Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu axisqali



Yüklə 1,23 Mb.
səhifə1/12
tarix11.07.2018
ölçüsü1,23 Mb.
#55062
  1   2   3   4   5   6   7   8   9   ...   12


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

FOLKLOR İNSTİTUTU

______________________________________________


AXISQALI

XƏSTƏ HASAN
ŞEİRLƏRİ VƏ ŞEİRLƏRİNİN

YARANMASI HAQQINDA SÖHBƏTLƏR

BAKI – 2012

AMEA Folklor İnstitunun

Elmi Şurasının qərarı ilə çap olunur.

Redaktorları: f.ü.f.d. Fəxrəddin Salim,

f.ü.f.d. Nigar Eldar qızı
Rəyçilər: f.ü.f.d. Əfzələddin Əsgər,

f.ü.f.d. Elxan Məmmədli
Əli Hüseyn oğlu Şamil (Şamilov). Axısqalı Xəstə Hasan (şeirləri və şeirlərinin yaranması haqqında söhbətlər), Bakı, Elm və təhsil, 2012, -248 səh.
Kitaba Azərbaycanda az öyrənilmiş axısqalı aşıq Xasta Hasanın şeirləri, şeirlərinin yaranması haqqında söhbətlər daxil edilmişdir. Bu söbətlər çox vaxt dastan-rəvayətlər də adlandırılır. Azərbaycanla eyni mədəniyyət dairəsində yaşamış, eyni dinə inanmış, eyni dildə danış­mış xalq 1944-cü ilin sürgünüdən sonra mesxeti türkləri, axıska türk­ləri, bəzən də cavaxetiya türkləri adlandırılmağa başlanmışdır. XVIII-XX yüzillərdə yaşamış Xasta Hasanın şeirləri isə yalnız süni yaradıl­ma­ğa çalışılan əngəlləri aradan qaldırmağa yönəlməyib, həm də bir boş­luğu aradan qaldırmağa xidmət edir.

Kitabda beynəlxalq təşkilatların vətənlərinə dönmələri haqqında dönə-dönə qərarlar verdiyi, lakin hələ də ata-baba yurdlarına dönə bil­mə­miş axısqalıların, həm də oğuz türklərinin böyük aşığı Xasta Ha­sanın ömür yolu, şeirləri fonunda bölgənin tarixinə, orada yaşamış soy­daşlarımızın ağrı-aclıarına da nəzər salınıb.


Ş 4603000000 Qrifli nəşr

N-098-2012



© Əli Şamil, 2012

Bu kitabı Xasta Hasanın ömür yoluna məndə maraq oyat­mış Aşıq İslam Ərdənərin, Xasta Ha­sanın tanıdılmasında bö­yük əməyi olmuş Aşıq İs­gəndər Ağbabalının və 30 ilə yaxın Xasta Hasanı öy­rənmiş, əsərlərində onu məhəbbətlə tərənnüm et­miş professor Valeh Hacıların ruhlarına bağış­la­yıram



İÇİNDƏKİLƏR
Xəstə Hasan və Axısqa aşıq mühiti................................8

Qısaltmalar.....................................................................58

Gəraylılır

Bəyim...............................................................................60

Dərməgi............................................................................61

Dırqınada..........................................................................62

Qadasın aldığım...............................................................63

Gələr.................................................................................64

Gəliyor.............................................................................65

Güldürməgə......................................................................66

Yalvara-yalvara................................................................67

Qoşmalar

Ağı gözdər........................................................................68

Azad olur..........................................................................69

Ay Hasan..........................................................................70

Bax birisinə......................................................................71

Bəgim mənim...................................................................72

Bəndini.............................................................................73

Bilmerəm..........................................................................74

Bir günəş..........................................................................75

Bu gecə.............................................................................76

Bu sarayları......................................................................77

Dadıma mənim.................................................................78

Dedi..................................................................................79

Əfəndim...........................................................................81

Getdi.................................................................................82

Gərək ...............................................................................83

Gəldi ................................................................................84

Gəliyer..............................................................................86

Gərək ...............................................................................87

Gətirər..............................................................................88

Gizlənər............................................................................89

Gözəl................................................................................90

Gözəllər............................................................................91

Gürcü qızı.........................................................................92

Qaldı.................................................................................93

Qədərim mənim ..............................................................94

Qızların............................................................................95

İçində...............................................................................96

İçindədi............................................................................97

Kamallıdı.........................................................................98

Kim idi?.........................................................................100

Maşallah .......................................................................101

Mənası nədi?..................................................................102

Mənim............................................................................103

Muyların.........................................................................104

Neyləsin?........................................................................105

Nədi?..............................................................................106

Olsun..............................................................................107

Oynamasın.....................................................................108

Pərişan............................................................................111

Yengə.............................................................................112

Yüz açar indi..................................................................113


Cığalı təsnis

Bir-bir çək……………………………………………114



Divanilər

Birdi bir..........................................................................116

Bir su ver........................................................................118

Bu gün............................................................................120

Gedər..............................................................................121

Gələr...............................................................................122

Həvəsinnən ....................................................................123

Kimdə var?!...................................................................125

Mən................................................................................127

Məndədi.........................................................................128

Üsdündədir.....................................................................130

Üsdündədir.....................................................................131

Yatasan...........................................................................132

Yüzdə bir........................................................................133



Müxəmməslər

Allahın astanına.............................................................136

Əyri................................................................................137

Deyişmələr

Qul Qaranıyla Xasta Hasanın deyişməsi

Bax.................................................................................138

Qara hey!........................................................................142

Ver xavar........................................................................147

Səkkiz.............................................................................151

Xasta Hasanın Usta Poladla deyişməsi

Oynasın..........................................................................153

Verər..............................................................................155

İstərəm............................................................................158


Xasta Hasanın İrfanı ilə deyişməsi

Dörtdü dörd………………………………....................160


Valeh Hacılar nəşrində “Müxtəlif şeirlərdən parçalar” başlığı altında verilənlər

Canım.............................................................................164

Lazımdı..........................................................................164
Seirlərin yaranması haqqında söhbətlər

Xəstə Hasannan Qaranının deyişməsi............................165

Xəstə Hasannan Asıq Poladın deyişməsi.......................179

Xəstə Hasanın qardaşı oğlu Dəli Bayramı

türmədən azad etməsi...............................................196

Xasta Hasanın uşax vaxtı Xavetdə

danaya gedən vaxtı başınnan ötən vaqiə..................206

Xasta Hasanın qardaşı Dəli Avdıllayı

Dədə bəyin qazamatınnan qurtarması......................219

İndi bu məsələ Xasta Hasanın öz toyudu.......................233

Gülüzar xanımın atası evinə gəlməsi.............................237

Xasta Hasanın naxoş vaxtı diyən sözləri budur.............241

Xasta Hasan...................................................................244

Sözlük...........................................................................246


XASTA HASAN VƏ AXISQA AŞIQ MÜHİTİ

Xəstə Hasanın şeirləri müxtəlif müəlliflərin yüz­­lərlə qoşqusundan çox asanlıqla seçilə biləcək şeirlərdir. Sənətkarın əldə olunmuş əsərlərinin böyük əksəriyyəti də zəmanəmizə tam dəqiqliyi ilə gəlib çatmamışdır. Onları doğru-dürüst müəy­yənləşdirərək yazıya almaq, tədqiq və nəşr etmək gələcək araşdırıcıların işidir. Bu məsələdə ilk növ­bədə həmkarım, istedadlı alim qardaşım Əli Şa­milə böyük ümidlər bəsləyirəm.
Valeh HACILAR,

Gürcüstan EA-nin akademiki
Qaynaqlarda adı Həsən, Hasan, ləqəbi Xəstə, Xəsdə, Xas­ta, Xasda, Hasda və Hasta kimi qeyd edilmiş el sənətkarının ad və ləqəbini biz yaşadığı bölgədə deyildiyi kimi, yəni Xasta Hasan kimi yazacağıq. Qaynaqlarda isə necədirsə o çür verəcəyik. Bu da kitaba bir neçə variantlılığa səbəb olacaqdır.

Folklorumuzun toplanması, araşdırılması və nəşrilə ardıcıl məşğul olan, Xasta Hasanın həyat və yaradıcılığının öyrənil­mə­sinə, tanıdılmasına, həqiqətlərin üzə çıxarılmasına böyük əmək sərf etmiş Valeh Hacıların 2009-cu ildə çap etdirdiyi “Xəs­tə Hasan (həyatı, şeirlərindən seçmələr)” kitabına yazdı­ğı ön sözlə üzərimə böyük bir yük qoymuş oldu. Onun istə­yi­ni reallaşdırmaq üçün əlimdəki başqa yazıları tamamlamadan Xasta Hasan kitabını hazırlamağa başladım. Valeh müəllim 40 il öncə başladığım işi tamamlamağıma təkan verdi.

Valeh müəllim məndən üç yaş kiçik idi. Tez-tez görüşmə­sək də səmimi bir münasibətimiz vardı. Yaradıcılığını diq­qət­lə izləyirdim. Bəzən eyni mövzuda yazan araşdırıcılar arasın­da qısqanc­lıqdan və ya hansısa səbəblərdən açıq və ya gizli bir qarşıdurma, ziddiyət olur. Valeh müllimlə mənim dostlaş­ma­ğımın səbəbi isə Xasta Hasan olmuşdur desəm yan­lış ol­maz. Hər ikimiz eyni mövzunu araşdırırdıq.

Axısqalıların Qazağıstana sürgün olunduğunu, Xasta Ha­sa­nın nəslindən olanların çoxunun Talqar şəhərində yaşadığını, oradan aşıq haqqında zəngin material toplayacağımı bilsəm də, maddi çətinliklər ucbatından istəklərimi reallaşdıra bilmir­dim.

Türkiyənin Balıkəsir Universitetinin müəllimi, bir neçə də­fə Azərbaycanda olan, Folklor İnstitunun keçirdiyi sempoz­yum­larda iştirak edən, Azərbaycan siyası mühacirətinin araş­dırıcısı Səbahəttin Şimşir xanımı Nahidə Şimşir ilə birlikdə Almatı şəhərindəki Abay adına Pedaqoji Universitetinə müəl­lim işləməyə getmişdilər. Gözəl təşkilatçılıq bacarığı olan Sə­bahəddin bəy qısa müddətdə universitetdə Türkiyə türkcə­sin­də “Abay yıllığı” adlı məqalələr toplsunun çapına və elmi top­lantılar kecirməyə nail oldu.

Qazaxıstan və Türkiyə elm ocaqlarını Almatıda 2007-ci ilin mayın 16-20-də düzənlədiyi Birinci Uluslararası Ortak Dəyərlər Sempozyumuna “Ahıskalı Hasta Hasanın seirləri Ka­zakıstanda” mövzusunda məruzəsilə mən də qatıldım. Bü­tün xərcləri ödənən bu səfər Xasta Hasanın sürgündə olan qo­humları ilə görüşməyimə şərait yaratdı.

Bu işdə Naxçıvandan tanıdığım xalq hərəkatı fəallarından Elcin Abbasovun da rolu böyük oldu. O, Bakı Dölət Unver­sitetinin professoru Vaqif Soltanlı ilə mənə sürücüsü uyğur olan bir maşın ayırmışdı. Həmin maşın da bizi Almatıdan təxminən 70-80 kilometr aralıdakı Talqar şəhərinə, Xasta Ha­sanın nəslindən olanlarla görüşə apardı.

Səfərimiz uğurlu alındı. (Materialların əldə edilməsində məndən daha çox təkid edən Vaqif Soltanlıya minnətdaram). Səfərdən döndükdən xeyli sonra Valeh Hacılarla görüşüb fikir mübadiləsi edərkən Xasta Hasanın nəslindən olanlardan, Aşıq İsgəndərdən və Aşıq İslam Ərdənərdən topladığım mate­rial­ları, eləcə də dövrü mətbuatdan, kitablardan əldə etdiyim bil­giləri də ona verməyi təklif etdim. Çünki Valeh Hacıların elm aləmində nüfuzu və çap olunma imkanları daha böyük idi. O, Gürcüstan EA-nın akademiki seçilmişdi.

Yaşda məndən kiçik olan bu böyük qəlbli alimin məndən çox yaşayacağını, Xasta Hasan haqqında sanballı bir mono­qrafiya ortaya qoyaçağını düşünürdüm. Həmin vaxtlar Valeh Hacıların xəstə olduğunu bilmirdim. O, çox nəzakətlə topla­dığım materialları deyil, çap olunmuş məqalələrimin fotosu­rətini istədi. İki il sonra isə mənə “Xəstə Hasan (həyatı, şeir­lərindən seçmələr)” kitabını göndərdi. Kitaba yazdığı geniş və olduqca sanballı ön sözdə mənim məqalələrimdəki faktlara da münasibətini bildirmiş, razılaşmadığı fikirlərimə yüksək mə­də­niyyətlə etirazını bildirmişdi.

Ölümündən bir neçə ay öncə çap etdirdiyi kitab haqqında tanıtma məqaləsi yazmağa hazırlaşdığım bir zamanda nekro­loq, vida məqaləsi yazmalı oldum. Valeh Hacılar 2010-cu ildə dünyasını dəyişdi. Onun “Xəstə Hasan” kitabına yazdığı ön sö­zü oxuyanda bərk kövrəldim. Oradakı “Bu məsələdə (Xas­ta Hasanın öyrənilməsi və tanıdılmasında–Ə.Ş.) ilk növbədə həm­karım, istedadlı alim qardaşım Əli Şamilə böyük ümidlər bəsləyirəm” cümləsi mənə bir vəsiyyəti xatırlatdı.

Valeh müəllim dünyasını dəyişmək ərəfəsində boynuma deyin qoymuşdur. Onun vəsiyyətinə əməl etmək üçün 2006-cı ildə Folklor İnstitututunun iş planı kimi tamamladığım və nəş­rə hazırladığım “Xasta Hasan” kitabının bilgisayar nüsxə­sini ye­nidən ələ aldım. Əlimdəki başqa işlərimi kənara qoyub Xəs­tə Hasan kitabı üzərində yenidən və əsaslı işləyib tamam­lamağa calışdıqca ötən illərin yazılarını bir daha gözdən ke­çirməli oldum.

Valeh müəllimin Xasta Hasan haqqında ilk yazısını çap olu­nandan az qala bir il sonra oxumuşdum. Azərbaycan Aşıq­larının VI Qurultayı ərəfəsində mədbuat aşıq yaradıcılığına diqqəti müvəqqəti olsa da bir az artırmışdı. Bu imkandan is­tifadə edib yazmış olduğum “Xəstə Hasan” məqaləmi işlə­di­yim “Sovet Naxçıvanı“ qəzetinin 1984-ci il 20 mart sayında çap etdirdim. Tirajının az olduğunu və geniş yayılmadığını nə­­zərə alıb qəzetın həmin sayını tanıdığım folklorçulara və dostlarıma göndərdim. Aradan çox keçmədi ki, Gürcüstan SSR Marneuli rayonunun Keşəli kəndində yaşayan tələbə yol­daşım Osman Əhmədoğludan bir məktub aldım. Məktubda “Sovet Gürcüstanı” qəzetinin 1983-cü il 12 aprel sayının bir vərəqi vardı. Qəzetin həmin sayında Valeh Hacıyevin “Xəstə Hasan kimdir?” məqaləsi vardı. Məqaləni böyük ruh yüksək­liyi ilə oxudum, qəzetin mənə gec catdığına təəssüfləndim və redaksiyaya da, Valeh müəllimə də təşəkkür məktubu göndər­dim. Məktublara Hasta Hasan haqqımda “Şərq qapısı” qəze­tindəki çap olunmuş məqaləmi də əlavə etdim.

Aradan xeyli keçəndən sonra Valeh müəllimdən də, redak­siyadan da cavab aldım. Qəzet Hasta Hasan haqqında yeni mə­qalə göndərməyimi istəyirdilər. O, dövrdə redaksiyanın mə­nə, yəni gənc müəllifə belə bir məktub yazması gözlənil­məz hadisə idi. “Xəstə Hasan və müasirləri” məqaləsini ha­zırlayıb göndərdim. Məqalə “Sovet Gürcüstanı” qəzetinin 1986-ci il 1 iyul sayında çap olundu. Sonralar bildim ki, mək­tubun mənə göndərilməsinin və məqalənin çapının təşkilat­çıları Osman Əhmədoğlu ilə Valeh müəllim olub.

Xasta Hasanın şeirlərini və haqqında yazdığım məqaləni 10 il yaxın idi Azərbaycan mətbuatında çap etdirə bilmirdim. Birdən Gürcüstan KP MK, Gürcüstan SSR Ali Soveti Rəyasət Heyəti və Nazirlər Sovetinin orqanının sürgün olunmuş xalqa – axısqalılara səhifələrində yer ayırması gözlənilməz idi.

Xasta Hasanın həyat və yaradıcılığına maraq məndə tə­lə­bəlik illərindən, yəni 1973-cü ildən oyanmışdı. Bu marağı oya­dan isə Türkiyədən Gürcüstana qohumlarını görməyə gə­lən İslam Ərdənər olmuşdur.

...Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültə­sində gündüz oxuyurdum. Yüksək təqaüd almağıma baxma­ya­raq, keçimimi təmin etmək üçün geçələr də Sumqayıt Kim­ya Kombinatında fəhlə işləyirdim. Fakültəmizin dekanı Şir­məmməd Hüseynov da ciddiliyi və qəribəlikləri ilə ad çıxar­mış­dı. O, dərsdən qalmaq üçün icazə alarkən yalan deyən, müxtəlif bəhanələr gətirən tələbələri çox sərt və ibrətamiz cəzalandırardı.

Danışırdılar ki, bayram günlərində “nənəm ölüb” deyərək icazə istəyən tələbəyə Şirməmməd müəllim heç nə demədən icazə verib. Bir gün sonra isə həmin tələbənin evlərinə–Gən­cəyə matəm çələngi göndərtdirib. Evdəkilər matəm çələngini və başsağlığına gələnləri görüb bərk narahat olublar və heç kimin ölmədiyini bildiriblər. Sonra məsələnin nə yerdə oldu­ğu aydınlaşıb. Bu və buna bənzər bir çox hadisələrə görə Şir­məm­məd müəllimə yalan deməyə cəsarət edən çox az tapılardı.

1973-cü ilin aprelində filologiya fakültəsində oxuyan dos­tum Osman Əhməd oğlu dərs gününün sona çatmasına döz­mə­yib fakültəmizə gəldi. Həyacanla kəndlərinə Türkiyədən bir aşıq gəldiyini söylədi və axşam qatarı ilə görməyə gedə­cəyini bildirdi. Mənə də təklif edir ki, birlikdə gedək. Heç bir tə­rəd­düd etmədən, ölçüb-biçmədən razılaşdım. Türkiyədən gələn bir aşığı görmək üçün Gürcüstana ketmək istədiyimi Şir­məmməd müəllimə desəydim sözsüz ki, icazə vermə­yə­cəkdi. Üstəlik məni də bəs qədər danlayacaqdı. Başqa bəhanə gətirib içazə al­sam da, yalanımın üstünü açıb məni fakültədə biabır edəcəkdi.

Odur ki, dərsdən və işdən icazə almadan axşam qatarıyla yo­la düşdük. Səhər Keşəliyə catdıq. Çantamızı Osmangildə qo­yub Qənbərgilə getdik. Qənbər çox əziyyətlə, rüşvət ver­mək­lə də olsa, Qars yaxınlığındakı Hümmətli (vladıqars) kən­dində yaşayan dayısı Aşıq İslam Ərdənərə viza ala bilmişdi. Az təsadüf olunacaq bu hal bölgədə bir bayram havası ya­rat­mışdı. Keşəlidə və qonşu kəndlərdə Türkiyədən gələni qonaq aparmaq istəyənlər növbə yaratmışdılar. Orada olduğum gün­lərdə Aşıq İslam hansı evə gedirdisə biz də oraya gedirdik. Aşıqla birlikdə gedən yalnız Osmanla mən deyildim, İslam Ərdənər qonaq çağrıldığı evdə azı 30-40 nəfər olurdu.

İslam Ərdənəri görməyə gələnlərin çoxu İkinci Dünya Sa­vaşında itkin düşən qohumlarından və 1918-ci ildən sonra Türkiyəyə gedib geri dönməyən əzizlərindən xəbər tutmaq istəyənlərdi. Onlar söhbətin yönünü qohumlarının axtarışına yönəltməyə çalışsalar da, məclislərdə söz-söhbət əsasən aşıq­lardan və aşıq yaradıcılığından gedirdi.

Biz də bu söhbətlərə həvəslə qatılırdıq. Söhbətlərin birində Türkiyədə çap olunan, Azərbaycanda M.F.Axundov adına Res­publika Kitabxanasına və Elmlər Akademiyasının Kitab­xanasına göndərilən “Folklor araştırmaları” dərgisində oxudu­ğum “Bir su ver” rədifli şeirin bildiyim misralarını söyləyib müəllifini tərifləyəndə İslam Ərdənər həmin şeirin Xasta Ha­sana nəzirə olduğunu söylədi. Məclisdəkilərin çoxu etiraz et­di. Çünki hamımız Xasta Hasanı istedadsız aşıq, ədəbi oğru kimi tanıyırdıq.

Aşıq İslam Ərdənər heyrət içində qalmışdı. Biz ona Xasta Hasanın Xəstə Qasımın qıfılbəndini öz adına Aşıq Əlısgərə göndərib onu sınağa çəkdiyini bildirdik. Onun etiraz etdiyini gördükdə isə Aşıq Ələsgər kitabını gətirb «daimül-övkat» qafiyəli müstəzad qıfılbəndinə yazılmış şərhi oxuduq. Orada yazılmışdı: “Rəvan aşıqlarından Xəstə Hasan adlı birisi Xəstə Qasımın «daimül-övkat» qafiyəli müstəzad qıfılbəndi öz əsəri kimi yazdırıb bir üzünü Ələsgər, bir üzünü də Aşıq Misgin Bürcüyə göndərir. Aşıq Ələsgər qıfılbəndi həmin müstəzad ilə açır, altıncı bənddə də qıfılbəndin Xəstə Qasımın əsəri oldu­ğunu ona xatırladır”. (Aşıq Ələsgər, 1963:470-472)

İslam Ərdənər səbir və təmkinlə deyilənlərə qulaq asdıq­dan, oxuduqlarımızı dinlədikdən sonra dedi ki, burada nə isə bir yanlışlıq var. Çünki Xəstə Hasan Rəvanlı deyil, Axısqa­lıdır. Rəvanla Axısqa arasında 300-400 kilometir məsafə var. Xəstə Hasan Axısqanın Lebis kəndində yaşayıb, qəbri də ora­dadı. O, məşhurlaşanda, aşıqlıq edəndə Ələsgər uşaq olub. Göycə ilə Axısqa arasında elə bir yaxınlıq, əlaqə olmayıb. Hətta bağlama göndərsə belə belə Aşıq Alıya və çağdaşlarına göndərərdi. Xasta Hasan bəlkə də Göycədə Aşıq Ələsgərin varlığından belə xəbər tutmadan dünyasını dəyişib. Pirlər əlindən badə içmiş, bağlamalar açan, bağlamalar qoşan Xəstə Hasan kimi istedadlı bir aşıq heç vaxt başqasının bağlamasını öz adında kimsəyə göndərməz .

Aşıq İslam Xəstə Hasanın “Yüzdə bir” divanisini avazla söy­lədi. Məclisdəkilər birinci dəfə eşitdikləri divanini heyran­lıqla dinlədilər. O, möhürbənddəki “Sənə min iki yüz on sək­kizdi, yox tarixim sayam” misrasındaki hicri təqvimini mila­diyə çevirərək 1802-cü ilə uyğun gəldiyini söylədi. Biz yenə də geri çəkilmədik. Çünki kitabı nəşrə hazırlayan professor M.Təhmasibin, Aşıq Ələsgərin nəvəsi İslam Talıb oğlunun, eləcə də kitabda yazılanlarla razılaşan folklorçu alimlərimizin belə yanlışlığa yol verə biləcəklərinə inanmırdıq.

İslam Ərdənərin dedikləri ilə razılaşmasaq da, fürsəti də əldən buraxmadıq. Diktafonumuz, maqnitafonumuz olmasa belə onun söylədiyi şeirlərin bir çoxunu yazıya aldıq.

Mən bir həftə sonra Bakıya döndüm. İslam Ərdənər isə iki aya yaxın Borçalını, Qazax-Gəncəbasar bölgəsini (rəsmi sə­nədlər onun Azərbaycana keçməsinə icazə vermirdi. Amma insanların böyük sevgisi mənasız qadağalardan çox güclü idi–Ə.Ş.) gəzib, bir çox aşıqlarla, dogmalarını axtaranlarla görü­şüb geri döndü. Çoxlarına qohumlarının sağ-salamatlığı haq­qında sevinc xəbəri verdisə də bizim icimizdə də bir şübhə toxumu əkib getdi. Həmin vaxtdan Osmanla mən harda aşıq, saz-söz həvəskarı gördük Xasta Hasanı xəbər aldıq. Aşıq İs­lam Ərdənərdən topladığımız şeirləri mətbuatda çap etdirmə­yə çalışsaq da buna nail ola bilmirdik.

Aşıq İslam Türkiyəyə gedəndən sonra onunla məktublaş­dıq. O, məktublarında da Xəstə Hasanın bəzi şeirlərini mənə göndərdi.

Bir gün Osman mənə, Naxçıvana zəng vuraraq Hüseyn Sa­raclının Xasta Hasanın şeirlərini bilən bir aşığın–Aşıq İs­gən­dər Gülməmmədovun Ermənistan SSR-in Amasiya rayonun­da yaşadığını bildirdi. Mən aşığın ünvanını dəqiqləşdirib Ellər (Elləroyuğu) kəndinə soraqçı bir məktub yazdım. Beləcə Aşıq İsgəndərlə əlaqə yaratdım. Bir neçə il sonra onu Naxçıvana dəvət edib televiziya və radioda çıxışını təşkil etdim, aşıq­larımız və dastanlarımızla bağlı xeyli material topladım.

Onun repertuarı Azərbaycandan, Gürcüstandan, Ermənis­tan­dan tanıdığım aşıqların repertuarından xeyli fərqənirdi. Be­lə ki, o, mənim dinləmiş və oxumuş olduğum dastan və rə­vayətlərin, aşıq şeirlərinin əksəriyyətini bilməklə yanaşı heç adını belə bilmədiyim aşıqların şeirlərini oxuyur, oxumadığım və dinləmədiyim dastanları danışır, heç eşitmədiyim saz ha­valarını çalırdı.

Aşıq İsgəndərdən Xasta Hasanın şeirlərini və haqqında bir neçə rəvayəti yazıya aldım. O, Xasta Hasanın ömür yolu, şeir­ləri, haqqındakı dastan-rəvayətləri söyləməklə kifayətlən­mə­di, onun Qazaxıstana sürgün olunmuş qohumlarının ünva­nını ver­məklə Xasta Hasanın nəslindən olanlarla mənim aram­da bir köp­rü qurmuş oldu. Beləcə mənin topladığım materiallar get­dikcə artdı. Əldə etdiyim materiallar əsasında 10 ildən son­ra da olsa məqalələr çap etdirib və radio verlişləri hazırlaya bildim.

Aşıq İsgəndər haqqında Naxçıvan radi və televizyasında verliş hazırlayarkən çalışdım ki, dinləyicilərin, tamaşaçıların indiyədək eşitmədiyi və ya çox az eşitdikləri havaları çalsın, sözləri oxusun. Onun çaldığı havaların və oxuduğu mahnı­ların adları qeyd dəfdərimdə bu şəkildə qalıb: dərbədəri, çal­pa­paq, köşəbaşı, dəli hicranı, at üstü, çuxuroba, xoşdamaq, otalı qız, sarı yaylıq, sarı gəlin, doşanqullaroğlu şikəstəsi, qə­ribi. Naxçı­van radiosunun fondu üçün yazdırdığımız yarım saatlıq lent sonralar da efirdə tez-tez səsləndirilirdi. İsgəndər Ağbabalının istər Naxçıvandakı, sitərsə də, Azərbaycan radio­sunun “Bulaq” proqramındakı çıxışları böyük əks-səda doğur­du. Bu havaları eşidən mütəxəssislər də dəfələrlə mənə mü­raciət edərək onlara aşıqla görüşməkdə yardımçı olmamı xahiş edirdilər.

Tələbəlikdə etdiyim intizamsızlığım sürgün olunmuş soy­daş­larımızın taleyinə biganə qalmamağıma, həmişə onları mü­dafiə etməyimə, Axısqa mühitini yaxından öyrənməyimə, Axıska aşıq mühiti ilə bağlı 6 Uluslar arası sempozyuma mə­ruzə hazırlamağıma, 10 elmi publisistik məqalə, 5 elmi mə­qalə, 2 kitab yazdmağıma səbəb oldu.


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə