Azərbaycan dilinin orfoqrafiya qaydaları



Yüklə 31,67 Kb.
tarix26.09.2017
ölçüsü31,67 Kb.
#2254
növüYazı

ORFOQRAFİYA

Orfoqrafiya – yazılı nitqdə dil vahidlərinin yazılışını tənzim edən qaydalar sistemidir. Bu qaydalar müəyyən prinsiplər əsasında müəyyənləşir. Müasir Azərbaycan dilinin orfoqrafiya qaydaları əsasən 3 prinsipə görə müəyyən olunur: fonetik, morfoloji və tarixi-ənənəvi prinsip.



  1. Fonetik prinsipə görə, sözün tərkibindəki səslər tələffüz olunduğu kimi yazıda hərflə ifadə olunur. Yəni sözlərin tələffüzü ilə yazılışı arasında, demək olar ki, fərq olmur. Dilimizdə söz köklərinin çoxu bu prinsipə görə yazılır. Məsələn: dağ, daş, gəl, vur, al, əl, xala, bala, baba, alma, gilas, beş, az, alt, və s.

  2. Morfoloji prinsipə görə, məqamdan və şəraitdən asılı olaraq müxtəlif çalarlıqda tələffüz olunan dil vahidləri vahid formada, yəni morfoloji quruluşa uyğun olaraq bir cür yazılır. “Morfoloji prinsip - müxtəlif çalarlıqda tələffüz olunan söz və şəkilçilərin bir cür yazılması prinsipidir” (Ə. Dəmirçizadə, “Müasir Azərbaycan dili”, I h, səh. 226). Məsələn: əv, öy, öv - ev; qərdeş, qardeş - qardaş; gessin – getsin; bacımnan – bacımdan, varrı - varlı və s.

  3. Tarixi-ənənəvi prinsipə görə, əvvəlki dövrlərdə tətbiq olunan qaydalar mühafizə olunur və bu gün də dəyişdirilmədən tətbiq edilir. Məsələn: hətta, xəstə, dəftər, zülm, cəbr və s.

Dilimizdə olan bir sıra sözlərin yazılışında bəzən bu prinsiplərin bir neçəsi əsas götürülür.

Azərbaycan dilinin orfoqrafiya qaydaları

  1. Aşağıdakı sözlər ədəbi tələffüzdə olduğu kimi iki heca ilə yazılır: qəbir, qədir, eyib, ətir, zehin, izin, cisim, isim, nəsil, ömür, səbir, sətir, sinif, fəsil, fikir, şəkil, eyif, meyil, əsil, şeir.

  2. Aşağıdakı sözlər bir saitlə yazılır: qəbz, qəsr, əmr, zülm, nəbz, nəfs, hüzn, həsr, üzv, həbs, kəsr, sədr, mətn.

  3. İkinci hecasındakı saiti “ü” ilə deyilən sözlər “i” ilə yazılır: münbit, münsif, ülvi, ümid, mühit, müflis, müdhiş, müdir. Üfüq, mühüm sözləri istisnadır.

  4. Sonu q və k ilə bitən sözlərə saitlə başlayan şəkilçi artırıldıqda q – ğ, k – y əvəzlənməsi olur: otağa, çiyələyin və s.

  5. Sonu x, q, k ilə bitən xüsusi isimlərə saitlə başlayan şəkilçi artırıldıqda x, q – ğ, k – y əvəzlənməsi olmur: Qazaxın, Yevlaxa, Afaqın, Malikin və s.

  6. Söz ortasında n samitinin [m] kimi tələffüz olunduğu sözlər n ilə yazılır: anbar, qənbər, şənbə, zənbil, günbəz, sünbül, şənbə və s.

  7. Kombayn, kombinat, kömbə, pambıq, kombinasiya, kompaniya, simfoniya, qumbara, lampa, ambulans, embrion sözləri “m” ilə yazılır.

  8. Əslində sonu qoşa samitlə bitən iki və çox hecalı sözlər bir samitlə yazılır:ekspres, kilovat, kiloqram, konqres, metal, proses, sərhəd və s.

  9. Təkhecalı sözlərin sonunda qoşa samitlərin hər ikisi yazılır: vatt, zənn, zidd, küll, rədd, sirr, fənn, hiss, haqq, xətt. Bu sözlərə samitlə başlanan şəkilçi artırdıqda söz kökündəki həmin samitlərdən biri düşür: zid+dir, sirdaş, fənlər, xətli, hislər və s.

  10. Rus dilində tərkibində ц olan ümumi isimlər “s” ilə yazılır: dosent, lisey, konsert, sex, sirk, sement və s. Vitse sözü istisnadır. Xüsusi ismlərdə söz əvvəlində s, söz ortasında və sonunda ts yazılır: Setkina, Sadkin, Vorontsov, Motsart və s.

  11. Əsli h samitli alınma sözlər h ilə, əsli q samitli alınma sözlər g ilə yazılır: Heyne, hegemon, hidrogen, hotel, general, gender, gigiyena, gitara, geologiya, gimnastika və s.

  12. Rus–Avropa mənşəli o saitli alınma sözlər a və o ilə deyilməsindən asılı olmayaraq və o ilə yazılır: kollektiv, laborant, kollokvium, velosiped, poema, poeziya, obyekt, avtomat, biologiya, obyekt, poçtalyon, motor, polkovnik və s.

  13. Sonu -iy, -skiy ilə bitən Rus – Avropa mənşəli isimlərin sonundakı y yazılmır: ssenari, planetari, profilaktori, sanatori, Qorki, Mayakovski və s.

  14. -vari şəkilçısi bir cür yazılır: üzükvari, qalxanvari, buynuzvari, yüngülvari.

  15. İdi, imiş, ikən, köməkçi sözləri adlardan (isim, sifət, say, əvəzlik) və saitlə qurtaran feillərdən sonra ayrı yazılır: dəftər idi, kitab imiş, ana ikən, nənə idi və s.

  16. İdi, imiş, ikən, köməkçi sözləri samitlə bitən feillərdən sonra həm ayrı, həm də ilk saiti yazılmadan bitişik yazılır: gəlməli idi, gəlməlidi, gəlmiş imiş, gəlirmiş, gəlməli ikən, gəlmişkən, gəlirsə və s.

  17. –can, -cən, -dək, -tək qoşmaları aid olduqları sözə bitişik yazılır: evəcən, evədək, məktəbədək, məktəbəcən, quştək və s.

  18. İlə qoşması samitlə bitən sözlərdə ahəng qanununa uyğun olaraq sözə –la, -lə şəklində bitişik də yazılır: Aytən ilə, Aytənlə, çanta ilə, dəftərlə və s.

  19. Tamamilə muxtəlif mənalı sozlərdən əmələ gəlib bir vurğu

ilə deyilən mürəkkəb sözlər bitişik yazılır: suiti, beşmərtəbə, dəvədabanı, qanundankənar, atüstü,soyuqqanlı,qitələrarası və s.

  1. Mirzə, hacı, şeyx, seyid, şah, soltan, ağa, bəy, bəyim, xan, xanım və s. sözlər rütbə, ləqəb, titul bildirmədən mürəkkəb sözün tərkib hissəsi olduqda sözə bitişik yazılır: Şahbikə, Ağamirzə, Xanımsultan, Balabəy və s.

  2. A, ba, bə, ha bitişdiriciləri ilə əmələ gələn mürəkkəb sözlər bitişik yazılır: qaçaqaç, ilbəil, yanbayan, qovhaqov və s.

  3. Bir tərəfi ayrılıqda işlənə bilməyən sözlərdən əmələ gələn mürəkkəb sözlər defislə yazılır: kağız – kuğuz, dedi-qodu, əzik-üzük, uşaq – muşaq və s.

  4. Eyni sözün təkrarından əmələ gələn mürəkkəb sözlər defislə yazılır: az – az, şirin – şirin, bir-bir, yavaş-yavaş və s.

  5. Tərkibində mənaca bir-birinə yaxın və ya əks sözlər işlənmiş mürəkkəb sözlər defislə yazılır: ab-hava, kafe-restoran, cənub-qərb, az-çox, elə-belə, gec-tez, pis-yaxşı, fabrik-zavod, iki-üç, bitməz-tükənməz və s.

  6. Tərkibində qeyri, əks, küll, anti, eks, vitse, kontr, ober, super sözləri işlənmiş mürəkkəb sözlər defislə yazılır: qeyri-adi, qeyri-iradi, əks-inqilab, əks-hücum, külli-ixtiyar, vitse-admiral, kontr-admiral, ober-leytenant, super-market və s.

  7. İzafət tərkibləri defislə yazılır: tərzi-hərəkət, nöqteyi-nəzər, həddi-buluğ, tərcümeyi-hal və s.

  8. Mürəkkəb miqdar, sıra, kəsr sayları ayrı yazılır: on bir, əlli iki, yetmiş səkkizinci, üçdə bir və s.

  9. Birincə sözü o, bu işarə əvəzlikləri olan mürəkkəb sözlər ayrı yazılır: bu il, bu gün, bu vaxt, o zaman, o dəm və s.

  10. Mürəkkəb sual əvəzliklərinin, qeyri – müəyyən əvəzliklərin tərkibindəki sözlər ayrı yazılır: nə üçün, hər kəs və s.

  11. Ümumiləşdirmə bildirən xüsusi isimlər cəmləşdikdə də böyük hərflə yazılır: Nizamilər, Füzulilər, Sabirlər və s.

  12. Mirzə, hacı, şeyx, seyid, şah, soltan, ağa, bəy, bəyim, xan, xanım və s. sözlər rütbə, ləqəb və titul bildirib sözlərdən əvvəl gəldikdə böyük, sözlərdən sonra gəldikdə isə kiçik hərflə yazılır: Mirzə Fətəli Axundzadə, Hacı Qara, Şeyx Nəsrullah, Seyid Əzim Şirvani, Şah İsmayıl Xətai, Soltan Mahmud Qəznəli, Nadir şah, Yusif mirzə, Abbasqulu ağa Bakıxanov, Fətəli xan, Nigar xanım.

  13. Bədii əsərlərdə heyvanlar və cansız əşyalar surət kimi işlədildikdə baş hərfi böyük yazılır: Bozat, Alapaça, Məstan.

  14. Aşağıdakı bağlayıcılar bitişik yazılır: yainki, yaxud, nəinki, habelə, halbuki, həmçinin, hərgah, hərçənd, çünki.

  15. İki sadə bağlayıcıdan və sadə bağlauıcı ilə başqa nitq hissələrindən əmələ gələn bağlayıcılar və bağlayıcı sözlər ayrı yazılır: belə ki, buna görə də, bununla da, bunun üçün, və ya, və yaxud, demək ki, yoxsa ki, guya ki, odur ki, ona görə, ona görə də, daha da, onun üçün də, tutaq ki, həm də.

  16. Ədatlar sözlərdən ayrı yazılır: lap yaxşı, di get, gör ha, dedim də, sən ki, daha gözəl, ən yaxşı.

  17. -mı, -mi, -mu, -mü, -sana, -sənə ədatları aid olduqları sözlərə bitişik yazılır: Ustadınmı? Həkimdirmi? Oxudunmu? Gəlsənə.

  18. -mı, -mi, -mu, -mü sual ədatı -da, -də ədatı ilə işləndikdə ondan ayrı yazılır: Sən də mi bilirsən? O yenə də mi susacaq?

Yüklə 31,67 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə