Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu axisqali



Yüklə 1,23 Mb.
səhifə2/12
tarix11.07.2018
ölçüsü1,23 Mb.
#55062
1   2   3   4   5   6   7   8   9   ...   12

Axısqa (Axalsıx) bölgəsi
Günümüzdə Axısqa Gürcüstan respublikasında bir şəhərin adıdır. Amma, nəinki mətbuatda, radio-televiziyada, internet saytlarında, hətta uluslararası rəsmi sənədlərdə Axısqa, axıs­qalılar, axısqalıların sürgünü, axısqalılaırın vətənə dönməsi və s. sözlər tez-tez işlədilir. Burada söhbət bir şəhərin sakinlə­rindən getmir, təxminən altı rayonu əhatə edən bir bölgədə yaşamış insanlar nəzərdə tutulur. Axısqa orta yüzillərdə bir qala-şəhər və inzibati vahid kimi tanınırdı. Tbilisinin güneyin­də yerləşən, doğudan indiki Ermənistan Respubilikası, batı­dan Acariya Muxtar Respublikası, güneydən Türkiyə Cümhu­riy­yəti ilə sərhəd olan 6,5 min kvadratkilometirlk bölgə qə­dim­lərdə Mesxetiya, Cavaxetiya da adlandırılıb. Gürcüstan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra bölgədə Mesxe­tiya-Cavaxetiya quberniyası yaradıb. (Taşdemir Tekin, 2005:17)

Bölgə haqqında gürcülərin “Moktsevay kartlisa”sında (mi­ladi 8-ci yüzil), Dədə Qorqud kitabında, Katib Çələbidə və b. qaynaqlarda maraqlı bilgilər var. Makedonyalı İsgəndərin yü­rüşündən xəbər verən qaynaq burada yadellilərə qarşı döyü­şən buntürklərdən söz açır. Buna dayanan bir çox araşdırıcılar bölgədə türklərin varlığından, hunların, xəzərlərin, qıpçaq­la­rın gəlişindən söz açırlar. (Taştemir Tekin, 2005:89)

Səlcuqların yürüşü isə bölgədə Axısqa Qıpçaq Atabəy­liyinin yaranması ilə nəticələnir. Gürcü qaynaqlarında isə bu­ralar Sa-Atabago (hərfi tərcüməsi Atabəy yurdu) adlandırıl­ma­ğa başlayır. Osmanlı soltanı III Muradın dönəmində, yəni 1578-ci ildə şeyxülislam Qədrizadə Əhməd Şəmsəddin əfəndi Səfəvilər əleyhinə fitva verir. Bu fitvanı əldə bayraq tutaraq Osmanlı orduları Lələ Mustafa Paşanın başçılığı ilə Qafqaza yürüş edir. Çıldır yaxınlığında Lələ Mustafa Paşanın əsgəri birlikləri Səfəvilərin sərkərdəsi Toxmaq xanın ordusunu ye­nir. Döyüşün şərəfinə qalib Lələ Mustafa Paşa bölgəni Çıldır əyaləti adlandırır. Beləçə 250 ilə yaxın Osmanlı dövlətinin tərkibində Çıldır əyaləti mövcud olur.

Bu dağlıq bölgədə 250-ə yaxın barlı-bərəkətli kənd və qala-şəhər olmuşdur. Qala-şəhərlərdən Axısqa, Axarkələk, Va­le, Torpaqqala və b. adı tarixi qaynaqlarda tez-tez xatırla­nır. Gürçü qaynaqlarında Axısqanın adı çox vaxt Sa-Mskxe, Axarkələyin də (Axalski) adı Sa-Atabago kimi qeyd edilir. Axısqa bölgədə Ərzurum, Trabzon səviyyəsində bir şəhər sayılırdı. Qaynaqlar şəhərdə 50 mindən çox insanın yaşadığını yazır. Bu da o dövr üçün böyük rəqəm sayılırdı. (Taştemir Tekin, 2005:33-34)

1783-cü ildə çar Rusiyası Gürcüstanı yarı zor, yarı xoş müqavilə bağlamağa vadar edir. Bu müqavilədən 18 il sonra, yəni 1801-ci ildə Kartli-Qaxet çarlığı Rusiyanın tam müstəmləkəsinə çevrilir. (Valehoğlu Fəxrəddin, 2005:85)

Rusiya Gürcüstanı asanlıqla öz cənginə keçirsə də, Axısqa paşalığını işğal etmək ona baha başa gəlir. Çünkü yerli əhali sərt müqavimət göstərir. Bunu döyüşlərin iştirakçısı olan Rus generalları da dəfələrlə etiraf etmişlər.

1807-ci ildə Rus orduları Kont Qudeviçin rəhbərliyi ilə Axısqaya hücum edir. Lakin Axarkələk yaxınlığındakı döyüş­də böyük itkiyə məruz qalaraq geri çəkilməli olur. 1810-cu ildə Kont Qudeviçi əvəz edən Kont Tormazovun başçılığı ilə Rus əsgəri birlikləri noyabr ayında Axısqanı mühasirəyə alır. Bu hücum da Ruslar üçün uğursuz olur. Onlar geri çəkilməli olurlar. Az sonrakı, yəni 1811-ci ilin yanvarındakı hücumla­rın­da qala-şəhəri ala bilsələr də orada çox qala bilmirlər. Bu­xares müqaviləsinin şərtlərinə görə, qala-şəhəri geri, Os­man­lı dövlətinə qaytarmalı olurlar.

II Mahmudun zamanında Yeniçər ocaqlarının ləğv edil­məsi, Osmanlı dövlətini demək olar ki, bütövlikdə müdafiəsiz qoyur. Bundan yararlanan Rusiya güneyə doğru hücumlarını gücləndirir. Rus generalı Yermalovun rəhbərliyi ilə Axısqaya hücum təşkil edilsə də uğur əldə edilmir.

1828-ci ilin iyunun 23-də Qarsı işğal edən ruslar Qars pa­şalığından təqribən 5 dəfə böyük olan, 24 sancağa bölünmüş Axısqaya doğru irəliləyirlər. Yollarının üstündə onlara ən güclü müqavimət göstərən Axalkələk qalası olur. Ruslar on­lara döyüşsüz təslim olmağı təklif etdikdə “Biz irəvanlılar və qarslılar deyilik. Bizim nə ailəmiz, nə də malımız-mülkümüz var. Min nəfərdən ibarət hamımız bir nəfər kimi qalamızın divarlarında şəhid olmaq qərarına gəlmişik” cavabını alır. (Va­lehoğlu Fəxrəddin, 2005:113). Qeyri bərabər döyüş rus­ların qələbəsilə başa çatır. Beləcə iyunun 24-də baş verən şiddətli döyüşdən sonra rus əsgərləri qalaya daxil olurlar. Axalkələk sancağının rəisi Mutu bəy əsir alınır. Əsir alınmış Mutu bəy Ruslara yaxından kömək edir. (Onun xidmətləri sayəsinda oğlu Dədə bəy böyük torpaq sahibinə, ştabs-kapi­tana çevrilir). (Valehoğlu Fəxrəddin, 2005:113).

1928-ci ilin avqustunda 10-da rus qoşunları Axısqanı mühasirəyə alır. 5 gün davam edən şiddətli döyüşdən sonra kənardan kömək ala bilməyən şəhərin müdafiəsi zəifləyir. 15 avqustda 13 saatlıq ölüm-qalım savaşından sonra rus qoşun­ları şəhər ətrafındakı şam hasarları yarıb keçir. Şəhərdə ya­şayan əhali qeyri-adi qəhrəmanlıqla müdafiə olunur…hər bir ev uğrunda döyüş gedir, heç bir türk aman istəmir, hatta qa­dınlar da son nəfəsədək xəncərlə müdafiə olunur, yaralılar belə dikəlib vuruşurlar. Bütün gecəni səhərəcən döyüş davam edib, yanğınlar başlayır, küçələr meyidlə dolur.

…General Muravyov və general Saken elçi kimi qalaya daxil olur, Türk paşasına vəziyyətin çıxılmazlığını söyləyir və təslim olmağı tələb ediblər… Vəziyətin imkansızlığını görən Kösə Məhəmməd paşa təslimə razılıq vermək istədikdə Axıs­qalılar qəzəblənir və qəti etiraz edirlər. Axısqalıların ağsaq­qalı olan Fətullanın çılğın etirazı xüsusilə qeyd olunur. Mu­rav­yov onu da əlavə edib ki, dağ əhalisi olan Axısqa türkləri heç vaxt, heç kimə boyun əyməmişlər və indi də təslim olmaq istəmirdilər.” (Hacılar Valeh, 1992:11)

Rus qoşunları yalnız Axısqanı deyil, Xırtız, Ərdahan, Ələş­gird (Torpaqqala) və b. qala şəhərləri də alırlar. 1829-cu ilin sen­­tyabrın 14-də Osmanlı ilə Rusiya arasında bağlanmış Ədir­nə müqaviləsinə görə işğalçılar Qars və Ərdahandan geri çəkil­sələr də Axısqa və Axalkələk onlara qalır. Ruslar bölgə məs­cid­lərindən yüzlərlə kitabı qənimət kimi Peterburqa gön­dərirlər.

Ədirnə müqaviləsinin şərtlərindən narazı qalan minlərlə türk ailəsinin Osmanlının iç bölgələrinə koçü başlanır. Böl­gəyə isə 7300 erməni ailəsi gətirilir. Türklərin Rusiya işğalı altında olan bölgədən toplum köçləri 1921-ci ilin sonunadək davam edir. Tək-tək alilələrin Sovet zülmündən qaçışı isə 1944-cü ildə sonlanmışdı.

1876-1878-ci il savaşından sonra axısqalıların bir qismini toplu halda Bursaya köçmüşlər.

Köçlər türklərin sayını azaltsa da 1921-ci ilədək onların bölgədəki nüfuzuna ağır zərbə vurmamışdı. Belə ki, Ömər Faiq Nemanzadənin başçılığı ilə 1918-ci ilin oktyabrın 29-da Axısqa Höküməti Müvəffəqitisi adlı bir hökümət qurduqlarını elan edirlər.

Qars İslam Şurasının dəvətilə 1918-ci ilin noyabrın 30-da Ordubad, Naxçıvan, Qəmərli, Sürməli (İğdir), Sərdərabad, do­ğu Şürügel, Axısqa və Axarkələkdən gəlmiş 60 nəfər nü­mayəndə (ikinci gün onlara başqa bölgələrdən gəlmiş 10 nəfər də qatılır) Batumdan Ordubada və Ağrı dağından Azqurq qə­dər bir ərazidə dövlət qurmağı qərara alırlar. Həmin ərazidə qu­rulmuş Cənubi Qərbi Qafqaz Höküməti Müvəqqəti Mil­li­yə­sinin ömrü o qədər də uzun olmur. 1919-cu ilin aprelin 13-də İngilislər Qarsda hiylə ilə Cənubi Qərbi Qafqaz Hökümətinin rəhbərlərini həbs edərək Malta adasına göndərir və hökuməti də ləgv edir. (Cenub-i Garbi Kafkas Hükumeti, 1989:69)

Xarici güclərin təzyiqinə baxmayaraq Axısqa türkləri öz haqları uğrunda mübarizəni davam etdirirlər. Sərvər bəyin başçılığı ilə Güney Qafqaz Əhalisinin Haqlarını Qoruma Mər­kəzi (Axısqa-Axarkələk Müsəlmanları Milli Şurasını) yaranır. Lakin bu qurumun da ömrü çox uzun olmur. Nisbi sakitlik 1921-ci ilin martınadək davam edir. Gürcüstanı işğal edən bolşeviklər martın 9-da Axısqanı da tuturlar.

1921-vi ilin martın 16-da bağlanmış Moskva müqaviləsi ilə Axısqa və Axarkələk bölgələri Gürcüstan SSR-in tərkibinə qatılır. Bundan sonra da sinfi mubarizə və kollektivləşmə adı altında əhalinin sıxışdırılması, təqibi, həbsi və sürgünlər baş­layır. Beləcə bölgədə türk əhalisinin sayı gündən-günə azalır. 1926-cı ilin siyahıyaalmasında bölgədə 138 min nəfərə yaxın türk qaldığı qeyd edilir.

1944-cü ilin noyabrın 14-də isə Axısqa türkləri elliklə Türküstana sürgün edilir. (Ahıska türkləri, 1995) Baxmaya­raq ki, burada yaşayan türklər İkinci Dünya Savaşına qatılmış Sovet ordusuna 40 min əsgər və zabit yola salmışdı. 1957-ci ildə sürgünə göndərilmiş xalqların bir çoxuna vətənə dönmə­lərinə icazə verildi. Lakin bu qanun Kırım və Axısqa türk­lə­rinə şamil edilmədi.

1989-cü ildə, yəni Sovetlərin çokməsi ərəfəsində Axısqa türklərinə də vətənə dönmək üçün izin verildi. Lakin bu qa­nun­da sürgündən dönənlərin yerləşdirilməsi, onlara kompen­sasiya verilməsi, işlə, mənzillə təmin edilməsi haqqında heç bir maddə olmadı. (Kukulov Tahircan, 1999). Beləcə qanun kağız üzərində qaldı. Beynəlxalq təşkilatlar da işə qarışma­larına baxmayaraq Axısqa türkləri hələ də elliklə vətənlərinə dönə bilməmişlər.


Axısqa aşıq mühiti
Borçalı və Ağbaba ilə mədəni və iqtisadi cəhətdən sıx bağlı olan Axısqa bölgəsi Anadolu ilə Azərbaycan arasında sanki bir köprü, bir bağ idi. Bölgə sakinlərində toplanmış folklor nümunələri onu göstərir ki, burada Yunis İmrənin də, Da­da­loğlunun da, Əmrahın da, bir sözlə Anadoluda yaşamış aşıq­ların, el şairlərin, təkklərdə oxunan, müəllifi bilinən və bilin­məyən şeirləri geniş yayıldığı kimi, Azərbaycan aşıqlarının və şairlərinin əsərləri də məclislərdə oxunurmuş.

Xasta Hasanın yaşadığı çağlarda bölgədə Ürfani, Qul Qa­ranı, Usta Polad, Küfdadi, Molla Xəlis, Aşıq Teyfi, Dəli Tamı və b. istedadlı aşıqlar olmuşlar. Murtaza Taşdanova görə Xas­ta Hasanan beş aşıqla – Aşıq Polad, Qul Qaranı, Öməri, İrfani (Ürfani), Sefili liə deyişib. (Şamil Əzizə, Şamil Əli, 2006:85). Xasta Hasanın əldə edə bildiyimiz şeirlərində Ömə­ridən başqa adı çəkilən aşıqlardan hamısı ilə deyişməsindən nümunələr əldə var. Onlardan üçü–Qul Qaranı, Aşıq Polad, Ürfani ilə deyişməsi daha geniş yayılmışdır.

Axısqa-Qars aşıqları yaşadıqları bölgədə çalıb-çağırmaqla kifayətlənməmiş, Anadoluya, Azərbaycana da səfərlər etmiş­lər. Beləliklə, bir bölgədən öyrəndiklərini başqa bölgəyə ötür­müşlər.

Qaynaqlar Ürfaninin Azərbaycana səyahətindən, Molla Pə­nah Vaqif və Molla Vəli Vidadinin ailəsindəki yas mərasi­min­də iştirakından (M.P.Vaqiflə M.V.Vidadi quda idi -Ə.Ş) xəbər verir. (Bayrı M.Halit, 1955:303)

Azərbaycan alimləri və aşıqları adı Ürfani, İrfani, Urfani, Ru­hani kimi yazılan el sənətkarından söz düşəndə onu yüksək qiymətləndirmişlər. ASE-nin 9-cu cildində yazılır: “Ürfanı-aşıq havası 18-ci əsr Azərbaycan aşığı Ürfanı tərəfindən bəs­tə­lən­miş­dir. Adı da buradandır. Çox vaxt bu havanı aşıqlır yanlış ola­raq «ruhani», «ruhanı» da adlandırmışlar”. (ASE, 1986, 9:496)

Bölgədəki təkkələr, zaviyələr, dəvriş ordenləri haqqında əlimizdə yetərincə bilgi olmasa da aşıqların götürdükləri lə­qəblərdən aydın olur ki, burada təsəvvüf geniş yayılmışdır. Qul Qaranı, Ürfani, Xasta Hasandakı xəstə sözü də təsəv­vüf­dən gəlmədir. Bunu aşığın Qul Qaranıyla deyişməsində söy­lədiyi “Qara hey!” rədifli, yüksək sənətkarlıq nümunəsi sayıla bilən, çığalı təcnisdə də açıq-aşgar görmək olur.



Xəstə düşdüm döşək üstə dər saldım,

Cəfa çəkdim dünya üçün dərs aldım.

Eyləmi dərs aldım,

Eşiyinə dər saldım.

Eşitdim seyrağub gəlir,

Onun üçün dər saldım.

Ağlı kamil bir ustadan dərs aldım,

Oxumuşam əlif, əbcət, qara hey!

Hasan da ürfan məclislərində, təsəvvüf mühitində yetiş­diyindən özünə Xasta ləqəbini götürmüşdür. Buradakı xəstə sözü bu gün Güney Azərbaycandakı soydaşlarımızın işlətdiyi yorğun, nə də ədəbi dilimizdəki naxoş sözünün qarşılığı deyil. Bu xəstəlik təsəvvüfdən gələn bir temrindir. Xasta Hasanın yaşadığı bölgədə ələvilərin də nüfuz sahibi olduğu haqqında qaynaqlarda bilgi var. Aşığın şeirlərində ələvi düşüncə tər­zinin izləri açıq-aşkar görünür.

Yeniyetməlik çağlarında, Xavet kəndinin yaxınlığındakı Qaranlıq dərədə pirlərdən dərs aldığı söylənən Xasta Hasan özünü “xocaların xocası”, könül evini isə “övliyalar bacası” adlandırır. Bunlar da təsəvvüfdən gəlmə baxışlardır.

Valeh Hacılar isə Aşıq İsgəndərdən topladığı “Azad olur” qoşmasındakı misralara dayanaraq yazır: “Xəstə Hasanın baş­qa bir şeirindəki “Xəstə Hasan xocaların xocası” misrası da Ağbabalı Aşıq İsgəndərin variantında olduğu kimi, Xəstə Ha­san xonçaların xonçası” kimi oxunmalıdır. Çünki haqq aşığı olan sadə bir kəndli həyatı sürən, dini biliklərə yetərincə sahib olsa da, xocalıqla heç bir əlaqəsi olmayan Xəstə Ha­sanın bay­ram günü Dədə bəyin hüzuruna əliboş getməsinə baxmayaraq, özünü “xonçaların xonçası”, qəlbini, könül evini isə “övli­yalar bağçası” adlandırması daha məntiqi və həqiqətə uyğun səslənir”. (Hacilar Valeh, 2009:17)

Aşıq İsgəndər Ağbabalının yazdırıb mənə göndərdiyi “Xəs­­tə Hasanın qardaşı oğlu Dəli Bayramın türmədən azad edilməsi” dastan rəvayətində isə “Azad olur” qoşmasının son bəndi belədir:

Xəstə Hasan qoçaların-xocası,

Könlüm evi əvliyalar bacası,

Bu gün əziz gündür, bayram gecəsi,

Bəylər sitəmindən qul azad olur.

Aşıq İsgəndər Ağbabalının Naxçıvanda olarkən lentə yazdırdığı “Azad olur” qoşmasında isə aşıq birinci misranı “Xəstə Hasan” xocaların xocası” kimi oxumuşdu.

Adətən yarışda qalib gələn aşıqlar, deyişməni udanlar özlə­rini tərifləyər, necə deyərlər fəxriyyə söylər. Xasta Hasan isə “Yüzdə bir” divanisində özündən əvvəl yaşamış və çağdaşı olanlar haqqında xoş sözlər söylədiyi halda özü haqqında çox təvazökarlıqla deyib: “Çox aşıqlar gəldi-getdi, Xasta Hasan yüzdə bir”

Adətən aşıqlar ustaddan dərs alıb, onun yanında təlim gö­rərək püxtələşirlər. Xasta Hasanın ustadının yetərincə bilgisi yoxdur. Yalnız Şurəddin Məmmədli Qarapapaq Xasta Hasan­dan söz açarkən yazır: “…kamil bir ustaddan dərs alıb, Qərə­niyə şəyirdlik edib, Xəstə Qasımı özünə mənəvi ustad sayıb“. (Qarapapaq Ş., 2000:112)

Rəvayətlərdə isə Xasta Hasanın Qaranı ilə deyişib onu bağ­lamasından söz açılır, ona şagirdlik etməsindən yox. Aşı­ğın nəslindən olanların və onlardan öyrənən aşıqlarda Qara­nı­ya bir mənfi münasibəti açıq-aydın duyulur. Bunu aşığın „Yüzdə bir“ divanisinin variantlarında da aydın görmək olur. Belə ki, divaninin Türkiyədə çap olunan nüsxələrindəki „Qul Qaranı, Qara Zülal, Aşıq Ömər sözdə bir“ misrası, Aşıq Mur­taza, Aşıq İlyas və Aşıq İsgəndərdən toplayan variantlarda „Qul Qaranı qərəz eylər, Aşıq Ömər sözdə bir“ kimidir.

Valeh Hacılar isə „Qul Qaranı qərəz eylər, Aşıq Ömər söz­də bir“ misrasını belə izah edir: „Nə Xəstə Hasandan əvvəl, nə də ki, onunla bir dövürdə Qara Zülal adında sənətkar ya­şamamışdır. Posoflu Aşıq Zülalinin yaradıcılığı isə XIX əsirin sonları XX əsirin əvvəllərinə təsadüf edir“ (Hacilar Valeh, 2009:16)

40 il bundan əvvələdək Azərbaycan folklorçuları da, saz-söz həvəskarlarının çoxu da, hətta aşıqlarımızın əksəriyyəti də Xasta Hasanı ədəbi oğru, şeir demək qabiliyyəti olmayan bi­risi kimi tanıyırdı. Axtarışlar, araşdırmalar isə onun istedadlı bir aşıq olduğunu ortaya çıxardı. Nə bilmək olar, bəlkə Qara Zülal adlı aşığımızın da şeirləri hansısa çündkən, hasnısa əlyazmaların arasından ortaya çıxacaq. Bunun üçün Axıska bölgəsi, Axıska mühiti gərəyincə öyrənilməlidir.

Şurəddin Qarapapağın Xasta Hasanın Xəstə Qasımı özünə mənəvi ustad sayması fikri ciddi qaynağa dayanmır. Hətta Xas­ta Hasan „Yüzdə bir“ rədifli divanisində ustad sənətkar­ların hər birinin məziyyətini sadaladığı halda Xəstə Qasımdan söz açmır.

Xasta Hasanın ustadı haqqında bilgisizliyimiz qaynaq ye­tərsizliyindən gəlir. İstər aşığın nəslindən olanların xatirələ­rində, istər aşıqların söylədikləri dastan-rəvayətlərdə, istərsə də yazılı qaynaqlarda bu haqda bir izə rast gəlmədik.

Dastanlarımızdan gələn „buta vermə“ Xasta Hasana da aid edildiyindən onun ustadının adı və kimliyi tamam unudulub. İstər rəvayətlərdə, istər qohumlarının xatirələrində Hasana yeniyetmə çağlarında, Xavetdə dana otararkən, Qaranlıq dərə­də pirlər tərəfindən badə içirildiyi fikri hakim olub. Pirlərin badə içirdiyi birisinin ustadı haqqında düşünməyə belə eh­tiyac qalmayıb.

Xəstə Hasandan bəhrələnən Aşıq Nuru, Aşıq Şennik, Aşıq Abbas, Aşıq Summanı, Aşıq Mustafa, Aşıq Cebecili, Aşıq Zü­lalı, Aşıq İzanı və b. bölgədə olduqca güclü bir mühit ya­rat­mışlar. Bu mühit də ədəbi dili zənginləşdirmək, bədiiləş­dir­məklə yanaşı ictimai fikrə təsir göstərib. 20-ci yüzillikdə də Qars-Çıldır-Axısqa aşıqlarının yolunu Kor Nəsib, Aşıq İslam Ərdənər, Aşıq Şenliyin oğlu Aşıq Qasım, Aşıq İsgən­dər, Aşıq Murtaza, Aşıq Şərəf Taşlova və b. davam etdirmiş­lər. Axıska aşıq mühitini və aşıqlarını öyrənməyə böyük ehtiyac var.

Xasta Hasan bölgədə yaşayan acarlara, gürcülərə, ermə­nillrə, rumlulara da təsir göstərib. Türk dilinin, mədəniyyəti və ədəbiyyatının bölgədə yaşayan xalqlara təsirini öyrənən Valeh Hacılar tazır: Cənubi-Qərbi Gürcüstanın gürcü və erməni kəndlərində Xəstə Hasanı ustad kimi yad edən və şeirlərini əzbər bilənlər indinin özündə də var. Bavra, Ko­teliya, Toloşi, Prtena kəndlərində və Axalkalaki şəhərinin özündə bunun şahidi oluruq.

…Azərbaycan aşıq poeziyası ənənələri üzərində yetişən gürcü aşığı Mesxet-Cavaxetinin Koteliya kəndindən olan Səfil Lado (Vladimir Beruaşvili) “Qalmadı” rədifli bir qoşma­sında Xəstə Hasanın vəfatından təəssüflənərək demişdir:

Səfil Lado, dünya nəyin nəsidir,

Gələn gedir, müsafir odasıdır,

İnsan ölür, fələyin qaydasıdır,

Aşıqlıq Xəstə Hasana qalmadı

(Hacıyev Valeh, 1991:23-26)

Xasta Hasanın nəsli və ömür yolu
Xasta Hasanın nəsli haqqında üç mülahizə var:


  1. „Aşıq Ələsgər“ kitablarındakı “İrəvan aşıqlarından Xəs­tə Həsən adlı birisi” ifadəsi “Arpaçay ağzından dərləmələr”də bir az da dəqiqləşdirilərək “Xəsdə Hasan İravannıdı əsas. Bu Qırxdaş tərəfində befat etdi“ yazılıb.

  2. Şurəddin Məmmədli isə yazır: “…Xəstə Hasan əsil-nəsilliklə Borçalı Qarapapaq tərəkəmələrindən olub, onun atası Bolunıs bölgəsinin Çürük-Kəmərli kəndində yaşayıb… Bu faktı Pənah Mahmudov xüsusi vurğulayıb. Tarixi dəlillərə söykənən Valeh Hacıyev məntiqi olaraq Lebis tərəkəmlərini məhz Borçalıdan köçməyi və Cavaxetin Dırqına kəndində ya­şamış, sonra Lebisə köçmüş Xəstə Hasanin buraya ilk dəfə gəl­miş tərəkəmə ailəsindən olduğu gümanına bəraət qazan­dırırıq”. (Qarapapaq Şurəddin, 2000:112)

  3. Xasta Hasanın qohumları nəsillərinin Türkiyənin Van şə­hə­rindən Axısqa bölgəsinə gəldiklərini söyləyirlər. Murtaza Tur­sunov və İsgəndər Ağbabalı 1985-ci ilin mayın 5-də mənə gön­dərdikləri məktubda yazıblar: “…həmin məktubu Qaza­xıs­tanın Talqar rayonundan yazırıq… Deyirsiniz Xəstə Hasan Mes­xet-Çavaxetidəki Dırqınada anadan olub. Yox! Atası Se­yid, anası Sultan Türkiyədə Vanda olub. Xəstə Hasan olub beş qar­daş: 1. Qara Alı, 2. Çiçək, 3. Mustafa, 4. Abdulla, 5. Xəs­tə Hasan.

Oradan köçürlər Gürcüstana. Üç qardaşı gəlir, yəni Mus­dafa, Abdulla, Xəstə Hasan–gəlirlər Əspinza rayonunun Levis kəndinə. Bir qardaşları–Qara Alı qalır dayısı Məhəm­mədin yanında, Çiçək Çayıs kəndində Süleyman kişinin yanında… Abdullanın oğlu Dəli Bayram Xosbiya bəylərindən Dədə bəy tərəfindən tutulub…”.(Şamil Əzizə, Şamil Əli, 2006:61)

Bu fikrlərə aydınlıq gətirməyə çalışaq:

1.Xasta Hasanın İrəvandan olduğu, Qırxdaşda ödlüyü haq­qında başqa qaynaq tapa bilmədik.

2. Xasta Hasanın Dırqına (Bu kəndin adının Tırqına, Qır­qına şəklində söyləndiyinin də şahidi olmuşuq–Ə.Ş.) kəndin­dən olduğunu mətbuatda ilk dəfə Valeh müəllim söyləyib. Sonrakı yazılarında bu fikrinin üzərində durmayıb. Əldə et­diyi arxiv sənədlərində dayanaraq xırtızlı Hasan Vəli oğlunun Xasta Hasan olduğu qənaətinə gəlib. Börçalıdan Qarapapaq­ların bir qisminin Axısqaya köçdüyünü yazan Valeh Hacılar Xasta Hasanın da məhz köçmüş qarapapaqlardan olub olma­dığına münasibət bildirməyib.

Xasta Hasanın nəslinin Borçalıdan köçmüş qarapapaq­lar­dan olması mülahizəsi Şurəddin Məmmədli Qarapapağındır.

Xasta Hasanın qarapapaq, tərəkəmə, imirhəsənli olmasın­da Valeh Hacıların, Şurəddin Məmmədli Qarapapağı və bu kita­bın tərtibçsinin fikirləri eynidir. Çünki bunu təsdiqləyən kifayət qədər fakt var. “Xasta Hasanın qardaşı Dəli Avdıllanı türmədən azad etməsi” dastan rəvayətində bostancı Xasta Hasangilin ondan icazəsiz xiyar dərib yediyini görür. O yerdə soyləyici deyir:“ Xasta Hasangil baxer bunar tərəkəmə dili danışerlər. Onda bostançı genə başladı: “Siz tərəkəmələr nə qanırsınız, xiyarın telənginə basdınız..”

Nağı bəyin Xasta Hasanı Qul Qaranıyla deyişməyə apart­dıranda da qarapapax Ağyol Söyündən söhbət gedir. Ağyol Söyün də aşığın ana tərəfdən qohumudur. Usta Poladla de­yişmə rəvayətində qızlar Xasta Hasanı İmirhasannı bilirlər.

Fəxri Valehoğlu yazır ki, o dövrdə Axısqa paşalığında iki nəsil qarapapaq yaşayırdı, onlardan biri Əmirhə­sən//İmir­həsən//İmrəhəsən qarapapaqlar və ya tərəkəmələri, digəri isə sadə qarapapaqlar adlanırdı… XVIII yüzilin sonu, XIX yü­zilin əvvəllərində Borçalı, Qazax və Şəmşəddin distansiya­larından qarapapaqların bir qısmi Axısqaya köçmüşdülər. Ver­gilərdən azad edilmiş qarapapaqlar paşanın ilk tələbi ilə si­lahlanıb vuruşmağa hazır olmalı idilər. (Valehoğlu Fəx­rəddin, 2005:112).

Bir çox gürcü müəllifləri Axısqa bölgəsindən bəhs edər­kən orada yaşamış türklərin kökəncə gürcü olduqlarını, Os­manlının bölgəni tutduqdan sonra islamlaşdırıldıqlarını və türkləşdirildiklərini yazırlar. Lakin bunu təsdiqləyən elə bir ciddi qaynaq da göstərmirlər.

Axısqadan olan, dünyanın müxtəlif guşələrinə yayılan türklər isə bu gün də kökəncə qarapapaq, tərəkəmə, imirhə­sənni olduqlarını söyləyirlər. Tarixdən, etnoqrafiyadan azacıq bilgisi olanlar qarapapaqların (tərəkəmələrin) gürcü soyu ilə heç bir bağlılığı olmadığından xəbərdardırlar. Qaynaqlar da mübahisəsiz olaraq qarapapaqların türk soyundan olduqla­rının, tarixin müxtəlif dönəmlərində Avrasiya məkaninda apa­rıcı rol oynadıqlarını göstərir.

Kars ili. I sayı (özel say), Çıldır, Erdahan, Hanak, Posof.” kitabının 76-cı səhifəsindəki aşağıdakı qeyd də diq­qəti çəkəndir. “Meşe-Ardahan türkmanı” da denilen Hanak il­çesinde 22 köydeki Alevi-Bektaşi ve Hüseyni Türkmenle­rin­den yetişen saz şairlerini tesbit etmedik. Bunların sayı daha çox­dur”. (Kars ili, 1966:76). Bu qeyd də onu göstərir ki, böl­gədə yaşayanların əksəriyyəti türklər olmuşdur.

3. Xasta Hasangillərin Vandan gəlməsi haqqında əli­mizdə olan yeganə fakt Talqarda yaşayan qohumlarının söy­lədikləri və yazdıqları məktublardır. 17-18 yüzildə baş verən savaşlarda Vandan Axısqaya köçlərin olması normaldır. Axıs­qada Van adlı kəndin olması da bu ehtimalı gücləndirir. Lakin Xasta Hasanın nəslinin Vandan gəldiyini təsdiqləyən ikinci bir qaynağa rast gəlməmişik.

* * *

Xasta Hasanın yaşı ilə bağlı yazılan və söylənənləri üç qrupa ayırmaq olar:



1. İsmayıl Kazımov 17-18-ci əsrin sənətkarları sırasında Axarkələkli Xasta Hasanın da adını çəkir. (Kazımov İ., 2002, 4:133)

2. Asif Hacılı yazır: “Xəstə Hasan Dersel kəndindəndir. XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb, qızı 1982-ci ildə Qazaxıstanın Talqar şəhərində 90 yaşında vəfat edib. Qız nəvələri Məhərrəm, Kazım Müzəffərovlar Talqarda, başqa qohumları Azərbaycanda yaşayır”. (Hacılı A.,1992:196).

3. Xasta Hasanın XIX yüzildə yaşadığını yazan araşdıcılar çoxdur. Lakin onların arasında da fikir ayrılığı var. Fikir ay­rılığına səbəb isə sənətkarın döğumu və ölümü haqqında ya­zılı qaynağın olmamasıdır.

Yazılı qaynağa dayanaraq Xasta Hasanın doğum və ölümü haqqında fikir söyləyən yeganə araşdırıcı Valeh Hacılardır. Valeh müəllim Gürcüstanın XIX yüzilə aid arxiv sənədlərini diqqətlə gözdən keçirərək Xasta Hasanla bağlı rəvayət və xatirələrdə adı keçən şəxslar haqqında maraqlı məlumatlar çap etdirmişdir. Bu məlumatlar arasında Baydar kəndxudası Almaz Sultan, onun yaxın qohumu, tabeliyində 18 kənd (413 ailə) olan, Çıldır sancağının idarəçisi vəzifəsində işləmiş, çıldırlı (pəmbəkli), qaçaq Nağı bəy, Axarkələk sancağının rəisi Mutu bəyin oğlu, böyük torpaq sahələrinin sahibi, ştabs-kapitan Dədə bəy haqqında olan sənədlər mövzu ilə sıx bağlıdır. (Hacılar Valeh, 2009:6-11)

Xasta Hasanla bağlı rəvayətlərdə və şeirlərində adı çəkilən Nağı bəy və Dədə bəyin sənədlərdə adı çəkilən şəxslərlə eyni adamlar olduğu qənaətinə gələn araşdırıcı təhrir (əhalinin ver­gi­yə cəlb olunma) dəftərlərini incələyərək yazıb: „Gərgin ax­ta­rışdan sonra XIX əsrin ortalarında Xavet kəndinə dair təhrir dəf­tərini əldə etsək də Lebis kəndinə dair analoji rəsmi sənədə tə­sadüf edə bilmədik. 1850-ci ildə yazıya alınmış Xavet kən­dinə aid təhrir dəftərində Hasan adlı iki nəfərə dair qeydə rast gəlinir: 1.Hasan Vəli oğlu (50 yaşında), oğulları İsmayıl (20 ya­şında) və Osman (12 yaşında), 2.Hasan Əhməd oğlu (40 yaşında).

Birinci məlumatın Xəstə Hasana aid olduğunu təxmin etmək olar. Çünki onun iki oğlunun birinin adının İsmayıl olduğu söy­lənilir. Əlbəttə, aradan keçən 200 ildən artıq bir dövr var və bu zaman kəsiyində hər kəs və hətta qohumlar üçün öz əc­da­dının şəcərəsini tam dəqiqliyi ilə söyləmək çətin bir məsələdir. Ancaq təhriri dəftərindəki xavetli Hasanın 1800-cü ildə anadan olması həmin dövr üçün, şübhəsiz, təxmini idi, fəqət yuxarıda haqqında bəhs etdiyimiz tarixi şəxslərlə görüşlər və digər faktlar həmin şəxsin yaşı Xəstə Hasanın yaşadığı dövrlə tam uyğun gəlir. Belə ki, 55-60 yaşlarında olan Xəstə Hasan Dədə bəylə görüşən zaman Dədə bəy təqribən 45-55 yaşlarında olar­dı. Bu məsələ ilə bağlı Xəstə Hasanın „Bir“ rədifli divanisinin Ağbabalı Aşıq İsgəndər variantında göstərilən tarixi rəqəmin hə­qiqətə daha uyğun olması qənaətindəyik:


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə