Azərbaycan məktəbi



Yüklə 43,8 Kb.
tarix25.06.2018
ölçüsü43,8 Kb.
#51944


“Azərbaycan məktəbi”.-2015.-№ 1.-S.22-25. 

 

DİLİMİZ MƏNƏVİYYATIMIZDIR 

 

Tofiq Hacıyev, 



AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik 

 

Ölkədə Azərbaycan dilinin inkişafına və zənginləşməsinə dövlət qayğısı və geniş imkanlar yaradıldığı 



bir  şəraitdə  Azərbaycan  dilinin  tədrisi  ilə  bilavasitə  məşğul  olanların  üzərinə  böyük  vəzifələr  düşür.  Bu  gün 

şagird  şəxsiyyətinin  formalaşmasında  onun  milli  mənlik  hissinin,  dünyaya  baxışının,  ən  başlıcası  vətəndaşlıq 

təfəkkürünün  yaranması  xüsusi  əhəmiyyət  kəsb  edir.  Böyük  dünyaya  özünün  milli  mentalitet  çərçivəsindən 

baxmaq, hər şeyi müasir cizgilərlə görə, dərk edə bilmək mühüm bacarıqlar hesab olunur. Əgər biz özünün milli 

müstəvisində  dünyəvi  ola bilmək  bacarıqlarını  uşaqlarımıza  öyrətmək  istəyiriksə,  о  zaman  ən  etibarlı  mənbə, 

həm də vasitə kimi doğma dilə müraciət etməliyik. Onun keçmiş və müasir zamanlarda yaranmış, illər keçdikcə 

özünün  qənirsiz  gözəlliyi,  bənzərsizliyi  ilə  diqqəti  cəlb  edən  nümunələrinə  diqqət  yetirməliyik.  Çünki 

Azərbaycan dili özünün bütün imkanları ilə xalqımızın tarixi boyu ona sirdaşlıq etməklə həm özünün tarixi, həm 

də sosial-kommunikativ funksiyasını qoruyub saxlayıb, nəsillərin yaddaşında qalanları nəsillərə ötürübdür. 

Dil  təlimi  təcrübələrinə  istinad  etsək,  belə  qənaətə  gəlmək  olar  ki,  Azərbaycan  dilinin  tədris 

edilməsində  şagirdlərin  nitq  mədəniyyətini  formalaşdırmaqla  yanaşı,  dil  quruculuğu,  eləcə  də  dil  siyasəti  ilə 

bağlı onların təfəkkürünü cilalamaq əsas tələblərdən hesab edilir. Bu tələblər indi də Azərbaycan dili təliminin 

leytmotivini təşkil etməklə böyük uğur qazanıb. Odur ki, yuxarı siniflərin Azərbaycan dili kursunda aşağıdakı 

məsələlər  ətrafında  müzakirələr  aparmaq,  diskussiyalar  təşkil  etmək  faydalı  bilinir.  X  və  XI  siniflər  üçün 

“Azərbaycan  dili”  dərsliklərində  də  bu  barədə  kifayət  qədər  material  vardır.  XI  sinfın  Azərbaycan  dili  kitabı 

“Mənim  dövlət  dilim”  sözləri  ilə  açılır  və  ümummilli  liderimiz  Heydər  Əliyevin  aşağıdakı  sözləri  sitat  kimi 

verilir: “Bizim çox gözəl, zəngin, cazibədar, dilimiz var. Bəlkə də biz bu dildə danışdığımıza görə öz dilimizin 

zənginliyini və gözəlliyini hələ tam dərk edə bilməmişik. Ancaq bilin ki, bu, həqiqətdir. Ona görə də bunu heç 

bir  şeyə  dəyişmək  olmaz.  ...  Hər  bir  Azərbaycan  vətəndaşı,  hər  bir  azərbaycanlı  öz  ana  dilini  -  Azərbaycan 

dilini,  dövlət  dilini  mükəmməl  bilməlidir.  Gənclərə  tövsiyə  edirəm  ki,  əgər  kiminsə  bu  barədə  çatışmazlığı 

varsa,  çalışın,  bunu  aradan  qaldırın.  Xarici  ölkələrdə  təhsil  alarkən,  həmin  ölkənin  dilini  öyrənərкən,  eyni 

zamanda  başqa  dilləri  öyrənərkən  öz  dilinizi  heç  vaxt  unutmayın  və  öz  ana  dilinizi  heç  bir  başqa  dilə 

dəyişməyin.  Xalqın,  millətin,  insanın  öz  ana  dilindən  əziz  heç  bir  şeyi  ola  bilməz”  (“Azərbaycan”  qəzeti,  31 

avqust  1997-ci  il).  Sonra  Həsən  bəy  Zərdabi,  Nəriman  Nərimanov  və  Ömər  Faiq  Nemanzadənin  müdrik 

sözlərinə  müraciət  edilir.  Şagirdlər  elə  buradaca  böyük  alman  şairi  Hötenin:  “Ana  dilində  danışmaq  böyük 

mədəniyyətdir”, - sözləri ilə də tanış olurlar. 

Azərbaycan  xalqı  doğma  dilinə  sədaqətli  xalqdır.  XX  əsrin  əvvəllərindən  başlayaraq  ruslaşdırma 

siyasətinin basqıları altında şifahi ədəbi dilimizin saxlanmasına, dilin təmizliyinə, yad təsirlərdən qorunmasına 

elm,  sənət  adamları,  müəllimlər  tərəfindən 

[səh.22-23]

  çox  həssas  münasibət  bəslənilmişdir.  Ana  dilimizin 

orfoepiya,  orfoqrafıya  qaydalarına  və  nitq  mədəniyyəti  məsələlərinə  ciddi  fıkir  verilməsinə,  dilimizin 

təmizliyinə,  incəliyinə  sevgi,  məhəbbət  oyadılmasına  elə  ümumtəhsil  məktəblərindən  bir  mənəvi  borc  kimi 

yanaşılmalıdır. 

Dilimiz  haqqında  danışmazdan  əvvəl  bir  haşiyəyə  çıxmaq  istəyirəm.  Fransız  yazıçısı,  Nobel 

mükafatçısı Albert Kamyu demişdir: “XVII əsr riyaziyyat əsridir, XVIII əsr fızika, XIX əsr biologiya, XX əsr 

qorxu əsridir. Qorxu elm deyil, ancaq bu qorxuda elmin payı var”. Doğrudan da, böyük elmi kəşflərin sırasında 

XX  əsrdə  şəhərləri,  ölkələri  xarabalığa  çevirən,  on  milyonlarla  insanı  məhv  edən  silahlar  da  vardır.  Texniki 

yüksəlişi,  çox-çox  abadlıqları  yaradan  dəqiq  elmlərdir,  həm  də  bunlar  dünyanı  insan  qanı  ilə  suvarmağa  da 

yönəlmişdir. XX əsrdə Kamyunun xatırlatdığı insanları daimi xofda, qorxuda saxlayan insan şüurunun yaratdığı 

fövqəladə  kəşflərin  müqabilində  humanitar  elmləri  də  yada  salmaq  lazım  gəlir,  məhz  bu  elmlər  insanlara 

humanizm aşılayır, sevgi təbliğ edir. Нələ böyük mollanəsrəddinçi Ömər Faiq Nemanzadə deyirdi ki, biz bütün 

sevgilərimizin ən üst qatında dil sevgimizi tutmalıyıq. 

Elmə dövlət diqqəti bütün elm sahələri ilə bərabər dilçiliyə də göstərilir. Dövlətin dilçilik elminə, dilin 

özünə diqqəti, həssaslığı, ilk növbədə, dəqiq elmlərlə müqayisədə dövlətçiliklə, azərbaycançılıqla, dövlətin milli 

siyasət quruculuğu ilə, dillə bilavasitə bağlı olması ilə izah olunur. Cəmiyyətdə bir dil quruculuğu var, bir də dil 




siyasəti.  Dil  quruculuğu  (qrammatikalar  yazılması,  lüğətlər  hazırlanması  və  s.)  alimlərin  işidir,  dil  siyasəti isə 

dövlətindir. Dil quruculuğu dövlətin dil siyasəti ilə idarə olunur. Dövlət siyasəti dil quruculuğunu sürətləndirə 

də,  ləngidə  də  bilər.  Məsələn,  1970-ci  illərin əvvəllərində,  mərhum  Heydər  Əliyevin  zamanında  ali  məktəblər 

üçün  dörd  cildlik  Аzərbaycan  dili  dərsliyi  Dövlət  mükafatı  aldı.  Bundan  sonra  Azərbaycan  dilçiliyinin 

inkişafında xüsusi dirçəliş dövrü başlandı. 

Dilçiliyin təcrübəsi məsələləri ilə müqayisədə dilin etnik mənşəyi, dilin tariхən dövlət quruculuğu ilə 

bağlı problemlərinin tədqiqində dövlət sözünə, dövlət himayəsinə daha çox ehtiyac var. Əlbəttə, bu, о demək 

deyil  ki,  tədqiqat  dövlətin  diktəsi  ilə  getməlidir.  İş  ondadır  ki,  bu  problem  sırf  milli  xarakter  daşıdığı  üçün, 

xüsusilə  sovet  dövründə  sərt  müqavimətlərlə  qarşılaşırdı.  Yalnız  milli  mənafe  xatirinə  yox,  birinci  növbədə, 

elmi  həqiqətə  dövlət  arxa  duranda  həqiqət  rahatlıqla  irəliləyir.  Məsələn,  dil  tarixçiləri  elmi  mənbələrə 

əsaslanaraq, Аzərbaycan türkcəsinin tarixini tarixin dərinliyinə apararkən bir sıra tarixçilərlə mübahisə aparmalı 

olmuşlar. Ancaq Аzərbaycan dövlət dili haqqında Qanuna imza qoyarkən ümummilli liderimiz Heydər Əliyev 

mətnin  giriş  hissəsində  (preambula-  da)  dedi  ki,  e.ə.  Azərbaycanda  türk  dili  ünsiyyət  vasitəsi  kimi  işlənirdi. 

Bununla da məsələyə dövlətin münasibəti ifadə olunmuş oldu və bu sahədə tədqiqatlar dərinləşməyə başladı. 

Yaxud  Azərbaycan  milli  ədəbi  dilinin  tarixi,  formalaşması  haqqında  sovet  dövründə  yuxarıdan  - 

Moskvadan gələn qeyri-elmi bir münasibət hökm sürürdü. Avropa dilçiliyinə, marksist dilçiliyə görə milli dil və 

ümumiyyətlə,  millət  kapitalizm  dövründə  yaranır.  Həmin  fıkrə  görə,  Аzərbaycan  milli  dilinin  yaranması  XX 

əsrin əvvəllərinə, bir az da loru desək, dünənə, srağagünə də yox, məhz dünənə düşür. Bununla bərabər elmdə, 

tarixşünaslıqda başqa dünyabaxışı da var: Avropada kapitalizmin gördüyü işi Şərqdə mərkəzləşmiş dövlət görür. 

Ancaq bu fikrə əsaslanmaq bizə yasaq edilmişdi. Çünki о fıkirdən çıxış edəndə Azərbaycan milli dili- 

[səh.23-

24]


  nin  tarixi  daha  uzaq  əsrlərə  gedir.  Məsələ  burasındadır  ki,  sovet  dövründə  toxumlamış  anti-Azərbaycan 

qüvvələr  hələ  tükənməyib  və  milli  tarixin,  milli  dil  tarixinin  obyektiv  təqdiminə  yenə  рəl  vuranlar  var. 

Akademik  Ramiz  Mehdiyevin  son  illərdəki  tədqiqatları,  xüsusilə  Şah  İsmayıl  Səfəvi  haqqındakı  son 

monoqrafiyası və XVI əsr dövlət sənədlərinin aşkar olunub onun müqəddiməsi, redaktəsilə çap olunmuş nəşri 

bu  işdə  əsaslı  elmi  söykənəcək  oldu.  Artıq  indi  biz  müqavimətsiz  deyə  bilirik  ki,  XVI  əsrdə  milli  dilimizin 

müəyyənləşməsi üçün hər iki faktor - obyektiv və subyektiv faktor meydanda idi: mərkəzləşmiş dövlət yaranmış 

və italyan dili tarixinin Dantesinin işini görmüş böyük Füzuli yetişmişdi. Milli dilin bugünkü əsas lüğət fondu, 

morfologiya və sintaksisi XVI əsrdə müəyyənləşmişdi. 

Azərbaycan  dilçiliyinin  dilimizin  tarixi  ilə  əlaqəli  mühüm  problemlərindən  biri  yazılı  ədəbi  dilin 

başlanğıcı ilə bağlı idi. Bu problemin açarı bütövlükdə türk ədəbiyyat tarixinin möhtəşəm abidəsi “Dədə Qorqud 

kitabı”  idi.  Bu  məsələdə  Azərbaycan  və  Türkiyə  qorqudşünasları  arasında  kəskin  mübahisə  gedirdi.  Türkiyə 

qorqudşünaslarına  görə,  abidə  XV-XVI  əsrlərdən  о  yana  keçmir,  Azərbaycan  qorqudşünasları  dilindən  çıxış 

edərək, məzmununa əsaslanaraq abidəni daha dərinə aparırdılar. Yenə məsələ Azərbaycan dövlətinin səbatı ilə 

həllini  tapdı.  Mərhum  Prezidentimiz  Heydər  Əliyev  “Dədə  Qorqud  kitabı”nın  1300  illik  yubileyi  haqqında 

fərman  verdi.  YUNESKO  qəbul  etdi,  bütün  dünya  qəbul  etdi  ki,  Azərbaycan  yazılı  ədəbi  dilinin,  yazılı 

ədəbiyyatının  tarixi  eramızın  VII  əsrinə  gedib  çıxır.  Təsəvvür  edirsinizmi,  yazılı  tariximiz  əvvəl  rəsmi  qəbul 

olunmuş tarixdən - XIII əsrdən altı yüz il irəli getdi. Dövlət öz abidəsinə, öz dilinin, ədəbiyyatının tarixinə sahib 

çıxdı, Azərbaycan elminə arxa durdu. Dövlət bu məsələdə nəinki elmə dayaq oldu, hətta bu işə özü də qoşuldu, 

qolunu  çırmayıb,  elmi  işçilərlə  birgə  işlədi.  Şahidəm  ki,  uzun  illər  üzərində  iş  aparılan  “Dədə  Qorqud 

ensiklopediyası”nın  yubileyə  qədər  başa  çatdırılması  üçün  professor  Fatma  xanım  Abdullazadə  Azərbaycan 

nəşriyyatında  iki  ay  səhərdən  axşamacan,  şənbəsiz,  bazarsız  bizimlə  birlikdə  oldu,  bir  an  ayrılmadı  ki,  işlər 

sürətini azaltmasın. Beləliklə, elmi işçilərlə, qorqudşünaslarla dövlət aparatı birlikdə ensiklopediyanı vaxtında 

yubileyə təqdim etdi. 

Dövlətimizin  ana  dilinə,  ədəbi  dilə,  dövlət  dilinə  qayğısını,  himayəsini,  onu  hər  cür  qada-bəladan 

qorumasını bu gün də görürük. Cənab İlham Əliyevin Azərbaycan dilinin qloballaşma şəraitində işlənməsinə və 

dilçiliyin inkişafına dair sərəncamını və qəbul olunmuş Dövlət proqramını nəzərdə tuturam. Görürük ki, dilin 

dövlətdə, ölkədə işlənməsi və dilçiliyin inkişafı kimi milli yüklü anlayışlar sərəncamın özündə vurğulanır. 

Füzuli deyirdi: 

Yaxşı görünür surəti məhvəşlərin, əmma 

Yaxşı nəzər etdikdə sərəncamı yamandır. 




Bu  gün  qloballaşma  deyilən  anlayış  dünya  siyasətinin  Füzuli  deyən  ayüzlü  gözəlidir.  Bu  “ayüzlü 

gözəl”  ancaq  iri  dövlətlərin  mənafeyinə  xidmət  edir.  Prezidentimiz  bizi  həmin  “gözələ”  Füzuli  münasibətinə 

çağırdı, bu “gözələ” aşiq olub məxrəcimizdən çıxmamağa, ona mübaliğəsiz yanaşmağa çağırdı. 

Sözümün  sonunda  mən  1300  il  bundan  əvvəlki  dilimizdən  nəzərinizə  bir  nümunə  çatdırıram. 

Fonetikası, morfologiyası ilə eynən “Dədə Qorqud kitabı”ndakı kimi deyirəm: “Qız anadan görməyincə öyüd 

almaz”, “Oğul atadan görməyincə süfrə açmaz”. Bu ata sözlərinə bu təşbehləri də əlavə edirəm: “Qurulu yaya 

bənzər çatma qaşlım, Qoşa badam sığmayan dar ağızlım. Güz almasına bənzər al yanaqlım”. Vəcdlə və inamla 

deyirəm ki, bu gün dünyanın irili- 

[səh.24-25]

 xırdalı heç bir millətinin dili 1300 il bundan əvvəlki səslənişinə 

bizimki qədər uyğun gəlmir. 1300 il bundan əvvəl işlənmiş bu dil Səməd Vurğunun bugünkü dilindən nə qədər 

seçilir: 

El bilir ki, sən mənimsən, 

Yurdum, yuvam, məskənimsən... 

Könlüm keçir Qarabağdan, 

Gah о dağdan, gah bu dağdan. 

Axşamüstü qoy uzaqdan Havalansın xanın səsi, 

Qarabağın şikəstəsi! 

Bu misraların dili həm vətəndaşlıq, dövlətçilik məzmunu ilə, həm milli psixoloji yükünə görə о qədər 

dolğundur ki, hərbi qurumlarda bərkimiş mərhum Prezidentimiz də, hamıya məlum olduğu kimi, bu misraları 

deyərkən kövrəldi. Mənim xalqım 1300 ildir (təbii ki, daha qədimə gedir, mən əlimizdə olan yazılı nümunəni 

nəzərdə tutub deyirəm) bu dili öz danışığı ilə, şifahi və yazılı ədəbiyyat dili kimi işlədə-işlədə, qoruya-qoruya bu 

kamillikdə  bu  günə  gətirib  çıxarıb.  İndi  mənim  bu  dilim  dövlətimin  dilidir,  dövlətimin  siyasət  dilidir,  indi 

millətimlə  bərabər,  dövlətim  də  bu  dili  qoruyur.  Mən  Azərbaycan  alimlərinin  I  qurultayında  bir  təklif  də  irəli 

sürmüşəm.  1926-cı  ildə  Bakıda  ilk  türkoloji  yığıncaq  oldu.  Bu,  tarixdə  “Birinci  Ümumittifaq  Bakı  Türkoloji 

qurultayı”  kimi  əks  olunub,  bu  gün  də  elə  deyilir.  О  zaman  qərarlaşdılar  ki,  II  Türkoloji  qurultay  1930-da 

Səmərqənddə  keçirilsin.  Məlum  irtica  hadisələri  ilə  bağlı  Səmərqənd  qurultayı  baş  tutmadı.  1966-cı  ildə 

görkəmli sovet türkoloqlarının təşəbbüsü ilə Bakıda bu qurultayın 40 illiyi qeyd olundu və qərara alındı ki, 4 

ildən  bir  müxtəlif  türk  dövlətlərində  (təbii,  SSRİ-də)  türkoloji  konfranslar  çağırılsın.  Qurultay  adından 

qorxdular. Ancaq həmin konfranslar, həqiqətən, 1989-cu ilə, yəni SSRİ dağılan ərəfəyə qədər davam etdi. 2006-

cı ildə cənab İlham Əliyevin sərəncamı ilə Bakıda bu Türkoloji qurultayın 80 illiyi beynəlxalq konfrans kimi 

keçirildi.  2016-cı  ildə  I  Bakı  Türkoloji  qurultayının  90  illiyi  tamam  olur.  Мən  istəyirəm  ki,  Bakı  Türkoloji 

qurultayının  üstündən  1  rəqəmi  götürülsün.  Biz  bu  yubileyi  II  Bakı  Türkoloji  qurultayı  adı  ilə  qeyd  edək. 

Bundan  sonra  Səmərqənddə,  Aşqabadda,  Astanada,  Kazanda,  Ankarada  III,  IV,  V,  VI,  VII...  türkoloji 

qurultaylar çağırılsın. 

Ümumtürk kökündən ayrılmış bir qol olan Azərbaycan dili bu gün dünyanın ən yüksək kürsülərindən 

eşidilir, o, həyatımızın mühüm tərkib hissəsi olmaqla həm də xalqımızın milli quruculuq daşıyıcısı kimi səslənir. 

Onu öyrənmək, inkişaf etdirmək və müqəddəsliyini qorumaq hər Azərbaycan vətəndaşının şərəfli vəzifəsidir. 

 

Т. Гаджиев 

Язык - наша духовность Резюме 

В статье говорится о заботе, оказываемой азербайджанскому языку в стране, о мероприятиях, 

проведенных  в  этой  области  лингвистики  и  о  предстоящих  задачах.  В  статье  также  затрагиваются 

вопросы, связанные с съездами тюркологов. 

 

T. Hajiyev 

Mother tongue is our spirituality Summary 

In the article it is spoken about the attention paid to the development of Azerbaijan language, about the 

issues  and  challenges  in  the  field  of  Azerbaijan  linguistics.  In  the  article it is  also  touched  upon  the  issues  of 

Turkish congresses. 



 

Yüklə 43,8 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə