Azərbaycan əDƏBİ DİLİNİn normalari



Yüklə 146,24 Kb.
səhifə7/20
tarix04.01.2023
ölçüsü146,24 Kb.
#98168
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   ...   20
NORMALAR

YAZILI DİLİN NORMALARI
Yazılı dilin normaları bilavasitə yazının meydana gəlməsi ilə bağlıdır. Ya­zının meydana gəlməsi dil normalarında sabitliyin qorunmasına imkan ya­rat­dı. Normaların qorunmasına görə şifahi və yazılı dil arasında fərqlər mey­da­na çıxdı.
Ədəbi dilin yazılı normalarının yaranmasında dilxarici amillər əsas yer tutur. Dilxarici amillərin təsiri ilə sabitləşən yazılı dil normalarına əlifba, qra­fi­ka, yazı qaydaları, durğu işarələri, alınmaların və kalkaların nizama salınması və s. daxildir.
Yazılı dilin xüsusi normaları aşağıdakılardır:

  • orfoqrafiya normaları;

  • punktuasiya normaları.

Orfoqrafik normalar. Hər bir ədəbi dilin yazısı bir-birini şərtləndirən üç komponentdən ibarətdir: əlifba, qrafika və orfoqrafiya. Qrafikanın qaydaları əlifbadan törəyir, orfoqrafiya qaydaları isə əlifba və qrafika ilə birbaşa əla­qə­dardır. Yazının bünövrəsi əlifba üzərində qurulur.
Yazıda fonetik normanın mühafizəsi üçün əlifbanın çox mühüm praktik əhəmiyyəti vardır. Hal-hazırda dünya xalqları öz dillərinin fonetik tələblərinə uyğun şəkildə latın, ərəb, kiril, qədim yəhudi əlifbasından və heroqliflərindən istifadə edirlər. Ümumiyyətlə, hər hansı bir əlifba sistemi başqa dillərin fonetik quruluşuna, onun səs təbiətinə tam uyğun gələ bilməz. Buna görə də hər hansı əlif­banın qəbul edilməsi zamanı onun dilə uyğunluğunu və uyğunsuzluğunu ay­dınlaşdırmaq, dildəki səslərin əlifbada mövcud olmayan yeni işarələrini ya­rat­maq bir problemə çevrilir. Dildəki səslərin əlifbada uyğun işarəsi ol­ma­dıq­da yazı qaydalarında bir norma müəyyənləşdirmək məsələsi çətinləşir. Bu da əlifbada uyğunlaşma prinsipinin nəzərə alınması zəruriliyini meydana çıxarır. Azərbaycan yazısında uzun müddət ərəb əlifbasından istifadə olunmuşdur. 1928-ci il iyul ayının 2-də latın əlifbasına keçmək haqqında qərar qəbul edildi. Bu qərar yeni əlifbanın məcburi və qəti həyata keçməsindən ibarət idi. Latın əlifbasında olan qrafik işarələr Azərbaycan dilinin səs sistemini, əsasən, əks et­dirə bilirdi. Bu əlifbada sait və samitlərin xüsusi işarələri mövcud idi. 1939-cu il noyabr ayının 15-də Azərbaycan yazısının latın əlifbasından rus qrafikasına keçməsi haqqında qərar verildi. Rus qrafikası əsasında tərtib olunmuş Azərbaycan əlifbasında yenidən iki mərhələ üzrə islahat aparılmışdır. Birinci mərhələ üzrə islahat 1947-ci ildə həyata keçirilmişdir. Bu islahatda Azərbaycan əlifba sistemindən bu dilin fonematik xüsusiyyətlərinə uyğun gəlməyən ü hərfi çıxarılmışdır. İkinci mərhələ üzrə islahat 1958-ci ildə aparılmışdır. Bu islahatda ə, ö, g, y hərfləri əlifbadan çıxarılmışdır. 1993-cü il mart ayının 1-dən idarə və müəssisələrdə latın qrafikalı əlifba ilə işləmək barədə hökumət sərəncamları göndərilmişdir. Lakin maddi və texniki imkansızlıq üzündən Azərbaycan ya­zı­sın­da rus və latın əlifbaları paralel şəkildə istifadə olunurdu. Lakin sevindirici haldır ki, hazırda Azərbaycan yazısında vahid bir əlifbadan − latın qrafikalı Azərbaycan əlifbasından istifadə edilir.
Yazılı nitqdə orfoqrafik normalar xüsusi əhəmiyyət kəsb edir. “Orfo­qra­fiya ― yazılı nitqdə dil vahidlərinin yazılışını tənzimedici qaydalar sis­te­mi­dir”1. Azərbaycan dilinin orfoepiya və orfoqrafiya qaydaları bir-biri ilə qar­şı­lıqlı şəkildə əlaqədardır. “Orfoqrafiya yazılı nitqin, orfoepiya şifahi nitqin ge­yimidir. Bunların bir-birinə yaxınlaşması yazı ilə tələffüz arasındakı fərqi azal­dır”2. Lakin bu yaxınlığa baxmayaraq, orfoqrafiya və orfoepiya arasında mü­əyyən fərqli cəhətlər, bunların hər birinin özünəməxsus prinsipləri vardır. Be­lə ki, dilimizdə sözlərin bir qisminin yazılışı ilə tələffüzü bir-birindən fərq­lən­mədiyi halda, digər qisim sözlərin tələffüzü ilə yazılışı arasında fərq vardır.
Orfoqrafiyanın əsasını orfoqrafiya qaydaları təşkil edir. Hər bir dilin öz orfoqrafiya qaydaları vardır. Orfoqrafiya qaydaları uzun illər əsaslı dəyişikliyə uğramayan və uzun müddət sabit qalan bir ictimai hadisədir. Lakin bu qay­da­lar tarix boyu öz sabitliyini saxlaya bilməz, onun dəyişməzliyinə daimi bir ha­disə kimi baxmaq olmaz. Çünki zaman keçdikcə dildə baş verən dəyişikliklər or­foqrafiya qaydalarına da təsir göstərir, onda da müəyyən dəyişikliklər apa­rıl­masını zəruriləşdirir, onun köhnəlmiş qaydalarının yeniləri ilə əvəz­lən­məsini tə­ləb edir. Bunun isə səbəbi odur ki, orfoqrafiyanın inkişafı dilin inkişafı ilə əla­qə­dardır və təbiidir ki, dildə baş verən yeniliklər öz əksini orfoqrafiyada tap­ma­lıdır. Təəssüflər olsun ki, dilimizin orfoqrafiya qaydaları 1936-1958-ci il­lər ara­sında 6 dəfə dəyişdirilmişdir. Dilimizin orfoqrafiyasının tez-tez dəyiş­di­ril­məsi, əsasən, əlifba ilə sıx bağlıdır. Belə ki, əlifba dəyişdikcə orfoqrafiyada da müəyyən dəyişikliklər əmələ gəlir. Deməli, orfoqrafiyamızda dəyişiklik əlif­ba­mızın tez-tez dəyişməsi ilə əlaqədardır. Azərbaycan yazısı 1920-ci ildən son­ra müx­təlif əlifbalara (ərəb, latın, kiril və yenidən latın) əsaslanmışdır. Or­fo­qra­fi­ya qaydalarının tez-tez də­yiş­di­ril­mə­si yazı qay­da­la­rı­nın öy­rə­nil­mə­si işini və praktik şəkildə tətbiqini çətinləşdirir, yazı mədə­niy­yətinə mənfi tə­sir gös­tə­rir.
Azərbaycan dilinin orfoqrafiyasının aşağıdakı vacib xüsusiyyətləri var­dır:
1) orfoqrafiya qaydaları ümumi razılaşmaya əsasən qəbul olunur, ümumxalq sorğusuna əsaslanır;
2) yazıda orfoqrafiya qaydalarına riayət etmək hamı üçün məcburidir;
3) orfoqrafiya qaydaları yazıda ikiliyə yol verməməsi ilə səciyyələnir;
4) orfoqrafiya qaydaları kütləvi xarakter daşıyır;
5) orfoqrafiya qaydaları sabitliyi ilə seçilir;
6) orfoqrafiya qaydaları şərtiliyə əsaslanır (xəmir – xamır, təqsir – taqsır, bünövrə – binövrə və s.;
7) orfoqrafiya qaydaları hamı üçün vacibdir;
8) orfoqrafiya qaydalarında dəyişiklik və əlavələr etməyə heç kəsə hüquq verilmir;
9) orfoqrafiya qaydaları nitqin məzmununu aydın və düzgün əks et­dir­məlidir;
11) orfoqrafiya qaydaları daim təkmilləşdirilməli və inkişaf etdi­ril­mə­li­dir;
12) orfoqrafiya qaydaları sadə, anlaşıqlı olmalıdır.
Orfoqrafiya qaydaları, əsasən, aşağıdakı məsələləri əhatə edir:
1) sözdə sait və samitlərin yazılışı;
2) şəkilçilərin yazılışı;
3) sözlərin bitişik, defislə və ayrı yazılışı;
4) sözlərin baş hərflərinin yazılışı;
5) ixtisar və qısaltma növlərinin yazılışı;
6) sözlərin sətirdən-sətrə keçirilməsi qaydaları.
Azərbaycan dilinin orfoqrafiya qaydaları 1929, 1940, 1960, 1975, 2004 (80 min söz) və 2013-cü (110563 söz) illərdə çap olunmuşdur.
Orfoqrafiyanın müəyyənləşdirilməsində əsasən aşağıdakı prinsiplərdən istifadə olunur:

  1. Fonetik prinsip.

  2. Morfoloji prinsip.

  3. Tarixi-ənənəvi prinsip.

  4. Fərqləndirici prinsip.

  5. Etimoloji prinsip.

Hər bir dilin orfoqrafiya qaydalarını düzəldərkən bir sıra prin­sip­lər­dən istifadə olunsa da, bunlardan biri, ikisi və ya üçü əsas prinsip, digərləri isə ikinci dərəcəli prinsip sayılır.
Dilimizin orfoqrafiya qaydalarının müəyyənləşdirilməsində üç prinsipdən istifadə olunmuşdur:
1) fonetik prinsip; 2) morfoloji prinsip; 3) tarixi-ənənəvi prinsip.

Yüklə 146,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə