildən başlayaraq işsizlik, səfalət, yoxsulluq, eləcə də elementar insan hüquqlarının pozulması və bu 



qəbildən  olan  digər  ciddi problemlər  zəminində  bir sıra  ərəb  dövlətlərində  baş  qaldırmış  inqilabların  uğursuz 

sonluğu  regiona  zor  gücünə  "İnkişaf  və  demokratiya  gətirməyə  çalışan"  bir  sıra  Qərb  dövlətlərinin  əslində, 

imperialist mövqedən çıxış etdiklərini təsdiqləyir. Hər halda, neftlə zəngin olmayan Suriyadakı qanlı hadisələrə 

2 il ərzində seyrçi münasibətin mövcudluğu düşünmək üçün ciddi əsaslar verir. 

Demokratiya  çətiri  altında  yürüdülən  ekspansiya  siyasəti  bundan  əvvəl  İraq  və  Əfqanıstanda  süquta 

uğramışdı.  İraqda  on  ildən  artıq  müddətində  "kimyəvi  silah  istehsalı  zavodlarının  axtarışı"  heç  bir  nəticə 

vermədi.  Liviya,  Tunis,  Misir  "inqilablar"ının  nəticələri  isə  göz  qabağındadır.  İnqilabların  baş  verdiyi, 



hakimiyyətlərin əvəzləndiyi ərəb ölkələrinin sonu görünməyən qeyri-sabitlik, iqtisadi tənəzzül, xaos və anarxiya 

girdabına  sürüklənməsi  "demokratiya  ixracatçıları"nın  növbəti  fiaskosu  kimi  dəyərləndirilə  bilər.  Həmin 

ölkələrdə yoxsulluq, səfalət daha geniş miqyas almış, humanitar fəlakətin miqyası böyümüşdür. Bir sözlə, bu 

inqilablar faktiki olaraq xalqlara çoxsaylı problemlər gətirmişdir. 

İmprelializmin tarixi göstərir ki, dünyada hegemonluğa can atanlar bu və ya digər ölkənin sərvətini talamaq 

üçün  hədəf  olaraq  seçdikləri  ölkələrdə  marionet  hakimiyyətlərin  formalaşmasına  xüsusi  diqqət  yetiriblər.  Bu, 

de-fakto  həyata  keçirilən  istilaya  hüquqi  don  geyindirmək  baxımından  zamanın  sınağından  çıxarılmış  taktika 

hesab olunur. Məhz elə bu baxımdan da ərəb dünyasında cərəyan edən məlum hadisələrə əslində yeni bir dalğa 

yox, Əfqanıstan və İraqda reallaşdırılmış ssenarilərin davamı kimi baxmaq daha düzgündür. Həmin ssenarilərin 

dirijoru qismində çıxış edənlər isə yeni-yeni müsəlman ölkələrini "inqilablara" - xaosa, tənəzzülə, parçalanmaya 

sürükləməyə çalışırlar. 

Növbəti  ekspansiya  hədəfi  kimi  Avropada  iqtisadi,  siyasi,  hərbi  qüdrəti  ilə  seçilən,  demokratikləşmə 

sahəsində  uğurlara  imza  atan  Türkiyənin  seçilməsi  də  qətiyyən  təsadüfi  görünmür.  Türkiyənin  son  10  ildə 

yüksək tərəqqi yoluna qədəm qoyması, sənayeləşmə sahəsində böyük uğurlar qazanması, regional liderliyi ələ 

alması  və  ən  başlıcası,  Qərbin  imperialist  iddialarına  qarşı  cəsarətli,  prinsipial,  barışmaz  mövqe  sərgiləməsi 

müəyyən ölkələri qətiyyən razı salmır. Türkiyəni Avropa İttifaqına buraxmamaq üçün dəridən-qabıqdan çıxan 

həmin  ölkələr  qardaş  ölkənin  geridə  qalmış  ərəb  ölkələrindən  heç  nə  ilə  fərqlənmədiyini  sərgiləmək  üçün 

müəyyən  təxribatçı  aksiyalara  aşkar  dəstək  verdilər.  Baş  nazir  Rəcəb  Tayyib  Ərdoğan  "Gəzi  parkı"  ətrafında 

cərəyan edən məlum hadisələrlə bağlı "Siz  kimsiniz ki, mənim ölkəmlə bağlı qərar qəbul edirsiniz?" deyəndə 

məhz  həmin  dövlətləri  nəzərdə  tuturdu.  Qərbin  müəyyən  dairələrinin  Gəzi  parkı  ətrafında  kənar  diktə  ilə 

cərəyan edən xaotik hadisələrə "ikili standartla yanaşması" da qətiyyən təəccüb doğurmurdu. Bunun nəticəsidir 

ki,  ərəb  ölkələrində  azğınlaşmış  kütlə  ABŞ  səfirliyini  darmadağın  edərək  səfiri  qətlə  yetirəndə  ekstremist-

islamçı qüvvələr, Türkiyədə Gəzi parkında oxşar iğtişaşlar törədəndə isə "demokratlar" kimi qələmə verilirlər. 

Fəqət,  xalqdan  ciddi  dəstək  alan  Türkiyə  iqtidarı  bu  ölkənin  imicinə  xələl  gətirmək,  burada  zorakı  yolla 

hakimiyyət dəyişikliyinə nail olmaq istəyənlərin çirkin niyyətlərini gözündə qoydu. 

Ərəb ölkələrindən başlayan ekspansiya siyasəti Türkiyədə böyük uğursuzluqla üzləşdi. Məlum qüvvələrə o 

da  aydın  oldu  ki,  bu  cür  məkrli  cəhdləri  Azərbaycan  kimi  qüdrətli,  güclü  dövlətdə  də  "sınaqdan"  çıxarmaq 

ümumiyyətlə mümkünsüzdür! 

  

Azərbaycan təzyiqləri inamla dəf edir 

  

Türkiyədə  baş  verən  proseslər  və  Avropa  İttifaqının  Azərbaycanla  bağlı  tələm-tələsik  qərar  qəbul  etməsi 



erməni lobbisi və antitürk şəbəkəsinin tam gücü ilə fəallaşdığını deməyə əsas verir. İki strateji müttəfiq ölkənin 

regionda potensial güc kimi çıxış etmələri, habelə türk dünyasını birləşdirmək səyləri ermənipərəst dairələri, o 

cümlədən Avropanın bir sıra dövlətlərini qətiyyən razı salmır. 

Avropa İttifaqının Azərbaycanla bağlı qətnaməsinin ölkə başçısı İlham Əliyevin Brüsselə səfəri ərəfəsində 

qəbul  olunması  faktını  qətiyyən  təsadüfi  saymaq  olmaz.  Aşkar  görünür  ki,  Avropanın  bəzi  ölkələri  hələ  də 

şantaj  və  təhdidlərlə  respublikamızı  iqtisadi  məsələlərdə  guya  hansısa  güzəştlərə  məcbur  edəcəklərinə  ümid 

bəsləyirlər.  Halbuki,  ölkə  iqtidarı  milli  məsələlərdə  güzəşt  mövqeyi  tutmadığını  dəfələrlə  nümayiş  etdirib  və 

bunu Prezdent İlham Əliyevin Brüsselə son səfəri bir daha təsdiqlədi. 

Avropa Komissiyasının sədri Xose Manuel Barrozu Azərbaycanın Avropa İttifaqı üçün mühüm  və etibarlı 

tərəfdaş  olduğunu  vurğulamaqla  yanaşı,  respublikamızın  iqtisadi  inkişaf,  demokratikləşmə  və  insan 

hüquqlarının təminatı sahəsindəki uğurlarını etiraf etmişdir: "Azərbaycan bizim üçün çox mühüm tərəfdaşdır. 

Biz enerji sahəsində etibarlı əməkdaşlıq qurmuşuq. Bunu rəhbər tutaraq, biz demokratiya və ümumi dəyərlərə, 

xüsusən  insan  hüquqları  və  fundamental  azadlıqlara  əsaslanan  uzunmüddətli  əməkdaşlığa  istiqamət 

götürmüşük... Beləliklə, bu gün böyük hörmət etdiyimiz Azərbaycanda, müstəqil suveren ölkədə olan vəziyyətə 

baxsanız,  görərsiniz  ki,  Azərbaycan  nə  qədər  yol  keçib  və  biz  əldə  edilmiş  çox  böyük  irəliləyişi  etiraf 

etməliyik...  Şəxsən  əminəm  ki,  Prezident  Əliyev  suveren  Azərbaycanın  rəhbəri  kimi  ölkəsinin 

müasirləşdirilməsinə  olduqca  sadiqdir.  O  bu  ölkənin  imici  və  nüfuzuna  xüsusi  diqqətlə  yanaşır.  Ölkə  isə 

həqiqətən çox mühüm irəliləyişə nail olub". 

Bununla  belə,  Avropada  müəyyən  dövlətlərin  və  təşkilatların  Azərbaycana  qarşı  qərəzli  mövqeyinin 

səbəbləri  kifayət  qədər  üzdədir:  son  illər  respublikamız  iqtisadi  və  siyasi  baxımdan  kifayət  qədər  güclənərək 

regionda  inkişafını  məhz  daxili imkanları  hesabına  təmin  edən  yeganə  dövlətə  çevrilmişdir.  Qarşıya  qoyduğu 

bütün  hədəflərə  uğurla  yetişən  respublikamız  özünəməxsus  milli  inkişaf  modeli  ilə  müasir  dünyanın  yeni 

iqtisadi  fenomeninə  çevrilmək  əzmi  nümayiş  etdirir.  İqtisadi  sahədə  əldə  olunan  uğurlar  Azərbaycanda 

vətəndaşlarla iqtidarın mənəvi birliyini gücləndirməklə yanaşı, həm də ölkənin xarici siyasət sahəsində inamlı, 

qətiyyətli mövqeyini təmin edir. Uzun illər regionda "siyasi orbitr" rolunda çıxış etməyə iddialı bəzi dövlətlərin 

hazırda respublikamıza bərabərhüquqlu tərəfdaş kimi yanaşmaq məcburiyyətində qalması, rəsmi Bakı ilə təzyiq 

dilində  danışmağın  mənasızlığını  dərk  etməsi  də  Azərbaycan  diplomatiyasının  mühüm  uğurlarından  biridir. 



Respublikamız  milli  maraqları  ilə  bağlı  məsələlərdə  heç  bir  dövlətə,  hətta  ən  yaxın  müttəfiqlərinə  də  güzəştə 

getmək  niyyətində  olmadığını  dəfələrlə sübuta  yetirmişdir.  Bu prinsipial  və  qətiyyətli  yanaşma  ölkənin daxili 

işlərinə  kobud  şəkildə  müdaxilə  etməyə,  bu  yolla  iqtisadi-siyasi  maraqlarını  gerçəkləşdirməyə  çalışan  bəzi 

dövlətlərə,  beynəlxalq  qurumlara,  transmilli  korporasiyalara  münasibətdə  özünü  daha  kəskin  şəkildə 

göstərmişdir. Ölkə rəhbərliyi bu gün də iqtisadi və siyasi islahatları hansısa dövlətin və ya beynəlxalq qurumun 

diktəsi altında deyil, elmi prinsiplərlə reallaşdırdığı mükəmməl strategiya əsasında aparır. 

Təəssüf doğuran haldır ki, bu gün  təəssübkeşliklə Ermənistanın beynəlxalq hüquq normalarını kobud şəkildə 

pozaraq işğalçılıq siyasəti yürütməsini etiraf etmək istəməyən Qərbin "demokratiya carçıları" Azərbaycandakı 

xırda çatışmazlıqları süni şəkildə şişirdir, təcavüzkar dövlətin daxilində cərəyan edən antidemokratik proseslərə, 

antihumanist,  zorakı  addımlara  isə  göz  yumurlar.  Ermənistanda  2008-ci  ilin  prezident  seçkilərini  xatırlayaq: 

İrəvanda hakimiyyətdə olan rejim seçkilərdə total saxtakarlığa yol verdi, bu prosesə qarşı çıxan müxalifətçilərə 

amansızcasına  divan  tutdu.  Hökumət  qüvvələri  odlu  silahdan  açılan  atəşlə  onlarla  nümayişçini  qətlə  yetirdi, 

yüzlərlə müxalifətçi həbs edildi. Yerevanda fövqəladə vəziyyət elan olundu, prezidentliyə ən real namizəd ev 

dustağına çevrildi. Nəinki mətbuat, hətta internet üzərində də senzura tətbiq edildi. Bu proses bir neçə ay öncə 

yenidən  təkrarlandı.  Qərbin  demokratiya  "təəssübkeşləri"  isə  baş  verənləri  tez  zamanda  unutmağa  və 

unutdurmağa çalışdılar. Azərbaycan torpaqlarının 20 faizindən çoxunun Ermənistan tərəfindən işğalını rəsmən 

etiraf edən BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi isə Avropada nədənsə "yada düşmür". 

Azərbaycanın  bölgənin  faktiki  güc  mərkəzinə  çevrilməsi  ilə  heç  cür  barışa  bilməyən  bədnam  qüvvələr 

narahatlıqlarını  müxtəlif  formada  izhar  etdirir,  ölkəmizə  qarşı  "təzyiq  rıçaqları"  tapmağa  çalışırlar.  "İkili 

standartlar"ın  əsirinə  çevrilən  bəzi  dövlətlər  və  beynəlxalq  təşkilatlar  ölkədə  demokratik  proseslərin 

dərinləşməsini,  vətəndaşların  maddi  rifah  halının  yaxşılaşmasını  qətiyyən  arzulamırlar  və  hələ  də 

sadəlövhcəsinə  ümid  edirlər  ki,  hansısa  süni  problemlər  uydurmaqla  ölkə  rəhbərliyinə  "təsir  imkanı"  qazana 

bilərlər. 

  

Demokratikləşmənin təkamül yolu 



  

Ötən 20 ildə inkarçı və qaragüruhçu mahiyyətini dəyişməyən, yaxud seçki kimi mühüm siyasi kampaniyaya 

"eksperiment"  kimi  yanaşan  təsadüfi  adamların  ictimai  dəstək  qazanması  mümkün  deyildir.  İddiaları  ilə 

imkanları qətiyyən uzlaşmayan, düşdükləri umsuq vəziyyətdən psixoloji durumları tamamilə pozulan aqressiv 

müxalifət  təmsilçiləri  bir  həqiqəti  də  unudurlar  ki,  orta  statistik  azərbaycanlı  bütün  məsələlərdə  mövcud 

reallıqdan  çıxış  edir.  90-cı  illərin  əvvəllərində  olduğu  kimi,  kimisə  yalan  vədlərlə  aldatmaq,  yaxud  populist 

çağırışlarla ələ almaq qeyri-realdır. Azərbaycan gerçəkliyi budur ki, xalq ölkənin son illərdə əldə etdiyi böyük 

nailiyyətləri  görmək  istəməyən,  radikalizm  mərəzindən  qurtula  bilməyən  məlum  qüvvələri  dəstəkləmir.  Cılız 

şəxsi  mənafeyi  naminə  dövlətin,  xalqın  maraqlarını  hər  an  ayaq  altına  atmağa  hazır  olduqlarını  nümayiş 

etdirənlər vətəndaşların sərt qınağına, etirazlarına tuş gələrək tarixin arxivinə atılır. 

Fəqət,  nə  etməli,  aqressiv  müxalifət  məğlubiyyəti  asanlıqla  etiraf  etmək  niyyətində  deyil.  Əksinə,  ağır 

psixoloji  durumda  olan  bu  qüvvələr  növbəti  prezident  seçkiləri  ərəfəsində  antiazərbaycançı  şəbəkənin  bütün 

sifarişlərini  "cani-dildən"  icra  edərək  Azərbaycanın  imicinə  xələl  gətirmək  üçün  dəridən-qabıqdan  çıxırlar. 

Ölkəmizin  bölgədə  müstəqil,  suveren  dövlət  kimi  mövcudluğundan  əndişələnən  müəyyən  daxili  və  xarici 

qüvvələr  seçki  ərəfəsində  yenə  bir  araya  gəliblər.  Hədəfdə  yenə  də  Azərbaycan  dövlətinin,  xalqın  milli 

maraqlarıdır. Lakin Azərbaycanda hər hansı inqilab gözləyənlərin bu xülyalarının əbəsliyi ötən illərin seçkiləri 

fonunda tam təsdiqini tapmışdır. 

Azərbaycan demokratik inkişafın yalnız təkamül yolunu qəbul edir və bu istiqamətdə inamlı addımlar atır. 

Keçid dövrünü yaşayan ölkələrdə demokratiyanın tətbiqinin problematik cəhətləri akademik Ramiz Mehdiyevin 

"Keçid  dövrü  cəmiyyətlərində  demokratiya"  adlı  elmi  məruzəsində  səhih  şərhini  tapmışdır.  Bir  neçə  il  öncə 

Bakıda  eyniadlı  mövzuda  keçirilən  beynəlxalq  konfransda  çıxış  edən  akademik  hesab  edirdi  ki,  konkret 

məkanda  demokratiyanın  səviyyəsini  dəyərləndirən  mərkəzlər  bəzən  müəyyən  standart  meyarlardan  çıxış 

edirlər.  Bu  da  həmin  dövlətlərdə  demokratiyanı  tətbiq  edənlərlə  dünyada  demokratiyanın  səviyyəsini 

dəyərləndirən  mərkəzlər  arasında  müəyyən  ziddiyyətlər  yaradır.  Eyni  zamanda  bu  meyarlar  keçid  dövrü 

cəmiyyətlərində demokratiyanın səviyyəsini tam dolğun dəyərləndirməyə imkan vermir. 

Görkəmli dövlət xadimi keçid dövrü cəmiyyətləri üçün xarakterik olan bir məqama da xüsusi toxunaraq qeyd 

etmişdir  ki,  həyata  keçirilən  hər  hansı  siyasi-hüquqi  islahat  ictimai  şüur  səviyyəsi  ilə  uzlaşmalı,  təkamülə 

əsaslanmalı,  anarxiya  və  xaos  mühitinin  formalaşmasına  gətirib  çıxarmamalıdır.  Burada  söhbət,  ilk  növbədə, 

demokratiyanın  süni  şəkildə  ixrac  edilməsinin  doğura  biləcəyi  fəsadlardan  gedir.  Eyni  zamanda  demokratiya 

limitinin həddindən çox aşılması nəticəsində yaranmış hərc-mərclik, özbaşınalıq mühiti demokratik təsisatlara 

və  cəmiyyətin  özünə  təhlükə  doğurur.  Demokratik  ölkələrin  təcrübəsi  də  təsdiqləyir  ki,  kəskin  sıçrayışlarla 

müşayiət  olunan  bütün  islahatlar,  təfəkkürün  tez  bir  zamanda  yenidən  formalaşması  praktik  olaraq  qeyri-

mümkündür.  Bütün  bunları  peşəkarlıqla  diqqətə  çəkən  akademik  Ramiz  Mehdiyev  tamamilə  doğru  olaraq 

demokratik cəmiyyətin yaradılmasında təkamül yoluna üstünlük verilməsi ideyasını ön plana çəkmişdir. 




Azərbaycanda dünya ölkələrinin heç birinə bənzəməyən, özünəməxsus iqtisadi və siyasi inkişaf modelinin 

formalaşması  faktı  tam  təsdiqini  tapmışdır.  Demokratik  quruculuq  yolu  ilə  gedən  respublikamız  həssas  bir 

bölgədə yerləşsə də, onun həm iqtisadi, həm siyasi, həm də digər sahələrdə milli inkişaf modeli formalaşmışdır. 

Bir sıra postsovet dövlətlərində analoji tranzit "məxməri inqilab" ssenarilərinə əsaslandığı halda, Azərbaycanda 

demokratik inkişaf suverenlik və özünütəminetmə prinsiplərinə söykənir. 

Akademik Ramiz Mehdiyev haqlı vurğulayır ki, əsrlər boyu təşəkkül tapmış milli ənənələri bir anda məhv 

etmək mümkün deyildir. Və əgər ölkənin həyatına kənardan müdaxilənin nəyə gətirib çıxaracağı barədə ümumi 

təsəvvür  yoxdursa,  dövlətin  tarixi  inkişafının  xüsusiyyətlərinə  və  xalqın  mentalitetinə,  habelə  dövlətdə 

formalaşmış  qaydalara  məhəl  qoymamaq  tamamilə  fəsadlı  və  səhv  yanaşmadır.  Prezident  Administrasiyası 

rəhbərinin demokratiyanın inkişafının bütün cəmiyyətlərdə eyni modelə, standart meyarlara əsaslana bilməməsi 

barədə  rəyi  isə,  necə  deyərlər,  əlavə  şərhə  lüzum  duymayan  həqiqətdir:  "ABŞ,  İngiltərə,  Almaniya,  Fransa, 

İsveç  və  digər  dövlətlər  özlərinin  yüksəlişinə  görə  demokratik  quruluşa  və  demokratiyanın  konkret  modelinə 

borcludur. Ancaq hansı modelə? Heç bir ciddi tədqiqatçı iddia etməz ki, bu dövlətlərin hamısı özlərində formaca 

vahid  demokratiya  qurmuşdur.  Bu  dövlətlər  də  demokratiyanın  universal  dəyərlərindən  bəhrələnərək, 

demokratik inkişafı hər bir ölkənin mədəni-tarixi inkişafının xüsusiyyətləri ilə uzlaşdırırlar". 

Demokratik  dəyər  və  normaların  cəmiyyətdə  möhkəmlənməsi,  özünə  möhkəm  dayaqlar  tapması  üçün,  ilk 

növbədə, insanların maddi rifah halı, yaşayış və düşüncə tərzi mütərəqqi dəyişikliklərə məruz qalmalıdır. Maddi 

sıxıntılar  içərisində  yaşayan  insan  azad  ola  bilməz  və  iqtisadi  baxımdan  inkişaf  etməmiş  hansısa  cəmiyyətdə 

demokratiya  qurmaq  mümkün  deyildir.  Demokratiyanın  fundamental  şərti  məhz  azadlıqdır  -  insanın  tam 

azadlığı  isə  təkcə  qanunun  və  hüquq  qaydalarının  deyil,  həm  də  iqtisadi  müstəqilliyin  hökm  sürdüyü 

cəmiyyətlərdə mümkün ola bilər. Aforizmə çevrilmiş "İqtisadi müstəqilliksiz, ümumiyyətlə müstəqillik yoxdur" 

ifadəsi də bu fikri daha aydın əks etdirir. 

Liberal  demokratiyanın  başlıca  şərti  sağlam  və  güclü  orta  sinfin  mövcudluğudur  və  bunsuz  demokratik 

inkişafdan  söhbət  belə  gedə  bilməz.  Azərbaycan  da  bu  reallıqları  nəzərə  alır,  demokratikləşmənin  iqtisadi 

tərəqqi prosesi ilə paralel şəkildə aparılmasını təmin edir. Həyata keçirilən iqtisadi, siyasi və hüquqi islahatlar 

ölkəmizin  2020-ci  ilədək  qarşıya  qoyduğu  ən  başlıca  hədəfi  uğurla  reallaşdıracağına  -  inkişaf  etmiş  ölkələr 

səviyyəsinə yüksələcəyinə hansısa şübhə yeri qoymur. Bu baxımdan "İqtisadi inkişafın Azərbaycan modeli" ilə 

yanaşı,  "Demokratik  inkişafın  Azərbaycan  modeli"  də  milli  ideyanın  reallaşmasına  xidmət  edir  və  dünyanın 

mütərəqqi inkişaf meyilləri ilə tam uzlaşır. 

  

İxtiyar HÜSEYNLİ. 



Yüklə 205,58 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə