Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,74 Mb.
səhifə12/28
tarix08.04.2018
ölçüsü2,74 Mb.
#36696
1   ...   8   9   10   11   12   13   14   15   ...   28

227.

Yeddisində, yeddi günnüyündə yeddi çöp qırıv atırdıx suya, uşa­ğı çimizdirməy üçün. Yeddisində, yeddi günnüyündə eliyirih bu­nu.

Bir də qırxını tökürüh. Uşağı çimizdirəndə suyun hazırrıyır­dıx, qırhlı uşağın. Qırh dənə də çöp atırdığ suyun içinə. Onu qayıdıf o suynan çimizdirirdih. Nəysə orda bir-iki söz varıdı. Yadımnan çı­xıf­­dı.
228-231. DİŞ HƏDİYİ
Uşax diş çıxardanda hədih bişirif, uşağı otuzdururdux. Hədiyi ba­şınnan tökürdüh. Uşax dənniyif qoyurdu ağzına. Elə-belə ba­şın­nan tökürdün, toyuğa umaş verən təki. Uşax da götürüf yeerdi. De­el­lər ki, onda dişi tez çıxır.
229.

Uşağın birinci dişi çıxanda hədih bişirirdih. Hədiyi gərəh yed­di tam tökəydin. Qarğıdalı, buğda, noxud, duz, yağ, axırı ki, soğa­nı­na­tan saleydın, ət tökeydin. Baş-əyaxdan bişirirdih çox vaxdı. Axırı gə­rəh yeddi tam tökəsən onun içinə. Onu paylıyasan qonşulara. Qon­şuya elə bil aparıf mən pay vermişəm. Qonşu da gətirirdi hə­mən qava şirinnih qoyurdu.


230.

Uşax diş çıxaranda hədih bişiririh. Hədiyi belə bişirirdih: Qə­şəh buğdanı arıtdıyırsan. Buğdanı bir buğum qaynadıf qoyursan. No­xudun ayrı, lobyasın ayrı, qarğıdalısın ayrı. Onu suya qoyursan ax­şamnan qalır. Səhər qəşəy onu asırsan. Hər ədvasın, turşusun, is­di­otun da, nə lazımdı, vurursan, qəşəh qaynadırsan. Baş-əl-ayax de­yi­rih biz, onu da qəşəh təmizdiyirsən. Yuyuf, ağardıf onu da qa­tır­san ona, olur bu hədih. Yox, baş-ayağ olmasa da, yağnan soğan dağ eli­yirih. Onnan bişirilir. Hədih də odu.

Həmin hədihdən yeddi dənə qonşuya pay verirsən. Qonşu da içi­nə iki kanfet qoyur, şirinnih, qaytarır saa. Boş qaytarmazdar o qa­vı. Hələ o qaynamamış, o diri vaxdı onun içinnən bir nəlvəki gö­tü­rürsən, uşağı oturdursan belə, bir kilimin-zadın üsdündə, başına bir qəzet qoyursan ki, uşağın başı bulaşmasın. Onu tökürsən başına, tö­külür yerə, uşaxlar dənniyib belə yiyir. Maraxlı onda olur.
231.

Dişdəri də çıxanda hədih bişirirdim, qəşəh qozdu, yağlı, so­ğan­nı. Bişirirdim, qav-qav payleerdım. Qavın içinə hər şey, corab qo­yurdular, köynəh qoyurdular, qanfet qoyurdular, səvindirirdilər, yə­ni ki, uşaxdı. Həm də ki, bala, uşax deer kin, anam bilsə ki, mən nə­təər diş çıxardıram, beşiymi yarar, qoyar hədiyin altına. Tez bi­şi­rər yanı ki.


232-233. DIRNAQ KƏSMƏ
Uşağın dırnağını da yaşında tutallar. Görürsən çox uzundu, ya­şını gözdəmirsən, dişinnan tutursan. Dişinnən onun dırnağın qı­rır­san da. Ona qayçı, onnan pilitva-zad vurmursan. Yox, dırnağı gö­dəhdisə, əl vurmursan. Yaşında tutursan.
233.

Uşağın dırnağın elə qırxlı olanda uzanan kimi dişimnən belə be­lə eliyirdim. Deerdilər, dişnən kəs. Qırxlı uşağın dırnağına qayçı, ya da başqa kəsər vurmağ olmaz. Gərəh ancax dişinnən qırasan. Ana dişiynən kəsməlidi onu.


234-238. HƏMZAD
Gəlinin çiləsi varsa, uşağa qalmır, ya da uşağa qalır, amma üzə çıxarda bilmir. Mollaynan kəsdirirsən onu. Mənim qızımın (Xu­ramanın) üç dənə uşağı (uzax üsdümüzdən) doğannan sora on gün, iyirmi gün qaldı, öldü. Neylədih, buna əlac olmadı. Molla yanı­na apardım, seyid yanına apardım, olmadı. Ağdamın Veysəlli kən­di vardı. Orda bir ojax var. Oğlum bizi götürdü apardı ora. De­di, bunun üsdünə həmzad töküfdülər. Bunun heç bir vaxd uşağı qal­mı­yajax. Bunun ağır duaları var. Bunun boyuna uşax düşəndə gə ya­nıma. Bunun boynuna uşax düşən kimi getdim onun yanına. Bu­nu (duasın) yazdı, verdi. Dedi, bir də get uşax tərpənəndə gəlginən. Bir də uşax tərpənəndə getdim. Onnan sonra maa dedi ki, indi uşax do­ğulanadəh bir üç aydən bir, iki aydən bir genə gəl. Heylə uşax ola­nagən getdim. Bir də dedi ki, uşax oldu, uşağı mayalandırma. Hey­lə gəl üsdümə. Deməli, bax bu qızımın gəldi oğlu oldu. Bun­nan qavax üç uşağı ölüf axı. Uşağ olan kimi tez getdiy yenə ojağa. Get­diy, onun duasını yazdı, verdi, gətidim tihdim onun üsdünə. Uşağı bax bu gəlnim əmizdirib, mayalandırdı. Onnan sorasına (ma­yalandırannan sora) verdiy özünə. Mayalandırmax sifdə əmiz­dir­məhdi də. Sifdə öz südün vermədih. Bu uşağı başqa arvadnan əmiz­dirdih, mayalandırdıx. Onnan sora ana südünü verdih. Onnan xa­ta-bala canınnan uzaxlaşdı. Onnan sora da iki uşağı oldu. Bir oğ­lu, bir qızı. Bax belə.

235.

Həmzat yalan döy, gerçəhdi. Elə uşaxlar oluf, həmzatdı oluf­lar. O uşax qalmıyıf, ölüf. Satellar həmzadı. Uzağ sənnən, sənin uşa­ğında var, sən gəlmisən mənim yanıma. Mənim də uşağım oluf. Qa­pıdan girəndə deer ki, mən həmzadımı satdım sana. Bir dəfə adı­mı çəker, iki dəfə çəker, üş dəfə çəker. İndi sən deersən, Göyçəh. De­erəm, ha. Biraz aradan keçer. Bir də deersən, Göyçəh. Ha. Bir də ara­dan keçer dana. Deer, Göyçəh. Deerəm, ha. Onda deer, ürəyində de­er ki, satdım. Xəsdəliyimi satdım sana. Onnan da o uşax öler. Gö­rülmüş işdi e. Lap elə özümün də başıma gəlifdi. Qapıda yuxa bi­şirerdim. (Şər vaxdıydı. Şər vaxdı uşağı deellər yüyrühdə qoy­maz­dar. Elə onu düz deellər). Şər vaxdıydı. Təkidim. Yuxa bi­şirirdim qapıda. Gördüm ağleer. Çörəyi tələsih bişirdim, yı­ğış­dır­dım. Dur­dum, uşağı götdüm. Gördüm uşağ elə titrədir, elə titrədir. Uşax da da­lımdadı. Bax bu Qaratelin uşağının hansısa gə­lif­di, bu həm­zatdıdı da. Özü də tay-tuşuğ, yoldaşığ, yaxın qonşu­yux. Sifdə vax­dımdı, çox olardı iyirmi yaşım. Uşax gördüm ağleer. Özü də elə əser, elə əser, yarpax təki titrəder. Allah rəhmət eləsin, qaynənəmin də adı Zey­nə­bi­di. Dedim, Zeynəb xala, uşax elə bil ki, titrəder. Ta bil­merdim dana nədi, qanmerdım. Zeynəb xala, uşax titrəder. Belə de­yəndə dedi, aaz, maa gəti görüm. Gətdim verdim arvada. Bu dedi ki, durun aparın Zöh­rə arvadın yanına. Bəlkə bunun, deerdilər da­ma­ğı gəlif e. Qa­vax­can deerdilər damağı gəlif. Damağın baserdılar. Nə­bilim, əmgəyin çə­rterdilər ülgücünən. Apardım Zöhrə arvadın ya­nına, əncam ol­ma­dı. Götdülər balnisiyə. Tuğun balnisəsinə. Get­di, elə orya ça­tıf­dı, bi­raz da oan-buan eleeflər. Götürüf gəldih öz öyü­müzə. Gəliv or­da van­nıya suyü töküf, qoyuğ içinə. Elə suyun içi­nə qoyanda uşax ke­çindi. Həmzat həylədi. Həmzatdan pis şey yox­du. Allah heş ga­vu­ra görkəzməsin. Heş kəsin sümüyünə keş­mə­sin. Bax həylə olur. De­el­lər, molloynan kəsiler. Çoxbilmiş mollalar var dana.


236.

Həmzat uşağı durmuyannardı. Onu molla bilər. Uşağı dur­mu­yan­nar gedir dua yazdırer. Ya elə dua yazdırmasa da, biler ki, bı həm­zatdıdı, durmur, geder duanın üsdünə, həmzadın sater ona. Özü­nünkü qalır, o ölür. Bax elə bil, sən həmzatdısan, mən, elə bil, tə­mizəm. Elə bil, sənin uşağın durmur dana. Deyillər ki, İrasdanın uşa­ğı oluf. Sən, məsələn, duruf gəlersən, deyirsən ki, al, bı qanfeti sa­na gətirmişəm e. Bunu qoyursan, çıxanda deyirsən ki, Allah-ta­a­la, mənim bı həmzadımı ver ona, mən paka çıxart. Onunku puç olur, o həmzadı satanınkı sağalır. Sağlam doğur.


237.

Həmzat da elə bil uşağ olur, ölür, olur, ölür. Olub öləndə gə­ti­ril­lər bunu, deellər ki, nətəər eliyəh bunun həmzadın kəsəh. Göz­dü­ül­lər, ya bir it, ya bir pişih gedir, bir yerdə doğur. Ancax bö­yürt­ka­nın, kolun içində gərək doğsun bu. Lap gözümnən görmüşəm ha özüm. Həə. Doğuf orda. Gedillər üş gün, iki şənbə, bir çərçənbə, iki çər­çənbə, bir şənbə. Gedillər o böyürtkanı kəsillər. Sözü də var. De­el­lər, Allah, biz bunun çiləsin kəsdih, sən də kəs. Qoy mənim də uşa­ğım olsun, çiləm qalmasın. Çiləsi kəsilif, onun üsdünə tökülən ki­mi həmən itin də, ya pişiyin balası o sahat ölür. Amma arvadın uşa­ğı olan kimi qalır. Elə çiləli də var ki, xayindi, deer ki, gedif sa­ta­jam. Gedir biri doğanda (Qavax balnisə yoxudu e, evdə do­ğur­dun) gizdincə arvadın çağasının üsdünnən üş dəfə keçir əənə, bə­ə­nə. Deer, Allah, mənim çiləm tökülsün onun üsdünə. Deer ki, Al­lah, mənnən al, ona ver, mənnən al, ona ver. Heş üş gün qalmır, onun uşağı ölür, bununku qalır. Gərəh qoymuyasan də. Gərəh o za­hı­nın adamnarı qoymasın o içəri girsin, əvə girsin. Bilir ki, mən çi­lə­­liyəm. Bura gələn kimi mənim uşağım öləjəh. Heylə olur.


238.

Mən uşağıdım, yadımdadı. Qapımızda böyüh bir əriy ağacı var­dı. Yaz vaxdı elə çiçəy aşmışdı o, dəhşət. Həmən o çiçəh vax­dın­­da bir həmzatdı arvat onun divinə ağırrığın töhdü, dedi, həm­za­tı­mı töhdüm bura. O ağaç çiçəyi üstündə qupquru qurudu.



239-240. ÇİLƏYƏ DÜŞMƏ
Təzə doğan qadının üsdünə ağır ayağ adam gələndə onun çi­lə­si tökülür doğanın üsdünə. Gəlir çiləli, öz çiləsin təzə doğanın üs­dü­nə tökür. Onnan qutarıb düşür bunun üsdünə. Onda zahı qadın olan evin piləkəninə, asdanasına iri, yüzdüh mismarrar vurulmalıdı, bir-iki-üç yerdən. Ya piləkənin yuxarısına, evin asdanasına zəncir vu­­rursan ki, gələn onun üsdünnən addıyıf keşsin. Onda heç bi şey ol­­mur.

240.

Mənim böyüh qızımın birinci uşağına dedilər ki, çiləsi var. Uşa­ğı götürürsən belə əlinə oynatmağa. Baxırsan ki, uşağın qılçası bir-birinə dolaşıf. Də bir-birinə keçirir qılçasını. Əyağın bir-birinə ke­çi­rir. Nə qədər onu düz tutursan ki, düz dursun, dayanmır. Da­ya­na bilmir, qılçası bir-birinə keçir. Onda da onu aparıllar ekiz doğ­muş kadının qılçasının arasınnan keçirillər. Hər çərçənbə axşamı, (dal­badal üş dəfə), şər qarışan vaxd aparıllar, bunun qılçasının ara­sın­nan keçirillər. Sözdəri var, çiləsini kəsirəm deyillər, nə deyillər, day orasını dəqiq mən bilmirəm. Düzdü, aparmışam uşağı. Heş ma­rax­lanıf soruşmamışam ki, aaz, nədi o dodağının altda dedin də. Ürəh­lərində deellər.


241-243. VURĞUN VURMA
Bir əmimi atası nə üsdündəsə qovaleef. Əmim də qor­xu­sun­nan gedir girir qəlivin arasına. (Qəlivi alaçığın üsdünə aterdılar.) Bu­nu gəzillər, tapbıllar. Camahat oturuf da, əlin üzüf ki, bu hara get­di? Yəqin özü gələjəh. Elə oturullar sırfıya, görüflər ki, iki qə­li­vin arasında uşax çığırdı. Yüyürüllər, qəlivi qaldırıllar, uşağı gö­tü­rül­lər. Çığırır, özünü öldürür kü, məni vurdular. Kim vurdu? Bil­mi­rəm. Məni kimsə vurdu. Onun kürəyinin arası bax belə yanıxdı, qaf­qara yanıfdı. Vurqun vurmax ona deellər. Əmim də bax helə oluf. On altı yaşında uşağımış. Gədə heylə getdi. Vurğun elə odu. Öz ayləmizdə olmuş işdi.
242.

Vurğun vurmax da gerçəhdi. Qara vurğun həqiqətən gerçəhdi. Qay­nımın nəvəsi totux, qəşəh qızıdı. Qonşuda sünnətiydi. O uşağı da götürüf ora gediflər. Orda bir arvat deef ki, pah dədə, vay, sən Al­lah, bu uşağı harda bəsdəmisiniz? Bu nə qədər gözəldi. Uşax həq­qi də gözəliydi e. İnanırsan, iki sahat çəhmədi, nətəər qara vur­ğun vurdusa onu, kürəyinə, elə bil, əlinnən şillə vurmuşdun. Qap­qa­ra qan sızmışdı. Qara vurğun bax ona deellər. Bax helə şeyə də mən şa­hid olmuşam.


243.

Vurğun vurmax da gerçəhdi. Mən qızıdım, getməmişdim. Ma­mam nəvəsi varıdı, adı Neylamıydı. Bir qəşəh qızıdı e. On yeddi ya­şı vardı. Axşamüsdüydü. Nənəsi dedi, ay bala, ay bala, inəh əmer. Qız çatını götdü, getdi ki, buzoyu bağlasın o suyun içində, inəh əmməsin. Getdi elə çatını bağlıyanda dedi, oy, ay nənə, məni nəy­disə, vurdu. Dedi, aaz, nətəri? Qız orda elə qaldı. Qızı getdih gət­dih. And olsun Allaha, yanı bax, bax belə nəlvəki boyda qara xal­­dı. Boş böyrü vuror. Özü də sol böyrü. Gejə qız keçindi. Bax qa­ra vurğun odu, bala. Gözümnən görmüşəm.


244. ÇƏTİK ALMA
Qavaxcan tərəkəmə vaxdı dana, onda doxdur-moxdur tanı­mer­dılar. Hadıx deyerdih dana o aralığ arvatdarına, mama­çalara. Ol­lar tutordu, uşağın əlinin üsdün blitveynan çəkerdi. Əllə­rinin üs­dün, burnunun üsdünnən, belinnən, əyağınnan, hər yerinnən ki, gu­ya mundar qanı çıxsın. Avamçılığıydı e. Ona çətiy alma deerdilər.
245-246. TAS QURMA
Tas qurana cindar deellər. Tası açanda həmən tasın başına qız xey­lağı oturdurdular, bizi oturdurdular o vaxd. Aparerdılar, kasada su qoyurdular. O suyun içinə də düyü aterdılar. Başımıza da yaylıx ater­dılar. Deerdilər, görün burda nə şəkli var? (Tas deyəndə ka­sey­dı. Çölünə ayə yazılıf, Quran yazılıf. Köhnə kasalar olur e, ayə yazılıf da­na). Amba görördüh orda ayrı şəkil var. Bizə görükördü. Belə gö­rördüh sarı qız, arvat, neçə uşax var. Bax o şəkildə. O yalan döy. Bi­zə elə deerdi, orda nə görörsünüz? Özü yoxloordu. Görün gö­zü­nü­zə görükör, görükmör? Hər adama da görühmör axı o. Təmiz qız xey­laxlarına görükür.

246.

Tas quranı mən gözümnən görmüşəm. Mənim xalam rəhmətə get­mişdi. Xalam qızı anası rəhmətə gedənnən sora dəli olmuşdu. Ba­şına hava gəlmişdi, qaçırdı. Ay qoymuyun gəldi, ay qoymuyun, mə­ni vurdular, ay qoymuyun tutdular, ay filankəs başımı yoldu. Bax belə-belə şeylər deerdi. Dedilər ki, Ağdamın İsmayılbəyli kən­din­də molla var. O dəli eliyəni duaynan düzəldir. And içirdilər. Mən getməmişdim, anam aparmışdı (araveynan o vaxdı, maşın-zad da yoxudu). Deer, əlinə alıf bir qamçını, bir kasa da su qoyur qa­va­ğ­ına. O xəsdəni də oturdur. Bax orda nə görürsən? Filan şey gö­rü­rəm. Daha nə görürsən? Yox, görmürəm. Şarap. Şallağnan vu­rur­muş. Düz de, görürsən. Düz de, orda nə görürsən? Düzünü de. Xəs­də­ni vururdu. Orda nə görürsən? Onu düz de. İndi guya, deyilənə gö­rə, onu o sudan tutuf (qarqı varmış əlində, ağzı açıx, qarqı, qay­lan fason) götürüf guya onu salırmış qarğıya. İndi orasın bilmirəm də, nə deyirmiş. Molla özü deermiş. O vaxdı orda olmamışam. Or­da olsam, bəlkə də ujunnan, qulağınnan götürərdim. Elə anamgil gə­lif söylüyürdü kün, aaz, uşağa şallağnan dartır kin, da nə gö­rür­sən? Filankəsi görürəm. Adını da deerdi ki, filankəs odey, suyun için­də. Suqra addı bir arvat görükmüşdü gözünə. Sora Qaradolax kən­di deerdilər, orda Minə arvat varıdı, o görükmüşdü gözünə. De­er­di, olar saçımı yolur. Biri bir tərəfdən yolur, biri bir tərəfdən yo­lur. Həə. Düzün de. Orda daha nə görürsən? Filankəsi görürəm. Gu­ya onu da tutuf salırmış qarqıya. Nə başını ağrıdım? Bir-iki dəfə apar­dılar, gətdilər. O qız sağaldı.


247-248. VERGİNİN VERİLMƏSİ
Mənim qoja nənəm olufdu (nənəmin nənəsiydi), Allah ölən­nə­rıza rəhmət eləsin. O, on iki, on üç yaşında olan vaxdı yeddi gün ya­tır yerdə, Allah-taala ona vergi verir. Deyirdi ki, qaraçuxalı, qə­şəh, nurru kişilərdi, əlində də çəliyi. Gəlirdi mana deyirdi ki, gəl sə­ni savatdandırax, örgədəh, savatdı olginan dana.

Elə bilginən ki, (Kəlbəcər yoxdu? Kəlbəcər, İsdisu eşitmisən da, hayıf o yerrər... kaş o yerrəri görmüş olmuyeydim heç. Cənnətdi e). Kəlbəcərin o yerinnən baxırmış, sən, elə bil, Beyləqanda dö­yül­sən? Əlinin içində telvizor kimi görükürmüş ki, sən nağayrırsan or­da. Bir dəfə də bir hamilə gəlinə deyipmiş ki, qarnındakı oğlandı, oğ­lun olajax, oğlun sağ qalajax, amma özün dünyanı dəyişəssən. De­yir, gejə məni boğurdular, xırtdıyırdım. Nənəm gəlip durquzurdu ku, bala, niyə xırtdıyırsan? Boğurdular məni ki, niyə sən onu üzünə de­yirsən? Üzünə deməli döyülsən sən onu.

Xalası əlinnən tutuf erməni kəndinin içiynən gəlirmiş. Erməni çö­rəh bişirirmiş, təndirə çörəh yapırmış. Bu erməninin oğlu da bu­la­ra çörəy təhlif eliyir. Deyif ki, aj döyüləm, yemirəm. (Bı sahatdarı bol­lux-bosdannıxdı, Allaha şükür. Çörəyin şirin vaxdıymış dana). Nəy­sə, erməni gətirir, kəsir çörəyin üjünnən bir belə, verir uşağın əli­nə. Arvad özü nağıl eliyirdi e. Deyir, yedim, yeddi gün yatdım yer­də, burnumnan, ağzımnan qan açıldı, qulaxlarımnan qan açıldı. So­ra durdum baxdım, gördüm, hes zad yoxdu, onnan da getdi. Onu mən molluya sual verdim hüzür yerində. Molla dedi ki, kürədən çı­xan çörəy xarav olmaz dana. Kürədən çıxan çörəyə, nöözəmbillah, ha­ram demirəm, ama onu verən əl var e, çörəyi verən əl haramdı.

Deyirdi, ay bala, erməni sizi qırajax. Erməni gələjəh, erməni be­lə eliyəjəh. Deyirdim, əşi, arvat qojalıf, beyni əriyifdi, beyni yün­gül­ləşifdi. Bu arvat danışığın bilmir. Erməni gələjəh nədi? Erməni si­zi qırajax nədi? Nə deyirsən sən? Arvat irəhmətə getdi, get-gedə gör­düy, elə erməni əənnən bəri qaynadı, əyağ altında qaldıx uşax, bö­yüh. Allah irəhmət eləsin, nə qədər qırılannarımız oldu. Nə qədir tor­pağı verdih.



248.

Bu Qaradizin Dəmirçi-dülgər kəndi var. Hələ onda biz köş­mə­mişdiy e, qaşqın düşməmişdih. Orda bir dənə kənt varıdı. Elə bir kən­tdi kin, dağın başıdı, gərəy ora gedəndə atnan-eşşəynən çıxasan. (Elə hey cəhd eliyirdim ora gedim, gedə bilmədim). Deməli, orda bir seyid ojağı varımış. O seyidin yanında bir qız varımış, kəç­çi­lə­rin­nən birinin qızıymış. Onun heş kəsi yoxumuş. (Ordan bir arvat ma­a nağıl eləmişdi). Deyir, gəlirmiş həməşə o seyidin yeməyin bi­şi­rirmiş, çayın-çörəyin qayırırmış, gedirmiş sora özdərininkin qa­yı­rır­mış. Vax gəlir, bir gün bı seyid azarrıyır. Kişi deyir kin, o qızı ça­ğırın, deyir:

– Bala gəl, gözuu yum.

Deyir:


– Nədi, ağa, sənin cəddaa qurban olum!

Deyir:


Mən ölüf gedejəm, sən maa çox əzyət çəhmisən. İsdiyirəm əli­min savabın saa verim. Sən, elə bil, savapgar olasan dəə, çörəh ve­rim saa.

Deyir:


– Neyniyejehsən?

Deyir:


– Sən gözuu yum, qorxma hamma. Nəbada aşma gözunu.

Deyir, bu da gözün yumuv, aşmıyıf. Deyir, bir dənə qəşəh gür­zə ilanı gəlif, bir əjdaha dolanıf belə qızın bədəninə. Deyif:

– Qızım, ağzını aç, qorxma, gözunu yum, ağzını aç haa. Aşma gö­zunu.

Qızın ağzına tüpürüf, qayıdıf çıxıf gedif. Çıxıf gedənnən sora ki­şi deyif:

– Gözunu aç, mən sənin yanındayam, qorhma. Deyif, bala, saa ömürrüh çörəh verdim, get.

And içirdilər kin, gedirsən ora, o qız mədəndə olan ziri-zibili, ti­kəni-mikəni çıxardırdı. Ona vergi verilmişdi. Mən onu heylə eşit­miş­dim.


249. GÜLLƏBATMAZ DUASI
Sora bir də mollalarda bir dua da var ki, o, lap əsas duadı. Gül­ləbatmaz duası. Bax mənim atam özü molla oluf. Quran oxu­yur­du, namaz qılırdı. Bu müharbiyə gedən uşaxlarmızın hamsına, əs­gərə gedənnərimizin hamsına atam gülləbatmaz duası yazmışdı. Du­anın böyühlüyü hardasa xeylağıdı. Belə qalınıdı, neçə vərəqdə yaz­mışdı. Bir həftiyə yazırdı onu. Qara parçıya tikirdi, qoyurdu uşa­ğın civinə. Mənim budey bax bu evdəki oğluma imenni onu yaz­mışdı. Deməli, müharbə vaxdı o əsgərrih çəkif, üç il altı ay. Bu bir helə tankın da içinə gedif, haralara gedif. Buna heş bir şey ol­mu­yufdu. Qardaşımın böyüh oğluna da atam gülləbatmaz duası yaz­­mışdı. Allaha and olsun, bala, İyirmi yanvarda qırğın yerində oluf, o uşağa heş bir şey olmamışdı.
250. CADU
Bizim kətdə bir məllim varıdı, Xankəndində yandırdılar. Al­lah ölənnəra rəhmət eləsin. Bax o bizə yeddinci sinifdə dərs deyirdi. Özü­mün də om bir-on iki yaşım varıdı. Bəlkə də hələ birəz artıx olar­dı. Elə oldu ku, kəndimizdə iki qadının qızdarına görə fikirrəri va­rıdı buna. Dayısı qızıydı biri, biri ama maması qızıydı. Bu ar­vat­dar, dayısı arvadı da, maması da isdədilər qızın verə bı Ərşat mə­l­li­mə. Heş birin də almadı. Nəysə, bı hərrədi-fırradı, getdi Qa­ra­dağ­lı­dan Tamara addı bir qız aldı. Ta onda da resdaran-mesdaran yo­xu­du e, qolunnan tutuv ata mindirif gətirirdilər. Gətdilər bunun üs­dü­nə nə töhdülərsə, ta Ərşat məllim dedi ki, bu addı adam mənim əvi­mə girməsin. Girəndə dəli olurdu. Qurt yağı töhmüşdülər gəlnin üs­dü­nə. Deməli, gejə oturuf səhərə kimi tar çalırdı. Tay Tamara yı­xı­lıf yatırdı, o da tar çalırdı. Tay-tuşdarına deyirdi, (ay bala, tay ba­ğış­da da) ə, lazım olsa, arvatdı dana, aparın. Bax, o fasona düş­müş­dü ha. Vəhşi kimi e. O qədər, o qədər, axırı, molla, müşdeyit dedi ki, buna öyücü38 yoxdu, buna təhər yoxdu. Bu oturuv onun qabına. Axı­rı o gəlin çıxdı getdi Qaradağlıya, öz kəndinə. Ayrı adama get­di, onnan da övladı-zadı oldu.
251-253. YAĞIŞ YAĞDIRMA
Yağış yağmıyanda neynirdih? Tək təsərüfatın vaxdınnan da­nı­şıram ha. Bu kalxozduxdan qavax. İndiki kimi yadımdadı. Mənim atam bir dənə cöngəni götürdü. Bir yedəyində çəhdi, bir uşax da da­lın­can. Nə qədər zəmiləri vardı, onun başına hərrədi, qurvan dedi. De­di, qurvan deerəm, ya qurvan yiəsi kişi, bu taxıllar yanmasın. Aman günüdü, yağış yağsın. Bu taxıllar əmələ gəlsin. Bax and ol­sun Allaha, indiki kimi yadımdadı ha. Atası bəydi də. Yerrəri ço­xu­du, əhmişdilər. Bilmirəm, üş günmü, dört gün çəhdi, sel seli qovdu. Bax mənim yadımda belə qalıf.
252.

Quraxlıx olanda çayın içində əkin əkirdi Mərzili39 camahatı. Çay­da əkin əkəndə yağış yağırdı.


253.

Yağış yağmasa, görürdün o vaxdı Qodu-qodu bəziyirdilər. Nəy­sə, bir ağacı bəzeyirdilər. Düşürdülər qapı-qapı. Deyirdilər:

Qodu-qodunu görənnər,

Qodu-qodu gəzəllər,

Qoduya salam verəllər.

Qodunu gördünüzmü?

Qoduya salam verdinizmi?

Görürdün onda yağış yağır.

Eşşəyin başını yuyurdular. Eşşəyin başın iki eyni addı adam yu­yanda yağış yağırdı.
254-259. YAĞIŞ KƏSMƏ
Yeddi keçəlin başın düyürdülər. Yadımdadı o da. Rəhmətdih qo­ca nənəm düyürdü. Deyirdim, onu niyə düyürsən? Deyirdi ki, ba­la, hava aşmadı, ona görə düyürəm. Keçəllərin başın düyürdü belə-be­lə qatmeynan. Məsələn, bı fılankəsdi, bı, bəhmənkəsdi, belə.
255.

Yeddi dənə daşı üsd-üsdə yığırdılar. Guya yeddi daş yığanda ya­ğış kəsəjəhdi. Bunu mən qojalardan eşitmişəm.


256.

Qara qazanı üzüquylu çöndərirdih ki, ya Allah, yağış kəssin.


257.

Yağış çox yağanda qara daş çöörürsən. Üş daş çöörürsən, on­da yağış kəsir. Amma onnan sora o daş çöörən adam genə gedif da­şı yenə arxası qatda qoyur ki, gələcəyi yağış olsun dana.


258.

Yağış yağanda yağışın kəsməsi üçün kəntdə olanda gətirirdiy odu­nu qoyurduğ odunun üsdünə, üstəgələh kimi. Deyirdih ki, onda ya­ğış kəsəjəh.


259.

Yağış yağan vaxdı daş qırırsan. Üş dənə daşı üsd-üsdə qo­yur­san, qırırsan. Onda yağış kəsir.


260-261. DOLU KƏSMƏ
Dolu-zad yağanda Mərcan nənəm deərdi ki, denən ki, mən ana­mın ilkiyəm, ağzı qara tülküyəm, mən ağladım, kəsdim, sən də kəs.

261.

Dolu yağanda gedirsən həmən o dolunun birin götürürsən, di­şi­nnən qırırsan, tulluyursan qoynuna. Ordan da düşür yerə. O dəy­qa­sı dolu dayanmalıdı.


262. DUMAN QOVMA
Kəndimiz çox dumannı olurdu pastayannı. Payızdan tutmuş düz yazatan. Deyirdih:

Duman, duman, qaşginan,

Səni qayadan asaram,

Qavalıyıf çıxardaram ...



263. QODU-QODU
Mən gəzdirməmişəm, ama gəzdi­rən­nər­ oluf­du, görmüşəm. Onu yağış yağanda gəzdirillər. Deyirdilər:

Qodu, qodunu gördümmü,

Qoduya salam verdimmi?

Qodu gedənnən bəri

Bir yağlı gün gördümmü?
Qoduya qaymax gərəh,

Boşqava yaymax gərəh.

Qodu gün çıxartmasa,

Qodunun gözdərin oymax gərəh.

Elə bir nəfər alırdı qucağına, sözün deyirdi, uşaxlar da tö­kü­lür­­dü onun dalıncax, həylə gəzirdilər qapı-qapı. Kukla kimi şeydi bə­ziyir, qodudu guya. Çömçədən düzəldir, başına ayın-oyun bürü­yür, alır qucağına ki, qodudu bu. Aparır gəzdirməyə. Onu eliyən də ev­ləmməmiş uşaxlardı. Qapı-qapı gəzirdilər, hamısınnan pay alır­dı­lar. Pay da nə bilim, güjün nəyə çatır, yumurta verirdilər, onnan so­ra piçenniy verirdilər, nə bilim, pul verirdilər. Həylə-həylə şeylər ve­rirdilər dana. Köhnədəndi dana, o indi yoxdu.
264-265. AŞURA MƏRASİMİ
Aşura keçirirdih. Əvvəllər görürdün zəncirnən döyürdülər. Bi­zim kətdə keşmirdi. Bizim kənt qatışıx kəndidi. Amma gəlirdih Fi­zuliyə. Orda zincirnən döyürdülər, uşağın alnınnan çərtirdilər. Ni­yət eliyirdilər nəysə. Bax o niyətə görə çərtirdilər. Niyətim hasil ol­sun, uşax xəsdədisə, yaxşı olsun, aparım orda qan çıxardım. Belə ni­yət eliyif aparırdılar. Biz həmişə gəlirdih Fizuliyə. Humayın ağın tu­turdular belə yaxıya. Bu niyətdi uşağın da yaxasında bir metir, ya­rım metir Humayın ağı olurdu. Çərtənnən sora o ağnan qanı sil­mə­liydin. Mənası nəydi, onu bilmirəm. Mən uşax vaxdı görmüşəm.

Qasım otağının altınnan keşməh, boz atın altınnan keşməh var­dı sora. Ona da niyətdi olursan. Valdeyin uşağa deyir ki, tutax ki, xəsdələnif, ya nədisə, bu sağalsın, niyət eliyirdi ki, atın altınnan ke­çəjəh, ya alnın elə çərtəjəhlər. Qətl vaxdı gətirif eliyirdilər. Boz at olurdu. O boz at da imamnardan hansınınsa atıdı da, onu bə­zi­yir­di­lər. Onda da maraxlıdı ki, heş bir qram tərpəmməzdi, şittih elə­mir­di, altınnan lap balaca uşax keçirdi, heş nə eləmirdi, sakit du­rur­du.

Yeməh bişirirdin, halva çalırdın, imamnarın adına. Həmin gün axşamçağı çalırdın. Səhər çalmağ olmaz, axı hələ döyüş gedir. İn­di də elə həmən adət-ənənə var. Ya imamın üçündə də çalırdın, ya da yeddisində, qırxında çalırdıx. İmamın adına yeməh pişir, ey­san kimi. Duz salanda deyirsən ki, imam eysanı olsun, imannarın adı­na salıram. Elə nə yeməh olsa, pişirə bilərsən. Aş da dəmniyə bi­lər­sən, ət də pişirə bilərsən, dolma da eliyə bilərsən, nə istiirsən eli­yə bilərsən. Qonum-qonşudan bir neçə adam çağırırsan, gəlif yeyir. Hal­vanı payleersan. Elə adam var, deyinihli olor40, deyir ki, mən o ey­sanı verejəm. Deyinihli olur ki, deyir, hə bax bu işim belə düzgün ges­sin, mən imam eysanı verejəm.


Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə