Azərbaycan məktəbi. 2010.№5. S. 83-90 İstedadlı alim, şair, pedaqoq, bacarıqlı elm təşkilatçısı



Yüklə 69,25 Kb.
Pdf görüntüsü
tarix29.01.2018
ölçüsü69,25 Kb.
#22658


Azərbaycan məktəbi.-2010.-№5.-S.83-90

İstedadlı alim, şair, pedaqoq, bacarıqlı elm təşkilatçısı

Tərlan Novruzov

ADPU-nun kafedra müdiri, 

filologiya elmləri doktoru, professor

Cəfər Xəndan - 100

Cəfər  Xəndan  Zeynal  oğlu  Hacıyev  (1910-1961)  sovet  dövrü  Azərbaycan  ədəbiyyatşünaslığının  ən

görkəmli  nümayəndələrindəndir.  O,  1910-cu  il  mayın  8-də  İrəvan  şəhərində  müəllim  ailəsində  anadan  olmuşdur.

Müəyyən  səbəblər  üzündən  1918-ci  ildə  ailəvi  şəkildə  Gəncəyə  köçmüşlər.  Bir  müddətdən  sonra  ata  və  anası

Gəncədə  vəfat  etmiş  Cəfər  özündən  kiçik  qardaşı  Rəşid  və  bacısı Leyla  ilə  birlikdə  uşaq  evində  yaşamışdır.

 O,



Gəncə  Pedaqoji  Texnikumunu  (1925),  V. İ. Lenin  adına  Azərbaycan  Dövlət  Pedaqoji  İnstitutunu  (1929)  bitirmiş,

Müəllimlər  İnstitutunda  və  ADU-da  dekan,  Azərbaycan  EA  Nizami  adına  Ədəbiyyat  İnstitutunda  şöbə  müdiri

işləmiş,  "Ədəbiyyat  qəzeti",  "Gənc  işçi",  "Kommunist",  "Vətən  uğrunda"  qəzetlərində  çalışmış,  1939-cu  ildə

ədəbiyyatşünaslıq  üzrə  namizədlik,  1948-ci  ildə  doktorluq  dissertasiyası müdafiə  etmişdir.  Cəfər  Xəndan  Böyük

Vətən müharibəsində siyasi rəhbər və jurnalist kimi iştirak etmiş, 1944-cü ildə İrana ezam edilmiş, Təbrizdə çıxan

"Vətən yolunda" qəzetinin baş redaktor müavini, Təbriz şairləri ədəbi məclisinin təşkilatçılarından biri olmuşdur.

Cəfər Xəndan 1947-1950-ci illərdə ADPU-da (keçmiş APİ) əvvəl Azərbaycan ədəbiyyatı tarixi kafedrasının

müdiri,  filologiya  fakültəsinin  dekanı,  sonra  isə  institutun  rektoru  (1947-1950)  vəzifələrində  çalışmışdır.  O,

1950-1954-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) rektoru olmuşdur. 1952-1961-ci illərdə eyni

zamanda ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasına rəhbərlik etmişdir.

Cəfər  Xəndan  ədəbi  yaradıcılığa  şeir  və  məqalələrlə  başlamış, ilk  əsərlərini  30-cu  illərdə  çap  etdirmişdir.

Onun  "Bəyaz  gecələr"  (1936)  kitabı  müəllifın  lirik  həyəcanları  ilə  yanaşı,  yeni  gerçəkliyə  münasibətini,  sosial

təlatümlü  bir  epoxanın  nəbzini  əks  etdirirdi.  M.Müşfıqin  redaktə  etdiyi  bu  kitab  onun  poetik  yaradıcılığında  ilk

qaranquş oldu.

"Mübarizə yollarında" poeması (1940) keçən əsrin 20-ci illərində baş verən hadisələrdən bəhs edir.

O,  Böyük  Vətən  müharibəsində  qələmini  süngüyə  çevirir,  cəbhə  qəzetlərində  çalışır,  Cənub-Qərb,  Şimali

Qafqaz,  Zaqafqaziya  cəbhə  qoşunlarında  xidmət  edir,  müharibə  mövzusunda  alovlu  şeirlər  yazırdı.  Onun  cəbhə

şeirlərinin  əksəriyyəti  dövri  mətbuatda  çap  edilmiş,  1942-ci  ildə  "Cəbhə  şeirləri"  adı ilə  kitabı nəşr  olunmuşdur.

"Komissar", "Atam haçan gələcək?", "Döyüşə gedirəm", "Cəbhədən məktub", "Ölən düşmənə", "Gələcəyəm, gözlə

məni",  "Sevgilim",  "Dava  haçan  bitəcək?",  "Ey  Bakı!"  və  s.  şeirlərində  müəllif  özünün  qələbəyə  inamını, vətənə

məhəbbətini, düşmənə nifrətini, el-obaya, xalqa və doğmalarına bəslədiyi hisləri ifadə etmişdir. "Cəbhədən məktub"

şeiri isə şairin həyat yoldaşı Məhbubə xanıma həsr olunmuşdur. Burada da eyni poetik ictimai məqsəd hökm sürür.

Milyonlarla  döyüşçünün  həyat  yoldaşı arxa  cəbhədə  intizar  çəkir.  Məhbubə  xanım  da  onlardan  biridir  və  əslində

şair elə o milyonlara müraciət edir. Qadının narahatlığını sakitləşdirən müəllif sırasında döyüşdüyü ordunun daim

qələbələr qazandığını, düşməni qovan bu ordunun günəş ordusu olduğunu bəyan edir, əsgərləri qələbəyə inandırır.

Düşmənə nifrət və qəzəb hissi Cəfər Xəndanın "Düşmənə qarşı" şeirində də çox qabarıq hiss olunur. "Qarı

düşmənə" xitabən hər yeni müraciət, hər yeni bənd şairin düşmənə qarşı barışmazlıq hislərini coşdurur, ordunu yeni

döyüşlərə, yeni mübarizələrə səsləyir.

C.Xəndanın  "Cəbhə  şeirləri"nə  ön  söz  yazan  M.Hüseyn  Vətən  anlayışını  şeirin  döyüş  poeziyasının  əsas

qəhrəmanı  sayır  və  yazırdı:  "Vətən  sözü  şeirimizin  ən  əziz,  ən  həyəcanlı  sözlərindən  biridir.  Şairin  ilhamını

coşduran, ona qüvvət  və mətanət  verən,  onun  həyata,  mübarizəyə  şövqünü artıran  da  bu  vətəndir...Vətən  uğrunda

mübarizə bu şeirin başlıca mənbəyidir. Şairə ilham verən də budur".

Cəfər Xəndan gözəl lirik şeirlərin də müəllifi olmuşdur. Bunların sırasında məhəbbət, ailə-məişət, təbiət və

s.  mövzularda  şeirlər  də  vardır.  "Dustaq",  "Sənin  gözlərin",  "Mənsiz",  "Rəna",  "Mənim  eşqim",  "Yalnız  sən",

"Bilirmisən?",  "Ey  pəri",  "Röya",  "Aya  baxdım"  və  s.  şeirlər  oynaq  ritmlərilə  lirik  təəssüratlar  üzərində

köklənmişdir.  Məsələn,  "Aya  baxdım"  şeirində  biz  həm  məhəbbət  lirikasının,  həm  də  təbiət  lirikasının  orijinal

vəhdətinə rast gəlirik. Şairin lirik qəhrəmanı Aya müraciətlə deyir:

 6




Səmada Aya baxdım, düşündüm səni, ey yar! 

Səmada Aya baxdım,

Səma çıxdı yadımdan. 

Xəyalım ləpələndi, fikrim oldu tarimar

Səbəb hicran deyilmi?

Hicran, bəlalı hicran!..

Cəfər Xəndan təkcə lirik şeirlər deyil, həm də epik şeirin maraqlı nümunələrini yaratmış şairdir. Yuxarıda

onun "Mübarizə yollarında" poemasını xatırlatmışdıq. Şairin "Lalə", "Sabir", "Qərənfil" kimi poemaları da vardır.

C.Xəndanın ən dəyərli epik əsərlərindən biri "Sabir" poemasıdır. Bu poema böyük M.Ə.Sabirə həsr edilmiş

ilk  iri  həcmli  poetik  əsərlərdəndir.  Burada  şairin  həyatının  ayrı-ayrı epizodlarının  təsviri  ilə  böyük  şairin  obrazı

yaradılır.  Onun  Sultan  Məcid  Qənizadəyə  məktub  göndərməsi,  müəllimlik  imtahanı verməsi,  şairin  dostları,  ona

ümumxalq məhəbbəti, mövhumata qapılmış mollaların ona nifrəti, şairin xəstələnməsi, onun Bakıdan getməsi əsərin

süjetini  təşkil  edən  ayrı-ayrı  epizodlardır.  Poemada  müəllif  proloq  və  epiloq  da  vermişdir  ki,  bunlar  müəyyən

məqsədlə edilmiş, şairin böyük xidmətləri xatırlanmış, onun xatirəsi yad edilmişdir.

Sabirin  həyatı  və  mübarizəsi  Cəfər  Xəndan  şeirinin  mərkəzinə  gətirildiyi  kimi,  onun  satiraları  və  digər

şeirləri  də  ədibin  alim  qələmi  ilə  ətraflı  təhlil  olunmuş,  dəyərli  məqalə  və  monoqrafiyaların  yaranmasına  səbəb

olmuşdur.

Ümumiyyətlə, M.Ə.Sabirin böyük və əvəzsiz şəxsiyyəti, qeyri-adi, orijinal yaradıcılığı Cəfər Xəndanı ömrü

boyu  düşündürmüş,  məşğul  etmişdir.  O  həm  elmi,  həm  də  bədii  yaradıcılığında  M.Ə.Sabirin  nəhəng  obrazını

məhəbbətlə  yaratmışdır.  Bu  cəhətdən  onun  Sabir  haqqında  yazdığı "Şairin  həyatı" adlı dəyərli  kitabı diqqəti  cəlb

edir. Xatirələr və tarixi sənədlər əsasında yazılmış bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş və bir neçə

dəfə  (1961,  1977)  böyük  tirajla  nəşr  olunmuşdur.  Kitabda  müəllifın  əsas  məqsədi  oxucuları  böyük  Azərbaycan

şairi,  misilsiz  satira  ustadı Mirzə  Ələkbər  Sabirin  həyatı ilə  tanış etmək  olmuşdur.  C.Xəndan  şairin  həyatına  dair

fakt-materiallara sərbəst yanaşmış, bəzi mətnlərin dilində sadələşdirmələr aparmışdır.

Kitabda  şairin  mollaxana  və  S.Ə.Şirvaninin  dərs  dediyi  məktəbdə  oxuması,  gənclik  illəri,  ilk  şeirlərini

yazması, Şərqə  səyahəti,  Şamaxıda  müəllimlik  fəaliyyəti,  "Molla  Nəsrəddin"ə  gəlişi,  həyat  və  fəaliyyətinin  Bakı

dövrü,  müalicə  üçün  Tiflisə  getməsi,  nəhayət,  ömrünün  son  anları  və  s.  haqqında  lazımi  məlumatlar  özünə  yer

tapmışdır.  Bunların şairin tərcümeyi-halını yaratmaqda mühüm dəyər kəsb etdiyini xatırlamaqla yanaşı, deməliyik

ki, son araşdırmalar kitabda verilmiş bəzi məlumatların dəqiqliyinə bir az ehtiyatla yanaşmağı tələb edir.

Cəfər  Xəndan  həm  də  istedadlı  tərcüməçi  idi.  O,  Nizami  Gəncəvinin  iyirmi  bir,  Heyran  xanımın  iki

qəzəlini,  M.F.Axundovun  "Şərq  poeması"nı  fars  dilindən  Azərbaycan  dilinə  tərcümə  etmiş,  bu  tərcümələr  ədəbi

ictimaiyyət  tərəfındən  böyük  maraqla  qarşılanmışdır.  Üzeyir  bəyi  Nizami  şeirlərinə  musiqi  yazmağa  ruhlandıran

cəhətlərdən biri, bəlkə də, birincisi, Cəfər Xəndanın səlis və musiqili dillə etdiyi tərcümələr olmuşdur.

M.F.Axundovun A.S.Puşkinin ölümünə həsr etdiyi matəm qəsidəsi 1936-cı ildə aşkara çıxarıldı və tərcümə

məqsədilə müsabiqə elan olundu. Müsabiqədə M.Müşfıq, B.Qasımzadə, C.Xəndan və b. iştirak etmiş, C.Xəndanın

tərcüməsi ən yaxşı tərcümələrdən biri kimi təqdir edilmişdi.

Bu poetik tərcümədə M.F.Axundov əsərinin ruhu saxlanmış, müəllifın  yaratdığı Puşkin obrazının və onun

itkisi ilə yaranan bədbin ovqatın təsvirinə geniş yer verilmişdir.

Cəfər  Xəndanın  bədii  yaradıcılığı  təkcə  şeir  və  tərcümə  ilə  məhdudlaşmır.  O,  ədəbiyyatşünaslığın  bütün

sahələrində  səmərəli  fəaliyyət  göstərirdi.  Həm  də  təcrübəli  ədəbiyyat  nəzəriyyəçisi,  mahir  ədəbiyyat  tarixçisi  və

istedadlı tənqidçi idi. O, elmi-pedaqoji işlə ictimai fəaliyyəti, alimliklə şairliyi məharətlə uzlaşdırırdı. 1925-ci ildən

müəllimliklə məşğul olan C.Xəndan əvvəlcə fəhlə fakültəsində, sonra ali məktəblərdə filologiya elmini tədris etmiş,

dərsliklər, monoqrafıyalar yazmış, antologiya və müntəxəbatlar tərtib etmişdir.

Hələ  30-cu  illərdən  ədəbiyyat  nəzəriyyəsinin  üslub,  ədəbi  növlər,  mövzu,  süjet  və  kompozisiya  kimi

sahələrinə diqqəti yönəldən C.Xəndan 1940-cı ildə natamam və orta məktəblər üçün ədəbiyyat nəzəriyyəsi dərsliyi

yazıb  hazırlamışdır.  Onun  təkrarən  üzərində  işlədiyi  bu  dərslik  1948  və  1958-ci  illərdə  nəşr  olunmuşdur.  Əsasən

orta  məktəbin  8-10-cu  sinifləri  üçün  yazümış  dərs  vəsaitinin  sonuncu  nəşri  uzun  müddət  şagird,  tələbə  və

müəllimlərin  stolüstü  kitabına  çevrilmiş,  M.Rəfılinin  "Ədəbiyyat  nəzəriyyəsi"  ilə  yanaşı,  dəyərli  nəzəri

qaynaqlardan olmuşdur.

Giriş və yeddi fəsildən ibarət bu kitab ədəbiyyat nəzəriyyəsinin demək olar ki, bütün sahə və problemlərini

əhatə edir.

Ayrı-ayrı  fəsil  və  bölmələrdən  görünür  ki,  Cəfər  Xəndan  sovet  ədəbiyyatşünaslığında  gedən  prosesləri




diqqətlə  izləmiş,  ədəbi-nəzəri  problemlərə  o  dövrün  elmi-nəzəri,  tarixi-ideoloji  səviyyəsindən  qiymət  verməyə

çalışmışdır.  Dərslikdə  bədii  ədəbiyyatın  əsas  xüsusiyyətlərindən,  estetik-tərbiyəvi  əhəmiyyətindən,  əsərin

quruluşundan,  süjet  və  kompozisiya,  məzmun  və  forma  məsələsindən,  yaradıcılıq  prosesindən,  üslub  və  poetika

məsələlərindən,  ədəbi  cərəyan  və  bədii  əsərlərin  növlərindən,  bədii  əsərlərin  dili,  şeir  və  nəsr  kimi  mövzulardan

ayrıca  söz  açılması  diqqətəlayiqdir.  Diqqəti  çəkən  başqa  bir  maraqlı  cəhət  folklorun,  daha  doğrusu,  şifahi  xalq

yaradıcılığının burada ayrıca fəsil kimi verilməsidir.

Cəfər  Xəndanın  ədəbi  cərəyanlara,  xüsusən  klassisizmə,  sentimentalizmə,  romantizm  və  tənqidi  realizmə

verdiyi təhlil və şərhlər öz dövründə, elə indinin özündə də aktuallığını, nəzəri səviyyəsini saxlayır. Alim ilk dəfə

olaraq  klassisizm  ədəbi  cərəyanının  Azərbaycan,  eləcə  də  Şərq  ədəbiyyatında  mövcudluğunu  irəli  sürür,  onun

janrlarını müəyyənləşdirir. Qəzəl, qəsidə, mədhiyyə və s. janrlarda sənətkarlarımızın klassisizmin estetik tələblərinə

uyğun əsərlər yaratdığına dair nümunələr gətirir.

"Ədəbiyyat  nəzəriyyəsi"  dərsliyinin  diqqəti  cəlb  edən  məqamlarından  biri  də  ilk  dəfə  olaraq  burada

Azərbaycan  şeir  növlərinə  xüsusi  diqqət  yetirilməsidir.  Müəllif  hecanın  bölgü  xüsusiyyətləri,  əruzun  bəhrləri

haqqında çox ətraflı poetik təhlillər aparmışdır. Bununla belə, o doğru olaraq qeyd etmişdir ki, "Sərbəst şeir bizim

ədəbiyyatımızda tam yüksək səviyyəyə qaldırılmışdır".

Prof.  C.Xəndanın  "Ədəbiyyat  nəzəriyyəsi"  kitabı çox  ağır  zəhmətin,  zəngin  müşahidələrin,  yüksək  nəzəri

hazırlığın  nəticəsi  olaraq  meydana  gəlmişdir.  Müəllif  Azərbaycan  və  dünya  bədii  irsinin  zəngin  nümunələri

əsasında  nəzəri  məsələləri  şərh  və  təhlil  etmişdir.  Sonrakı dövrlərdə  yazılıb  nəşr  olunan  dərsliklərdə  bu  kitabdan

kifayət qədər istifadə olunsa da, təəssüf ki, çox yerdə onun müəllifınin  adı belə çəkilməmişdir.  Bizə belə gəlir ki,

C.Xəndanın  bu  dərsliyini  köhnə  stereotiplərdən  təmizləyib,  bəzi  əlavələrlə  yenidən  nəşr  etdirmək  həm  müasir

nəzəriyyəşünaslığa bir töhfə olardı, həm də görkəmli nəzəriyyəçi alimin ruhu bu qədirşünaslıqdan razı qalardı.

Alim-pedaqoqun  ədəbiyyat  nəzəriyyəsi  sahəsində  məqalə  və  dərslikləri  təkcə  tədris-metodiki  xarakter

daşımır,  dərin  elmiliyi  ilə  diqqəti  cəlb  edirdi.  Buna  görə  də  o  çap  olunan  dərsliklərin  və  tədris  vəsaitlərinin  elmi

səviyyəsinə  xüsusi  fikir  verir,  öz  məqalə  və  çıxışlarında  da  elmi-pedaqoji  fıkrin  diqqətini  bu  istiqamətlərə

yönəldirdi.

Ədəbiyyat  tarixindən  bəhs  edən  əsərləri  də  C.Xəndanı  görkəmli  bir  tədqiqatçı,  zəhmətkeş  bir  ədəbiyyat

tarixçisi  kimi  tanıdır.  O,  ilk  növbədə  sovet  dövrü  Azərbaycan  ədəbiyyatının  sistemli  tədqiqatçılarındandır.

"Azərbaycan ədəbiyyatı (sovet dövrü)" dərsliyini hələ 1939-cu ildə çap etdirmiş  alim bu sahədə səylərini sonralar

da davam etdirmiş, "Müasir ədəbiyyat" (1948, M.Ariflə birlikdə), "Azərbaycan sovet ədəbiyyatı" (1951), "XX əsr

Azərbaycan  ədəbiyyatı"  (1951),  "Sovet  ədəbiyyatı"  (I  və  II  hissələr,  1952),  "Sovet  ədəbiyyatı"  (1959),  "Sovet

ədəbiyyatı"  (X  sinif  üçün)  (1967,  1968,  1970  Məhəmməd  Ariflə  müştərək)  kimi  çoxlu  ədəbiyyat  dərsliyi  çap

etdirmişdi. Ümumilikdə alimin "Sovet ədəbiyyatı" kitabı dalbadal 17 dəfə  nəşr  olunmuşdur.  Bunların da  bir  çoxu

alimin ölümündən sonrakı illərə təsadüf edir.

Cəfər Xəndan XIX və XX əsrlər Azərbaycan ədəbiyyatının əsaslı tədqiqatçılarından biri olmuş, bu sahədə

məhsuldar və müntəzəm iş  aparmışdır. Yeri gəldikcə M.P.Vaqif, Heyran xanım, Xurşudbanu Natəvan, Qasım bəy

Zakir, Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani və b. haqqında məqalələr çap etdirmiş, ədəbi ənənələrin inkişafını

ön  plana  çəkmiş,  orta  əsrlərin  klassik  ədəbiyyatı  ilə  bu  ədəbi  şəxsiyyətlər  arasında  varisliyə  xüsusi  diqqət

yetirmişdir.  Məsələn,  Heyran  xanımı  Füzuli  davamçısı kimi  qiymətləndirən  ədəbiyyatşünas  1951-ci  ildə  qələmə

aldığı  məqalələrdən  birində  yazırdı:  "Heyran  xanım  Füzuli  romantik  məktəbini  Cənubi  Azərbaycanda  davam

etdirən  söz  ustalarındandır.  Öz  şeirlərini  yüksək  təşbeh,  istiarə  və  mübaliğələr  əsasında  yazan  Heyran  xanım

mümkün  qədər  orijinallığa  fıkir  vermiş,  deyilmiş  söz  və  ifadələrdən  qaçmağa  çalışmışdır.  Doğrudur,  o  bir  çox

hallarda Füzulini izləmiş və ona nəzirələr yazmışdır, lakin bu nəzirələr epiqon şairlərin yaratdığı sönük nəzirələrdən

fərqlənir.

