Azərbaycan folklorunun ilkin nəşrləri” seriyası HÜMMƏT ƏLİzadə azərbaycan el əDƏBİyyati



Yüklə 1,33 Mb.
səhifə14/18
tarix13.11.2017
ölçüsü1,33 Mb.
#10023
1   ...   10   11   12   13   14   15   16   17   18

ŞAH OĞLU ŞAH ABBASIN NAĞILI
Hümmət Əlizadə

Qazax- 1927
Gün­lərin bir günündə şah oğlu şah Abbas və vəzir Allah­verdi xan dərviş libasi giyif “İsfahan” şəhrində dolanırdılar.

O gün şəhərin hər guşəsində axşamadək dolanub axşam ol­caq mehman qalmax içun bir evə gəldilər.

Ev sahibi “Qara qul” bunların qabağına çıxdıqda dedilər:

– Qardaş! Olarmı bir gecəliginə bizi Allah qonağı edəsən?...

Qara qul dedi:

– Allaha qurban olum, qonağına da. Niyə qəbul etmərəm. Gəlin evə gedək.

Bunlar qulun sözünə şad olub hər ikisi qara qulun evinə get­di­lər. O bu dərvişlərə yavan çörək gətirub dedi:

– Ağa dərvişlər! Varını verən utanmaz. Vallah kasıb ol­ma­ğı­na görə yavanlığım yoxdur.

Dərvişlər sağ ol, ziyan yoxdur deyub çörəgi yedikdən sonra gəl­miş, keçmişdən bir qədər söhbət edub dedilər:

– Qardaş biz yorğunuq, hərgah mümkün olsa yer sal yataq.

Qara qul yorğan-döşək üçün arvadı Sənəmin yanına gəl­dik­də nə gördü. İş başqa tördür, Sənəmin vədəsi tamam olduğundan bu gecə bar həmlini yerə qoymaq istəyir. Halı böylə görüb dər­viş­lərin yanına gəlib dedi:

– Ağa dərvişlər! Allahdan gizlin dögül, sizdən nə gizlin: ar­va­­dımın vədəsi tamam olduğundan bu gecə bar həmlini yerə qoy­maq istiyir. Hərgah razı olsanız sizin yerinizi həman evin hə­yə­tin­də salaram. Dərvişlər dedilər, çox yaxşı olar. Bu zaman qa­ra qul bunların yerini evin həyətindən saldı. Yer salınan kibi şah Ab­bas yatdı, amma vəzir Allahverdi xanın yuxusu gəl­mə­di­gin­dən yerin içində oyaq oturdu. Bu yandan gecə yarıdan bir qədər keç­miş Sənəm bar həmlini yerə qoydı. Vəzir Allahverdi xan oyaq otu­rar­kən nə gördü:

Həyətdən bir məlaikə evə girir. Bu məlaikənin qəd-qaməti çi­­­­nar kibi yeddi bəg Əli barmağı və hər barmağında yeddi bəg qə­ləm vardır.

Vəzir dedi:

– Yəqin bu məlaikə hər nəçi karəsə genə bu həyətdən çıxub ge­dəcək onda nəçi karə olmasını xəbər alaram. Məlaikə bir az vəqt­də evə daxıl olub işini görcək həyətə çıxdı.

Vəzir bu həyətə çıxan kibi cəld ətəgindən tutub dedi:

– Atam, anam sənə fəda olsun, ya məni öldür və ya inki mə­ni bu sirrdən agah elə, görüm nə içun sizin kibi xoş sima mə­lai­kə bu qara qulun evinə gəlubsiniz? Məlaikə hərçi istədi bu sirri aç­mayub getsin, vəzir yalvarub yaxardı.

Məlaikənin ona yazığı gəlib dedi:

– Ey vəzir Allahverdi xan, hər gah mənə rast gələn sənin ki­bi Allahə yaxın mömin adam olmasa idi, bu sirri açmazdım. İndi sə­ni öldurməkdənsə bu sirri açmağım fərzdur:

– Bil və agah ol, mən Allah taala tərəfindən müqərrər edil­miş bir öylə məlaikəyəm ki, hər kim anadan olanda onun başının üs­­tə hazır olub nə tör ömr sürməsini və oğlan, qızların nə noi bir-birinə qismət olmasını onların alnına yazıram. Onu da bil ki, bu yazı qüdrət ilahi tərəfindən “təqdirə tədbir, yazıya pozu ol­maz” deyə əmr edilmişdir. Vəzir məlaikədən bu sözü eşidib ərz et­di ki, əda olum mənim xatirim üçün bu qara qulun bu axşam olan öladının yazısını mənə söylə – Məlaikə dedi:

– Qara qulun bu axşam bir oğlan uşağı oldu. Uşağın adı Mə­həm­məd qoyuldu. Həman Məhəmmədə şah oğlu şah Abbasın qızı “Minəvvəri” yazdım. Məhəmməd Minəvvəri aldıqdan sonra qır­mızı günə çatub ta ömrünün axırınadək mal-dölət içində ömr sü­rəcəkdur. Məlaikə bu sözləri söyləyərək vəzirin o tərəfə bax­ma­sını söylədi. Vəzir o tərəfə baxub dübarə məlaikə olan tərəfə bax­dıqda gördü məlaikə yoxdur. Bildi ki, qayibə çəkildi. Bu za­man qüdrət ilahiyə şükr edub yerinə girib yatdı.

Sabah olcaq hər ikisi yuxudan ayılub qara qul ilə görüş­dik­dən sonra bargaha yüz qoyub bir azdan sonra bargahə yetişdilər. Əginlərindən dərviş libasını çıxarub şah-şahanə və vəzir-və­zi­ra­nə libas geyinub divanxanədə bərqərar oldular. Şah təxt üstündə şad-xürrəm oturarkən dedi: “Vəzir, bu gecə yatdığımız ev sahibi qa­ra qul da deyir mən də insanəm, ömr sürüb yaşayur. Biz də ya­­şayırıq.

Vəzir məlaikə şahın qızını qara qulun oğluna yazması ya­dı­na düşüb bir bərk qəhqəhə ilə güldü. Şah vəzirin belə gülməsinə qəzəblənub dedi:

– Vəzir! And olsun babamın çıqqasına, hər gah bu gölməgin səbəbini mənə söyləməsən səni həlak etdirərəm.

Vəzir şahın qəzəbindən xoş edub əhvalatı tamamilə şahə söy­lədi. Şah buyurdu:

– “Vəzir, mən bu yazını elə pozaram ki, heç Allahın da xə­bə­ri olmasın.

Vəzir ərz etdi ki:

Şah sağ olsun, sən bilirsən, amma unutma ki, “təqdirə təd­bir, yazıya pozu olmaz” ona görə də yazını poza bilməyub axır­da peşiman olacaqsan.

Şah vəzirin sözündən imtina etməyub buyurdu:

– Bu saət get qara qulu buraya gətir.

Vəzir şahın hökmünə görə qara qulu divanxanədə hazır etdi. Qa­ra qul şahə baş endirib torpağa düşdikdən sonra ərz etdi: atam, anam sana qurban bu kəmtərin bəndənizə nə buyurursunuz. Şah bu­yurdu ey qara qul eşitmişəm ki, bu gecə sənin Məhəmməd nam bir oğlun olubdur. İndi o mənə lazımdır. Ona görə get ar­va­dın­la məsləhətləşdikdən sonra onu mənə gətir. Əvəzində iki yüz qı­zıl verəcəgəm. – Qara qul “bə çəşm” diyib şahın hizurundan mü­rəxxəs olub evlərinə gəldi.

Əhvalatı arvadı Sənəmə söylədi. Sənəm ağlayaraq dedi:

– Ay kişi! Mən cəfa çəkib əmələ gətirib bəsləmək istədigim öla­dı nə tör özgəsinə verim.

Qara qul dedi:

– Arvad, hərgah şahın əmrini yerinə yetirməsək dərhal hər iki­mizi həlak etdirər. Ona görə gəl ətəgindən daşı tök. Mə­həm­mə­di şahə vərub iki özü ağırı qızıl alaq. Onu bizə verən qüdrət ila­hi genə də verməgə qadirdir.

Sənəm şahın qəzəbindən qorxub naçar razı oldu. Bu zaman qa­ra qul Məhəmmədi götürüb şahın hüzurinə gəldi. Şah qara qu­la iki uşaq ağırlığında qızıl verub yola saldıqdan sora vəzir Allah­­verdi xan ilə bahəm dərviş libasi giyinub Məhəmmədi həy­bə­də çig­ninə alub çöl biyabanə yüz qoydular. O qədər getdilər ki, axır­da “Libnan” nam bir qayaya yetişdilər. Şah çıxub bu qayaya bax­dıq­da gördi ki, o qədər ucadur ki, başından baxanda dibindəki ada­mı bir çibin böyükligində belə görmək olmayur. Şah Libnan qa­ya­sına baxana qədər vəzir Məhəmmədi görəndə tanısın diyə yü­zünü aşub diqqət ilə baxdıqda gördu ki, bunun sağ yüzündə bir cüft qara xalı vardı. O, uşağa baxdıqdan sonra gənə yüzünü örtdu. O yandan şah gəlub uşağı götürüb həman qayanın başınə çıxdı. Mə­həmmədi o Libnan qayasının başından hicum ilə tullayub de­di: “Vəzir! Gördünmi, mən yazını pozaram?

Vəzir ərz etdi: – Ey şah! Buna pozmaq dəməzlər, sən bu işin axı­rına bak. Bunlar bir-birilə söhbət edə-edə İsfahanə gəldilər və təxt səltənətdə hər kəs öz işinə məşğul oldu. Bunlar İsfahanda dö­lət işilə məşğul olsunlar gəl sənə biçarə Məhəmməddən xəbər ve­rim:

Məşhur ustadların fərmayişinə görə şah Abbas Məhəmmədi Lib­nan qayasından atarkən Allah taala tərəfindən haman yazıları ya­zan məlaikə nazil olub uşağı tutaraq Libnan qayasının dibinə qoy­dı. Məlaikə gedən kibi bir maral gəlib uşağı götürüb Libnan qa­yasının yaxınlığında möcud mağarəsinə apardı. Maral o gün­dən öz balasilə bahəm ona süd verub o qədər saxladı ki, ta inki uşaq beş sinninə çatdı. Maral Məhəmmədi Libnan qayasında sax­­­lamaqda olsun gəl sənə “Dərzəmin” mahalında avçı “Pə­ri­dən” xəbər verim:

Bu avçı Pərinin peşəsi avçılıq olub, o mahaldan aldı. Şanlı bir şəxs idi. Amma nədənsə heç öladı olmazdı. Bu Pəri bir gün yay oxunu götürüb ava çıxmışdı. Axşama qədər dağlarda gez­di­sə də bir şey tapa bilmədigindən gecəni o məkanda yatub sabah ol­caq genə yüz biyabanə qoyub av axtarırdı. Bu günü də gün əgi­lənədək gezub bir şey bula bilmədi. Nəhayət güzari həman Lib­nan qayasına düşdü. Burada dolanarkən nə gördü: qayanın dibində bir maral durub iki danə bala bundan süd əmir. Avçı bun­ları görən kibi marala bir düz ox atdisə də vura bil­mədi­gin­dən maral dərhal öz balasilə qaçdı. Məhəmməd isə orada qaldı.

Avçı gördü maral və bir balası qaçdı, amma bir qara şey oy­na­ya-buynaya orada qaldı. Avçı halı belə görüb onun yanına get­dik­də nə gördü?

Bir oğlandur ki, xət xalı bənəfşə kibi hər xalı xalımın tü­mə­nə degər, avçı Pəri uşağı görcək dedi; ey Allah taala sənə çox şü­kür olsun ki, özümə ölad vermədinsə də bir bələ uşağı mənə ye­tirdim. O bu sözdən sonra dilşad oğlanı götürüb bir neçə gü­nün içində evinə gəldi. Arvadı Ummi gördi ki, əri bir oğlan uşa­ğı gətirib xəbər aldı ki, ay kişi bu nə işdir?

Pəri əhvalatı Ummiyə söylədi. Ummi kişidən bu sözü eşidub dedi:

– Allah yaxşı yetirub, gəl bunu özümüzə oğul edək.

Pəri dedi: – Elə mən də ondan ötrü gətirmişəm.

Ummi oğlanı yaxasından keçirub hər ikisi oğulluğa qəbul et­di­lər. Məhəmməd o gündən ağ günlər içərisində böyüyüb ay, il ke­çərək ta inki on altı sinninə çatdı. Bu zaman həm özümün əql, kə­malı və həm də avçıya köməkdarlığı sayəsində hər bir böyuk məc­lislərə və ziyafətlərə gedub nəhayət Dərzəmin mahalında öy­lə məşhur oldu ki, həmə vəqt böyük məclisləri dolandırmaq içun onu məclis ağası seçərdilər. Məhəmməd və Dərzəmin əhli bu­rada qalsın, gəl sənə şah Abbasdan xəbər verim. Şah Abbas bir gün vəzir Allahverdi xan ilə divanxanədə oturmuşdu. Gör­dü­lər ki, Dərzəmin mahalından bir qasid namə gətirub. Vəzir na­mə­ni alub şahın hizurində oxuyarkən gördu ki, yazılubdur:

– “Ey şah Abbas, bil və agah ol, Dərzəmin mahalında oğur­luq, yol kəsmək, adam öldurmək və sayirə kibi fənalıqlar baş gös­­­­­­tərməkdədur. Ona görə qədəm mübarəkinizi bu mahalə ba­sub belə hərəkətləri dəf etmənizi arzu və təmənna edirik”.

Şah namənin məzmunindən halı olcaq qasidi yola salub bu­yur­du biz də indicə gəlirik. Qasid gedəndən sora şah qara vəziri ça­ğırub ixtiyar üzügünü ona verub buyurdu mən Dərzəmin ma­ha­lına gedirəm. Gələnədək rəyəti yaxşı idarə et.

Vəzir “bu çəşm” diyub o gündən şahın əvəzində təxt səl­tə­nət­də əgləşdi. Bu qara vəzir elə qansız insan idi ki, hərgah şah Ab­bas bir əmr versə ki, üç günədək İsfahan əhlini qır inan ki, bir ke­sə rəhmi gəlməyub tamamilə həlak edərdi. O tərəfdən şah Ab­bas vəzir Allahverdi xan ilə Dərzəminə yaxınlaşdılar. Dərzəmin əhli şah Abbasın gəlmək xəbərini eşidub dərhal pişvazə çıxubda bir cəlal şəkət ilə daxil şəhər etdilər.

Şah ilə vəziri bir yaxşı sarayda bər qarar etdikdən sonra Dər­zə­min əhli bir elə ləyaqətli və mərifətli cavan gəzdilər ki, o şahə yax­şı çay, çörək versin bəlkə şahin Dərzəmin əhlindən xoşi gə­lub o mahalə qəzəb etməsin. Hamu belə bir adam kim olar diyə fi­­kir­ləşirkən birisi dedi: – Niyə unutmusunuz? Avçı Pərinin oğlu Mə­həm­məd kibi ləyaqətli cavan harada ola bilər. Camaət bu sö­zü eşitcək şad olub o saət Məhəmmədi hazır etdilər. Məhəmməd şa­­hə layiq çörək hazır edub onların hizurunə apardı. Vəzir Allah­verdi xan oğlanı görüb diqqət ilə baxanda sağ üzündə bir cüft qara xal görən kimi bildi ki, həman qara qulun oğlu Mə­həm­məddur. Ona görə Məhəmməd eşiyə çıxanda sora vəzir şah ilə çörək ye­mə­­gə məşğul ikən birdən şahın yazıyı pozaram, de­mə­­si yadına dü­şüb bir mənalı gülüş ilə güldü. Şah Abbas bu­yur­du:

– Vəzir! Bu gülüşün səbəbi nədur? Doğrusunu söylə, hərgah doğ­rusunu söyləməsən, yəqin bil ki, səni iki şaqqa etdirub birini İsfa­hanın girəcək qapusundan, o birini çıxacaq qapusundan as­dı­ra­cağam:

Vəzir şahın qəzəbindən xoş edub əhvalatı ona söylədi.

– Şah bu sözü eşidub dedi: Vəzir bu dəfə ya gərək öləm və ya inki bu yazını pozub, həman cavanı qanına qəltan etdirəm. Və­zir ərz etdi şah sağ olsun, sən bilirsən. Bu söhbətdən sonra şah cibin­dən qızıl qələmi çıxarub qara vəzirə bu minval bir namə yazdı:

– “Əzizim, gözüm qara vəzir! Bu namə sənə çatan kibi hə­man naməni aparan Məhəmmədi həlak edub qanlı köynəgini mə­nə saxlayasan”.

Naməni təmam etdikdən sonra sər-bə-möhr edub Mə­həm­mədi hizurə çağırub buyurdi:

– Oğlum, bu naməni təzlik ilə İsfahan şəhərində mənim ye­rim­də oturan qara vəzirə yətirəsən. Məhəmməd bə hökm şah, na­­məni götürüb külahının başında işdiginin içinə qoyduqdan son­ra İsfahana yola düşdü. O cavan gecə-gündüzə salub bir az vəqt­də İsfahan şəhərinin yaxınlığında möcud şah Abbasın qızı Mi­nəvvər xanıma məxsus olan “Nobəhar” bağına yetişdi.

Məhəmməd böylə bir kölgəli, sulu, behişt misalında bağı gör­cək həm yorğunluğunu və həm də susuzluğunu dəf etmək içun həman bağa daxil olub durna gözü kibi fəvvarə verub tö­kü­lən çahar hözdən əl yüzüni yuyub doyunca su içdikdən sonra bir ta­zə açmış gül ağacının kölgəsində xab nazə getdi.

Məhəmməd gül dibində yatmaqda olsun, sənə Minəvvər xa­nım­dan xəbər verim. Şah Abbasın istəkli qızı bu Minəvvər xa­nım on dörd sinnində bir elə gözəl idi ki baxan deyirdi: Qüdrət ila­hının kərəmi cuşə gələndə bu nazənini yaratmışdi.

Minəvvər xanımı neçə şəhzadələr istəmişdisə də heç birsinə get­məmişdi. Bu qız hər gün başına qırx kəniz götürüb Nobahar ba­ğına seyrə çıxardı. O gün gənə həman minval ilə başına qırx kə­niz götürüb Nobahar bağına getdi.

O nazənin bir qədər diltənk olduğundan kənizlərdən sıyrılub ça­har hozda çimərək gülşənlikdə gül dərdigi halda Məhəmmədin üstə çıxdı. Nə gördü?

Bu güllükdə bir cavan yatub ki, dünyada tək yaranub, xət xa­­lı və gül camalı gün kibi şölə verir. Minəvvər bunu görcək dər­­hal aşıq olub nə olaydi bu zalımın oğlunun sevgilisi olmaya idi. Mən buna gedə idim. Bu sözü deyub diqqət ilə bunun qədd-qamətinə baxarkən gördü: gülahının tərkində bir namə vardur. Yavaşca naməni götürüb oxuyaraq məzmunindən halı olduqda ata­sına nifrin edub naməni parça-parça etdi. Atasının qara səsilə de­di: ay bi insaf salım ata heç gör belə bir cavanı da öldürmək olar­mı?

Minəvvər o cavanə aşıq olduğundan xatinə xitur edub birdən de­di: bu cavanı xilas etməgin yaxşı fəndini tapdım: o saət ata­sı­nın ona yadigar verdigi qızıl qələmi çıxararaq qara vəzirə belə bir namə yazdı:

“Əzizim, gözüm qara vəzir!

Bu namə sənə çatan kibi qırx gün, qırx gecə töy edub mənim qı­zımı Minəvvər xanımı həman namə aparan Məhəmməd nam ca­vanə verərsən”.

Qız naməni şahın möhrilə sər-bə-möhr edub genə oğlanın gü­lahının tərkinə qoyaraq yavaşca oğlanın yüzündən, gözündən bu­sə edub kənişlər ilə bahəm bağdan çıxub hərəmxanəyə gəldi. O tərəfdən xoşbəxt Məhəmməd yuxudan bidar olub İsfahan şə­hə­rində şah Abbasın yerində oturan qara vəzirin yanına gəlub şah­dan olan naməni ona təqdim edir. Qara vəzir bu namənin məz­munundan halı olduqdan dərhal İsfahan şəhərini laləzarlar və gəbələr ilə bəzədub bir böyuk məclis bərpa edərək bütün İs­fa­han əhlini o məclisə dəvət etdi. İsfahan ehli əhvalatdan ba xəbər olub Şah Abbasın qızının toyudur deyə hamı o məclisə gəldilər.

Qara vəzir Minəvvər xanımın kəbinini Məhəmmədə kəs­dir­dik­dən sora qırx gün, qırx gecə toy edib İsfahan əhlini qonaqladı.

Toy tamam olan kibi qara vəzir və İsfahan əhli Minəvvər xa­­nımın əlini Məhəmmədin əlinə verib mübarək bad edərək hər kəs öz evinə getdi. Bu iki qalı bəladə bir-birinə yazılmış aşıq və mə­şuq o gündən mal-devlət içində qırmızı gün keçirməyə baş­la­dılar.

O yandan şah Abbas Dərzəmin mahalında baş vermiş fəna hərəkətlər yatırdıb vəzir ilə bahəm İsfahana yüz qoydular.

Bunlar eylə ki şəhərə yaxınlaşdılar birinci dəfə Minəvvər və Mə­­­həmməd şahın gəlməsindən xəbərdar olduqda Minəvvər xa­nım dedi: Durmaq vaxtı deyil. Bir köhlən ata suvar olub qara vəzir və əhli şəhər ilə atamı pişvazə çıx. Zalım bir fənd ilə bir-bi­ri­mi­zə qavuşduq görək axırımız necə olacaq.

Minəvvərin bu sözünə Məhəmmməd razı olub bir köhlən ata su­­var olaraq qara vəzir və əhli şəhər ilə şahi və vəziri pişvaz edib daxil şəhər etdilər.

Şah özu ölməgə göndərdigi Məhəmmədin əgnində şahana li­bas bir köhlən atın belində onun pişvaza gəlməgini görüb qə­zə­bin­dən az qaldı həlak ola.

Odur ki, Məhəmmədin əhvalatını şah bir başqa sərbazdan ög­­­rəndi. Şah halı belə görüb dərhal qırmızı geyinib təxt səl­tə­nət­də bərqarar olcaq cəllad deyə fəryad etdi. Cəllad hazır olub “ləb­bəyk-ləbbəyk” edərək dedi: qurban çörəgindən yemişəm, qo­lum qüv­vətli kimin ömrünün qəvaləsi tamam isə höküm et, bu saat boy­nunu vurum.

Şah höküm etdi: – Bu saat o nankor və mənim əmrimi ye­ri­nə yetirməyən qara vəzirin boynunu vur.

Cəllad şahın əmrinə “bə çəşm” deyib qara vəzirin boynunu vur­maq istədikdə qara vəzir ərz etdi: – Şah sağ olsun, aman ve­rin, sizə bir neçə kəlmə sözüm var, onu deyim hərgah günahım ol­sa genə sahib ixtiyarsınız. O biinsaf şah razı olmadıqda həm və­zir Allahverdi xan və həm də Minəvvər xanım və əhl İsfahan ərz etdilər:

– Ey şah! Belə insafsızlıq olmaz. Neçə ildur ki, qara vəzir sə­­­nin çörəgin yeyub vəzirlik edir. Ona görə qoy laməhalə sö­zü­nü desin, günahi olsa genə də öldürərsiniz.

Şah vəzirin və əhli şəhrin ricasini qəbul edub razı oldu. Bu za­­­man qara vəzir şah onun boynunu nədən ötrü vurduğunu bil­dik­­­dən sonra həman qızıl qələm ilə yazılub öz möhrü ilə sər- bə-möhr edilən naməni götürüb ona təqdim etdi. Şah namənin məz­mu­­­nundan halı olarkən “şahadət” barmağını dişində tutub de­di: – Bəli....həq taalanın sirrinə əl aparub yazını pozmaq ol­maz­­­mış... ne­­cə ki də mən yazmışdım. “Qara vəzir!” Məhəmmədi öldür, ya­­­zı yazan götürüb özü yazdığı kibi yazub”.

Şah Abbas bu sözdən sonra qara vəziri mürəxxəs etdi. Və yü­­zünü vəzirlərə, vəkillərə, Məhəmmmədə, Minəvvər və əhl İs­fa­hanə tutub əhvalatı əvvəldən axıradək onlara nəql etdi. Vəzir Allahverdi xan şahın bu sözlərini eşidub ərz etdi:

– Şah sağ olsun! Mən deyəndə ki, yazıya pozu olmaz, sən qə­­­bul etmədin. İndi de görüm tutduğundan peşiman oldun, ya yox?...

Şah oğlu şah Abbas buyurdu: ey vəzir Allahverdi xan! Və ey İsfahan əhli, mən qara qulun oğlu Məhəmmədə etdigim si­təm­­dən və həq taalanın yazısını pozmaq istədigimdən peşiman ol­dum. Doğrudan da “təqdirə tədbir və yazıya pozu olmaz”.




XƏDDİXUMARIN NAĞILI
Zəhra Alı qızı

Qazax- 1927
Vahat şenniyində ayı, günü keçmiş bir qoja kişi var imiş. Bu qo­ja kişinin böyügü Gülxar, ortancısı Ülkər, kiçigi Dursun addı üç qızı varmış. Qızdarın içində Dursun qənirsiz gözəl imiş. Qoja ki­­şinin peşəsi dilənçilik olduğunnan qapı-qapı dilənif un, dən yı­ğıf qızdarını saxlayırdı. Gülxarnan Ülkər ataları dilənif gə­tir­di­yin­­nən əllərinə düşən unu əppək bişirif, dəni də qorğa qoruf ye­yər­lər­di. Əmbə Dursun ağıllı fərasətli olub gələjək günnərini dü­şün­dü­yün­nən əlinə düşən unu çörək bişirif çörək dəni də yığıf sax­lardı. Dursun az yığıb faxırda bir toxumluq düzəltdi. Ona gö­rə də ata­sı­na dedi:

– Atacan, gələcəgimiz üçün çörək olmaxdan ötrü bunu bir ye­­rə səpək.

Dursun yığdığı bir qırıx buğdayı qoja kişi öylərinin ya­xın­lı­ğın­­dakı bir yerə səpdi. Az keçdi, çox keçdi, Dursun dedi:

– Ay dədə, taxılın su vaxtıdı.

Qoja kişi taxılın su vaxtı olduğunnan su bağlamaq üçün ta­xı­­­lın yanına gedəndə gördü ki, sulanıb və qajı qulağı doğranaxlı bil­də göy taxılın içinə sancıldı. Qoja kişi təəccüflənə-təəccüflənə öyə gəlif, əhvalatı qızdarına söylədi.

Dursun bu təəccüflü əhvalatı dədəsindən eşidif dedi:

– Ay dədə, heç fikirləşmə, qoy görək axırı nejə olajaq.

Bu vaxtdan az keçdi, çox keçdi, taxılın biçin zamanı oldu. Gə­­nə Dursun dedi:

– Ay dədə, neyə durursan taxılımızın biçin vaxdı yetişif.

Qoja kişi orağı götürüf taxılın yanına gedəndə nə gördü taxıl bi­­­çilif, zil dözəm pəncəyə vuruluf, orada üstünə sancılıf, əmbə heç kəs yoxdur. Yazıx qoja təəccüflənif həm də şaddanıf öyə gəl­­di. Əhvalatı olduğu kibi qızdarına söylədi. Dursun atasınnan bu sözü eşidif, dedi:

– Ay dədə, Allah əlsiz-ayaqsızdarın ruzusunu belə yetirər.

Arvadını qoş get qapımıza gətir. Qoja kişi söyünə-söyünə ta­­xılı qapıya daşımaxdan ötrü aravanı sazdamaxda olsun, gəl sa­na Xəddixumardan xavar verim.

Döylər mahalında Balxı addı bir döy qarısı var idi. Balxı qa­rı­nın da bir qızı var idi ki, görən gözdərin yumuf qaçardı. Balxı qa­­rının Xəddixumar addı bajısı oğlu bir gözəl idi ki, görən de­yir­di nə öleydi bunu bir də görəydim. Xəddixumarın könülsüz ol­­masına baxmıyıf o o adama oxşamaz qızını Xəddixumara ni­şan taxdı.

Xəddixumar sehirnən hər dona girməyi başardığınnan bir şah­mar donuna girif hər mahalı dolana-dolana gönlü tutan qız axtarırdı. Qəzadan gezə-gezə gəlif Dursungilin qapısına çıxdı. Bu zaman bir daldıya girif övün qapısına tamaşa etdi ki: bəlkə rast gələ onun könlü tutan qız bu övdə ola. Çünki kasıvın qızı göy­çəy olsa da atası kasıf olduğunnan pisdi, deyif almırlar.

Xəddixumar bu fikirdə ikən Dursun qapıyı açıf eşiyə çıxdı. Oğ­lan nə gördü, bu qızın eyni-başı cırıx cındırdısa da əmbə özü bir gözəldi ki, bir qənir üzünə baxmaq olmur. Az qalır adam ya­rıf örəyinə qoya. Xəddixumarın könlü Dursunu tutduxunnan de­di:

– Gərək bir az vaxta kimi bu qızı belə pis günnən qurtarıf baş­dan-ayağa al qumaşa tutuf özümə sirdaş elləyəm.

Xəddixumar bu sözdən sonra Dursungilin övünnən bir az ara­­lı heş kəs bilməmək şərti ilə sehrnən çölvirnən baravar, əmbə için yeddi mərtəvə bir imarət əmələ gətirdi. Və hər yannan olur-olsun bu övü kilim, gəbə və zili xalıynan başa-baş döşüyüf həm Dur­sunnan ötrü aldan şaldan yeddi dəs paltar, həm də ayağı yer­də, baş gərəndə yorğan-döşək düzəltdi. Xəddixumar bu dəm dəz­gahı dü­zəldənnən sonra gejələr öydə yatardı. Gündüzdər də ilan do­nunda Dursungilin qapısında oların nejə dolanmasına və nə işlə məşğul olmasına qulaq asardı. Gənə o təərnən bir gün gə­lif qapıda dolanırdı. Gördü ki, Dursun atasına buğda toxumu verif deyir:

– Ay dədə, apar bunu yerə səp, bəlkə gələjəyimiz üçün bir peş­qurtux ola.

Bu sözü eşidən Xəddixumar qoja kişi toxumu götürüf öv­lə­ri­nin yaxınlığında olan yerə səpbeyə gedərkən o da onnan gedif o yeri manşırradı. Və o günnən taxılın su vaxtı olanda suladı. Bi­çin vaxtı olanda biçif pəncəyə vurduxdan sora pəncənin arasına girif gözdüyürdü ki, havax qoja kişi gəlif taxılı aparanda qızını is­təyərəm, hərgah verdi-verdi vermədi onu tas-tas edif qızı apar­ram. Xəddixumar bu fikirdə ikən qoja kişi hu-hu-hu-ha-hu ara­va­yı pəncənin yanına sürüf dərzi götürüf aravaya doldurmaq is­tə­diydə Xəddixumar dedi:

– Ay kişi, yeyəsinnən izin almamış, taxılı harya aparırsan. Onu bil ki, sənnən bir şey isdəyəjəm, hərgah verdin onda taxıl da sənindi, canın da. Yox verməsən həm taxılı verməyəjəm, həm də özümü öldürəjəm.

Qoja şahmarı görcək qorxusunnan dili tutuldu. Bir az vaxt­dan sonra dili açılıf qorxa-qorxa dedi:

– “Canım sana fəda olsun, mənnən nə isdeyirsən, hər nə is­tə­yirsən işdə can-başnan yerinə yetirim.

Xəddixumar dedi:

– Sözün qurtaranı, isdeyirsən canın mənim əlimnən salamat qur­tara, kiçik qızını mana ver. Qoja canının qorxusunnan övə ge­dif əhvalatı qızdarına söylədi və dedi: A qızdarım, Xəddi­xu­mar hansınız göyçəksinizsə onu alajax. Bana görə Dursun çox gö­zəldi. Övdə qalsın. Gülxarı aparım. Bəlkə çirkin olduğunnan gön­lü tutmuyuf, gedə bizim də canımız qurtara. Qızdar ata­la­rı­nın tədvirinə razı oldular. Qoja kişi Gülxarı yanına salıf Xəddi­xu­marın yanına gəlif dedi: – Bu mənim qızım, harya aparırsan apar.

Gülxar onun sövdüyü qız olmadığınnan qojanın üsdə hirs­də­nif dedi:

– Bu mənim dediyim qız döy.

Qoja qorxuf Gülxarnan övə gəldi.

Bu dəfə Ülkəri Xəddixumarın yanına apardı. Dursun ol­ma­dığınnan Xəddixumar munu da bəgənmiyif and içdi ki, hərgah Dursunu getirməsən, səni həlak edəjəm. Qoja kişi axırda naəlac qa­lıf Dursunun başını, üzünü kömürnən qaraldıf bir bədheybət hal­da Xəddixumarın yanına apardı. Xəddixumar həmən gönlü tut­duğu bu qız olduğu üçün dedi:

– Ay qoja, mən deyən bu qızdı. İndi sən taxılını apara bilər­sən, mən də sirdaşımı.

Qoja şahmarın qorxusunnan aravayı dolduruf öyə gəldi və əh­valatı qızdarına söylədi. Gülxarnan Ülkər Allaha təvəkkül edif ta­xıllarını döyüf qış azuqələrini hazırladıxlarınnan aldıxdan asu­da idilər. Əmbə hamısı Dursunun nejə olmasınnan nejəran idilər.

O yannan Xəddixumar qıza dedi:

– Dursun yolnan, mən də kolnan hayana getsəm, mənnən ara­lanma.

Dursun qorxusunnan naəlac razı oldu. Munnan sonra Xəddi­xu­­mar kolnan, Dursun da yolnan o qədər getdilər ki, axırda Xəd­di­­xumarın imarətinə çatdılar. Bu zaman Xəddixumar bir balaja qa­pıdan içəri girdi. Dursun da bir təhər içəri girdi. Nə gördü, hə­mən ilan imarətə girən kimi ilan donunu çıxardıf yuxarıdan asdı, bir dəst bəni adam paltarı geyindi.

Dursun bir belə sirri və bir belə yeddi mərtəvə imaratı görüb mat qalmışdı ki, Xəddixumar üzünü Dursuna tutuf dedi:

– Ay gözümün ilk oyu və gönlümün ilk söygüsü, neyə mat qa­lıfsan?

Qulaq as, səni bu sirdən xavardar edim. Xəddixumar əh­va­la­tı başdan-ayağa kimi Dursuna nağıl eylədi.

Dursun Xəddixumarın munu belə söyləməsini bilif ölənə ki­mi onnan ömür sürməsini söylədi. Xəddixumar Dursunnan bu sö­zü eşidif söyünə-söyünə dedi:

– Dursun, hayıf ki, indilərdə toy edif, sənnən keyfə-damağa məş­ğul olmuyacam. Çünki, mənim bir uzax səfərim var. Gərək əvvəl o səfərə gedim, sonra gələndə özümə toy edim. Dursun nə qədər səfərini xavar aldı, Xəddixumar demiyif səfərə hazırlandı. Qıznan halallaşarkən dedi: Mən gedirəm, əmbə mənim bu ilan do­numu yaxşı gözdərsən, onda gələrəm. İşdi şər deməsən, xeyir gəlməz, hərgah don tələf olsa mən gəlmiyəjəm. Ona görə al bu üzü­yü və ayağına dəmirdən çarıx gey, əlinə də dəmir əsa al, gə­zə-gəzə mənim dalımca gəl. Bəlkə, baxtın yar ola, gəlif tapa­san.

Xəddixumar donu qıza tafşırdıxdan sonra yola düşdü, az ge­dif, çox gedif, həmən döylər mahalında Balxı xalasının öyünə ye­tişdi. Balxı qarı Xəddixumarın səfərdən belə gej gəldiyi üçün çox­lu danlıyıf qızına toy tədarükünə başladı. Bu annan Dursun Xəd­dixumar gedənnən sonra atasıgilə gəlif, əhvalatı atasına və bacı­larına söylədi. Dursun burda aj qalmaxdan bir şey çıxmaz, mən də övümüzdə təkəm, gəlin bizə gedək. Orda yemək, gey­mək çox bol olmasını onlara bəyan eylədi.

Dursunun bu sözünə hamısı razı oldu və onnan baravar onun övünə köçdülər. Dursunun qoja dədəsi və üç bajısı bu imarətdə gö­zəl dolanırdılar.

Günlərin bir günü Dursun övdə olmayan zaman Gülxarnan Ül­kərin gözü Xəddixumarın ilan donuna sataşdı, görəsən bu ilan donu nədi.

Yəqin ki, bu imaratda ilan var. Özü çıxıf geduf, qavığı qalıf. Bu baxtı qaralar bir-birinə kef verif donu ojağa atıf yandırdılar. Bu əsnada Dursun içəri girif nə gördü, iş işdən keçif. Xəddi­xu­ma­rın donunu bacıları yandırıflar.

Dursun başına-gözünə döyüf, ağlaya-ağlaya ayağına də­mir­dən çarıx geyif, əlinə dəmirdən hasa alıf el-bə-el Xəddixumarı gəzməyə başladı. Dursun gejə və gündüz gəzə-gəzə gəlif Balxı qa­rının evinin yanında olan bir bulağın başında oturdu ki, həm su içə, həm də dincələ.

Bu zaman su aparmaq üçün əlində afdafa bir qız bulağa gəl­di. Dursun o qızdan xavar aldı ki, bu suyu kimə aparırsan və özün də kimin qızısan.

O qız əhvalatı Dursuna söyləməklə baravar dedi:

– Bu suyu da Xəddixumara aparıram.

Dursun Xəddixumarın adını eşidəndə o qızdan su içmək ba­ha­nasınnan afdafanı aldı və Xəddixumarın ona yadigar verdiyi üzu­yu afdafaya saldı. Balxının qızı suyu Xəddixumara verdiydə Xəddi­xumar su içən yerdə gördü ki, afdafada bir üzük var. Üzü­gü alıf baxanda öz verdiyi üzük olduğunu gördü.

Bu zaman tez Dursunun yanına gəlif görüşdü və dedi:

– A canımın yarısı mən sana demədimmi mənim donumu yan­dırma, əgər yandırsan gəlmiyəjəm.

Dursun gözünün yaşın töküf cavab verdi ki: – Allah bajı­la­rı­mın baxtını qara eyləsin.

Xəddixumarnan Dursun bir az söhbət eylədiydən sonra oğ­lan buranın hər bir əhvalatını qıza nağıl eylədi və dedi: Qorxma, çox keçməz buları analı-balalı qırıf canımızı qurtarrıx. Onnan son­­ra övümüzə gedərik. Xəddixumar bir sehr oxuyuf Dursunu bir qolbeçə donuna saldı. Özünnən gətirif Balxı qarının yanına gəl­di və ona dedi: Ay xala, bir qolbeçəni yoldan tapdım. Qoy bu­­ra­daja əldə-ayaxda qullux eləsin. Balxı biiman cavab verdi ki, Ay xəddixumar, olma bu sənin əməlindir. Xəddixumar ərz ey­lədi: – Yox, yox xala, xalalarımın goru haqqı əməl döyül.

Balxı qarı əməl olduğunu bildisə də naəlac razı oldu. Bu vax­dan az keşdi, çox keşdi Balxı qarı qızının toyunu başdadı. Qızının toyu üçün odun getirməyi Dursuna havala eylədi. Dur­sun bikef Xəddixumarın yanına gəlif əhvalatı ona söylədi. Xəd­di­xumar dedi: Bu çətin iş deyil. Mən sehir oxuyaram, sən me­şəyə gedif deyinən “yarılın odunnar, Xəddixumarın toyudu”.

Onda nə qədər odun lazım olsa, hazır olar. Aravalarını dol­du­ruf evə gələrsən.

Dursun oradan evə gəlif aravalarını meşəyə sürdü. Xəddi­xu­ma­rın dediyi kimi söyləyəndə odunnar hazır oldu. Bu zaman Dur­sun söyünə-söyünə aravaları dolduruf qapıya getdi. Balxı qarı gördü ki, Dursun o qədər odun gətirif ki, nə indi bəni adam belə döylər də bir bajaramazdar. Ona görə bildi ki. bu iş Xəd­di­xu­marın işidi.

Balxı qarı genə Dursuna dedi ki, qızımın cehizinnən ötrü quş tükü lazımdı. Gərək hardan olsa tapıf gətirəsən. Dursun daha da bikef Xəddixumarın yanına gəlif Balxının tapşırığını ona söy­lə­di. Xəddixumar gülüf dedi:

Munnan hasand nə iş ola bilər. Sən aravalarnan quşdar də­rə­si­nə get orda deyinə:

Tük tökün, tük tökün

Xəddixumarın toyudu.

Onda quşdar tükünü tökər, sən də aravanı dolduruf ge­ti­rər­sən.

Dursun Xəddixumarın tədviri üzrə quşdar dərəsinə gedif Xəddixumar dediyi kimi söyləyəndə quşdar tüklərini tökdülər. Bu zaman aravaları dolduruf Balxı qarıya gətirdi. Balxı qarı gə­nə bildi ki, bu iş Xəddixumarın işidi. Ancaq üsdünü vurmadı. Dur­suna dedi çox gözəl, indi qızımın toyu üçün döylər tilsi­min­də olan dödüyümnən ötrü getməlisən. Dursun gənə Xəddi­xu­ma­rın yanına gəlif əhvalatı söylədi. Xəddixumar dedi: Əgər bu qo­xulu işdisə də mən fəndini bilirəm. Sən bir qav darı götürüf yola dü­şərsən. Az gedif, çox gedif, həmən döylərin tilsiminə yeti­şər­sən. Orda doduyə keşik çəkənnər hamısı heyvanlardı və qa­pılar­dı. Əmbə döylər onnara yaxşı qulaq asarlar. Sən heyvannara ye­ti­şən kimi atın qavağında sümük, itin qavağında ot görərsən, otu gö­türüf atın, sümüğü isə itin qavağına qoy, ordan bir gedəndə tilsi­min qapısında bir xoruz görərsən. Həmən özünnən gö­tür­dü­yün darını o xoruzun qavağına tök. O ha eyliyif darıyı dənnə­yənə kimi sən tez açıx qapıyı ört, örtülü qapını aç, tilsimə daxil ol. Onda qara taxt üstündə mərmər hazar peşə görərsən. Hazar pe­­şəyi açıf içinnən düdüyü götürüf yola düş. Sən bu işi görənə ki­­mi xoruz darıyı qurtarıf manlıyar. Onda döylər oyanıf de­yəl­lər: “A, açıx qapı tut, qapı deyər: siz məni o qədər açıx saxlamış­dı­­nız ki, yel qoz əfərdəmi kesmişdi, o məni örtdü. A örtülü qapı tut, qapı deyər: siz məni həmişə örtülü saxlayırdınız o aşdı, mə­nə yel qoz dəyir yənə tuturam”. A, at tut, a it tut, at deyər “siz mə­­­nim qavağıma sümük qoymuşdunuz, o ot qoydu”, it deyər “siz mənim qavağıma ot qoymuşdunuz o sümük qoydu nejə tutu­rux”. Axırda heç biri tutmaz sağ-salamat düdüyü götürüf Bal­­xı qarıya gətirərsən. Dursun Xəddixumarın tədvirinnən til­si­mə tərəf yola düşdü. Biçara Dursun təpələrdə yel kimi, dərələrdə sel kimi, badeyin sərsər kimi höyüş yerdə çapbur-çupbur, quru yer­də tapbur-tupbur gəlif tilsimə yetirdi. Bu zaman Xəddi­xu­ma­rın örgətdiyi kimi eyliyif düdüyü götürüf Balxı qarıya verdi. Balxı qarı bir belə gedər-gəlməz tilsimnən düdüyün gəlməsini gö­rəndə yəqin eylədi ki, bu işi Xəddixumardan savayı heç kəs gö­rə bilməz. O biiman o günnən daha da Dursunun ölümünə ça­lış­mağa başdadı. Ona görə onu yanına çağırıf dedi: – İndi qı­zı­mın toyuna lazım olan şeylər hazırdı. Odur ki, gərək bütün sər­də­ni sulamaq və süpürmək. Bu gün sərdəni nə təhər olur-olsun göz yaşınnan suluyuf, saçınnan süpürərsən. Hərgah suluyuf sü­pür­məsən çoxdandı dilimə bəni insan əti dəymir. And olsun ba­jı­­larımın goruna səni kabaf çəkəjəm.

Dursun qorxusunnan bir söz demiyif həmişəki kimi gənə də Xəd­di­xumarın yanına ağlıya-ağlıya əhvalatı ona nağıl eylədi. Xəddi­xumar dedi: – Ay canımın yarısı. Qorxma vaxt azalıf, səni bu zülümnən çox keçməz ki, qurtarajam, mən sehir oxuyaram, sənə sərdənə gedif deyinən:

Yağın, yağışadar, yağın

Əsin yellər əsin

Xəddixumarın toyudu.

Onda bir çisək yağış yağıf sərdəni sular və bir yel əsif təmiz süpürər. Dursun Xəddixumara alqış eyləyə-eyləyə sərdənə gedif onun öyrətdiyi kimi dedi. O zaman sərdəni çisək suladı yel də süpürdü. Dursun şaddanıf Balxı qarının yanına gəlif dedi:

– Ay nənə, buyurduğunuz buyrux hazırdı. Balxı qarı qızının hər şeyi hazır olduğunnan bir safalı toy eyliyif Xəddixumarın gön­lü olmadığına baxmıyıf o adətdəri kimi qızın kəvinini ona kəs­dirdi.

Xəddixumar qızın yanına gəlməli olanda Dursunu çağırıf dedi:

– Mənim toy imaratımın yanındakı imaratda hafsız ulguş par­çaları iynə və duz vardı. Sən əvvala axşam oları qavlara qoy, son­ra bir saj və bir tulux su hazırrıyıf o imaratda gedif dur. Mən get­­­mək vaxtı olanda səni çağıraram. Dursun imarata gedif Xəd­di­xumar dediyi şeylərin hamısını hazırrıyıf ordaca oturdu. Bu annan gejədən qədər keçmiş Xəddixumar toy otağına daxil ol­du. Və tələsik özünü Balxı qarının qızına yeturuf, belinnən xan­çalı çəkif qızın başını kəsənnən sonra Dursunun yanına getdi. Sə­hərnən Dursunun əzəlki donuna saldı və onnan baravar ha­zırran­mış şeyləri götürüb toy otağına gəldilər. Orda sajı ojağa, tuluğu balaya asdılar və tuluğu balaja dəldilər ki, tuluxdan su saja damcıladıxca pıç-pıç eyliyirdi. Xəddixumarnan Dursun qapıyı bağlıyıf Vahata tərəf yola düzəldilər.

Bir yannan savah tezdən Balxı qarı adətdəri kimi qızına və ke­yunə xorək gətirif toy otağının qapısına gəldi. Qapıdan qulaq asan­da pıç-pıç səsini eşidif elə bildi ki, keyunən qızıdı. Ona görə a pıç-pıçnısa qurvan olum. Qapıyı açın, sizə xörək gətirmişəm.

Qarı gördü ki, cavab verən yoxdu. Axırda bajaya çıxıf içəri ba­xanda nə gördü, lələ köçüf, yurdu ağlıyır.

Tuluxdan su sajın üsdə damcıladıxca pıç-pıç eyliyir.

Balxı halı belə görüf bir təhərnən qapıyı açıf içəri girəndə qı­zını ölmüş və Xəddixumarnan Dursunu getmiş görəndə bildi ki, qızını öldürən Xəddixumardı. Ona görə yel donuzunu minif qa­ra yel kimi oların iziynən yola düşdü. Az gedif-öz gedif dərə-təpə düz gedif, axırda Xəddixumargilə yaxınlaşdı. Xəddixumar Bal­xı qarının yaxınnaşdığını görüf o saat yola hədsiz-hesafsız ul­guş parçaları, sonra iynə və axırda duz tökdü.

Balxının donuzu yelli gələndə ulguş ayaxlarını doğram-doğ­ram eylədi. Bir az gələndə üsdünnən iynə və onun üsdünnən o ya­raların yerinə duz elə doldu ki, daha donuzun getməyə təəri ol­madı. O tərəfdən Xəddixumarnan Dursun söyünə-söyünə yol­nan tərpəndilər. O qədər gəldilər ki, axırda böyük bir çaya yetiş­di­lər. Xəddixumar sehir oxuyuf hər ikisi sağ-salamat çaydan keş­dilər. Bullarnan davan basarax Balxı qarı da çayın qırağına ye­tişdiydə gördü ki, çaydan keşmək mümkün döyül. Ona görə üzünü Xəddixumara tutuf:

– A... Xəddixumar.... A....Xəddixumar! Xalan sana qurvan, gəl məni də addat.

Xəddixumar hilə yoluynan onun həlak olması üçün dedi:

– “A xala, a xala, o çayın qırağındakı dəyirman daşını bo­ğa­zı­na keçir, özünü çaya tolla. Onda bu taya keçə bilərsən, nejə ki, biz də o təərnən keşdik”.

Avam Balxı qarı munun sözünə inanıf dəyirman daşını ba­ğa­zına keçirif özünü çaya tolladığda düz suyun divinə millənif cə­­hənnəmə vasil oldu.

Xəddixumarnan Dursun qarının belə kor-koruna həlak ol­ma­sını görüf söyünə-söyünə öpüşə-öpüşə yola düşdülər. Gejə-gün­düz salıf bir az vaxda Vahata yetişdilər. Burdan da düz evlərinə gəl­dilər. Bu zaman qoja, Gülxar və Ülkərnən görüşdülər. Xəddi­xu­mar yol yorğunnuğunu aldıxdan sonra bir böyük toy büsatı düzəltdi və quşdan, qoyunnan qırıf Vahat əhlini tamamən qonax ça­ğırdı. Vahat əhlinin hamısı Xəddixumarın toyuna yığışdılar.

Xəddixumar özünün və Dursunun başına gələn qəza və qə­də­ri əvvəlindən axırına kimi camahata nağıl eylədi. Vahat əhli bun­ların bir-birini can dilinən söyləməklərinə və vəfalı çıxıf zəh­mət məşəqqətnən bir-birini axdarmaxlarını və başdarı yüz min ölüm­lü balalar çəkif axırda qoçaxlıxnan döyləri cəhənnəmə vasil edif belə sağ-salamat gəlməklərinə afərin-afərin üstünnən deyif və çığırdılar. Camahat yedilər, işdilər, ağsaqqal qarasaqqal Dur­sunun kəbinini Xəddixumara kəsif əl-ələ verdiydən sonra “to­­­­­­yunuz mübarək olsun, Allah yıldızınızı barışdırsın, yeddi oğul ata-anası olun, başınız dölətdi, ayağınız sayalı olsun” deyif da­­ğıldılar. Bu yannan Xəddixumar istəklisi Dursunnan var, dölət içində ağ günnərnən ömür sürməyə başdadılar.


Kataloq: Folklore -> 2014
2014 -> Masalli folkloru 2
2014 -> Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012
2014 -> Ağaverdi XƏLİl türk xalqlarinin yaz bayramlari
2014 -> ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ
2014 -> Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012
2014 -> Азярбайъан милли елмляр академийасы
2014 -> Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012
2014 -> Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə