Azərbaycan Milli Elmlər Akademiyası
Mərkəzi Elmi Kitabxana (MEK)
H E S A B A T 2017
MEK 2017-cı ildə bir sıra sahələrdə birinciliyə imza atdı.
2017-cı ildə Azərbaycanda İLK DƏFƏ olaraq:
Milli Rəqəmsal Yaddaş (MRY) bazası elmiləşdi. İşlək səviyyəyə gətirilmiş MRY
layihəsi çərçivəsində elmi mənbələrin sistemləşdirilmiş qeydiyyat siyahısının birinci
hissəsi hazırlandı, AMEA elmi müəssisələrinin əksəriyyəti tərəfindən MRY bazasına
milli yaddaşa salınması tövsiyə olunan sənədlərin siyahısı təqdim olundu,
Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafına Dəstək Fondu Milli
Rəqəmsal Yaddaş layihəsinə dəstək verdi.
Sərbəst Elektron Resurslara aid edilən Azərbaycandilli Vikipediyanın mövqeyi
AMEA institutları və kənar təşkilatlara sistemli şəkildə keçirilmiş təlimlər və
təlimsonrası əlaqələndirmə nəticəsində 58-ci pillədən 51-ci pilləyə irəlilədi.
Azərbaycan Mətbuat Şurası ilə AMEA rəhbərliyi bir araya gəlib Azərbaycanda elm
sahəsində baş verən yeniliklərin, kəşflərin və elmin inkişafı proseslərinin media
vasitəsilə ictimaiyyətə çatdırılmasının, təbliğ edilməsinin əhəmiyyəti, informasiyanın
toplanılmasının, sistemləşdirilməsinin və etibarlı qorunub saxlanılmasının yolları
barədə razılaşmaya gəldi.
Azərbaycan kitabxanalarında mühafizə olunan və 2016-cı ildə MEK-də aşkarlanıb
rəqəmsallaşdırılmış 17 ən qədim kitabın 6-sına MEK oxucusu tərəfindən annotasiya
hazırlandı və kitabxana istifadəçilərinə təqdim olundu.
Hesabatın sənədləşdirilməsi: Hesabat MEK-in AMEA vitse-prezidenti akademik İsa
Həbibbəylinin sədrliyi ilə keçirilmiş 9 yanvar 2018-ci il tarixli ümumi iclasında müzakirə
edilmişdir. MEK İdarə Heyətinin 9 yanvar 2018-ci il tarixli iclasında düzəlişlərlə təsdiq edilmiş
(protokol əlavə olunur), AMEA RH Elm və Təhsil şöbəsinə çap və elektron formatda təqdim
olunmuşdur.
Təşkilatın kateqoriyası: AMEA Rəyasət Heyəti nəzdindəki təşkilat.
Hazırki hesabat kitabxanalar üçün ənənə halı almış sənəd, oxucu və ya baş tutmuş beynəlxalq və
yerli tədbirlərin sayı üzərində deyil, kitabxananın
2016-2019-cu illər üçün MEK İdarə Heyəti
tərəfindən müəyyən edilmiş məramı və strateji hədəfləri üzərində qurulmuşdur. Əldə edilmiş
nəticələr ardıcıl, 2016-cı ildə əldə edilmiş nəticələrin planlaşdırlmış və məntiqi davamıdır,
yeniliklər ilə fərqlənir. Hesabata siyahılar, rəqəmlər və faktlar əlavə olunur.
Mərkəzi Elmi Kitabxananın İdarə Heyəti tərəfindən 2016 – 2019-cu illər üçün təsdiq
edilmiş məramı, iş prinsipləri və əsas strateji hədəfləri:
MEK-in MƏRAMI
Azərbaycanın qədim tarixinin və zəngin mədəniyyətinin, Azərbaycan Respublikasının
müstəqillik illərində qazanılmış siyasi, iqtisadi, sosial və mədəni nailiyyətlərinin təbliğ edilməsi,
Azərbaycan dilinin informasiya resurslarında istifadə imkanlarının genişləndirilməsi, müasir
elmi araşdırmaların aparılması üçün informasiya təminatının yaxşılaşdırılması, Azərbaycanın
milli-tarixi irsini təşkil edən və yeni yaranan bütün növ mövcud sənədlərin toplanılıb
saxlanılması, eləcə də dünya tarixi və mədəniyyətinin istifadəçilərə təqdim olunması yolu ilə
dövlət və milli maraqlara uyğun oxucu icmasını formalaşdırmaq və akademik icmanın
mərkəzinə çevrilməkdir.
MEK-in İŞ PRİNSİPLƏRİ
1.MEK AMEA-nın bir hissəsidir, AMEA-ya uyğun olaraq formalaşır və formalaşdırır.
MEK bütün kitabxanaların inkişaf prosesində keçməli olduğu üç mərhələdən birinci (kitab
fondlarının, oxucu sayının və yerləşdiyi məkanın sahəsinin artırılması) və ikinci (oxucuların
diqqət mərkəzinə gətirə biləcəyi xüsusi xidmətlər, müxtəlif meyarlar əsasında sənəd toplularının
formalaşması və s.) başa vurmuş və üçüncü (akademik oxucu icmasının formalaşdırılması)
mərhələyə daxil olmuşdur.
2.İnformasiya və xidmətlər bütün əhali qrupları üçün açıq və əlçatandır. MEK 18 yaşına
çatmış bütün Azərbaycan vətəndaşları üçün açıqdır. MEK akademik ictimaiyyət də daxil
olmaqla fəaliyyətini mandatına uyğun olaraq bütün kitabxana istifadəçiləri ilə interaktiv
qarşılıqlı anlaşma əsasında həyata keçirir, oxucuların tələblərinə və ehtiyaclarına köklənmiş
müasir şəkildə AMEA Rəyasət Heyətindən başlayaraq tələbə istifadəçilərə qədər bütün sorğuları
dərhal araşdırıb cavablandırır.
3.Şəffaflıq və hesabatlılıq. Kitabxanaya çap və ya elektron formatda daxil olan hər bir sənəd
(kitab, jurnal, marka, xəritə, əlyazma və s.) dərhal aktlaşdırılır, MEK saytında yerləşdirilir. MEK
barəsində bütün məlumatlar saytda, sosial şəbəkələrdə, sosial kanallarda açılmış səhifədə və
mediada əks olunur.
4.Peşəkarlıq və operativlik. İstifadəçilərə daha operativ və yüksək keyfiyyətli xidmətin təmin
edilməsi məqsədilə MEK əməkdaşları informasiya təminatının müasir metodlarını və
istiqamətlərini daim araşdırır, eyni zamanda peşəkarlıqlarını həm fərdi, həm də ümumi komanda
şəklində mütəmadi olaraq artırırlar.
5.Qənaətçillik. MEK dövlət büdcəsinin hətta mühafizə olunan büdcə xətlərini də qənaətlə
işlədir. Mühafizə olunmayan xətlər üzərində isə (tədbirlərin keçirilməsi, kitabların alınması və s.)
xərclər minimal dərəcəyə çatdırılır və mövcud resurslar səfərbər olunur.
STRATEJİ HƏDƏFLƏR (2016-2019)
1.VİS (Vahid İdarəetmə Sistemi) platformasının bütün komponentlərinin (fond, oxucu, yazışma,
sənədləşmə, maliyyə, insan resursları, e-avadanlıq, inventar) tam hazırlanıb istifadəyə verilməsi.
2. Milli Rəqəmsal Yaddaşın qeydiyyat, rəqəmsallaşdırma və qorunub saxlanılma proseslərinin
işlək səviyyəyə gətirilməsi.