Orta  əsrlər  ədəbiyyatı  və  XIX  əsr  ədəbi  prosesi  dövrünə  aid  axtarışlar  aparmasına  baxmayaraq,  Cəfər

Xəndan  daha  artıq  dərəcədə  XX  əsr  Azərbaycan  ədəbiyyatının  tədqiqatçısıdır.  XX  əsr  ədəbiyyatınm  elə  bir

görkəmli siması yoxdur ki, alim onun haqqında söz açmasın. Onun 1951-ci ildə çap olunmuş "XX əsr ədəbiyyatı",

1955-ci  ildə  nəşr  edilmiş  "XX  əsr  ədəbiyyatı  tarixi"  oçerkləri  monoqrafıyası  bu  gün  də  öz  əhəmiyyətini

itirməmişdir.

Alim  XIX-XX  əsrlər  Azərbaycan  ədəbiyyatında  Nizami  mövzularını,  XX  əsr  ədəbiyyatında  Füzuli

təsirlərini arayıb araşdırmış, ədəbiyyatımızda və onun  inkişafında  ənənə  və  novatorluq  xətlərini  aşkara çıxarmağa

nail olmuşdur. Füzulinin XX əsr ədəbiyyatına təsirindən söz açan ədəbiyyatşünas bu məqamda iki cür təsir faktını

aşkarlayırdı. "XX əsr Azərbaycan ədəbiyyatında Füzuli ədəbi məktəbindən istifadə məsələsinə gəlincə qeyd etmək

lazımdır  ki, böyük sənətkardan sonrakı şairlərimiz ondan iki yolla istifadə etmişlər: Füzulini təqlid və yamsılama,



digəri isə yaradıcı istifadədir" (2).

İkincilərə o, M.Ə.Sabir, M.Hadi, A.Səhhət kimi sənətkarları misal göstərir, onların Füzulidən istifadəsində

orijinal, özünəməxsus forma və məzmun ünsürləri axtarıb tapırdı. Hələ 1939-cu ildə nəşr edilmiş kitabı ilə ("XX əsr

Azərbaycan ədəbiyyatına giriş", "Molla Nəsrəddin ədəbi cərəyanı"), eləcə də C.Məmmədquluzadə, Ə.Haqverdiyev,

M.Ə.Sabir,  S.S.Axundov,  M.Hadi,  A.Səhhət,  A.Şaiq  haqqında  məqalə  və  oçerklərlə  ədəbi  əsr  haqqında  geniş

təsəvvür  yaradan  C.Xəndan  ədəbiyyatımızın az  tədqiq  olunmuş  Ə.Cənnəti,  M.S.Ordubadi,  Simurq,  H.Cavid  və  b.

nümayəndələri haqqında dəyərli fikirlər söyləmişdir.

Cəfər Xəndan XX əsr Cənubi Azərbaycan ədəbiyyatının ən məşhur tədqiqatçılarından olmuş, bu ədəbiyyat

haqqında 1948-ci ildə doktorluq dissertasiyası müdafıə etmişdir. Onun 1944-1946-cı ildə Təbrizdə "Vətən yolunda"

qəzetində  çalışması,  bu  qəzetdə  Cənubi  Azərbaycan  ədəbiyyatının  müxtəlif  dövrlərinin  nümayəndələri  haqqında

əhəmiyyətli yazı və məqalələr çap etdirməsi onun ədəbi tərcümeyi-halının vacib səhifələrindən biridir.

Bu  məqamda  o,  XV-XVI  əsrin  Təbriz  şairləri  ilə  yanaşı,  XIX-XX  əsrlərin  Zeynalabdin  Marağayi,  Səid

Səlmasi, Ləli, Mirzəli Möcüz, Mirzə Mehdi Şükuhi, Yəhya Şeyda, Fəxrəddin Məhzun, Mir Tağı Milani və b. ədəbi

simaları haqqında  məqalə  və  oçerklər  yazmışdır.  C.Xəndan  1944-1946-cı illərdə  Təbriz  şairlər  məclisinin  işində

fəal  iştirak  etmiş,  "Vətən  yolunda",  "Şəfəq",  "Qızıl  siniflər"  və  s.  qəzet  və  jurnallarda  o  taylı  -  bu  taylı

Azərbaycanımızın ədəbiyyatı haqqında yazılar dərc etdirmişdir. Ədib sonralar da Cənubi Azərbaycan ədəbiyyatında

gedən  prosesləri  diqqətlə  izləmiş,  Cənubun  vətənpərvər  şairlərinin  yaradıcılığına  yüksək  qiymət  vermişdir.  O,

"Cənubi  Azərbaycanın  müasir  yazıçıları"  adlı  məqaləsində  yazırdı:  "Ana  dilində  yazdığına  görə  keçmişdə  təqib

olunan sənətkarlar indi bütün əsərlərini Azərbaycan dilində yazır, ömründə ana dillində yazmayan liberal şairləri də

öz sıralarına alırddar".

Ədəbiyyatşünas  alim  Azərbaycan  ədəbiyyatı  tarixinin  yazılması  üçün  aparılan  monoqrafık  işlərin  və

fundamental  tədqiqatların  tərəfdarı  idi.  Belə  tədqiqatların  sırasında  biz  Mirzə  Ələkbər  Sabir,  Cəfər  Cabbarlı,

Mikayıl Müşfiq, Mir Cəlal və başqalarının adlarını görürük. Onun ilk elmi işi Sabir yaradıcılığına həsr olunmuş və

1939-cu ildə o, bu mövzuda namizədlik dissertasiyası müdafıə etmişdir. C.Xəndanın Sabir irsinə həsr olunmuş  iki

monoqrafıyası, həyatına dair "Şairin həyatı" kitabı, çoxsaylı məqalələri, çıxış və məruzələri vardır.

Bunların arasında "Sabir yaradıcılığının sənətkarlıq xüsusiyyətləri" monoqrafıyası (1962) xüsusi əhəmiyyət

kəsb  edir.  Kitab  alimin  ölümündən  sonra  nəşr  edilmişdir.  Həmin  monoqrafiyada  Sabirin  poetikası,  onun

yaradıcılığında tendensiya və ifşa  üsulları, şeir və şair haqqında fikirləri, Sabirin romantikası, Sabir yardıcılığında

folklordan  və  canlı xalq  ifadələrindən  istifadə  yolları  kimi  fəsillər  var  idi.  Bu  monoqrafıya  XX  əsr  Azərbaycan

ədəbiyyatşünaslığında tarixi poetikaya həsr olunmuş ən əhatəli tədqiqatlardandır.

Sabir  qüdrətli  sənətkar  olduğundan  onun  sənətkarlıq  xüsusiyyətləri  də  geniş  tədqiqatların  predmeti

olmalıdır.  C.Xəndan  böyük  uzaqgörənliklə  Sabir  sənətkarlığını  araşdırmış,  böyük  elmi  nəticələr  əldə  etmişdir.

Təsadüfı  deyildi  ki,  monoqrafiya  müəllifi  əsərə  yazdığı  girişdə  göstərirdi:  "Sabir  kimi  böyük  söz  ustasının

poetikasını  məhdud  və  mücərrəd  halda  təsəvvür  etmək  olmaz.  O,  ədəbiyyatımızın  dünəni,  bugünü  və  sabahı ilə

bağlı olduğundan məhz bu mənada da təhlil edilməlidir. Sabirin sənətkarlıq xüsusiyyətlərini klassik ədəbiyyatımızla

müqayisə  edərkən,  bu  müqayisədə  şairin  ədəbiyyatımıza  nə  kimi  yeniliklər  gətirdiyini,  öz  müasirləri  arasında  nə

kimi təsir oyandırdığını, bir şair kimi əzəmətini müəyyənləşdirə bilərik" (4).

Təkcə  Sabirin  poetikası deyil,  onun  "inqilabi-satirik  şeirin  banisi"  olması,  vətənpərvərliyi  və  humanizmi,

böyük  satirasının  mündəricə  və  məzmunu,  təbliğ  etdiyi  həyat  həqiqətləri  və  dünya  hadisələrini  işıqlandırmaq

bacarığı  C.Xəndanın  məqalələrində  də  öz  əksini  tapmışdır.  "Fəxrimiz",  "Sabir  və  Şərq",  "Hophopnamə"  və  s.

məqalələr  bu  baxımdan  böyük  əhəmiyyətə  malikdir.  Sabirin  yaradıcılıq  metodundan  söz  açan  ədəbiyyatşünas

"Fəxrimiz"  məqaləsində  (1946)  yazırdı:  "Sabir  realizmi  XX  əsrin  siyasi,  ictimai  və  inqilabi  hadisələri  ilə  bağlı

olduğundan, daha aktiv, daha mübariz bir realizm idi" (5).

Cəfər  Xəndan  öz  müasirləri  olan  şair  və  yazıçılar  haqqında  da  dəyərli  ədəbi-tənqidi  məqalələr  yazmışdır.

Onun  bu  qəbildən  yazdığı  məqalələr  içərisində  Səməd  Vurğun,  Süleyman  Rüstəm,  Məmməd  Rahim,  Mikayıl

Müşfiq,  Rəsul  Rza,  Sabit  Rəhman,  Ənvər  Məmmədxanlı,  Süleyman  Rəhimov,  Mirzə  İbrahimov  və  başqaları

haqqında məqalələr vardır.

Bir  tənqidçi  olaraq  o,  şair  və  yazıçılar  haqqında  oçerklər,  onların  yeni  əsərləri  barədə  məqalələr,  teatr

tamaşaları  haqqında  resenziyalar,  ədəbiyyatşünaslığın  ümumi  problemləri  haqqında  maraqlı  fikirlərini  və

müşahidələrini  yazırdı.  Məsələn,  o,  S.Vurğun  haqqında  bir  neçə  məqalə  yazmış,  onun  yaradıcılıq  və  elmi

təşkilatçılıq  fəaliyyətini,  poeziyasını,  dramaturgiyasını,  sənətkarlıq  problemini  geniş  təhlil  etmişdir.  Şairin

dramlarından söz açarkən onların tarix və müasirliklə səsləşdiyini qeyd edən C.Xəndan yazırdı: "Səməd Vurğunun

bütün  dramlarında  nəzərə  çarpan  ümumi  xüsusiyyətlərdən  biri  də  dərin  realizm  ilə  birlikdə  onlarda  qüvvətli



romantikanın olmasıdır. Şair ən adi bir hadisəni belə lazımi romantik vüsətə qaldırmaqla əsərlərinin təsir qüvvəsini

qat-qat artırır, nəticədə epizodik surətlər belə oxucu və tamaşaçıların xəyalında silinməz izlər buraxır" (6).

1956-cı  ildə  görkəmli  şairimiz  Mikayıl  Müşfiqə  bəraət  verildi  və  haqqında  çoxlu  məqalə  və  xatirələr

yazıldı.  Bu  mövzuda  ilk  kitabçalardan  biri  də  C.Xəndana  mənsubdur.  O,  M. Müşfiqin  həyatından  söz  açmaqla

bərabər  onun  şeir  və  poemalarını  da  geniş  təhlil  edir,  bu  əsərlərin  bədii  estetik  xüsusiyyətlərindən  də  danışır.

Ədəbiyyatşünas alim M. Müşfiqə sonralar da bir neçə məqalə həsr etmiş, onun 1960-cı ildə "Azərnəşr" tərəfındən

buraxılan  ikicildliyi  haqqında  məqalə  dərc  etdirmişdir.  M.  Müşfiqi  "lirik  sözün  qüdrətli  nümayəndələrindən  biri"

adlandıran C.Xəndan onun şeirləri və poemaları haqqında böyük ürək açıqlığı ilə söz açırdı: "Bu şeir inciləri hissə,

duyğuya, qəlbə təsir edir, xəyallarda silinməz iz buraxır" (7).

Cəfər Xəndanın tələbələri indi də onu təkcə görkəmli alim və ədəbiyyatşünas kimi deyil, mahir pedaqoq və

qüdrətli natiq kimi xatırlayırlar.

100  illiyini  qeyd  etdiyimiz  şair,  alim,  pedaqoq,  bacarıqlı  təşkilatçı  Cəfər  Xəndan  özü  haqqında  parlaq

xatirə,  dəyərli  poetik  və  elmi  irs  qoyub  getmişdir.  Bu  irsin  qorunması  və  təbliği  hər  birimizin  unudulmaz

borcumuzdur.



İstifadə edilmiş ədəbiyyat

1.

C.Xəndan, Ədəbi qeydlər, Azərnəşr, Bakı, 1966.



2.

"Azərbaycan jurnalı", 1956, №12.

3.

C.Xəndan. Sabir yaradıcılığının sənətkarlıq xüsusiyyətləri. Azərnəşr, Bakı, 1962.



4.

C.Xəndan. Seçilmiş əsərləri, Azərnəşr, Bakı, 1972.

5.

C.Xəndan. S.Vurğunun dramları, Ədəbiyyatımızın dünəni və bugünü kitabında, Yazıçı Bakı, 1980.



Талантливый ученый, поэт, педагог и способный научный организатор

Резюме

Статья посвящена жизни, твор честву и педагогической деятель ности известного азербайджанского

поэта,  маститого  литературного  теоретика,  искусного  историка  ли тературы,  талантливого  критика

профессора Джафара Хандана, ко торый успешно сочетал научно-пе дагогическую работу с обществен ной

деятельностью.

Talented scholar, poet, pedagogue, creative scientific organizer

Summary

Jafar Khandan is accented as experienced literature theorist, skilful literature historian, and talented critic in

the article. His scientific-pedago gical work is dedicated to co-or dination of public activity, profession of poet with

erudition. The article covers his pedagogical activity.



Yüklə 69,25 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə