Azərbaycan Milli Elmlər Akademiyası



Yüklə 23,34 Kb.
tarix27.10.2017
ölçüsü23,34 Kb.
#6956

Azərbaycan Milli Elmlər Akademiyası

A.A.Bakıxanov adına Tarix İnstitutu

ilə

Başbakanlıq Atatürk Kültür Dil və Tarix Yüksək Qurumu

Atatürk Araşdırma Mərkəzi

arasında

ELMİ ƏMƏKDAŞLIQ PROTOKOLU

Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti tarix, mədəniyyət və soy-kök baxımından iki qardaş ölkədir. Ancaq bu qardaşlıq münasibətlərinin elmi əməkdaşlıq sahəsində daha da inkişaf etdirilməsinə böyük ehtiyac vardır. Qloballaşma proseslərinin sürətlə irəlilədiyi XXI əsr dünyasında bir millət - iki dövlətin müasir həyatın bütün sahələrində, o cümlədən, elm sahəsində birgə əməkdaşlığı xüsusi elmi, siyasi və strateji əhəmiyyət kəsb edir. Bu səbəbdən Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin elmi müəssisələri və onların alimləri arasında gələcəkdə arzu olunan səviyyədə elmi, strateji, iqtisadi, siyasi və mədəni əməkdaşlığın reallaşdırılması üçün hər iki dövlətin milli və dövlət maraqlarına cavab verən proqramlar hazırlayıb həyata keçirməsi lazımdır. Bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu və Atatürk Araşdırma Mərkəzi arasında daimi elmi əməkdaşlıq yaradılması, bu əlaqələrin təsirli və məhsuldar şəkildə davam etdirilməsinin hər iki ölkə üçün əhəmiyyəti danılmazdır.

Yuxarıda göstərilənlər nəzərə alınaraq, Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti arasındakı elmi əlaqələrin daimi olması məqsədi ilə Türkiyə - Azərbaycan Münasibətlərinə həsr olunmuş I seminar Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu və Başbakanlıq Atatürk Kültür Dil Tarix Yüksək Qurumu-Atatürk Araşdırma Mərkəzi tərəfindən 2012-ci ilin 24-25 may tarixlərində Ankarada həyata keçirilmişdir.

I seminarda bir millət - iki dövlət ifadəsi ətrafında səciyyələndirilən elmi əlaqələrin arzu olunan səviyyədə olmadığı danılmaz bir fakt olduğu təsdiq edilmişdir. Ümumi tanışlığın, bir-biri ilə sıx ünsiyyətdə olmağın deyilənlərlə paralel olmadığı üzə çıxmışdır. Bu çatışmazlığı ortadan götürmək üçün dildə, fikirdə və işdə birlik düsturundan çıxış edərək bütün türk dünyasını birləşdirmək idealı naminə fəaliyyət göstərilməsi üçün qərar verilmişdir.



Həmin seminarda AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu və Atatürk Araşdırma Mərkəzinin (bundan sonra tərəflər olaraq istifadə ediləcəkdir) elmi əməkdaşlıq etməsinin əhəmiyyəti vurğulanmış, nəzərdə tutulan fəaliyyət istiqamətləri aşağıdakı kimi sıralanmışdır:

  1. İki ölkənin ictimai zəmində bir-birini daha dərindən tanımasına böyük ehtiyac vardır. Bunun üçün tərəflər öz nəşrləri arasından seçəcəkləri elmi əsərlərin qarşılıqlı olaraq Azərbaycan türkcəsi və Türkiyə türkcəsində dərc edilməsinə çalışacaqlar.

  2. Tərəflər ortaq tarixi və mədəni mirasımıza aid hər il ən az bir elmi toplantı keçirəcəklər. 2013-cü ildə hər iki ölkənin respublika günlərini elmi əsaslar çərçivəsində ələ alan beynəlxalq elmi toplantı keçirilməsi uyğun görülmüşdür.

  3. Regional xarici siyasət baxımından iki dövlətin ortaq fikirdə olduqları əsas götürülərək uydurma “erməni soyqırımı”nın, xüsusən də 1915-ci il hadisələrinin, Şərqi Anadolu, Şimali və Cənubi Azərbaycan torpaqlarında ermənilərin həyata keçirdikləri soyqırımları tarixinin araşdırılmasında elmi əməkdaşlığın sürətlə həyata keçirilməsi bir ehtiyac halına gəlmişdir. Tərəflər yuxarıda göstərilən mövzularla bağlı xarici ölkələrin arxivlərindən topladıqları arxiv sənədləri əsasında ortaq elmi nəşrlər həyata keçirəcəklər.

  4. Tərəflər bəhs edilən nəşrlərin dünya dillərinə çevrilərək məsələni dünyanın aparıcı ölkələrinin parlamentlərinə göndərilməsində əməkdaşlıq edəcəklər.

  5. Tərəflər Atatürk Araşdırma Mərkəzi tərəfindən 4 ildə bir təşkil edilən VIII Atatürk konfransının 2015-ci ildə Bakıda keçirilməsi qərara alınmışdır.

  6. Tərəflər iki ölkə alimlərinin iştirakı ilə ortaq region tarixi (Qafqaz tarixi) yazılmasında əməkdaşlıq edəcəklər.

  7. Tərəflər Dağlıq Qarabağ münaqişəsinə dair birgə elmi tədqiqatlar aparacaq və gəldikləri nəticələri nəşr edəcəklər.

  8. Tərəflər hər iki ölkə arasında qarşılıqlı surətdə arxiv sənədləri mübadiləsi həyata keçiriləcəkdir.

  9. Tərəflər ortaq tarix, ədəbiyyat və mədəniyyətə aid kitabların yazılmasında, kinofilmlərin və digər vizual vasitələrin hazırlanmasında əməkdaşlıq edərək (Şah İsmayıl, Yavuz Sultan Səlim, Hüseynzadə Əlibəy Turan, Koroğlu kimi) ortaq tarixi şəxsiyyətlər haqqında ictimaiyyətdə düzgün rəy formalaşdırılmasına xidmət edəcəklər.

  10. Tərəflər qarşılıqlı olaraq nəşr mübadiləsi edəcək, region tarixi ilə bağlı ortaq beynəlxalq jurnalın çapını reallaşdırılmasında əməkdaşlıq edəcəklər.

  11. Tərəflər Azərbaycan və Türkiyə tarixi məsələlərini əks etdirən xüsusi sayt yaradılması və həmin məsələlərə dair məqalə, kitab və məlumatların internetdə yerləşdirilməsində və xarici dillərə tərcümə edilməsində bir-birinə köməklik göstərəcəklər. Azərbaycan və Türkiyə tarixi məsələlərini əks etdirən bukletlər, bülletenlər, albomların nəşrini həyata keçirəcəklər.

  12. Tərəflər iki ölkə arasında qarşılıqlı olaraq dissertant, magistr və alimlərin mübadiləsi proqramının həyata keçirilməsinə çalışacaqlar.

  13. Tərəflər iki ölkə üçün maraqlı olan aktual elmi, siyasi, sosial, mədəni, iqtisadi və s. məsələlərdə elmi dairələri və ictimai rəyi maarifləndirmək üçün birgə əməkdaşlıq edəcəklər.

  14. Tərəflər hər iki ölkə üçün əhəmiyyətli olan tarixi günlərin qeyd edilməsində və görkəmli tarixi şəxsiyyətlərin xatirə günlərinin qeyd edilməsi ilə (Bakının qurtuluşu, Sakarya döyüşü, Çanaqqala və ya Balkan Savaşları, Qaspıralı İsmayıl bəy, Mustafa Kamal Atatürk, Heydər Əliyev, 20 yanvar, Xocalı soyqırımı və s.) əlaqədar proqramlarda əməkdaşlıq edərək, ortaq tarix və mədəniyyətin anılması və həmrəyliyini hər iki ölkə xalqlarına xatırladacaqlar.

  15. Tərəflər Azərbaycan Respublikası, Türkiyə Cümhuriyyəti, Ukrayna, Gürcüstan, Moldova, Rusiya Federasiyası (o cümlədən Dağıstan) və Orta Asiya alimlərinin iştirakı ilə ortaq tarix və mədəniyyət qurumlarının yaradılması məqsədilə əməkdaşlıq edəcəklər.

  16. Bu Elmi Əməkdaşlıq Protokoluna tərəflərin razılığı əsasında yeni maddələr əlavə edilə bilər.

  17. Elmi Əməkdaşlıq Protokolu üç ildən bir tərəflərin ortaq razılığı ilə uzadılır.

  18. Elmi Əməkdaşlıq Protokolunun həyata keçirilməsinə nəzarət məqsədi ilə hər iki tərəfin uyğun gördüyü alimlərdən ibarət bir komissiya yaradılacaqdır.

  19. Bu protokol imzalandığı tarixdən qüvvəyə minir.

Tarix İnstitutu Atatürk Araşdırma Mərkəzi

Prof. Dr. Yaqub Mahmudov Prof. Dr. Mehmet Ali Beyhan

Direktor Direktor

05 aprel 2013-cü il, 05 aprel 2013-cü il,

Bakı şəhəri, Bakı şəhəri,



Azərbaycan Respublikası Azərbaycan Respublikası
Yüklə 23,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə