“Azərbaycan”. 2014. 28 sentyabr.№212. S. Mir Cəlal həqiqətləri



Yüklə 195,23 Kb.
Pdf görüntüsü
tarix08.07.2018
ölçüsü195,23 Kb.
#53825
növüYazı


“Azərbaycan”.-2014.-28 sentyabr.-№ 212.-S. 5. 

 

Mir Cəlal həqiqətləri 

 

Mir Cəlal Paşayev Azərbaycan ədəbiyyatında və filoloji fikrində bir yazıçı və alim kimi öz yolu olan 

şəxsiyyət  idi.  Ədib  XX  əsr  Azərbaycan  ədəbiyyatı  tarixində  müəyyən    ədəbi  irs  yaradıb.  Bu  irs  öz 

dəyərini, bədii-estetik təravətini indiyədək saxlayır. Çünki M. Cəlalın  əlli illik bədii yaradıcılığı XX əsr 

Azərbaycan  gerçəkliyinin  sənətkarlıqla  qələmə  alınmış  canlı,  müəzzəm  lövhələridir.  O  əsərlərin  başlıca 

bədii məziyyəti ondadır ki, hansı quruluşda yazılmasından asılı olmayaraq, həyat həqiqətini ifadə edir. 

Mir Cəlal son dərəcə realist yazıçı idi. Bu gün belə onun əsərlərini oxuduqda təsvirlərin canlı olmasına 

və reallığına heyrət edirsən. Elə bil ki, həyat  hadisələri, insanlar, heç yazıçı müdaxiləsi olmadan birbaşa 

bədii əsərə köçürülüb. Amma belə deyil, Mir Cəlalın bədii nəsrindəki gerçəklik  yazıçının bədii qüdrətilə 

yaradılan gerçəklikdir. 

Mir Cəlalın özünəməxsus, bənzərsiz fərdi üslubu, yazı tərzi var. Bu mənada onu kimsəyə bənzətmək 

mümkün  deyil.  Amma  Mir  Cəlalı  ədəbi  prinsipinə,  həyatı  təsvir    üsulu  və  metodlarına  görə    Cəlil 

Məmmədquluzadə,  Əbdürrəhim  bəy  Haqverdiyev  kimi  XX  əsr  realistlərinin  davamçısı  saymaq  olar. 

Davamçı  olmaq  heç  də  yaranmış  ədəbi  məktəbin  prinsiplərini,  metod  və  üsullarını  kor-koranə  təqlid 

etmək deyil, o yaşarı ənənəyə, onun möhkəm və davamlı prinsiplərinə müasir bədii təfəkkürün tələbincə 

yeni çalarlar artırmaqdır. Bax, bu mənada yazıçı Mir Cəlalla Mirzə Cəlil və Haqverdiyev arasında sələf-

xələf münasibətlərindən, ədəbi varislik ələqələrindən söz açmaq olar. 

Mir  Cəlal  öz  elmi  fəaliyyətində  bu  iki  sənətkara  dönə-dönə  müraciət  etmişdir.  Tələbəsi  Firidun 

Hüseynovla  birgə  yazdığı    "XX  əsr  Azərbaycan ədəbiyyatı"  dərsliyində  hər iki  sənətkar  haqqında elmi 

oçerkin müəllifi Mir Cəlal Paşayevdir. Bundan başqa o,  "Azərbaycanda ədəbi məktəblər (1905-1917-ci 

illər)"  doktorluq  dissertasiyasında,  həmçinin  "Cəlil  Məmmədquluzadə  realizmi  haqqında"  sanballı 

monoqrafiyasında C. Məmmədquluzadə və Ə. Haqverdiyev  yaradıcılığından geniş söz açmışdır. Hələ biz 

1944-cü  ildə    çap  olunan  üçcildlik  "Azərbaycan  ədəbiyyatı  tarixi"ndə    XX  əsr  ədəbi  irsimizin  ən  əsas 

tədqiqlərinin də Mir Cəlal tərəfindən yazıldığını unutmuruq. 

Əvvəlcə  müəyyənləşdirək  ki,  Mir  Cəlalın  Cəlil  Məmmədquluzadə  və  Haqverdiyev,  eləcə  də  digər 

görkəmli sənətkarlar haqqında qələmə aldığı yazılar hansı elmi yenilikləri ilə seçilir. Çünki hər hansı bir 

pərəstişin  və  heyranlığın  arxasında  obyektiv  həqiqət  durur.  Mir  Cəlalın  "Nəsrimizin  baniləri"  adlı 

məqaləsində  oxuyuruq:  "Yarım  əsrlik  kəskin  mübarizədən  sonra  realizm-həyat  üslubu  qalib  gəldi. 

Axundovun  başladığı  şərəfli  işi  davam  və  inkişaf  etdirən  böyük  ədiblər  yarandı.  Bunların  içində  Ə. 

Haqverdiyev və Mirzə Cəlilin mövqeyini xüsusi qeyd etmək lazımdır. 

Bizim yeni nəsrimizdə realizm üslubu çox haqlı olaraq, bu iki demokrat ədibin adı ilə adlandırılır. Bu 

realistlərin qüvvəsi onda idi ki, onlar müasir həyatı, ictimai konfliktləri, sinfi mübarizəni öz sənətləri üçün 

əsas  obyekt  götürürdülər.  Onlar  ədəbiyyat  tariximizdə  ilk  dəfə  canlı  insanların  gündəlik  adi  həyat  və 

məişətini  boyasız,  bəzəksiz,  dürüst  yazırdılar.  Onlar  adət  və  ənənələri,  ağır  zəhməti,  güzəranı,  "diş 

ağrısını", evlənməyi, qonaqlığı, ər-arvadı, ata-oğul, dost-düşmən əlaqələrini və s. mövzu qəbul etmişdilər. 

Onlar  köhnə,  feodal-patriarxal  məişəti,  fanatik  təsəvvür  və  zehniyyəti  bədii  ədəbiyyatın  ədalət 

məhkəməsinə  çəkirdilər.  Bu  böyük  sənətkarlar  oxucunu  heyrətə  gətirirdilər:  "Bu  necə  işdir.  Ədəbiyyat 

hara, diş ağrısı hara?! Bəs gül, bülbül? Bəs zülf, sevda necə olsun?.." 

Mir Cəlalın C. Məmmədquluzadə və Ə. Haqverdiyev haqqında söylədiyi bu  mülahizələr təkcə dediyi 

fikrin sadəliyinə və təzəliyinə görə deyil, həm də onun qəbul etdiyi ədəbi prinsiplər kimi maraq doğurur. 

Mir  Cəlalın  bu  məqaləsindəki  obrazlı    ifadələr  onun  monoqrafik  tədqiqatlarına  və  dərsliklərindəki  elmi 

oçerklərinə  də  xas  olan  cəhətdir.    Məsələn  o,  Haqverdiyevə  həsr  etdiyi  məqaləsinin  sonunu  belə 

tamamlayır:  "Haqverdiyev,  bir  növ,  canlı  Azərbaycandır,  yeriyən  Azərbaycandır!"  Yaxud  Səməd 

Vurğuna həsr etdiyi məqalələrindən birini belə başlayır: "Gənc Səməd bir çoxları kimi əlinə qələm alanda 

kağız korlamamışdır. O, fitrətən şair doğulmuşdur". 

Mirzə Cəlil və Haqverdiyev hekayələrinə məxsus  "obyektiv, şirin, mülayim bir nağıl üsulu", "təsvir 

olunan  əhvalata  həmişə  həqiqətdə  olmuş  bir  hadisə"  kimi  yanaşılması  Mir  Cəlalın  hekayələrində  də 

diqqəti cəlb edir. Onun Mirzə Cəlilin hekayələri haqqında dediyi bu fikri elə müəyyən mənada yazıçının 

bəzi hekayələrinə də şamil etmək olar: "Hekayəni (söhbət M. Cəlilin "Poçt qutusu"ndan gedir) oxuyandan 

sonra biz gözümüzü yumub, hekayədəki surətlərin səciyyəsini, mövzunun dərinliyini, əsərdəki həyəcanı 

təsvir  edə  bilərik.  Bütün  bunlar  sözdə,  zahiri  şəkildə,  təsvirdə  yox,  çox  zaman  kinoekranda  insan  və 

hisslərin göstərildiyi kimi, məhz müstəqil hərəkətdə xarakterizə edilir". 

Mir Cəlalın hələ ötən əsrin otuzuncu illərində yazdığı "Həkim Cinayətov", "Anket Anketov", "Mərkəz 

adamı" hekayələrində  məhz Mirzə Cəlil və Haqverdiyev ənənələrinin yaxşı mənada təsirini hiss edirik. 




"Xarakter bir hadisə, yığcam bir süjet, ümumiləşdirici bir mətləb, sadə söyləmə, nəqletmə üsulu hekayə 

sənətində əsasdır" - hekayə üçün müəyyənləşdirdiyi bu prinsipə Mir Cəlal bütün yaradıcılığı boyu sadiq 

qalıb. 

Mir  Cəlal  xarakter  ustası  idi.  Onun  bu  ustalığı  təkcə  romanlarında  deyil,  hekayələrində  də  nəzərə 



çarpırdı. O, obrazı bəzən qrotesk səviyyəsində təqdim edirdi, bu cür yanaşma çox zaman  əndazəni aşsa 

da, ümumiləşdirici mahiyyət daşıyırdı. "Həkim Cinayətov" hekayəsində təsvir olunan "qəhrəman" bəlkə 

də  həyatda  yoxdur  və  varsa  da  tək-tükdür.  Amma  Mir  Cəlal  öz  işinə  səhlənkarlıqla  yanaşan,  insan 

sağlamlığının qeydinə qalmayan bir həkimin hərəkətlərinə elə məna verir ki, həmin həkim doğrudan da 

çox suçlu və cinayətkar kimi gözlərimiz qarşısında canlanır. Bəlkə də, bu, adi bir əhvalat təsiri bağışlayar 

ki,  gənc  tələbə    Ramazan  Əlizadə    atasını  xilas  etmək  üçün  müalicəxanaya  gəlir,  həkim  Cinayətova 

müraciət  edir,  amma  həkim  heç  bir  şey  olmamış  kimi  etinasız  qalır,  otaqda  qızlarla  laqqırtı  vurur, 

xəstənin  yanına  gedərkən  küçədəki  vitrinlərə  tamaşa  edir,  nəhayət,  xəstəni  yoxlayarkən  termometri 

unutduğunu görüb  "təkrar ağır addımlarla müalicəxanaya tərəf hərəkət edir". 

Mir Cəlalın "Anket Anketov" adlı hekayəsindən söz açan bütün müəlliflər yekdilliklə qeyd edirlər ki, 

müəllif  bu  hekayədə  Anket  Anketov  simasında    konkret  və  ümumi  xüsusiyyətləri  olan  qüvvətli  bədii-

ictimai  bir  tip  yaratmışdır.  Kimdir  Anketov?  O,  insanlara,  insan  münasibətlərinə    "liçni  delolar"a  görə 

qiymət  verir,  sənəd  varsa,  deməli,  o,  kiməsə  inana  bilər.  Adamlar  onun  nəzərində  şəxsi  ləyaqətinə, 

bacarığına görə deyil, "liçni delolarına" görə qiymətlidir. Başdan-ayağa bürokratizmdən yoğrulmuş bu tip 

cəmiyyət üçün zərərlidir. Anketovlar onda da vardı, indi də... 

Mir Cəlalın otuzuncu illərdə yazdığı hekayələrinin əksəriyyəti satirik ruhda idi (doğrudur, o, sonrakı 

illərdə  də  öz  yazılarında  bu  istiqaməti  davam  etdirdi,  amma  otuzuncu  illərdə  bu  meyil  üstünlük  təşkil 

edirdi).  Zənnimcə,  bunun  iki  səbəbi  var.  Birincisi;  həmin  meyil  keçən  əsrin  otuzuncu  illərinin  nəsrində 

mühüm və aparıcı meyillərdən biri idi. Yazıçılar yeni cəmiyyətin əxlaq normalarına, yaşayış və davranış 

prinsiplərinə  zidd  olan  eybəcərlikləri,  mənfilikləri  satira  hədəfinə  çevirir,  həmin  dövrün  təbirinə  uyğun 

köhnəliyə  qarşı  mübarizə  aparırdılar.  Məsələn,    Cəlil  Məmmədquluzadə  "Bəlkə    də  qaytardılar", 

Süleyman  Sani  Axundov  "Molla  Qasım",    B.  Talıblı  "Erkək  Tükəzban",  Sabit  Rəhman  "Şirin  bülbül", 

"Böyük millət məhkəməsi", "Xəyal plov" hekayələrində   məhz bu yolu seçmişdilər. İkincisi, Mir Cəlal  

həm  də  yazıçı-tərbiyəçi  idi.  Görkəmli  ədəbiyyatşünas  Məmməd  Cəfər  yazırdı  ki,  "Mir  Cəlalın 

yaradıcılığında  ibrətləndirmək  meyli,  tərbiyə  -  həm  də  tərbiyəsizliklə  mübarizədir  -  məşhur  prinsipi 

qüvvətlidir. Onun tez-tez satira və yumora müraciət etməsinin sirri də bundadır. Yenə bu səbəbdəndir ki, 

Mir Cəlalın tipləri əxlaqi görüşləri  etibarilə  ya mütləq mənfi, ya da mütləq müsbət surətlərindən ibarət 

olur". 


Bir halda ki, Mir Cəlal yaradıcılığı barədə söhbətə onun satiralarından başladıq, bu satiranın ən kəskin 

formada ifadə olunmuş bir nümunəsi ilə söhbəti davam etdirək. Yenə Məmməd Cəfərə müraciət edək. O, 

Mir Cəlalın müharibə illərində yazdığı "Açıq kitab" romanını "həqiqətin üzünə dik baxan" bir əsər kimi 

səciyyələndirir. 

Əsərin  əsas  "qəhrəmanı"  Kərim  Gəldiyevdir.  Mir  Cəlal  bu  obraz  vasitəsilə  vətənə,  millətə,  xalqa 

yabançı olan, təmiz və namuslu insanlara quyu qazan, böhtan atan, kiçik-murdar güzəranı naminə onlarca 

istedadların yolunu kəsən, ailələr dağıdan adamların ümumiləşdirilmiş obrazıdır. Açıq, birbaşa tənqid-ifşa 

romanın bütün mətninə hopub. 

O zaman roman çap olunanda ("Vətən uğrunda" jurnalı, 1944) ədəbi aləmdə böyük əks-səda doğurdu. 

Tənqidçi  və  ədəbiyyatşünaslardan    Məmməd  Cəfər,  Orucəli  Həsənov  əsəri  yüksək  qiymətləndirdilər, 

Orucəli  Mir  Cəlalı  "ədəbiyyata  həyat  gətirən"  yazıçı  adlandırdı,  M.  Cəfər  isə  həyat  həqiqətini  cəsarətlə 

təsvir etdiyi üçün Mir Cəlalı alqışladı. 

Mir Cəlal Azərbaycan sovet romanının yaradıcılarından biridir. Əbülhəsən, Süleyman Rəhimov, M.S. 

Ordubadi,  Y. Vəzir, M. Hüseyn, Ə. Vəliyevlə birgə Mir Cəlal da XX  əsr Azərbaycan romanının təməl 

daşlarını  qoyanlardan  olub.  Azərbaycan    romanına  həsr  etdiyim  məqalələrimin  birində  yazmışdım: 

"Azərbaycan  sovet  romanının  başlıca  vəzifəsi  sovet  adamını  yeni  insan  əxlaqının  daşıyıcısı  kimi 

göstərmək,  qalib  gəlmiş  insanı,  onun  mübarizəsini  əks  etdirmək  olmuşdur.  İlk  sovet  romanlarımızda 

mövzunun  ictimailiyi  və  aktuallığı  ilə  əlaqədar  konfliktlər  də,  təqdim  edilən  obrazlar  da  öz  sosial 

məzmunu  ilə  diqqəti  cəlb edirdi. Mehdi  Hüseynin  sözlərilə  desək,  yazıçılar inqilab  uğrunda,  yeni  həyat 

qurmaq uğrunda mübarizənin poeziyasını əks etdirməyə çalışırdılar. Bu isə, zamanın özünün diktəsi idi". 

Mir  Cəlalın  "Dirilən  adam"  və  "Bir  gəncin  manifesti"  romanları  da  məhz  həmin  missiyanı  yerinə 

yetirirdi.  Bu  romanlarda  Azərbaycan  kəndlisinin  oyanması,  artıq  istismar  aləti  olmaq  istəməyib  öz 

hüququnu tələb etməsi, bunun üçün də inqilabi mübarizəyə  qoşulması  təsvir edilmişdir. Yazıçı "Dirilən 

adam"da  lətifə-anektod  səviyyəsində  olan    bir  əhvalatı  sosial  roman  səviyyəsinə  qaldırmış,  bir  kəndin 

timsalında  müxtəlif  sinfi-siyasi  qruplaşmaları,  ictimai  zümrələri  real  və  təbii  cizgilərlə  canlandırmışdır. 



Məsələ onda deyil ki, öz sevimli ailəsindən dərbədər düşüb bir parça çörək dalınca şəhərə işləməyə gələn 

Qədir  sonralar  bolşeviklərə  qoşulur,  məsələ  ondadır  ki,  o  ayılır,  mənəvi  ölülük  ictimai  diriliyə  çevrilir. 

Görkəmli tənqidçi Məmməd Arif  o zaman romandakı kəndli obrazlarının passiv göstərilməsini müəllifə 

irad  tutanlara  tutarlı  bir  cavab  verərək  yazmışdı  ki:  "Əsərdə  əməkçi  xalq,  yoxsul  kəndlilər  passiv  və 

şüursuz göstərilməmişdir; elə olsaydı, bəbir bəylərin casusluğuna, naçalnikin və pristavın tapşırığına görə  

siyahı tutmalarına ehtiyac qalmazdı; elə olsaydı, kəndlilər "banditliyə" başlamazdılar, elə olsaydı, şəhər 

həbsxanası  "palşevetlərlə" doldurulmazdı".  Bir  sözlə, üstündən illər,  onilliklər  keçsə  də,  "Dirilən  adam"  

Azərbaycan kəndinin ciddi ictimai-siyasi problemlərini əks etdirən bir əsər kimi diqqəti cəlb edir". 

Mir  Cəlal  Azərbaycanın  milli-mənəvi  dəyərlərinin,  əsrlərdən  bəri  yaranan  və  yaşanan  əxlaqi 

keyfiyyətlərin  qızğın  təbliğatçısı  idi.  "Bir  gəncin  manifesti"  əsərində  hamının  xatırladığı  çox  təsirli  bir 

səhnə  var.  Ehtiyac  ucundan  Sona  evindəki  "Yusif-Züleyxa"  xalçasını  bazara  satmağa  gətirir.  Şərq 

bazarına gəlmiş bir ingilis xalçanın gözəlliyinə heyran qalır, onun yanında bir yerli tacir də var. İngilis nə 

qədər  dil  tökürsə,  Sona    onu  rədd  edir.  Tacir  ingilisin  yanında  pərt  olmasın  deyə,  xalçanı  özü  almaq 

istəyir. "İngilis almır, a bacı, görürsən ki, mən alıram. Öz müsəlman qardaşın, Əli şiəsi!" Amma Sona ona 

da satmır, çünki bu yerli tacir bir qədər əvvəl qorxaq kölə kimi xalçanı ingilisə göstərmişdi. 

"Sona  xalçanı çəkib aradan yığdı və pəhləvan kimi qoltuğuna vurdu: 

- Satmıram, - dedi, - vəssalam! 

Xalçanın küləyi soyuq və kəsərli silah kimi ingilisin boz sifətinə dəydi. Mister vahiməyə düşmüş  kimi 

geri-geri çəkildi. Alt çənəsini laxlatdı. Tacir onun  dediyini qadına tərcümə etdi: 

- Görürsən? Düzü, elədir. "Hara getsə, - deyir, - onu mən alacağam" 

Sona  daha  da  acıqlandı.  İti  və  həyəcanlı  nəzərlərilə  həm  taciri,    həm  misteri  süzüb  əli  ilə  qəti  rədd 

işarəsi verdi: 

- İtə ataram, yada satmaram! 

Sona  arxasını misterə və tacirə çevirib elə cəld gedirdi ki,  deyəsən, evdə yağı daşır. Onun dalınca iki 

həris canavar gözü baxır, yanırdı. 

Yüzlərlə vətəndaşın sevincli, alqışlı baxışları, o namuslu qızı və qeyrətli ananı yola salırdı: 

Halal olsun!" 

Bu    əsərdə  Mir  Cəlal    öz  roman  yaradıcılığının  zirvəsinə  qalxır.  Mehdi  Hüseyn    hətta  bu  əsəri 

otuzuncu illərdə yaranan Azərbaycan romanının ən yüksək mərhələsi hesab edir. Həm də onu qeyd  edir 

ki,  "Bir  gəncin  manifesti"    xalqımızın  həyatında  baş  vermiş  böyük  hadisələri  və  təbəddülatı  poetik  bir 

dillə təsvir etmişdir. 

"Bir  gəncin  manifesti"  hansı  mövzuda  yazılmasından,  hansı  ideyaları  təbliğ  etməsindən  asılı 

olmayaraq,  neçə  nəslin  mənəvi  tərbiyəsində  mühüm  rol  oynamışdır.  Digər  tərəfdən,    "Bir  gəncin 

manifesti" romanı "Roman necə yazılır" sualının bədii praktikada ən parlaq nümunələrindən biri idi. 

Böyük Vətən müharibəsi illərində Mir Cəlal  da , o dövrün təbirincə desək, qələmini süngüyə çevirdi. 

Onun  nəsrində  yeni  bir  keyfiyyət  -  publisistik  çalarlar  diqqəti  cəlb  etdi.  Bunu  təsadüfi  saymaq  olmaz. 

Əvvəla,  publisistika  o  dövrdə  bütün  yazıçılarımızın  əsərlərində  poeziya  və  nəsrlə  birgə  aparıcı  janra 

çevrilmişdi. Mir Cəlal fikir, ideya oxucuya tez və birbaşa çatsın deyə, bir çox hekayələrində publisistik 

maneralara üz tuturdu. İkincisi, yazıçı ədəbi yaradıcılığa oçerkçiliklə başlamışdır, onun ilk kitabı "Sağlam 

yollarda"  adlanır  və  bu  kitabda  Mir  Cəlalın  sırf  publisistik  əsərləri  toplanmışdı.  Həmin  yazıların  elə 

adlarına  diqqət  yetirmək  kifayətdir:  "Sağlam  yollarda",  "Qələbənin  açarı",  "Səsimizi  dünya  eşitsin", 

"Özək raport verir", "İşləməyən dişləməz", "Zavodun tərcümeyi-halı", "Marksın dostu" və s. Ona görə də, 

Mir  Cəlal  nəsrində  publisistikanın  mətn  daxilinə  hopmasını  təbii  sayırıq.  Bu  cəhəti  akademik  Bəkir 

Nəbiyev də öz monoqrafiyasında ("Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı"-1977) qeyd edir: 

"Mir Cəlalın "Anaların üsyanı" əsərində biz publisistikanın yazıçı məqsədinə xidmət edən, məhz yerində 

işlədilmiş nümunələrini görürük". 

Ədibin  müharibə illərində yazdığı "Həzi Aslanov" adlı silsilə oçerkləri janrına görə oçerk sayılsa da, 

yazıçı Həzi Aslanovun keçdiyi şanlı həyat və mübarizə yolunu  bədii lövhələrlə elə təqdim edir ki, yazının 

hekayəmi, oçerkmi olduğunun fərqinə varmırsan. 

Müharibə illərində Mir Cəlalın  "Yollar", "Qardaş qanı", "Şərbət", "Odlu mahnılar", "Atlı", "Mərcan 

nənə", "Çupçik", "Vətən yaraları", "Ər və arvad" və s. hekayələri çap olundu. Təfərrüata varmadan deyə 

bilərik ki, bu hekayələrin hər birində cəbhə həyatını yaxından müşahidə edən, döyüşçülərlə təmasda olan 

bir vətənpərvər yazıçının dəqiq, canlı müşahidələrinin şahidi oluruq. Axı, Mir Cəlal müharibə illərində bir 

çox yazıçı dostları ilə birgə Novorossiyskdə, Uzaq Şərqdə olmuşdu. 

Müharibədən sonra Mir Cəlal üç roman yazdı. Bunlardan biri - "Yolumuz hayanadır?" böyük şairimiz 

Mirzə Ələkbər Sabirin  kəşməkeşli ömür yoluna həsr olunmuşdu. Sabir yaradıcılığını  böyük məhəbbətlə 

öz elmi əsərlərində  tədqiq hədəfinə çevirən, onu mənəvi ustadı və müəllimi sanan Mir Cəlal  romanda 



onun mükəmməl bədii obrazını yaratdı.  M. Hüseyn, Ə. Şərif, C. Xəndan, M. Cəfər, B. Nəbiyev və digər 

müəlliflər romanı yüksək qiymətləndirdilər. 

"Yaşıdlarım"  romanı  isə  hərbi-vətənpərvərlik  mövzusunda  qələmə  alınmışdı.  Romanda  üç  dövr  - 

müharibədən  əvvəlki,  müharibə  dövrü  və  müharibədən  sonrakı  dövrlər  təsvir  olunur.  Bu  romanı 

fikrimizcə, publisistik roman hesab etmək daha doğru olar. Müəllif bir çox problemlər qaldırır ki, onların 

hər biri həmin dövrün öz xarakterindən doğurdu. Belə ki, müharibə və insan, arxa cəbhə-ön cəbhə, ailə və 

məhəbbət,  atalar-oğullar  problemlərini  əhatə  edən  romanda  o  dövrün  ictimai-siyasi,  mənəvi-psixoloji 

mənzərəsi  əks  olunmuşdur.  Bu  romanda  müəllif  mühakimələri  üstünlük  təşkil  edir,  hadisələrə  birbaşa 

müdaxilə də diqqətdən yayınmır. Heç də təəccüblü deyil, istər "Yolumuz hayanadır?", istər "Yaşıdlarım", 

istərsə də dinc quruculuq illərinin romantikasını özündə əks etdirən "Təzə şəhər" romanlarından söz açan 

müəlliflər bu əsərləri "Bir gəncin manifesti" ilə müqayisə etmiş və bildirmişlər ki, hər üç roman öz bədii-

sənətkarlıq    səviyyəsinə  görə  "Manifest"ə  çata  bilmədi.  Amma  bu  romanlarda  da  Mir  Cəlal  dövrün, 

zamanın aparıcı meyillərini, insanların psixologiyasında, mənəvi aləmində baş verən dəyişmələri, yenilik 

hissini əks etdirməyə çalışırdı. 

İstər  öncə  adını  çəkdiyim  üç  romanda  və  eləcə  də  müharibədən  sonra  qələmə  aldığı  bir  çox 

hekayələrdə  "Dirilən  adam"  və  "Bir  gəncin  manifesti"  romanlarının  müəllifi  Mir  Cəlalla  müharibədən 

sonrakı illərin Mir Cəlalı arasında müəyyən yaradıcılıq fərqinin şahidi oluruq. "Yaradıcılıq fərqi" dedikdə 

biz  bunu  fərdi  üslubun,  yazı  manerasının  dəyişməsi,  tamam  başqa  bir  istiqamətdə  inkişaf  etməsi  kimi 

düşünmürük.  "Dirilən  adam"  yaxud  "Bir  gəncin  manifesti"  ilə  "Yaşıdlarım"  və  ya    altımışıncı  illərdə 

yazdığı  hekayələrinin  yazı  tərzi,  ifadə  üsulu  arasında,  demək  olar  ki,  ciddi  bir  fərq  duyulmur.  Məsələ 

burasındadır ki, Mir Cəlal müharibədən sonrakı yaradıcılığında təkcə realist deyil, həm də moralist kimi 

nəzərə çarpır. Bunu Mir Cəlalın uzunmüddətli pedaqoji fəaliyyəti ilə də izah etmək olar. Mir Cəlal sayı-

hesabı  bilinməyən  böyük  bir  filoloq  ordusunun  yetişməsi  və  formalaşmasında  mühüm  rol  oynayan 

MÜƏLLİM idi.  Azərbaycanın bir çox məşhur filoloqlarının ustadı məhz Mir Cəlal müəllim olmuşdur. 

Onun  təbiətində  ustadlıq,  yolgöstərənlik  kimi  sanki  ilahidən  bəxş  olunan  bir  xüsusiyyət  vardı.  Yazıçı-

moralist Mir Cəlalı heç də nəsihətçi kimi qələmə vermək olmaz. O, həyatda da ədəbiyyatda olduğu kimi 

müdrik idi. Müdrik insanın isə söylədikləri  quru nəsihət kimi yox, həqiqətə doğru çağırış kimi səslənir. 

Mir  Cəlal  görkəmli  ALİM  idi.  Alim  sözünü  böyük  hərflərlə nəzərə  çarpdırmağımın    və  ondan əvvəl 

görkəmli təyinini işlətməyimin səbəbi var. Mir Cəlal  yazıçı olmasaydı belə,  biz ondan elmdə müəyyən iz 

buraxan görkəmli bir alim kimi söz açardıq. 

Deyirlər  ki,  otuzuncu  illərin  ortalarında  Mir  Cəlal  küçədə  böyük  ədib  Hüseyn  Cavidlə  rastlaşır. 

Kəmali-ədəblə  Cavidə  salam  verir.  Böyük  ədib  Mir  Cəlaldan  soruşur  ki,  nə  işlə  məşğulsan.  Mir  Cəlal 

deyir ki, Azərbaycan qadın şairlərinin yaradıcılığı barədə elmi mövzu götürmək istəyirəm, bununla bağlı 

xeyli  material  toplamışam.  Cavid  gülümsünür  və  əlini  Mir  Cəlalın  çiyninə  vurub  deyir:  "Sən  qadınlar 

haqqında yox, bunu hamı yaza bilər-Füzuli sənəti barədə elmi iş yaz. Dəryada damla axtar, damlada dərya 

yox!". 


Və  Mir  Cəlal  "Füzulinin  poetikası"  mövzusunda  elmi  iş  üzərində  işləməyə  başlayır.  1940-cı  ildə  o, 

həmin  mövzuda  namizədlik  dissertasiyası  müdafiə  edib,  filologiya  elmləri  namizədi  alimlik  dərəcəsini 

qazanır. 

Bu, elə bir dövr idi ki, Azərbaycan füzulişünaslığı yeni bir mərhələyə qədəm qoymuşdu. Əgər söhbət 

lap  qədimdən  gedirsə,  deyə  bilərik  ki,  füzulişünaslıq elminin  ilk    təşəbbüsləri  elə  Füzulinin  sağlığından 

başlayır:  Lətifinin  "Təzkirətül-şüəra"  (1546),  Sam  Mirzənin  "Töhfeyi-Sami"  (1550),  Əhdi  Bağdadinin 

"Gülşəni-şüəra" (1563) təzkirələrində Füzuli və onun yaradıcılığı barədə məlumatlara rast gəlirik.  Daha 

sonrakı  əsrlərin  təzkirələrində  də  bu  məlumatlar  bir-birini  əvəz  edir.  Nəhayət,  keçən  əsrin  əvvəllərində 

görkəmli  ədəbiyyatşünas  F.B.  Köçərlinin  "Azərbaycan  tatarlarının  ədəbiyyatı"  adlı  ilk  ədəbiyyat 

tariximizdə Füzuli yaradıcılığı geniş şəkildə şərh olunur. Bundan sonra M. Köprülüzadənin, İ. Hikmətin, 

Ə.  Abidin,  S.  Mümtazın,  Y.V.  Çəmənzəminlinin  məqalələrində  də  Füzuli  mövzusu  genişlənir.  1925-ci 

ildə  Azərbaycan  ədəbiyyatı  cəmiyyəti  tərəfindən  "Füzuli"  məqalələr  toplusu  nəşr  edilir  .  (Bu  haqda 

tədqiqatçı  Gülşən  Əliyevanın  "Azərbaycan  füzulişünaslığının  təşəkkülü"  kitabında  geniş  və  ətraflı  söz 

açılır. Bakı, 2005). 

Füzulişünaslıqda  yeni  mərhələ  1939-1940-cı  illərdən  başlayır,  Füzuli  haqqında,  onun  yaradıcılığı 

barədə  məqalələri  ilk  elmi  monoqrafiyalar  əvəz  edir.  Burada  Həmid  Araslının  "Füzuli"  (1939)  və  Mir 

Cəlalın  "Füzulinin  poetik  xüsusiyyətləri"  (1940)  kitablarının  adlarını  çəkə  bilərik.  Deməli,  bu  iki  alim 

Azərbaycan füzulişünaslığında yeni bir mərhələnin əsasını qoymuşlar. 

"Füzuli  sənətkarlığı"  monoqrafiyası  doğrudan  da  həm  Azərbaycanda,  həm  də  xaricdə  (xüsusilə 

Türkiyədə)  dahi  şairə  həsr  edilən  ən  sanballı  əsərlərdən  biridir.  Əsər  yazılış  tərzi  etibarilə  sırf  elmi 




mühakimələr  üzərində  qurulmamışdır,  dərin  elmi  mühakimələrlə  yanaşı,  burada  hissi-emosional  üslub 

tərzinin də öz yeri var və bu cəhət, monoqrafiyanın elmi sanbalını qətiyyən aşağı salmır. 

Mir  Cəlal  füzulişünaslıqda  ilk  dəfə  olaraq  dahi  şairin  yaradıcılığını  müəyyən  mövzular  üzrə 

qruplaşdırır və sonrakı tədqiqatçılar üçün bu mənada sanki sistemli bir kompozisiya yaradır. "Başlanğıc" 

hissəsindən  sonra  gələn  fəsillərin  adlarına  diqqət  edin:  "Füzuli  şeir  haqqında",  "Qəzəllər  haqqında", 

"Bədii  dil  xüsusiyyətləri",  "Mənzərələr",  "Şeir  mədəniyyəti-texnika",  "Bədii  məntiq",  "Lirika",  "Bədii 

nəsr", "Rind və Zahid",  "Nizami və Füzuli", "Ölməz məhəbbət dastanı", "Füzulidə alleqoriya", "Böyük 

mənəvi müasirimiz". 

Mir Cəlal Paşayevin namizədlik dissertasiyası ilə doktorluq dissertasiyası arasında cəmi yeddi illik bir 

zaman  məsafəsi  var.  1947-ci  ildə  o,  "Azərbaycanda  ədəbi  məktəblər"  adlı  doktorluq  dissertasiyası 

müdafiə edir. Bu əsərilə o, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli mütəxəssislərindən biri olduğunu 

təsdiq  edir.  Qətiyyətlə  demək  olar  ki,  o,  bu  sahədə  də  ilkin  yol  açanlardan  biri  olmuşdur.  Mir  Cəlal 

Azərbaycan  ədəbiyyatşünaslığında  C.  Məmmədquluzadə,  Sabir,  Haqverdiyev,  N.  Nərimanov,  H.  Cavid, 

A. Səhhət, M. Hadi  kimi görkəmli sənətkarların  həyat və yaradıcılığının elmi şəkildə öyrənilməsində, bu 

sənətkarların  hansı  ədəbi  məktəbə  mənsub  olduqlarını  təyin  etməkdə  doğrudan  da  çox  iş  görüb.  Təkcə 

doktorluq  dissertasiyasında  deyil,  həm  də  ayrı-ayrı  monoqrafiya  və  məqalələrində  də  biz  bunu  izləyə 

bilərik. 

Bu yazını sona çatdıranda Mir Cəlal müəllimin  bir vaxtlar mənim də müəllimim olduğunu xatırladım. 

O, ADU-nun filologiya fakültəsində oxuduğum zaman gördüyüm ilk müəllim idi. Sentyabrın 1-də, 1967-

ci ildə.  O, içəri girdi və mehriban, xoş təbəssümü ilə bir-bir adımızı soruşdu, hansı rayondan, ya kənddən 

olduğumuzla,  yataqxanada  yerləşib-yerləşmədiyimizlə  maraqlandı.  Sonra  ilk  mühazirəsinə  başladı. 

Mühazirələrinin birində tələbələrə üzünü tutub dedi: "Burada adı Vaqif olan varmı?". Məni göstərdilər. 

Əlini çiynimə qoyub dedi: "Səməd Vurğunun "Vaqif"ini oxumusanmı?" Mən "bəli" dedim. "O pyesdən 

əzbər bildiyin parça varmı?". Mən "Vaqif" pyesinin səkkizinci şəklindən (Vaqiflə Qacarın qarşılaşması 

səhnəsi) əzbər bildiyim parçanı söylədim. Mir Cəlal müəllimin üzü işıqlandı. 

Mən Mir  Cəlalın  Səməd Vurğuna  böyük  məhəbbətinin  şahidi  kimi  ona  həsr  etdiyi  monoqrafiyası  və 

bir neçə məqaləsi ilə tanışam. "Səməd Vurğunun əziz xatirəsi" adlı məqalə belə başlayır: "Orduda belə bir 

qayda var: şəhid olan nadir qəhrəmanın adı hissənin siyahısında hər səhər yoxlama zamanı başda çəkilir. 

Ədəbiyyat ordumuzun işində də müasir şeirimizin qəhrəmanı Səməd Vurğun buna bənzər şərəfli bir yer 

tutmuşdur". 

Mir  Cəlal  müəllim  də  öz  yazıçı-alim  ömrü  ilə  ədəbiyyatımızın  bu  gün  də  xatırlanan  mötəbər 

ağsaqqallarından  olmuşdur.  O  da  S.  Vurğun,  S.  Rüstəm,  M.  Hüseyn,  M.  İbrahimov,  S.  Rəhimov  kimi 

ədəbiyyatımızın başında duran sənətkarlardan olmuşdur. 

 

Vaqif Yusifli, 



filologiya elmləri doktoru 

Yüklə 195,23 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə