Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,75 Mb.
səhifə1/31
tarix29.05.2018
ölçüsü2,75 Mb.
#46633
  1   2   3   4   5   6   7   8   9   ...   31

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

FOLKLOR İNSTİTUTU

______________________________________________
QARABAĞ:
FOLKLOR DA BİR TARİXDİR

IV KİTAB
(Laçın, Qubadlı və Zəngilan rayonlarından

toplanmış folklor örnəkləri)

BAKI – 2013
Qarabağ folklorunun toplanması,

sistemləşdirilməsi və araşdırılması” adlı layihə

əsasında çap olunur.

LAYİHƏNİN RƏHBƏRİ: fil.ü.e.d. Muxtar KAZIMOĞLU

(İMANOV)

TOPLAYANLAR: fil.ü.f.d. İlkin RÜSTƏMZADƏ

Sevinc BAĞDADOVA

TƏRTİB EDƏN: fil.ü.f.d. İlkin RÜSTƏMZADƏ

REDAKTOR: fil.ü.f.d. Oruc ƏLİYEV

NƏŞRİNƏ MƏSUL: fil.ü.f.d. Əziz ƏLƏKBƏRLİ

Qarabağ: folklor da bir tarixdir, IV kitab (Laçın, Qubadlı və Zəngilan rayonlarından toplanmış folklor örnəkləri). Bakı, “Elm və təhsil”, 2013.
folklorinstitutu.com
İSBN – 9-789952-810851
Q 4603000000 Qrifli nəşr

N-098-2013

© Folklor İnstitutu, 2013

TƏRTİBÇİDƏN
“Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araşdırılması” layihəsi çərçivəsində təqdim olunan bu kitaba Laçın, Qubadlı və Zəngilan rayonlarından toplanmış folklor örnəkləri daxil edilmişdir. Həmin rayonlara müxtəlif vaxtlarda folklor səfərləri təşkil edilsə də, bölgə indiyə qədər sistemli toplamaya cəlb olunmamışdır. Bölgə folklorunun əsas toplayıcılarından biri Əhliman Axundov olmuş və onun, eləcə də digər toplayıcıların bu rayonlardan topladığı folklor nümunələri, əsasən, nağılları, Qaçaq Nəbi haqqında rəvayətləri əhatə etmişdir. Bölgəyə növbəti folklor səfərləri 1988-1990-cı illərə təsadüf edir. Vəli Nəbioğlu, Muxtar Kazımoğlu və Əfzələddin Əsgər tərəfindən təşkil olunmuş həmin səfərlər zamanı toplayıcılar Qubadlı, Zəngilan, Cəbrayıl və Laçın rayonlarında olsalar da, bu səfərlər də bölgəni tam əhatə etməmiş, Qubadlının 10, Laçının 3, Cəbrayılın 12, Zəngilanın isə 6 kəndi əhatə olunmuşdur. Bölgə folklorunun tam toplanılmaması həmin rayonların əhalisi arasında toplama işi aparmağın vacibliyini göstərən amillərdəndir.

Laçın rayonu 1930-cu ildə təşkil edilmişdir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Ərazisi 1835 km2, əhalisi 2013-cü ilin məlumatına görə 72298 nəfərdir. Rayon bir şəhər, bir qəsəbə və 127 kənddən ibarətdir.

Laçın rayonunun mərkəzi şəhər üçün o qədər də əlverişli olmayan bir yerdə – Laçın dağının döşündə yerləşir. Çar Rusiyası dövründə Gorus-Şuşa fayton yolu buradan keçirdi və Gorusla Şuşa arasında poçt əlaqəsi bu yol vasitəsilə gerçəkləşirdi. Vaxtilə Abdallar kəndinin kənarında poçt məntəqəsi tikilmiş və hər iki istiqamətdən gələn çaparlar həmin poçt məntəqəsində gecələyib səhər yollarına davam etmişlər. Rayon mərkəzi üçün belə bir yerin seçilməsində də həmin poçt məntəqəsinin böyük rolu olmuşdur. Laçın rayonu təşkil olunarkən onun adı ilə bağlı müxtəlif təkliflər irəli sürülür. Bəziləri rayonu Abdallar kəndinin adı ilə adlandırmağı təklif edir, digərləri başqa təkliflə çıxış edirlər. Müzakirədə iştirak edən dövlət nümayəndəsi – Hüsü Hacıyev yaxınlıqdakı dağın adını xəbər alır. Dağın adının Laçın olduğunu biləndə rayonu da həmin dağın adı ilə adlandırmağı təklif edir.

Qubadlı rayonu da Azərbaycan Respublikasi İcraiyyə Komitəsi və Xalq Komissarları Sovetinin qərarı ilə 1930-cu ildə təşkil edilmişdir. Rayon 1 şəhər və 93 kənddən ibarətdir. Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşir. Sahəsi 802 km2, əhalisi 2011-ci ilin siyahıya alınmasına görə 34252 nəfərdir. Ermənistan Respublikası ilə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonu, Laçın, Cəbrayıl və Zəngilan rayonları ilə həmsərhəddir.

Topluya daxil edilmiş folklor örnəkləri 2013-cü ilin mart-aprel aylarında toplanmışdır. Kitabın böyük hissəsini Laçın rayonundan toplanmış folklor örnəkləri təşkil edir. İki aya yaxın zaman ərzində biz Laçının 30-a yaxın kəndinin yüzdən artıq sakini ilə söhbətlər edib, material toplamışıq. Kitabda həmçinin Qubadlı rayonunun 7 kəndi əhatə olunmuş, Zəngilan rayonu isə bir neçə nümunə ilə təmsil olunmuşdur.

Taxtakörpü qəsəbəsinə ilk səfərimiz artıq bizdə bu rayonda hansı janrların daha işlək olması, insanlar arasında daha çox hansı tipdə folklor örnəklərinin danışılması haqqında aydın təsəvvür yaratdı. Bəlli oldu ki, laçınlılar arasında Paşa bəy, onun oğlanları Sultan bəy, Xosrov bəy haqqında, Paşa bəyin yanında aşıqlıq etmiş Aşıq Abbas haqqında, eləcə də sovetlərə qarşı çıxan və rejim əleyhinə mübarizə aparan qaçaqlar haqqında maraqlı rəvayətlər danışılır. Eləcə də Qubadlı sakinləri ilə görüşlərimiz zamanı məlum oldu ki, Qaçaq Nəbi, Əlyanlı qaçaqları ilə bağlı rəvayətlər öz təravətini qoruyub saxlayır. Bundan əlavə, Baqi və ayrı-ayrı baməzə adamlar haqqında lətifələr qubadlılar arasında geniş yayılıb. Bunu nəzərə alıb biz də ünsiyyətdə olduğumuz insanları məhz bu mövzular üstündə kökləməyə çalışdıq və nəticədə iki aya yaxın bir zamanda bu kitabı tamamlaya bildik.

Bölgə folklorunun toplanmasında qarşılaşdığımız əsas çətinliklərdən biri əhalinin dağınıq olması, müxtəlif rayonlarda məskunlaşmasıdır. Laçının işğalından sonra bu rayonun sakinlərinin bir qismi vaxtilə Laçın rayonunun qışlaq yeri olan Taxtakörpü qəsəbəsində, digər qismi Bakı, Sumqayıt şəhərlərində, ümumilikdə isə Azərbaycanın 57 rayonunda məskunlaşmışdır. Qubadlıların isə böyük əksəriyyəti Sumqayıt şəhərində yerləşmişdir. Kompakt yaşadıqları ərazilərdə belə hərə bir kənddən gəldiyindən və insanlar bir-birini tanımadığından “görüşmək üçün daha kimi məsləhət görürsünüz?” – deyə soruşduqda ad verməkdə, ünvan göstərməkdə çətinlik çəkirdilər. Ona görə də kənd icra nümayəndələrinin dəstəyi olmadan bu insanları tapmaq, onlarla görüşmək bizim üçün həddən artıq çətin olardı. Yerli icra nümayəndələri ya özləri bizi kəndin məlumatlı, yaşlı sakinləri ilə tanış edir, ya da onların ünvanını, əlaqə telefonunu bizə verir, bu yolla biz həmin şəxsləri tapıb onlarla söhbətlər aparırdıq. Ünsiyyətdə olduğumuz şəxslər arasında həm təhsilli, həm də təhsilsiz adamlar vardı. Təhsilli insanlar daha çox kəndin keçmişi, oradakı nəsillər, ayrı-ayrı şəxslərlə bağlı maraqlı xatirələr, rəvayətlər danışır, amma nağıla gəldikdə məlum olur ki, ya ümumiyyətlə nağıl bilmir, ya da bildiklərini qol-qanadını qıraraq danışırlar. Bu faktın özü bir daha onu göstərir ki, bu gün klassik folklorun öləziməsinin, tədricən sıradan çıxmasının bir səbəbi də insanların savadlanması, təhsil almasıdır. Toplama zamanı savadlı adamlar arasında nağılçılara təsadüf etmədik, rastlaşdığımız ən yaxşı nağılçılar məhz savadsız adamlar arasından çıxanlar oldu. Doğrudur, bəzən savadlı adamlar arasında da klassik folklora maraq göstərən şəxslərə rast gəlirik, amma belə adamlar istənilən folklor mətninə deyil, məhz ibrətamiz məzmunlu mətnlərə daha çox maraq göstərirlər. Laçın rayonunun Ərikli kənd sakini Paşa Əvəz oğlu İsgəndərov belə söyləyicilərdən biridir. Biz ondan “Kor kişinin nağılı”, “Belə də qalmaz”, “Allahdan gələn bəla” nağıl nümunələrini, eləcə də rəvayətlər qeydə aldıq. Amma qeydə alınmış parçalara diqqət yetirilərsə, görərik ki, onlar hamısı ibrətamiz məzmunlu mətnlərdir və söyləyici özü də etiraf edir ki, yeri gələndə həmin nümunələrdən öz fikrini əsaslandırmaq, nitqini daha təsirli etmək üçün istifadə edir.

Bərdə və Ağcabədi rayonlarında qarşılaşdığımız Musa kişi, Narış nənə kimi bizə altı-yeddi saatlıq material verən söyləyicilərə bu rayonlarda rast gəlmədik. Ən yaxşı halda biz bir söyləyicidən iki saatlıq material toplaya bildik. Bir çox söyləyicilər mətnləri uzun müddət ifa etmədiklərindən artıq onları unutmuşlar. Məsələn, Aşıq Umbay artıq uzun müddətdir məclis aparmadığından bir çox dastanları, aşıq rəvayətlərini unutmuşdur. Ondan qeydə aldığımız “Nigarın İstanbula aparılması” dastanı və “Sulduzlu Aşıq Bəhmən” rəvayətini ilk dəfə bizə söylədikdə nəsr hissəsini təfsilatı ilə danışdı, amma nəzmə gəldikdə şeirlərin bəzi bəndlərini yadına sala bilmədi. Həmin bəndləri yalnız sonradan xatırladı və bu yolla biz onları bərpa edə bildik. Aşıq Umbayın repertuarında bir çox dastan nümunləri vardır, amma həmin nümunələri kitabdan öyrəndiyi üçün biz ondan ancaq eşidib yadda saxladığı şifahi nümunələri qeydə aldıq. Kitaba daxil edilmiş həmin nümunələr onun Gəncəli Aşıq Mais, Aşıq Hümbət və başqalarından eşitdiyi parçalardır.

Bizim üçün maraqlı söyləyicilərdən biri də Taxtakörpü qəsəbəsində məskunlaşmış Piçənis kənd sakini Yurin Abbas oğlu Zeynalovdur. Yas məclilərini aparan Yurin kişi ilə yalnız bir dəfə görüşə bildik və bu söhbətimiz iki saatdan artıq çəkdi. Atası Sultan bəyin aşpazı olduğundan biz onun diqqətini bu mövzuya yönəltdik və Paşa bəy, Sultan bəy, Aşıq Abbas haqqında maraqlı xatirələr, rəvayətlər qeydə aldıq. Daha sonra onun nağıl bilib-bilmədiyini yoxlamaq üçün bir-iki süjeti xatırlatdıq və bizə “İmam Hüseyn aşiqi” nağılını danışdı. İnanırıq ki, onunla yenidən görüşsək, daha çox nümunələr toplaya bilərik.

Haqqında xüsusi danışmaq istədiyim söyləyicilərdən biri də Vağazin kənd sakini Güllü Səttar qızı Abasəliyevadır. Biz onun yanında iki dəfə olduq və iki yüzdən artıq bayatı nümunəsi qeydə aldıq. Güllü nənənin kədərli bir taleyi vardır. Bir oğlunu müharibədə, digərini Taxtakörpü qəsəbəsində itirmişdir. Özünün də dediyi kimi, onu danışdıran həmin ağrı-acı, həmin dərddir. Yeri gəlmişkən qeyd edim ki, bayatı söyləyiciləri bəzən bir neçə bayatı dedikdən sonra təbi gəlmədiyi üçün ardını gətirə bilmir, yaxud onları qəhər boğduğundan sözlərinə davam edə bilmirlər. Amma Güllü nənə üçün bayatı söyləmək elə bil adiləşib və əhvalında heç bir dəyişiklik olmadan birnəfəsə onlarla bayatı söyləyə bilir. Əslində bu bacarıq və səs ona nəsildən keçmədir. Anası əslən Ağdamın Saybalı kəndindəndir və ağı deyən olub. Güllü nənənin dediyinə görə, bir dəfə kənddə cavan bir adam dünyasını dəyişir. Anası və xalası yasda ağı deyəndə onların səsi bir ağsaqqala o qədər təsir edir ki, camaatı yara-yara gəlib ağıçılara qulaq asmağa başlayır. Anasındakı o avaz, o yanqılı səs Güllü nənəyə keçmişdir. Bu gün də o, yas yerlərində ağı deyir, amma onun bizə söylədiyi bayatı ilə yas yerində oxuduğu bayatı bir-birindən fərqlənir. Güllü nənə bayatıları bizə adi tonda söyləyirsə, yas yerində onları daha yanıqlı tərzdə oxuyur. Güllü nənə bir neçə bayatını bizə yas yerində oxuduğu tərzdə ifa etdi, qulaq asanların heç biri göz yaşını saxlaya bilmədi.

Taxtakörpü qəsəbəsində məskunlaşmış Dambulaq kənd sakini Seyid Balaxanım isə bildiyi bayatıları bizə söyləməkdən çəkindi. Dediyinə görə, vaxtilə bayatıya çox həvəsi olub, tez-tez bayatı çəkərmiş. Amma sonradan cavan bir oğlu dünyasını dəyişir. Balaxanım nənə belə hesab edir ki, Allah onun bayatıya həvəsləndiyini görüb, cavan oğlunu əlindən alıb. Ona görə də həmin hadisədən sonra bayatı demir.

Bölgəyə səfərlərimiz zamanı vaxtilə yazıb-yaratmış, lakin vaxtında toplanmadığından yazdıqları itib-batmış el şairləri, aşıqlar haqqında da məlumatlar əldə etdik. Əslən Dərələyəz mahalından olan, lakin sonradan Laçın rayonunun Bilündüz kəndində məskunlaşan Səyyah Məhəmməd belə şairlərdən biridir. Səyyah Məhəmmədlə bağlı laçınlılardan qeydə aldığımız xatirələri, şeirləri topluya daxil etmişik. Aşıq Abbas, Qara Kərim və Aşıq Möhübbət də irsi itib-batmış şairlərdəndir. Qara Kərim və Aşıq Möhübbətin bəzi şeirlərini qeydə ala bilsək də, Aşıq Abbas haqqında bunu demək mümkün deyildir. Aşıq Abbasın adını ilk dəfə eşitdikdə biz onun aşıq olduğunu təsəvvür etmişdik, amma toplamalarımızı dərinləşdirdikcə məlum oldu ki, bölgədə hər hansı musiqi alətində çalmağı bacaran istənilən şəxsə aşıq deyirlər. Aşıq Abbas da sadəcə, nağara ifaçısı olub (bu sənət ona atasından qalıb), bununla belə ünsiyyətdə olduğumuz şəxslər onun şeirlər yazdığını və həcv ustası olduğunu deyirlər. Biz onun şeirlərindən yalnız bir-iki bənd əldə edə bildik, ünsiyyətdə olduğumuz şəxslərdən onun şeirlərini xəbər alsaq da, təəssüf ki, məlumat verə bilən olmadı.

Söyləyicilərin verdiyi məlumata görə, keçən əsrin 80-ci illərinə qədər kəndlərə aşıqlar gələr və devran (dövran) keçirərdilər. Devranlar bölgədə folklorun ifa olunduğu və yaşlı nəsildən gənc nəslə ötürüldüyü əsas məclislərdən biri idi. Aşıq hər kəsin evinə deyil, kimin damı geniş idisə, ora düşərdi və kəndə xəbər yayılardı ki, axşam filankəsin evində devran keçiriləcəkdir. Camaat axşam mal-qaranı tövləyə saldıqdan və yemək yedikdən sonra ora yığışardı. Damı işıqlandırmaq üçün sütunlardan çıraq asardılar. Aşıq devrana başlamazdan əvvəl bildiyi dastanları sayar və camaatdan hansı dastanı istədiklərini soruşardı. Hansı dastanı desəydilər, onu danışardı. Belə məclislər gecəyarısınacan davam edirdi, aşıq dastanı tamamlaya bilmirdisə, onun davamını səhərə saxlayırdı.

Söyləyicilərin dediyinə görə, o vaxt kəndlərə iki cür aşıq gəlirdi: balabanlı və balabansız aşıq. Balabanlı aşıq uşaqlar üçün daha maraqlı olurdu. Uşaq vaxtı belə məclislərdə iştirak etmiş Qubadlı sakini Telli nənənin dediyinə görə, aşığın sözləri uşaqları o qədər maraqlandırmırdı, amma rəqsləri onlara ləzzət verirdi.

Dastanın ortasında aşıq bəzən məclisi şənləndirmək, insanların eynini açmaq üçün kiməsə atmaca atırdı, yaxud ona bir şeir deyirdi. Telli nənənin dediyinə görə, bir dəfə aşıq dastanı danışdığı yerdə onun kolxoz sədri olan qardaşına söz atıb deyir:

Sədri gəlir günorta,

Şalvarın darta-darta.

Sədriyə nə lazımdı?

Sarı yağnan yumurta.

Telli nənənin dediyinə görə, hamı aşığın bu sözünə əl çalmışdı.

Sonda söyləyicilərlə görüşlərin təşkilində bizə verdikləri dəstək və köməyə görə Laçın və Qubadlı Rayon İcra Hakimiyyəti qurumlarına, Laçın Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə Orqanları ilə İş şöbəsinin müdir müavini Məhəmməd Şahbazova, Laçın Rayon İcra Hakimiyyətinin Bakıdakı Nümayəndəliyinə – Bəsti Nəcəfli və Yaqut Cabbarlıya, Qubadlı Rayon İcra Hakimiyyətinin müavini Rasim Halıqverdiyevə, Ərazi İdarəetmə Orqanları ilə İş şöbəsinin müdiri Razim Əliyevə, böyük məsləhətçi Məhəmməd Həsənova dərin minnətdarlığımızı bildiririk.
MİFOLOJİ MДTNLДR, ДFSANД

VД RДVAYДTLДR
1. QURD QADIN
I mətn

Bizim camahatdan kimsə gedirmiş Qarabağ tərəfə. Görür ki, arabanın üsdündə bir oxuyan gəlir. Deyir, gördüm o oxuyan yoxa çıxdı. Yaxınnaşdım dəyirmanın qabağına, gördüm həmən arabaçı taxıl boşaldır. Dedim ki, əmi, bayax oxuyan kim idi? Dedi ki, bala, mən idim. Dedim:

– Onu bir də oxuyarsan, ürəyim rahatlansın.

Deyir:


– Yox, bala, o gəldi getdi. O bir eşq idi, məhəbbət idi, gəldi də, getdi də.

O nağıl elədi ki, bir gün dəyirmana dən gətirmişdim. Dedilər ki, burda gejə biz dən üyüdə bilmirik. Dedim, niyə? Dedilər bura kimsə gəlir, unu yoğurur, bişirir, çıxır gedir. Dedim ki, icazə verin mən bu gejə gedif orda qalım. Gəldim qaldım. Qalanda qapını bir az açıq qoymuşam, özüm də gizdənmişəm bir küncdə. Gördüm qurt dərisində bir qadın gəldi. Dərini üsdünnən götürdü qoydu qırağa, başdadı xamır yoğurmağa. Mən dərhal bunu qucaxladım, partdadı. Ayağımnan itələdim, qurt dərisini atdım ojağa. Dedi ki, ay aman yandım, ay haray yandım. Dəri tamam yanana qədər mən onu saxladım qucağımda. Dedi:

– Allah sənə insaf versin. Məni bihörmət eləmə, başıma gələn əhvalatı saa danışajam. Maa bir əba ver bürünüm ona.

Çuxam vardı, deyir, çıxartdım çuxanı bükdüm buna. Dedim, indi söylüyə bilərsən. Söylədi ki, mən gejə lüt çölə çıxmışdım. Çölə çıxanda üsdümə dəri atdılar, qoşuldum qurtdara düşdüm çöllərə. Qurtdarnan gəzdim. Onnarnan ayaqlaşa bilmirdim, ayağımın altı yara idi.

Onu apardım kəntdə əyninə paltar tikdirdim. O vaxdan bu səmtə gələndə o yadıma düşür bircə dəfə oxuyuram. Onnan sora ruhum ölür, oxuya bilmirəm.

II mətn

Mən uşağ idim, dedilər ki, Qubatdı rayonunun hansısa bir kəndində bir qadının uşağı oluf. Uşağı olannan sora zahı-zahı hansı günsə suya girif. Sudan çıxanda başına canavar dərisi atıflar, oluf canavar. Canavarlara qoşuluf çıxıf gedif. Döşdəri dolanda gözdüyürmüş, canavarlar gedəndə dərini çıxarıf gəlif uşağını əmizdirirmiş. Gediflər bir qatırı paralıyıf yeyəndə belinin yara yeri düşüf buna, diksinif ayılıf. Gözdüyüf, canavarlar çıxıf gedir, dərini çıxarıf tulluyur, qayıdıf gəlir.


III mətn

Qadın xeylağı alt paltarıynan çölə-bayıra çıxanda onun boynuna canavar dərisi atılır. Bizdə ona xırxa deyillər. O qoşulur canavarlara. Bir müddət gəzir-hərrənir, səhər açılan zamanı gəlir xırxanı soyunur gizdiyir, gənə həmənki adam olur. O biri gejəsi bir də həmən xırxanı geyinir, gənə qoşulur canavarlara. İndi onu bilən adamlar onun güdüyündə durullar. Müəyyən bir yerdə ojax qalıyıllar. O, xırxanı əyninə geyinəndə əlinnən alıf ojağa atıf yandırıllar. Onnan da xırxa qutarır.


2. BEL AĞRISI
Musa əleyhsalam gedirdi Turi-sənaya. Bir zənan çıxdı ki, başına dönüm, biz dokquz ay, dokquz saat, dokquz dəyqə bətnimizdə uşax saxlıyırıx. Qıpqırmızı qanımızı düm ağ süd eliyif onu əmizdiririk. Nolar doğuş zamanı çəkdiyimiz ağrını atasına versin Allah-taala. Peyğəmbər qalır naəlac, amma sözün deməliydi, elçidi. Getdi. Dedi:

– Musa, genə nəysə sözün var?

Dedi:

– Ya Allah, belə bir zənan çıxdı qənşərimə, maa belə buyrux verdi.



Dedi ki, get denən verdim. Bu qadın getdi kəndin mollasıynan işini qurdu, heç öz ərini ağrı tutmadı. Məqam başa gələndə mollanı ağrı tutur. Allah napəyin sözünü tez eşidir, bir də Allah-taala sirr aşmır. Arvad işi başa düşəndə üz tutur Allahın dərgahına, istixaza eliyir ki, ya Allah, o ağrını qaytar ver özümə. Helə olur o ağrını qaytarır verir qadınnara.
3. HAL HAQQINDA
I mətn

Mənim Cahangir babam ovçu oluf. Bir dəfə dağ keçisi vuruf, bunu soyurmuş. Baxır ki, bir arvad gəlir buna sarı. Baxır ki, bir arvatdı, saçı burux-burux, döşləri tökülüf buraya (qurşağını göstərir – top.). Gəlir deyir, Ovçu Cahangir, ovun qannı olsun. Deyir, sağ ol. Oturur bir az bunun yanında. Bir az oturannan sora deyir, Ovçu Cahangir, gedək o mağarada bir az söhbət eliyək. Deyir, yox, kəndə gedəjəm mən. Birin bu deyir, birin o deyir. Birdən belə eliyir (iki barmağını qabağa gətirir – top.), deyir çox sənin kimi cahangirlər hörmüşəm oraya. Deyəndə Cahangir babam gordanı burdan geydirir. Bu çığıra-çığıra gedir. Gedəndə də bunun gerisiynən bir güllə atır. Güllə atanda sən demə halın uşaxlarını bir canavar gəlif təpbək isdiyirmiş, güllənin səsinə çıxır gedir.

Nəysə, Ovçu Cahangir çıxır gedir kəndə. Bilmirəm çox keçir, az keçir aradan. Bu adam ev üzü görmürmüş. Düşür xəsdəliyə, yatalax xəsdəliyinə. Yatırmış Aşağı Qaraçannıda. Ev damında da dərəvə deyirdilər, adam onun yanıynan hərrənəndə bircə başı görükürdü. Babam da yatmışmış. Baxır ki, həmən başdı gəlir. Hal deyir, Ovçu Cahangir, Ovçu Cahangir, məni tanıyırsan? Babam deyir, yox, tanımıram. Amma tanıyır. Gordası, deyir, həmişə döşəyinin altında olurmuş. Deyir ki, Ovçu Cahangir, qalx ayağa. Qalx deyəndə döşəyin altından gordanı çıxardır diriyir bunun boğazına. Deyir, məni öldürmə, qoy saa bir söz deyim. Bax, bu yatalağı biz yayırıx. Sənin atdığın güllənin səsinə iki balamı canavar salıf. Yeddi arxa dönənizdən tovba, mənə dəymə. O da çıxır gedir.


II mətn

Bir halı bizim ulu babamız tutub aparır Kalba Şahbaz ojağına. Halı qul kimi işdədirlər. Bir gün hal üsdündəki sancağı kiməsə aşdırıf gedir. İşdəməhdən çox yorulmuşmuş. Evdən xeyli aralananda deyif.

Nədəndi ha nədəndi,

Köynəyi gül bədəndi.

Hər şeyi məndən soruşduz,

Birjə onu soruşmadız

Cavan ölmax nədəndi?

Hal sora üzünü Kalba Şahbazgilə tutub deyif ki, həməşə əviiz zirt-zibilli olsun.

Bala, mən həməşə deyirəm ki, halın o dediyi sözdər bizə düşüb. Evimizi nə qədər yığışdırıram heş bir yana çıxmır.
4. CİN HAQQINDA
I mətn

Camahat Çay kəndində olan vaxdı bir cin gəlir düşür evə. Kişi tez iynəni sancır onun üsdünə. İynə onun üsdündə olanda gedə bilmir. Bir neçə il qalır burda. Özü də ona ad qoymuşdular, Qızxanımmış. Axşamatan işdiyirmiş, bir aylə kimi bularnan yaşıyırmış. Bir gün ev yiyəsi hara isə gedir, evdə bir oğlan uşağı qalır. Arvad deyir, bala, gəl bu iynəni çək yaxamdan. Arvad onnan da qeyb olur. Gəlillər ki, yoxdu. Deyillər, ay bala, nətər oldu? Deyir hal-qəzyə belə. İynəni çəkdim, getdi.

Cin gejəyarı gəlir çıxır bəjənin üsdünə. Çağırır ki, filankəs, neçə illər mən sizə qulluğ eləmişəm, mənim haqqıma nə verəjəhsən? Kişi isdiyir deyə ki, bir inək verəjəm, qoyun verəjəm. Arvad deyir, əşi, dayan. Deynən ki, ojağın külün, evin zibilin verirəm (çox yerdə arvatdar kişilərdən ağıllı olur). Heylə olur bu çıxır gedir. Bunnar hər səhər dururmuş ki, ev gül kimi, ojaxda kül yox. Bir neçə il belə keçir. Bir səhər durullar ki, zibil də yerindədi, kül də. Deyillər ki, vallah, Qızxanım öldü.

II mətn

Haral kəndində Müsdü adında bir kişi yoxa çıxıf. Deyillər guya çörəyi kəsəndə pismillah demiyif, cinnər onu aparıf. Bir müddətdən sora hay gəlif ki, Müsdü Qubatdı rayonunun Xəndək kəndindədi. Bu belə oluf ki, Müsdü qojalıf əldən düşüf. Bunu görən cinnərin böyüyü deyir ki, bunu aparın qoyun evinə, gəlin. Müsdüyə də tapşırıf ki, cinnər sənə desələr, bura haradı, denən bilmirəm, bura haradı, denən tanımıram. Tanıdım deyən kimi səni ora qoyajaxlar. Ora gələndə deyif bura Xəndəkdi. Bir vaxt görüf heş kim yoxdu. Əgər deməsəydi, onu Fərəcana – öz kəntdərinə kimi gətirəjeydilər.


5. OVÇULUQLA BAĞLI XATİRƏLƏR
I mətn

Mən özüm ovçu olmuşam, özü də quşu gözünnən atan ovçulardan olmuşam. Turşsuyun üsdünə yaz vaxdı əliklər su işməyə gəlillər. O suda duzlulux olduğu üçün onun üsdünə gəlillər. Getmişik ora. Əlik gəlif dayanıf, atmışam. Atmışam, əlik tərpənmiyif. Üç güllə atmışam, əlik tərpənmiyif. Yanımdakı yoldaşım dedi ki, bu nətər ola bilər, əliyin o tərəfinnən güllənin çıxdığın gördüm, amma bu heyvan yerindən tərpənmədi? Getdik ki, əlik elə ayax üsdündə keçinif. Onnan sora gəldim dayıma dedim ki, əliyə güllə atmışam qabağımnan qaşmıyıf. Dedi ki, innən belə əliyə sən güllə atma. Ov sənin qabağında dayanıf.

Mən onun sözünə qulax asmadım, sora bir dənə də əlik vurdum. Əlik çığırdı. Mən gedənə qədər əlik çığırıf. Gedif boğazınnan tutmuşam, səsi çıxmıyıf, onnan sora başın kəsmişəm. Qayıdıf gəlmişəm evə ki, bizdən çoxlu arvad-uşax gedir. Evi də təzə tikmişik, hələ üsdün vurmamışıx. Bu uşaxlar da balaca idi. Birinə də rezin dooşan almışam. Çıxıflar evin üsdündə oynayanda uşax evin üsdünnən düşüf daş komasının içinə. Dooşan altında qalıf onu atıf daşın bu üzünə. Onnan sora ova getməyə tooba elədim.
II mətn

Əhmətdidə Kor Temir vardı. Bir gün gəlif çıxıf bizə. Gəzirdi kəntdəri. Atamnan söhbət eliyiflər gejə səhərə qədər. Mən də getmişəm dərsə. Dərsdən gələnnən sora tüfəngi götürdüm. Dedi, hara gedirsən? Dedim, gedirəm meşəyə. Dedi, tüfəngini gətir bura. Gətdim tüfəngi verdim buna. Dedi ki, vura bilirsən heç? Dedim ki, Temir əmi, qabaxlar vururdum, amma indi vura bilmirəm. Nə qədər yaxınnaşıram, marağ salıram, vura bilmirəm. Tüfəngə duva oxudu, sildi təmizdədi. Dedi ki, uğuru pis adam çıxıf qabağına, tüfəngin çiləyə düşüf. Dedi, itinizdən, üzdən irağ, qancıx olanı var? Dedim, var. Dedi, apar tüfəngi uzat yerə. Çörək al əlinə, qancığı çörəkliyə-çörəkliyə gətir tüfəngin üsdünnən keçirt. Getdim bunu belə elədim. Tüfəngi götürdüm getdim. Yolnan gedirəm, hələ meşəyə çatmamışam. Yolnan getdiyim yerdə bir dənə əlik hopbana-hopbana gəldi bulağın usdünə. Atdım, elə orda da qaldı.


III mətn

Aşıq Abbasın bir bajısı oğlu oluf, Qəmbər oğlu Mehdi deyərdilər. Çox sərras ovçu oluf. Canavar gedif danaya söykənəndə atıf öldürürmüş. Hətta bir dəfə xəsdə imiş. Toran qarışan vaxdı mal gələndə sanıyıf görür alagöz inək yoxdu. Çörəyə oturanda deyif malların hamısı burda? Arvadı deyif hə. Deyir:

– A Pakizə, çaşmısan? Alagöz inək gəlmiyif ey.

Özü durur, yıxıla-yıxıla gedir ki, iki canavar daldan inəyi eşir. Bir gülləyə canavarları vurur, inəyi götürür gəlir.

Əlli-atmış yaşınnan sora o yuxu görüfdü, onnan sora güllə atmıyıf. Yuxuda görür ki, əlik üzünə tüpürdü, onnan sora əlinə tüfəng almıyıf. Özü də evdə tir varmış, vurduğu əliklərin sayını bilmək üçün hər gələndə ora bir kərt vururmuş. Saysaydın bəlkə beş yüz, altı yüz əlik vurmuşdu.


Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə