Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə4/29
tarix11.06.2018
ölçüsü2,7 Mb.
#48067
1   2   3   4   5   6   7   8   9   ...   29

II mətn

Bu kəndin o biri adını da bizim tayfa qazanıb. Bizim kəndimizə müəyyən yerlərdə Namərt Boyəhmətdi də deyillər. Onun da tarixi var.

Bozok tayfasından ordan bura bir Alı gəlib, səkgiz qız, dörd oğulnan. Orda qannıçılığ oluf, bular köçmək məcburiyyətində qalıblar, gəlib burda bünövrələşiblər. Aradan bir neçə il keçibdi. Biz az özlərinə gələnnən sora Alı qızının dördünü Goranboya ərə verif. Qızının birini ərə verifdi Goranboyun Qızılhajılı kəndinnən Şahmurad kişiyə. Onnan Əsəd doğulufdu, ən gülləci, atıcı şəxs olubdu. Şahmurad oğlu Əsəd, Balədə, bir də Yunus Qərbəntli Xosrovnan 1920-ci ildə Yevlax yarımpoştunun yanında Qızıl ordunu bir həftə Qarabağa buraxmıyıblar. Alının oğlunun birinin adı Abdindi, birinin adı Mahmutdu, birinin adı Qojadı, birinin də adı İsbəndiyardı. Qızının birini Safı Kürdü Məmmədə verif, onnan Qazanpapağ oğlu Məhəmməd doğuluf. Birini verib Abbasa onnan Balədə doğuluf. Balədə buların hamısının ağsakqalı olub. Çarın vaxtında o çox qoçaxlıqlar eliyib, onun müqabilində onu çağırıblar Sank-Peterburqa, çar özü əliynən onu iyidliyə görə medalıynan təltif eliyib. Deyilənnərə görə, çarın əleyhinə olan bir dəsdə qaçağı tutubdu, ona görə çar onu təltif eliyib. Bu xala oğulları Goranboyda doğulur, amma Bərdə bərəkətli olduğu üçün gəlillər bu kəndə.

Miri addı bir nəfər oluf, bəyin qapısında nökər oluf. Bəy onun anasını da, özünü də çox incidib. Bu uşağ yekələnif oluf bir qoçax oğlan. Bunun da qoçaxlığı o vaxda düşüb ki, Qazanpapağ oğlu Məhəmməd, Şahmurad oğlu Əsəd də cavan oğlandı, Balədə də başlarında ağsakqaldı. Böyük bir dəsdədirlər. Bu Miri yekələnib olur qoçax bir oğlan. Toy olurmuş, söyüş qoyurmuş ki, məni arxadan vurmuyan belə-belə olsun. Hamı atırmış, at qaça-qaça girirmiş atın döşünün altına, muna batammırmışlar. Ağlına gələni eliyirmiş. Qışın qış günü gəlirmiş kəndə, beşatılannan gülləliyirmiş ki, hamız dağa köçəssiz. Qış günü də dağa köçəllər? Sora deyirmiş başınız xarabdı, yükü boşaldın, hara gedirsiniz? Bu da gəlib Balədəyə çatır. Balədə də narahat olur. Qazanpapağ oğluna deyir ki, ay Məhəmməd, get o Mirini dəvət elə, denən ki, bu kənd bizim camaatdı, belə eləməsin. Eli-obanı incitmək olmaz. Bu söhbət bunun başına girmir, camaatı gənə incitməkdə davam eliyir.

Bir gün Balədə Qazanpapağ oğlu Məhəmmədə deyir ki, onu qonax çağırın. Bular həqiqi də təmiz ürəknən Mirini qonax çağırıllar ki, bunu ya özdərinə qoşsunnar, ya birrəşsinnər. Qaçax Mirinin əmisi Məmmədhüseyn deyir ki, bala, sən getmə. Deyir, niyə? Deyir, səni öldürə biləllər. Deyir, əmi, yox ey, məni qonax çağırıllar, qonaxlıxda adam öldürməzdər. Deyir, onda mən də sənnən gedəjəm. Bu da bunnan gəlir. Balədənin evində silahı təhvil verib giriblər içəri. Miri vəznəli çuxanın altında bir xənçəl addadıf, Qazanpapağ oğlu Məhəmməd də heş kimə bildirməyif bir dənə onatılan keçirif. İçəridə bular yerdən bardaş quruf oturuflar, yemək-içmək, söhbət eliyillər ordan-burdan. Balədə başdıyıf ki, ay oğul, etmə, eləməginən, canvansan, bir camaatıx, gəl qoşul bizə. Deyir, yox ey, siz kimsiniz mənə diktə eliyirsiniz. Mən özüm nə bilirəm onu eliyəjəm. Nə qədər deyillər, kar etmir. Bu da Qazanpapağ oğlu Məhəmmədnən böyür-böyürə oturubmuş. Sözdəri çəpləşir, bular tutaşıllar. Miri xançalını çıxardanda baxıllar bu silahlıdı. Çox çətinnikdən sora bunu tutullar, ağzının içinnən on dənə güllə buraxıllar onatılannan. Qan surfaya tökülür. Bax, Namərt Boyəhmətdi söhbəti ordan qalıb ki, surfa üsdündə adam öldürüflər. Orda Məmmədhüsöynü – onun əmisini öldürmək isdiyəndə Balədə çuxasın tulluyur onun üsdünə. Deyif, ona dəymiyin. Onun atası mənim dədəmi öldürüf, mən də onun dədəsini öldürmüşəm.

Balədənin anası mənim Alı babamın qızıdı, adı da Sayalıdı. Balədənin üç yaşı olanda Sayalının yoldaşı kəndin koxasını öldürür. Bunu çar hökuməti on il Sibirə katorqaya göndərir. Yola düşəndə deyir, arvad, mən gedirəm, məni on il gözdə. Gəlməsəm, ərə gedərsən. Gələndə eşitsəm ki, ayağını ayağının üsdünə qoymusan, səhv hərəkətin olub, gələn kimi səni öldürəjəm. Kişi gedir on il cəzasını çəkir. Sibirdən bunun gəlməyi yeddi ay çəkir. Arvad bunu düz on il altı ay gözdüyür. Katorqaya da gedəndə Balədənin üç yaşı vardı, indi on üç yaşı var. Arvad on il altı ay gözdüyür, sora Məmmədhüsöynün dədəsi Avdullaya ərə gedir. Bunun ərə getdiyi bir aydı, ərinin də dediyi müddəti gözdüyür. Gələndə oğluynan görüşür. Deyir, oğlum, bəs nə? Deyir, mən anama başımnan cavabdehəm, kimi dindirirsən dindir. Anam səni namusnan, qiryətnən gözdədi on il altı ay, gəlib çıxmadın, bir aydı ərə gedib. Deyir, oğul, sənə ayrı ana alım gətirim, yoxsa öz ananı gətirim? Deyir, dədə, anam şərtə əməl eliyifdi, da niyə ayrı arvad alırsan. Get anamı gətir. Bu kopoğlunun kişisi oturur atın belinə, gedir xalxın evinnən arvadı qoyuf atın tərkinə götürüf gəlir. Axşam Avdulla evə gəlir ki, arvad yoxdu. Bu da pis adam döyülmüş, qanan adam imiş. Bu verir içəri də. Amma böyürdən-başdan bunu sakitdəşməyə qoymullar. Deyillər, ə, sən nə kişisən, arvadını gəlib apardılar. Yazığın beynini o qədər yeyillər, Balədənin dədəsi Abbası meşənin içinnən çıxanda ürəyinnən atıb öldürür. Bunu gətirib yuat yerində yuyanda arvadı baxır ki, güllə uzaxdan atılıb, güllə girib, lapatkanın altınnan uju görükür. Arvad çöpnən yuat yerində belə-belə eliyir, görür beşatılanın gülləsidi. Şalın ujuna düyünnüyür, bağlıyır başına. İki il gözdüyür, oğlu Balədənin olur on beş, on altı yaşı. Bu tayfanı da Allah qırmasın, elə gözünü açannan tüfəy əllərindədi. Arvatdı-kişili hamısı atın belində, arvatdar hamısı on beş yaşınnan tənbəki çəkir. Bizim sülalədə siqaret çəkmiyən kadın yox idi. Oğlunu çağırır deyir ki, oğul, sənin dədəni mənim ərə getdiyim kişi beşatılanın gülləsiynən vurub. Südümü saa halal eləmərəm onu öldürməsən. Oğlu da gedib onun təpəsinə bir güllə vurur. Onçün Məhəmməd Mirini öldürəndə Məmmədhüsöynü salamat buraxıllar. Amma şərt qoyullar ki, nə qədər biz varıx sən əlinə tüfəy almıjaxsan, get cütünü ək. O adam ölənə qədər də cütcü olur.


III mətn

Mircəfər Bağırov Qazanpapağ oğlu Məhəmmədi Arazın qırağınnan Göyçəyə qədər qəza rəisi qoyub. Qazanpapağ oğlu Məhəmməd on il qəza rəisi işdiyifdi. Amma sora Mircəfər Bağırov özü aparıf erməni müstəntiqlərinin qərarı ilə gülləliyifdi. Haqqında müəyyən şikayətlər gedib. Bizə qohum olan adamlar tərəfinnən də şikayət gedib ki, guya onların qardaşını öldürüb. Bajısı Zeynaf nənəm dalınca gedifdi. Mircəfər Bağırov da buların evində çörək yeyif axı. Bağırova deyif, ay qardaş, mənimi qardaşım hanı? Papağını gətirib verib, deyib qardaşın qayıtmıyajax.


IV mətn

Bizim bozoklar tayfası buları eşitmiyib deyə Adgözəl bəyi öldürüflər. Adgözəl bəynən oların nifaqı yer üsdə olufdu. Bular dağa-arana gedif gəliflər. Bu yerlərin də bir tərəfi Əli ağanın imiş, bu tərəfi də Adgözəl bəyin imiş. Bular həmin torpaxları icarəyə götürüllərmiş. Bular qoyunu-malı çox olan adamlardı. Dağa-arana çox gedif gəlillərmiş. Bir dəfə bulara yaxın bir adam dağda havalar yaxşı keçir deyə gej gəlir. Uje arendanın vaxdı qutarır deyə Adgözəl bəy torpağı başqa adama – Mehdi kişinin babası Ennəş Məhəmmədə verir. O da dağdan gəlir, deyir ki, bəy, mən qoyunu gətirmişəm, on min qoyunum var, mən neyniyim? Deyir, sən gej gəldin, mən də torpağı başqasına verdim. Səni gözdüyəsi döyüləm ki. Bu da gedir şikayət eliyir Balədəyə. Balədə yanındakı adamlarnan sifariş göndərir Adgözəl bəyə ki, Ənnəşdən aldığın pulu qaytar, o yeri ver bu kişiyə. O da deyir, a kişi, mən uşax döyüləm, köşək döyüləm. Heylə aralarında nifaq yaranır. Üş nəfər gedir elə qapıda da atıb öldürüblər.


V mətn

1920-ci ildə rusun qoşunu gəlir Qarabağı tabe eləsin. Həmən Balədə, Qazanpapax oğlu Məhəmməd, Şərif bəy, Qurbanalı xozeyn, İsfəndiyar xozeyn, Nazırlı Əşrəf – bir on üçə qədər adam hərə bir dəsdə yığıf rusun qoşununu İmamzadada qarşılıyıflar. Uzun atışmadan sora rusun qoşununu qovullar, Yevlağda yun zavodunun bərisindəki təpədən keçiriflər. Bu hadisə olur qışda. Rus qoşunu bir neçə aydan sora silahlanır, taxıl sünbüllüyən vaxdı bir də hücum eliyir. Bular ruslarnan vuruşullar. Təzə bazarın yanında dərə var, ora qədər rusun qoşununu basıf qaytarıflar. Orda Şərif bəy silah-sursat işini təmin eliyirmiş, Balədə də ümumi göstəriş verirmiş. Qoşuna da Qazanpapağ oğlu rəhbərlik eliyirmiş. Orda Balədəni atıflar. Balədəynən də Qazanpapağ oğlu xalaoğlu oluflar. Bunun meyidini götürüf gəliflər kəndə. Bunun meyidini gətirəndə rusun qoşunu basıf gedif. Şərif bəy, o biri adamlar atışa-atışa çəkiliflər Əsgəran qalasına. Orda da dirəniflər. Erməninin fitvasıynan Şərif bəygili mühasirəyə alıf tutuflar. Şərif bəyi Şuşada gülləliyiflər.

Qazanpapağ oğlu Balədəni dəfn elətdirir. Yuatda baxıllar ki, buna güllə arxadan dəyif. Adamların arasında söz-söhbət yayılıf ki, buna güllə niyə arxadan dəyif. Elə öz kəntdərində Fərəc adında bir adam oluf. Rus qələbə çalannan sora Fərəc gedir ki, Balədəni mən atdım ki, qoşun keşsin getsin. Bu söhbət camaat arasında yayılır. Camaat dağa gedəndə Alı bulağının üsdündə Fərəc uzananda Balədənin oğlu Əli onu atıb öldürüb.

Nənəm deyirdi bu zonada yüz on dokquz nəfər sayılan adam oluf, bular qaçax oluflar. Əsli Ağcabədidən oluf, amma Ağdamın İlgi deyilən ərazisində olurmuş Camal bəy. Bagirovu Qarabağ zonasına göndəriflər. Hər yeri alıflar, baydağın7 sancıflar. Lənbəran kəndi o vaxdı min ev oluf, bura girəmmiyiflər. Lənbəranı mühasirəyə alıflar, girməyə, çıxmağa imkan vermillər. Üç aya yaxın Lənbərannan hesablaşammıyıflar. Camal bəyin də Bagirovnan münasibəti varmış, buna kömək eliyirmiş. Bagirov Camal bəyə deyif ki, mənim bura göndərildiyim vaxt qutarır, mən qayıtmalıyam. Bu Lənbəranı da alammırıx. Nağarax? Camaatı da qırğına vermək isdəmirlərmiş də. Camal deyif ki, bir nəfər adam var. O elə küyə düşüf qaçaxlığ eliyir. Ona vəsadət ver ki, sənə toxunmuyajağıx, mən onu çağırtdırım, onnan söhbət eliyim, Lənbəranı alax. Bagirov deyif, yaxşı. Camal bəy adam göndərif Qazanpapağ oğlunu tapdırıf. Qazanpapağ oğluna deyiflər ki, Camal bəy Lənbəranın yanında çağırtdırır səni. Bu iyirmi beş nəfər atdıynan gedif Camal bəyin görüşünə. Camal bəynən görüşəndə Camal bəy deyif, tanış ol, bu Bagirovdu. Deyir, xeyirdimi, məni niyə çağırmısınız? Deyir, Lənbəran üç aydı təslim olmur, indi neyniyək? Sənə bu adam vəsadət verəjək, sən çıx üzə, saa hökumət toxunmuyajax. Deyif ki, Lənbəran bərk yerdi, müharibə eləməknən ora girmək olmaz. İcazə verin mən gedim Lənbərana, ağsakqallarnan söhbət eliyim, sülhnən həll eliyək. Bagirov Camala deyir, ə, bu dəlidi, nədi? Üş ay Lənbərana quş girif çıxa bilmir, indi bu deyir mən gedim Lənbərana. Deyif, sənin nə işinə qalıf, getsin də. Deyif, yaxşı, get.

Qazanpapağ oğlu yanındakı silahlı adamlara deyif, tüfəngi təpəsi aşağı salın, papağınızı çıxardın əlinizə alın, at yedəyinizdə, mən qabaxda siz də mənim arxamda gedəjeyik Lənbəranın içinə.

Camaat da durbitnən8 baxıllar, görüllər Qazanpapağ oğlu gəlir. Orda Cəmil bəy oluf həkim, Fransada qutarıfmış. Cəmil bəy də Qazanpapağ oğlunun həkimiymiş. Gedif Cəmil bəyin qapısına. Ağsakqallar yığışıf, iclas eliyif. Deyif, savet hökuməti baydağın sancıf, hər yeri alıf, təzdən siz bir kəndi saxlamaxnan nağarmax isdiyirsiniz? Siz də camaat kimi təslim olun, çıxsın getsin. Bular deyif, biz başa düşürük, təslim olmalıyıx. İntaası qorxurux ki, cahılları tutuf aparallar. Deyir, mən sizə vəsadət verirəm, heş kimə toxunmuyajaxlar. Gəlif iclas elijəhlər, bir dənə nümayəndə seçəjəhlər, çıxıf gedəjəhlər. Deyillər, oldu. Qazanpapağ oğlu qayıdıf gəlir. Deyir ki, bəs belə-belə. Gedək iclasınızı keçirin, kənd nümayəndəsini seçin, Lənbəran təslim olur. Bagirov Camal bəyə deyir, ə, bu bizi aparıf qırğına verər. Deyir, başqa çarə yoxdu. Bagirov Qazanpapağ oğluna deyir ki, onda sən qabaxca gedəjəhsən, mən sənin arxanca gedəjəm, mənim dalımcan da Camal bəy gələjəh. Bizə güllə atılan kimi mən səni atajam. Saldata da deyiflər tüfənglər təpəsi aşağı gedəyin. Bu fason gedillər Cəmil bəyin qapısına.

Cəmil bəyin bişmiş kərpişdən iki mərtəbə yeddi-səkgiz göz evi vardı. Camaat yığışır, iclas eliyillər. Camaat deyir, biz küyə düşmüşük, qorxurux uşaxlara bir ziyan dəyə, yoxsa biz savet hökumətini isdiyirik. Deyillər, yaxşı, burda kəndin böyüyü seçilməlidi. Qazanpapağ oğlu deyir ki, Cəmil bəyi seçin. Cəmil bəyi kəndə savet nümayəndəsi seçillər. Qazanpapağ oğlu onnarı aparır Yevlağa, Yevlaxda tavarnı vaqonnan gedillər Bakıya.

O vaxd Ağdam, Tərtər, bir də Bərdə bir uyezd imiş. Bakıya gedənnən sora Bagirov Qazanpapağ oğlunu ora nəçəlnik göndərir. Qazanpapağ oğlu gedir bir bəyin evində kirədə olur, iyirminci ildən iyirmi dördüncü ilətən işdiyif. O vaxdı üşdük deyirdilər, hökumət əleyhinə danışannarı tutuf milisyənin həyətində gülləliyirlərmiş. Orda üş nəfər adamı – Bərdədə peşə texniki məktəbin direktoru Bəylərov vardı, biri onun atası, o biri ikisini bilmirəm, Qazanpapağ oğlu buları güllələtmir. Deyir, tanıyıram buları. Bular varrı-imkannı adamdısa da, hökumət əleyhinə iş görən döyül. Buları buraxır. Onda yuxarı yazıllar ki, əşi, bu ikibaşlı işdiyir. Güllənəsi adamı güllələmir, buraxır. Qazanpapağ oğlunu ordan işdən çıxardıllar. Gedir Bakıya paynan-pülüşnən Bagirovun yanına. Bagirovnan razılaşıb qaydıb gəlif Tərtərdə yaylax üzrə dağ bəyi olur, dağ atriyad nəçənniyi.

İyirmi dördüncü ildə dağdan qayıdanda Balədənin oğlu Əli Fərəci atıb. Fərəcin də partbileti varmış. Onu atan da Qazanpapağ oğlunun əmisi oğludu. O gedif Mərkəzi Komitənin Katibinin yanına, deyif ki, Fərəci Qazanpapağ oğlu atdırıb. İyirmi dördüncü ilin payızında Qazanpapağ oğlunu çağıtdırıflar Bakıya. Qazanpapağ oğlu gedif kətçilər kassinsiyasında qalır, yanında da Əli, bir də Namazalı olur. Bagirov kətçilər kassinsiyasının birinci mərtəbəsini verib Qazanpapağ oğluna, bir neçə də saldat verib. Qaradağda banditlər varmış, gedif buları tərksilah eliyiflər, sora Salyan-Sabirabad tərəfi. Sora məşhur bir qaçax oluf. Bagirova xəbər veriflər ki, bu, Astaradan keçəjəh İrana. Qazanpapağ oğlunu çağırtdırıb deyib, get həmən qaçağı tut gətir. Bular gediflər Astaraya. Astarada həmən adamı tapıflar. Bir gejə də Qazanpapağ oğluynan həmən adam bir yerdə qalıf da, bir-birini tanıyan adamdı. O deyif, ə, Bagirov səni otarır. Onu-bunu sənin vasitəynən tutdurajax, sora səni də öldürəjəh. Tutuf apardığın adamlar bir örgən gör hardadı. Hamısını sənnən sora gülləliyiflər. Gəl çıxax gedək İrana, qoçax adamsan. Deyir, əşi, mən də şübhələnmişəm, indi kişilikdən döyül, məni göndərib. Gedib Bagirovnan söhbət eliyəjəm ki, tapbadım, amma adam qoymuşam, keçəsi olsa tutajam. Sora mən də əkilərəm. Bu gəlir Bagirovun yanına. Bagirov deyir, noldu? Deyir, tapbadım, amma yola-irizə adam qoymuşam, ordan keçsə tutajaxlar, maa xəbər verəjəhlər. Bunun yanınca Bagirov agent də göndəribmiş. O agenti çağırır. Deyir, ə, noldu? Deyir, bir gejə olar bir yerdə söhbət elədilər, səni alladır. Deyir, onda gətirin başını əkin. Qazanpapağ oğlunu çağırıllar Skaya. İyirmi üçüncü otaxda qolu qüvvəli adamlar iri daşnan Qazanpapağ oğlunun başını əzillər, onnan gedir. Onnan sora bizim zonada helə qoçax adam qalmıyıf.
VI mətn

Şahsevəndə bir dənə cavan oğlan oluf. Başına dəsdə yığıb gedirmiş, örüşdə qoyun sürüsün çəkib aparırmış. Ağcabədi zonasını talan-qarət eliyənnən sora gəlif çıxıf Boyəhmədliyə. Hökumət o vaxdı onu kim tərksilah eləsə, iyirmi min qızıl pul mükafat təyin eləmişdi. Boyəhmədlidə Qaratəpənin yanında Balədənin yatağı oluf. Gəlif orda Balədənin çobanını atıf, Balədənin qoyununu çəkif aparıf. Nənəm söhbət eliyirdi, beşatılanın biri bir körpəli inək oluf. Balədə iyirmi beş dənə körpəli inək verif iyirmi beş dənə beşatılan alıf. Cavan oğlannara kəndin yanında tranşey qazdırıf. Bir nəfər adam tranşeydə əlində meşin o tərəfə-bu tərəfə qaçırdı, o birilər atırdı. Belə şərt qoymuşdu ki, kim o meşin onnuğa beş güllə vursa, ona bir beşatılan verəjəm. Belə-belə beş-on gün cavannara təlim keçənnən sora iyirmi beş dənə cavan oğlan seçir. Göyüşdüdən Məhər kişinin dədəsi Əjdər, bir də Ataxan oluf, bular ikisi meşini vura bilif, onun hərəsinə bir beşatılan verif. Arvatdara göstəriş verif yuxa yaydırıf. Bir xurcunun gözünə yuxa, bir gözünə də heyvan kəsdirib qoyuf. İyirmi beş nəfər adam götürüf gedif həmən o Şahsevənin üsdünə. Gedif şahsevənin ətrafında axtarıflar, bu dəsdəni tapbırlar. Tədbirli kişi oluf. Deyif, sağmal mala dəymiyin, subay mal, bir də at bu ətraflarda harda var komalıyın. Deyir, səkgiz yüz at gətirmişdər, iki min baş da qaramal. Bular belə eliyiflər, taladıxlarını talıyıf başdıyırlar gəlməyə. Bandanın başçısına xəbər gedir ki, öyünü Allah yıxsın, dağıtdılar apardılar. Sarıqamış deyilən yerə çatanda Balədə qabağa iki nəfər adam göndərir. Deyir, biriniz yolun sağında, biriniz solunda hazır durun, gəlif keçəndə atın. Banda başçısına xəbər gedir. Banda başçısı dəsdəsiynən gəlir, Sarıqamışda qavaxlaşıllar. Balədə adam qoymuşdu axı qabağa. Gələni atıllar. Bandanın başçısı görür bata bilmiyəjəh, qaçır. Qaçanda Qazanpapağ oğlu atı salır bunun dalına. Daldan atır, atı vurur. Banda başçısı atdan yerə gələndə çatırır özünü, atdan hopbanıf başını kəsir. Xurcuna qoyuf gətirir bura. Nənəm deyir, dedim noldu, gedif neynədiniz? Dedilər ki, həmən adamı öldürmüşük, başını da gətirmişik. Dedim, hanı? Dedi, qorxmursansa, gəl bax. Nənəm deyir, o vaxdı buralarda tel qoymax yoxudu. Ülgücnən hamı qırxdırırdı başını. Baxdım ki, bunun sarı qıvrım-qıvrım saçı var, yekə üzdü cavan oğlandı. Onun başını aparıb Gəncədə qubernatora veriflər. İyirmi min Balədəyə pul verillər, bir də Nikolayın ordenini. Balədə deyif ki, bunu tutan Qazanpapağ oğlu oluf, orden də, pul da ona çatır.


VII mətn

Balədə, Dəli Əhmət, Tünü Kərim, Avdun, Mürgün Mehdi bura soradan gəlif. Bular o vaxdı gəliflər Şəbbəyli kəndiynən Zeyvə kəndin arasında dərə-təpə yerdə məskən salıflar. Bir payız qurağ oluf, oralar da kasad yerdi. Mal-qoyun saxlamağ görüllər çətindi. İndi ot yığıllar tayaya, amma o vaxdı yığmırdılar. Ordan Avdın, Mehdi bəy, bir də Tünü Kərim, Balədənin dədəsi Abbas atdanıf gəlillər Tərtərin Kolanı kəndinə. Kolanılara deyillər ki, bizə bu qışdığa qoyun-mal saxlamağa yer verin. Olar da deyir ki, buralarda helə yer yoxdu. O vaxdı Boyəhmətdidə hökmrannığ eliyən Əliş ağa imiş. Deyiflər, Boyəhmətdiyə gedin. Bular gəlir Əliş ağanın yanına. Yevlaxdan Taxta körpüyətən yolun o üzü, bu üzü qosfond torpağıydı. Camaat vergisinə görə torpağa yaxın durmurdu, ona görə torpaxlar boş idi. Əliş ağa aparıf Qaratəpəni bulara gösdərir. Bular malını, qoyununu gətirillər, gəlif yerrəşillər ora.

Goranboy tərəfin camaatı da qoyuna qoçu gej qatıllar. Qoyun orda martda doğur, amma bizdə payızda. Bular baxır ki, burda quzu payızda doğduğunnan erkəkdən daha yaxşıdı, həm də boş yerlərdi. Gələn ili bir də gəlillər. Üçüncü il gələnnən sora həmən o bozaxlar kəndini bular Əliş ağadan satın alıllar. Dam-daş tikillər. Amma Qazanpapağ oğlunun dədəsi, qardaşdarı gəlmir.

Qazanpapağ oğlu Məhəmmədgilin olduğu yernən qoyun yatağının arası hardasa, beş-altı kilometrdi. Mart ayında qoyun gejə sidiyə döyür. Qazanpapağ oğlunun atası Məmməd deyir, gətirin çörək verin. Çobannar gejə qoyunu sidiyə-zada döymüjəh, gedim yatağa. Gəlif o Şəbbəyli kəndinin yanınnan keçəndə Məmməd kişini atıllar. Kişi atdan gəlir yerə. At oynuyur, gedir yatağa – arxaca. Çoban-çoluğ da hamısı içəridədi. Səhər ertə bular qalxanda görüllər Məmməd kişinin atı burda arxaşda, tərkində də xurcun, amma Məmməd kişi yoxdu. Gəlillər Məmməd kişinin qardaşdarının yanına. Gəlillər ki, Məmməd kişinin atı arxaşdadı, amma özü yoxdu. Getdiyi basalağı bilirlərmiş. Yolnan gəlillər ki, kişinin əynində çuxa varmış, qar yağıb basıf, çuxanın qənədini külək yelliyir. Kişini tapıf aparıf dəfn eliyillər. Kişinin qardaşdarıynan Şəbbəyli camaatı başdıyıflar atışmağa. Sora işə hökumət qarışıf. Məmməd kişinin qardaşdarını Goranboyun İrəhimli kəndinə köçürdüflər, kişini öldürən şəxsin ayləsini də Tovuza köçürdüflər. Onda Qazanpapağ oğlunun bir bajısı vardı, bir özü imiş. Anası bozaxlara gələn Mehdi kişinin baldızı imiş. Arvad bir at minir, oğlunu tərkinə alır, qızı da qujağında gəlir bura. Qazanpapağ oğlunun onda on dörd yaşı olur.

Yaz imiş. Uşaxlar o vaxdı dirədöymə oynuyurlarmış. Əliş ağa da arvadıynan gəlif Alpoutda bazarrıx eliyif qayıdanda yaşdı kişilər də yapıncı əyinnərində oturuf dirədöymə oynuyan uşaxlara baxıllarmış. Əliş ağa da faytonu saxlatdırır baxır. Baxır ki, bir boz paltar uşax var, bu mayallax vurur, dirəni götürür, çox çevik hərəkət eliyir. Abbasa deyir ki, o uşax kimindi? Deyir, vallah, o uşax qonaxdı. Mehdi bəyin baldızı oğludu. Mehdi bəyi çağıtdırır. Deyir, o uşağı maa verərsiniz? Deyir, üç-dörd oğlum var, hansını deyirsiniz verim. O mənim baldızım oğludu, onun atasını öldürüflər, bu qaçıf gəlif bura. Deyir, bəlkə anası ağıllı arvatdı, get anasını çağır. Anasını çağırıllar ki, Əliş ağa belə deyir. Deyir, hə, verdim. Məhəmmədi çağırır yanına, faytona mindirir gedir. Məhəmməd də Qazaxdamı, yoxsa Tiflisdəmi məktəbdə oxuyurmuş. Əliş ağa bunu öyündə öz uşağı kimi saxlıyırmış. Sora baxıf ki, uşaxlara bu hərif öyrədir, yazı yazdırır. Çağıtdırır. Deyir, hə, mən məktəbdə oxuyurdum. Atamın ölümünə görə yarımçıx qoydum. İki-üç il kişiynən yaşıyannan sora Əliş ağa ona bir hektar yer verir. İrannı rəşbərlər oluf, əmiləri həmin yeri olara xəndəklədif, darvaza asdırıf, çəpərlədif, ev tikdirif. O vaxdı ev iki-üç adamda oluf. Bişmiş kərpicdən iki göz ev tikdirif, bir mal damı, bir at damı. Onnan sora Əliş ağa varidatının rəhbərçiliyini Qazanpapağ oğluna verib, o vaxdı sərkər deyillərmiş. Helə məşhurraşıb. Bu zonanın adının-sanının çıxması əsasən bozaxlarnan bağlıdı.

VIII mətn

Lənbərən tərəfdən oğurruxnan məşğul olan adamlar gəlirlərmiş buralardan mal-qaranı götürüf aparıllarmış, heş dalıncan gedən olmurmuş. Bizdə Çoban bəy deyilən bir kişi oluf, onun bir atı oğurranır. Nəysə, bu soraxlıyır ora-bura. Kişiyə deyillər ki, atın Lənbərəndə çəkil bağındadı. Kişi burdan bir at minir, gedir Lənbərənə. Lənbərənlilərdə də belə bir adət var. Küçədə bir topa burda, bir topa orda adam duruf, barama saxladıxlarınnan hamısının əlində dəhrə var. Əllərində dəhrə söhbət eliyillər. Çoban bəy görür bir topa oğlan burda duruf. Salam, kəlam. Deyir ki, a bala, burda filan çəkil bağı hardadı? O casıd9 buna xəbər veribmiş ki, filan yerdə çəkil bağındadı sənin atın. Deyillər ki, əşi, neynirsən o bağı? Deyir ki, mənim atımı gətiriflər, ordadı. Deyir, sən hardansan? Deyir, Boyəhmətlidən. Deyir, Halva Boyəhmətlidən? Deyir, ə, Göyüşdü havaxtdan Halva Boyəhmətli oluf? Deyir, əşi, ora halvadı, get gətirdi orda. O kişi qoçax adam olur, həm də ağaşcıl olur. Buların hamısını verir ağaca, uzadır. Atı sürür bağa. At hasardan atdanır, öz atın da götürüf gətirir. Halva Boyəhmətli ordan yaranır. Oğurrux olanda dalıncan gedən olmuyuf ona görə Halva Boyəhmətli deyiflər.


IX mətn

Miri Goranboydan oluf. Mollaisələrdə Abduləzim kişi oluf, ona gəlib çoban işdiyif. Orda buna çox əzyət veriflər. Bu da irilif, əli silah tutannan sora beş-altı nəfər adam yığıf başına. Səhər ertə gedif deyirmiş ki, köçün köpəkuşağı. Axşamatan burda qalsanız, gəlif hamınızı odduyajam. Hamısı yığışıf başdıyarmış köçməyə. Mirzəxan kəndi var. Onun yanına gedif çatanda deyirmiş, ə, hara gedirsiniz? Qayıdın evinizə. Bunu Məhəmməd eşidir. İsdiyir ki, camaatnan Mirini barışdıra. Molla Fətəli olur, bunun öyündə yığışıflar barışığa. Gəliflər. Məhəmmət də çöldə qaroola adam qoyuf, Miri də. Giriflər içəri. O vaxdı da qara dam oluf. Silahları qoyuflar küncə, sufranın başında başdıyıflar söhbətə. Molla Fətəli buları barışdırasıdı. Ortalığa Quran qoyajax, bular and içəjəhlər ki, bir-birinə dəymiyəjəhlər. Çöldə qarool qalannarın biri o birinə deyir ki, ə, mənə papiros ver. Bu çıxardıf buna bir baş tənbəki verif, bir də kağız ki, büküb çəksin. Deyif, ə, pışka da ver. Pışka da ver deyəndə bunun ajığı tutuf. Deyif, ə, p.. yeyən itin qaşığı belində olar. Deyən kimi tüfəngi çöyürüf buna bir güllə. İkisinin də gülləsi bir-birinə atılıf. İçəridə Miri deyif, ə, bu nə gülləydi? Sıçrıyıf, əli tüfəngə çatmıyıf. Məhəmməd arxadan əlini salıf onun ağzına, ağzını çəkib cırıf, elə ordaca öldürüf. Barışıx söhbəti baş tutmuyuf. Namərd Boyəhmətdi sözü də ordan qalır.


X mətn

Hüsü Hacıyev o vaxdı KKB-də oluf. Gedif Kəlbəcərdən bir dəsdə adam götürüf, gəlif bizim yaylağa. Həmən yaylaxda nə qədər kişi varsa komluyuf. Məlumat vermişlər buna ki, burda qaçax var. Özü də Musanın adını vermişdər. Amma bu, onnar axtaran Musa deyilmiş. Tamam addı da anası oluf. Deyif, arvad, oğlun hardadı? Deyif, oğlum Qarabağa gedif, taxıl-un gətirməyə. Həmən günü də rəhmətdik Yumulu kişi, Çoul bəy, bir də Musa burdan (Bərdədən – top.) gedirlərmiş dağa. Yumulu kişi danışırdı ki, Qannı gölün yanında atdan düşdük ki, qalyan çəkək. Çoğul kişi dedi ki, uşaxlar, işıxlaşannan çıxmışıx, mən heç rahat qalyan çəkməmişəm. Düşəyin, atdarımız bir rahat otdasın, həm də mən bir rahat qalyan çəkim, sora ora gedəyin. Deyir, Musa dedi ki (acal aparırmış da), ə, siz düşün qalyan çəkin, mənin yüküm ağırdı, mən gedirəm. Bir yüklü at qabaxda, biri də altında bu düşür yola, gedir. Bular da düşüb qalyan çəkillər. Hardasa saat yarım bulardan qabax bu gedif oraya çatır. Həmən mamentdə arvad bulara deyif ki, a başınıza dönüm, deyirsiniz oğlum qaçaxdı, budey oğlum gəldi. Yanındakı saldatdar hamısı rusuymuş. Dədəm and içirdi ki, Musa atdan düşüf Hüsünün ayağını qucaxladı ki, ə, mənim nə günahım var. Bir kəlmə, deyir, qoymadı onu danışmağa. Arxadan atdılar, çınqılda basdırdılar, suyu da buraxdılar üsdünnən. İndi burda bir neçə adam güllənəsiydi. Kəlbəcərdən bir atdı gəldi, məlumat verdi ki, represiyanı dayandır, məlumat düz verilmiyif.

Hüsünü su təsərrüffat naziri qoyullar. Payız gələndə bir faytonnan gəlif, Kür bəndi çəkilirdi, onu yoxluya-yoxluya gedirmiş. Polad addı bir nəfər oluf, qardaşı Yunus, bir də Əsəd gedif Kürün meşəsində gözdüyür. Bular da bilirmiş ki, bu gələjəx. Ağacın dalında gizdənillər. Çatanda faytonu saxlıyıllar. Faytonçuya dəymillər. Hüsünü Kotavanın qabağında sarıyıflar bir qoax ağacına. Deyiflər, dilinnən əmr verdin, dilin kəsiflər, barmağınnan gösdərdin, barmağın kəsiflər. Onu doğruyuflar, axırda da ortasına bir güllə vuruflar. Gejə gəlif Tamam arvada deyillər ki, oğlunun qanını aldıx. Arvad da gətirif hərəsinin oucuna bir ouş qızıl tökür. Deyif, sizi tutsalar öldürəjəhlər. Olar keçiflər İrana. Həmən Polat yetmişinci illərə qədər yaşıyırdı.


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə