206
5.4. Sosial sığorta anlayışı və onun əsas prinsipləri,
istiqamətləri və növləri
Sosial sığorta - vətəndaşların itirilmiş əmək haqlarının,
gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə
itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.
Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta
formalarında olur. Məcburi dövlət sosial sığortası işəgötürənlər
tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər
barəsində həyata keçirilir.
Sosial sığortalanma dedikdə, ziyanın ödənilməsində kollektiv
həmrəylik prinsipi əsasında təşkil olunmuş müxtəlif risklərdən
əhalinin sosial müdafiəsi forması başa düşülür.
Sosial sığortalanmanın aşağıdakı növləri vardır:
1) yerli və xüsusi sığortalanma (ölkə daxilində hər hansı ərazidə
müəyyən əhali qrupları üzrə);
2) ümumi sığortalanma (bütün ölkənin ərazisində);
3) beynəlxalq sığortalanma (hər hansı ölkənin regionlarında).
Sosial sığortalanma aşağıdakı istiqamətlərdə aparılır:
1) işsizliklə bağlı;
2) tibbi sığorta;
3) pensiya yaşına çatmaqla əlaqədar;
4) istehsalatda bədbəxt hadisələrlə bağlı.
207
İnkişaf etmiş ölkələrdə sosial sığortalanmada bir sıra ümumi
cəhətlər, qanunauyğunluqlar vardır. Ümumi cəhətlərlərə aiddir:
- sosial sığortalanmanın əsasən sığorta fondu hesabına
aparılması;
- bir sıra hallarda bunun dövlətin əlavə ayırmaları, dotasiyası
hesabına həyata keçirilməsi;
- sığorta ayırmalarının xüsusi məqsədli fondlarda cəmlənməsi;
- sığorta ayırmalarının əmək haqqından asılılığı;
- sığorta ayırmalarının istehsal xərclərinə daxil edilməsi;
- işdə zədələnmə hallarının sahibkar tərəfindən tamamilə
sığortalanması;
- sığorta ayırmalarının müəyyən olunmasında işçinin və
sahibkarın birgə iştirakı.
Sığorta mənbələrinə görə ayrı-ayrı ölkələr biri-birindən fərqlənir.
Sosial sığortaya inkişaf etmiş ölkələrdə çox geniş yer verilmişdir. Bu
qanunauyğun haldır, çünki bazar sistemi şəraitində bütün sahələrdə
insanların həyatı və sağlamlığının müdafiəsi məqsədilə sosial
sığortalanma həyata keçirilir. Bununla bağlı müxtəlif fəaliyyət
sahələrində insanların üzləşdiyi risk hallarını azaldmaq və
kompensasiya etmək zəruriyyəti meydana çıxır.
Sosial risklər xəstəliklə, qocalıqla, ölümlə, istehsal zədələnmələri,
ailə başçısının, işin və hər hansı gəlirin itirilməsilə bağlıdır.
Bazar iqtisadiyyatı şəraitində məşğulluq sahəsində sosial
müdafiə tədbirlərinin sırasında özündən asılı olmayan səbəblərdən
işini və qazancını itirənlərin, həmçinin əmək bazarında rəqabət
aparmaq qabiliyyəti olmayanların minimum maddi təminatına
208
zəmanət verən sosial sığorta sisteminin inkişafı mühüm yer tutur.
Sosial müdafiə və sosial sığorta yetkin olmadıqda onun nəticələri
əmək bazarında işçi qüvvəsi təklifini artıran və bununla da məşğulluq
sahəsində gərginliyi gücləndirən amilə çevrilir. Məsələn, pensiyaçılar,
azyaşlı uşağa qulluq edən qadınlar və təhsil alanlar dövlətin sosial
müdafiə sistemi hesabına öz maddi ehtiyaclarını ödəmədiyi təqdirdə,
onlar haqqı ödənilən iş axtarmağa məcbur olurlar ki, bu da əmək
bazarında gərginliyi artırır.
İşsizlik sığortası işçi qüvvəsinin sosial təminatının mühüm
ünsürü olub, işsiz vətəndaşın yeni iş yeri axtardığı dövrdə işçi
qüvvəsinin itirilmiş gəlirlərini kompensasiya etməyə, onun alıcılıq
qabiliyyətinin saxlanmasına və bununla da iqtisadiyyatı işsizliyin
doğurduğu mənfi sosial nəticələrdən qorumağa xidmət edir.
Bəzən belə bir fikir vurğulanır ki, işsizlik müavinətinin yüksək,
ödəmə müddətinin uzun olması insanlarda arxayınçılıq yaratmaqla iş
axtarmağa maraq yaratmır, əksinə işsizliyi stimullaşdırır. Ona görə də
əksər ölkələrdə işsizliyə görə müavinatin ödənilməsinə zaman
baxımından sərt məhdudiyyətlər qoyulur. Problemin kökünü
həmçinin təminatlı və etibarlı əmək haqqı sisteminin, zəmanətli iş
yerlərinin olmamasında axtarmaq lazımdır. BMT ekspertləri isə hesab
edir ki, müavinatların yüksək olması işsizliyin davametmə
müddətinin artmasına mənfi yox, müsbət təsir göstərir, çünki müddət
üçün konkret məhdudiyyətlər olduğu üçün yüksək müavinat alan
işsiz vətəndaş tezliklə onu itirəcəyinə əmin olduğundan daha fəal iş
axtarmağa məcbur olur.
209
Azərbaycanda qanunvericiliyə əsasən əvvəlki 12 aylıq dövr
ərzində işə və qazanca malik olan və məşğulluq xidməti orqanlarında
işsiz kimi qeydiyyata düşənlərə əvvəlki iş yeri üzrə orta aylıq əmək
haqqqının 70%-i məbləğində, lakin yaşadığı ərazi üzrə orta aylıq əmək
haqqından yüksək olmayan məbləğdə, işsizlik müavinatı təyin olunur.
Məcburi tibbi sığorta fondlarına ayırmaların (ödənişlərin)
ödəyiciləri
təşkilatlar,
idarələr,
müəssisələr,
digər
təsərrüfat
subyektləri (fermerlər), fərdi əmək və sahibkarlıq fəaliyyəti ilə məşğul
olan vətəndaşlar və s.-dir. Sığorta ayırmalarının tarifləri dövlət
orqanları tərəfindən müəyyən edilir.
Əhalinin işləyən təbəqəsi üçün sığorta ayırmaları təsərrüfat
subyektləri tərəfindən həyata keçirilir. İşləməyənlərin məcburi tibbi
sığorta ayırmaları (uşaqlar, şagirdlər, əyani şöbələrin tələbələri,
pensiyaçılar, rəsmi qeydiyyata alınan işsizlər və digər kateqoriyalı
əhali) ərazi icra hakimiyyəti orqanları tərəfindən ödənilir (səhiyyə
üçün ayrılmış büdcə vəsaiti həcmində). Bundan başqa, məcburi tibbi
sığorta ayırmalarından azad olma halları da vardır. Məsələn, əlillərin
ictimai qrumlarını buna aid etmək olar.
Sığorta ödəyiciləri qanunçuluqda göstərilmiş müddətdə ərazi
məcburi tibbi sığorta fondununda qeydiyyata düşürlər. Bu məqsədlə
müvafiq banklarda xüsusi hesablar açılır və bu vergi orqanları ilə
razılaşdırılır.
Sığorta ayırmaları hər bir təsərrüfat subyektləri tərəfindən
hesablanmış əmək haqqının səviyyəsindən asılı olaraq müvafiq
qanunvericiliyə əsasən müəyyən edilmiş həcmdə ödənilir.
Dostları ilə paylaş: |