Bu iri mükəlləfiyyətlərdən başqa, sayı haqq-hesaba çətin gələn xeyli digər
natural vergilər də mövcud idi. Xırda natural mükəlləfiyyətlər məzlum, zəif kəndli
təsərrüfatları üçün ağır yük idi. Onların ödənilməsi zamanı feodal tez-tez adətləri
öz xeyrinə pozurdu.
Natura ilə toplanan vergilərin ödənilməsi zamanı törədilən özbaşınalıqlar
nəticəsində onların ağırlığı kəskin surətdə artırdı. Belə özbaşınalıqlar malcəhətin
toplanması zamanı xüsusilə tez-tez baş verirdi. Demək lazımdır ki, vergilərin
toplanmasında vahid qayda yox idi, hər bir əyalət üçün hər feodalın özünün
kəndliləri istismar etmək sistemi mövcud idi.
Rəiyyətlərin pul mükəlləfiyyətləri də (cütbaşı, bağbaşı, toy pulu və
bayramlıq) rəngarəng idi. Cütbaşı – cütə qoşulan öküzlər üçün alınırdı; bağbaşı –
meyvə, üzüm və tut bağları üçün yığılan vergi idi; toy pulu hər toya görə müxtəlif
məbləğlərdə alınırdı (məsələn, Şirvan əyalətində hər toydan gümüş pulla 3 man.),
bayramlıq – novruz və qurban bayramları günü yığılırdı [69].
XIX yüzilliyin 40-cı illərinin əvvəllərində hər sahibkar rəiyyətinin
sahibkarın xeyrinə ödədiyi vergi mükəlləfiyyətləri pul hesabı ilə ildə Qarabağ
qəzasında 25 manata, Nuxa qəzasında 5 man. 31 qəpiyə çatırdı. Hər yerdə
görünməmiş dərəcədə geniş yayılmış özbaşınalıqlar mükəlləfiyyətlərin ağırlığını
daha da artırırdı. 1818-ci ildə general Yermolov bu barədə yazırdı: ―...tatar
(Azərbaycan – Red.) distansiyalarında Borçalı, Qazax və Şəmşəddil ağaları çoxdan
bəri qara camaat üzərində özlərinə o dərəcədə hakimiyyət götürüblər ki, bu
sonuncu (qara camaat – Red.) ...tamamilə qula çevrilmişdir. Elə bir mükəlləfiyyət,
elə bir mükəlləfiyyət yox idi ki, ağa onu özbaşına mənimsəməyə bilməsin‖.
Təhkimçi çar mütləqiyyəti sahibkar rəiyyətlərini əvvəlki kimi öz
feodallarından şəxsi asılılıq vəziyyətində saxlayırdı. Lakin buna baxmayaraq,
Azərbaycanda sahibkar rəiyyətləri hüquqi cəhətdən Rusiya və Gürcüstanın
təhkimli kəndlərindən xeyli fərqlənirdilər.Hər şeydən əvvəl Azərbaycanda sahibkar
rəiyyətləri alğı-satqı, onları torpaq sahibkarlığının tam ixtiyarına verən əşya
hüququnun
obyekti
deyildilər;
rəiyyətlər
feodalın
torpağına
təhkim
olunmamışdılar. Onlar heç olmasa, hüquqi cəhətdən də olsa, öz yaşayış yerlərini
tərk edə və digər feodalın torpağına keçə bilərdilər. Lakin əslində sahibkar
rəiyyətinin bir sahibkarın yanından digərinin torpağına keçməsi çox az hallarda baş
verirdi. Bu da rəiyyətlər tərəfindən feodalların xeyrinə mükəlləfiyyətlərin yerinə
yetirilməsi ilə əlaqədar idi. Ona görə də sahibkarlar öz yanlarından getmiş
rəiyyətləri geri qaytarmağa cəhd göstərəndə bu onunla şərtlənirdi ki, rəiyyətlər
sahibkarların xeyrinə müəyyən mükəlləfiyyətləri yerinə yetirməyə borclu idilər.
Rəiyyətlərin belə asılı vəziyyəti onunla əlaqədar idi ki, onlar torpağa yox, feodal
mükəlləfiyyətləri yerinə yetirməyə borclu idilər. Hüquqi cəhətdən yerli feodallara
kəndlilər üzərində məhkəmə - polis hakimiyyəti verilməmişdi, lakin bəylər faktiki
olaraq belə hakimiyyətdən istifadə edirdilər. Çar hakimiyyət orqanları həmişə
bəylərin tərəfində duraraq, kəndlilərin əsarət altında saxlanmasında və istismar
olunmasında onlara kömək edirdi. Torpaq sahibləri öz kəndlərində qayda-qanuna
əməl olunmasına nəzarət edir və kəndlilərin bir-birinə olan iddialarını (o cümlədən,
əmlak iddialarını), habelə az əhəmiyyətli cinayətləri yerli adət-ənənələr əsasında
həll edirdilər.
Polis və məhkəmə hakimiyyətinin feodallar tərəfindən həyata keçirilməsi
onlara kəndlilər üzərində çox böyük hakimiyyət verirdi. Bu, torpaq sahibləri
tərəfindən hər cür sui-istifadəyə və azğınlıqlara əlverişli zəmin yaradırdı. 1842-ci
ildə Lənkəran qəzasının Qızılağac kəndinin sakinləri öz sahibkarları mayor Şirəli
bəydən şikayət ərizəsi vermişdilər. 17 bənddən ibarət olan bu ərazidə feodalın
törətdiyi azğınlıq və zoraçılıq əks olunmuşdu.
Sahibkar kəndlilərinin tərkibində rəncbərlər var idi. Sahibkar rəncbərləri,
bir qayda olaraq, pay torpaqlarına və istehsal vasitələrinə malik deyildilər. Onlar
işləyib ödəmə mükəlləfiyyətlərini yerinə yetirir, ona görə də rəiyyətlərə nisbətən
daha amansız istismara məruz qalırdılar. Eyni zamanda rəncbərlər icmanın
tərkibinə daxil deyildilər. Rəiyyətlərdən fərqli olaraq, rəncbərlərin feodallardan
asılılığı icma vasitəsilə elliklə zəmanətə bağlılıqla deyil, sahibkarlardan daha güclü
şəxsi tabeçiliklə əlaqədar idi [70].
İstilanın ilk dövründə digər feodal institutları kimi, rəncbərlər institutu sa
nəinki ləğv olundu, hətta bir qədər genişləndi. Xüsusi sahibkar rəncbərləri
sıralarının genişlənməsinin başlıca mənbəyi xan bəxşişləri idi. Xanın əmri ilə
istənilən rəiyyət rəncbərə çevrilə bilərdi. Rəncbərlərin sıraları həmçinin digər
xanlıqlardan olan qaçqınların və feodal ara müharibələrində alınmış əsirlərin
hesabına genişlənirdi. İstiladan sonra var-yoxdan çıxarıcı feodal ara müharibələrinə
son qoyuldu. Bunun nəticəsində də rəncbər sıralarının genişlənməsinin əsirləri
mənbəyi aradan qalxdı. Lakin rəncbərlik sıralarının rəiyyətlər hesabına
genişlənməsi davam edirdi. Çar hakimiyyət orqanları Quba qəzasında rəiyyətlərin
rəncbər kimi paylanmasını geniş tətbiq edirdi. 1824-cü ilə aid olan məmulatlardan
görünür ki, xüsusi şəxslər 1353 rəncbərə malik idilər. Onların böyük əksəriyyəti
çar hakimiyyət orqanları – müxtəlif komendantlar, hərbi-dairə rəislərivə Qafqazın
baş komandanları tərəfindən paylanılmışdı. 1353 rəncbərlərdən yalnız 337 nəfəri,
yəni 25%-dən bir qədər azı vaxtilə xanlar tərəfindən paylanılmışdı. Qalanlarını isə
çar müstəmləkəçiləri rəncbərə çevirmişdilər. Yerli feodallara münasibətdə
hakimiyyət orqanlarının belə ―səxavəti‖ çarizmin yerli feodalların şəxsində
mütləqiyyətə sosial dayaq yaradılmasına yönəldilmiş sosial siyasətin ayrılmaz
tərkib hissəsi idi [71].
Feodalların özlərinə də ixtiyarlarında olan kəndlərdən rəncbər tələb etmək
hüququ verilmişdi. Bunlar rəncbərlərin sıralarının doldurulmasının ―qanuni yolları
idi‖. Lakin bəzən feodallar rəiyyəti zorla torpaq sahələrindən məhrum edir, onların
özlərini isə rəncbərlərə çevirirdilər. Rəncbər sıralarının genişləndirilməsinin daha
bir yolu mövcud idi: feodallar paydar kəndliləri də zorla rəncbərlərə çevirirdilər.