İşin elmi nəticəsi: Apardığıma göstərir ki, XX yüzil Azərbaycan poeziyasında ağac kultu ilkin stixiyanı simvollaşdıran obrazlardan biri kimi dünyanın quruluşunun əsas parametrlərini, insanla Tanrı, yer ilə göy arasında zəruri olan əlaqələri transformativ formada təqdim edərək minillik Azərbaycan poeziyasının yaşarı ənənələrindən biri hesab olunur.
İşin tətbiqi əhəmiyyəti: Bu məqalədən analoji problemlə bağlı tədqiqat işlərində nəzəri qaynaq kimi istifadə edilməsi məqsədəuyğundur.
ƏDƏBİYYAT
-
Azərbaycan mifoloji mətnləri. Bakı: Elm, 1998
-
Behrudi R. Salam, dar ağacı, Bakı, Azərnəşr, 2007, s.7
-
Behrudi R. Göz yaşlarından baxan Allah. Bakı: Azərnəşr, 2007
-
Cəfərli M. Dastan və mif. Bakı: Elm, 2001
-
Əlizadə R. Azərbaycan folklorunda təbiət kultları. Bakı:, Nurlan, 2008
-
Hamilton E. Mifologiya. Çevirən Ülki Tamer. İstanbul: Varlıq Yayın evi, 1968
-
Qolosovker Y.E. Mifin məntiqi. Tərcümə edən A. Talıbzadə. Bakı: BSU, 2006
-
Ögel B. Türk mifologiyası, I cild. Ankara: Türk Tarih Kurumu Basım evi, 1998
-
Ögel B. T. Türk mifologiyası, II cild. Ankara: Türk Tarih Kurumu Basım evi, 2002
-
R. Rza Çinar ömrü. Bakı: Azərnəşr, 1990
-
Vəliyev İ. Mif keçmişdən gələcəyə. Bakı: Nurlan, 2001
-
Yusifli V. Poeziyanin yolları və illəri. Bakı: Mütərcim, 2009
-
Мелетинский Е.М. Поэтика мифа. Москва: 2000
-
Неклюдов С. Ю. О некоторых аспектах исследования фольклорных мотивов // Фольклор и этнография: у истоков фольклорных сюжетов и образов. Л.: Наука, 1984
-
Стебелин-Каменский М. И. Миф. Л.: Наука, 1976
-
Сагалаев А. М. Алтай в зеркале мифа. Новосибирск: Наука, 1992
Səbuhi BƏDƏLOV
AMEA, Folklor İnstitutunun elmi işçisi
XALQIMIZIN TÜKƏNMƏZ BİR XƏZİNƏSİ
XÜLASƏ
Məqalədə şivə-ləhcə xüsusiyyətlərinin qorunub-saxlanması xalq deyimlərinin, ifadə tərzinin sənətkarlıq zənginliyinin ümumi mənzərəsi əks etdilmişdir. Məqalədə toplanan folklor nümunələrinin yaranma coğrafiyası, şəraiti də xüsusi səciyyəvi cəhətləri ilə seçilən və böyük bir həqiqəti sübut edir. “Cənubi Azərbaycan folkloru” kitabındakı çox maraqlı nümunələrdə folklorumuzun özünü tarixi-müqayisəli ədəbiyyatşünaslıq metodu ilə tədqiq etmək çox əhəmiyyətlidir.
Açar sözlər: folklor, cild, məqalə, mədəniyyət, irs
Inexhaustible treasure of our people
Summary
In the article preservation features of accent-dialect, local legends were reflected as the richness of mastery and the general view of the mode of expression. Establishing geographic and conditions of the folklore samples that collected in the article is stand out with special characteristic features and prove a great truth. It is very important method to explore our folklore on the book of “South Azerbaijan folklore” by the way of historical and comparative literary criticism.
Keywords: folklore, volume, articles, culture, heritage
Одна неиссякаемая сокровищница нашего народа
РЕЗЮМЕ
В статье литературоведческой точки зрения рассматриваются фольклорные образцы из книги «Фольклор Южного Азербайджана» в плане сохранения особенностей местного говора и диалекта, богатства выразительных средств, географический ареал распространения этих образцов и т.д.
Согласно мнения автора статьи исследования этих фольклорных образцов историко-сравнительным методом было бы очень перспективным.
Ключевые слова: фольклор, том, статья, культура и наследство.
“Cənubi Azərbaycan folkloru” anlayışı əslində elmi prinsip və məlum ərazi mühiti, region hüdudu mənasında, hamımıza məlum olan tarixi faciəmizdən miras qalan bir ədalətsiz torpaq “bölgüsünün” məcburiyyəti ilə şərtlənən süni differensasiyadır. Əslində isə Cənubi Azərbaycan bədii təfəkkürü ilə Şimali Azərbaycan el-obasının zəngin bədii-estetik təfəkkürü eyni bir xalq ruhunun iki çaları kimi qəbul edilməlidir. Axı bu da böyük həqiqətdir ki, yadelli işğalçılar bu torpağı iki yerə bölə bilər, millətin övladlarını pərən-pərən sala bilər, amma onun dilini kəsə bilməz, fikrini, təfəkkürünün bütövlüyünü kəsib-doğraya bilməz, sözünü yarımçıq qoya bilməz. Bu, tarixin sınaqlarından çıxmış bir təkzibedilməz faktdır.
Orta əsrlərdə Yaponiyada imperator saray qulluqçularına, xüsusən də elmə, ədəbiyyata bələd olan adamlarına tapşırıq verirdi ki, xalq təfəkkürünün insan mənəviyyatı ilə, cəmiyyətin təbiətlə bağlı yaratdığı bütün bədii məhsulları toplasınlar, çünki xalqın cəmiyyətə, dövlətə, quruluşa, dinə və ümumiyyətlə hər cür maddi və mədəni təsisata güclü reaksiyası, razılığı, narazılığı, təbiətlə bağlı fəlsəfəsi, hökmdarlara münasibəti, xalqın sevinci, kədəri, vətənə məhəbbəti, düşmən nifrəti daha çox bədii təfəkkürdə öz əksini tapır. Bu mənada xalq yaradıcılığı nümunələri bizə imkan verir ki, biz öz nöqsanlarımızı başa düşək.
Bu mənada bizim xalqımız da istisna deyil. Azərbaycan xalqı, o taylı-bu taylı müdriklərimiz yaratdığı məsəllərdə, atalar sözlərində, nağıl və əfsanələrdə, dastanlarda öz ruhunu, mübarizə əzmini, el müdrikliyini, fəlsəfəsini, estetik zövqünü, əxlaqi düşüncələrini, nifrət və məhəbbətini məhz belə söz inciləri ilə ifa edə bilmişdir. Mən heç vaxt nağıl və əfsanələri, hətta fantastik və sehrli nağıllarımızı uydurma hesab etməmişəm. Çünki insan heç vaxt gözlə görmədiyinin obrazını hətta fantastik şəkildə də yarada bilməz. Bədii sənət əsəri yalnız təxəyyülə əsaslanmır, əksinə təxəyyülün rasional toxumu elə gerçəkliyin özündədir. Amma xalq müəyyən, “qorxu” təsiri ilə öz fikri və münasibətlərinə əfsanə, nağıl duvağı çəkmiş və bir növ özünü cəzalardan qorumuşdur. İkinci tərəfdən folklor nümunələri sözü heç vaxt çılpaq şəkildə ifadə etməmiş, onu gözəllik libası ilə bəzəməyi sevmişdir. Çünki söz quru ifadə və inikas yolunu sevmir. Bu mənada bədii ədəbiyyat, xüsusən folklor tarixlə tamamilə şərikdir və əslində bədii formaya bükülmüş tarixi həqiqətdir. Cənubi Azərbaycan xalqının tarixi faciələri də onun bədii təfəkkürünün əsas məzmununu təşkil edir. Məsələ elə təkcə bununla bitmir, xalq öz güclü təfəkkürü ilə həyatın, təbiətin fəlsəfəsini, onun dialektikasını son dərəcə sərrast, dəqiq ifadə edə bilir.
Biz Cənubi Azərbaycan folklorunun qüdrətini də bu faktorlarla bağlamağı düzgün hesab edirik. Onu da deyim ki, Cənubi Azərbaycan folklorunun ciddi, səliqəli, səriştəli şəkildə, konkret elmi prinsiplərə uyğun şəkildə toplanmasının özü Folklor İnstitutunun böyük uğurudur və təbii ki, bu uğur institut əməkdaşlarının, toplayıcılarının, tərtibçilərinin elmi və filoloji diapazonunu, estetik fəhmini, səriştəsini konkret şəkildə ifadə edir. Bu mənada bu folklor nümunələrini böyük səbrlə toplayan alimlərin misilsiz fədakarlığını xüsusilə qeyd etmək lazımdır. Bu çoxcildlik kitablarda toplanmış folklor nümunələri əlbəttə pərakəndə şəkildə səpələnməmiş, konkret, müəyyən elmi sistemə salınmışdır ki, bu da oxucular üçün hər mənada rahat imkan yaratmışdır. Təbii ki, Cənubi Azərbaycan və şimali Azərbaycan folklor nümunələrinin dünyagörüşü, fəlsəfi baxışları etik-estetik münasibətləri baxımından yaxınlığı dərhal seçilir. İstisnalıq və fərq isə yalnız bir xalqın müxtəlif dialekt xüsusiyyətlərindədir, yəni bu kitablarda şivə-ləhcə xüsusiyyətlərinin qorunub-saxlanması xalq deyimlərinin, ifadə tərzinin sənətkarlıq zənginliyinin ümumi mənzərəsini əks etdirir. I cildə ön sözü yazan professor İsrafil Abbaslı xüsusi elmi səriştə və güclü elmi təəssüratla toplanan nümunələrə münasibətini aşağıdakı şəkildə, çox dürüst izahla toplunun mündəricəsini belə ifadə edir.
“AFA seriyasının nəşrində öncədən elan olunmuş aşağıdakı prinsiplərə əməl olunmuşdur: hər bir bölgənin (regionun) tarixi keçmişi və folklor örnəklərinin səciyyəvi özəllikləri barədə ön söz, örnəklərin (ərazinin danışıq tərzi, dialekt və şivə-ləhcə xüsusiyyətləri qorunmaqla) növ və janrlar üzrə təsnifatın aparılması, söyləyicilər – informatorlar və toplayıcılar haqqında məlumatlar, ayrı-ayrılıqda hər bir cilddə nümunələrin yaşatdığı mifoloji və folklor obrazları, əşya, predmet, insan, heyvan, kənd, qaya, çay, müqəddəs daşlar, məişət alətləri və özgə bu kimi adlar göstəricisi qismən nəzərə alınmışdır (Bax: I cild, ön sözü. səh.4). Müəllif görülən bu böyük işin qayə və məqsədini çox dürüst ifadə etmişdir. Axı hamımıza məlumdur ki, istər yazılı, istərsə də hər cür şifahi xalq nümunələrinin ümumi və xüsusi koloritlərini qoruyub saxlamaq son dərəcə vacib şərtdir. Bu şərt isə yalnız zahiri, formal cəhətləri yox, həm də daxili etik-estetik funksiyanı əhatə edir. Forma və məzmunun çalar zənginliyini, əlvanlığını, bədii fikir zənginliyini sübut edən faktorlardır.
Bu kitabda toplanan folklor nümunələrinin yaranma coğrafiyası, şəraiti də xüsusi səciyyəvi cəhətləri ilə seçilən və böyük bir həqiqəti sübut edir: Azərbaycan xalqı dünyanın hansı ərazisində məskunlaşır – məskunlaşsın, hansı mühitə düşür-düşsün, hansı siyasi təzyiqə məruz qalırsa-qalsın, bu xalq heç vaxt öz milli simasını, ənənələrini, adətlərini, mədəniyyət tarixini unutmur, onu daim inkişaf etdirir və ümumdünya mədəniyyətinə orijinal şəkildə inteqrasiya edə bilir: bu xalq dünyaya baxışı, sözünün naxışı, ülfəti, nifrəti, alqışı-qarğışı, hətta dərdi, sevinci və düşüncə tərzi ilə başqalarından seçilir, özü də yaxşı mənada seçilir.
Xalq öz milli xarakterini, koloritini qoruyub saxlamaqla yalnız kortəbii, formal xüsusiyyətlərini yaşatmır, həm də özünün əbədi əxlaq kridosunu sübut edir.
Yəni bu xalqın çox az nümayəndələri akkulturalizm təsirinə düşə bilər. Belə bir fakt da bizim qəlbimizdə qürur hissi yaradır ki, Dərbənd, Borçalı, Zəngəzur, Ağbaba, Göyçə, Qaraqoyunlu, Dərələyəz, Təbriz, Həmədan və s. bölgələrdən toplanmış folklor nümunələri bizi yalnız estetik, etik cəhətdən qürurlandırmır, həm də bizim xalqımızın ruhunu, milli psixologiyasını, dünyagörüşünün spesifik cəhətlərini, sözə münasibətini, xalqın lüğət tərkibinin zənginliyini, ayrıca sözün estetik tutumunu çox dürüst və sərrast ifadə edir.
Bu zənginlik yalnız təkcə xalq təfəkkürünün davamlı inkişafını sübut etmir, həm də onu sübut edir ki, folklorun yaranma prosesi statik xarakter daşımır, o daim inkişaf edir. Xalq təfəkkürünün dialektik xarakter daşıdığını sübut edir. Daha doğrusu, bu kitablar sübut edir ki, folkloru təkcə keçmiş hesab etmək, onu bu günün məzmunundan təcrid etmək sadəlövhlük olardı. Çünki bu günün özü də bir vaxt keçmişə dönəcək və o da xüsusi tədqiqatlara möhtac olacaqdır.
Buna görə də düşünmək lazımdır ki, elə indinin özündə də folklor yaradıcılığı davam edir: müdrik, ibrətamiz sözlər, ibarələr, məsəllər, hətta rəvayətlər belə yaranır və gələcək nəsil bunları maraqla oxuyacaqlar. Məsələn, bir çox rayonlarımızda indinin özündə də bayatılar yaranır və dildən-dilə düşür. Məs. Zaqatala rayonunda adi təsərrüfatçı, sağıcı, fəhlə elə bayatı yaradır ki, onlar da elə folklor nümunələri hesab olunmalıdır. Axı folklor sözünün mənası “xalq yaradıcılığı” deməkdir. Bir çox müasir bayatılar məzəli əhvalatlar, mahnılar, qanadlı sözlər indinin özündə də yaranır, özü də şifahi şəkildə, müəllifləri də bilinmir. Maraqlıdır ki, indinin özündə yaranan elə şeir nümunələri var ki, onlar çox variantlıdır, heç dəqiq müəllifi də bilinmir.
Cənubi Azərbaycan folklorunun toplanmasında bir müsbət cəhəti də qeyd etmək vacibdir. Xalq yaradıcılığı nümunələri bir külçə şəklində, bəzən tam “istehsal” olunmamış şəkildə tədqim edildikdə fədakar folklor alimlərimiz bu “qızıl” külçəsinin ümumi forma və məzmununa toxunmadan bu külçəni gərəksiz, ona uyuşmayan, qum-torpaq örtüyünü ondan təmizləməklə fitrətən yaranmış şifahi ədəbi irsi öz təbii donunda saxlamağa çalışır və onu zorla, müasirləşdirmədən qoruyurlar. Cənubi Azərbaycan folkloru haqqında, xüsusən bu xəzinənin toplanılması haqqında danışarkən bir məsələni də unutmaq olmaz. Məlumdur ki, Cənubi Azərbaycanlı qardaş-bacılarımız öz milli simasını, dilini, koloritini qoruyub saxlasalar da, hansı səbəbdənsə bəzən fikrin ifadə tərzinə az da olsa fars dilinin, fars mühakimə tərzinin təsiri özünü göstərir. Bu da çox təbiidir. Əlbəttə, tədqiqatçılarımız heç vaxt orijinallara necə deyərlər qondarma etiket bağlaya bilməz. Amma dildə yox, dini etiqaddakı bəzi təqlid xüsusiyyətləri oxucularda bir qədər yanlış təsəvvür yarada bilər. Məsələn, Aleksandr Xodzkonun “Koroğlu” eposu haqqında tədqiqi və dastanın tərcüməsi bu faktı sübut edir. “Koroğlu” dastanının bizdə, yəni Şimali Azərbaycanda toplanmış və nəşr olunmuş nüsxələrində Koroğlu, onun səfərləri, qəhrəmanlıq epizodları daha təbii görünür. Amma A.Xodzonun tərcüməsində fars dini təsəvvür təsiri təbiiliyi pozur, Koroğlu bəzi məqamlarda bir obraz, bir qəhrəman kimi öz təbii naturasından süni şəkildə təcrid olunur: A.Xodzkonun tərcüməsində Koroğlu həqiqi milli qəhrəmandan çox macəra qəhrəmanlarını, orta əsr ərəb, məqamə janrının qəhrəmanlarını xatırladır, bəzən də o, misgin, hətta bir qədər qorxaq cəngavər obrazını xatırladır. Həmin tərcümədə Koroğlu az qala anti Koroğlu kimi qələmə verilir. Bəzən Koroğlu bədbin mistikaya uyur, pietizm-xalis möminlik səviyyəsinə enir, Kəbəni ziyarət etmək arzusu ilə, xalis doqmatik dini ehkamların təsirinə düşür. Onun işlətdiyi ifadələr onu Koroğlu kimi səciyyələndirmir. Bu tərcümədə Koroğlu bir hərəmxana sahibi kimi təqdim olunur. Axı Koroğlu ömrünün axırında etiraf edir ki, “O, Nigardan başqa heç bir könül sirdaşı tanımamışdı. Amma bütün bu təhriflərə baxmayaraq A.Xodzkonun böyük xidmətini, Koroğlunu Avropaya tanıtmaqda onun rolunu qətiyyən kiçiltmək niyyətində deyiləm. Çünki həmin tərcüməni oxuyan hər bir tədqiqatçı, hətta adi oxucu belə oxuduqda açıq-aydın başa düşür ki, bu alimin özü də materialı fars təsirinə düşən informatordan almışdır.
Bir fransız yazıçısı Jorj Sandın Koroğlu haqqında yazdığı əsəri də məhz belə qiymətləndiririk. Azərbaycan dilinin ifadə zənginliyi, təşbeh və metaforlarla, sinonim, omonim bolluğu ilə, atalar sözü və məsəllərlə büründüyünü nəzərə alsaq, onu da etiraf etməliyik ki, Aleksandr Xodzko özü də bu həqiqəti dərk etdiyi üçün “Koroğlu” dastanında da şeirləri – qoşma və gəraylıları “improvizasiya” adı ilə vermiş, poetik fikri nəsr şəklində izah etməyə məcbur olmuşdur.
Bu mənada çoxcildliyin birinci cildinə ön sözü yazmış professor İsrafil Abbaslının aşağıdakı fikirləri maraqlıdır. O, belə yazır: “Əlbəttə Azərbaycan türkcəsinin, geniş anlamda isə ümumiyyətlə türk dilinin fars dili ilə müqayisədə daha zəngin çalarlara, söz ehtiyatına malik olduğu haqqında istər ünlü tarixi simalar, istərsə də çağdaş araşdırıcılar onlarla tədqiqatlar yazmış və dəyərli fikirlər söyləmişlər. Əmir Əlişir Nəvainin çağatay dilinin farsca müqayisədə hansı üstünlüklərə, zənginliklərə malik olduğunu müəyyənləşdirən “Mühakimətul-lüğət teyn” əsəri də daxil olmaqla bu problemin öyrənilməsi Güneyli həmkarlarımızın da həmin diqqət mərkəzində olmuşdur. Maraqlıdır ki, doktor Cavad Heyyət “Müqayisəli-lüğət” əsərində 1650 türk sözünün fars dilində qarşılığının olmamasını aşkarlamış və belə bir nəticəyə gəlmişdir ki, farslar bu sözlərin əvəzinə ərəb və türk dillərindən alınan sözlərdən istifadə etmişlər. Bu baxımdan Güney folkloru toplusunda təqdim olunan mətnlərin qeyd edilən səbəblər ucbatından farscadan Azərbaycan türkcəsinə tərcüməsi zamanı danışıq dilinin, milli koloritin nə dərəcədə qorunduğunu yəqin etmək mümkündür (Bax: “Cənubi Azərbaycan folkloru” (1, 7).
Bu məsələ ilə bağlı başqa bir misal gətirmək istəyirəm. XIX əsrdə Rus alimi və şairi, adıyla fəxr etdiyimiz professor Mirzə Cəfərdən Şərq dillərini və ədəbiyyatını öyrənən Pavel Petrov “Aşiq” təxəllüsü ilə şeirlər yazmış və Mirzə Cəfərin şeirlərini rus dilinə tərcümə etmişdir. O, hətta arzu edirdi ki, rus dilində qəzəl də yazsın. Böyük rus tənqidçisi V.Q.Belinski Pavel Petrovun tərcüməsində Mirzə Cəfər Topçubaşovun şeirlərini oxuduqdan sonra belə demişdir (1835-ci ildə): “Hörmətli Mirzə Cəfərin şeirləri haqqında bir söz deyə bilmərik, ona görə ki, bu şeirlər Şərq dillərində yazılıb və buna görə də bu şeirlər bizim üçün başa düşülməzdir. Lakin onu da deyim ki, biz əminik ki, bu şeirlər tərcüməsindən müqayisə olunmayacaq dərəcədə yaxşıdır” (6, 72).
Deməli, dahi tənqidçi, şərq dillərinin, o cümlədən Azərbaycan dilinin zəngin koloritini etiraf etməli olmuşdur.
Bir vaxt Kazan Universitetinin professoru Lobaşevsi belə demişdir: “Təkcə Füzulini oxuya bilmək xatirinə Azərbaycan dilini öyrənməyə dəyər”. Bu böyük alimə də doğma dilimizi başqa bir nəhəng təfəkkür sahibi olan Mirzə Kazım bəy öyrətmişdir.
Bu faktlar bir daha onu da sübut edir ki, Cənubi Azərbaycan folklorunu nəşr edib öyrənmək yalnız məhdud bir funksiya – sadəcə olaraq folklorumuzun zənginliyini sübut üçün faydalı deyil. Belə bir vətənpərvər təşəbbüs həm də dilimizin misilsiz zənginliyini, qeyri-adi ifadə qüdrətini, onun güclü poetik çalarlarını, musiqiliyini ifadə etmək üçün, bu xalqın tarixi qəhrəmanlığını, hansı əzablardan keçdiyini, heç bir milli assimliyasiyaya uğramamasını, xalqın adət-ənənələrinin bolluğunu, məişətini, ailə həyatını, yaşamaq eşqini, sevgisini, nifrətini öyrənmək üçün tükənməz xəzinədir.
Eduard Sepir adlı bir tədqiqatçı yazır: “Keçmiş yalnız o zaman mədəni maraq doğurur ki, o hələ də indiki zaman kimi özünü göstərir hələ o, gələcək də ola bilər” (7, 5).
Bu fikir birbaşa elə folklorumuzun tədqiqinə, nəşrinə yayılmasına, toplanmasına, qorunmasına da aiddir. Axı biz çox zaman öz tariximizə soyuqqanlıqla yanaşmış, tariximizi özgə qapılarından öyrənməyə cəhd etmişik.
Yuxarıda adını çəkdiyimiz alimin dediyi kimi biz folklor yaradıcılığını sadəcə keçmişin yadigarı kimi yox, həm də günümüzün bir çox problemləri ilə səsləşən yaradıcılıq sferası, yaradıcılıq aktı kimi qiymətləndirməməli, onu yalnız arxiv materialı kimi yox, milli ədəbiyyatımızın, mədəniyyətimizin bir-birindən təcrid olunmayan komponentləri kimi tədqiqata cəlb etməliyik. Bu da faktdır ki, xalqın şüuru ilə onun duyğuları, hissiyatını eyniləşdirmək olmaz. Şüur köhnələ bilər, hiss və duyğu heç vaxt köhnələ bilməz. “Cənubi Azərbaycan folkloru” çoxcildliyinin çap olunması bir çox cəhətdən son dərəcə böyük əhəmiyyətə malikdir. Uzun zaman doğma ana dilinin yasaq edilməsi faktını indiki nəsil başa düşdükdən sonra bu problemin səbəblərini axtarmalı olacaq, onda öz dilinə dərin məhəbbət hissi bir daha dərinləşəcək, özünün böyük xalqın övladı olduğunu dərk edəcək, özünü ümumbəşər varlığının ayrıca fərd olduğunu başa düşəcək, dostla-düşmənini tanıyacaq, öz mədəniyyətinin çox uzun tarixə malik olduğuna görə özünü xoşbəxt hesab etməklə tarixi keçmişimizin və elə bu günümüzün dolanbac yollarının bir daha öyrənilməsinin vacibliyini dərk edəcəkdir.
Bu kitablarda toplanmış rəngarəng xalq yaradıcılığı nümunələri – zəngin janr örnəkləri təbii ki, son dərəcə maraqlı və cəlbedicidir. Bu nümunələri bir məqalədən təhlil etmək, onların bədii, estetik, etik ləyaqətini bir nəfər tədqiqə cəlb etmək əlbəttə mümkün deyil. Bunun üçün xüsusi və ciddi, xalis elmi səviyyədə xüsusi araşdırma tələb olunur. Özü də xüsusi planla janr təsnifatı ilə, xüsusi problemlər fonunda, obyektiv baxışlar prizmasında, xüsusi milli təfəkkür bucaqlarında aşkar etmək niyyəti ilə ciddi işə girişmək çox-çox vacib məsələdir. Bu tədqiqatlar yalnız ədəbi-bədii dominantlığını (üstünlüyünü) göstərmək, yəni xalis ədəbiyyatşünaslıq nöqteyi-nəzərindən öyrənilməməli, həm də bugünki faciələrimizin fonunda ciddi problemlərimizin nə qədər çətin olduğunu Yeni nəslə aşılamaq mənasında da həmişə aktualdır. Bu gün ədəbi-mədəni irsimizə sahib çıxmaq istəyən bədxaxlarımızın ağzını yummaq, həqiqəti daha kəskin şəkildə deyə bilmək, tariximizin hansı yollardan keçdiyini əyaniləşdirmək üçün “Cənubi Azərbaycan folkloru”nun nəşri bu gün üçün müstəsna əhəmiyyətli hadisədir.
Bu folklor nümunələri yalnız ədəbi-bədii sərvət kimi qiymətləndirməməli, həm də, necə deyərlər, tarixi sənəd kimi dolayısı yolla da olsa, bir ittiham sənədləri kimi hesaba alınmalıdır. Düşmənə üz tutub deməliyik: Bax, biz belə olmuşuq, bizim mədəniyyətimiz, ədəbiyyatımız bu qədər zəngin olub. Yəni ədəbiyyat tarixi həm də cəmiyyətin tarixidir. Çünki, bir çox tarixi hadisələr öz ifadəsini bədii əsərlərdə toplamışdır. Bu mənada mən bayatılarımızdan bir neçə misal gətirmək istəyirəm. Qafqaz Albaniyasının hökmdarı böyük sərkərdəmiz Cavanşirin dövrü ilə səsləşən bu bayatıya diqqət yetirək:
Vermə Xəzərə məni,
Çəkər bazara məni.
Yada qismət olunca,
Salla məzara məni.
Bu bayatıdakı misralar Xəzərlərin Albaniyaya gəlişi ilə bağlı tarixi həqiqətin bir faktını – Azərbaycan qızlarının Xəzərə ərə verilməsi faktını göstərir. Yaxud başqa bir misal:
Apardı tatar məni,
Bazarda satar məni
Vəfalı yarım olsa
Axtarıb tapar məni.
Hələ dialektiklərin formulunu öyrənən Heraklitdən xəbəri olmayan sadə bir xalq nümayəndəsi görün dialektikanı nə dərəcədə sadə, aydın və obrazlı şəkildə ifadə etmiş, ilkin dialektika anlayışının nə olduğunu bilməmişdir.
Eləcə də “Cənubi Azərbaycan folkloru” kitabındakı çox maraqlı nümunələr onu tələb edir ki, folklorumuzun özünü də tarixi-müqayisəli ədəbiyyatşünaslıq metodu ilə tədqiq etmək tarixi-siyasi hadisələri öyrənmək baxımından da çox əhəmiyyətlidir. Bizim bəzi alimlərimiz tarixi hadisələri yalnız ştamplaşmış hökmlər, iddialar əsasında öyrənir və təbliğ edirlər. Çünki onların özlərinin təfəkkürü də ştamplanmışdır. Bunun üçün təkcə tarixi faktlara yox, həm də ədəbi prosesin müəyyən tarixi pillələrinə də istinad etməliyik, yəni hər bir faktı təkcə bədii təxəyyül kimi qələmə verməməliyik. Bu, yazılı ədəbiyyatımıza da aiddir. Biz Yusif Vəzir Çəmənzəminlinin, Məmməd Səid Ordubadinin, hələ onlardan çox-çox qabaq dahi Nizaminin əsərlərindən tarixi faktları yalnız uydurma hadisələr kimi izah etməliyik.
5 cilddə toplanmış “Cənubi Azərbayan folkloru” təbii ki, bu cildlərlə məhdudlaşmır və bu kitabları ərsəyə gətirən alimlərin, təşkilatçıların, köməkçilərin hamısı ona görə alqışlanmalıdır ki, onların bu böyük fədakarlığı ədəbiyyatımızın, elmimimizin tarixinə böyük vətəndaş məhəbbətlə yanaşan əsl vətəndaş oxucular bu folklor nümunələrini özləri üçün ən qiymətli mənəvi nemət kimi qəbul edəcək və bir də təsdiq edəcəklər ki, xalq şairimiz Nəriman Həsənzadənin dediyi kimi:
Xalqın böyüklüyü silahlarla yox,
Atalar sözüylə ölçülməlidir!
ƏDƏBİYYAT
1. Güney Azərbaycan folkloru. I cild. Bakı. “Elm və təhsil” nəşr., 2014.
2. Güney Azərbaycan folkloru. II cild. Bakı. “Elm və təhsil” nəşr., 2014.
3. Güney Azərbaycan folkloru. III cild. Bakı. “Elm və təhsil” nəşr., 2014.
4. Güney Azərbaycan folkloru. IV cild. Bakı. “Elm və təhsil” nəşr., 2015.
5. Güney Azərbaycan folkloru. V cild. Bakı. “Elm və təhsil” nəşr., 2015.
6. Ağabab Rzayev. Mirzə Cəfər Topçubaşov. “Yazıçı” nəşr., 1993.
7. М.И.Стеблин – Каменский. Мир сагы. Наука. Ленинград. 1984.
8. Bayatılar. Azərnəşr. 1969.
KİTABLAR, RƏYLƏR
Doç. Dr. Rövşən ƏLİZADƏ
İstanbul Aydın Universiteti, Fən Ədəbiyyat Fakültəsi,
Türk dili və ədəbiyyatı bölümü.
KAZIM YETİŞ’İN “ROMANÇI OLARAQ SƏMİHƏ AYVERDİ”
ADLI ƏSƏRİ ÜZƏRİNƏ
Araşdırmacı Prof. Kazım Yetiş’in 2016-cı ilin yanvar ayında İstanbul’dakı Hülbə yayın evi tərəfindən çap olunan “Romançı olaraq Səmihə Ayverdi” adlı kitabını oxumağa başlarkən, öncəliklə tədqiqatçının özünəməxsus üslubunu və dərin elmi analizlərini müşahidə edirik.
Kazım Yetiş, əsərinin başlanğıc sayılan “Təqdim” hissəsində XX-ci əsrdə türk ədəbiyyatına möhürünü vuran usta roman yazarlarından (Xalid Ziya, Xalidə Ədib Adıvar, Yaqub Qədri Qaraosmanoğlu, Rəşad Nuri Güntəkin, Peyami Səfa, Əhməd Həmdi Tanpınar, Kamal Tahir) bəhs edir, bu roman ustalarının xüsusilə üçünün (Xalidə Ədib, Yaqub Qədri və Rəşad Nuri) gələnəksəl kültürü qəbul etmədiklərini və hətta bu gələnəksəlliyi zaman zaman tənqid və istehza hədəfinə çevirdiklərini qeyd edir. Daha sonra təqdim hissəsində Səmihə Ayverdi’nin ard arda yazdığı romanlar və hekayə kitabları ilə gələnəği yaşatmaq istədiyini vuğulayan müəllif, S.Ayverdi’nin modernist bir yazar olmadığını, onun klassik kültürün modern həyatta da yaşaya biləcəyini isbat etdiyini yazır. Səmihə Ayverdi’nin romancılığı ilə romancı olarak Ayverdi’nin fərqli olduğunu önə sürən araştırmacı, yazarın əsərlərindəki qurğuda2 funksionallaşmaq və ya izah edilmək istənənin qurğuya görə şəkil qazandığını düşündüyü üçün romanları ayrı ayrılıqda təhlil süzgəcindən keçirmişdir.
Kazım Yetiş’in “Təqdim” hissəsindən məlum olur ki, Səmihə Ayverdi romanları ilə insanlara və ya topluma müəyyən davranış şəkillərini təlqin edir. Araşdırmacı Fulya Bayraktar’ın fikirləri də bilavasitə bu xüsusun detallarına işıq salan fikirlərdəndir deyə bilərik: “Ayverdi’nin əsl mövzusu “insan”dır. İnsanın yer üzündəki tapınılma qayəsi, özünü idrak etməsi, dil, tarix, din şüuru, milli, dini və insani heysiyyətləri onun təməl məsələləri və öncəlikləri olmuşdur” (1, 30). Və bu xüsusu arxa plana keçirtməmək gərəkdiyini qeyd edən K. Yetiş, türk romanlarının təməlində bu özəlliyin olduğunu varsayır: “Yazarlarımız, daha doğrusu romancılarımız inandıkları, düşündükləri, olmasını istədikləri bir qəlib anlayış, düşüncə və yaşayış şəkillərini bizə bəlli etmək istəməkdədirlər. Bir kərəlik bu, bütün romancılar üçün keçərlidir. Türk ədəbiyyatında müəyyən anlayış, düşünüş və inanış şəkillərini təlqin etməyən, romanları yolu ilə topluma yeni bir şəkil vermək istəməyən romancımız həmən yox kimidir” (3, 8). Bu fikirlərdən əlavə müəllif, çox kəz bu duruma edildiyi kimi “tezisli” damğasını vurmaqdan vaz keçdiyini də yazmaqdadır. K.Yetiş bu mərhələdə Səmihə Ayverdi romanlarına dair daha dəqiq ifadələr işlədir, onun yaradıcılığında türk kültür mirasına sahib çıxıldığını və “tezisli” damğasının haqsızlıq olduğunu qeyd edir.
Araşdırmacı K.Yetiş, əsərində Ayverdi’nin türk kültür dəyərlərini incələməklə qalmadığını deməklə, eyni zamanda bu dəyərlərə yaşama imkanı qazandırdığını özəlliklə vurğulayır. Və müəllifin verdiyi bilgilərdən aydın olur ki, yazarın əsərinə yansıtdığı qəhrəmanların önəmli bir qismi ətrafından alınmış insanlardır. Mövzu olaraq isə türk ədəbiyatının ən ümdə temalarından biri təsəvvüf sayılmaqdadır və bunu K.Yetiş “Giriş” hissəsində öncəliklə xatırladır və xüsusa dair belə yazır: “Bu dövr şeri mayasında təsəvvüf anlayışının minlərlə təzahürünü saxlayır. Üstəlik bu, heç bir zaman bir fəlsəfə, bir dünya görüşü və təbliğat materyalı olaraq deyil, bilavasitə insanın varlıq izahı şəklində qarşımıza çıxır. Əhməd Yəsəvi’dən Hacı Bayram Vəli’yə, Yunus’a; Nesimi’dən Füzuli’yə, Şeyx Qalib’ə uzanan cizgidə bu hər zaman belədir. Şairlərimiz bu və ya digər şəkildə təsəvvüfi kültürü əks etdiriblər. Bu nöqtədə təsəvvüfün nə olduğu sualını vermək lazım olacaqdır.” (3, 13).
Yuxarıdakı fikirlərindən və sualından sonra araştırmacı təsəvvüfün Səmihə Ayverdi’nin baxışındakı yerinə dair diqqət yönəldir. Ve qeyd edir ki, bu mövzu müstəqil bir çalışma istəyən bir məsələdir. Araşdırmacı Səmihə Ayverdi’nin Fatih Sultan Mehmet’in Ağşəmsəddin’in təhsilinə girməsi, təsəvvüf tərbiyəsi alması səbəbiylə bəzi müəyyənləşdirmələrlə yetindiyini vurğilayır. Buna dair Səmihə Ayverdi’dən gətirdiyi bir sitatı – “İslamda təsəvvüf, sadəcə quru bir nəzəriyyə deyil, bir aksiyon, bir yaşama və həyat tərzidir” fikirlərinə əlavə edən araştırmacı, yazarın fikrinə önəm verir və bu sitat-fikri bir aksioma olaraq qəbul edir. S.Ayverdi’nin başqa bir məqaləsindən digər bir sitatı irəli sürən və bu sitata istinadən “Bu nöqtədən baxılınca əski türk toplumunda kifayət qədər örnəyini gördüyümüz bu analyışın günümüz Türkiyə’sinə daşınması fəaliyyətidir Ayverdi’nin romanları” (3,14) fikrini qeyd edən K. Yetiş, bununla da təsəvvüfün son dərəcə qucaqlayıcı bir anlayış olduğu qənaətilə razılaşır.
Səmihə Ayverdi’nin bütpərəstlik dövrünə qədər gedən “Eşq budur” adlı romanını incələyən K.Yetiş, romandakı saf və başlıca obrazlardan olan Məryəmin xalası və əmisi oğlunun ona olan eşqinə qarşılıq verə bilməməsinə diqqət çəkir və Məryəmin həqiqi bir eşqi tapması üçün bir mürşüdə ehtiyacı olduğunu qeyd edir. Sonucda Məryəmin Bizans elçisindən xilas olması üçün kral tərəfindən özü ilə evləndirilən Həmzə, onu bir mürşüdə aparır. Bu mürşüd Yusifdir. Bu əsərdəki təsəvvüf məsələlərinin bütpərəst bir dünyada və üstəlik real həyatın olayları içərisində dilə gətirildiyinə diqqət çəkən müəllif, bu olaylardan çıxış edilərək Məryəm`in, hətta Həmzə`nin özünü tapmalarının təmin edildiyini yazır. Söz konusu aşiq və məşuqun sonunun Leyli ilə Məcnunun sonu kimi olduğunu vurğulayan K.Yetiş, əsər mövzusunun əsrlərdir gurlayaraq axıb gələn böyük gələnəyin, gündəlik olayların işığı və atmosferi çərçivəsində verilməsini ön planda tutur. Bu xüsusa dair müəllifin ortaya qoyduğu argument də məntiqlidir. Müəllifə görə, 1938-ci ildə bir yazarın “nazil” olub vəhdət elminin, bilinən adıyla təsəvvüfün ən incə nöqtələrini, yəni İslam`ın təməlini, cövhərini, ən üst səviyyədəki idrakını anlatması və bu prossesin hər hansı bir təbliğat və reklama ehtiyac duyulmadan gerşəkləşməsi önəmli bir nüansdır. Ayverdi`nin ələ alınan bu əsərindəki dil və məzmununun dövründəkindən çox fərqli bir şəkildə təcəlli etdiyini qeyd edən müəllif, “Əlbəttə olayın keçmiş yüzilliklərdə cərəyan etdiyini unutmuruq. Fəqət edilən izahlar, şərhlər, dəyərləndirmələr çox yeni və içində yaşadığımız dövrdür” (3, 15) deməkdədir.
K.Yetiş Səmihə Ayverdi`nin 1939-cu ildə işıq üzü görən “Batmayan gün” romanında, keşmiş əsrlərdə gündəmdə olan Yusif’in bu romanda dövrünü yaşayan Kərim olaraq qarşımıza çıxdığını qeyd edir. Bu romanda Kərim bəyin həkim olduğu anlaşılır. “Halbuki toplumun ruh həkiminə ehtiyacı vardır. Bilavasitə bu nöqtədə mürşıd Kərim bəy qarşımıza çıxır. Keçmiş dövrlərdə edildiyi kimi bir mürşidin hər hansı bir mənkibəsini və hətta həyat hekayəsini anlata bilərsiniz. Bu mənkibəvi bir həyat hekayəsi də olsa mümkündür və hətta asandır da. Halbuki bir mürşidi canlandırmaq ədəbiyyat və ya roman diliylə deyək, bir mükəmməl insanı/mürşidi yaratmaq son dərəcə çətindir və keçmişdə bunun örnəyi hardasa yoxdur. Bax Ayverdi’nin fərqliliyi burada özünü göstərir” deyən müəllif, bu məsələyə dair bir neçə nöqtəyə diqqətləri yönəldir: “Batmayan gün”də dönəminə gələn yazarımız bir neçə həmləni birdən edir. Aliyə, İrfan Paşanın nəvəsidir. İrfan Paşa, Kərim bəyin mürşididir. Bu səbəblə bir əsərdə iki mürşid birdən canlandırılır. İrfan Paşa, romanın aktual zamanının insanı deyildir. Keçmişdən günü dəftərləri vasitəsilə şəkilləndirir. Əcaba dəyərli yazarımız bizi keçmişdən qalan əsərlərə doğrumu dəvət edir deyə sual edirik. Fəqət o, mövzunu çox dəqiq bir şəkildə ortaya qoyar. Keçmişdən gələn dəftərlərdəki bu məlumatları, Aliyənin ifadəsi ilə deyək. Bu xəzinəni açmaq o qədər asan deyildir. Bir açara ehtiyac vardır. Bax bu açar mürşiddir, Kərim bəydir” (3, 16).
K.Yetiş, Səmihə Ayverdi`nin “Atəş ağacı” və “Yaşayan ölü” adlı romanlarını təhlil edib qənaətlərini müəyyənləşdirdiyində isə bir xüsusa özəlliklə diqqət yetirir: Aqilləşmək! Bu özəlliyi K. Yetiş, “Atəş ağacı”nda təhsilli insanların əldə etməsi gərəkən, “Yaşayan ölü”də isə eşqə mübtəla olan Aişə obrazının qazandığı “nemət” kimi xarakterizə etməkdədir. Səmihə Ayverdi`nin “Son mənzil” romanındakı Ali Feyyaz və Oxçu Bahaəddin obrazlarından bəhs edərkən, müəllif, bu iki obrazın həyatlarında maddə ilə mənanın bir sintez halında birləşdiyini və bu mükəmməl birləşməyə görə hər iki obrazın diqqətlərinin pozulmasına səbəb olan rəftar və anlayışlarının olmadığını qeyd edir. K.Yetiş, yazarı “...gələnəyi əsrin yaşayış və idrakı ilə uyumlu hala gətirməsi...”nə görə alqışlayır və yzarın gələnəkdən gələn kültürünün romanlarında da qırmızı xətlə keçdiyini vurğulayır.
Səmihə Ayverdi`nin digər romanları olan “Məbəddə bir gecə”, “İnsan və Şeytan”, “Yolçu haraya gedirsən?” və “Məsihpaşa imamı” adlı əsərlərini də tanış etmə, hadisə, zaman, məkan, hadisə sferası, şəxslər, baxış bucağı kimi mərhələlərə görə təhlil edən Kazım Yetiş, əslində yazar Səmihə Ayverdi`nin orijinal bir yazar kimliyi ilə nəsr dünyasında yer aldığını isbat etməyə çalışmışdır və fikirimizcə buna nail olmuşdur.
Bu yazımıza sonuc olaraq qeyd edək ki, romanın yalnız intibah dövrünün axırlarında meydana gəlməsi (2,100) və janrdan öncə onun ilkin şərtinin (stixiyasının) formalaşması diqqət çəkən bir gerçəkdir. Yeni janr stixiyanın roman formasında təşəkkülü romanın ədəbiyyat aləminə ilk dəfə çıxması ilə izah edilə bilər. Romana qədər bu bəlli janrın sadəcə stixiya kimi özünü göstərməsi bir gerçəkdir. İlk vaxtlar romanda kəskin hüdud, bədii qüvvələrin özünəməxsus “oyun” istiqaməti yox idi. Bu stixiyanı prozaik planda ilk dəfə Rable ifadə etmişdir. Renessans dövründə isə bu “kitab-novella” formasında özünü göstərir. Silsilə hekayəni bir qəhrəman ətrafında toplamaq da folklor ənənəsi ilə bağlıdır. Romanı sənətin müəyyən nümunəyə meylinin forması kimi dəyərləndirmək onu bitkin bir sistem kimi qəbul etmək deməkdir. Məsələn, bir janr kimi nəsrin tipologiyasına daxil olan roman, formasını nə qədər sabit saxlasa da, hər dəfə xüsusi məzmunla zənginləşməkdədir. Janrın tələbini izləyən yazıçı ona müasirlik üçün vacib olanı, daha çox realllaşa bilən imkanı axtarır. Bu mənada, o, mücərrəd təsəvvür olmaqdan çıxır və fərdi yaradıcılıq aktı kimi status qazanır. Bu baxımdan XX əsr Türk romancılığının “ana”larından biri olan Səmihə Ayverdi`nin romanları da mücərrədliyi deyil, mənanı, özgələşməni deyil, xəlqiliyi ehtiva edən əsərlərdəndir. Bu həqiqəti biz Kazım Yetiş’in üzərində durduğumuz əsərini oxuyarkən də fərq etdık.
Qaynaqlar
-
Bayraktar F. Bir mütefekkirle yolculuk: Yer yüzünde birkaç adım. Referans dergisi. Haziran 2016 sayısı. Almanya.
-
Kojinov V. V. Roman-epos novoqo vremeni. Teoriya literaturı. Moskova, 1964.
-
Yetiş K. Romancı olarak Samiha Ayverdi. İstanbul. 2016.
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər
Elmi-ədəbi toplu, 2016/1 (48)
Bakı, “Elm və təhsil”, 2016.
Nəşriyyat direktoru: