Azərbaycan əDƏBİ DİLİNİn normalari



Yüklə 146,24 Kb.
səhifə1/20
tarix04.01.2023
ölçüsü146,24 Kb.
#98168
növüQaydalar
  1   2   3   4   5   6   7   8   9   ...   20
NORMALAR


AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN NORMALARI
Dil və norma bir-biri ilə əlaqəlidir. Nitq mədəniyyətində əsas meyar ədəbi dil normaları hesab olunur. Nitq mədəniyyətinin əsas vəzifələrindən biri ədəbi dilin, onun normalarının qorunmasıdır. Ədəbi dilin normaları − ədəbi dilin inkişafının müəyyən döv­ründə dil va­si­tələrindən istifadə qaydalarıdır, yəni tələffüz qaydaları, yazı qaydaları, söz­düzəltmə qaydaları, qrammatik qaydalarıdır. Norma − dil ün­sür­lə­rinin (söz­lə­rin, söz birləşmələrinin, cümlələrin) eyni şəkildə, ümum­qə­bul­edil­miş formada işlədilməsi nümunəsidir.
Dil normaları filoloqlar tərəfindən düşünülüb tapılmayıb, onlar bütün xalqın ədəbi dilinin inkişafında müəyyən dövrü əks etdirir. Dilin norma­ları­nı fərmanla daxil etmək və ya ləğv etmək olmaz, onları inzibati yolla dəyişdirmək mümkün deyil. Dilin normalarını tədqiq edən dilçi alimlərin fəaliyyəti ondan ibarətdir ki, onlar dil normalarını meydana çıxarır, təsvir edir və sistemə salırlar, həmçinin onları izah və təbliğ edirlər.
Dil normasının əsas mənbələri aşağıdakılardır:
1) klassik yazarların əsərləri:
2) klassik ənənələri davam etdirən müasir yazarların əsərləri;
3) kütləvi informasiya vasitələrinin nəşrləri;
4) hamı tərəfindən qəbul edilmiş müasir istifadə forması;
5) linqvistik tədqiqatların məlumatları.
Dil normalarının səciyyəvi xüsusiyyətləri aşağıdakılardır:
a) nisbi sabitlik;
b) yayılma;
c) hamı tərəfindən işlədilmə;
ç) hamı üçün məcburi olma;
d) dil sisteminin istifadəsinə, qaydasına və imkanlarına uyğunluq.
Normalar ədəbi dilə öz tamlığını və hamı tərəfindən anlaşıqlı olmasını saxlamağa kömək edir. Onlar ədəbi dili dialekt nitqi axınından, ictimai və peşə jarqonlarından, loru dildən qoruyur. Bu, ədəbi dilə zəruri funksiyalardan birini – mədəni funksiyanı yerinə yetirməyə imkan verir.
Nitq nor­ması konkret nitq situasiyasına müvafiq dil normalarının se­çil­mə­si qaydasıdır.
Ədəbi dil norması dedikdə cəmiyyət üzvləri tərəfindən qəbul edilmiş məc­buri hər hansı bir qayda nəzərdə tutulur. Ədəbi dil norması milli və tarixi ha­disədir. Buna görə də mövcud normalar hər xalqın mədəniyyəti ilə bağlı olur. Bu normalar tarixən – uzun illər ərzində cilalanır və ədəbi dil üçün sə­ciy­yə­viləşir. Dil və nitq səciyyəli olan normalar tənzimləyici, nizamlayıcı funksiya ye­rinə yetirir. Dildə nisbi sabitlik yaradan ədəbi dil normaları mütləq deyil, də­yiş­kəndir. Belə ki, bu normalar müəyyən tarixi şəraitdən asılı olaraq bu və ya di­gər dərəcədə dəyişikliyə uğrayır. Dilin daimi inkişafı ədəbi dil normalarının də­yişməsinə gətirib çıxarır. Belə ki, keçən yüzillikdə, nor­ma­­tiv olan qrammatik formalar hazırkı dövrdə ədəbi dilin müa­sir nor­ma­sın­dan kənara çıxmaq kimi izah ediləcək. Əslində, müasir ədəbi dildə əvvəlki qram­matik normalara qayıtmaq qeyri-mümkündür. Bu hal dilin or­fo­qrafik və lek­sik normalarında daha çox özünü göstərir. Orfoqrafiya qay­da­la­rın­da də­fə­lərlə edilən dəyişikliklər, onlarla sözün yeni qaydalara uyğun ya­zıl­ması, eləcə də dilin lüğət tərkibində bir sıra sözlərin ünsiyyətdən çıxması, yeni sözlərin dilə gəl­məsi halları bu dəyişikliyə, yeniləşməyə sübutdur. Dil tarixində yal­nız or­fo­qra­fik, orfoepik normalar deyil, ədəbi dilin bütün normaları dəyişir. Mə­sələn, fo­netik normada baş verən dəyişikliklərə sağır nun (ᶇ) səsinin vaxtilə ədə­bi dil­də işlənməsini, indi isə yalnız qərb qrupu dialektlərinin fonetik xü­su­siyyəti ki­mi işləndiyini nümunə göstərə bilərik.
Ədəbi dilin normaları kütləvi xarakter daşıyır. Yəni bu normalar ha­mı­nın dil ünsiyyəti üçün yararlıdır. Məhz bu normaların sayəsində nitqin hər bir şə­raitində – məişətdə, istehsalatda, təhsildə, ictimai-siyasi mühitdə və s. yer­lər­də dil özünün müxtəlif ünsiyyət fəaliyyətini lazımi səviyyədə yerinə yetirə bilir.
Ədəbi dil normaları, əsasən, dərslik və məlumat kitablarında, xüsusilə lüğətlərdə irəli sürülür.
Ədəbi dilin iki forması vardır: şifahi dil və yazılı dil. Bunların da hər birinin özünəməxsus normaları mövcuddur. Dil norması qrammatiklərin qeydə aldığı dil normasıdır. Norma variantlardan birini müəyyən edir.
Müxtəlif dövrlərdə ədəbi dilin normalarını lüğətlər əsasında müəyyən etmək mümkündür.
Ədəbi dildə normaların aşağıdakı növləri qeyd olunur:
1) dilin yazılı və şifahi formalarının normaları;
2) yazılı dil normaları;
3) şifahi dil normaları.
Şifahi və yazılı dilin ümumi normalarına aşağıdakılar aid edilir:

  • leksik normalar;

  • qrammatik normalar;

  • üslubi normalar.

Yazılı dilin xüsusi normaları aşağıdakılardır:

  • orfoqrafiya normaları;

  • punktuasiya normaları.

Yalnız şifahi dildə tətbiq olunan normalar orfoepiya normalarıdır. Bura isə aşağıdakılar daxildir:

  • tələffüz normaları;

  • vurğu normaları;

  • intonasiya normaları.

Şifahi və yazılı dil üçün ümumi normalar dilin mahiyyətinə və mətnlərin qurulmasına aiddir.

Yüklə 146,24 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə