Azərbaycan Ali Təhsilində Keyfiyyət Təminatı üzrə Standartlar və Təlimatlar



Yüklə 127,57 Kb.
tarix23.09.2018
ölçüsü127,57 Kb.
#70278



Azərbaycan Ali Təhsilində Keyfiyyət Təminatı üzrə Standartlar və Təlimatlar

- Pilot Qiymətləndirmələr üzrə Təlimat Kitabçası

Mündəricat




1 Qiymətləndirmənin ümumi konsepsiyası və məqsədləri 3

2 Qiymətləndirmənin predmeti və nəticəsi 5

2.1Qiymətləndirmə sahələri və meyarları 5

3 Qiymətləndirmə prosesi 9

3.1.3. Etika kodeksi 13

3.2 Özünütəhlil və qiymətləndirmə üçün digər materiallar 13

3.2.1 Özünütəhlil hesabatı üzrə təlimatlar 14

3.2.2 Digər materiallar 14

3.2.3 Materialların təqdim edilməsi 14

3.3 Sahə səfəri 14

3.4 Qiymətləndirmə qrupunun hesabatı 15



1 Qiymətləndirmənin ümumi konsepsiyası və məqsədləri


Azərbaycan Bolonya prosesinə 2005-ci ildə qoşulub. Məqsədi Avropa Ali Təhsil Məkanının yaradılması olan Bolonya prosesinin əsas elementlərindən biri keyfiyyət təminatı sahəsində beynəlxalq əməkdaşlıqdır. Bu istiqamətdə əsas alət Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Standartlar və Təlimatlardır1 (eləcə də ESG kimi tanınır). ESG-nin təshih edilmiş variantı Avropa Ali Təhsil Məkanının (AATM) ali təhsil sahəsi üzrə məsul nazirləri tərəfindən 2015-ci ilin may ayında təsdiqlənib. Sənədin təshih edilməsinə bütün iştirakçı tərəflər cəlb olunub. Beləliklə, bütün iştirakçı təşkilatlar və nazirliklər arasında Avropa Ali Təhsil Məkanında keyfiyyət təminatının hansı yollarla təkmilləşdirilə biləcəyi ilə bağlı fikir birliyi təmin edilib və bu, yuxarıda qeyd olunan sənədin həyata keçirilməsi üçün güclü zəmin yaradır.

Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi üzrə Tvinninq layihəsi (Az-ad-EHEA) Keyfiyyət Təminatı üzrə yeni Standart və Təlimatların Azərbaycan ali təhsilində tətbiqi üçün imkanlar yaradır. Tvinninq Aİ-yə üzv dövlətlərin və benefisiar və ya tərəfdaş ölkələrin dövlət qurumları arasında institusional əməkdaşlığı nəzərdə tutan bir Avropa İttifaqı alətidir. Azərbaycanda bu layihəni həyata keçirən və Aİ üzvü olan ölkələr isə Finlandiya və Estoniyadır. Tvinninq layihələri həmkarlarla bərabərsəviyyəli əməkdaşlıq şəraitində konkret icbari nəticələrin əldə olunması məqsədilə Avropa İttifaqına üzv ölkələr və benefisiar ölkələrin dövlət qurumlarının peşəkar təcrübəsini bir araya gətirir. Azərbaycan ali təhsilində Keyfiyyət Təminatı üzrə Standartlar və Təlimatların (AzST) hazırlanması ilə bağlı bu layihə tərəfindən müəyyən edilmiş müvafiq icbari nəticə həmin standartların layihəsinin Avropa Standartları və Təlimatlarına uyğun olaraq hazırlanması və üç ali təhsil müəssisəsində sınaqdan keçirilməsindən ibarətdir.

ESG-nin əsas məqsədi ali təhsildə təlim və tədris, təlim mühiti ilə bağlı keyfiyyətin, eləcə də tədqiqat və innovasiyalarla müvafiq əlaqənin təmin edilməsindən ibarətdir. Bundan əlavə, müəssisələr tədqiqat və idarəçilik kimi digər sahələrdə keyfiyyətin təmin edilməsi və təkmilləşdirilməsi üzrə müvafiq siyasət və proseslərə malik olmalıdırlar. Bütün keyfiyyət təminatı fəaliyyətlərinin əsasında ali təhsil müəssisəsinin ictimaiyyət qarşısında hesabatlılığının formalaşdırılması və müəssisələrin inkişafının stimullaşdırılması kimi iki əsas məqsəd durur. Bu iki məqsəd birlikdə ali təhsil müəssisəsinin fəaliyyətinə etimad yaradan faktorlar hesab olunur. Müvəffəqiyyətlə həyata keçirilmiş keyfiyyət təminatı sistemi ali təhsil müəssisəsinin həyata keçirdiyi fəaliyyətin nə dərəcədə keyfiyyətli olması ilə bağlı ali təhsil müəssisəsinin özünün və ictimaiyyətin məlumatlandırılması (hesabatlılıq), eləcə də müəssisənin bu sahədəki fəaliyyətinin necə təkmilləşdirilə biləcəyi ilə bağlı məsləhət və tövsiyələrin (inkişafın stimullaşdırılması) verilməsi deməkdir. Beləliklə, keyfiyyət təminatı və keyfiyyətin stimullaşdırılması kimi proseslər qarşılıqlı surətdə əlaqəlidirlər. Bu iki proses tələbələr, akademik heyət və müəssisənin rəhbərliyini əhatə edən keyfiyyət mədəniyyətinin inkişaf etdirilməsinə yardım edə bilər.

ESG müxtəlif müəssisələr, agentliklər və ölkələr tərəfindən fərqli şəkildə tətbiq edilə və həyata keçirilə bilər. AATM siyasi sistemlərin, ali təhsil sistemlərinin, sosial-mədəni və təhsil ənənələrinin, dillərin, istəklərin və gözləntilərin müxtəlifliyi ilə xarakterizə olunur. Azərbaycanda ESG anlayışını formalaşdırmaq məqsədilə AATM Tvinninq layihəsi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən konkret təkliflər üzərində işlənilməsi məqsədilə işçi qrupu yaradılıb. İşçi qrupa Azərbaycan universitetləri və Təhsil Nazirliyinin nümayəndələri, bir nəfər tələbə və Finlandiya və Estoniyadan olan ekspertlər daxildir.

Qiymətləndirmələr dörd mərhələdə aparılacaq. İlk növbədə, ali təhsil müəssisəsinin özündə özünütəhlil həyata keçirilməli və qiymətləndirmə materialı hazırlanmalıdır. Sonrakı mərhələdə ekspertlərdən ibarət komanda materialları nəzərdən keçirəcək və daha sonra müəssisəyə səfər edəcək. Sonda isə qiymətləndirmənin nəticələri hesabat formasında dərc olunacaqdır.

Təlimat kitabçasının 2-ci fəslində qiymətləndirmə sahələri və qiymətləndirmənin yekun nəticəsi, 3-cü fəslində isə qiymətləndirmə prosesi əksini tapıb.

İnstitusional qiymətləndirmənin hədəfi ali təhsil müəssisələrinin strateji idarəetməsini dəstəkləmək, müəssisənin daxili keyfiyyət təminatı prosedurları üzrə kənardan rəy vermək və tədris və təlim prosesinin və onun nəticələrinin ali təhsildə keyfiyyət təminatı üzrə Avropa standartlarına uyğunluğu barədə maraqlı tərəfləri məlumatlandırmaqdır.


2 Qiymətləndirmənin predmeti və nəticəsi


İnstitusional qiymətləndirmənin məqsədi ali təhsil müəssisələrinin strateji idarəetməsini dəstəkləmək, müəssisələrin daxili keyfiyyət təminatı prosedurlarına kənardan rəyin verilməsini təmin etmək və maraqlı tərəfləri tədris və təlim prosesinin və təlim nəticələrinin Keyfiyyət Təminatı üzrə Avropa Standarları və Təlimatlarına uyğun olub-olmaması barədə məlumatlandırmaqdır.

Pilot qiymətləndirmənin yekun nəticəsi olaraq ictimaiyyətə açıq olan hesabat dərc olunur. Bu hesabatda universitetdə təkmilləşdirməli olan sahələr üzrə tövsiyələr verilir və ali təhsil müəssisəsinin güclü tərəfləri və malik olduğu qabaqcıl təcrübə müəyyənləşdirilir.


    1. Qiymətləndirmə sahələri və meyarları




  1. STRATEJİ PLANLAŞDIRMA

  2. İDARƏETMƏ

  3. İNSAN RESURSLARI

  4. TƏHSİL PROQRAMLARI VƏ ONLARIN HAZIRLANMASI

  5. TƏLƏBƏLƏR

  6. TƏDQİQAT FƏALİYYƏTİ

  7. TƏDRİS VƏ TƏLİM RESURSLARI VƏ DƏSTƏK XİDMƏTLƏRİ



  1. STRATEJİ PLANLAŞDIRMA



  1. Müəssisənin rolu (missiya və gələcəyə baxışı) milli təhsil kontekstində aydın şəkildə müəyyənləşdirilib və müvafiq (daxili və xarici) maraqlı tərəflər tərəfindən dəstəklənir.

  2. Müəssisənin Elmi Şurası tərəfindən təsdiqlənən inkişaf strategiyası müəssisənin missiya bəyannaməsi və məqsədlərinə uyğundur. Onun həyata keçirilməsi üçün qısa və ortamüddətli planlar mövcuddur.

  3. Müəssisənin inkişaf strategiyası onun resusrlarına (maliyyə, işçi heyət, infrastruktur), yeni resurslar cəlb etmə potensialına, əmək bazarında baş verən dəyişikliklərə və cəmiyyətin ehtiyaclarına uyğundur.

  4. Müvafiq maraqlı tərəflər (professor-müəllim heyəti, tələbələr və işəgötürənlər) müəssisənin strateji inkişafı prosesinə cəlb olunurlar.

  5. Strategiyada qoyulan məqsədlərin əldə olunmasını qiymətləndirmək üçün proseslər mövcuddur, qısa və ortamüddətli planlar tətbiq olunur və həyata keçirmə prosesi monitorinq edilir.

  6. Ali təhsil müəssisənin missiyası, gələcəyə baxışı və məqsədləri barədə məlumat ictimaiyyətə açıqdır (veb səhifə, mətbuat və digər kanallar).



  1. İDARƏETMƏ

  1. Müəssisənin idarəetmə strukturu inkişaf strategiyasında qeyd olunan institusional hədəflərin əldə edilməsinə şərait yaradır.

  2. Struktur vahidlərinin (Elmi Şura, kafedra və digərləri) hüquq və vəzifələri aydın şəkildə müəyyənləşdirilib və verilən qərarlar səmərəli şəkildə həyata keçirilir.

  3. Rəhbər vəzifələri tutan işçi heyət müvafiq kvalifikasiyalara malikdir, onların hüquq və vəzifələri aydın şəkildə müəyyənləşdirilib; müəssisə onların rəhbərlik bacarıqlarının və səriştələrinin inkişaf etdirilməsini dəstəkləyir.

  4. Müəssisə daxilində maliyyə resurslarının ayrılması müəssisənin inkişaf strategiyasının (o cümlədən qısa və/və ya ortamüddətli planların) həyata keçirilməsini dəstəkləyir.

  5. Ali təhsil müəssisənin struktur vahidləri arasında qarşılıqlı və işlək əlaqələr (daxili əməkdaşlıq) mövcuddur və onlar digər müəssisələr və təşkilatlarla (xarici əməkdaşlıq) əməkdaşlıq edirlər.

  6. Rəhbərlik, professor-müəllim heyəti və tələbələr arasındakı daxili kommunikasiya (formal və qeyri formal) məqsədyönlü və səmərəlidir.

  7. Daxili keyfiyyət təminatı sistemi (o cümlədən monitorinq, təhlil, qiymətləndirmə və proqnozlaşdırma) müəssisənin streteji idarəetməsini dəstəkləyir.



  1. İNSAN RESURSLARI



  1. İşçi heyətin hüquq və vəzifələri eləcə də tələb olunan kvalifikasiyalar tutduqları vəzifəyə uyğun (məs., iş təsviri) müəyyənləşdirilib. İşəgötürmə prosesi şəffafdır.

  2. Tamştatlı professor-müəllim heyətinin sayı milli tələblərə uyğundur.

  3. Tamştatlı professor-müəllim heyətinin yaşa və kvalifikasiyalara əsasən paylanılması müəyyən sahə üzrə təhsilin dayanaqlılılğına yardım edir.

  4. Ali təhsil müəssisəsində professor-müəllim heyətinin tədris fəaliyyətinin (keyfiyyət və peşəkarlıq) monitorinqini və qiymətləndirilməsini həyata keçirmək üçün mexanizm mövcuddur.

  5. Ali təhsil müəssisəsində tədris-köməkçi heyət normativ-hüquqi tələblərə (sayı, ixtisası və s.) uyğundur;

  6. Müəssisə akademik işçi heyətin peşəkar və tədris bacarıqlarını müntəzəm olaraq artırmalarını monitorinq edir, dəstəkləyir və təşviq edir.

  7. Akademik heyət beynəlxalq mübadilə proqramlarında, layihələrdə və konfranslarda iştirak edir.

  8. Müəssisədə İR inkişaf etdirilməsi (o cümlədən motivasiya edilməsi) sistemi tətbiq edilir. Professor-müəllim heyətinin işinin qiymətləndirilməsi zamanı onların tədrisinin və tədqiqatının keyfiyyəti, o cümlədən tədris və tədqiqat bacarıqlarının inkişaf etdirmələri və beynəlxalq mobillikləri nəzərə alınır.



  1. TƏHSİL PROQRAMLARI VƏ ONLARIN HAZIRLANMASI

  1. Təhsil proqramları institusional strategiya, ali təhsil üzrə milli standartlar, cəmiyyətin, iqtisadiyyatın və əmək bazarının gözləntilərinə uyğun olan məqsədlərlə hazırlanıb.

  2. Təhsil proqramının məzmunu ixtisas üzrə son tədqiqatlar nəzərə alınmaqla yenilənib.

  3. Proqramların məqsədləri, nəzərdə tutulan təlim nəticələri və qəbul və məzun olmaq üçün zəruri olan tələblər aydın şəkildə müəyyənləşdirilib; proqramı bitirdikdən sonra əldə olunacaq kvalifikasiya aydın şəkildə müəyyənləşdirilib, müvafiq tərəflərin diqqətinə çatdırılıb və MKÇ-nin müvafiq səviyyəsi ilə əlaqələndirilib.

  4. Tələbənin dərs yükü AKTS-də müəyyənləşdirilib.

  5. Praktika/stajkeçmə proqramın təlim nəticələrinin əldə edilməsinə kömək edir.

  6. Tədris və təlim prosesində müasir tədris materiallarından, innovativ, yaradıcı və interaktiv metodlardan və təhsil texnologiyalarından istifadə edilir.

  7. Təhsil proqramları müntəzəm olaraq monitorinq edilir və qiymətləndirilir; müvafiq maraqlı tərəflər (o cümlədən tələbələr) bu proseslərə cəlb edilir.

  8. Təhsil proqramlarının keyfiyyəti ilə bağlı məzunların məmnunluğu sorğu vasitəsilə yoxlanılır və sorğunun nəticələri təhlil edilir; nəticələr təhsil proqramlarının hazırlanması zamanı nəzərə alınır.



  1. TƏLƏBƏLƏR



  1. Tələbələrin hüquq və vəzifələri aydın şəkildə müəyyənləşdirilib; tələbələrin şikayətlərinin və təkliflərinin nəzərdən keçirilməsi üçün prosedurlar və imtahan nəticələri ilə bağlı appelyasiya mexanizmi mövcuddur.

  2. Akademik saxtakarlığın aşkarlanması və qarşısının alınması (o cümlədən anti-plagiarizm mexanizmləri) üzrə sistem mövcuddur.

  3. Tələbələr qərarverici qurumlarda eləcə də tələbə ittifaqları seçkilərində iştirak edirlər.

  4. Tələblərin qiymətləndirilməsi obyektiv, düzgün və şəffadır və təlim nəticələrinin əldə edilməsini dəstəkləyir.

  5. Tələbələrə çevik təlim imkanları ilə təmin edilir. Əvvəlki ali təhsil kvalifikasiyaları, xaricdə təhsil müddətdi və əvvəlki təlim tanınır.

  6. Ali təhsil müəssisəsi tələbələrin beynəlxalq mobilliyini dəstəkləyir və tələbələrin beynəlxalq mobillikdə iştirakı artır.

  7. Müəssisə tələbə kontingentinin beynəlmiləlləşdirilməsini dəstəkləmək üçün mexanizmlərə malikdir.

  8. Məzunlar ixtisas sahələri üzrə əmək bazarında rəqabətədavamlıdırlar və müəssisə məzunlarının məşğulluğunu monitorinq edir.



  1. TƏDQİQAT FƏALİYYƏTİ



  1. Elmi və tədqiqat fəaliyyətinin məqsədləri müəssisənin missiyası, strategiyası və inkişaf planında əks olunub. Ali təhsil müəssisəsi cəmiyyətin və iqtisadiyyatın ehtiyaclarını diqqət mərkəzində saxlayır və tədqiqat fəaliyyətinin planlaşdırılmasında onları nəzərə alır.

  2. Tədqiqat fəaliyyətinin məqsədlərinin əldə edilməsi və təsiri müntəzəm olaraq yoxlanılır və təhlil edilir (elmi və təhsilyönümlü nəşrlər, doktorantura tələbələri, patentlər və s.)

  3. Müəssisə tədqiqatın yüksək keyfiyyətli akademik və etik standartlarını təşviq və riayət edir; tədqiqat saxtakarlığı ilə bağlı iddialarla məşğul olmaq üçün prosedurlar müəyyənləşdirilib və bu prosedurlara riayət edilir.

  4. Ali təhsil müəssisəsi akademik heyətin elmi tədqiqat üzrə fəaliyyətini dəstəkləmək üçün səmərəli sistemə malikdir (məs., tədqiqatın aparılması üçün stimul, əqli mülkiyyətlə bağlı məsləhətlər, beynəlxalq jurnallarda nəşr olunmaq üçün dəstək, işəgötürənlərlə əməkdaşlığa ruhlandırmaq və s.)

  5. Tələblərə tədqiqat və işləmələr üzrə fəaliyyətə cəlb olunurlar; Tələbələrin tədqiqat işlərinə (referatlar, tətbiqi layihələr, yekun tezislər) rəhbərlik yaxşı təşkil olunub.

  6. Ali təhsil müəssisəsi akademik fəaliyyət sahələrinə uyğun olaraq müxtəlif regional və beynəlxalq elmi tədqiqat şəbəkələrində iştirak edir.

  7. Ali təhsil müəssisəsi elmi tədqiqat fəaliyyəti üçün zəruri hesab olunan maliyyə resurslarına və eləcə də beynəlxalq səviyyədə rəqabətədavamlılığın təmin edilməsi məqsədilə maliyyənin cəlb edilməsi üzrə müvafiq strategiyaya malikdir.



  1. TƏDRİS VƏ TƏLİM RESURSLARI VƏ DƏSTƏK XİDMƏTLƏRİ



  1. Həm işçi heyət, həm də tələbələr üçün müvafiq tədris, təlim və tədqiqat infrastrukturu (sinif otaqları, laboratoriyalar, kitabxana, emalatxanalar və s.) o cümlədən müasir İKT həlləri (o cümlədən e-təhsil imkanları və elektron məlumat bazaları) mövcuddur.

  2. Tədris və təlim prosesində müasir təlim materiallarından istifadə olunur.

  3. Müəssisənin təmin etdiyi tyutor xidməti tələbə kontingentinin ehtiyaclarına cavab verir və tələbələrin fərdi və xüsusi ehtiyaclarını nəzərə alır.

  4. Müəssisə tələbələrə stajkeçmə imkanları, məşğulluq və karyeranın inkişaf etdirilməsi üçün xidmətlər (karyera mərkəzi, məzunların koordinasiya sistemi və s.) təmin edir.

  5. Ali təhsil müəssisəsində milliyyətindən, dilindən, cinsindən, sosial statusundan, tutduqları mövqedən və dinindən asılı olmayaraq tələbələrə bərabər yanaşır.

  6. Müəssisə əlavə dəstək xidmətləri təmin etməklə (yataqxana, yeməkxana, tibbi yardım, idman zalları, maliyyə yardımı və s.) tələbələrin təhsil almasına yardım edir.

Müəssisələr aşağıda qeyd olunan məlumatları təqdim etməlidirlər:

  • Müxtəlif ştat vahidlərində (tam, yarım, və s.) çalışanların sayı;

  • Əvəzçilik üzrə və saat hesabı işləyənlərin sayı;

  • Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən təsdiqlənən elmi ada və dərəcələrə malik işçilərin sayı;

  • Son 5 il ərzində təhsil müəssisəsinin gəlir və xərclərinin dinamikası;

  • Təhsil səviyyələri üzrə təhsil haqqı göstəricilərinin dinamikası;

  • Son 5 ildə əməkdaşların orta əmək haqqının dinamikası və hesablama metodikası;

  • Son 5 ildə ali təhsil müəssisəsində elmi-tədqiqat fəaliyyətinin inkişaf dinamikası (patent, monoqrafiya, elmi məqalələrin nüfuzlu impakt faktorlu jurnallarda nəşrləri, magistr və doktorantların elmi-tədqiqat fəaliyyətləri);

  • Tələbə sayının son 5 ildəki dinamikası;

  • Tələblərin akademik müvəffəqiyyət göstəricilərinin son 5 ildəki dinamikası;

  • Tələbələrin ixtisasdəyişmə, xaricedilmə, köçürülmə və bərpaolunma dinamikası;

  • Tələbələrin məşğulluğunun son 5 ildəki dinamikası.


3 Qiymətləndirmə prosesi


Qiymətləndirmə prosesi aşağıdakı dörd əsas mərhələdən ibarətdir:
1. Beynəlxalq qiymətləndirmə qrupunun təyin edilməsi və təlimləndirilməsi;

2. Ali təhsil müəssisəsi tərəfindən özünütəhlilin aparılması və digər materialların hazırlanması;

3. Ali təhsil müəssisəsinə səfər;

4. Hesabatın dərc olunması.


3.1 Beynəlxalq qiymətləndirmə qrupu

3.1.1 Qiymətləndirmə qrupunun tərkibi və fəaliyyət prinsipləri

Qiymətləndirmə beynəlxalq qiymətləndirmə qrupu tərəfindən aparılır. Qrup beş üzvdən ibarətdir: yerli ali təhsil sistemi ilə tanış olan üç azərbaycanlı ekspert və iki beynəlxalq ekspert. Qiymətləndirmənin işçi dili ingilis dilidir.

Qiymətləndirmə qrupu və onun rəhbəri layihə rəhbərləri tərəfindən təyin olunur. Qrup üzvləri seçilərkən onların ali təhsil müəssisələrinin işçi heyətini, rəhbərliyini, eləcə də tələbələri təmsil etmələri nəzərə alınır. Bundan əlavə, mümkün olan halda qrupun işinə ali təhsil sektoruna aidiyyatı olmayan bir üzv də (əmək bazarının nümayəndəsi) cəlb olunur. Məqsəd qiymətləndirmə qrupuna ali təhsil müəssisələrinin xarici qiymətləndirilməsi sahəsində təcrübəyə malik bir neçə şəxs cəlb etməkdir.

Qiymətləndirmə qrupunun üzvləri qiymətləndiricilərlə eyni hüquqlara malikdirlər. Qrup öz üzvlərinin sırasından qrup rəhbərinin müavinini seçir. FİNEEC/EKKA təşkilatlarının nümayəndəsi olan layihə rəhbəri (eyni zamanda qiymətləndirmə üzrə məsul şəxs) ali təhsilin xarici qiymətləndirilməsi üzrə ekspert kimi qrupun fəaliyyətində iştirak edir və qrupun işini dəstəkləyir.

Qiymətləndirmə qrupunun üzvlərinə qoyulan tələblər bunlardır:



  • Qrup üzvləri müstəqildirlər və nə fəaliyyət göstərdikləri təşkilatın maraqlarını, nə də ki digər üçüncü tərəflərin maraqlarını təmsil etmirlər.

  • Qrup üzvləri qiymətləndirmə qrupuna üzvlük nəticəsində onlara aşkar olmuş məlumatların məxfiliyini (yekun hesabatda dərc olunan məlumatlar istisna olmaqla) təmin etməyi və maraqların toqquşması kimi halın baş verməyəcəyinə dair öhdəlik götürdüklərini imzaları ilə təsdiq edirlər. Qrup üzvlərindən biri qiymətləndiriləcək ali təhsil müəssisəsi ilə bağlı maraqlı tərəf olarsa və ya onun qərəzsizliyinə şübhə yaranarsa, həmin şəxs qiymətləndirmə qrupunun üzvlüyündən uzaqlaşdırılır. Aşağıdakı hallar maraqların toqquşması kimi qiymətləndirilə bilər:




    • qrup üzvü qiymətləndirmə aparılan müddətdə qiymətləndirilən ali təhsil müəssisəsi ilə əmək və ya digər müqavilə əsaslı münasibətlərə malikdir və ya sahə səfərindən əvvəlki beş il ərzində həmin ali təhsil müəssisəsi ilə əmək münasibətlərinə malik olub;



    • qrup üzvü qiymətləndirmə aparılan müddətdə qiymətləndirilən ali təhsil müəssisəsinin qərarvermə və ya məşvərətçi orqanının işində iştirak edir;



    • qrup üzvü qiymətləndirmə aparılan müddətdə qiymətləndirilən ali təhsil müəssisəsində təhsil alır və ya həmin təhsil müəssisəsini beş ildən az bir müddət əvvəl bitirib;



    • qrup üzvü qiymətləndirilmənin aparıldığı ali təhsil müəssisəsinin hər hansı bir əməkdaşı ilə yaxın qohumluq əlaqələrinə malikdir – həyat yoldaşı və ya ailə üzvü.




  • Qiymətləndirmə qrupunun üzvləri ali təhsil sistemi və bu sahədəki qanunvericilik barədə kifayət qədər məlumatlıdırlar.

  • Qiymətləndirmə qrupunun üzvlərindən ən azı biri ali təhsil müəssisəsinin idarə edilməsi sahəsində təcrübəyə malikdir.

  • Qiymətləndirmə qrupunun üzvləri ali təhsil müəssisəsinin inkişaf etdirilməsi sahəsində təcrübəyə malikdirlər.

  • Qiymətləndirmə qrupunun üzvləri ali təhsil müəssisəsində tədris üzrə təcrübəyə malikdirlər.

  • Qiymətləndirmə qrupunun tələbə üzvü ali təhsil müəssisəsində tələbə kimi təcrübəyə malikdir və ali təhsil müəssisəsində təhsilin inkişaf etdirilməsində və ya müəssisəsinin qərarverici orqanının işində iştirak edib.

  • Qiymətləndirmə qrupunun üzvləri qiymətləndirməni aparmaq üçün tələb olunan komandada işləmək bacarıqlarına malikdirlər.

  • Qiymətləndirmə qrupunun üzvləri qiymətləndirmənin aparıldığı işçi dili mükəmməl şəkildə bilirlər.

  • Qiymətləndirmə qrupunun üzvləri qiymətləndirmə zamanı şəffaf və sistematik surətdə tətbiq edilən meyarlara, eləcə də qiymətləndirmə ilə bağlı toplanılan materiallara əsaslanmalıdırlar.

  • Qiymətləndirmə qrupunun üzvləri qiymətləndirilmə aparılan ali təhsil müəssisəsinə qarşı obyektiv olmalı, eləcə də onlara bu sahədə verilən səlahiyyətləri və bu səlahiyyətlərlə bağlı yaranmış məsuliyyəti anlamalıdırlar. Qrup üzvləri qiymətləndirmə zamanı işgüzar davranış qaydalarına riayət etməlidirlər.

  • Qiymətləndirmə qrupunun üzvləri qiymətləndirməni ali təhsil müəssisəsi ilə əməkdaşlıq və sıx ünsiyyət şəraitində aparmalıdırlar.

Qiymətləndirmə qrupunun rəhbərinə olan əlavə tələblər aşağıdakılardan ibarətdir:

  • Qiymətləndirmə qrupunun rəhbəri ali təhsil müəssisələrində xarici qiymətləndirilmənin aparılması sahəsində təcrübəyə malik olmalıdır.

  • Qiymətləndirmə qrupunun rəhbəri ali təhsil müəssisənin idarə edilməsi sahəsində müvafiq bilik və ya təcrübəyə malik olmalıdır.

Qiymətləndirmə qrupu yaradılmazdan öncə ali təhsil müəssisəsinə qrupun tərkibi, xüsusilə də hər hansı bir üzvün qrupdan kənarlaşdırıılması baxımından rəy vermək imkanı verilir.

Ekspertlər qiymətləndirmə ilə bağlı onların üzərinə düşən vəzifələr, əldə edəcəkləri qonorar və görəcəkləri işlə bağlı digər şərtlərin müəyyənləşdirildiyi müqaviləyə imza atırılar.



3.1.2 Qiymətləndirmə qrupunun vəzifələri
Qiymətləndirmə qrupunun üzvlərinin vəzifələrinə aşağıdakılar daxildir:

  • Ali təhsil müəssisəsi tərəfindən təqdim edilən özünütəhlil hesabatını və digər materialları nəzərdən keçirmək;

  • Ali təhsil müəssisəsindən tələb oluna biləcək əlavə materialları müəyyənləşdirmək;

  • Aparılacaq qiymətləndirməni tənzimləyən sənədləri nəzərdən keçirmək;

  • Ekspertlər üçüş təşkil olunan təlimində iştirak etmək;

  • Qiymətləndirmə qrupunun görüşlərində və müzakirələrində iştirak etmək;

  • Sahə səfərindən öncə qiymətləndirmə hesabatının layihəsinin hazırlanmasına yardım etmək;

  • Sahə səfəri zamanı baş tutacaq müsahibələr zamanı veriləcək sualları öncədən hazırlamaq;

  • Üç günlük sahə səfərini planlaşdırıldığı kimi həyata keçirmək; bundan əlavə, sahə səfərindən öncə bir günlük hazırlıq görüşü və sahə səfərindən sonra bir günlük yekun görüşü keçirmək;

  • Yekun hesabatı və tövsiyələr işləyib hazırlamaq;

  • Ali təhsil müəssisəsi tərəfindən qiymətləndirmə hesabatına verilən şərhləri nəzərdən keçirmək və hesabatı yekunlaşdırarkən onları nəzərə almaq;

  • Qiymətləndirmə qrupunun üzvləri arasında vəzifə bölgüsünə uyğun olaraq qiymətləndirmə ilə bağlı öz üzərinə düşən digər vəzifələri yerinə yetirmək;

  • Razılaşdırılmış vaxt çərçivəsinə riayət etmək.

Qiymətləndirmə qrupu rəhbərinin üzərinə düşən digər vəzifələrə aşağıdakılar daxildir:

  • Qiymətləndirmə qrupunun görüşlərinə sədrlik etmək;

  • Sahə səfəri zamanı qrupa rəhbərlik etmək;

  • Sahə səfərinin sonunda qiymətləndirmə qrupunun ilkin rəyini ali təhsil müəssisəsinə bildirmək;



  • Bütünlükdə qiymətləndirmə ilə bağlı məsuliyyəti öz üzərinə götürmək və layihə meneceri ilə birlikdə yekun hesabatı hazırlamaq və redaktə etmək;

  • Layihə meneceri ilə birlikdə qiymətləndirmə qrupunun rəyinin əsaslandırılmış olduğunu təmin etmək.

Layihə menecerinin vəzifələrinə aşağıdakılar daxildir:

  • Ekspertlər üçün təlimlər təşkil etmək;

  • Ali təhsilin xarici qiymətləndirilməsi üzrə ekspert qismində qrupun müzakirələrində iştirak etməklə qiymətləndirmə qrupunun işini dəstəkləmək, qiymətləndirmə qrupunun katibi qismində çıxış etmək və qiymətləndirmə meyarları ilə bağlı qrupu təlimatlandırmaq;

  • Ali təhsil müəssisəsi və qiymətləndirmə qrupu arasında əlaqələndirici şəxs qismində çıxış etmək;

  • Qiymətləndirmə qrupunun rəhbəri ilə birlikdə qiymətləndirmə hesabatını redaktə etmək.

Qiymətləndiriləcək ali təhsil müəssisəsi FİNEEC/EKKA təşkilatları və müəssisə arasında ünsiyyətin təşkilinə cavabdeh olacaq öz əlaqələndirici şəxsini təyin edir.

3.1.3. Etika kodeksi


Beynəlxalq qiymətləndirmə qrupu aşağıdakı fəaliyyət prinsiplərinə və etik qaydalara riayət etməlidir:

    1. Qərəzsizlik və obyektivlik: Ekspertlər qiymətləndiriləcək ATM-ə qərəzsiz və obyektiv yanaşmalıdırlar, eləcə də səlahiyyətlərini və onunla əlaqədar yaranan məsuliyyəti anlamalıdırlar.

    2. Şəffaf və sübuta əsaslanan qiymətləndirmə: Qiymətləndirmə şəffaf və sistematik tətbiq olunan meyarlara eləcə də proseslə əlaqəli toplanılan materiallara əsaslanmalıdır.

    3. Məxfilik: Yekun hesabatda nəşr edilən məlumat istisna olmaqla proses ərzində əldə olunan bütün məlumatlar məxfidir.

    4. Ünsiyyət: Qiymətləndirmə ATM-lə yaxşı əməkdaşlıq və ünsiyyət şəraitində aparılır.


3.2 Özünütəhlil və qiymətləndirmə üçün digər materiallar


Ali təhsil müəssisəsi qiymətləndirmə üçün material toplayır. Məqsəd qiymətləndirməni aparmaları üçün qiymətləndirmə qrupuna kifayət qədər məlumat təqdim etməkdir. Toplanılan materiallara müəssisə tərəfindən hazırlanan özünütəhlil hesabatı və digər materiallar aiddir. Material FİNEEC/EKKA-ya ingilis dilində təqdim edilməlidir.

3.2.1 Özünütəhlil hesabatı üzrə təlimatlar


Ali təhsil müəssisəsi Tvinninq layihəsinin komandası tərəfindən təqdim edilən təlimatlara uyğun olaraq özünütəhlil hesabatı hazırlayır. Müəssisə tərəfindən hazırlanan bu hesabat mümkün qədər təhliledici xarakter daşımalıdır, inkişaf etdirilməli olan sahələr müəyyənləşdirilməlidir və keyfiyyətlə bağlı atılan praktiki addımlar aydın təsvir etməlidir. Hesabat təsvirdən daha çox qiymətləndirməni vurğulamalıdır. Ali təhsil müəssisəsi sahə səfəri zamanı özünütəhlil hesabatı ilə əlaqəli qaldırılan məsələlər üzrə sübut təqdim etməyə hazır olmalıdır.

3.2.2 Digər materiallar


Qiymətləndirmə üçün tələb olunan əlavə materiallar özünütəhlil təlimatlarında veriləcək. Siyahıya bunlar daxil ola bilər:

  • Təşkilati struktur və ali təhsil müəssisəsinin necə təşkil olunduğuna dair qısa təsvir

  • Müəssisənin inkişaf strategiyası və onun həyata keçirilməsi üzrə planlar

  • Proqram sənədlərinin nümunələri.


3.2.3 Materialların təqdim edilməsi


Ali təhsil müəssisəsi özünütəhlil hesabatını və digər materialları FİNEEC/EKKA-ya electron formada sahə səfərinə ən azı 10 həftə qalmış təqdim edir. Qiymətləndirmə qrupu yuxarıda qeyd olunan materiallardan əlavə müəssisədən digər zəruri materialların səfərdən öncə təqdim olunmasını xahiş edə bilər.

3.3 Sahə səfəri


Sahə səfərinin məqsədi ATM tərəfindən yazılı əsasda təqdim edilən materiallara əsasən çıxarılmış nəticələri təsdiqləmək və tamamlamaqdır. Hədəf səfəri müəssisənin fəaliyyətinin inkişafını dəstəkləyən interaktiv görüş şəklində keçirməkdir. Müsahibələr ingilis dilində aparılır.

Sahə səfəri üç gün davam edir. Layihə meneceri ali təhsil müəssisəsi ilə birlikdə və qiymətləndirmə qrupunun fikirlərini nəzərə almaqla səfərin cədvəlini hazırlayır. Səfər zamanı qrup müəssisənin rəhbərliyindən, professor-müəllim heyətindən və digər qruplardan, tələbə və maraqlı tərəflərdən müsahibə alır. Qiymətləndirmə qrupu fərdi fakultələrdə, şöbələrdə və vahidlərdə qiymətləndirmə apara bilər. Səfərin sonunda rəhbərliklə görüş keçirilir. Görüşün sonunda qiymətləndirmə qrupu səfər ərzində etdikləri müşahidələrə əasasən ilkin rəyini verir.


3.4 Qiymətləndirmə qrupunun hesabatı


Qiymətləndirmənin nəticələri qiymətləndirmə qrupu tərəfindən qiymətləndirmə prosesi (təqdim edilən sənədlər, sahə səfəri, əlavə materiallar) ərzində toplanmış məlumata əsasən hesabat halına salınır. Hesabat qiymətləndirmə qrupunun hər üzvünün təcrübəsindən yararlanaraq hazırlanır. Hesabat standart strukturda olur və aşağıdakı sahələri əhatə edir:


  • Qiymətləndirmə prosesinin təsviri;

  • Ali təhsil müəssisəsinin qısa təsviri;

  • Sübutlar, təhlil və nəticələr;

  • Güclü tərəflər və qabaqcıl praktikalar;

  • Gələcək inkişaf və davam tədbirləri.

Hesabat yekunlaşdırılmamışdan öncə müəssisəyə faktlarla bağlı səhvləri göstərmək üçün imkan verilir. Yekun hesabat Layihə Rəhbərləri tərəfindən təsdiq edilir.



Hesabat Tvinninq layihəsinin veb səhifəsində ingilis dilində nəşr edilir. Hesabat maksimum 45 səhifə ola bilər.

1 Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Standartlar və Təlimatları (Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Avropa Assosiasiyası, 2015-ci il) bu keçiddən yükləmək mümkündür - http://www.enqa.eu/index.php/home/esg.

Yüklə 127,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə