Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu axisqali


İli min iki yüz on dörd, hesabı yox ki sayam



Yüklə 1,23 Mb.
səhifə3/12
tarix11.07.2018
ölçüsü1,23 Mb.
#55062
1   2   3   4   5   6   7   8   9   ...   12

İli min iki yüz on dörd, hesabı yox ki sayam,

Çox aşıqlar gəldi keçdi, Xəstə Hasan yüzdə bir.

Hicri tarixilə 1214-cü il miladi ilə 1800-cü ilə təsadüf edir və bu tarix təhrir dəftərindəki, Hasan Vəli oğlunun doğum tarixi ilə üst-üstə düşür“. (Hacılar Valeh, 2009:14-15)

Bu qədər yazılı qaynağı araşdıran Valeh Hacılar da Xasta Hasanın doğum və ölüm tarixindən, yaşadığı kənddən söz açar­kən „çox güman ki“, „təxmin etmək olar“ ifadələrindən qaça bilməyib. (Hacılar Valeh, 2009:14-15) Çünki çox əziyyət çəkməsinə, çox axtarışlar aparmasına baxmayaraq „Le­bis kəndinə dair anoloji rəsmi sənədə təsadüf edə bilmə­yib“. Xavet kəndinin təhrir dəftərində bir-birindən 10 yaş fərqli iki Hasanın adı qeyd edilib. Görəsən, Lebis kəndinin təhrir dəftər tapılarsa orada həmin dövrdə neçə Hasanın adına rast gəlinər?

Hasan Vəli oğlunun iki övladından birinin adı İsmayıl, o birinin adı Osmandır. Aşığın tötəmələrinin xatırladığına görə Xasta Hasanın üç övladı olub. Qızı Sənəm, oğlanları İsmayıl və Mədət. İsmayıl və Mədət 100 ildən çox ömür sürdüklə­rin­dən onları tanıyanlar və övladları yaxşı xatırlayırlar. İstər Xəs­tə Hasanın şeirində, istərsə həyatı ilə bağlı rəvayətlərdə atasının adı Vəli kimi deyil, Osannı İsgəndər kimi çəkilir. Bu­radan aydın görünür ki, xavetli Hasanla Lebisli Hasanın ikinci oğlanlarının, atasının da, kəndlərinin də adları eyni deyil.



Naxış vurub bəzətsinnər xanamı,

Çifdər oğlum qoy şennəltsin binamı

misraları aşığın iki oğlu olduğunu təsdiqləyir. Lakin xavetlı Hasanlar Lebisli Hasanın oğlanlarının adındakı fərqlilik də onların eyni adam olduğuna şübhə yaradır.

Xasta Hasanın şeirindəki „səksən üçdə ömrü tamam eylə­rəm“ misrası da araşdırıcılar arasında fikir ayrılığına səbəb olub. Prof. Valeh Hacılar və Şurəddin Qarapapaq misradakı „səksən üç“ rəqəminin hicri tarixi ilə 1283-cü ilə işarə edil­diyini yazırlar. Bu tarixi də (miladi 1866-ci il) Xasta Hasanın ölüm tarixi kimi qəbul edirlər. Valeh Hacılar Xasta Hasan dövrü ilə bağlı əldə etdiyi sənədlərə dayanaraq aşığın 1800-cü illərdə doğulduğunu və 1866-cı ildə öldüyü qənaətinə gəlir.

Aşıq İslama görə, „Yüzdə bir“ divanisindəki 1218 tarix Xas­ta Hasanın ölüm, Osman Əhmədoğluna görə, doğum tarixi­dir. Osman Əhmədoğlu mənə göndərdiyi məktubunda aşığın 69 il ömür sürdüyünü yazır. Murtaza Tursunova görə isə Xasta Ha­san „Yüzdə bir“ divanisini 1242-ci ildə, 58 yaşında söyləyib.

Lebis kimi dağ yerində yaşayanlar adətən sağlam olur və 66 yaşında hələ özünü gümrah hiss edərək fiziki işlə məşğul olurlar. Aşığın toplaya bildiyimiz və variantları olan şeir­lə­ri­nin əksəriyyətində çox qocaldığından söhbət açılır. Məs.:

Bir zamannar çox geymişdim bəylərin xalatını.

Bu gün ixtiyar çağımda mindin eşqin atını.
Xəstə Hasan, bu sözləri sən deyibsən nəsihət,

Oturanda zikir eylə, yatanda vəsiyyət.

İnsandan insanlıq qalıb, heyvandan xəsiyyət.

Doldu sinim, keşdi günüm, ixtiyar əldən gedər.

Xasta Hasan diyər: Xasta sinindi,

Gey-qurşan əyninə, xasta sinnidi,

Ölüm haxdan gələr xasta sinnidi,

Gəl kəsmə üsdümnən ayağı, gözəl.
Ay ağalar, sizə tərif eyləyim,

Nədəndir çəkilməz bu nazım mənim?

Təmizdi əlfamız, pakdır sözümüz,

Hayıf ki, görməyir bu gözüm mənim.

Mən Xastayam, oxuyardım yazardım,

Qəvvas olub dəryalarda üzərdim,

Çarx misallı bu dünyanı gəzərdim,

Neyləyim, tutmayır bu dizim mənim!

Xasta sinindi,ixtiyar çağımda,görməyir bu gö­züm mənim,doldu sinim, keşdi günüm,Neyləyim, tutmayır bu dizim mənim“, „Tor gördü gözlərim, töküldü dişim,Bir az öykələrəm, əzə bilmerəm“ kimi ifadələr aşığın çox qoçaldığından xəbər verirsə aşağıdakı bənddə isə dəqiq rəqəm göstərilir.

Xasta diyər yaşım səksəni geçdi,

Günbəgün əsməgə başladı başım,



Tor gördü gözlərim, töküldü dişim

Bir az öykələrəm, əzə bilmerəm.

Səksən üçdə ömrü tamam eylərəm“ misrasındakı sək­sən üç ifadəsini Valeh Hacılar və Şurəddin Qarapapağın de­diyi kimi hicri 1283(1866) kimi qəbul etsək və həmin ildə aşığın öldüyü fikrilə razılaşsaq, onda doğum tarixi ən azından 1800-cü ilə deyil, 1786-cü ilə düşməlidir.

Aşığın qızı Sənəmin törəmələrindən Murtaza Tursunov 1984-cü ilin aprelin 4-də mənə yazdığı məktubunda Xasta Hasanın nəslindən olan Əhdəmanın 74-75 yaşı, Muradın isə 94-95 yaşı olduğunu göstərir. (Təxminən bir il sonra, yəni 1985-ci ilin mayın 5-də İsgəndər Ağbabalı yazıb:“ Xasta Ha­sanın qardaşı oğlunun oğlu yaşayırdı, 110 yaşı var idi. O, ölüb. Mənim qonağım Əhdəman dayı da ölüb“)… (Şamil Əzi­zə, Şamil Əli, 2006:61) 1984-cü ilin aprelin 9-da gön­dər­diyi məktubunda isə yazıb: “Xəstə Hasan 1154-cü ildə anadan olub (Türk tarixi ilə). 1237-ci ildə dünyasını dəyişib. Özü də 83 yaş yaşeir. Xəstə Hasan „Yüzdə bir“ sözünü 58 yaşda demiş“. (Şamil Əzizə, Şamil Əli, 2006:85)

Murtaza Tursunov təxminən bir il sonra yazdığı məktubun­da bir az dəqiqləşdirmə apararaq Xasta Hasan qızı Sənəmi qardaşı oğluna ərə verdiyini, onlardan olan övladlarıdan birinin adı Daşdan olduğunu və Daşdan kişiyə istinadən yadında qalanları belə yazır: „Rəhmədlik Daşdan kişi vardı, o deyirdi, guya dədəsi hesab eyliyib: indiki türk tarixi 1403 sənə olsa, Xasta Hasan 1265 sənədə vəfat etmişdir. Onlar da öldüyünü bunnan bilerlər ki, 83 yaş yaşasa, onda 1177-ci ildə anadan olubmuş. Bizim kənddə onun məzarı dururdu. Əgər hava yağmasa, gedirdilər onun baş daşından bir çınqıl qırıb suya saldıxları kimi yağış yağırdı.

Onun iki oğlu bir qızı olub. İndi nəvələrindən qalan Əh­də­man və Muraddı“( Şamil Əzizə, Şamil Əli, 2006:79)

Murtaza Tursunovun məktublarında və özü ilə söhbətdən aydın oldu ki, o hicri qəməri və hicri şəmsi təqvimlərini mi­ladi təqviminə çevirməkdə yanlışlığa yol verir. Keçmiş tarixi he­sab­layanda yaşadığı hicri şəmsi ilindən ötən illəri çıxır. 1925-ci ildə hicri qəməridən hicri şəmsiyə keçildiyini nəzərə almır.

Biz həmişə doğum və ölüm tarixini yazarkən Daşdanın də­dəsinə istinadən Xəstə Hasanın 1177-ci (miladi 1762)-1265-ci (miladi 1848) illərdə yaşamasını əsas götürmüşük.

Xəstə Hasanın nəvə-nəticəsinin hər şeyi aydın xatırla­dıq­ları halda aşığın xırtızalı Hasan Vəli oğlu ilə eyniləşdirilməsi inandırıcı görünmür. İstər Türkiyədəki, istərsə də Azərbay­can­dakı araşdırıcıların çoxu Xasta Hasanın Lebisli olduğu qə­naətindədir.

Xasta Hasanın “Yüzdə bir” rədifli divanisinin möhürbən­dindəki tarixi toplayıcılar 1214 (miladi 1798), 1218 (miladi 1802), 1240 (miladi 1823), 1290 (miladi 1873) kimi qeydə alıblar. Prof. Valeh Hacılar bunlardan 1214-ü doğru sayır və bunu da aşığı doğum ili kimi qəbul edir. Biz isə Aşıq İslam Ərdənərin, Aşıq İsgəndər Ağbabalının, Aşıq Murtaza Tursu­novun (onlar tarixi müxtəlif göstərirlər) fikrinə dayanaraq bu tarixi aşığın doğum tarixi kimi deyil, şeirin söyləndiyi tarix kimi qəbul edirik. Bu qənaətə gəlməmizin bir səbəbi divanidə adı çəkilən aşıqların 1850-ci illərdən əvvəl yaşamasıdır. Hə­min tarixdən sonra məşhurlaşan aşıqlardan birinin adına di­vanidə rast gəlinmir.

Xasta Hasan haqqında yazdığım məqalələrdə və çıxışla­rımda aşığın şeirlərində çar üsul-idarəsi dövrünün terminlə­rinin işlədilməməsinə və Dəli Bayramın çar məmurları tərə­findən deyil, Xosbiya bəyi Dədə bəy tərəfindən həbs edil­məsinə dayanaraq aşığın Rusiya Axısqanı işğal etdiyi dövrdən (1828) öncə yaşadığını yazmış və demişəm. Valeh müəllim adımı çəkmədən yazır: “Bəzi tədqiqatçılar bu hadisənin (Dəli Bayramın həbs edilməsinin – Ə.Ş.) Axalkələyin ruslar tərə­fin­dən işğalından (1828-29-cu illər) əvvələ təsadüf etdiyini ya­zır­lar. Onlar bunu yerli sakinlərin, o cümlədən Dəli Bayramın rusların məhkəmə dairələri tərəfindən yox, yerli bəylər tərəfindən mühakimə olunması ilə əsaslandırırlar. Əlbəttə bu, tarixi gerçəkliklə uzlaşmayan bir mülahizədir. Çünki Dədə bəy bəy olmaqla bərabər, eyni zamanda rus ordusunun rütbəli zabiti idi. Və rus höküməti yerli ağalara və bəylərə naiblik, kəndxudalıq verməklə yanaşı, xırda məhkəmə səlahiyyətlərini də həvalə etmişdi (“mirovaya sudya”), yerli sakinlərin mü­bahisəli məsələlərini yoluna qoymağa və kəndlilərin hökümət qayda-qanunlarına tabeçiliyini də təmin etməyi də onlara tapşırmışdır”. (Hacılar Valeh, 2009:14-15)

Sənədlərə dayanan bu mülahizələrlə inandırıcı görünür. Amma nə yazıq ki, nə mənim yazdığımı, nə də Valeh Ha­cıların yazdığını təsdiqləyən yazılı qaynaq yoxdur. Necə de­yərlər, hamımız mülahizə və xatirələrə, aşıqların və şeir hə­vəskarlarının söylədikləri rəvayətlərə dayanırıq. Nə aşığın qəbri üzərindəki başdaşını, nə Lebisin təhrir dəftərini, nə də rus işğalı zamanı Axısqa məscid-mədrəsəsindən Peterburqa apa­rılmış kitabları görmüşük.

Dəli Bayramın həbsi ilə bağlı rəvayətlərin birində ona yüz bir il həbs cəzası verildiyindən söz gedir. Bu cəzanı da “xırda məhkəmə səlahiyyətlərini” icra edənlər verə bilməzdilər.

Araşdırıcıların əksəriyyəti Aşıq Şenliyin 1850(53)-1914-cü illərdə yaşadığı qənaətindədirlər. Onun şeirlərinin son və tək­mil nəşirlərindən sayılan “Çıldırlı Aşıq Şenlik. Divanı (Ha­yatı, şiirleri, atışmaları ve hikayeleri) kitabına yazdığı ön söz­də A.Barat Alptekinı ilk dəfə Aşıq Nurunun doğum və ölüm tarixini haqqında yazır: “1811-1885-ci yılları arasında Gür­cüs­tanın Ahıska vilayetinin Ahırkelek kazasının Lebis köyün­de yaşamış olan Aşık Nuri Xasta Hasanın çırağıdır. Sazı ve sözü Xasta Hasandan öğrenmiştir. Çıldırlı Aşık Şenliyin saz ustadıdır.” (Çıldırlı Aşık Şenlik, 2006: 44)

Aşıq Nuru yeniyetmə Hasannan (sonralar o Aşıq Şenlik kimi məşhurlaşmışdır) 40 yaşa yaxın böyük olub. Demək Xasta Hasan da Aşıq Nurudan 30-40 yaş böyük ola bilərdi. Buradan bir qənaətə də gəlirik ki, dayısı İbrahim yeniyetmə Hasanı Lebisə gətirəndə Xasta Hasan həyatda yoxmuş. Ona görə Aşıq Nurunun yanına aparır.

Topladığımız bilgilərdən bu qənaətə gəldik ki, Xasta Ha­san 17-18-ci yüzildə və 19-cu yüzilin sonu 20-ci yüzilin əv­vəlində deyil, 18-ci yüzilin ikinci, 19-cu yüzilin birinci yarısında yaşamışdır. Aşığın doğum və ölüm tarixini 1762 – 1866-ci illər arasındakı yazılı qaynaqlarda və qəbirüstü ya­zılarda axtarmalıyıq.

Xasta Hasanın bü gün də yaşayan nəvə-nəticəsinin ad­larında Həsən, Hüseynin çox təkrarlanmasından, Əhdəmanın, Murtazanın şeirlərində imam Əliyə, xanımı Fatimaya, oğlan­ları imam Həsən və imam Hüseynə böyük məhəbbət, Xasta Hasanın şeirlərində də həzrət Əilyə tez-tez müraciətlər və onun şücaətinin tərənnümü, topladığımız başqa materiallar bizdə bu qənaəti yaradır ki, Seyid atasının adı deyil. Peyğəm­bər nəslindən gəldiklərini bildirmək üçün adın önündə işlə­diləndir. M.Halit Bayrı “Aşıq İrfani” məqaləsində yazır ki, “bi­lindiyi gibi Ahıska yerliləri tamamilə sünnüdirlər. Halbuki bu taraflarda yaşayan alevi türkleri de vardır ki, sünnü türkler bunlara türkmen derler”. (Bayrı M.Halit, 1955:304).

Xasta Hasanın bir şeirində və Aşıq Murtazadan toplan­mış bir neçə rəvayət dastanda atasının adı İskəndər kimi ve­rilir. Şeir nəsrə nisbətən az təhrifə uğrayır. Aşıq “Mənim” rədifli qoşmasında özünü belə isnad verir:

Xavar alan olsa doğma atamı,

Ovannı İsgəndər pədərim mənim.

buradakı ovannı sözünü də tirə-nəsil bildirdiyi qənaətindəyik.

Rəvayətlərdən aydın olur ki, Qodos kəndindən olan Güllüzarla (Murtazadan alınmış materiallarda bir neçə yerdə Xasta Hasanın xanımının adı Soltan kimi verilsə də sonra düzəliş edilərək əl ilə Gülüzar yazılıb) evləndirilən Hasanın çox uşağı olsa da, onlar kiçik yaşlarında ölmüş, sağ qalanları isə oğlanları – İsmayıl və Mədət, qızı Sənəm olmuşdur. On­ların da nəvə-nəticələrindən hazırda yaşayanların sayı çoxdur.

Xasta Hasanın şeirlərinin yaranması haqqında Murtaza Tursunovdan toplanmış söhbətlər olduqca sadədir. Dastanları­mızın yurd yerlərindəki maraqlı süjet və təhkiyə onlarda de­mək olar ki, yoxdur. Aşıq İsgəndərdən toplanmış variant­larda isə bunun əksini görürük. Buradan o qənaətə gəlmək olur ki, şeirlərin yaranması haqqında söhbətlər ustad aşıqlar tərəfin­dən getdikcə cilalanaraq dastanlaşmaya doğru inkişaf edir. Aşıq İsgəndər Ağbabalının “Xəstə Hasanın qardaşı oğlu Dəli Bayramın türmədən azad edilməsi” dastan-rəvayətində Xasta Hasanın qardaşı Avdıllanın oğlu Bayramın, Murtaza Tursuno­vun “Hasta Hasanın qardaşı Dəli Avdıllayı Dədə bə­yin qa­zamatından qurtarması” variantında isə Avdıllanın həbs­dən qurtarılmasından söhbət gedir.

Aşğq İsgəndər Ağbabalı Xasta Hasanı Daşdıqullar kən­di­nə qarğıdalı almağa gələrkən Usta Poladla deyişdiyini söylə­yirsə Murtuza Tursunov Xasta Hasanın Aşağı Vaçiyan kən­dinə zəyrək almağa gələrkən Poladla deyişdiyini söyləyir.

Maraqlı burasıdır ki, Aşıq İsgəndərdən toplanmış “Xəs­tə Hasannan Qaranın deyişməsi“ dastan rəvayətində Xasta Hasanın yeniyetmə olduğu göstərilir. Amma aşığın dilindən söylənən şeirlərdə onun yaşlandığından söz gedir. Bu da bir daha onu isbatlayır ki, Xasta Hasanın istər gəncliyində, istərsə qoçalığında dediyi şeirlərdən yararlanaraq, onları bir süjet ət­rafında quraraq məclislərdə söyləməklə aşıqlar dinləyici ma­rağını özlərinə çəkmiş və sənətkarın şeirlərinin uzunö­mürlü olmasına şərait yaratmışlar. Çoxvariantlılıq folklor üçün xa­rak­terik olduğundan biz də kitabı çapa hazırlayarkən çox­variantlılığı qoruyub saxladıq.



Xəstə Hasan haqqında araşdırmalar
Sovetlər Birliyinin “dəmir pərdələri” aradan qaldırılma­sın­dan 20 ildən çox keçsə də, hələ də Türkiyədə yayımlanan kitab, qəzet və jurnallardan lazımınca yararlana bilmirik. Əldə et­di­yimiz qaynaqlarda da Xasta Hasanın haqqında geniş araş­dır­malara rast gəlmirik. Çıldırlı Aşıq Şenlikdən yazan, şeirlərini çap etdirən Aşıq İslam Ərdənər (Ərdənər, 1960), Aşıqoğlu İsmail (Aşıqoğlu, 1964), Orhan Özbək (Özbək, 1969), Aslan Ensar (Aslan,1975, 1993), Alptəkin Alı Berat (Alptekin, 1989) və b. Şenliyin ustadı Aşıq Nurudan bəhs edərkən Xəstə Hasandan da söz açmış, şeirlərindən nümunələr vermişlər.

Kars ili. I sayı (özel say), Çıldır, Erdahan, Hanak, Po­sof.” kitabında Aşıq Qaranı haqqında yazılıb: “Karanı. De­ğir­men köylü. 18. asr. Ahırkelekli Xasta Hasanın çağdaşı.” (Kars ili, 1966:76) (Bölgənin tanınmış aşıqlarından İqrarının babası, el şairi Dursun Kaşifi də (1797-1865) bu kənddındir.–Ə.Ş.)

Bu cümlədən aydın olur ki, Xasta Hasan bölgədə daha məş­hur olduğundan Qaranını tanıtmaq istəyəndə, dövrünü müəy­yənləşdirəndə “Ahırkelekli Xasta Hasanın çağdaşı” cüm­ləsini işlədiblər.

Orhan Özbek yazır: “…Dayısı (Aşıq Şenliyin.–Ə.Ş.) İb­ra­him Doğunun meşhur halk şairlerinden Hasta Hasanın çırağı (şagirdi–Ə.Ş.)Nurunu tanıtıp öğretmek kararındaydı. Bir gün dayısı ile Şenlik Kafkas şehirlərinden Ahırkeleye doğru yola çıkmışlar. Bir kaç gün sonra Aşık Nurunun evine vardılar.” (Özbek Orhan, 1969)

Rəvayətdə gənc Şenliyin Aşıq Nuru ilə görüşü, Nurunun Şenliyi sınağa çəkməsi, sınağa çəkərkən ustadı Xasta Hasanın şeirlərindən də istifadə etməsindən söz açılır. İslam Ərdənərin söylədiyi və çap etdirdiyi rəvayətlə azacıq fərqi olan variant­larından Özbek Orhan, Ensar Aslan, A.Barat Alptekin də istifadə edib.

Nizaməddin Onk Xasta Hasanın “Bir su ver” rədifli diva­nisini hazırladığı topluda çap etdirərkən onun 19-cu yüzilin sonu 20-ci yüzilin önlərində yaşadığını yazıb. (Onk Niza­mettin, 1983:106).

“Arpaçay köylerinden derlemeler” kitabında da Kineği kəndindən olan 65 yaşlı Eset Polatdan toplanmış Xasta Ha­sanla bağlı “Oynamasın” rədifli bir şeir və şeirlə bağlı rəvayət çap olunub. (Arpaçay köylerinden derlemeler, 1988:118-119)

Axıska türkləri ilə bağlı ardıcıl araşdırmalar aparan Yunus Zeyrek məqalə və kitablarında mövzusu ilə bağlı Xasta Hasan və onun yaradıcılığına ötəri toxunub.


* * *

1944-cü ildə Axısqalılar sürgün olunandan sonra bu mövzu SSRİ-də yasaqlanmasına baxmayaraq Xasta Hasanın öyrənil­məsi və tanıdılmasında azərbaycanlı araşdıcılar Türkiyəli həm­karlarından xeyli irəli getmişlər.

Ustad sənətkarın adı ilk dəfə “Aşıq Ələsgər” kitabında ədəbi oğru kimi çəkilmişdir. Vaqif Vəliyev 1981-ci ildə ildə çap etdirdiyi “Qaynar söz çeşməsi“ kitabında bu məsələni da­ha da dərinləşdirərək yazır: “Qeyd etdiyimiz kimi, Aşıq Şen­liyin həyatının müəyyən dövrü Azərbaycanla əlaqədar olmuş­dur. Tədqiqatçı (müəllif Türkiyəli araşdırıcı, Aşıq Şenlik mövzusunda doktorluk dissertasiyası yazmış və kitab çap et­dirmiş Ensar Aslanı nəzərdə tutur–Ə.Ş.) göstərir ki, aşığın (yəni Aşıq Şenliyin–Ə.Ş) təsirləndiyi sənətkarlardan biri Xas­ta Hasandır. Bu el şairi Yerevan ətrafında yaşamış, Aşıq Şenliyə saz çalmağı öyrədən Aşıq Nurunun ustadı olmuşdur. Bu barədə Ensar Aslan yazır: “Azerbaycanın kudretli aşık­larından olan Hasta Hasan Şenliğə kuvvetli etki yapmıştır. Hatta onun çığalı tecnislerinin tesiri ile tecnis yaratmıştır”…

Bu həmin Xəstə Hasandır ki, Xəstə Qasımın “Daimül-övkat” qıfılbənd ayaqlı qoşmasını öz adına çıxıb, Aşıq Ələs­gərə göndərmişdir. Aşıq Ələsgər həmin qıfılbəndi aç­mış və hətta Xəstə Hasana eyham vurmuşdur…”Qasım “kaf”­nandı, Həsən “hey”nən, xeyir tapmaz üstadından deyinən” belə­liklə, Aşıq Ələsgərlə muqayisədə sönük şama bənzəyən Xəs­tə Hasan Aşıq Şenliyə təsir etdiyi halda, Aşıq Ələsgərə Şenliyin təsiri ola bilərdimi?” (Vəliyev, 1981:100)

Vaqif Vəliyev Ensar Aslanın Aşıq Şenliyin Aşıq Ələs­gərə təsir etməsi fikrinə etiraz etmkdə haqlı idi. Amma Xas­ta Hasana sərt hücumda qaynaqlara diqqət yetirmə­miş­di. Folklorumuzu yaxşı bilən, xüsusən aşıq yaradıcılığı ilə yaxından tanış olan Vaqif Vəliyev İrəvan ətrafında Xasta Hasan adlı aşığın olmadığını bilirdi. Çünki tələbə vaxtı Xasta Hasanla bağlı topladığımız şeir və rəvayətləri müəl­limimiz olduğuna görə ona verərək, mətbuatda çap etdirə bilmədiyimizdən şikayətlənmişdik.

İkincisi, Aşıq Ələsgər kitabındaki rəvayət və rəvayətə daxil edilmiş şeirləri oxuyan hər bir kəs oradakı yanlışlığı açıq-aşkar görə bilir. Belə ki, rəvayətdə Xəstə Qasımın bağlamasını Xasta Hasan Aşıq Ələsgərə və Misgin Bür­cüyə göndərdiyi söylənilir. Aşıq Ələsgər bağlamanı yüksək sənətkarlıqla açmışdır. Miskin Bürcüyə aid edilən şeir isə bağlamanın açması deyil, sanki bağlama göndərənə mən­zum məktubdur. Şeirin sonunda, yəni möhürbəndində de­yilir: “Müsəmma Misginəm, mən zişdi-camal.” Buradan açıq-aydın görünür ki, şeir Miskin Bürcünün deyil, Mü­səmmə Miskinindir. Bunlar da ayrı-ayrı şəxslərdir.

İsrafil Abbasov Ermənistan SSR Nazirlər Soveti ya­nın­da Qədim Əlyazmalar İnstitutundakı (M.Maştos adına Ma­tenadaran) erməni əlifbası ilə yazılmış türkcə forklor nü­mu­nələrini araşdırarkən Gəncədə yaşamış, milliyyətcə erməni olan Miskin Bürcü haqqında yazmışdır: “Miskin Bürçünün (1810-1848) şəxsi əlyazması olan şeir dəftəri üzə­rində da­yanacağıq. Dəftərin yazılma tarıxi 1832-ci il göstərilmişdir. Əlyazma cəmi 24 səhifədir. Müskin Bürcü buraya aşıq şeirinin əksər formalarında yazmış olduğu əsər­lərini daxil etmişrir”…(Abbasov İsrafil, 1977:82). Miskin Bürcünün öz əliylə yazdığı bu dəftərdə nə Müsəm­ma Miskin ləqəbi var, nə də «Aşıq Ələsgər» kitabına daxil edilən şeir.

Vaqif Vəliyev və “Aşıq Ələsgər” kitabını nəşrə ha­zır­la­yan alimlərimiz nədənsə Miskin Bürcünün 1848-ci ildə ölən­də Ələsgərin olsa olsa 27 yaşı olduğuna və Aşıq Alının ya­nın­da şagirdlik etdiyinə, şeirin möhürbəndindəki təxəllüs fər­qinə diqqət yetirməmişlər. Görünür, hətta Sədnik Paşa­yevin Müsəmmə Miskin haqqındakı məqaləsini oxumamış­lar. (Pa­şayev Sədnik, 1970:1 sentyabr) Oxumuşlarsa da, Miskin Bürcü ilə Müsəmmə Miskinin fərli şəxslər oldu­ğuna diqqət yetirməmişlər. Bu faktlara diqqət yetirilsəydi, onda Axıskada yaşayan Xasta Hasan Göyçə mahalında yaşayan Ağ Aşıq (Al­lahverdi), Aşıq Alı kimi ustadlar sə­nət­karları qoyub şagir­di Ələsgərə bağlama göndərməsinə şübhə ilə yanaşardılar.


* * *

Azərbaycan Aşıqlarının IV Qurultayına hazırlıq ərəfə­sində Xəstə Hasanın haqqında ilk və doğru bilgilər mətbuat səhifəsinə yol tapmışdır. V.Hacıyev ilk dəfə böyük cəsa­rətlə ədəbi oğurluqda suçlanan Xəstə Hasan haqqında “zən­­gin və hərtərəfli yaradıcılığa malik qüvvətli bir sənət­kar,…böyük istedad sahibi” ifadələrini işlədərək, onun təcnis, divani və qoşmalarının axıcı, səmimi, ürəyə yatan olduğunu söyləmişdir. O yazır: “Hazırda Məshət-Cava­xe­tidə bu ətrafın gürcü və erməni kəndlərində onu böyük bir ustad kimi yad edən və şeirlərini əzbərdən bilənlər indi də vardır. Bavra, Koteliya, Toloşi, Prtena kəndlərində, Axar­kələk şəhərində biz bunun şahidi olduq” (Hacıyev Valeh, 1983: 12 aprel)

V.Hacıyev Gürcüstandan yaşayan söyləyicilərdən xa­ti­rə və rəvayətləri, aşıq şeirlərini toplamaqla kifayətlən­məyib, arxiv sənədləri ilə və Aşıq Şenlik haqqında Tür­kiyədə çap olunan məqalə və kitablarla da tanış olaraq Xas­ta Hasanın yaşadığı dövrü müəyyənləşdirib və məqa­ləsinin sonunda Xasta Hasanın “Kimdə var?” divanisini, “Məni” qoşmasını verib.

Valeh Hacıyevin məqaləsindən xəbərsiz mən də “Sovet Naxçıvanı“ qəzetinin 20 mart 1984-cü il sayında “El sənət­kar­larımız: Xasta Hasan” adlı məqaləmi çap etdirdim. Məqalədə diqqəti Xasta Hasanın ədəbi oğru olmadığına yönəltməklə ya­naşı, “Aşıq Ələsgər” kitabında Xasta Hasanla bağlı verilmiş rəvayətdəki yanlışlıqları ortaya qoydum. Aşığın yaşadığı döv­rü müəyyənləşdirmək üçün nəvə-nəticəsindən aldığım bilgini, şeirlərindəki tarixləri, eləcə də Türkiyədə çap olunmuş kitab­larda gənc Hasanın (Şenliyin) Aşıq Nurunun yanına gətiril­məsi rəvayətini əsas götürərək Xasta Hasanın 1766-1849-cu illərdə yaşadığı fikrini irəli sürdüm. İlk dəfə aşığın “Yüzdə bir” divanisini çap etdirməklə diqqəti orada adı çəkilən, hə­min dövrədək Azərbaycan folklorşünaslarının haqqında bir söz yazmadıqları Qul Qaranıya, Usta Polada, Çöllü İsmayıla, Dəli Tamoya və b. diqqəti yönəltmək istədim.



Xəstə Hasanam, qəmli-qəmli söylərəm,

Yara xançal vurub bağrım teylərəm,

Səksən üçdə ömrü tamam eylərəm,

Satlımaz tarıxı qədərim mənim.

bəndinə əsaslanıb Xasta Hasanın 83 il ömür sürdüyünü yaz­dım.

“Sovet Gürcüstanı” qəzetinin 1 iyul 1984-cü il sayında çap etdirdiyim “Xəstə Hasan və musirləri” məqaləmdə də diqqəti Xasta Hasanın yaşadığı dövrə, çağdaşı olan məşhur sənətkar­lara, şeirlərinin yüksək bədii dəyərinə çəkməyə çalışdım.

Çox təəssüf ki, Xasta Hasanın ömür yoluna və yaradı­cılığına aydınlıq gətirən bu məqalələr nəinki Türkiyəli, heç azərbaycanlı araşdırıcıların da diqqətini cəlb etmədi.

Xasta Hasanla bağlı araşdırmalarımı, əldə etdiyim bilgiləri və qəzetlərdə yayımlanmış maqalələri Aşıq Ələsgərin nəvəsi, orta məktəbdə mənə dərs demiş, məndə elmi axtarışlara həvəs oyatmış İslam Ələsgərova yolladım. Aşıq Ələsgər yaradıcılı­ğının və 20-ci yüzil Göyçə aşıq mühitinin araşdırıcısı, eyni zamanda “Aşıq Ələsgər” kitabının tərtibatcısı İslam müəl­limin gələcəkdə yanlışlığa yol verməməsini istədim. Təəssüf ki, İslam müəllim bu məsələyə soyuq yanaşdı və 1988-ci ildə yayınlatdığı “Aşıq Ələsgər” kitabında Xasta Hasanla bağlı ön­cələr çap etdirdiklərini olduğu kimi təkrarladı. (Aşıq Ələs­gər,1988: 176-177)

Aşığın şeirlərinin toplularda yayınlamasında, şeirlərinin dəyərləndirilməsində, ömür yolunun öyrənilməsində Valeh Ha­cıların xidməti böyük oldu. O, hətta əvvəllər yazdığı fi­kirləri də sonrakı məqalələrində necə deyərlər, saf-cüruk etdi, doğru olanları ortaya qoymaya çalışdı.

Xasta Hasanın ömür yolu və yaradıcılığı mövzusunda ar­dıcıl araşdırma aparan, həm Gürcüstanda yaşayan, türkcə şeir­lər söyləyən aşıqlardan material toplayan, arxivlərdə işləyən Valeh Hacılar (Hacıyev) 1991-ci ildə “Yazıcı” nəşriyyatında çap etdirdiyi “Folklorumuzun üfüqləri. (Azərbaycan-Gürcüs­tan folklor əlaqələri tarixindən)”, 1996-cı ildə nəşr etdirdiyi “Azərbaycan folklor antologiyası. Borçalı folkloru. II cild.” və 2005-ci ildə «Səda» nəşriyyatında işıq üzü görmüş “Gür­cüstanda Türk xalq ədəbiyyatı ənənələri” kitablarında Xasta Hasanla bağlı dəyərli fikirlər söyləmiş, bununla yanaşı, aşığın şeirlərini çap etdirməsində səmərəli işlər görmüş, 2009-cu ildə Tbilisidəki “Universal” nəşriyyatında “Xəstə Hasan (hə­ya­tı, şeirlərindən seçmələr)” adlı gözəl bir kitab nəşr etdir­miş­di. Xasta Hasan haqqında çap olunan ilk kitabda Valeh müəl­lim ağır zəhmətin bəhrəsi olan dəyərli ön söz də yazdı.

Asif Hacılı “Qəribəm bu vətəndə» kitabında Xasta Hasanın doğulduğu yer, nəsli haqqında yazıb və aşığın “Kimdə var” rədifli divanisini, “Vədəsində”, “Gizlənin”, “Pərişan” rədifli qoşmalarını çap etdirib. (Hacılı,1992:196).

Asif Hacılı altı il sonra Aydın Poladoğlu ilə birlikdə top­layıb tərtib etdikləri “Ahıska Türk folkloru” kitabın da da əv­vəlki yazdıqlarını təkrarlamış və “İftida”, “Eyləmə» rədifli di­vanilərini, “Sevdügüm”, “Qal indi”, “Yaxşıdır” rədifli qoş­ma­larını əlavə etmişdir. (Axısqa Türklərinin folkloru, 1998).

Xasta Hasanın ömür yolunun öyrənilməsində və təbliğində xidməti olan araşdırıcılarımızdan biri də Şurəddin Məmmədli (Məmmədov) Qarapapaqdır. O, “Borçalı ədəbi mühiti: qay­naq­­ları, təşəkkülü, inkişafı” kitabında və doktorluq disser­ta­siyasında Xasta Hasana geniş yer ayırmışdır. Aşığın həyat hekayəsiylə bağlı yeni bilgilərdən yararlanmış, yaşadığı dövrü müəyyənləşdirməkdə özündən əvvəl yazan müəlliflərin fikir­lərilə razılaşmadığını bildirmiş, aşığın şeirlərinin bədii də­yə­rindən söz açmışdır. (Qarapapaq Şurəddəin, 2000:132). Onun böyük xidmətlərindən biri də ilk dəfə Ziya Borçalının hazırlamış olduğu cüng-bəyazları, Gürcüstan Elmlər Akade­miyası K.Kekelidze adına Əlyazmalar İnstitutundakı cüng-bəyazılarıları və b. cüng-bəyazları araşdırmaya cəlb etməsi ol­du. Bu qaynaqlar göstərdi ki, Xasta Hasanın “Yüzdə bir” di­vanisində adı çəkilən aşıqların bəzilərinin şeirlərini arxivlər­dəki cüng-bəyazlarda var. Əldə etdiyi qaynaqlara dayanan Ş.Məmmədli-Qarapapaq “Borşalı-Ahıska-Kars ortaq ədəbi arealı” kitabında bölgədə yaşayan 43 aşıq və aşıq üslubunda yazan şairin siyahısını hazırladı, onların hansı şəhər və kənd­dən olduğunu göstərdi, Qul Qaranı, Xasta Hasan, Aşıq Nuru, Molla Xəlis, Şenlik Baba və b. haqqında kiçik oçerklər verdi. Cüng-bəyazlardakı şeirlərin faksimelinin (fotosurətini) veril­məsi kiçik həcmli kitabın dəyərini artırdı.(Məmmədli-Qar­papaq Şurəddin, 2004)

Professor İsmayıl Kazımov Axısqa türklərinin dialektinin araşdırılmasına həsr etdiyi namizədlik dissertasiyasında 17-18-ci əsrin sənətkarları sırasında Axarkələkli Xəstə Hasanın da adını çəkib. (Kazımov İ., 2002, 4:133). Şeirlərində XVIII-XIX əsrlərdə yaşamış Vaqifin, Gövhərinin adını çəkən, Qul Qaranı, Aşıq Urfanı, Usta Polad kimi sənətkarlarla qarşılaşan, nəvələrinin günümüzədək yaşayan bir insanın 17-ci yüzildə yaşamasını söyləməkdə isə diqqətsizliyə yol verib.

Professor Qara Namazov da “Aşıqlar” kitabında prof. Va­leh Hacıyevin (Hacılar) araşdırmalarından yararlanaraq Xasta Ha­sanın öz keçmişini və aşığın “Mənim” qoşmasını, “Kimdə var” divanisini çap etdirmişdir. (Namazov Qara, 2004,169-170)

Sankt-Peterburqda yaşayan və işləyən Faiq Çələbi 1-5 dekabr 1997-ci ildə Bakıda Albert Beys adına Beynəlxalq Konfransın Təşkilat Komitəsi, Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutu və Xətai Rayon İcra Hakimiyyətilə birgə keçirdiyi “VI Lord Beys Konfransı və Dədəm Qorqudun ki­tabı” sempozyumunda “Xəstə Hasan dastanı” adlı məruzə ilə çıxış etdi. Araşdırıcı əsas diqqəti Qazaxıstan Respublikasının Çimkənd bölgəsində yaşayan Axısqa türklərindən Xasta Ha­sanla bağlı topladığı şeir və rəvayətlərə yönəltmiş və çıxışını Aşıq İlyas Dadaşovdan topladığı material üzərində qurmuşdu.

AMEA Folklor İnstitututunun hazırladığı çoxcildli Azər­bay­can Folkloru Antologiyasının Ağbaba bölgəsindən toplan­mış 8-ci cildində də Tacir Səmiminin Aşıq İsgəndər Ağbaba­lıdan topladığı “Xəstə Hasanın Hosubiya bəylərinə şikayəti” və “Xəstə Hasanın Daştı Qullar səfəri” rəvayəti verilmişdir. (Azərbaycan, 2003:343-357).

Filologiya elmləri üzrə fəlsəfə doktoru Elxan Məmmədli ra­dio və televiziyadakı çıxışlarında, mühazirələrində Xasta Hasandan ilhamla söz açsa da, babasından topladığı “Qaranı ilə Xəstə Hasanın nağılı” adlı rəvayətini 1996-cı ildə Azər­baycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun arxivinə versə də, onun çap olunmuş məqalələrində Xasta Hasan yaradıcılığına münasibətə rast gəlmədik.

Həstə Hasanın tanıdılmasında, təbliğində araşdırıcılardan Tacir Səmiminin, Aslan Bağırovun, Aftandil Ağbabalının, Nailə Əsgərovanın əməyi keçmişdir.

Uzun illər Xəstə Hasanın yaradıcılığı ilə maraqlanan bu sə­tirlərin müəllifi də radio və televiziya çıxışlarında, elmi kon­franslardakı məruzələrində aşığın ömür yolu, yaradıcılığı ilə bağlı fikirlərini elmi ictimaiyyətlə bölüşdürməklə qalma­mış, “Sovet Naxçıvanı”, “Sovet Gürcüstanı” qəzetlərində, Tür­ki­yədəki “Motif” Akademi Halk Bilim dərgisinin (Azər­bay­can özəl sayı) 2012-ci il 2-ci sayında məqalələr nəşr et­dirmiş, eləcə də AMEA Folklor İnstitututunun 18-21 mart 2004-cü ildə keçirdiyi ”Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” II Uluslararası Folklor Konfransındakı “Xəstə Ha­sanın ömür yo­luna aid bir dəqiqləşdirmə”, 1-3 noyabr 2006-cı ildə keçirdiyi ”Ortaq türk keç­mi­şindən ortaq türk gə­ləcəyinə» IV Ulusla­rarası Folklor Konfran­sı­ndakı “Aşıq Ür­faninin ömür yolu və şeir­ləri”, Almatıda 21-23 may 2007-ci il­də keçirilən “Kaza­hıs­tan ve Türki­yenin ortak kültürel de­gerleri sempozyumu”ndakı “Hasta Hasanın şiirleri Kaza­hıstanda”, Bakıda 17-19 Oktyabr 2007-ci ildə keçirilən ”Ortaq türk keç­mi­şindən ortaq türk gələcəyinə» IV Uluslararası Folk­lor Konfran­sı­ndakı “Sözdə birincilərdən olan Aşıq Qaranı”, Ankarada 29-30 noyabr 2007-ci ildə kecirilən “Somut olma­yan kültürel miras. Yaşayan aşık sanati sempozyumu”ndakı “Ahıskalı Hasta Hasan ve onun yarattığı aşık mektebi” möv­zusunda məruzələr oxumuşam. Mə­ruzələrin mətnləri (“Ahıs­kalı Hasta Hasan ve onun yarattığı aşık mektebi” məruzə­sindən başqa) çap olunmuşdur.


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə