Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,74 Mb.
səhifə20/28
tarix08.04.2018
ölçüsü2,74 Mb.
#36696
1   ...   16   17   18   19   20   21   22   23   ...   28

311. YALANÇI MOLLA
Molla qonşu kəndə qonax gedir. Orda dosdu olur. Gedir orda bı­na yaxşı süfrə açıllar, yeyillər-içillər. Bir neçə gün qalası olmalıdı da­na. Nəysə, axşamçağı deyillər ki, bəs belə-belə, bəy var, o bəy hə­mən o ev yiyəsin qonax çağırıf. Uşax gəlif deyir ki, bəs səni qo­nax çağırıflar da, bizə gəl. O da deyir ki, ged ona denən ki, bu gün gə­lə bilmiyəjəm, evdə qonağım var. Gedir, o bəyə deyir ki, bəs be­lə-­belə, getdim dedim, onun qonağı var da, gələ bilmiyəjəh. Dedi, ged ona de­nən ki, onun qonağı da mənimdi, özü də mənimdi, gəlsin bı­ra. Bı ge­cə bizdə olajaxlar. Böyüh qonaxlığımız var. Həmən o mol­la da gəlir oturur o məclisdə, tanımadığı adamnardı də. Böyüh bir məc­lisdi. Nəy­sə, belə oturullar, hərdən bı molla bilmir ki, özün nə­təər qələmə versin ki, mən mollayam da, camahat bilsin. Birdən du­rur ayağa, deyir:

– Allah, amansan, Allah, amansan.

Hamı da qorxur da. Deyillər, ə, görən bı nədi ki? Bı molla elə hər­dən qalxır, deyir, “Allah amansan, Allah amansan”. Bir söz de­mil­lər. Nəysə, elə-belə çay-zad gəlir, içənnən sora bı bir də durur de­yir ki, “Allah, amansan, Allah, amansan, qoymuyun”, nə bilim nə­. Bına sual verillər ki, a kişi, sən kimsən? Deyillər ki, bəs məşhur bir molladı də, qonax gəlif bura – bizim bu kəndə. Belə oturur. De­yil­lər:

– Tez-tez belə “Allah, amansan, Allah, amansan” deyirsən, bu nə olan şeydi?

Deyir:

– Bəs gözümün qabağına görühdü kü, Qaf dağınnan bir qatar də­­vəli tacirrər gedir. Gördüm kü, o dəvənin biri uje büdriyəjəh, dağ­­dan uçajax. Onu helə deyirəm, sözdərin deyirəm ki, o yoluna dü­zəlsin, yanı təlafat olmasın.



Deyir:

– İndi sən heylə elədin, düzəldi da?

Deyir:

– Hə, uje təlafatsız ötdü getdi.



Bunu da o yeməh bişirən qulluxçu eşidir. Qulluxçu eşidif ki, be­lə bir şey deyir da bu. Uje gözdüyüfdü, plovlar çəkilifdi, hər bir qo­nağın qabağına çəkilən plovun üsdündə bir dənə cücə qızartması qo­yuluv. Axırda o qulluğ eliyənnərə deyir ki, bı mollanınkin ad­del­ni­ apararsınız. Buna çəkilən o toyuğu lap altdan qoyur, üsdünnən dü­yüsün-zadın tökür. Amma üsdə toyux-zad görühmür. Aparıp qo­yul­lar qabağına. Hamı yeyir, bu da durur onun-bunun üzünə baxır. Bu­nu aparan adam deyir ki, bəs hamı yeyir, sən niyə dayammısan? Sən də ye də. Deyir:

– Əşi, nə yeyəjəm e? Burda saymamazdığ elədilər.

Deyir:

– Niyə?


Deyir:

– Hamınıza cücə qızartmasın qoyuflar, gətiriflər, ancax mən­də heş nə yoxdu də.

Deyir:

– Ə, nətəər yoxdu?



Tez poveri çağırtdırıflar bura (kadınımış).

– Gəl bura. Belə yeməh çəkəllər qonağa? Belə hörmət olar?

Deyir:

– Nətəər olur, qonax Qaf dağında gedən o heyvannarı, də­və­lə­ri görür, bırdan-bıra düyünün altını görə bilmir? Bunun altında qıp­qır­mızı cücə var.



Yanı bax bunu bına deyifdi. Belə bir əhvalatıdı.
312. MOLLANIN KƏLƏYİ
Deyir, molla meşiyə oduna gedir. Eşşəyi də götürür, gedir odu­na. Odunu yühlüyür eşşəyə, eşşəyə deyir ki, sən bu yolnan get, mən də bu yolnan. Görəy öyümüzə kim tez çatajax? Tez çatan ar­vat­­dan bir yaxmac alsın, yesin. İndi eşşəh nə bilir ki, bu nə dedi. Eş­şəh yavaş gəlir, yolda dönür otduğa, başdıyır otdamağa. Bu gəlir öyə. Deyir:

– Arvad, eşşəh gəlmiyif ki?

Deyir:

– Yox.


Deyir:

– Həə, yaxşı oldu elə, mən tez gəldim.

Bu gözdüyür, eşşəh heç gejə də gəlmir. Səhər durur. Gedir, gö­rür ki, sən öl, eşşəyi canavar yeyif. Elə odunun dalında səvədi qa­lıv, içinə çoxlu saxsağan girif, leşin didir. Yavaşca-yavaşca gedir, bu saxsağanın birin tutur ayağınnan, bağlıyır, alır əlinə, düşür yola. Ge­dir bir ayrı kəndə. Görür uşaxlar çöldə çör-çöp yığır. Deyir:

– Ay bala, kəndınızda nə ucuzdu, nə bahadı?

Deyir ki, əşi, hər şey elə ucuzdu, dolanmağ olur, amma bizim kət­də birinin arvadına bir ayrısı dadanıf, onun arvadının yanına ge­dir gəlir. Arvadın əri nə qədər pusur, tuta bilmir onu. Molla girir kən­də, deyir:

– Bu alaquş oynaş tutandı.

Aparır bunu, arvadın yiyəsi buna eşşəh veriv, alır deyir:

– İndi bunu nağarım?

Deyir:

– Bunu bajadan ayağınnan asginan. Havax gördün göyə sarı uçur, bilginən ki, oynaş giriv içəri.



Bu da aparır o sağsağanı ayağınnan asır göydən, qayıdır ge­dir bir şəllihdə gözdüyür. Bunun arvadının müşdərisi gələndə gəlir de­­yir:

– Bu nədi, azz?

“Bu nədi” eliyəndə saxsağan bunnan hürkür, uçur göyə sarı. Uçan­da gəlir görür kü, oynaş burdadı. Bu oynacı da öldürür, arvadı da öldürür. Qayıdır təzədən pul götürür kü, aparım bu kişini allat­mı­şam, ona verim. Sən öl, bu ala quş yaman quşdu. Bu yaxşı tutur. İn­di aparır, bu bəridən gedəndə görür, kişi gəlir (eşşəh verən), de­yir, sən öl, eşşəyi gəliv alajax. Yəqin ala quş yalançı çıxdı. Tutur eş­şəyin qulağın da kəsir, quyruğun da. İndi gəlif bu. Deyir ki, ala quş yalan çıxdı? Deyir:

– Yox, gənə pul gətirmişəm saa.

Deyir:

– Vay, öyü yıxılan fələh! Eşşəh palçığa batsa, harasınnan tu­tuf çıxardajam onu? Qulağın da kəsmişəm, quyruğun da.



Bu eşşəyi minir, düşür yola. Bir erkəy eşşəyimiş. Düşür yola, bir kəndə çıxır. Bu kətdə deyir ki, əşşi, nə ucuzdu, nə bahadı? Uşax­lardan xəvər alır. Deyir:

– Əşi, hər şey ucuzdu, amma kəndimizi qaçağ əldən salıf.

Girir kəndə. Deyillər:

– Əşi, bunun qulağı, quyruğu hanı?

Deyir:

– Bu, qaçax tutandı, eşşəh döyül ha. Qaçax tutur bu.



Deyir ki, əşi, bu nətəər tutur qaçağı? Deyir:

– Həə, bu qaçax tutandı.

Kənt yığılır, iki qat qiymatına bunu alıllar. Deyillər:

– İndi bunu nətəər eliyəh?

Deyir:

– İndi bunu aparın salın pəyiyə, qavağına arpa-saman tökün. İşığ üzü qoymuyun görə. Suyu da içəridə verin, yeməyi də içəridə ve­rin. Havax qaçağ gələndə bunu buraxın üsdünə.



İndi bunu qaçaxlar eşidir, gəlmir. Qaçaxlar yığışıf danışır ki, ə, ajınnan-susunnan qırıldıx, bir qaçağan at minin, gedin, bəlkə ya­lan deyir, heç heylə şey yoxdu. Bir gedin görün bu nədi. Gələn qa­çağ da atın tərkinə bir boş xurcun da aşırır ki, bəlkə girəvə oldu, bir­şey çıxardıf gətirə bildim. Bu qaçax gəliv elə kəndə girəndə bu­nu sıyırır, buraxır (bu eşşəyi). Bu, sıyırıf buraxanda qırx gün yeyiv-iç­miş eşşəh düşür atın dalına. Bu atdı nə qədər çapırsa, görür çatırır. Me­şədə tez düşür, qaçır çıxır ağaca, atı buraxır. Bu qalxır atın üs­dü­nə, indi ağzı dirənir xurcuna, qayıdır düşür yerə, bir yeri iyliyir, gö­yü iyliyir, ağzı geri qayıdır (arpa yediyi yerə). Gedir, deyir ki, ə, no­oldu, nağardın, neynədin? Deyir:

– Ə, öyün yıxılsın, sən öl, məni qovdu, qovdu meşəyə çatırdı, nə yaxşı tuta bilmədi. Sən öl, düşdüm, çıxdım ağaca, çıxdı atın be­lin­də xurcunu gəzdi. Gördü xurcunda bir şey yoxdu, düşdü dedi, bu yer hakqı, o göy hakqı, bir də gəlsənız o kəndə, sizin torpağınızı tor­veynan daşıyajam.

Onnan sora qaçaxlar ta bir də o kəndə girmillər.
313. MOLLA NƏSRƏDDİNİN ÖLMƏYİ

Bir yolları molla genə ulax yühlüyür. Ta görüf kü, bı səfər ge­dən­də canavar yedi dana (söyləyici bundan əvvəl danışdığı mətnə işa­rə vurur – top.). İndi ulağı əldən qoymur. Ulağınan sürür, gəlir. Bir yamaç varımış, bının əyağında bir adam durmuşumuş, elə-belə hey­van otaran. Deyiv:

– Ə, salaməlöyküm.

Deyiv:


– Əleykəsalam.

Deyiv kin, bı ulağnan bı döşü çıxa biləjəm?

Deyiv:

– Hə.


Deyiv:

– Nətəər çıxajam?

(Da bu birəz zaddı e. Ayıflıdı).

Deyiv:


– Belə çıxassan ki, ulax döşü sifdə başdıyanda bir yol o.....jax. On­da dizdərınatan öləjəhsən. Gedif yarıda bir yol da o.....jax. Qur­şa­ğınatan öləssan. Molluya deyir ha. Gedir lap axıra yaxın birin də bı­raxanda təmiz öləssən.

Gedir bu. Eşşəh bıraxır. Deyiv:

– Hə, birincini buraxdı, uje dizdəriməcən öldüm.

Gedir, yarıya­tan gedəndə birin də buraxır. Deyiv:

– Hə, uje tokqa çəkilənətən öldüm. Bədən ölüdü. Gedir axıra ya­xın bu, birin də buraxanda bu qəşəh pencəyi salır başına, yıxılır, yo­lun qırağında arx varımış, ora. Deyiv, tay mən təmiz öldüm. Bı dək­cədə57 daldan üş-dört ulaxlı gəlirmiş. Atdı, yühlü tacirdi də, yol ge­dir. Bıllar yaxınnaşanda bu bir yol qurca­lax­lanır. Qurcalaxla­nan­da bı atdar hamısı ürküşür. Bəzisi yıxılır, bəzisi yükün tökür, na­ğay­rır. Gəlip baxıp görüllər kin:

– Ə, kimdi, bırda nə gəzir? Ə, nə gəzirsən, a kopoolu, bəs bi­zim ulaxlar da töhdü yükün, qırdı.

Deyiv:

– Ölmüşəm.



Deyiv:

– Ə, nətəər ölmüsən ki, sənin gözün açıx, başın açıx.

Deyiv:

– Bəs maa fılan yerdə fılankəs dedi ki, eşşəh belə-belə eli­yə­jəh, dizınatan öləssən. Belə eliyəjəh, qurşağınatan. Lap başa ça­tan­da da birin bıraxanda təmiz öləssən. Elə eşşəh başda birin bıraxdı, ba­şımı bıraxıp pencəyə yıxıldım bıra kin, tay təmiz ölmüşəm.



– Ə, qalx əyağa! Ay köpöyoğlu, qalx əyağa!

Baxıf görüflər, Molla Nəsrəddindi.

– Ə, bı Mollanı alladan olmaz, bını kimimiş alladan? (Aşa­ğı­da­ qoyun otaran, mal otaran deyif dana).

Deyiv:


– Ə, qaç ulağını tap get.

Gəliv ulağa çatıb. Ulağın götürüf gəlif.


314. MOLLA VƏ QIRX LOTUBAŞI
Mollanın iki davşanı varımış. Bı davşannarı elə bəzəmişimiş, irəh vurmuşumuş, bir-birinnən seçilmirmiş. Öz də ayrı-ayrı qoy­mu­şu­muş. Bu gedir... Bını da qırx lotubaşı hərriyirmiş kin, buna bir kə­ləh gələlər. Gedillər, yığılıllar hamısı bunun başına – Molla Nəs­rəd­dinin. Lotubaşı deyif kin, gəlin çıxax səyahətə dana. Bı, davşanı da vırır qoltuğuna, bıllarnan gəlir. Arvadı da örgədir kin, köpəh qı­zı, olları qonax gətirejəm, bişmiş qayırarsan. Gedirih hərrənəh, gə­lə­­jiyih. Özü də həmən o ala davşanı gətirif bırda göz qabağında bağ­lıyarsan.

Gedir. Gedillər bıllar, bir xeylax hərrənillər, gəzillər. Deyillər, day qayıdax əvə dana. Deyir, qayıdax, qayıdax dana. Davşanın aya­ğın açır, davşana bir çubux.

– Get arvada denən, yeməh hazırrasın, gəlirih.

Davşan baş götdü çıxdı getdi, nə bilim hara. Hə, gəlif görüllər ki, həmən davşan bıde bırda bağlıdı. Yeməh də hazır. Oturullar, ye­yil­lər, içillər. Bı qırx lotubaşı bına çox kələh gəlmişimiş. Həd­din­nən artıx ha. Bıllar qayıdır kın, bı nətəər şeydi, bını nətəər ör­gət­mi­sən kin, bı gəldi bıra xəbər verdi.

– Davşan xəbər verdi?

Arvat deyir:

– Hə, gəldi dedi kin, bəs qonaxlar qayıdıf gəlir, yeməh hazır­ra. Mən də yeməh hazırradım.

Bıllar molluya pul boyun olullar kin, (gülür – top.) sən Allah, bı­nın qiymətini de, bını ver bizə. Bı nə yaxşı heyvandı. Xəbər apa­rıp, xəbər gətirəndi. Hə, deyir, xəbər aparıp, xəbər gətirənin qiyməti olar? Nə bilim, neçə tümənə bunu sırıyır bullara. Bıllar götürüf ge­dir. Gedillər, hərrənillər. Kəfşənnən davşanı bıraxır, g..ünə bir çu­bux­ vurur, deyir:

– Get arvada denən, qayıdıf gəliriy əvə. Yeməh hazırrasın.

Gəlif görüllər, ə, arvat heç gedif kəhrizdən su da gətimiyif.

– Aaz, bəs saa davşan bir söz demədi?

Deyir:


– Davşan nədi?

Əlbəhəl barmaxların dişdiyillər ki, molla bizi allatdı. İndi bı sə­fər­rəri bir də qayıdıllar mollanın yanına. Bına deyillər, bəs sənin dav­şanın xəbər aparıp xəbər gətirənimiş?

Deyir:

– Boy, onda siz onu əməlli örgətməmisız. Ya bərk vırmısız, qor­xusunnan qaçıp. Ya da kin, əməlli örgətməmisıız.



Deyir:

– Nejə yanı, helə şey olar?

Deyir:

– Hə, niyə olmur? Mənim örgətdiyimə zad yoxdu.



Bıllar deyif kin, indi neyniyəh, nağayrax? Deyir:

– Nağayras­san?

Hə, bıllar gedif genə hərrənif, gəlif bir yol bı molla da isdiyir­miş­­dər hayıf alarlar, cərməliyələr. Bı ar­vada deyif ki, ay arvat, yax­şı qulağ as. Boynunnan bir bağırsağın hər iki tərəfin bağlıyacam içi do­lu qannan. Ollar bizim əvə gələndə səni yıxajam, pıçağnan o ba­ğır­sağı kəsəjəm. Qoy qan hamısı tökülsün, bilsinnər ki, tay arvadın kəs­di öldürdü bı. Bir xeylaxdan sora ode, görürsən o qarqunu? O qar­qunu götürüp orana düt eliyəjəm, burana düt eliyəjəm, axırı kin, hər yerına düt eliyəjəm, “həpşiii!”, – eliyib ayılarsan. Yanı bı molla bı formu bıllardan qutarmağ isdiyir. Gəlillər, tökülüllər bının əvinə. Bı gedir ajıxlı-ajıxlı arvadı tutur yıxır, bağırsağı deşir. Qan götdü ora­nı.

– Ə, biz nə peşman olduğ, ə, bı nə olan şeydi, ə, bı niyə belə elə­di?

Deyir:

– Zərəl yoxdu, qorxmuyun, bı sahatı sağaldajam onu. Bı sahat di­rildəjəm onu.



Bı, bir xeylaxdan sora qarqunu götürür orasına-burasına düt-müt, axırı kin, arvat “həpşiii!” eliyir, oyanır. Bı lotubaşı­lar deyir:

– Allah, saa şükür, Allah, saa şükür! Ə, nə yaxşı bı qannan qu­­tardıx.

Axırı kin, bıllar indi düşür, bı qarqunun üsdünə ki, qarqunu ala­­lar. Mollaya deyillər:

– Nə verəy o qarqunu verəsən bizə?

Deyir:

– Ə, nə verəhsən? Görmədin, arvadı kəsdim, qan əvnən bir ol­du, sora da götdüm o qarqunu, düşdüm canına, ora-bura, fılan ye­ri­nə qoydum, düt eliyən kimi arvat axsırdı, durdu.



Deyir:

– Yox e, mümkün dəyil e.

Bının başcıları bını alır (qarqunu). Gedir qabaxcan öz arvadın kə­sir (gülür – top.). Öz arvadın kəsir, harasına qoyur: “Düt!”. Düt nə gəzir, ə? Arvat getdi. Bı, heş kimə bildimir, heş kimə demir. An­cax deyir kin, hə, kəsmişdim, ayıldı. Gedir, o birinə verir. Bir-bir bı qırx lotubaşdar hamısı arvatdarın kəsir, doğruyur, elə heylə də məyf eli­yir qutarır. Onnan da Molla Nəsrəddinin tay səmitinə gəlmillər ki, gəlmillər. Havax getdih, bizi allatdı də. Nə deyə bilərih?
315. MUSA PEYĞƏMBƏR
Deyir, Musa peyqəmbər Allah-talanın yanına gedirmiş. Ca­ma­­hat hamısı eşidir kin, Musa peyqəmbər gedir Allah-taalanın ya­nı­na. Deyir, bir nağaraçı varımış, bir dənə də axunt varımış. (Axunt bi­lirsən də, molla). Bıllar gedip yolu kəsip, deyip kin, ya Musa, bi­li­rəm, gedirsən Allah-taalanın yanına, bizim də ərzi-bəndəliyimizi ona denən də. Deyip:

– Baş üsdə, de görüm, nədi?

Deyip:

– Mən neçə illərdən bəri mollalığ eliyirəm, alnımı möhürə sür­türəm, heç bının bir afsanatı olajax, yoxsa yox? Bın­nan mana bir xəbər gətirərsən.



Deyip:

– Baş üsdə.

Nağaraçı deyip ki, ya Musa, eşitmişəm, gedirsən Allah-taa­la­nın yanına ziyarətə, mənim də ərzi-bəndəliyimi ona söypət elə.

Deyip:


– Buyur, nə deyirsən, eliyim.

Deyip:


– Mən onu deyirəm kin, bax bı neçə ildi, barmağımı çubuğun kən­diri kəsip, boynumu da nağaranın kəndiri kəsif. Mən nağaraçılığ eli­yirəm, nağara döyürəm, bəs yaxşı mənim axırım nolajağ?

Deyip:


– Baş üsdə.

Gedip bının heş birin Allah-taalıya demiyip. Deyip:

– Bı, nə sözdü gedip deyim mən. Mən bıra sözə gəlmişəm, hə­kətə gəlmişəm.

Qayıdır geri. Bının hamısı Allah-taalıya agah olan şeydi ha. Agah­dı kin, bu, bunu deyip, o biri də onu deyip. Gedir qabaxcan gə­nə molla çıxır, deyir:

– Nooldu? Musa peyqumbər, saa qurban olum, nə dedi?

Bına qayıdır kin, Allah-taalanın başı qarışığıdı, deyə bil­mə­dim. Deyip:

– Nəyə qarışığıdı?

Deyip:


– İynənin ildızınnan bir qəflə qatır keçirirdi.

Molla qayıdır:

– Pah, iynənin ildızınnan heç sapı keçiməy olmur. O nətəər qəf­lə-qatırı keçirir?

Bı heç. Molla getdi. Aralandı cəhənnəmə. Keçir gedir. Na­ğa­ra­çı deyir ki, saa qurban olum, peyqumbər, mənim ərzi-bəndəliyimi elə­din?

Deyip:

– Ərzi-bəndəliyını eliyə bilmədim, mən gedənnən onun başı qa­rışıxdı. Heç öz apardığım sözü də ona deyə bilmədim.



Deyip:

– Nətəər yanı başı qarışığıdı?

Deyip:

– Belə qarışığıdı kın, bir bölüh qəflə qatır iynənin ildızınnan ke­çirirdi.



Deyip:

– Həə. Allah-talanın hökmüdü. İynənin ildızınnan qəflə-qatır yox, nə qədər zad desən, Allah-taala hökmüdü, keçirə bilər.

Hıı. Nağaraçı gedir düşür cənnətə, eşitdiyimə görə ha, molla ge­dir düşür cəhənnəmə.
316. QARAÇUXANIN NAĞILI
Qaraçuxa guya talehnən bağlıdı. Biri çox kasıvıymış. Deer:

– Ay Xu­davəndi-aləm, dünyanın yiəsi kişi, mənnən nə qəsdi-qərəzdiyin var? Hamı yeer, içir, keflənir, məni sinsidifsən, çörəh də tap­bı­ram yeməyə.

Allah-tala bunu eşidir. Qaraçuxaya tapşırır ki, ged ona bir köməy, yardım elə. Getdiyi yerdə görür kü, bir ilan bunun qo­lun­nan belə tutdu. Tutanda bu çəhməh isdiyir qolun. Deer:

– Ə, qorxma ey, Qaraçuxanam. Nə şikayatın var, deginən maa, nəyin çatmır, eliyim.

Deer:

– Ə, harda yatıf qalıfsan? Axı mən öldüm qutardım, sən indi gəlifsən.



De­er ki, şahın xəzinəsi yarılıf. Onu aparannarı gəzillər. Onu da fi­lan ağacın divində basdırıflar. Olar qırx nəfərdilər. Bu axşam ge­dər­sən evə. Arvatdan qırx dənə noxud alarsan. Axşam sahat dok­qu­zun yarısında küpü alarsan, qırx dənə də noxudu qoyarsan ora. Düz dok­quzun yarısında ha. Birdən tez, ya gej eliyərsən. Dokquzun ya­rı­sı oldu. Denən, arvat, bu qırxın biri. Elə, at küpüyə, qoy ora. Day baş­qa söz demə. Əvvəldən sifariş göndərif deyif ki, şahın xəzinəsi ya­rılıf, burda bir münəccim var. Deer:

– Mən taparam.

Bu gedər. Xəzinəni yarannarın qulağına çatar ki, ə, deellər, fi­­lan kəntdə filan kişi var. O deef ki, mən o xəzinə yarannarı ta­pa­ram. Birin göndərillər ki, get, qulağını tut evə, gör orda nə da­nı­şıl­lar. Gəlir elə bu qapıya. Qulağını belə eliyəndə bu da noxudu gö­tü­rür, deer:

– Arvat, bu qırxın biri.

Bu qoyur üsdə. Geder, deer:

– A köpəyuşağı, hələ gör bu nətəər şeydisə, olar içəridə, mən çöl­də, mən elə qulağımı ora söyküyən kimi dedi, arvat, qırxın biri gəl­di.

Bu gedir olara xəvər verir ki, yox ey, bunun oanı-buanı yox­du. Töküləh onun əlinə-əyağına, birtəhər eləsin bizi. Bular yığışır, qır­xı da gəlir. Deyir:

– Başına dönüm, qurban olum, bizim adımızı vermə. Xəzinə fi­lan ağacın divindədi.

Deer:

– Bilirəm. Qorxmuyun. Sizin adınızı vermeyjəm.



Şahdan qırx gün vaxd alıf də. Qırxıncı günü şahın yanında ol­malıdı. Gedir, deer ki, şah sağ olsun, xəzinə nəynən daşınıf bura gə­tiriləjəh. Heyvanını götür, gedəh. Padşah buna baxır deer:

– Ə, sən dəli olufsan nədi?

Gəlir, deer ki, qazın buranı. Qazıllar, görüllər xəzinə burda. Xə­zinəni yühlüyüllər, gedir. Padşah deer:

– Bunu oğurruyan kimdi?

Deer:

– Xəzinəni tapbısan, götür, get. Oğurruyannan nə işin var? Tap­dım, verdim, götür get də.



Padşah buna inanır. Bir gün adam göndərir ki, get o mü­nəc­ci­mi gəti. Deer ki, ova çıxejam. Torumu atejam. Denən görüm, mə­nim­ toruma nə düşəjəh? Qaraçuxa da muna tapşırıf ki, mən de­mə­di­yim­ şeyi danışma ha, mən nə deerəm, onu elə. Özünnən uydurma söz danışma. Mən deyəjəm saa nə lazımdı. Lap oların içində de­yə­jəm saa. Gözə görünmür. Deer:

– Münəccim, atmışıx toru, nə çıxajax ordan?

Deer:

– Mən deyən sözü de.



Bunnan qavax deer ki, ordan bir qara eşşəh çıxejah. Qaraçuxa bil­di axı bunu ki, bu sarsaxladı. Bular toru çəkillər.

– Ə, çəkin görəh nə çıxır? Görəh münəccim dediyi düzdü? To­ru orda Qaraçuxa ilişdirir bir daşa. Bu da:

– Ayə, dartın görəh.

Dartıllar, çıxmır. Birdən dartıllar, gəlir. Gəlir, görüllər torun için­də bir qara eşşəh. Daa lap inanıllar ki, a kişi, bu kişinin bilmədiyi şey yoxdu. Bu evinə gəlməhdə olsun, padşah öz evinə getməhdə ol­sun, daldan Qaraçuxa bunu tutur. Deer:

– Ə, qurumsax oğlu, qurumsax, eşşəh dedin, yaxşı eləmədin, rən­gin niyə deersən bə? İyirmi kənt gəzmişəm, hamsı boz eşşəhdi, qa­ra eşşəh yoxdu. Torumu ilişdirmişəm daşa, gətirif o qara eşşəyi ta­­pıf qoymuşam ora. Getdim yatmağa. Daa bir də gəlmeyjəm, mən­nən əlıı üz.

Çalış Qaraçuxan yatmasın (mənə müraciət edir – top.). Bu di­ni rəvayətdi. Ama əsl həqiqətdə Qaraçuxa var. Görünmür.


317. TÜLKÜ VƏ İLAN
Deer kin, bir meşə od tutub yanır. Bir nəfər də gedir, görür kü, meşənin içində bir səs gəlir kin, məni xilas eləən, məni xilas elə­ən. Bu, özün vurur oda. Görür kün, yeşiyin içində nəysə var. Bu­nu aloyun içinnən çıxardır kənara. Qutunu açanda baxıb görür kün, bir ilan. İlan sarılıb bunun boğazna. Deeb kin, mən səni öldürəjəm. Sən məni nahax yerə çıxartdın. Sənin baban mənim babamın quy­ru­ğun vuruf kəsib. Deeb:

– Allaha bax, Tanrıya bax, mən səni xilas elədim, səni burdan qu­tardım. Sən məni niyə öldürəsən?

Deeb:

– Yox, öldürməliyəm.



Deeb:

– Onda bir üç heyvanın yanına gedəh. Görəh, əyəm desələr, mən pis adamam, desələr, öldürərsən.

Gedib çıxıf bir canavarın qarşısına. Görür kün, canavar da­ya­nıb. Deeb:

– Canavar qardaş, bu ilan yanırdı. Mən bunu odun, alovun için­nən çıxartmışam. Mənim yaxşılığıma qarşı məni öldürməh is­di­yir. Nə məslahat buyurursan?

Canavar məslahat buyurub ki, ilan qardaş, elə vurarsan ki, kü­lü də qalmasın. Deeb:

– Yaxşı da, demişih üç yerə.

Gedib çıxıflar bir dənə deməh, ayının qarşısına. Ayıya deeb:

– Bəs, ayı qardaş, vəziyət belə olub də, mən bunu odun-alo­vun içinnən çıxartmışam, yanırdı. İndi mənim yaxşılığma qarşı mə­nə belə pisdih eləmək isdiyir, məni öldürməh isdiyir.

Ayı da deer ki, onu elə öldürgünən ki, külü də qalmasın. Mən hey­vana yaxınnaşan kimi görüsən hər tərəfdən itdərin qısqırır mə­nim üsdümə, əlinə də bir ağac alıb məni qavalayır. Mən neçə gündü ajam.

Üçüncü yol gediflər. Görüflər kin, bəs bir tülkü gəlir. Deeb:

– Tülkü qardaş, dayan.

Tülkü dayanıb. Əhvalatı tülküyə nağıl eliyiflər, danışdığım ki­mi. Tülkü deeb:

– Bını sən hardan çıxartmısan?

Deeb:


– Bu qutunun içinnən.

Deeb:


– Ola bilməz, o qutunun içinə o girə bilməz.

İlan deeb kin, qutunun içində olmuşam. Deeb:

– Məni inandırmaxçun gir o qutunun içinə, görüm girə bi­lir­sən sən? Qutunun içinə nətəər girə bilərsən?

Həə. Bu, kişinin boynunnan açılıf girib qutunun içinə. Qu­tu­nun içinə girənnən sora həmən adama deeb kin, ağzını bağla. Bu­nun ağzını bağlıyıb. Bağlıyıb, bir ağacı verib bunun əlinə. Deeb:

– Ağacı götür.

Ağacnan ilanı öldürüb. O vaxdı bir dəsdə atdı, deməli, tül­kü­nün ardınca gəlirmiş. Görüblər kin, tülkü dayanıb kişiynən. Hər­ri­yib tülkünü tutullar. Tülkünü öldürməh isdiyillər. Həmən o kişi yal­va­rıb kin, nə qədər pul isdiyirsiniz isdiyin, o tülkünü verin maa. O tül­kü maa çox ziyannıx vuruf. Qoyun mən onu ejirnən öldürüm. Pul alıb bu tülkünü veriflər buna. Bullar çıxıf gedənnən sora tül­kü­nü açıf buraxıf. Deeb:

– Sən mənə belə yaxşılıx elədin, mən də sana belə yaxşılıx ele­erəm. Get yaşa.
318. TÜLKÜ VƏ QARĞA
Yerə bir bağarsığ58 düşür. Bını da tülkü görür. Bağarsığı tülkü bə­yəmmir. Deyir:

– Bı p..ludu, mən neynirəm? Qaxlıdı, mən neynirəm?

Əyağıynan oyana-bayana atır. Bir ala qarğa gəlir, bını gö­tü­rür. Tülkü də qıraxda ayrı yeməh gözdüyürmüş. Götürür. Qarğa ha­vı­ya qalxanda bının – bağarsığın yırtığı varımış dana, p.x düşür or­dan, damcı-damcı. Əyağında aparır dana bağarsığı. Deyir:

– Kor qal, ay canım, ona bax e, sən Allah, tökülən yağdımı? Onu mən yeyəmmədim. Yeyəmmədim, ona bax e, qarğa aparıp ye­yir.


319. QOZUN NAĞILI
Birinin uşağı olmur. Bu ikisi çox oturullar puçun qırağında, ər-arvat. Biri o taydan, biri bu taydan. Kişi deer ki, ay arvat, bəs biz ha­vağacan oturajeyıx burda, puçun o tərəfində sən, bu tərəfində mən. Camahatın uşaxlarına havağacan köys ötürəjeyih?

– Bə neyniyəh?

– Dur elə burdan, bu əvdən baş götürəh, çıxax gedəh.

Durullar qəşəhcənə. Axşamnan qayırıllar çörəhdən-mö­rəh­dən. Durullar düşüllər yolun ağzına. Gedillər.

Çox gedillər, az gedillər, dərə-təpə düz gedillər. Gedillər çı­xıl­lar bir kəndin qırağına.

– Ay qardaş, ay bacı, bizi qonax saxlamazsan?

Deer:

– Allaha da qurban olum, onun qonağına da. Gəlin bəri.



Gedillər. Bular yaxşı gejəliyillər. Uşaxlar da olur, oy­nu­yul­lar, eliyillər. Həə. Durullar səhər. Deellər:

– Yolunuz haradı?

Deer:

– Elə gedirih. Hara kimi başarsax, ora kimi gedəjiyih.



Durullar, düşüllər yolun ağzına. Çox gedillər, az gedillər. Ge­dil­lər çıxıllar bir qozduğa. Görüllər, Vallah, bir qoz var, qozun üsdü do­ludu. Kişi deer:

– Allah-tala, bu qoza bir belə bala verifsən, bunun bircəciyni maa ver dana.

Qozun başınnan bir cıvrıx59 qoz düşür. Düşür, yüyürə-yüyürə gə­lir kişinin əyağına. Deer:

– Mən də sənin balan.

Deer:

– Aaz, bunu mən nətəər eleem? Bunu neyniyim, sındırım, ney­niyim?



Axırı ki, götürür. Qoz elə dillənir. Deer ki, yox, məni götür, sə­nin züryətinəm. Götürüllər, gedillər. Gənə düşüllər yolun ağzına. Ge­dillər. Az gedillər, çox gedillər, dərə-təpə düz gedillər. Gedillər gə­nə çıxıllar bir əvə. Bu əvdə də yaxşı bəhməz olur, yağ olur, küp­lər olur. Qoz deer, mən nətəər eleem, bu əv yəələrin qorxuzum, burdan ges­sinnər, bu əv qalsın bizə. (Qozun hərəkətinə bax e). Həə. Durur, ge­jə atılır, girir bəhməzin içinə. İndi səhər arvat deer ki, əşi, nə yə­əh? Bəs qonax da burdadı. Deer:

– Bir xaşıl çal, yiəh.

Durur, xaşılı çalır arvat. Yeellər, içillər. Bir gejə də burda ge­jə­liyillər. Qoz görür, orda xamır qaldı. Durur gejədən qəşəh çöm­çə­ni götürür əlinə. Aparır, hər birinin altına bir çömçə xamır qoyur. Sə­hər arvat durur.

– A kişi, niyə durmursan?

Deer ki, sən niyə durmursan? Deer, əşi, Vallah, başıma bir iş gə­lif, bu gejə yerimə s..mışam da, i..mişəm də, Vallah.

Deer:


– Məni qınama. Mən də yerimə s..mışam da, i..mişəm də.

Deer ki, onda qonaxları durğuz. Qonax deer:

– Boy, ay bajı, başına dönüm, yorğan-döşəyii batımışam. Be­e­jə bilmirəm o xamırı hardan yedirtdin bizə.

Qoz da orda qaqqıldıyır gülür. Qaq-qa. Deellər ki, burda bir adam gülür. Həə. Axır ki, durullar, özdəri özdərini tə­miz­diyillər. Qoz bir də atılır, girir kişinin cibinə, gedillər. Çox ge­dil­lər, gedillər çıxıllar bir əvə. Yəəsiz əvə. Gedillər orda ge­jə­li­yil­lər, orda da qalıllar. Bu qoznan başdarını qatıllar orda.



Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə